20№-li əmrə №-li Əlavə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin



Yüklə 0,73 Mb.
səhifə6/7
tarix05.02.2018
ölçüsü0,73 Mb.
#24901
növüQaydalar
1   2   3   4   5   6   7

15.14. Təhlükəli deşici, kəsici əşyaların daşınması

15.14.1.  Aviasiya təhlükəsizliyini lazımi səviyyədə təmin etmək üçün uçuşların təhlükəsizliyinə xələl gətirə biləcək bütün əşyaların Sərnişinlərin qeydiyyata alınmamış baqajı kimi hava gəmilərinin

sərnişin salonunda daşınması qadağandır.
15.14.2.  Təhlükəli deşici və kəsici əşyaları, metal çəngəl-bıçağı, iş alətlərini, o cümlədən toxuma millərini, idman ləvazimatını, şprisləri, o cümlədən birdəfəlik şprisləri (uçuş zamanı inyeksiya tələb edilən sərnişinlər müvafiq tibbi arayış təqdim etməlidirlər), manikür ləvazimatını, silahı real imitasiya edən əşyaları, adətən Sərnişinlər tərəfindən daşınmayan digər əşyaları (velosiped zəncirləri, dəyənəklər və s.) əl yükünə daxil etmək qadağandır.
15.14.3.  Bədənə xəsarət yetirə biləcək bütün  deşici, kəsici və ucu küt əşyalar qablanmalı və baqaja qoyulmalı, qeydiyyatdan keçdikdən sonra Sərnişindən ayrı olaraq hava gəmisinin baqaj bölməsində daşınmalıdır (qeydiyyata alınmış baqaj).
15.14.4. Sərnişinə şəxsi baxış keçirilərkən və əl yükü yoxlanılarkən tapılan bütün deşici və kəsici, habelə ona oxşar əşyalar təhlükəsizlik baxımından götürülür. Əgər belə əşyalar qeydiyyata alınmış baqaj kimi rəsmiləşdirilməmişdirsə, onların itməsi və ya zədələnməsi ilə əlaqədar Sərnişinə dəyən zərərə görə Aviaşirkət məsuliyyət daşımır və əvəzini ödəmir.


15.15. Diri heyvanların daşınması
15.15.1. Ümumi müddəalar

15.15.1.1.  Diri heyvanların nəqli yalnız biletin təxsis edilməsi və ya alınması zamanı Aviaşirkətlə razılaşdırıldıqdan sonra həyata keçirilir. Sərnişin aviadaşımanı təxsis edən zaman reysin uçuşundan ən azı 24 saat əvvəl heyvanların daşınması barədə Aviaşirkəti məlumatlandırmalıdır.


15.15.1.2.   Diri heyvanlar daşınmaya aşağıdakı şərtlər yerinə yetirildikdə qəbul olunur:

- daşıma ərazisindən, ərazisinə və ya ərazisindən keçməklə daşımanın həyata keçirildiyi ölkənin tələblərinə zidd deyil (TIM/TIMATIC; ІATA-nın tövsiyələri);  

 - Sərnişin ərazisindən, ərazisinə və ərazisindən keçməklə daşıma həyata keçirilən istənilən ölkənin baytarlıq orqanları tərəfindən tələb olunan zəruri sertifikatları, icazələri və digər sənədləri təqdim edir;
-     Diri heyvanlar sağlam, təmiz, sakitdir və boğaz deyil;
-     Diri heyvanlar müvafiq heyvan növü üçün ІATA tövsiyələrində nəzərdə tutulmuş xüsusi kip bağlanan konteynerlərdə daşınır;
-     Sərnişin heyvanın daşınması xərcini ödəmişdir;
-    Sərnişin daşıdığı diri heyvan/heyvanlar üçün bütün məsuliyyəti öz üzərinə götürür və  diri heyvan/heyvanlar daşıdığına görə məsuliyyət haqqında Bəyannaməni doldurmuşdur.
15.15.1.3.  Əgər 15.15.1.2. bəndinin şərtlərindən hər hansı biri yerinə yetirilməzsə, Aviaşirkət belə daşınmanın əvvəlcədən təxsis edilməsinə baxmayaraq, Sərnişin qeydiyyatdan keçərkən diri heyvanın/heyvanların daşınmasından imtina etmək hüququna malikdir.

15.15.1.4 Aviaşirkətin reyslərində ev heyvanlarının (at, inək, qoyun, keçi, uzunqulaq, qatır və s.) daşınması qadağandır.

15.15.1.5. Aviaşirkətin reyslərində göyərçinlərin daşınması qadağandır.

15.15.1.6.  Diri heyvanların hava gəmisinin sərnişin salonunda daşınması və ya hava gəmisinin yük bölməsində daşınma üçün qəbul olunması Aviaşirkətin müəyyən etdiyi tarif üzrə ödənilməlidir. Bu zaman diri heyvanın/heyvanların çəkisi daşıma zamanı onun yerləşdirildiyi konteynerin və yemlənməsi üçün götürülmüş yemlə birlikdə müəyyən edilir.


15.15.1.7. Diri heyvanların daşınması üçün ödəniş Sərnişində digər baqajın olub-olmamasından asılı olmayaraq həyata keçirilir.
15.15.1.8.   Diri heyvanın/heyvanların olduğu konteynerin daşınması üçün yer, hər şeydən əvvəl, onların ümumi kütləsindən, konteynerin ölçülərindən, sərnişin salonunda daşımaq üçün digər diri heyvanların qəbul olunub-olunmamasından asılı olaraq müəyyən edilir.

15.15.1.9. Aviaşirkət daşıma zamanı, yaxud səlahiyyətli orqanların diri heyvanların gətirilməsi və ya tranzit daşınmasından imtina etməsi səbəbindən heyvanların zədələnməsi, itməsi, çatdırılmanın ləngidilməsi, xəstələnməsi və ya ölməsinə görə məsuliyyət daşımır.


15.15.2. Diri heyvanların hava gəmisinin sərnişin salonunda daşınması

15.15.2.1.  Ümumi kütləsi konteynerlə birlikdə 8 kq-dan artıq olmayan kiçik diri otaq heyvanları, məsələn, itlər, pişiklər, oxuyan quşlar hava gəmisinin salonunda daşınmaq üçün qəbul oluna bilər. Bir konteynerdə heyvanların sayı təyinat ölkəsi üçün TIM/TIMATIC sənədinə və ІATA-nın tövsiyələrinə müvafiq olaraq müəyyən edilir. Diri heyvanların transfer daşınması heyvanların hava nəqliyyatı ilə daşınmasına irəli sürülən tələblərin daha ciddi olduğu uçuş/transfer/enmə ölkəsinin qaydalarına müvafiq surətdə həyata keçirilir.


15.15.2.2. Diri otaq heyvanları yalnız böyük Sərnişinin müşayiəti altında sərnişin salonunda daşınmaya qəbul olunur.
15.15.2.3.   Aviaşirkətin müntəzəm reyslərində hava gəmisinin hər sərnişin salonunda diri otaq heyvanları yerləşdirilmiş maksimum 2 konteynerin daşınmasına icazə verilir.
15.15.2.4. Hava gəmisinin sərnişin salonunda diri heyvanların daşınması üçün nəzərdə tutulan konteynerin ölçüləri üç ölçü cəmində 115 sm-dən artıq olmamalıdır.
15.15.2.5. Uçuş zamanı diri heyvanlarla konteyner öndəki oturacağın altına qoyulmalıdır. Diri heyvanlar olan konteyneri baqaj rəflərinə və ya ayrıca sərnişin oturacağına qoymaq olmaz.
15.15.2.6.  Kar və ya kor sərnişini müşayiət edən bələdçi it hava gəmisinin sərnişin salonunda konteynersiz, yaxud əlavə ödəniş edilmədən hava gəmisinin baqaj bölməsində ІATA-nın tövsiyələrinə uyğun gələn konteynerdə daşına bilər.

15.15.3. Diri heyvanların hava gəmisinin yük bölməsində daşınması

15.15.3.1.  Hava gəmisinin yük bölməsində daşınmaq üçün diri otaq və ev heyvanları, məsələn itlər, pişiklər, quşlar, dovşanlar, dağsiçanları və sair heyvanlar qəbul oluna bilər. Bir konteynerdə heyvanların miqdarı təyinat ölkəsi üçün TIM/TIMATIC sənədində nəzərdə tutulmuş tələblərə və ІATA-nın tövsiyələrinə müvafiq olaraq müəyyən edilir. Bu vaxt həmin heyvanların ümumi kütləsi konteynerlə birlikdə 75 kq-dan artıq olmamalıdır.

15.15.3.2.  Hava gəmisinin yük bölməsində daşımaq üçün bir Sərnişindən diri heyvanla/heyvalarla bir konteyner qəbul olunur.
15.15.3.3.  Hava gəmisinin yük bölməsində diri heyvanlar daşınarkən, konteynerin ölçüləri heyvanın rahat dayanmasını, uzanmasını, hərəkət edə bilməsini təmin etməlidir, lakin üç ölçü cəmi 203 sm-dən artıq olmamalıdır.


15.15.4. Diri heyvanların yük qismində daşınması

15.15.4.1. Kütləsi konteynerlə birlikdə 75 kq-dan artıq olan diri heyvanlar Aviaşirkətin “Yüklərin hava nəqliyyatı ilə daşınması qaydaları”na müvafiq olaraq daşınmaya yük kimi qəbul olunur.



15.16. Müşayiət olunmayan baqaj
15.16.1. Sərnişin öz baqajını müşayiətsiz göndərmək hüququna malikdir, bunun üçün Aviaşirkətin razılığını almaq və zəruri daşınma sənədlərini rəsmiləşdirmək lazımdır.

15.16.2.  Müşayiət olunmayan baqaja yalnız şəxsi geyimləri və məişət əşyalarını daxil etməyə icazə verilir.


15.16.3.  Sərnişinin bileti, baqajın tərkibi haqqında bəyannaməsi olduqda, habelə gömrük xidməti və baqajın daşınması üçün lazım olan bütün sənədlər doldurulduqdan sonra baqaj müşayiət olunmadan göndərilməsi üçün qəbul oluna bilər.
15.16.4.  Müşayiət olunmayan baqaj Sərnişinin və ya bütün əlavə ödənişlər (rüsumlar, çatdırma, gömrük) üçün tam məsuliyyət daşıyan səlahiyyətli şəxsin yanında gömrük yoxlamasından keçir.
15.16.5.  Müşayiət olunmayan baqaj üçün ödəniş Aviaşirkətin qüvvədə olan tariflərinə müvafiq olaraq həyata keçirilir.
15.16.6. Müşayiət olunmayan baqaj Aviaşirkətlə əvvəlcədən razılaşdırıldıqdan sonra, lakin Sərnişinin uçuş tarixindən gec olmayaraq, aeroportun yük terminalına çatdırılmalıdır.
15.16.7. Aviaşirkət müşayiət olunmayan baqajı hansı reyslə göndərmək barədə qərar qəbul etmək hüququna malikdir, lakin daşıma müqavilə ilə müəyyən edilmiş müddətdə həyata keçirilməlidir.


15.17Ölkədən kənara çıxışına icazə verilməyən sərnişinlərin və hava gəmisinə minmək üçün gəlməyən sərnişinlərin baqajı
15.17.1. Qeydiyyatdan keçən və ölkədən çıxışına icazə verilməyən, yaxud təyyarəyə minmək üçün gəlməyən Sərnişinlərin baqajı mütləq təyyarənin bortundan çıxarılmalıdır.

15.18. Baqajın emalı, çatdırılması və götürülməsi

15.18.1.   Təyinat məntəqəsində və ya dayanacaq yerində baqajın götürülməsinə görə məsuliyyəti Sərnişin özü daşıyır. Sərnişin təyinat, transfer məntəqəsinə gəldikdən və ya yolda dayandıqdan sonra yol verilən vaxt ərzində baqajını götürmədiyi halda, Aviaşirkət baqajın saxlanılması haqqını Sərnişindən almaq hüququna malikdir.


15.18.2. Sərnişin tərəfindən götürülməyən baqaj saxlanmaq üçün aeroportun müvafiq xidmətlərinə verilir. Belə baqajın saxlanılması müddəti 6 aydır, bu müddətdən sonra o müəyyən edilmiş qaydada realizə olunur.
15.18.3.  Baqajı baqaj qəbzinin (baqaj birkasının) sahibi ala bilər. Aviaşirkət baqaj qəbzinin və baqaj birkasının qoparma talonunun sahibinin baqajı götürmək hüququna malik olub-olmadığını yoxlamaq və müəyyən etmək öhdəliyi daşımır. Belə yoxlamadan imtina edilməsindən irəli gələn və ya onunla əlaqədar olan itkilərə görə Aviaşirkət məsuliyyət daşımır.

15.18.4.  Baqajı götürmək istəyən şəxsdə baqaj qəbzi və baqaj birkasının qoparma talonu olmadığı halda, həmin şəxs baqajı götürmək hüququ olduğunu sübut edən kifayət qədər inandırıcı dəlillər gətirdikdə və belə baqajın verilməsi ilə əlaqədar Aviaşirkətin çəkə biləcəyi xərcləri və itkiləri ödəyəcəyinə yazılı zəmanət verdikdə belə baqaj ona təhvil verilə bilər.


15.18.5. Baqaj itdikdə, əskik gəldikdə, zədələndikdə, habelə daşınma zamanı yubadıldıqda, eləcə də baqaj qəbzi (baqaj birkası) olmadan baqaj təhvil verildiyi hallarda, nöqsan aşkar edildikdən dərhal sonra, Sərnişin aeroportun rejim zonasından çıxmazdan əvvəl, baqajın daşınması zamanı nöqsanların mövcud olması (PIR) haqqında akt tərtib edilir və bu akt Sərnişin və Aviaşirkətin nümayəndəsi tərəfindən imzalanır. Baqajın daşınması zamanı nöqsanların olması haqqında aktın tərtib olunmaması baqaj daşınması zamanı nöqsanlar haqqında Sərnişinin iddiasının qəbul olunmasından Aviaşirkətin imtina etməsi üçün səbəb ola bilməz.

15.18.6. Aviaşirkətin təqsiri üzündən təyinat məntəqəsinə qeydiyyatdan keçmiş baqajın çatdırılması 24 saatdan artıq yubadıldığı halda ilkin tələbat vasitələrinin alınması üçün 50 AVRO (və ya onun ekvivalenti) məbləğində birdəfəlik aralıq xərclər (sərnişinin vətəndaşlığını təsdiq edən sənəd, aviabilet, baqaj birkasının qopardılmış talonu və baqajın çatdırılmaması haqqında arayış-PİR əsasında) ödənilir. Həmin ölkədə daimi yaşayan şəxslər üçün belə ödənişlər həyata keçirilmir.




15.19. Sərnişin tərəfindən götürülməyən, unudulmuş və ya səhv göndərilmiş baqaj

15.19.1. Daşınması müvafiq baqaj tarifi ilə ödənilmiş , sərnişin tərəfindən götürülməyən, unudulan və ya səhv göndərilən baqaj əlavə ödəniş həyata keçirilmədən təyinat məntəqəsinə, dayanacaq yerinə və ya transfer məntəqəsinə göndərilir.



16. Yüklərin daşınması16.1. Ümumi müddəalar

16.1.1. Aviaşirkətin sərnişin hava gəmilərində yüklərin daşınması, onların yüklənməsinə uyğun olaraq həyata keçirilir.

16.1.2. Aviaşirkət yalnız xüsusiyyətləri və bağlamasının xarakteri təhlükəsiz daşımanı həyata keçirməyə yol verən yükü daşımaya qəbul edir. Daşınmaya habelə xüsusi yüklərin bəzi növləri (tezkorlanan, təhlükəli, ev quşları və s.), həmçinin hava nəqliyyatı ilə daşınması zamanı xüsusi şərait tələb edən ağırçəkili və kiçikhəcmli yüklər də qəbul olunur. Yüklərin daşınması şəraiti onların daşınma zamanı korlanmasına və ya təhlükəlilik dərəcəsinin artmasına gətirib çıxara bilən kimyəvi, fiziki və digər xüsusiyyətlərini dəyişdirməməlidir.

16.1.3. Yükün həcmi yükləmə lyuklarının və baqaj-yük bölmələrinin ölçüləri ilə məhdudlaşır. Daşınan yükün kütləsi istifadə olunan hava gəmilərinin yol verilən kommersiya yüklənməsi həddindən artıq olmamalıdır.

16.1.4. Aviaşirkətin reyslərində yüklərin daşınması üçün müqavilənin rəsmiləşdirilməsi Aviaşirkətin yük Agenti tərəfindən həyata keçirilir.
16.2. Yüklərin daşınmaya qəbul edilməsi şərtləri
16.2.1. Yük aşağıdakı şərtlərlə daşınmaya qəbul edilir:

- yükün ölçüləri onun hava gəmisinə rahat yüklənməsini /hava gəmisindən boşaldılmasını, baqaj-yük bölmələrində yerləşdirilməsini və bərkidilməsini təmin etməlidir;

- yükgöndərən qüvvədə olan qanunvericiliklə, mülki aviasiya sahəsində digər normativ sənədlərlə nəzərdə tutulmuş, habelə hazırkı Qaydalarla və Aviaşirkətin hava daşımaları qaydaları ilə müəyyən edilmiş zəruri sənədləri təqdim etməlidir;

- yük daşınan zaman sərnişinlər, hava gəmisinin ekipaj üzvləri, eləcə də baqaj və onunla birlikdə daşınan digər yüklər üçün təhlükə törətməməlidir;

- yükün hava gəmisinin bortunda etibarlı bərkidilməsi və daşıma zamanı qorunması üçün nöqsansız tarası və etibarlı bağlaması olmalıdır;

- yükün dövlətin ərazisinə gətirilməsi (ərazisindən çıxarılması) və ya onun ərzisindən tranzit daşınması üçün bu ölkənin qanunları və qaydalarına müvafiq olaraq icazəsi olmalıdır.

16.2.2 Tezkorlanan, təhlükəli yüklər, ev quşları və digər xüsusi yüklər Azərbaycan Respublikasının, digər dövlətlərin qanunvericiliyi ilə, mülki aviasiya sahəsində beynəlxalq sənədlərlə və digər normativ sənədlərlə, eləcə də hazırkı Qaydalarla daşınmasına icazə verildiyi təqdirdə, daşınmaya qəbul olunur.

16.2.3. Müxtəlif kateqoriyalı yüklərin daşınması qaydaları, onların daşınma üçün qəbulu və rəsmiləşdirilməsi qaydası, yüklərin yol verilən ölçüləri, yük anbarları haqqında məlumatları Aviaşirkətin yük agenti təqdim edir.

16.2.4.Xüsusi şərait tələb edən yüklərin daşınması zamanı Yükgöndərən yük qaiməsi ilə birlikdə bu yüklərin daşınması üçün sanitar, karantin və digər qaydalara müvafiq sənədləri də təqdim etməlidir. Yük daşınmaya qəbul olunarkən Aviaşirkət bu sənədlərin mövcud olub-olmamasını yoxlayır.

16.2.5. Yükgöndərən yük aviqaiməsində yüklər barədə göstərdiyi məlumatların düzgünlüyü üçün cavabdehdir. Yükgöndərən bu məlumatların düzgün, dəqiq, dolğun olmaması səbəbindən Aviaşirkətə və ya Aviaşirkətin cavabdehlik daşıdığı digər şəxsə vurduğu ziyana görə məsuliyyət daşıyır.




17. Hərəkət cədvəli

17.1. Biletdə, hərəkət cədvəlində və Aviaşirkətin dərc olunmuş digər reys qrafiklərində göstərilən yola düşmə (gəlmə) vaxtına və hava gəmisinin tipinə zəmanət verilmir və daşıma müqaviləsinin zəruri şərtinə daxil deyildir. Aviaşirkət reysin yola salınması vaxtını dəyişə bilər və bu barədə vaxtında Sərnişini məlumatlandırmalıdır. Aviaşirkət Sərnişini əvvəlcədən məlumatlandırmadan hava gəmisinin tipini dəyişə bilər.


17.2.  Aviaşirkət Sərnişinin və baqajın daşınmasını ləngitməmək üçün bütün zəruri tədbirləri görməlidir. Fors-major şəraitində (o cümlədən əlverişsiz meteoroloji şərait, hava məkanında yaranan fövqəladə vəziyyət, tətillər, qiyamlar, ictimai iğtişaşlar, embarqo, müharibələr, düşməncəsinə hərəkətlər, sakitliyin pozulması, beynəlxalq münasibətlərin tənzimlənməməsi, texniki problemlər və ya uçuşun təhlükəsiz yerinə yetirilməsini qeyri-mümkün edən digər çətinliklər) Aviaşirkət Sərnişini əvvəlcədən xəbərdar etmədən reysi gecikdirmək və ya ləğv etmək, əvvəl təsdiq olunmuş təxsisi ləğv etmək hüququna malikdir.
17.3. Əgər fors-major şəraitinin təsiri ilə əlaqədar Aviaşirkət:

-        reysi ləğv edərsə, yaxud hərəkət cədvəlində və ya biletdə göstərilmiş vaxtdan sonra yol verilən vaxt ərzində reysi yerinə yetirməzsə, yaxud

- əvvəlcədən təsdiq edilmiş təxsisə müvafiq olaraq reysdə yer təqdim etməzsə, yaxud

- razılaşdırılmış məntəqədə və ya təyinat məntəqəsində dayanmazsa, yaxud

- Sərnişinin əvvəlki reysinin qeyd olunduğu biletdə göstərilən və təsdiqlənmiş təxsisi olan calanma reysinə çatmamasına səbəb olarsa,

Aviaşirkət (Sərnişinin seçimi ilə):

1)   Sərnişini boş yer olan növbəti reysində Sərnişin tərəfindən ödənilmiş xidmət sinfində daşımalıdır, yaxud

2)    Sərnişini öz reysləri ilə digər marşrutla və ya digər Daşıyıcının reysi ilə təyinat məntəqəsinə çatdırmalıdır, yaxud

3)   Sərnişinin taksidən başqa, digər nəqliyyat növləri ilə göndərilməsini təşkil etməlidir, yaxud

4)    ödənilmiş məbləği müəyyən edilmiş qaydada qaytarmalıdır.

Aviaşirkət bundan başqa heç bir öhdəlik daşımır.


17.4.  Əgər daxili şəraitin təsiri ilə əlaqədar (ehtiyat təyyarələrin olmaması və s.) Aviaşirkət:

-        reysi ləğv edərsə, yaxud hərəkət cədvəlində və ya biletdə göstərilmiş vaxtdan sonra yol verilən vaxt ərzində reysi yerinə yetirməzsə, yaxud

- əvvəlcədən təsdiq edilmiş təxsisə müvafiq olaraq reysdə yer təqdim etməzsə, yaxud

- razılaşdırılmış məntəqədə və ya təyinat məntəqəsində dayanmazsa, yaxud

- Sərnişinin əvvəlki reysinin qeyd olunduğu biletdə göstərilən və təsdiqlənmiş təxsisi olan calanma reysinə çatmamasına səbəb olarsa,

Aviaşirkət (Sərnişinin seçimi ilə):

1)   Sərnişini növbəti reysi ilə daşımalıdır, yaxud

2)    Sərnişini öz reysləri ilə digər marşrutla və ya digər Daşıyıcının reysi ilə təyinat məntəqəsinə çatdırmalıdır, yaxud

3)   Sərnişinin taksidən başqa, digər nəqliyyat növləri ilə göndərilməsini təşkil etməlidir, yaxud

4)    ödənilmiş məbləği müəyyən edilmiş qaydada qaytarmalıdır. Sərnişin göndərməni gözlədiyi hallarda, 18.3.3. bəndinə müvafiq olaraq ona xidmət göstərilməsini təşkil etməlidir.


17.5.  Aviaşirkət daşıma zamanı baş vermiş bu cür dəyişikliklərlə əlaqədar tarif fərqlərinin və əlavə rüsumların ödənilməsini tələb etmək hüququna malik deyil. Lakin, əgər dəyişdirilmiş marşrut üzrə sərnişin tarifi və normadan artıq baqajın daşınması tarifi Sərnişin tərəfindən əvvəl ödənilmiş tarifdən aşağı olarsa, bu halda fərq Sərnişinə qaytarıla bilər.
17.6.  Aviaşirkət bir biletdə göstərilməyən digər Daşıyıcıların hərəkət cədvəllərində, yaxud digər dərc olunmuş reys qrafiklərində (cədvəldə) yol verilən xətalara və səhvlərə görə məsuliyyət daşımır.

17.7. Aviaşirkətin reysinin ləngiməsi nəticəsində, bu biletin uçuş marşrutunda göstərilməyən digər Aviaşirkətin reysinə tranzit keçidin pozulmasına görə Aviaşirkət məsuliyyət daşımır.



18. Daşımada dəyişikliklər
18.1. Qeydiyyat zamanı Sərnişinin xidmət sinfinin dəyişdirilməsi

18.1.1. Reysə qeydiyyat zamanı biznes sinifdə boş yerlər olduğu təqdirdə, Sərnişinin arzusu ilə qaydalara uyğun olaraq və tətbiq olunan tariflərdə nəzərdə tutulmuş əlavə ödənişlər aparılması şərti ilə xidmət sinfini yüksəltmək olar.



18.2.    Təxsisə uyğun xidmətin təqdim edilməsi mümkün olmadığı hallarda xidmət sinfinin dəyişdirilməsi

18.2.1. Sərnişinə onun təxsisinə uyğun olaraq ekonom sinifdə xidmət təqdim etmək mümkün olmadığı təqdirdə, xidmət sinfi Aviaşirkətin hesabına biznes sinfə kimi yüksəldilir.

18.2.2. Sərnişinə onun təxsis etdiyi biznes sinif üzrə xidmət təqdim etmək mümkün olmadığı təqdirdə, xidmət sinfi ekonom sinfə kimi aşağı salınır və müvafiq məbləğ Sərnişinə qaytarılır. Bu vaxt baqajın pulsuz daşınma norması dəyişmir.



18.3.  Uçuş cədvəlinin dəyişməsi ilə əlaqədar daşımada edilən dəyişikliklər (fors-major şəraitindən başqa)

18.3.1. Sərnişinlər reysin gözlənilən ləngidilməsi barədə məlumatlandırılmalıdırlar.


18.3.2.  Uçuş cədvəlinin dəyişməsi ilə əlaqədar daşımada dəyişikliklər edildiyi halda (fors-major şəraitindən başqa) Aviaşirkət biletdə göstərilmiş marşrut üzrə Sərnişinin daşınmasını həyata keçirə bilmədiyi vaxt ərzində ona xidmət göstərilməsini təmin edir.
18.3.3. Sərnişinlərə təqdim olunan xidmətlər reysin yubanma müddətindən asılıdır:
-     Reys 2 saatdan 5 saatadək yubadıldıqda, Sərnişinlərə qəlyanaltı və sərinləşdirici içkilər, rabitə xidmətləri (2 yerli və /və ya beynəlxalq telefon danışıqları, elektron poçt, teleks, yaxud faks) təklif olunur. Səfərdən imtina edən Sərnişinə aviabiletin dəyəri heç bir yığım tutulmadan tam məbləğdə qaytarılır.

-     reys 5 saatdan çox və gecə saatlarında yubandıqda, Sərnişinlər mehmanxanada yerləşdirilir, aeroportdan mehmanxanaya getmək üçün nəqliyyatla, qida və içkilərlə təmin olunurlar. Qida Sərnişinlərə günün saatından asılı olaraq (səhər yeməyi, nahar, şam yeməyi) verilir. Bu bənddə qeyd olunan xidmətlər heç bir əlavə ödəniş aparılmadan göstərilir. Reysin yubadıldığı ərazidə daimi yaşayan Sərnişinlər reysin ertəsi günə keçirildiyi barədə qərar qəbul olunan anadək gözlədikləri müddətdə mehmanxana ilə təmin olunmurlar. Sərnişinin hər hansı əlavə xərclərinin əvəzi ödənilmir.
18.3.4. Tranzit və ya transfer məntəqələrində digər reysə keçidin baş tutmaması, yaxud reysin ləngiməsi Aviaşirkətin təqsiri üzündən baş verdikdə, uçuşun növbəti sahəsinə təsdiq olunmuş təxsisin mövcud olması şərtilə, həmin məntəqələrdə Sərnişinlərə xidmət göstərilir.


18.4. Reysdə təxsis edilən yerlərin sayının artıq olmasına və ya hava gəmisinin tipinin dəyişməsinə görə daşımada edilən dəyişikliklər

18.4.1. Reysdə təxsis edilən yerlərin sayının artıq olması, yaxud hava gəmisinin tipinin dəyişdirilməsi səbəbindən Sərnişini daşınmaya qəbul etmək qeyri-mümkün olduqda, Aviaşirkət Sərnişinə 17.3. bəndinə müvafiq olaraq xidmət təqdim etməlidir.
18.4.2. Digər xidmət sinfində, Aviaşirkətin digər reysində, digər Daşıyıcının reysində, ya da digər nəqliyyat növündə daşımadan imtina edən Sərnişinə 20.2.2, 20.2.3. bəndlərinə müvafiq olaraq biletin dəyəri qaytarılır.



19. Sərnişinlərə xidmət

19.1. Ümumi müddəalar

19.1.1.  Aviaşirkət Sərnişinlərə xidmət sinfindən asılı olaraq göstərilən xidmətlərin norma və həcmini müstəqil surətdə müəyyən edir və dəyişir.


19.1.2.    Sərnişin hava gəmisinin bortunda və / və ya hava limanında xidmətdən tam həcmdə və ya onun bir hissəsindən imtina edirsə, bu xidmətlərin göstərilməsi dəyəri ona qaytarılmır və bu imtina səbəbindən onun çəkdiyi xərclərin əvəzi ödənilmir.
19.2. Sərnişinlərə hava limanında xidmət göstərilməsi
Hava limanında Sərnişinlərə xidmət göstərilməsi xidmət şirkətləri tərəfindən həyata keçirilir. Sərnişinə xidmət göstərilməsi nəticəsində və ya onunla əlaqədar, yaxud üçüncü şəxslərin, təşkilatların və ya vasitəçilərin təqsiri üzündən belə xidmətdən istifadə etmək imkanı olmadığına görə Sərnişinin çəkdiyi istənilən ziyan və ya zərər üçün Aviaşirkət heç bir məsuliyyət daşımır.
Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə