2016v1
18
VII. Əvvəl qeydə alındığı dövlətin daimi uçotundan çıxarılmadan Azərbaycan Respublikasına gətirilmiş nəqliyyat
vasitəsi gömrük orqanlarının verdiyi icazə sənədi əsasında sahibinin adına müvəqqəti qeydiyyata alınaraq, qeydiyyat
şəhadətnaməsi və nişanları ilə təmin olunur, nəqliyyat vasitəsinin əvvəlki uçot yerinə Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı tərəfindən edilən müraciətə müvafiq təsdiqləyici cavab alındıqdan sonra daimi
şəhadətnamə verilir. Nəqliyyat vasitəsinin əvvəlki uçot yerindən silinməsi Azərbaycan Respublikasında yerləşən xarici
səfirlik və konsul nümayəndəlikləri tərəfindən həyata keçirildikdə, bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə
tutulmuş orqanlara müvafiq konsul şəhadətnaməsi təqdim edilir.
VIII. Dövlət qeydiyyatının aparılması və daimi uçota alınması üçün nəqliyyat vasitəsinin təqdim edilməsi texniki
nasazlıq səbəbindən mümkün olmadıqda, nəqliyyat vasitəsinin sahibi ərizədə həmin səbəbi qeyd etməli və bu
maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqan tərəfindən ona göstəriləcək xidmət üçün rüsum
ödəməlidir. Rüsumun ödənilməsi barədə sənəd təqdim edildikdən sonra beş gün ərzində həmin orqan nasaz
nəqliyyat vasitəsinin olduğu yer üzrə onun mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədi ilə
müayinə keçirməlidir.
IX. Bu maddənin II və III hissələrində nəzərdə tutulmuş orqanlar tərəfindən nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə
daimi uçotdan aşağıdakı hallarda çıxarılır:
1) nəqliyyat vasitəsi sahibinin yaşayış yeri dəyişdikdə və onun yeni yaşayış yeri nəqliyyat vasitəsini qeydiyyata
almış müvafiq orqanın fəaliyyət göstərdiyi ərazinin hüdudlarından kənarda olduqda, habelə qeydiyyat yerinin
dəyişməsi ilə bağlı olan digər hallarda;
2) nəqliyyat vasitəsinə mülkiyyət hüququ xitam edildikdə və ya nəqliyyat vasitəsi başqasına verildikdə;
3) nəqliyyat vasitələri çıxdaş edildikdə.
X. Xarici dövlətlərdə qeydiyyatdan çıxarılmadan Azərbaycan Respublikasına 30 günədək müddətə müvəqqəti gətirilən
nəqliyyat vasitələri Azərbaycan Respublikasının sərhəd məntəqəsinin yaxınlığında yerləşən, bu maddənin ikinci
hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanında təxirəsalınmadan müvəqqəti uçota
alınır. Bu barədə həmin nəqliyyat vasitələrinin sahiblərinə 30 gün müddətinə müvafiq sənəd verilir.
XI. Xarici dövlətlərdə daimi qeydiyyatdan çıxarılmadan Azərbaycan Respublikasına 30 gündən artıq müddətə
müvəqqəti gətirilən nəqliyyat vasitələri, onları geriyə qaytarmaq barədə sahibinin verdiyi öhdəçilik və gömrük
orqanlarının verdiyi icazə sənədi əsasında, bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanında nəqliyyat vasitəsi sahibinin əcnəbilər üçün vizasında göstərilən
müddətə, Azərbaycan Respublikası vətəndaşı üçün isə bir il müddətindən artıq olmamaq şərti ilə, onun öhdəçiliyi
müddətinə dövlət qeydiyyatından keçirilir. Bu zaman həmin nəqliyyat vasitələrinin xarici qeydiyyat sənədləri və
nişanları müvəqqəti olaraq saxlanca qəbul olunur və əvəzində onlar müvəqqəti dövlət qeydiyyat şəhadətnaməsi və
qeydiyyat nişanları ilə təmin edilirlər. Respublika ərazisini tərk etdikdə xarici qeydiyyat sənədləri və nişanları nəqliyyat
vasitəsi sahibinə geri qaytarılır.
XII. Xarici dövlətlərdə qeydiyyatdan çıxarılmadan Azərbaycan Respublikasına gətirilmiş nəqliyyat vasitələrinin
müvəqqəti dövlət qeydiyyatının aparılması və müvəqqəti uçota alınması üçün, onların sahibləri və ya sərəncam
vermək hüququ olan digər şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri
təqdim etməlidirlər:
1) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini;
2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini (müvafiq olaraq Azərbaycan Respublikasının
ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi
üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların və ya vergilərin ödənilməsi
barədə sənədi;
5) gömrük orqanlarının müvəqqəti icazə sənədlərini.
XIII. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə müqaviləsi, etibarnamə
əsasında başqa şəxsə verildikdə, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq orqanlarda təkrar dövlət
qeydiyyatından keçirilməlidir.
XIII-I. Nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya
ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən notarius müqavilənin və ya
etibarnamənin təsdiq edilməsi barədə məlumatı dərhal müvafıq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra
hakimiyyəti orqanı texniki vasitələrdən istifadə etməklə həmin məlumatı üç gün müddətində müvafiq icra hakimiyyəti
orqanına göndərir. Daxil olmuş məlumat əsasında müvafiq icra hakimiyyəti orqanı üç gün müddətində nəqliyyat
vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edir.
Nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqavilənin notarial qaydada təsdiq edilməsi qanunla tələb
olunmadıqda notarial qaydada təsdiq edilməmiş icarə müqaviləsinə əsasən nəqliyyat vasitəsinin təkrar dövlət
qeydiyyatı bu maddənin IV-I, V və VI hissələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
XIII-II. Bu Qanunun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini başqa
regionda təkrar dövlət qeydiyyatından keçirmək üçün müraciət edildikdə, nəqliyyat vasitəsinin yeni regionda
qeydiyyata alınması əvvəlki region üzrə dövlət qeydiyyatını ləğv edir.