Xəbər bülleteni №36


İpoteka kreditləşməsi qaydası təsdiqlənib



Yüklə 0,58 Mb.
səhifə2/6
tarix26.01.2018
ölçüsü0,58 Mb.
#22483
1   2   3   4   5   6

İpoteka kreditləşməsi qaydası təsdiqlənib


23.06.2016

serencam 1
Prezident İlham Əliyev ipoteka kreditləşməsi məsələləri haqqında fərman imzalayıb. İyunun 22-də verilən fərmanla “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsi təsdiq edilib. ASC-nin İdarə Heyəti sədrinin və onun müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi prezidentin səlahiyyətindədir.

Fərmana əsasən, ASC-nin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi məqsədi ilə “Elektron hökumət” portalında “Elektron ipoteka” sistemi yaradılmalı və 2017-ci il yanvarın 1-dən tətbiq olunmalıdır.

“Elektron ipoteka” sistemi ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin alınması üçün tələb olunan sənədlərin siyahısının və şərtlər barədə məlumatın olmasını; ipoteka krediti almaq istəyən şəxsin imkanının ipoteka kalkulyatoru proqramı vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsini; ipoteka kreditinin alınması üçün ayrıca olaraq hər bir müvəkkil bank üzrə ipoteka krediti almaq istəyən şəxsin ödəməli olduğu xidmət haqqının, habelə hər bir müvəkkil qiymətləndiricinin xidmətləri üzrə xidmət haqqının məbləğləri barədə məlumatın olmasını; ipoteka krediti almaq istəyən şəxsin müvəkkil banka elektron müraciətinin real vaxt rejimində göndərilməsini və qeydiyyata alınmasını, münasib görüş vaxtının təyin edilməsini və s. işləri təmin etməlidir.

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti ötən il oktyabrın 27-də prezident İlham Əliyev fərmanı ilə (Prezident ipoteka kreditləşməsi ilə bağlı fərman verib) yaradılıb. Mərkəzi Bank nəzdində Azərbaycan İpoteka Fondunun yenidən təşkili yolu ilə yaradılan ASC-nin səhmləri dövlətə məxsusdur.

İyulun 22-də imzalanmış yeni fərmana əsasən, ASC-nin ipoteka kreditləşməsinə cəlb etdiyi vəsait yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və təmirli yaşayış sahələrinin alınmasına yönəldilir.

Dövlət başçısı “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi qaydasını da təsdiqləyib. Qaydaya görə, kredit Azərbaycan manatı ilə, Azərbaycan Respublikasının vətəndaşına verilməlidir. Müddət 3 ildən 25 ilədək, güzəştli ipoteka krediti üçün isə 30 ilədəkdir.


 İpoteka kreditinin verilməsi qaydası

Dolların kursu 1 manat 53 qəpiyi ötdü

23.06.2016



valyuta 1Mərkəzi Bank iyunun 23-də 1 ABŞ dollarının rəsmi kursunu 1,527 manatdan 1,5301 manata qaldırıb.

Avronun da kursunda artım var. 1 avro 1,7347 manata təklif olunur. Ötən gün rəsmi qiymət 1,7201 manat müəyyən edilmişdi.

Transparency.az-ın məlumatına görə, Mərkəzi Bank Rusiya rublunun məzənnəsini aşağı salıb. İyunun 21-də 0,0239 manata satılan 1 rublun rəsmi məzənnəsi bu gün 0,0237 manata düşüb (Tam siyahı).

Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb, dolların rəsmi kursu 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Bu il təşkil olunan hərraclarda Dövlət Neft Fondu 2 milyard 207,4 milyon dollar, Mərkəzi Bank 685,4 milyon dollar həcmində valyuta satıb, manatın kursunu sabit saxlamağa üst-üstə 2 milyard 892,8 milyon dollar sərf edilib.

Sərkisyan cəbhə xəttində olub, hərbi müşavirə keçirib

23.06.2016

Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə iyunun 22-də başlayan qanunsuz səfərinin ilk günü öncə cəbhə xəttində olub, sonra hərbi müşavirə keçirib. Transparency.az-ın məlumatına görə, vertolyotla Dağlıq Qarabağın cənub istiqamətində enən Serj Sərkisyan işğalçı rejimin başçısı Bako Saakyan və əvvəlki lideri Arkadi Qukasyanla birgə təmas xəttinin bəzi məntəqələrinə baş çəkib, əsgər və zabitlərlə görüşüb.

Həmin gün Serj Sərkisyan və Bako Saakyan Xankəndidə işğalçı ordunun ali zabit heyəti ilə müşavirə keçiriblər.

2008-ci ildən prezident postunu tutan Serj Sərkisyan 22-ci dəfədir Dağlıq Qarabağa səfər edir. O, işğalçı müharibənin ən qaniçən liderlərindən biridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, 1993-cü ildən isə Ermənistanın müdafiə naziri olub.

Ermənistan Silahlı Qüvvələri 23 ildir Azərbaycanın bütün cənub-qərbini işğal altında saxlayır. 1988-1992-ci illərdə Dağlıq Qarabağ bölgəsi və Laçın rayonu, 1993-cü ildə Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları işğal edilib.



serkisyan 0

serkisyan 02

serkisyan 03

Təlim: Silahlı Qüvvələr hücum əməliyyatı keçirib

23.06.2016

Azərbaycan Silahlı Qüvvələrinin operativ-taktiki təlimləri iyunun 22-də döyüş atışı, hücum əməliyyatı ilə davam edib. Təlimlərə 25 min nəfərədək şəxsi heyət, 300-dən çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-a yaxın hərbi aviasiya, 30-dan çox hava hücumundan müdafiə sistemləri və Xüsusi Təyinatlı Qüvvələrin bölmələri cəlb olunub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov komanda məntəqəsində olub, birlik, birləşmə, hərbi hissə komandirlərinə, eləcə də qərargah rəislərinə təlimin ssenarisinə uyğun göstəriləcək fəaliyyətlərlə bağlı tapşırıqlar verib və məruzələri dinləyib.

Rəsmi məlumata görə, döyüş atışlı təlimdə hücum əməliyyatı qərarına uyğun olaraq atəş hazırlığı üç atəş basqını üzrə planlaşdırılıb.

Birinci atəş basqınında düzünə tuşlamaya çıxarılmış tanklar və döyüş maşınları, minaatan batareyalar, özüyeriyən artilleriya divizionları, ağır odsaçan sistemlər batareyası və digər artilleriya divizionları və batareyaları iştirak edib.

İkinci atəş basqını ordu və cəbhə aviasiyasının vasitəsilə yerinə yetirilib və bu atəş basqınında Silahlı Qüvvələrin hücum təyyarələri, qırıcı və döyüş helikopterləri iştirak ediblər.

Üçüncü atəş basqınında düzünə tuşlamaya çıxarılmış tanklar və döyüş maşınları, minaatan batareyalar, özüyeriyən və reaktiv artilleriya divizionları təlimlərə qoşulub.

Atəş hazırlığı başa çatdıqdan sonra bölük taktiki qrupları üç istiqamətdə müdafiəni yararaq şərti düşmənin dayaq məntəqələrini ələ keçirib. Bu qruplar dərinlikdə qurulmuş tank əleyhinə xəndəklərin və torpaq bəndlərin arxasında atəş mövqeyi tutaraq bu maneələrdən keçidlər açan mühəndis texnikasını öz atəşləri ilə himayə edib, həmçinin ikinci eşelon bölüklərinin döyüşə yeridilməsini təmin edib.

Təlimin növbəti mərhələsində düşmənin mina sahələrindən keçidlər açılıb, helikopterlər vasitəsilə dağ aşırımlarına taktiki desant qruplarının endirilməsi icra edilib. Taktiki desant qruplarının endirilməsi döyüş helikopterləri ilə dəstəklənib.

Təlimin son mərhələsində canlı qüvvənin və hərbi texnikanın hərəkəti, eləcə də mövqeyinin dəyişdirilməsi müşahidə olunub, helikopterlərlə təxliyə həyata keçirilib.



telim1

telim2

telim3

telim4

telim5

Əhalinin orta aylıq gəliri nə qədərdir?

23.06.2016

manatGəlirlərin 79,4 faizi son istehlak xərclərinə, 9,5 faizi vergilər, sığorta və üzvlük haqları, 2,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 8,3 faizi isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 15 milyard 846,9 milyon manat və ya hər nəfərə orta hesabla 1649,6 manat vəsait qalıb.

Əhalinin yanvar-may ayları üzrə gəlirləri haqqında rəsmi hesabat yayılıb. Transparency.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, 2016-cı ilin ilk beş ayında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,3 faiz artıb, 17 milyard 511,6 milyon manata çatıb. Əhalinin hər nəfərinə düşən gəlirlər isə 1822,9 manat və ya ayda orta hesabla 364,6 manat təşkil edib.

Gəlirlərin 79,4 faizi son istehlak xərclərinə, 9,5 faizi vergilər, sığorta və üzvlük haqları, 2,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 8,3 faizi isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 15 milyard 846,9 milyon manat və ya hər nəfərə orta hesabla 1649,6 manat vəsait qalıb.

Naxçıvanın sosial-iqtisadi göstəriciləri

23.06.2016

nmr 1
Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 883 milyon 63 min manatlıq ümumi daxili məhsul istehsal olunub, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu ilin 5 ayı ərzində hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz artaraq 1983,1 manata çatıb.

Muxtar respublikada ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 410 milyon 601 min 300 manat həcmində məhsul istehsal edilib. Bu da 2015-ci ilin müvafiq dövründəki göstəricini 3,1 faiz üstələyib.

Cari ilin yanvar-may aylarında 47 milyon 152 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunub, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricidən 4,2 faiz çoxdur. Bu dövrdə muxtar respublikada diri çəkidə 8,3 min ton ət, 34,5 min ton süd istehsal edilib, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,7 faiz, süd istehsalı 1,5 faiz artıb.

2016-cı ilin yanvar-may aylarında muxtar respublikada əhalinin gəlirləri 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 658 milyon 809 min 200 manat, onun hər bir nəfərə düşən həcmi isə 1 faiz yüksələrək 1479,5 manat təşkil edib.

Bu ilin yanvar-aprel aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 401,8 manat olub və bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artıb.

Muxtar respublikada cari ilin yanvar-may aylarında 140 milyon 698,2 min ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın həcmi son bir il ərzində 2,2 faiz artaraq 125 milyon 480,7 min dollar təşkil edib, 110 milyon dollardan artıq həcmdə müsbət saldo yaranıb.

Bu il mayın 1-nə olan məlumata görə, muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 4803 nəfər və ya 1,1 faiz artaraq 445 min 830 nəfərə çatıb.

Neft Fondu 32 banka 50 milyon dollar satdı

23.06.2016



dnf 1
İyunun 23-də növbəti valyuta hərracı keçirilib. Dövlət Neft Fondu hərraca 50 milyon dollar məbləğində vəsait çıxararaq 32 banka satıb.

Transparency.az bildirir ki, bununla 2016-cı ildə təşkil olunan hərraclarda Dövlət Neft Fondunun satdığı valyutanın həcmi 2 milyard 257,4 milyon dollara çatıb.

Mərkəzi Bankdan isə bu il 685,4 milyon dollar həcmində valyuta alınıb.

1621 müəllimin qatıldığı imtahanda 345 nəfər uğur qazandı

23.06.2016

muellim
Ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində 16-17 iyunda keçirilmiş imtahanların nəticələri bəlli olub.

Namizədlərə ixtisaslarına uyğun olaraq ümumi təhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika və təlim strategiyaları üzrə 10, məntiq üzrə 10 sual olmaqla, ümumilikdə 60 sual təqdim edilib.

Edu.gov.az-ın məlumatına görə, müsabiqədə elektron ərizəsi təsdiqlənmiş 2107 nəfərdən 1621 nəfəri (76,93 faiz) iştirak edib. İştirakçılardan 345 nəfəri müsahibə mərhələsinə keçib.

Müsabiqənin nəticələri barədə məlumatlar hər bir namizədin şəxsi səhifəsində yerləşdirilib.

Əsasən ingilis dili, coğrafiya müəllimləri imtahanda yüksək nəticə göstəriblər. Test mərhələsində keçid balını toplaya bilməyən müəllimlərin əksəriyyəti isə texnologiya, musiqi və fiziki tərbiyə müəllimləri olub.

Azərbaycan prezidentinin mətbuat katibi ordenlə təltif olundu

23.06.2016

azer qasimov 1Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Dövlət başçısı İlham Əliyevin 23 iyun sərəncamında təltif Azər Qasımovun dövlət qulluğunda səmərəli fəaliyyəti ilə əsaslandırılıb. 23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dünən isə Azər Qasımovun 50 yaşı tamamlanıb.

Transparency.az bildirir ki, Azər Qasımov 22 iyun 1966-cı ildə Bakı şəhərində doğulub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu, Bakı Dövlət Universitetini və Çenq Du Universitetini (Çin) bitirib.

1994-cü ildən Çin Xalq Respublikasındakı səfirlikdə tərcüməçi, Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar İdarəsində attaşe, Konsulluq İdarəsində attaşe, İranın Təbriz şəhərindəki baş konsulluqda attaşe, İrandakı səfirlikdə attaşe, üçüncü katib, Xarici İşlər Nazirliyinin Asiya, Afrika və Latın Amerikası Ölkələri İdarəsində üçüncü katib, ikinci katib olub.

2000-ci ildən Milli Məclis Aparatının beynəlxalq münasibətlər şöbəsinin müdiri vəzifəsində çalışıb.

13 mart 2004-cü ildən Azərbaycan prezidentinin mətbuat katibidir.

İpotekanın yeni qaydalarında nələr var?

23.06.2016

bina1
Transparency.az prezident İlham Əliyevin 22 iyun 2016-cı il fərmanı ilə təsdiqlənmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi qaydasının bəzi məqamlarını təqdim edir.

İpoteka kreditləşməsini “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti (ASC) həyata keçirəcək.

Qaydaya əsasən, ipoteka kreditini Azərbaycan vətəndaşı ala bilər. Kredit manatla, 3 ildən 25 ilədək, güzəştli ipoteka krediti isə 30 ilədək müddətə verilir.

Bu xidmətdən mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı yaşayış sahəsinin alınması üçün istifadə edilə bilər.

İpoteka kreditinin məbləği ərazi üzrə orta bazar qiymətindən artıq olmur və təmirli yaşayış sahələrinin alınmasına verilir. Maksimal məbləği və illik faiz dərəcələrini ASC-nin Müşahidə Şurası müəyyən edir.

Qaydaya görə, vətəndaşa yaşayış sahəsinin dəyərinin 85 faizindən çox və 75 faizindən az məbləğdə kredit verilmir. Aylıq ödənişin həcmi isə ümumi gəlirin 70 faizindən çox olmur, bərabər hissələrə bölünür. Kreditin son ödəniş tarixi pensiya yaşı həddini (kişilər üçün 63 yaş, qadınlar üçün 60 yaş) keçməməlidir.

Gənc ailənin üzvü olan bu şəxslər ipoteka krediti imkanından istifadə edə bilər:

— şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);

— Milli Qəhrəman (özü, əri/arvadı, övladları);

— məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

— ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

— ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;

— fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;

— idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);

— elmlər doktoru elmi dərəcəsi olan şəxs;

— ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs;

— ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılan hərbi qulluqçular;

— ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.

Güzəştli ipoteka kreditindən yalnız bir dəfə istifadə oluna bilər.

İpoteka krediti “Elektron hökumət” portalında olan “Elektron ipoteka” sistemi ilə verilir.

Bu sistemlə edilən müraciətlərə növbəli əsasda baxılır. Müraciət edən şəxsə qeydiyyat nömrəsi elektron sistem vasitəsilə verilir.

Vətəndaş ipoteka krediti almaq üçün şəxsiyyətini təsdiq edən sənəd və sənədin surətini; nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surətini; yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surətini; iş yerini və gəlirlərini təsdiq edən sənədləri təqdim edir.

Fərdi sahibkardan vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surəti, vergi orqanlarının qəbul etdiyi gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsini də tələb olunur.

İpoteka kreditinin verilib-verilməməsi haqqında 3 iş günü ərzində qərar qəbul edilir, bu qərar vətəndaşa bildirilir, elektron sistemdə də yerləşdirilir.

Razılıq əldə olunduqdan sonra vətəndaş 45 gün ərzində yaşayış sahəsini müəyyənləşdirməlidir. 3 iş günü ərzində isə qiymətləndirmə aparılır. Müvəkkil bank kreditin verilməsinə dair qərarı 5 iş günü müddətində qəbul edir.

İpoteka kreditinin verilməsindən imtina edilmiş şəxsin ipoteka krediti almaq üçün təkrar müraciət etmək hüququ var.

Qaydaya görə, ASC-nin Müşahidə Şurası kredit və güzəştli ipoteka krediti üzrə illik faiz dərəcələrini müəyyən edənə qədər illik faiz dərəcəsi 8 faizdən, güzəştli ipoteka krediti üzrə isə 4 faizdən çox olmamalıdır.

Qarabağ müharibəsi əlillərinə yeni evlər verilib

23.06.2016

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ağdaş və Göyçay rayonlarında 5 yeni fərdi yaşayış evini Qarabağ müharibəsi əlillərinin istifadəsinə verib.

İyunun 23-də yayılan rəsmi məlumata görə, nazirlik keçən il 281 nəfər, bu ilin ötən dövründə isə 200 nəfərdən çox Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təminatını həyata keçirib.



ev

Dövlət istiqrazlarının yerləşdirilməsi barədə məlumat

23.06.2016

maliyye nazirliyi
Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi barədə açıqlama yayıb. Açıqlamaya görə, “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin tədavül müddəti 182 gün olan 10 milyon manat və tədavül müddəti 364 gün olan 10 milyon manat məbləğlərində dövlət istiqrazları üzrə hərrac keçirilib.

182 günlük dövlət istiqrazları üzrə investorların təqdim etdiyi sifarişlərin nominal üzrə ümumi məbləği 52,8 milyon manat olub. Maliyyə Nazirliyi rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 95,9400 (gəlirlilik 8,5571%) səviyyəsində müəyyən edib. İstiqrazların ödəmə müddəti 20 dekabr 2016-cı ildir.

364 günlük dövlət istiqrazları üzrə sifarişlərin nominal üzrə ümumi məbləği 36,4 milyon manat olub. Rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiymət 91,3874 (gəlirlilik 9,4761%) səviyyəsində müəyyən edilib. İstiqrazların ödəmə müddəti 20 iyun 2017-ci ildir.

Lerikdə forum: 59 sahibkara güzəştli kredit verildi

23.06.2016

lerikİqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iyunun 23-də Lerik rayonunun Anbu kəndində işgüzar forum keçirib. Rəsmi məlumata görə, 80-ə yaxın sahibkarın iştirak etdiyi forumda Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 59 sahibkara 516 min manat güzəştli kredit verilib. Bu kreditlər əsasən heyvandarlıq, arıçılıq, çörək istehsalı sahələrinin inkişafına yönəldiləcək. Keditlərin reallaşdırılması hesabına 80-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.

Tədbirdə çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2016-cı ilin ötən dövrü ərzində 1209 sahibkar 66 milyon manat güzəştli kredit alıb. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2800-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Qeyd edilib ki, ümumilikdə indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2891 investisiya layihəsinin maliyyələşdirilməsinə 105,6 milyon manat güzəştli kredit verilib, 10500-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

Rəsmi açıqlama: Beynəlxalq Banka 211 milyon manatdan çox ziyan vurulub

23.06.2016

din 1

Beynəlxalq Banka külli miqdarda ziyan vurulması faktı ilə əlaqədar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan cinayət işinin istintaqı bəzi epizodlar üzrə başa çatıb.

İyunun 23-də Daxili İşlər Nazirliyi mətbuat xidmətinin bununla bağlı yaydığı məlumatda deyilir ki, 2001-2015-ci illərdə Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyev digər şəxslərlə qabaqcadan əlbir olaraq mütəşəkkil qrup yaradıb və həmin qrupa rəhbərlik edib: “Cahangir Hacıyev qulluq mövqeyindən sui-istifadə edərək özünün, ailə üzvlərinin və digər şəxslərin adına kart hesabları açıb və həmin hesablara külli miqdarda pul vəsaitlərinin köçürülməsi barədə qanunsuz göstərişlər verib”. Məlumata görə, Cahangir Hacıyev və cinayətin digər iştirakçıları Müşahidə Şurasının qərarı olmadan Beynəlxalq Bankın filiallarında bir çox fiziki şəxsin adına 47 milyon 144 min manat kredit pullarını rəsmiləşdirərək mənimsəyiblər, Beynəlxalq Banka ümumilikdə 211 milyon 597 min manat məbləğində ziyan vurublar.

Qeyd edilən epizodlar üzrə Cahangir Hacıyevə və digər 7 şəxsə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib.

Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva da iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatında deyilir ki, Zamirə Hacıyeva istintaqdan gizləndiyi üçün onun barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib.

Hazırda təqsirləndirilən şəxslər və onların müdafiəçiləri iş materialları ilə tanış edilir və cinayət işi məhkəməyə göndərilmək ərəfəsindədir.

Məlumatda o da bildirilir ki, istintaq prosesində ölkədə və xarici dövlətlərdə müxtəlif layihələrin həyata keçirilməsi adı altında yaradılmış 100-dən çox müəssisə və şirkət vasitəsilə Beynəlxalq Bankdan götürülən külli miqdarda pul vəsaitinin mənimsənməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən ayrıca icraatda cinayət işi ayrılıb.

Mətbuat xidməti iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyini vurğulayır.

Cahangir Hacıyev 2015-ci ilin dekabrından həbsdədir.

İspaniya: 75 ildə ilk dəfə ölüm doğumu üstələyib

23.06.2016

ispaniya bayragi 1İspaniyada 1941-ci ildən bəri ilk dəfə ölüm halları doğumu üstələyib. Novator.az xəbər verir ki, Milli Statistika İnstitutunun 2015-ci ilə dair hesabatında belə deyilir.

İyunun 23-də yayılan hesabata görə, 2015-ci ildə İspaniyada 419 min 109 uşaq doğulub. Bu, 2014-cü illə müqayisədə 2% (8486 uşaq) azdır. Ötən il ölkədə ölənlərin sayı 422 min 276 nəfər (2014-cü illə müqayisədə 6,7% və ya 26 min 446 nəfər çox) olub. Beləliklə, İspaniyada 2015-ci ildə ölənlərin sayı doğulanların sayını 2753 nəfər üstələyib. Bu, 1941-ci ildən bəri ilk belə haldır.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə