Xəbər bülleteni №36



Yüklə 0,58 Mb.
səhifə6/6
tarix26.01.2018
ölçüsü0,58 Mb.
#22483
1   2   3   4   5   6

Terrorçuların üç bel çantası və bir çamadanı olub. Onlar hava limanında xaricdən təyyarə reysləri ilə gələn şəxslərin çıxışı üçün nəzərdə tutulmuş terminalda taksidən düşüblər, çamadandakı partlayıcıları əyinlərinə keçirib, silahlarını gizlədərək dağılışıblar. Bundan sonra xaricə gedən və xaricdən gələn sərnişinlər üçün nəzərdə tutulmuş giriş-çıxışda və avtomobil parkında gülləbaran və partlayışlar törədilib.

Terror aktları dalbadal, saat 10 radələrində baş verib. 42 nəfər ölüb, 240-a yaxın adam xəsarət alıb.

İnsan kapitalından istifadə reytinqi açıqlanıb

30.06.2016



insan kapitali1Dünya İqtisadi Forumu 2016-cı il üçün İnsan Kapitalı Hesabatını açıqlayıb. Azadliq.org-un məlumatına görə, hesabat dünyanın 130 ölkəsində istedadların necə inkişaf etdirilməsi, onlardan necə istifadə olunmasına əsaslanır. İndeks 15-65 yaş arası beş yaş qrupu üzrə insanları təhsil, bacarıq və işlə təminata görə dəyərləndirir.

Transparency.az bildirir ki, reytinq cədvəlinin 1-ci pilləsində Finlandiya dayanır. Norveç 2-ci, İsveçrə 3-çüdür.

İlk onluqda qalan ölkələr belə sıralanır: Yaponiya, İsveç, Yeni Zelandiya, Danimarka, Niderland, Kanada, Belçika.

İnsan kapitalı potensialından istifadəyə görə keçmiş SSRİ məkanından Estoniya 130 ölkə içində 15-ci, Ukrayna 26-cı, Rusiya 28-ci, Qazaxıstan 29-cu, Ermənistan 37-ci yerdədir.

Azərbaycan 54-cü mövqedədir.

Qonşu Türkiyə reytinq cədvəlində 73-cü, İran 85-ci sırada göstərilir.

130 ölkə arasında insan kapitalından istifadə sarıdan ən pis nəticələr Çad, Yəmən və Mavritaniyaya məxsusdur.

Şirkət pivə istehsalını dayandırır (Ekspertlərin şərhi)

30.06.2016

baltika baku
“Baltika-Bakı” şirkəti pivə istehsalını müvəqqəti dayandıracağını açıqlayıb. Azadliq.org yazır ki, şirkət qərarını makroiqtisadi durum və milli valyutanın böhranı ilə əlaqələndirib. Açıqlamaya görə, manatın dəyərdən düşməsi əhalinin alıcılıq qabiliyyətinə kəskin mənfi təsir göstərib. Şirkət bəyan edib ki, ölkənin pivə bazarında ağır vəziyyət yaranıb. Bazarın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz azalıb, tendensiyanın hələ davam edəcəyi gözlənir.

Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Rövşən Ağayev yazır ki, “Baltika-Bakı”nın bağlanması ilə yerli istehsal faktiki yoxa çıxacaq: “Rəsmi məlumata əsasən, ölkədə pivə istehsalının 80%-ə qədəri bu zavodun payına düşür. Güman ki, müəssisədə yüzlərlə işçi çalışır. İndiki böhran şəraitində bu qədər insanın işsiz qalması fəlakətdir. Hökumətin indiki vergi siyasəti ölkədə onsuz da zəif potensiala malik biznesi tam çökdürəcək. Digər tərəfdən bazarın 80%-nə yaxınının bir şirkətin əlində cəmlənməsi, bu qədər kəskin inhisarçı mövqe əldə etməsi də qəbuledilməzdir”.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Azər Mehtiyev Azadliq.org-a deyib ki, hökumət ölkəyə valyuta daxilolmalarının azalması və büdcəyə vəsait toplanması sahələrində ciddi problemlərlə üzləşib: “Hər iki istiqamətdə atılan addımlar daha çox ümumi sabitliyi saxlamağa yönəlib. İqtisadi fəallığı aşağı salmaqla xarici valyutaya tələbatı və ölkədən valyuta çıxışını məhdudlaşdıran hökumət anlamalıdır ki, iqtisadi fəallıq və dövriyyənin azalması birbaşa vergi daxilolmalarının azalması ilə nəticələnir.

Ölkədəki biznes qurumları indiyədək tam fərqli mühitdə, fərqli şərtlərlə işləyib. Nağd və gizli dövriyyə yüksək olub, bütün sistemlər onun üzərində qurulub. Bu sistemlərin qəfil dağılması, xüsusilə dövlət sifarişlərinin kəskin azalması biznesin gəlir götürmək imkanlarını məhdudlaşdırıb. Hökumət neft gəlirləri dövründə formalaşan institutların yararsızlığı, yeni yaradılanların isə şəraitə uyğun olmaması ucbatından institutsional tələyə düşüb. Ona görə də biznesin inkişafı ilə bağlı uzunmüddətli strategiya işlənməli, məmur sahibkarlığının aradan qaldırılması və rəqabətin inkişafı üçün ciddi addımlar atılmalıdır. İndiki proseslər, xüsusən nəyin bahasına olursa-olsun, büdcəyə daha çox vergi cəlb etmək cəhdləri ölkədə biznesi tam çökdürə bilər”.

Manata xərclənən vəsait 3 milyard dolları keçdi

30.06.2016



manat 1Manatın kursunu sabit saxlamaq üçün hökumətin xərclədiyi vəsait 3 milyard ABŞ dollarını keçib. Transparency.az bildirir ki, iyunun 30-da keçirilən valyuta hərracında Dövlət Neft Fondu 29 banka 50 milyon dollar satıb. Beləliklə, 2016-cı ildə milli valyutanın sabitliyinə sərf olunan vəsait 3 milyard 42,8 milyon dollara çatıb.

Dövlət Neft Fondunun 2016-cı ilin hərraclarında satdığı valyutanın həcmi 2 milyard 357,4 milyon dollardır. Mərkəzi Bankdan isə bu il 685,4 milyon dollar həcmində valyuta alınıb.

Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb və dollar qarşısında 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Hazırda 100 ABŞ dolları 153 manat 94 qəpiyə satılır.

Nazir sosial inteqrasiyadan nə yazır?

30.06.2016

selim muslumov1Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Sosial həyat” jurnalında “Azərbaycan Respublikasında sosial inteqrasiya” adlı məqalə ilə çıxış edib. Transparency.az-ın məlumatına görə, nazir əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial inteqrasiyasından söz açaraq yazır ki, Azərbaycanda 570 min nəfər və ya ölkə əhalisinin 5,96%-i qədər əlilliyi olan şəxs var, bunlardan da 67 min nəfəri 18 yaşadək olan uşaqlardır: “Bu insanların səmərəli sosial müdafiə sisteminin təmin edilməsi və onların cəmiyyətin həyatına bütün istiqamətlər üzrə və müxtəlif tədbirlərlə inteqrasiya edilməsi Azərbaycan hökumətinin daimi diqqət mərkəzindədir. Hazırda ölkədə əlilliyi olan bütün şəxslərə, həmçinin sağlamlıq imkanları məhdud uşaqlara əmək pensiyaları, sosial müavinətlər, Azərbaycan Respublikası prezidentinin təqaüdləri, kompensasiya xarakterli müavinətlər və sosial yardımlardan ibarət aylıq ödənişləri nəzərdə tutan səmərəli sosial müdafiə sistemi fəaliyyət göstərir.

Azərbaycan hökuməti əlilliyi olan şəxslərin minimum maddi ehtiyaclarını qarşılamaqla bərabər onların tibbi-sosial reabilitasiyası üçün kompleks tədbirlər həyata keçirir. Ölkənin bütün ərazisini əhatə edən 15 əlillərin bərpa mərkəzi, o cümlədən Respublika Protez-Ortopedik Bərpa Mərkəzi və Heydər Əliyev Fondunun uşaqlar üçün yaratdığı reabilitasiya mərkəzi fəaliyyət göstərir. Təkcə 2015-ci ildə bu mərkəzlər 7180 nəfər əlilliyi olan şəxsə tibbi-sosial bərpa xidməti göstərib”.

Səlim Müslümov son iki il ərzində 1933 nəfər hərbi əlilin avtomobillə, 132 gözdən əlil şəxs və 212 nəfər Qarabağ müharibəsi əlilinin evlə təmin olunduğunu yazır.

Nazir valideyn himayəsindən məhrum olmuş uşaqların sosial inteqrasiyasına toxunaraq qeyd edir ki, dövlət uşaq müəssisələrində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 9,8 mindən çox uşaq dövlət himayəsində yaşayır: “Ötən ilə qədər həmin müəssisələri tərk etmiş məzunların müvafiq yaşayış yeri ilə təminatında bir sıra problemlər vardı. Bu məqsədlə Abşeron rayonunun Masazır qəsəbəsində 13 mərtəbəli, 120 mənzilli “Məzun evi” inşa edilərək gənclərin istifadəsinə verildi. Sonrakı mərhələdə isə əlavə olaraq hər biri 120 mənzilli daha 2 yaşayış binasının tikintisi nəzərdə tutulub”.

Ahıl vətəndaşların sosial inteqrasiyası məsələsindən söz açan nazir yazır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müharibə və əmək əlilləri üçün pansionatında 211 nəfər ahıl şəxs dövlət təminatında yaşayır: “Son 2 il ərzində burada yaşayanlardan 14 nəfəri öz ailələrinə verilib. 2015-ci ildə 13679 nəfər tənha ahıl vətəndaşa evdə sosial xidmət göstərilib”.

Nazir penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin, insan alveri qurbanlarının sosial inteqrasiyası məsələlərinə dətoxunur.

İyulun hava proqnozu

30.06.2016

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnozuna görə, iyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənir.

Orta aylıq temperatur regionlar üzrə belə proqnozlaşdırılır:

Bakıda və Abşeron yarımadasında 26-28 dərəcə isti (bəzi günlərdə 37-39 dərəcə isti);

Naxçıvan Muxtar Respublikasında 25-29 dərəcə isti (bəzi günlərdə 39-41 dərəcə isti);

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında 18-23 dərəcə isti (bəzi günlərdə 30-33 dərəcəyədək yüksələcək);

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında 25-27 dərəcə isti (bəzi günlərdə 39 dərəcəyədək yüksələcək);

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında 23-28 dərəcə isti (bəzi günlərdə 34-38 dərəcə isti);

Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında 26-29 dərəcə isti (bəzi günlərdə 38-41 dərəcə isti);

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında 23-27 dərəcə isti (bəzi günlərdə 35-38 dərəcəyədək yüksələcək).

Senat komitəsi Azərbaycana 10,9, Ermənistana 24,1 milyon dollar ayrılmasını istəyir

30.06.2016

senat 1
ABŞ Senatının təxsisatlar komitəsi bu ölkənin 2017-ci il büdcəsindən Azərbaycana 10,9 milyon dollar, Ermənistana isə 24,1 milyon dollar maliyyə yardımı ayrılmasını tövsiyə edib.

Transparency.az xatırladır ki, prezident Barak Obamanın administrasiyasının 2017-ci ilin büdcəsi ilə bağlı layihəsi bundan fərqlənir. Obama administrasiyasının layihəsində Azərbaycan və Ermənistana eyni həcmdə — 22 milyon dollar yardım ayırmaq nəzərdə tutulub.

Amerika Erməni Milli Komitəsinin iyunun 30-da yaydığı açıqlamaya görə, Senatın təxsisatlar komitəsi Ermənistana hərbi təhsil və hazırlıq proqramı çərçivəsində 600 min dollar, xarici hərbi maliyyələşdirmə proqramı çərçivəsində isə 1 milyon dollar ayrılmasını da tövsiyə edib.

Belarusda denominasiya

30.06.2016

İyulun 1-dən Belarusda milli pul vahidinin – Belarus rublunun denominasiyası aparılacaq.

Novator.az-ın məlumatına görə, Belarus əsginazlarından dörd sıfır ixtisar ediləcək.

Sovet dövründən sonrakı 25 illik müddətdə ilk dəfə olaraq dövriyyəyə qəpiklər də buraxılacaq.

Köhnə əsginazlar ilin sonunadək yeniləri ilə bərabər dövriyyədə olacaq.

SSRİ dağılandan sonra Belarusda üç dəfə, Azərbaycan, Rusiya, Tacikistan və Türkmənistanda bir dəfə milli valyutanın denominasiyası aparılıb. Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Ukrayna, Litva, Latviya və Estoniyada hələ ki, denominasiya olmayıb.



belarus rublu

Türkiyənin daxili işlər naziri yeni rəqəmlər açıqlayıb

30.06.2016

efqan ala 1İstanbulun Atatürk hava limanında baş vermiş terrorda ölənlərin sayı 43-ə çatıb, xəstəxanalarda isə 94 yaralı var. AZƏRTAC bildirir ki, Türkiyənin daxili işlər naziri Əfqan Ala iyunun 30-u Böyük Millət Məclisində belə deyib. Onun sözlərinə görə, ölənlərin 19-u xarici ölkə vətəndaşıdır.

Nazir qeyd edib ki, son illər Türkiyədə İŞİD terror qruplaşması ilə mübarizə tədbirləri zamanı 5310 nəfər saxlanıb, onlardan 654-ü barəsində həbs qətimkan tədbiri seçilib: “Təkcə bu il ərzində saxlanan şəxslərin 663-ü həbs edilib. Onların 371-i əcnəbidir”.

İyunun 28-i axşam saat 10 radələrində 3 terrorçu hava limanında əvvəl camaatı gülləyə tutub, sonra özlərini partladıb. Terror aktını İŞİD-in törətdiyi bəlli olub. Kamikadzelərdən birinin Rusiya vətəndaşı Osman Vadinov, digərlərinin qırğız və özbək olduğu iddia edilir.

İki polis polkovnikinə general-mayor rütbəsi verildi

30.06.2016

din 1
İyunun 30-da prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, polkovniklər Zaur Abdullayev və Elçin Həsənova polis general-mayoru rütbəsi verilib.

Başqa sərəncamla Daxili İşlər Nazirliyinin bəzi əməkdaşları “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif ediliblər (Sərəncam).

65 sahibkar 8 milyon manat güzəştli kredit aldı

30.06.2016



forum 2
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iyunun 30-u Qazax rayonunun Qazaxbəyli kəndində keçirilən işgüzar forumda Qazax və ətraf rayonlardan olan 65 sahibkara 8 milyon manat güzəştli kredit verib. Kreditlər əsasən heyvandarlıq, çörək və un məmulatları, tikinti materialları, sönmüş əhəng, mebel istehsalı sahələrinin inkişafına yönəldiləcək, 400-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, 90-a yaxın sahibkarın iştirak etdiyi forumda çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib ki, 2016-cı ildə 1252 sahibkar 71,6 milyon manat güzəştli kredit alıb: “Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3 mindən çox yeni iş yerinin açılmasına imkan yaradır”.

Qeyd edilib ki, ümumilikdə indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5914 investisiya layihəsinin maliyyələşdirilməsinə 220,7 milyon manat güzəştli kredit ayrılıb.

Forum çərçivəsində Qazax rayonunun Daş Salahlı kəndində güzəştli kredit ayrılmış və ildə 91 min ton sönmüş əhəng istehsal etmək gücündə olan zavodun tikinti işlərinə baxış keçirilib. Zavod fəaliyyətə başlayanda burada 350 nəfər işçi çalışacaq.

Avropa Məhkəməsi Azərbaycanı 230 min avro cərimələyib

30.06.2016



avropa mehkemesi 1
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iyunun 30-da Azərbaycan dövlətini 230 min avro cərimələyib. Cərimələr Azərbaycanla bağlı çıxarılmış 18 qərarda nəzərdə tutulur.

“Azadlıq” radiosunun məlumatına görə, 18 işdən 13-də vəkil Əsabəli Mustafayev olub. O, Məmməd İbrahim, Əbülfəz Qurbanlı, Rüfət Hacıbəyli, Elşad Budaqov, Orxan Carçıyev, Vaqif Xalıqov, Hafiz Fərhadi, Elçin Cərullayev, İnqilab Kərimov, Şakir Abbasov, Zülfüqar Eyvazov, Təzəxan Mirələmli və Bəhruz Həsənovu təmsil edib. Bu şəxslər etiraz aksiyalarında iştiraka görə inzibati həbsə məruz qalıb.

Məhkəmə onların Avropa İnsan Hüquqları Konvensiyasında əksini tapmış hüquq və azadlıqlarının (azadlıq və şəxsi toxunulmazlıq hüququ, ədalətli araşdırma hüququ, qanunsuz cəzalandırılmamaq hüququ, sərbəst toplaşma azadlığı) pozulduğunu tanıyıb.

Kompensasiya hamıya eyni olub, ümumi məbləğ 165 min avrodur.



AİHM-in digər 4 qərarı seçkilər zamanı pozuntulara dair şikayətlərlə bağlıdır. Məhkəmə müxalif partiyaların təmsilçiləri Nurəddin Məmmədli, Dünyaxanım Cərullayeva, İltizam Əkbərli və Nobatəli Pələngovun şikayətlərini təmin edib. Qərara əsasən, hökumət hər şikayətçiyə 10 min avro və ümumilikdə hüquqi yardımdan ötrü 4 min avro ödəməlidir.

AİHM-in sonuncu qərarı mülkiyyət hüququnun pozuntusu ilə bağlı Rüstəm Dəmirovun şikayəti üzrə olub. Məhkəmə həmin işdə hökuməti 20 min 900 avro cərimələyib.
Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə