Xəbər bülleteni №36



Yüklə 0,58 Mb.
səhifə5/6
tarix26.01.2018
ölçüsü0,58 Mb.
#22483
1   2   3   4   5   6

Gəlirlərin mənbələri sərəncamda belə sıralanıb:

– Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) – 7 milyard 369 milyon 582,1 min manat

– Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilərin müqavilə sahəsindən istifadə üçün ödədiyi akrhesabı ödənişlər – 2 milyon 220,1 min manat

– Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər – 11 milyon 594,9 min manat

– Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilərin ödədiyi bonuslar (mükafatlar) – 2 milyon 108,3 min manat

– Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər – 335 milyon 579,5 min manat.

Xərclər isə bu istiqamətlərdə olub:

– Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi – 149 milyon 998,4 min manat

– Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinə transfert – 8 milyard 130 milyon manat

– Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi – 89 milyon 997,8 min manat

– Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi – 61 milyon 521,7 min manat

– 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramının maliyyələşdirilməsi 35 milyon 538 min manat

– Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi – 692 milyon 849,4 min manat

– Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər – 27 milyon 921,6 min manat.

Kreml rəhbəri Ərdoğana nə söz verib?

29.06.2016



erdogan 1Kremlin yaydığı rəsmi məlumata görə, Rusiya və Türkiyə prezidentlərinin 29 iyun danışığında ikitərəfli iqtisadi əlaqələrin bərpası istiqamətində fikir mübadiləsi aparılıb. Rusiya prezidenti qeyd edib ki, hökumətə Türkiyənin müvafiq strukturları ilə bu haqda müzakirələrə başlamaq tapşırığı verib. O qeyd edib ki, rusiyalı turistlərin Türkiyəyə səyahətinə məhdudiyyətlərin aradan qaldırılması da nəzərdə tutulur.

Telefon danışığında iki ölkənin xarici işlər nazirlərinin iyulun 1-i Soçidə görüşməsi razılaşdırılıb. Görüşdə Rusiya-Türkiyə münasibətlərinin müxtəlif aspektləri müzakirə olunacaq.

İyunun 29-da Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Teyyub Ərdoğana zəng vurub. Dövlət başçıları Rusiya-Türkiyə münasibətlərinin hazırkı durumunu müzakirə ediblər. Vladimir Putin həmkarına İstanbulun Atatürk Hava Limanında iyunun 28-də törədilən terror aktı ilə bağlı başsağlığını çatdırıb.

Kamikadzelərin törətdiyi həmin terror aktında 41 nəfər həlak olub.

Telefon danışığı 40 dəqiqə çəkib. Türkiyə Prezidenti Administrasiyasının rəsmi açıqlamasına görə, telefon danışığında Rusiya və Türkiyə liderləri iki ölkə arasında münasibətlərin normallaşdırılmasının önəmli olduğunu vurğulayıblar. Onlar ikitərəfli münasibətləri canlandırmaq üçün gərəkli addımlar atılması ilə yanaşı bölgədəki siyasi, iqtisadi və humanitar böhranı aradan qaldırmaq üçün iş birliyinin vacib olduğunu qeyd ediblər.

Münasibətlərin canlandırılması və terrorla birgə mübarizədə qərarlı olduqlarını vurğulayan prezidentlər təmasları davam etdirmək və üzbəüz görüşüb müzakirələr aparmaq razılığına gəliblər.

Vladimir Putinlə Rəcəb Teyyub Ərdoğan son 7 ayda ilk dəfə təmas qurublar. Ötən il noyabrın 24-də Türkiyə Silahlı Qüvvələri ölkənin sərhədini pozan Rusiya hərbi təyyarəsini vurub, bir pilot həlak olub. Bundan sonra Rusiya ilə Türkiyənin münasibətləri kəskin pozulub, Moskva Ankaraya qarşı sərt iqtisadi sanksiyalar tətbiq edib, Türkiyə vətəndaşları üçün vizasız rejimi ləğv edib.

Vladimir Putinin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirləri nəzərdə tutan fərmanı bir çox Türkiyə malının Rusiyaya girişinə qadağa qoyub. Rusiyalı turistlərin Türkiyənin istirahət zonalarına gedişi isə məhdudlaşdırılıb. 2016-cı il yanvarın 1-dən Türkiyə vətəndaşlarının Rusiyada işə götürülməsi yasaqlanıb, Türkiyə təşkilatlarının, o cümlədən Türkiyə vətəndaşlarının nəzarət etdiyi qurumların Rusiya ərazisində fəaliyyəti ya qadağan olunub, ya da minimuma endirilib.

Bu həftə Rəcəb Teyyub Ərdoğan Vladimir Putinə təyyarə olayına görə üzrxahlıq məktubu yollayıb, münasibətləri normallaşdırmağa çağırıb.

Vergidən azad sisteminin tətbiqinə başlanıb

29.06.2016

tak free 2Azərbaycanda “Tax free” (vergidən azad) sisteminin tətbiqinə başlanıb. AZƏRTAC Vergiler.az saytına istinadla bildirir ki, bundan sonra yaşı 14-dən yuxarı olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycana səfər edərkən alış-veriş zamanı bu imkanlardan istifadə edəcək və ödədiyi məbləğin bir hissəsini geri ala biləcəklər. Bu sistemə əsasən, xarici ölkə vətəndaşlarına səfər zamanı etdikləri alış-verişə görə ödədikləri əlavə dəyər vergisi (ƏDV) geri qaytarılır.

“Tax free” sistemini yalnız ƏDV ödəyicisi kimi qeydiyyatdan keçən mağazalar həyata keçirəcək. Həmin obyektlər pərakəndə ticarət fəaliyyəti ilə məşğul olmalı, təsərrüfat subyektində nəzarət-kassa aparatı və POS-terminal qurulmalı, onun dövlət büdcəsinə vergi borcu və digər öhdəliyi olmamalıdır.

Qeyd olunur ki, təsərrüfat subyektlərinin “Tax free” sisteminə qoşulması könüllü formada həyata keçirilməlidir. ƏDV ödəyicisi olan istənilən təsərrüfat subyekti bununla bağlı Vergilər Nazirliyinə müraciət edə bilər. Müraciət üçün nazirliyin rəsmi internet səhifəsində “Tax free” bölməsi də yaradılıb.

ƏDV-nin qaytarılması qaydası iyunun 24-də Milli Məclisin plenar iclasında qəbul edilən Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Yeniliyin Azərbaycana xarici turistləri cəlb etmək və onları ölkə ərazisində mal və məhsulun alışına təşviq etmək məqsədi güddüyü bildirilir (Əcnəbilərin Azərbaycanda alış-verişi asanlaşdırıldı).

Türkiyə-Rusiya barışığı kimlərin xeyrinədir?

29.06.2016



aliyev-putin erdogan
Türkiyənin keçmiş xarici işlər və baş naziri Əhməd Davudoğlu “qonşularla sıfır problem” nəzəriyyəsinin banisi olsa da, reallıqda bu nəzəriyyəni həyata keçirə bilmədi, tam əksinə — Ankaranın bir çox ölkə ilə münasibətləri obyektiv və subyektiv səbəblərdən gərginləşdi.

Suriya ilə münasibətlərin gərginləşməsində obyektiv səbəblər çoxluq təşkil edirdi. Çünki Bəşər Əsəd rejimi ölkədə vətəndaşların narazılığını silah gücünə yatırtmaq istədi, nəticədə yüz minlərlə insan qətlə yetirildi və Suriyada müxtəlif terrorçu təşkilatlar üçün meydan açıldı. Buna baxmayaraq Ankaranın Misir və İsraillə münasibətlərini gərginləşdirməsi daha çox subyektiv səbəblərlə əlaqəli idi. Ankara Misirdə “Müsəlman qardaşlar”ın hakimiyyətdən uzaqlaşdırılmasına qarşı sərt bəyanatlar verərək prezident seçilən general Əbdülfəttah əl-Sisi ilə münasibətlər qurmadı. Ankara bundan əvvəl İsrail hakimiyyətini Qəzza bölgəsindəki bombardmanlara görə tənqid edirdi. Türkiyənin hazırkı prezidenti Rəcəb Teyyub Ərdoğan baş nazir olan vaxt Davos İqtisadi Forumunda İsrail prezidenti Şimon Peresi sərt tənqid etdi və bununla da münasibətlərdə soyuqluq yarandı. Üstündən bir müddət keçdikdən sonra İsrail hərbçiləri Qəzza bölgəsinə humanitar yardım daşıyan “Mavi Mərmərə” gəmisinə hücum etdi və bu hücum mülki insanların həlak olmasıyla nəticələndi. Bununla da iki dövlət arasında münasibətlər gərginləşdi. Halbuki bu hadisələrə qədər iki dövlət strateji tərəfdaş idi, hətta birgə hərbi təlim də keçirirdilər. Türkiyə və İsrail rəsmilərinin yanlış açıqlama və addımları tərəfdaşları düşmənə çevirdi.

Münasibətlərin soyumasının Türkiyə-İsrail münasibətlərinin zərərinə olduğunu hər iki dövlətin rəsmiləri tez anladılar və diplomatik danışıqlar başlandı. Üstündən illər keçdikdən sonra iki dövlət münasibətləri normallaşdırmağa imkan verən sənədə imza atdı. Bu sənəd hər iki dövlətin xeyrinədir. İsrail ölən Türkiyə vətəndaşlarının ailələrinə təzminat ödəyəcək, Türkiyədən Qəzzaya yardımlar aparılmasına şərait yaradacaq, Türkiyə bu bölgəyə su və elektrik xətləri çəkəcək. Bunun qarşılığında da İsrail istismara başladığı qazı Türkiyə üzərindən Avropa bazarlarına daşımaq imkanı qazanacaq.

Türkiyə-İsrail münasibətlərini normallaşdıran sənədin imzalanmasıyla eyni gündə Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə üzrxahlıq məktubu yazması təsadüfi deyildi. Ərdoğan bununla göstərdi ki, ondan da üzr istəyirlər (İsrail), o da bir başqasından (Rusiyadan) üzr istəməyə hazırdır və bunda bir qəbahət görmür. Ərdoğanın Putinə məktubundakı mətndə Moskvanın bütün tələbləri yerinə yetirilib. Birincisi, məktubda Türkiyənin sərhədini pozan Rusiya təyyarəsinin vurulmasına görə “üzr istəyirəm” ifadəsi var, ölən pilotun ailəsinə təzminat veriləcəyinə işarə vurulur, digər tərəfdən pilotu öldürən şəxsin məsuliyyətə cəlb ediləcəyi də istisna deyil.

Türkiyə-Rusiya münasibətlərinin gərgin olması hər iki dövlətin ziyanına idi. Rusiya Türkiyə mallarına qadağa qoymuşdu, türk biznesmenləri sıxışdırırdı, vətəndaşlarına Türkiyədə dincəlməməyi tövsiyə edirdi. Bütün bunlar Türkiyəyə on milyardlarla dollar zərər vura bilərdi. Halbuki Ərdoğan Putinlə görüşlərinin birində iki ölkə arasında ticarət mübadiləsinin həcmini 100 milyard dollara çatdırmağı hədəf qoymuşdu. Münasibətlərin gərginləşməsi bu hədəfi heçə endirirdi.

Rusiyanın bu arada müxtəlif yollarla terrorçu PKK-ya silah və raket ötürdüyü xəbərləri də artmışdı. Münasibətlərin gərginləşməsindən Rusiya da itirirdi. Çünki, birincisi, Rusiya Türkiyə üzərindən Avropaya uzanan “türk axını” qaz boru xəttini inşa etmək istəyirdi, ikincisi, Türkiyədə dəyəri 20 milyard dollar olan atom elektrik stansiyasının tikintisi kimi nəhəng layihə gündəmdə idi. Türkiyə ilə Rusiyanı yaxınlaşdıran daha bir səbəb var idi. Hər ikisinin ABŞ və Avropa İttifaqı ilə münasibətlərində soyuqluq var. ABŞ və Avropa İttifaqı Krımın işğalı və Donbas separatçılarına verdiyi dəstəyə görə Rusiyaya qarşı sanksiyaların vaxtını uzadıb. Türkiyə isə Avropa İttifaqının verdiyi vədin əksinə olaraq viza məsələsini həll etmədiyinə görə Brüsseldən narazıdır. ABŞ-ın Suriyadakı silahlı kürd qruplaşmalarına verdiyi dəstək də Ankaranı narahat edir. Odur ki, belə bir geosiyasi şəraitdə Türkiyə-Rusiya yaxınlaşmasının alternativi qalmadı.

Ancaq bundan sonra Rusiyada Türkiyə əleyhinə olan ritorikanın dəyişməsinə ehtiyac var. Çünki son aylarda Kremlin ruporu olan media strukturları Türkiyə əleyhinə təhqiramiz təbliğat aparırdı. Bu təbliğatda Türkiyənin hətta İŞİD terrorçu qruplaşmasına dəstək verdiyi də iddia edilirdi. Halbuki İŞİD Türkiyə ərazisində partlayış törədir, Türkiyə vətəndaşlarını qətlə yetirir. Bir ölkə ona hücum edən qruplaşmaya dəstək verərmi?

Əslində Ankara İsraillə olduğu kimi Kremllə münasibətlərin normallaşması üçün də yol xəritəsi üzərində işləyirdi. Rusiya ilə münasibətlərin normallaşmasını hədəfləyən yol xəritəsi 9 maddədən ibarətdir. Böyük ehtimalla Ərdoğanın məktubundakı ifadələr də Kremllə əvvəlcədən razılaşdırılıb. Təsadüfi deyil ki, məktubun mətni yayılandan bir gün sonra Putinlə Ərdoğan arasında telefon danışığı baş tutdu. İŞİD terrorçu qruplaşmasının İstanbulda Atatürk hava limanına hücumu Türkiyə ilə Rusiyanın bu qruplaşmaya qarşı birgə mübarizəsini də aktuallaşdırır.

Türkiyə-İsrail və Türkiyə-Rusiya münasibətlərinin normallaşması Azərbaycanın da milli və təhlükəsizlik maraqlarına cavab verir. Türkiyə Azərbaycanın strateji müttəfiqi, İsrail və Rusiya isə strateji tərəfdaşları sayılır. Təsadüfi deyil ki, Rusiya ilə Türkiyə arasındakı münasibətlərin normallaşmasında Azərbaycanın rolu olduğunu Türkiyənin baş naziri Binəli Yıldırım da etiraf etdi.

Birincisi, münasibətlərin normallaşması Azərbaycanı çətin seçimdən qurtarır. Çünki, məsələn, Türkiyənin İsraillə münasibətlərinin gərgin olduğu illərdə Ankara Bakının İsraillə siyasətinə yenidən baxmasını arzulayırdı. Hətta Türkiyənin Azərbaycandakı səfiri (artıq keçmiş səfirdir) Bakının İsraillə münasibətlərini yenidən dəyərləndirməsi fikrini səsləndirmişdi. Aydın idi ki, bu, səfirin şəxsi fikri deyildi. Ancaq rəsmi Bakı strateji müttəfiqi Türkiyə istəyir deyə İsraillə münasibətlərini soyuda bilməzdi. Azərbaycan Türkiyə kimi İsrailə də neft satır və Türkiyə kimi İsraildən silah və hərbi texnika alır. Cəbhə bölgəsində aprel döyüşləri göstərdi ki, Azərbaycanın İsraildən aldığı silahlara ehtiyacı var.

İkincisi, Türkiyə-Rusiya münasibətlərinin gərgin qalması işğalçı Ermənistana və Rusiyadakı güclü erməni lobbisinə, onların təsiri altında olan siyasi ekspertlərin maraqlarına xidmət edirdi. Onlar Türkiyə-Rusiya münasibətlərinin gərginliyindən Azərbaycana qarşı istifadə etməyə çalışırdılar. Rusiyadakı siyasi mərkəzlər Dağlıq Qarabağda aprel döyüşlərinin Türkiyənin təhriki ilə baş tutduğuna dair reallığı əks etdirməyən fikirlər səsləndirirdilər. Əlbəttə, Türkiyə-Rusiya barışığı birbaşa Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməsə də, iki dövlət arasındakı münasibətlərin normallaşması və əməkdaşlığa başlaması Cənubi Qafqazda müsbət atmosfer yaradacaq.

Cavid Osmanovun deputatlığı MSK mərhələsini keçdi

29.06.2016

cavid osmanovMərkəzi Seçki Komissiyasının 29 iyun iclasında 90 saylı Ağdaş dairəsindən Milli Məclisə təkrar seçkinin nəticəsi təsdiqlənib. Yekun protokola görə, Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov deputat seçilib.

İyunun 18-də keçirilmiş seçkinin ilkin nəticələrində Cavid Osmanovun 85,6% səs topladığı bəyan olunmuşdu.

APA-nın məlumatına görə, səsvermənin ümumi yekunlarına dair protokol təsdiqlənib və sənədlərin Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edilib.

Azərbaycanda sonuncu parlament seçkisi 2015-ci il noyabrın 1-də olub. Seçki 125 dairə üzrə keçirilib. Rəsmi nəticələrə görə, Milli Məclisə 124 nəfər seçilib. 90 saylı Ağdaş seçki dairəsi üzrə isə seçkinin nəticəsi ləğv olunub. Mərkəzi Seçki Komissiyası dairədən şikayətlərə baxarkən belə qərar verib.

Bu il aprelin 12-də prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkinin iyunun 18-də keçirilməsi barədə sərəncam imzalayıb.

Nazir müavini: “10 minə yaxın vergi ödəyicisinin borcu var”

29.06.2016

ilkin veliyev 1“Vergilər Nazirliyi bu il vergi daxilolmaları ilə bağlı proqnoz tapşırığına tam həcmdə əməl edəcək”. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində vergilər nazirinin müavini İlkin Vəliyev deyib. Nazir müavini qeyd edib ki, bir neçə gündən sonra bu ilin 6 ayının nəticələri bəlli olacaq, nazirlik proqnoz tapşırığını tam yerinə yetirəcək.

İlkin Vəliyev borclu vergi ödəyiciləri məsələsinə də toxunub. Onun sözlərinə görə, hazırda 10 minə yaxın vergi ödəyicisinin borcu var: “Vergi borclarının məbləğinin ümumi vergi proqnozlarında payı isə təqribən 5 faizdir”.

Transparency.az bildirir ki, 2016-cı ilin yanvar-may ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 milyard 683 milyon 536,5 min manat vəsait daxil olub, proqnoz tapşırığına 103,2 faiz əməl edilib.

2016-cı il üçün dövlət büdcəsinin gəlirləri 16 milyard 822 milyon manat proqnozlaşdırılır. Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 10 milyon manat daxilolma nəzərdə tutulur.

Hesablama Palatası nəzarəti gücləndirir

30.06.2016



hesablamapalatasi 1Hesablama Palatasının kollegiya iclasında dörd nəzarət tədbirinin nəticələri müzakirə olunub:

– dövlət büdcəsindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və tabeliyində olan qurumlara ayrılan vəsaitlərin istifadəsinə dair audit;

– “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin Dünya Bankından kreditlər cəlb etməklə həyata keçirdiyi “Sudan istifadə edənlər birliklərinin inkişafına dəstək” layihəsi üzrə vəsaitlərdən istifadəyə dair audit;

– rayon (şəhər) xəstəxanalarında mövcud çarpayılardan istifadənin səmərəliliyi, çarpayı günlərinin icrası, ərzaq məhsullarının, dərman və sarğı ləvazimatlarının alınması üçün vəsaitin proqnozlaşdırılması və icrası, rayon (şəhər) səhiyyə müəssisələrinin struktur vahidlərinin ərzaq və dərman vasitələri ilə təmin edilməsi vəziyyətinə dair təhlil;

– “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin vəsaitlərinin formalaşması və istifadəsinə dair təhlil.

İyunun 29-da yayılan rəsmi məlumata görə, hər bir nəzarət tədbiri üzrə qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatlar göndəriləcək və audit tədbirlərinin nəticələri barədə hesabatlar Milli Məclisə təqdim olunacaq.

Kollegiyada 2016-cı ildə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı audit proqramları təsdiq edilib. Hesablama Palatasının nəzarət tədbirlərinin nəticələri üzrə göndərilmiş təqdimatların icra vəziyyəti ilə bağlı məlumat verilib, bu sahəyə nəzarətin gücləndirilməsi tapşırılıb.

Xarici valyutalar qiymət artırıb

30.06.2016

pul 1Mərkəzi Bank xarici valyutaların böyük qismini bahalaşdırıb. İyunun 30-da 1 ABŞ dollarının kursu 1,5363 manatdan 1,5394 manata yüksəlib. 1 avro isə 1,709 manata satılır. Ötən gün rəsmi məzənnə 1,7004 manat idi.

Transparency.az xəbər verir ki, Mərkəzi Bank 1 Rusiya rublunu 0,0241 manata təklif edir. İyunun 29-da rubla 0,024 manat qiymət qoyulmuşdu.

Digər valyutaların rəsmi məzənnəsi belə müəyyən olunub:

1 gürcü larisi – 0,6537 manat

1 ingilis funt sterlinqi – 2,0622 manat

1 İsveçrə frankı – 1,57 manat

1 türk lirəsi – 0,5315 manat.

Məhkəmə “Azadlıq” radiosunun iddiası ilə bağlı qərar çıxarıb

30.06.2016

azadliq - radio 11 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində “Azadlıq” radiosunun Azərbaycan nümayəndəliyinin Vergilər Nazirliyinə qarşı iddiası üzrə məhkəmə iyunun 29-da başa çatıb. Radio vergi orqanının 2015-ci ilin yanvarından 2016-cı ilin martınadək aparılan yoxlama nəticəsində tərtib etdiyi aktın ləğvini və həmin akt əsasındakı qərarın etibarsız sayılmasını istəyirdi. APA-nın məlumatına görə, məhkəmə iddianı təmin etməyib.

Məhkəmədə “Azadlıq” radiosunun hüquqlarını qoruyan vəkil Adil İsmayılov bir müddət əvvəl məsələnin mahiyyətini Azadliq.org-a açıqlamışdı: “Vergilər Nazirliyi “Azadlıq” radiosuna mənfəət vergisi hesablayıb. Halbuki “Azadlıq” radiosu qeyri-kommersiya təşkilatıdır, heç bir mənfəətdən söhbət gedə bilməz. Üstəlik, mənfəət vergisini hesablamaq üçün ümumiyyətlə “Azadlıq” radiosunun Azərbaycan nümayəndəliyinə daxil olan bütün məbləğləri götürüb, ondan 20 faizlik rentabelliklə vergi hesablayıblar. Faktiki “Azadlıq” radiosu heç bir gəlir əldə etməyib, nə reklamı, nə də başqa yerdən qazancı var, daxil olan bütün məbləğlər də radionun baş ofisindən gələn pullardır, heç bir mənfəətdən söhbət gedə bilməz. “Azadlıq” radiosu mənfəət vergisinin ödəyicisi olmadığına görə bu akt qanunsuz və əsassızdır.

Bu azmış kimi daxil olan bütün pullara mənfəət hesablayıblar. Özləri də bilir və bunu təsdiqləyən sənədlər də təqdim olunub ki, daxil olan məbləğin əsas hissəsi əmək haqlarına gedib, müəyyən hissəsi avadanlıq alınmasına, ofis icarəsinə xərclənib. Heç olmasa bunları çıxıb qalanına mənfəət vergisi hesablasaydılar, yenə anlamaq olardı. “Bəzi xərclənən mənbələr məlum deyil” yazıb məbləğin hamısına mənfəət vergisi hesablamaq gülüncdür”.

Azərbaycan neftinin dəyəri 51 dollara yaxınlaşdı

30.06.2016

neft 1Dünya birjalarında neftin qiyməti artıb. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 1,13 dollar bahalaşaraq 49,34 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,20 dollar artaraq 50,02 dollar olub.

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli iyunun 30-da 2,40 dollar bahalaşaraq 50,98 dollara satılır. Bu, Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulandan 25 dollar 98 sent yuxarı qiymətdir. Büdcədə xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülüb.

Transparency.az bildirir ki, “AzəriLayt” markalı neftin bir barreli 2015-ci ilin eyni dövrü ilə müqayisədə 12 dollar, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 54 dollar ucuzdur.

ATƏT sədri separatçıların başçısı ilə görüşüb

30.06.2016

yerevan gorushu 1
Ermənistana səfər edən ATƏT sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer iyunun 30-u Yerevanda Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyanla görüşüb. Novator.az-ın məlumatına görə, görüşdə Qarabağ münaqişəsinin dinc yolla həlli məsələsi müzakirə olunub. Bako Saakyan deyib ki, Dağlıq Qarabağ hakimiyyəti münaqişənin dinc yolla həllinə tərəfdardır və danışıqlarda tərəf kim iştirak etmək istəyir. O, cəbhə xəttində atəşkəsin pozulması hallarının araşdırılması mexanizminin tətbiqinin zəruri olduğunu vurğulayıb.

İyunun 29-da Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla bir araya gələn Frank-Valter Ştaynmayer görüşdən sonra keçirilən brifinqdə Dağlıq Qarabağ cəbhəsindəki aprel döyüşlərinə toxunaraq deyib: “Hərbi əməliyyatlar nəticəsində hər iki tərəf itkilər verdi. Hamımıza, həm münaqişə tərəflərinə, həm də ATƏT-ə aydın oldu ki, Dağlıq Qarabağ məsələsində indiki durumu uzun müddət saxlamaq mümkün deyil. Münaqişə uzandıqca hərbi gərginliyin alovlanması riski də artır”.

Edvard Nalbandyan isə jurnalistlərə deyib ki, Ermənistan heç vaxt Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtariyyət olması məsələsini müzakirə etməyəcək. O, Dağlıq Qarabağın yekun statusunun bu bölgənin əhalisinin rəyi əsasında müəyyənləşməli olduğunu vurğulayıb.

Həmin gün Frank-Valter Ştaynmayer Ermənistan prezidenti Serj Sərkisyanla da görüşərək Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

Ermənistan Silahlı Qüvvələri 23 ildir Azərbaycanın bütün cənub-qərbini işğal altında saxlayır. 1988-1992-ci illərdə Dağlıq Qarabağ bölgəsi və Laçın rayonu, 1993-cü ildə Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları işğal edilib.

1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir. ATƏT-in Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (hər üçü həmsədr), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.

2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəklikləri və strateji əhəmiyyətli əraziləri işğaldan azad edib. Ümumilikdə 2000 hektardan artıq ərazinin azad edildiyi və daha çox ərazinin əməliyyat baxımından nəzarət altına keçdiyi bildirilir.

Rusiya vətəndaşı, çeçen, İŞİD üzvü – terrorçulardan birinin kimliyi bəlli olub

30.06.2016

ataturk havalimani 1
İyunun 28-i İstanbul şəhərinin Atatürk hava limanında terror aktı törədənlərdən birinin kimliyi məlum olub. Türkiyənin “Hürriyyet” qəzeti yazır ki, həmin şəxs Rusiya vətəndaşı, çeçen Osman Vadinovdur. Onun İŞİD üzvü olduğu bildirilir.

Qəzetin yazdığına görə, hadisəni 3 terrorçu törədib. Onlar iyunun 28-i axşam saat 9 radələrində İstanbulun Fateh Vətən küçəsində Mahmud Bağışa məxsus taksiyə miniblər. İstanbul polisi həmin vaxt küçədəki təhlükəsizlik kamerasının terrorçuları qeydə aldığını üzə çıxarıb.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə