TəHMİNƏ VƏ zaur və ya. BeşMƏRTƏBƏLİ evin altinci məRTƏBƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə9/27
tarix28.11.2023
ölçüsü0,86 Mb.
#135189
1   ...   5   6   7   8   9   10   11   12   ...   27
Anar - Təhminə və Zaur @kitabchi

Yeddinci fəsil
Yar ilə əğyarı həmdəm görməyə olsaydı səbr
Tərki-qürbət eyləyib əzmi-yar etməzmidim?!
Axşam doqquzda Şabalovkaya gəldi, telestudiyanın qarşısında var-gəl eləməyə
başladı. Studiyanın çöl qapılarından içəri elə hey adam girib-çıxırdı. Zaur da bir
on beş dəqiqə bayırda gözləyib içəri girdi. İçəri foyedə də adam çox idi, dəmir
məhəccərin yanında milis durmuşdu və foyenin o biri tərəfinə keçənlərin
buraxılış vərəqələrini yoxlayırdı. Zaurun, təbii ki, buraxılış vərəqi yox idi, odur
ki, foyenin o biri tərəfində qaldı... Foyenin bu tərəfi tüstü içində idi və hətta
divardakı lövhədə də göstərilirdi ki, papiros çəkmək yeri məhz elə buradır.
Lövhənin altında, döşəmənin üstündə dairəvi sink qutu qoyulmuşdu, belə
qutularda lent saxlayırdılar, indi isə həmin qutunun yarısı külqabı olmuşdu,
papiros, siqaret kötükləri ilə dolu idi. Arabir bu qutunun yanına gəlirdilər,
acgözlüklə bir-iki dərin qullab vururdular və siqareti — divara basıb (divar kül
ləkələrindən qapqara idi) qutuya atırdılar... Qara cemperli qız çiyninə palto
ataraq küçəyə çıxdı, kimisə harayladı, geri qayıtdı... Başqa bir eynəkli qız
telefonla harasa zəng eləməyə cəhd edirdi. Qara cemperli qız növbətçi milisə
yanaşaraq kağız verdi ona: – Вот, пожалуйста, список актеров, они сейчас
пройдут, – dedi.
Sallaqbığlı oğlan foyeyə çıxdı və bayırdan gəlmiş meşin pencəkli, özü kimi
sallaq bığlı başqa bir gənci görüb:
— Привет, старина, — dedi, — угости сигаретой. Какие у тебя?
— Бете. Ну как тебе?
— Что?


— Ну, старик, грандиозно. Я очумел, старик, сцена в тунеле — этой
обалдеть можно.
— Да, конечно, старик... Но все же знаещь, по-моему, Феллини от барокко
пришел к рококо...
Nədənsə bu cümlə Zaura xüsusi ləzzət verdi, pıqqıldayıb gülməkdən özünü
güclə saxladı... Eynəkli qız axır ki, niyyətinə çatdı, telefonda istədiyi adamın
səsini eşidib:
— Ир, это я Юлька, — dedi. — Битый час торчу здесь не могу до тебя
дозвониться.
Təhminə foyenin o başından gəlirdi, uzun paltar geymişdi, yanında da iki kişi və
uzun, sarışın bir qadın vardı. Zaura tanış gəlirdi bu qadın və az sonra yadına
düşdü ki, onu ekrandan tanıyır – Moskva televizorunun diktoru idi. Kişilərdən
biri də, görünür, moskvalı idi, o biri isə... Zaur, heç vaxt görməmişdi bu adamı,
amma dərhal tanıdı, — kim olduğunu təyin elədi. Şübhəsiz, həmin televiziya
rejissoru, adı Təhminənin dilindən düşməyən Muxtar Məhərrəmov bu idi.
Muxtar çox da yaşlı adam deyildi, amma başı ağarmışdı, birçəkləri tamam ağ idi,
başında da ağ tüklər qaradan çox idi. Dolu bədəni bir az lırt təsir bağışlayırdı, bu
təəssüratı qırış zamşa pencəyi, əzik köynəyi və səliqəsiz bağlanmış qalstuku da
artırırdı, bu adam, deyəsən üst-başına heç fikir verən deyildi. Ağıllı və kədərli
gözləri vardı. Muxtarın sifəti yorğun idi. Həm də bu yorğunluq bir gərgin günün,
bir yuxusuz gecənin əzginliyi deyildi, illərin yorğunluğu idi. Bu yorğunluqda
həyatdan bezarlıq da olmasa, hər halda, dünyanın hər üzünə bələdçilikdən
doğmuş bir pərişanlıq vardı, bu adam elə bil yaşının illərindən qat-qat artıq
yaşamışdı dünyada və hər şeyi də bilirdi insanlar haqqında.
Görünür, Muxtar Məhərrəmov elə sayaq adam idi ki, dünyada heç bir şərtlə
təəccübləndirmək olmazdı onu. Belə adamlar bədbəxtlikdən heç nəyə ürəkdən
sevinə bilmirsə, xoşbəxtlikdən heç nəyə də dərindən kədərlənmirlər... Qəribədir,
adamların başları da müxtəlif cür ağarır: bəzilərinin başı ağappaq qar kimi
ağarır, bəzilərininki elə bil kif atır... Muxtarın çallığı kül rəngində idi, amma elə
bil yalnız saçları yox, sifəti də kül rəngində idi, alnında və dodaqlarının ətrafında
dərin qırışlar, gözlərinin altında qara həlqələr vardı və Muxtar içində boğulmuş
adam təsiri bağışlayırdı. Bircə dişləri ağappaq idi və Muxtar güləndə nazik qara
bığlarının altından ağaran dişləri sifətinə xoş bir ifadə verirdi...
Təhminə Zauru görüb əl elədi, amma gəlmədi ona tərəf, dayanıb dostlarıyla


danışırdı... Söhbətləri nə isə uzanırdı, amma Zaur səbirlə gözləyirdi, bilirdi ki,
indicə Təhminə onlarla görüşüb ayrılacaq, Zaurun yanına gələcək və onlar yenə
də dünənki kimi Moskva küçələrini elədən-belə ölçəcəklər... Yenə də cürbəcür
adamlar foyeyə girib-çıxır, vəsiqələrini göstərirdilər, yenə də ayrı-ayrı cümlə
qırıqları, ayrı-ayrı sözlər dəyirdi Zaurun qulaqlarına: “trakt, monitor, Xutsiev,
Xesin, Fellini...”
Nəhayət, Təhminə dostlarıyla vidalaşmağa başladı, əvvəlcə əlini kişiyə uzatdı,
kişi Təhminənin əlindən öpdü, sonra qadın diktorla qucaqlaşıb öpüşdülər, sonra
isə hər ikisinə bir daha əl eləyib çıxışa tərəf addımladı. Muxtar da moskvalılarla
görüşüb Təhminənin yanınca gəlirdi. Zaur heç bu variantı ağlına gətirməmişdi...
Təhminə:
— Tanış olun, — dedi. — Zaur — Muxtar... Hər ikinizə bir-biriniz haqqında o
qədər danışmışam ki, elə tanış kimisiniz.
Muxtar:
— Çox şadam, — dedi və əlini uzatdı.
Zaur da əlini uzadıb nəzakətlə:
— Mən də şadam, — dedi.
Təhminə:
— Gedək, — dedi və onlar küçəyə çıxdıqda hər ikisinin qoluna girdi.
— Yolumuz hayanadır, hara gedirik indi? — Təhminə heç birinə müraciət
eləmirdi, amma birinci Muxtar cav-ab verdi:
— Sənin kefin hara istəsə...
Təhminə:
— Bilirsən nə var, Zaur, — dedi, Zaur öz-özünə qeyd elədi ki, Muxtarın yanında
ona “Zaurik” yox, Zaur deyir. — Muxtarın başına gözəl bir fikir gəlib, bizi
yeməyə dəvət eləmək istəyir. Məncə, dahiyanə fikirdir bu, sən necə bilirsən?
Zaur tutulmuşdu, axı ona elə gəlirdi ki, bu axşam da ikisi olacaqlar, dünənkitək...
Amma budur, bax bu Muxtardır-nədir, hardansa çıxdı ortalığa və Təhminə də
indi onun adından dəvət eləyir Zauru şam yeməyinə. Belə görünür ki, Muxtarın


hesabına... Özü niyə dinmir bəs?
Muxtar:
— Zaur, — dedi, — əgər axşam elə vacib işiniz yoxdursa, gedib bir yerdə
oturmaq pis olmazdı məncə, hə?
“Gör bir məsələni necə qoyur? Vacib işiniz yoxsa... Burda mənim Təhminədən
başqa nə vacib işim ola bilər?! Yəni məgər bilmir bizim Təhminəylə
münasibətlərimizi?! Təhminə qandırmayıb onu?!” Pis bir fikir gəldi Zaurun
başına: “Bəlkə elə mən özüm də Təhminəylə həmin bu Muxtarın əsl
münasibətlərindən bixəbərəm... Bu nə söhbətdir belə: “vacib işiniz yoxsa...”.
Tutalım ki, mənim vacib işim olsaydı, mən Təhminəni bununla qoyub
gedəcəkdim bəyəm...”. Amma qəribədir ki, Zaur Muxtara yox, Təhminəyə
əsəbiləşmişdi... bu ikibaşlı münasibətlər üçün əsəbiləşirdi... Bir istədi acıqcan
desin ki, hə, v-acib işim var, amma qorxdu ki, onu saxlayan olmasın, elə
Təhminə də o cümlədən, madam ki, vacib işin var, xoş gəldin...
Zaur:
— Yox, bir elə işim yoxdur, — dedi.
Muxtar:
— Lap yaxşı, — dedi. — Onda kino evinə gedək.
Taksi saxladılar – Muxtar qabaqda oturdu, Zaurla Təhminə dalda. Muxtar ünvanı
dedi.
Gəlib çatdılar, Muxtar sürücünün haqqını verəndə də Zaur özünü birtəhər hiss
elədi, indi burada qabağa düşmək, “yox, mən verərəm” demək gülünc olardı axı,
yeməklərinin daha böyük xərcini Muxtar çəkəcəkdi. Eyni zamanda Muxtarın
hesabına taksiylə gəlmək, yemək də heç açmırdı Zauru: Şam yeməyinin hesabını
verməyə isə heç bir imkan yoxdur, cibində cəmi-cümlətanı onca manat pul
qalmışdı.
Taksidə gələrkən Zaur susmuşdu. Muxtarla Təhminə danışırdılar, verilişləri
haqqında, Moskva televiziyasının imkanları haqqında, onları bir neçə müddət də
sıx bağlamış olan ümumi işləri barədə söhbət edirdilər. Burada imkanlar,
doğrudan da tamam başqadır. Bakıda iki trakt məşqi olanda Allahımıza şükür
eləyirik, burada isə rejissor yeddi-səkkiz trakt ala bilir... Aparaturaları da necə


kamildir, — heç olmasa o sinxron videoyazı aparatının bircəciyi bizim studiyada
olaydı... Amma bütün bu söhbətlərin dibində bir qürur hissi də vardı: bunlara
baxmayaraq yaxşı bir veriliş hazırlaya, apara bilmişdilər. Hətta Təhminəyə
yarızarafat-yarıciddi burda qalıb işləməyi də təklif eləmişdilər. Muxtarı isə lap
çoxdan bura dəvət edirlər. Kino evinin qapısında- Muxtar — üzvlük biletini
göstərdi: – Bunlar da mənim qonaqlarımdır, – dedi və onlar içəri keçdilər. Elə
pilləkəndəcə Muxtar hansı tanışlarınasa rast gəldi, mehriban görüşdülər, şirin
söhbətə başladılar... Təhminə iri güzgünün qarşısına keçdi, saçlarını düzəldir,
dodaqlarını boyayırdı.
Zaur isə neyləyəcəyini bilmirdi, siqaret çəkmək istəyirdi, amma bilmirdi: məhz
burda siqaret çəkmək olar, ya yox... Elə bil onu tamam unutmuşdular. Muxtarın
təzə-təzə tanışları yanaşırdı ona, Təhminə isə güzgünün qabağında bərk məşğul
idi.
Foyedəki adamları Zaur ömründə birinci dəfə görürdü, amma çoxunun sifəti
yaman tanış gəlirdi. Ekrandan tanıyırdı onların sifətlərini. Məşhur, adı dillər
əzbəri olan aktyorlar deyildi bunlar, əlbəttə, hər halda çox filmlərdə çəkilmişdilər
və odur ki, sifətləri də yaddaşlarda həkk olunmuşdu. Zaur yadına sala bilmirdi
ki, bax bu müasir dəblə geyinmiş qadını hansı filmdə görüb, özü də sadə rus
kəndlisi geyimində... Bax bu dama-dama pencəkli oğlan isə hansı filmdəsə
alman zabitini oynayırdı...
— Nədir, Zaurik, darıxmırsan ki? — Təhminə ona yanaşdı və Zaur yenə də öz-
özüyçün qeyd elədi ki, Muxtar olmayanda Təhminə həmişəki kimi “Zaurik”
deyir. — Ya kino ulduzlarına tamaşa eləyirsən.
Zaur:
— Bəli, — dedi, — canlı Larionovanı gördüm indicə.
Təhminə də eyni zarafatcıl ədayla:
— Mən də canlı Tixonovu gördüm, — dedi.
— Dostlar, siz Allah bağışlayın, — Muxtar onlara tərəf gəldi, amma yenə də
hansı tanışınısa gördü, salamlaşdılar, qucaqlaşıb öpüşdülər.
Təhminə:
— Qəribə adamdır, — dedi. — Bax televiziyada da belədir. Hamı tanıyır onu,


özü də hamının ürəyi gedir onunçün, görən kimi bağırlarına basıb öpürlər... Niyə
belə qaşqabqlısan, Zaurik?!
Zaur:
— Yox, — dedi, — kefim lap kökdür. — Və birdən-birə lap səfehcəsinə soruşdu:
— Məni daha sevmirsən?
Təhminə güldü:
— Dəli, əlbəttə, sevirəm... Elə darıxırdım səninçün bütün günü ki... Bəs sən
neyləmisən bütün günü?
Zaur cavab verməyə macal tapmadı. Muxtar qayıdıb gəldi və Təhminə indi də
Muxtara müraciət elədi:
— Muxtar, o yelpincli qadın kimdir?
Muxtar qadının adını dedi.
— Bəs o cavan oğlan, yanındakı, əridir?
— Keçmiş əridir... Bax onlara qəhvə gətirən oğlan da indiki əridir... Yaxşı, gedək
restorana?
Restoran demək olar ki, tamamilə boş idi. Böyük salonda cəmi-cümlətanı üç-
dörd stolun ətrafında adamlar oturmuşdu. Stolların üstündə kiçik çıraqlar
yanırdı. Ayrı işıq yox idi restoranda, odur ki, salon ala-qaranlıq idi. Küncdə
pəncərənin yanında oturdular – sağda Təhminə, ortada Zaur, solda Muxtar.
Ofisiant məzəli şəkillər çəkilmiş menyunu gətirib qabaqlarına qoydu. Təhminə
oxumağa başladı, elə bil yeməklərin adından belə dadlı iy gəlirdi, Zaur hiss elədi
ki, möhkəmcə acıb – axı bütün günü dilinə bir şey vurmamışdı.
Təhminə:
— Heç özüm də bilmirəm nə istəyirəm, — deyə menyunu Muxtara ötürdü,
— sən seç...
Muxtar:
— Duru xörək yeyəcəyikmi? — deyə soruşdu.
Təhminə:


— Əlbəttə, yox, — dedi, — axşam-axşam nə duru xörəkbazlıqdır?! Mən toyuq
istəyirəm.
— Tabaka?
— Hə.
— Zaur, bəs siz?
Zaur çiynini çəkdi.
Muxtar:
— Şəxsən mən yaxşı bir tikə ət parçası yeyərdim, — dedi, ofisianta baxdı.
— Поджарку у вас также вкусно готовят, как прежде?
Ofisiant başıyla təsdiq elədi.
— Тогда давайте нам две поджарки, hə, Zaur?
— Aha.
Bir xeyli məzə də sifariş verdi Muxtar.
— Yaxşı, içməyə nə içəcəyik?
Təhminə:
— Nə bilim, siz nə içəcəksiniz ki?
Muxtar konyak sifariş verdi.
Ofisiant hər şeyi yazıb getdi... Sükut çökdü, sonra Muxtar:
— Fikir verdiniz, nə qəmli gözləri var? — dedi. — Ofisiantı deyirəm...
Zaur bu sözlərə təəccüb elədi, çünki o özü Muxtarın gözləri haqqında bayaq bu
cür düşünmüşdü.
Muxtar:
— Mən fikir vermişəm ki, ofisiantların, xüsusilə də yaşlı ofisiantların çoxunun
gözləri qəmli olur... Qəmli və ağıllı... Görünür, peşələriylə bağlıdır bu cəhət...
Ofisiant da Allah kimi qəmli və müdrik olur. — O gülümsündü.
Təhminə:


— Bəyəm sən Allah görübsən? — dedi. — Nə bilirsən ki, Allah müdrik və
qəmlidir?! Yaxşı, tutalım müdrikdir, bununla razılaşmaq olar birtəhər, bəs qəmli
niyə olsun ki, allah?
— Bircə səbəbdən... Elə ofisiantlar da o səbəbdən qəmlidirlər: Allah da,
ofisiantlar da insanlara yaxşı bələddirlər. Onların bütün zəif, naqis cəhətlərini
görürlər, buna görə də qəmlidirlər...
Zaur da bu sayaq, maraqlı bir şey demək istəyirdi. Muxtar, etiraz eləmək
istəyirdi, həm də elə bir tərzdə eləmək istəyirdi ki, həm ağıllı olsun, həm də
məzəli, amma elə bil bütün zehni qıc olub qalmışdı. Heç bir şey düşünməyə,
tapıb deməyə iqtidarı yox idi, sanki çuqun ağırlığı çökmüşdü bütün içinə, dili də
elə bil zəncirlə kilidlənib hərəkətsiz qalmışdı. Özünü çox naqolay hiss edirdi,
qorxurdu ki, birdən kobud səhv eləyər, çəngəlləri-bıçaqları qarışıq salar, ya
yöndəmsiz davranıb nəyisə salıb sındırar. Salfeti hara qoymağı da bilmirdi,
əllərinə də yer tapa bilmirdi elə bil. Ona elə gəlirdi ki, bu narahatlığını Təhminə
də, Muxtar da duyurdular, xüsusilə də Muxtar. Zaur görürdü ki, Muxtar
hərdənbir altdan-altdan ona göz qoyur, hərəkətlərini izləyir və Zaurun bütün
varlığını, içini rentgen cihazındaymış kimi, görür. Zauru bu cür gördüyü üçün də
ona bir qədər yüngül istehzayla baxır – yaşlı adam uşağa baxan kimi...
Ofisiant məzələri gətirdi, konyakı badələrə süzdü. Muxtar yeməkdən bircə tikə
də ağzına götürməmiş konyakı daddı, sağlıqsız-filansız bir qurtum içdi, sonra isə
uzun müddət badəni ovucları arasında sürtdü, elə bil isidirdi, sonra yenə də kiçik
bir qurtum aldı... Zaur da içmək istəyirdi, amma bilmirdi necə eləsin. Muxtar
kimi sağlıqsız-filansız, kiçik-kiçik qurtumlarlamı?..
Təhminə:
— Bir az salat ver, mənə, — dedi.
Zaur pis bir hisslə Muxtarın qonaq elədiyi məzələri Təhminənin boşqabına
qoyurdu. Sonra badəsini qaldırdı:
— Sənin sağlığına, Təhminə, — dedi.
Təhminə:
— Çox sağ ol, əzizim, — dedi və bir qurtum aldı.
Muxtar Təhminəyə baxıb gülümsündü və o da bir qurtum içdi. Sonra:


— Amma öz aramızdı, konyak doğrudan da əla konyakdır ha, — dedi.
Zaur da təsdiq elədi.
Muxtar qəfilcən Zaurdan soruşdu:
— Bəs siz nəylə məşğulsuz?
Zaur:
— Geoloqam, — dedi və bir qədər sükutdan sonra əlavə elədi. — Amma
nəşriyyatda işləyirəm... Təhminəylə bir yerdə işləyirdik...
— Elədir, hə, Təhminə deyirdi axı... Geoloq... Romantik sənətdir... Həmişə
dağda, daşda...
Zaur tutuldu – onun söyər yerinə toxunmuşdu Muxtar. Zaur həmişə xəcalət
çəkirdi ki, bütün kurslarından bircə o əsl peşəsiylə – geoloq peşəsiylə məşğul
olmur, nəşriyyatda geologiyaya aid kitabları redaktə edir. Nəşriyyata anasının
təkidiylə işə düzəlmişdi. Aspiranturaya daxil olmaq üçün staj lazım idi.
Doğrudur, heç aspiranturaya da girmədi, yenə də anasının təkidiylə sərbəst
mövzu götürdü, amma hər halda ikinci ildir ki, bu nəşriyyatda ilişib qalmışdı.
“Dağlar, meşələr...” Bilmirdi Muxtar qəsdənmi onun yaralı yerinə toxunmuşdu,
ya təsadüfən demişdi bu sözləri. Romantik sənət... Təhminə ki, hər halda Zaurun
bu zəif damarlarından agah idi, amma o da Muxtarın sözlərinin fərqinə varmadı
elə bil. Eybi yox, Zaur da borclu qalan deyil.
— Bəs siz nə sənət sahibisiniz? — deyə Muxtara müraciət elədi. Əlbəttə, onun
nə sənət sahibi olduğunu çox gözəl bilirdi, necə də bilməyə bilərdi ki, söhbətləri
bayaqdan məhz elə Muxtarın işi-peşəsiylə əlaqədar idi.
Muxtar qımışdı və zeytunu ağzına atıb:
— Mən televiziya rejissoruyam, — dedi, — amma mənim də əsl peşəm deyil
bu... Təhsilimə görə mən kino rejissoruyam. Vaxtilə Moskvada kino institutunu
qurtarmışam. Bu, uzun əhvalatdır...
Muxtar bunu elə tərzdə dedi ki, Zaur düşündü: “Deyəsən, mən də yaralı yerinə
toxunmuşam”, – məmnun oldu bundan, amma bu səfər Təhminə əlüstü söhbətə
qarışdı:
— İnstitutu qurtarandan sonra Muxtarı burada, “Mosfilm”də saxlayırlarmış... Elə


nahaq qalmayıbsan o vaxt... Qalsaydın, indi necə böyük film çəkmişdin.
Muxtar:
— Ay Təhminə, məgər iş filmin böyüklüyündə, kiçikliyindədir? — dedi. — Hər
şey daha qəlizdir həyatda. Həm də daha sadə... Həm qəliz, həm daha sadə,
— deyə bir daha təkrar elədi. — İnsan ömründə bir sərhəd var, görünməz yaş
sərhədi, — əlbəttə, sən də, Zaur da bu sərhəddən hələ çox uzaqsınız, amma mən
daha keçmişəm bu sərhədi, odur ki, danışa bilərəm bu barədə... Bu sərhədə
çatanacan hər şey qabaqdadır, ümidlərlə, arzularla, xəyallarla yaşayırsan — filan
şeyi eləyəcəyəm, filan iş filan olacaq. Elə ki bu sərhədi keçdin — istəyirsən lap
bizim o Şirəli baba kimi yüz əlli il yaşa — hər şey arxada qalmış olacaq, ancaq
xatirələr, həyata keçməmiş arzular barəsində, baş tutmamış niyyətlər haqqında
xatirələr, vəssalam.
Konyakdan bir qurtum aldı və Zaura baxdı:
— Bilirsiz, Zaur, lent, plyonka — böyük məsələdir. Lent qalır — böyük film
olsun, kiçik olsun, fərqi yoxdur — plyonkaya, lentə çəkibsən — kinofilm, ya
telefilm — qalacaq. Amma mənim peşəm kədərli peşədir. Televiziya verilişləri,
filmləri yox a, verilişləri rejissoru... Verilişi hazırladın, — efirə verdin, vəssalam,
şüttəmam, daha yoxdur o veriliş, heç bu qədər zəhmətin, əzab-əziyyətin elə bil
yerli-dibli olmayıb... Başa düşürsüz?
Zaurun yerinə Təhminə cavab verdi:
— Lap mənim kimi. Elan elədim, ekrandan getdim, izim-sorağım qalmır.
Muxtar:
— Bəli, — dedi, — doğrudan, kədərli işdir. Nə qədər əmək sərf eləyirsən, gecə-
gündüz bilmirsən, ağlında, qəlbində nə varsa hamısını tökürsən ortalığa,
əsəblərinin, sağlamlığının hesabına veriliş hazırlayırsan, bəzən həftələrlə, aylarla
ancaq bu barədə düşünürsən, bütün istedadını, — yaxşı, deyək ki, istedad böyük
sözdür, — qabiliyyətini deyək bacarığını-təcrübəni deyək — bir söz, varın-
yoxun nəyin varsa, qabında, necə deyərlər, nə varsa atırsan ortalığa, veriliş
hazırlayırsan, yarım saat, qırx dəqiqə, çoxu bir saat efirdə səslənir,
sonra... — siqaretindən bir qullab alıb dodaqlarını araladı, tüstü burula-burula
yuxarı qalxdı, — bax bu tüstü kimi uçub gedir hamısı, heç nə qalmır... Yox,
doğrudan, çox kədərli peşədir...


— Ofisiantların peşəsi kimi? — deyə Zaur ya-dına saldı.
Təhminə dərhal:
— Tək ofisiantların yox, həm də Allahın, — dedi.
Muxtar gülümsündü:
— Bəli, kədərimiz Allahınkı qədərdir, amma müdrikliyimiz yoxdur.
Təhminə:
— Muxtar, gəl bir yerdə bir film eləyək. Sən çək, mən də oynayım. Bilirsən necə
oynayaram... Sənin bütün məşhur aktrisalarından yaxşı. Hə, nə olar, gəl bir
təşəbbüs eləyək də... Ümumiyyətlə, gəl səninlə birgə bir iş görək də axır
ki. — Zaura Təhminənin bu cümləsi bir az ikibaşlı göründü.
— Mən ki sənə çoxdan bunu təklif edirəm. — Muxtar da beləcə ikibaşlı cavab
verdi.
Təhminə:
— Ciddi deyirəm, — dedi. — Yəni təkid eləsən, sənə film verməzlər çəkməyə?
Niyə baş qoşmursan bu işə axı? Heç olmasa mənimçün, mənim xətrimə... Baş
rolda çəkərsən məni?
Muxtar:
— Gecdir daha, — dedi. — Bu yaşda mən həyatımı dəyişməyəcəyəm ki?.. Elə
sənin də vaxtın keçib.
Təhminə:
— Utanmazın biri utanmaz, — dedi, — dilin necə gəlir mənə belə söz deməyə.
Ölürəm, kinoda çəkilmək istəyirəm. Heç olmasa nə isə qalsın bu dünyada
məndən bir gün yıxılıb öləndə... Özü də indi istəyirəm, çünki sonra, sən demiş,
doğrudan da, gec olacaq, vaxtı keçəcək. İstəyirəm ki, kino ulduzu olum,
şəkillərimi jurnallarda çap eləsinlər. Sevdiyim rəng? Mavi... Bəyəndiyim filmlər
— rejissor Muxtar Məhərrəmovun əsərləri... Hobbim? Nədir, doğrudan da,
mənim hobbim?
Muxtar:
— Bəzənib-düzənmək, — dedi.


Təhminə:
— Əh, siz kişilər heç nə başa düşmürsüz bu dünyada, — dedi. — Başa
düşmürsüz ki, gözəl qadın da milli dəyərdir, nadir ağaclar kimi, faydalı qazıntılar
kimi, tarixi abidələr kimi...
Muxtar:
— Təvazökarlığına söz ola bilməz, — dedi.
Təhminə:
— Nədir, deyəcəksən, gözəl deyiləm? Gözəlliyimi də danacaqsan yoxsa?
Muxtar:
— Yox, danmıram, — dedi. — Amma dəqiqləşdirmək istəyirəm. Sən doğrudan
da çox gözəl idin. Təkrar edirəm: idin...
Təhminə:
— Naxal, — dedi və barmaqlarıyla zarafatyana hədələdi Muxtarı, sonra Zaura
tərəf döndü. — Zaur, bəs sən nə ağzına su alıb durubsan, necə centlmensən,
müdafiə eləsən məni bu köntöy ədəbsizdən.
Amma Zaur ağzını açmamış Muxtar:
— Sənin cavabını verirdim, — dedi, — Muxtar Məhərrəmovun əsərləri
haqqında istehzana görə...
— Ay Muxtar, yəni zarafat-zad başa düşmürsən?
— Bəs sən? Sən zarafat başa düşmürsən? Heç mən sənin gözəlliyin haqda
keçmiş zamanda danışa bilərəm?
Zaur hiss eləyirdi ki, Muxtarla Təhminənin arasında gedən bu yarızarafat,
yarıciddi atışmanın dalında uzun illərin sıx münasibətləri, tanışlığı, dostluğu
durur, – bunlar hamısı bütöv bir aləmdir və Zaur bu aləmdən tamam bixəbərdir...
Ofisiant isti yeməkləri gətirdi, onlar yeməyə başladılar, arabir sağlıqsız-zadsız,
qurtum-qurtum konyakdan da içirdilər, içkinin xumarı yavaş-yavaş Zaurun
fikirlərini dumanlandırırdı və o sıxılır, özünü son dərəcə naqolay və artıq hiss
eləyirdi bu məclisdə, istər-istəməz özünü Muxtarla müqayisə eləyir və Muxtarın
hazırcavablığı, ülfətə-ünsiyyətə yatımlığı, hətta yumşaq kədəri müqabilində Zaur


özünü son dərəcə ağır, qılıqsız, hətta küt və bəsit adam kimi qavrayırdı... Yadına
salırdı Təhminənin dünənki sözlərin, gecə nəvazişlərini, düşünürdü ki, bütün
bunlar yalan deyilsə, onda Təhminə nəyə görə, axı nəyə görə Zauru sevir?
Təhminə kimi bir qadın hansı cəhətlərinə, hansı məziyyətlərinə görə Zaur kimi
bir adamı sevə bilər axı? Ancaq Zaurun zahiri görünüşünə, boy-buxununa, sir-
sifətinə, cavanlığına, gücünə görəmi? Əgər belədirsə, deməli, onları y-alnız
şəhvət bağlayır? Bəs onda Domodedovo meşəsində cəh-cəh vuran quşlar,
Moskva küçələrindəki dünənki şıltaqlıqları, əlaqələrindəki bütün poeziya –
bunlar necə olsun bəs, bütün bunlar da yalnız şəhvət oyunlarıyçün hazırlıq imiş
yoxsa?
Muxtar danışır, danışırdı. Zauru fikirlər aləminə, qəm dəryasına qərq eləmiş içki
Muxtarı əksinə nəşələndirmişdi, dil boğaza qoymurdu. İndi o öz peşəsini
yamanlamırdı, əksinə tərifləyirdi, deyirdi ki, dünyada heç bir başqa sənətə
dəyişməz onu, doğrudan da, deyirdi, məgər möcüzə deyilmi bu? Gecənin
tənhalığında tək bir adamın başına gələn fikirlər, sözlər əvvəlcə kağız üzərində
maddiləşir, sonra isə səhərisi gün onlarla, yüzlərlə adamın iştirakıyla sifətlərə,
rənglərə, səslərə, lövhələrə çevrilir, canlı həyatın bir parçası olur və bütün bu
həyatın nəbzi rejissorun ovcunun içindədir. Bu həyat ekran işığıyla minlərə,
milyonlara göstərilir, onların yaddaşına, zehninə həkk olunur. Nə olsun ki, ekran
sonra solub sönəcək, bütün sözlər, bütün sifətlər əriyib yoxa çıxacaq – bu
dünyada daimi nə var ki? Xoş bir yuxudan aldığımız təəssürat kimidir bu –
yaddaşımızda, qəlbimizdə qalır. Və xoş bir yuxudan, ya yaxşı bir verilişdən
yaddaşımızda qalan iz məgər həyatın başqa maddi ləzzətlərindən daha azmı zövq
verir insana? Muxtar niyyətlərindən, həyata keçməmiş arzularından danışırdı –
ayrı-ayrı səhnələr, parçalar, obraz-dağıntıları...
— İçərişəhər haqqında film çəkmək istərdim, — deyirdi. — İçərişəhərin evləri
yadınızdadır da... Bax, bütün hadisələr bu evlərdə, həyətlərdə, o dar küçələrdə
gedərdi, filanda isə — filanını elə aydın görürəm ki, filmin, tez-tez yuxuma
girirlər bu kadrlar — finalda İçərişəhər evlərinin damlarını göstərdim və
damlardan birinin üstünə zil qara paltarlı gənc gözəl bir qız paltar sərərdi... İpin
üstündə ağlar, mələfələr, balış üzləri asılıb. Hamısı da ağappaq, meh onları
yellədir və qara paltarlı qız da bu ağ parçaların arasında görünüb itir, göy üzü
açıqdır, uzaqda da gömgöy dəniz... bu bir növ rəqsdir — ağ parçaların, qara
paltarlı qızın, küləyin rəqsi... Amma eyni zamanda kəndirdəki ağlar elə bil
yelkəndir və bu evlər də yelkənli qayıqlardır, uzaqdakı mavi dənizin içində
üzürlər... Başa düşürsüz, kameranı elə nöqtədə qoyardım ki, evlərin damı gəmi


göyərtəsinə oxşardı və ağlar da yelkən kimi dənizin fonunda görünərdi — həm
plastik obrazdır bu, həm də rəmzi... Biz çox vaxt yelkənləri döşəküzünə
çeviririk, amma mən döşəküzülərini yelkənə çevirmək istəyirəm. Amma bu
rəmzin başqa mənası da var. Damların üstündə y-ellənən ağlar — həm də təslim
bayraqlarıdır... İçərişəhərin köhnə evləri müasir buldozerlərə müqavimət göstərə
bilmirlər, onlar dağılmağa, sökülməyə məhkumdurlar və təslim bayrağı kimi
damların üstündə mələfələri, döşəküzülərini qaldırırlar... Kiminsə şeri vardı bu
məzmunda... “Ağ döşəküzüləri yelkənlərdir...”, ya “uzaq cənub dənizlərinə kölgə
düşür bu yelkənlərdən...” — xatirimdə deyil.
Təhminə birdən Muxtarın uzun monoloqunu kəsdi:
— Gəl sənin sağlığına içək, Muxtar, — dedi. — Zaura çox danışmışam sənin
barəndə. Zaur da mənimçün əziz adamdır.
Zaur: “Zaur da” – deyə ürəyində təkrar elədi.
— Odur ki, deyirəm, Zaurik, — “Zaurik” — Muxtarın sağlığına qaldıraq bu
qədəhi. Muxtar əsl dostdur, elə dostdur ki, ən çətin dəqiqədə, ən pis vəziyyətində
ondan kömək uma bilərsən və o da əlindən gələni əsirgəməz. Heç vaxt da
boynuna minnət-zad qoymaz ki, bəs filan-peşməkan... ya görürsən bir təmənnası
olsun ... bir söz...
— Bir söz, boşla bu söhbətləri, — deyə Muxtar onun sözünü kəsdi. — Lap bal-
bəkməz oldu... Nə bilirsən təmənnasızam, ya yox, bəlkə ürəyimdə mənim də
təmənnam var. Uzun sözün qısası — gəlin, elə-belə içək, vəssalam, sağ olun.
Təhminə sərxoş inadıyla:
— Yox, — dedi, — mən bir kəlmə də demək istəyirəm, xahiş edirəm sözümü
kəsməyəsən... Mən demək istəyirəm ki, dostlar da cürbəcür olur. Elə dostlar var
ki, yaxşı günün dostudur, ancaq yaxşı günündə sənin böyründə hərlənir, — üç
qara qəpikdir qiyməti belə dostun. Elə dost var ki, yaman günün dostudur, bax
belə dostu adam gərək çox yüksək qiymətləndirsin. Amma əgər həmin bu yaman
günün dostu, ancaq yaman gündə sənin imdadına çatırsa, amma yaxşı günündə
səndən gen gəzirsə, bu da məncə birtərəfli dostluqdur e. Adamın ürəyi darıxar bu
cür dostluqdan, sən otur gözlə ki, mənim pis günüm haçan gələcək, onda öz
dostluğunu sübut elə... Yox, bu da yarımçıq dostluqdur bir növ. Amma bir başqa
cür dostluq da var, məncə, əsl dostluq da elə budur... Yaman günündə səni tək
qoymaz belə dost, amma yaxşı günündə də yaxasını qırağa çəkməz. Sənin


dərdivə də şərikdir, sevincin onun sevincidir, dayan görüm, tamam çaşdım ki...
deyəsən, çox içmişəm... Nə isə... sənin sağlığına, Muxtar!
İçdilər, sonra Muxtar durub getdi və Təhminə:
— Bilirsən necə insan adamdır, — dedi. — Sənətkarlığına da söz ola
bilməz, — Allah vergisidir də...
Zaur düşündü ki, bu Allah zalım mənə niyə bir şey verməyib, görəsən...
— Zaurik, nədirsə, elə bil pərişan dəyirsən bu gün gözümə? Nə olub?
Zaur:
— Qəribədir, — dedi, — mən fikir vermişəm ki, Muxtarın yanında sən mənə
“Zaur” deyirsən. Muxtar olmayanda “Zaurik”.
Təhminə şaqqanaq çəkdi:
— Ay Allah, əcəb ağılsızsan, — dedi.
— Biz hardan ağıllı olaq? Ağıllı Allahdır, ofisiantlardır, bir də rejissorlar.
— Lap zəhər tuluğusanmış ki sən, Zaur... Nədir, yəni məni qısqanırsan, kimə,
Muxtara? Ay-hay! İstəyirsə, lap bax Muxtarın yanında səni qucaqlayıb öpüm,
Zaurik yox, lap elə “Zaurcığaz” deyim sənə, istəyirsən?
Zaur:
— İstəyirəm, — dedi. — Gəl bircə burdan çıxaq gedək.
Muxtar:
— Знакометсь, — dedi, onunla bir kişi və bir qadın da yanaşmışdı stola. Muxtar
Zauru və Təhminəni rusca onlara təqdim elədi, sonra dedi ki, gələnlərin adı Saşa
və Lenadır. Onu da əlavə elədi ki, əlbəttə, Lenanı və Saşanı təqdim eləməyə
ehtiyac yoxdur, onları kim tanımır ki, — bu ər-arvad çox məşhur kino aktyorları
idi.
Muxtar Saşayla Lenanı da stollarının başına dəvət elədi.
Ər-arvad ikisi də artıq möhkəm dəm idilər və Saşa oturarkən az qaldı stuldan
yıxılsın.
— Пардон, — dedi, — очень рад... Sonra: — Madam, — deyə Təhminəyə


müraciət elədi, — вы не возражаете если я сяду рядом с вами?
Təhminə etiraz eləmədi və Saşa ondan soruşdu ki, siz də aktrisanızmı? Təhminə
dedi ki, xeyr, mən televiziya diktoruyam.
Lena:
— Ах да, я же видела вас по телевизору, — dedi, позавчера это было.
Saşa Təhminədən xəbər aldı ki, bəs nə əcəb siz aktrisa deyilsiz, Təhminə də
cavab verdi ki, bu barədə rejissorlardan soruşmaq lazımdır, məsələn, elə
Muxtardan.
Muxtar da dedi ki, icazə verin əvvəl mən özüm soruşum ki, nə içəcəksiz.
Saşa:
— Да теперь все один хрен, — dedi. — Ну давай водки...
— А вы Лена?
— Мне тоже все равно, водка, так водка...
Sonra Lena Zaurdan soruşdu ki, adı nədir:
— Zaur.
— Заур! Красивое степное имя! А как зовут меня?
Zaur cavab verdi ki, özünüz daha yaxşı bilərsiz.
— О, не будьте грубым, человек со степным име-нем, — dedi Lena, — вы
же должны знать точно: Ле-на...
Araq gətirdilər, Muxtar qonaqların qədəhlərinə süzdü.
Saşa:
— Вы пьете коньяк, а мы водку, — dedi. — Какаята анархия получается у
нас за столом.
Muxtar:
— Нет, у нас за столом не анархия, а монархия, — dedi, — посколько есть
королева. И даже две королевы.


Lena:
— Вот это я понимаю — восточная галантность, — dedi.
Saşa dedi ki, gəlin onda içək gözəl şərq qadınlarının sağlığına. İçək onların
sağlığına ki, parancanı çıxarıb atıblar və konyak içirlər, sonra Təhminədən
soruşdu ki, Təhminə paranca taxıbmı?
Təhminə cavab verdi ki, bizlərdə, ümumiyyətlə, heç vaxt, heç kəs parancanın nə
olduğunu bilməyib.
Muxtar dedi ki, bizdə çadra olub, bu isə başqa şeydir.
Lena dedi ki, mən bilirəm, paranca Özbəkistanda olub. Sonra əlavə elədi ki,
bildir Daşkənd festivalının iştirakçısıydım, Daşkənddə plov bişirirlər.
Zaur dedi ki, bizim plovumuz daha ləzzətlidir. Zaur söhbətə ona görə qarışdı ki,
susması diqqəti cəlb eləməsin, amma Saşa dərhal bunu tutdu və bərkdən:
— Браво, браво, сфинск заговорил, — dedi. — Вы молчали долго и
загадочно и наконец решили раскрыть уста, чтобы зашитить честь
национольной кухни.
Lena onun sözünü kəsib:
— Ну, хорошо, — dedi, — не... — və qəliz bir söyüş əlavə elədi.
Təhminə özünü o yerə qoydu ki, guya eşitmədi. Zaur qıpqırmızı qızardı. Muxtar
isə mülayimliklə Lenadan xahiş elədi ki, söyüş söyməsin, bizlərdə adət belədir
ki, qadının yanında söyüş söyməzlər.
Saşa dedi ki, onda yaşasın günəşli Azərbaycan Respublikası və arvadına
müraciətlə əlavə etdi:
— У них насчет этого знаешь как строго, чуть что, если честь, задета, сразу
пырнут ножом в сердце или пулю в лоб.
Sonra Zauru göstərib əlavə elədi ki, görürsənmi, bu xanımın, yəni Təhminənin
yanında necə mühafizəçi var.
Muxtar dedi ki, Saşa, məncə, sən Bakıda olubsan və sağ-salamat qayıdıbsan
ordan, nə bıçaqlayan olub səni, nə gülləylə yaralayan.
Saşa:


— Да, потому что я был там ниже травы, тише воды, — dedi.
Muxtar:
— Ну насчет воды ты излишне скромничаещь, — dedi, — по-моему ты там
пил все, что угодно только не воду.
— Да, старик, я действительно пробыл там три дня не просыхая, — dedi.
Bakıda olmasından danışdı, dedi ki, təyyarədən düşəndə məni sizin kinonun
rəhbər işçiləri qarşıladılar, sonra harasa getdik, haradasa görüş idi, nəydi, daha
sonrası yadıma gəlmir, bir onu bilirəm ki, üç gündən sonra kimsə gətirib məni
basdı Moskva təyyarəsinə... Ayrı heç nə yadına gəlmirdi Saşanın. Qədəhini
qaldırıb:
— Ну, хорошо, вздрогнули, — dedi, sonra yenə Təh minəyə baxıb dedi ki,
bilmirəm bu Azərbaycan rejissorlarının gözü hardadır, belə bir dünya gözəlini
məgər kinoda çəkməmək olar heç?
Təhminə dedi ki, onla çəkmir, siz çəkin. Saşa dedi ki, məmnuniyyətlə və
Təhminənin ünvanını, telefonunu istədi. Təhminə ünvanını və telefonunu
vermədi, amma dedi ki, istəsəniz, məni Muxtarın vasitəsilə tapmaq olar.
Saşa:
— Он что, ваш любовник этот чертов, персюк? — dedi.
Təhminə quru tərzdə:
— Нет, — dedi.
— А кто ваш любовник?
Təhminə:
— А у меня нет любовника, — dedi. — У меня есть муж.
— А кто ваш муж?
Ani bir tərəddüddən sonra Təhminə Zauru göstərdi...
Sonralar Zaurla Təhminə mübahisə edirdilər: Təhminə belə deyəndə kim daha
artıq quruyub qaldı – Zaur özü, ya Muxtar... Sonralar Təhminə Zauru başa
salırdı: elə dedim ki, Saşa birdəfəlik əl çəksin məndən.


Doğrudan da, Saşa elə bil ayıldı, dərhal ahəngini dəyişdi. Zaura baxıb dedi ki,
ancaq xahiş edirəm mənim qol-qabırğamı sındırmayasız, yüz faiz inanıram ki,
bunu əla bacarırsız, amma mən, ümumiyyətlə, arvadbaz deyiləm, mən
alkoqolikəm, lazım gəlsə, arvadım da bunu təsdiq eləyə bilər.
— А пошел ты... — Lena ərini müəyyən ünvana göndərmək istəyirdi ki, birdən
Muxtarın sözləri yadına düşdü, əllərilə ağzını tutub, üzr istədi.
Saşa Muxtara müraciətlə:
— Старикан, а давненко мы с тобой не пили, — dedi, vaxtilə kursunda bir
oxuduqları institutun dekanı Pal Palıçı yada saldı, soruşdu ki, Muxtarın
yadındadırmı Pal Palıç?
Muxtar cavab verdi ki, əlbəttə, yadındadır. Saşa da dedi, bəs Muxtar bilirmi ki,
ölüb yazıq Pal Palıç. Muxtar cavab verdi ki, şübhəsiz bilir və hətta başsağlığı
teleqramı da göndərib.
Saşa dedi ki, mən isə heç teleqram da vura bilmədim. Kannda idim, filmimizin
premyerasında, qayıdanda bildim.
Təhminə soruşdu ki, Kann xoşuna gəlibmi Saşanın.
Saşa cavab verdi ki, üçüncü dəfədir Kann festivalında iştirak etdiyi və lap
zəhləsini töküb ora – qəbullar. Nə bilim, press-konferensiyalar, kokteyllər, amma
ağıllı-başlı içmək mümkün deyil... Amma bu səfər bəxti onda gətirdi ki, Fellinin
təzə filminə baxdı orda, hələ bizdə yoxdur bu film, Muxtara müraciətlə:
— Ну старик, — dedi — это обалдеть можно, скажу тебе.
Zaur qəfilcən:
— А по-моему, — dedi, — Феллини от барокко пришел к рококо...
Zaurun bu bəyanatı o qədər gözlənilməz oldu ki, hamının gözü kəlləsinə çıxdı,
hamı bir müddət matdım-matdım bir-birinin sifətinə baxdı, nəhayət, Saşa:
— Ну, ты выдаешь, старик, — dedi.
Təhminə də qəhqəhə çəkib Zaura “afərin” dedi.
Zaur isə kiçik qədəhini bir qırağa qoyub iri bir fujer götürdü, ləbələb konyak
tökdü və göz qırpımında başına çəkdi. İçəndən sonra dedi ki, onun fikrincə,


dünyada ən yaxşı film “Tarzan”dır.
İstəyirdi ki, onun geriliyinə, primitiv zövqünə gülsünlər, amma əksinə, Lena
Zaurun fikrinə qahmar çıxdı, dedi ki, tamamilə razıdır bu sözlə, Tarzan heç
olmasa sağlam kişidir... Sonra əlini Zaurun saçlarına çəkib:
— А вы сами похожи на Тарзана, — dedi, — такое же дикое первобытное
сушество с лесным именем...
Təhminə:
— Со степным — говорили вы, — dedi.
Lena da cavab verdi ki, meşə, düz, dağ söyməyəcəyinə and içdi... Sonra Lena da
Bakıya gəlməsindən danışdı, kinostudiyada balaca bir rolda çəkilmiş, orada
maraqlı bir adamla da tanış olub, rejissordur, bəlkə tanıyarsınız. Adını xüsusi bir
səylə tələffüz elədi: Ağamehdi...
Muxtar dedi ki, tanıyır belə bir adamı.
Lena dedi ki, çox maraqlı məxluqdur. Lenaya nələr vəd eləmirmiş ki, həmişəlik
Bakıda qalsın.
Saşa Zaurdan xəbər aldı ki, siz də rejissorsunuz?
Zaur cavab verdi ki, xeyr, mən rejissor deyiləm, tufeyliyəm, çıxıb ata-anamın
boynunda oturmuşam.
Saşa sakit-sakit cavab verdi ki, bu da pis peşə deyil, həm də gör necə gərək
məharətin olsun ki, özün də valideynlərinin boynunda oturasan, hələ arvadını da
orada əyləşdirəsən.
Təhminə, məzəmmətlə başını buladı, yəni ki, niyə axı belə, Zaur?!
Zaur cavab verdi:
— Ona görə belə deyirəm ki, sizin bütün bu söhbətləriniz məni boğaza yığdı
daha, — Kann festivalı, Fellini, ağ yelkənlər, nə bilim, daha nə cəfəngiyat. Sonra
əlavə elədi: — Я самый обыкновенный, простой человек...
Lena:
— Ну, это уже скушно, — dedi, — какая-то демагогия пошла. Давайте
лучше выпьем.


Saşa:
— Искуство принадлежит народу, — dedi və Zaura müraciət elədi: — А
между прочим, представитель простого народа, где это вы достали такие
шикарные туфли, я их даже в Париже не мог купить? Посмотрика, Лен...
Hamı Zaurun çəkmələrinə baxdı. Zaur nə isə fikirləşib, dedi ki, satıram, özü də
qət təzədir... Saşa soruşdu ki, neçəyə, Zaur dedi ki, qırx manata, özüm almışam.
Məlum oldu ki, Saşayla ayaqlarının ölçüləri də eynidir – 42. Zaur gördü Saşanın,
deyəsən, doğrudan da meyli var, dedi, amma bircə şərtim var, sövdəmiz bax
burdaca, elə burdaca baş tutmalıdır. Mən öz ayaqqabılarımı sizə satıram, sizin
ayaqqabılarınızı özüm geyirəm, üstəlik də mənə qırx manat pul verirsiz... Saşa
fikirləşdi və dedi ki, razıyam.
Muxtar da, Təhminə də, hətta Lena da bilmirdilər, onlar zarafat edir, ya ciddi
danışırdılar, amma Zaurla Saşa artıq çəkmələrini dəyiş-düyüş eləmişdilər. Saşa:
— Лен, дай ему сорок рублей, — dedi.
— Да не чуди ты...
— Дай говорю. Туфли же блеск, это он по пьянке отдает, протрезвеет еще
передумает.
Lena, doğrudan da, çantasından qırx manat çıxardıb Zaura verdi və Muxtar dedi
ki, onda gəlin içək Saşanın təzə çəkmələrinin şərəfinə... Təhminə dedi ki, həm də
Zaurun təzə çəkmələrinin şərəfinə...
Zaur üzr istəyib, stolun arxasından durdu, ehmalca ofisiantı kənara çağırdı,
hesabı bilib pulunu verdi. Sonra qayıdıb öz yerində oturdu.
Saşa dedi ki, yaxşı, vaxtdır, hər şeyi yedilər, içdilər, qurtardılar, əntiqə çəkmə də
qazandı aralıqda, indi isə evə getmək lazımdır, işıqları da söndürdülər daha.
Hamı yerindən durdu:
Muxtar:
— Siz gedin, — dedi, — mən gəlib çataram sizə. — Zaur gedə-gedə yavaşca
çevrilib, Muxtarın ofisiantı çağırmasına ləzzətlə göz qoyurdu... Küçəyə çıxdılar.
Binanın qapısındakı — bir neçə maşını sahibləri işə salır, qızdırırdılar. Bir
maşından Lenayla Saşanı çağırdılar.


Saşa və Lena Təhminə və Zaurla görüşdülər, dedilər ki, qonşularıdır çağıran.
Aeroport metrosuna tərəf gedirlər, onsuz da yolları ayrılır. Muxtara da salam
desinlər, heyif ki, sabah Kiyevə getməlidirlər, bir də Moskvaya gələndə mütləq
zəng vursunlar, hökmən görüşmək lazımdır. Keçib maşına mindilər, pəncərədən
əl elədilər, maşın yola düşüb uzaqlaşdı...
— Ayıb deyilmi, — Zaur, — dedi. — Axı mən dəvət eləmişdim, siz niyə
veribsiz hesabı?
Zaur:
— Təzə çəkmələrimin şirnisini verdim, — dedi.
Təhminə:
— Nə? Deməli, sən... deyə sözə başladı və birdən hər şeyi başa düşdü,
— ağılsız...
Sonra sözünü yarımçıq kəsib, Zaurun boynuna atıldı, ayaqlarını da yerdən üzüb
havadan sallandı. Zaur da onu bağrına basıb o yan-bu yana hərləyirdi və elə bil
hər ikisi Muxtarın burada olduğunu unudaraq uşaq kimi şən gülüşürdü.
Muxtar:
— Metroya getmirsiniz? — dedi. “Siz” — yəni Təhminəylə Zaur.
Zaur:
— Yox, — dedi — Piyada getmək istəyirik.
Muxtar tələsik vidalaşıb getdi. Becid addımlarla metro stansiyasına tərəf gedirdi.
Zaur arxadan onun azacıq bükülmüş yorğun kürəyinə baxır və Muxtar haqqında
onun özünün tapdığı obrazlarla düşünürdü: qırışıb-əzilmiş yelkən, heç bir zaman
daha yelkən ola bilməyəcək ağ parça... yelkənliyi, qayıqları, uzaq cənub
dənizlərini isə ancaq yuxularında görə bilər... Özgə şəhərdə, qərib oteldə, tənha
nömrədə yatıb gördüyü yuxularda...

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə