TəHMİNƏ VƏ zaur və ya. BeşMƏRTƏBƏLİ evin altinci məRTƏBƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə10/27
tarix28.11.2023
ölçüsü0,86 Mb.
#135189
1   ...   6   7   8   9   10   11   12   13   ...   27
Anar - Təhminə və Zaur @kitabchi

Səkkizinci fəsil
Bu nə sirdir, sirri-eşqin demədən bir kimsəyə,


Şəhrə düşmüş mən səni sevdim deyən avazələr.
Telefonun dəstəyini Təhminə özü götürdü. Zaur:
— Xoş gördük. Xoş gəlibsən, — dedi.
Təhminə:
— Sağ ol, — dedi, səsində nə sevinc vardı, nə intizar. Elə bil Zaurla on dəqiqə
bundan qabaq ayrılmışdılar. Halbuki son görüşlərindən bir həftə keçmişdi, bu bir
həftə ərzində Zaur Moskvadan uçub Bakıya gəlmişdi, Təhminə üç gün də
Moskvada qalmışdı, sonra isə qatarla o da Bakıya yollanmışdı. Dünən gəlib
çıxmışdı Bakıya, bu gün isə Zaur ona avtomatdan zəng eləyirdi.
— Bəs dedin gələn kimi zəng vuracam? Dünəndən gəlibsən, zəng eləmirsən.
Təhminə:
— Nə bilim, vallah, — dedi, səsi soyuq idi. Küləkli boz bir payız günü idi, elə
bil Təhminənin səsinə də çökmüşdü bu günün soyuqluğu, tutqunluğu.
— Sevirsən məni?
Təhminə:
— Aha, — dedi, amma elə biganəliklə dedi ki, deməsəydi yaxşıydı.
— Haçan görüşək?
Bir az sükutdan sonra Təhminə:
— Mən özüm sənə zəng vuraram, — dedi. — İdarəyə...
— Haçan?
— Bilmirəm... baxarıq...
— Bu gün?
— Yox, bu gün yox, sabah, birisi gün də yox... bir neçə gündən sonra...
— Niyə axı?.. Nə olub ki, bəlkə bir hadisə baş verib hə?
— Yox, Zaur heç bir şey olmayıb. Amma işim var, bir məsələni həll eləməliyəm.


Səndən də xahiş edirəm, bu günlər zəng vurma mənə. Bir neçə gündən sonra, bir
həftədən sonra təxminən, özüm səni taparam, yaxşı?
Zaur həvəssiz:
— Yaxşı, — dedi. — Özün bil...
Zaur birdən-birə yenə də:
— Sevirsən məni? — deyə soruşdu.
Təhminə tələsik:
— Hə, hə, sevirəm, — dedi və Zaura elə gəldi ki, bu sözləri Zauru tez başından
eləmək üçün deyir. Bir də təkrar elədi. — Özüm sənə zəng vuraram. Hələlik.
Zaur da:
— Hələlik, — dedi və Təhminə dərhal dəstəyi asdı.
Telefondan kəsik siqnallar eşidilməyə başladı, du, du, du...
* * *
Günlər keçirdi, Zaur evdə də, işdə də, hər telefon zəngindən diksinir, dəstəyə
tərəf atılırdı, amma Təhminə zəng vurmurdu ki, vurmurdu.
Zaurun əsəbi vəziyyətini anası da duyurdu... və buna ayrı rəng verirdi... Zaurun
Moskva səfəriylə bağlı inadını, tərsliyini, höcətliyini görüb, Zivər xanım dərk
eləmişdi ki, hərbə-zorbayla oğluna təsir göstərə bilməyəcək, başqa yol seçmək
lazımdır – hər şeyi “pişim-pişim”lə həll eləmək gərəkdir. Zivər xanım indi
Təhminəni açıq yamanlamırdı, dolayı yollarla söhbət salıb, Zauru ona qarşı
doldurmaq istəyirdi. — Onu da bilirdi ki, sözü hərləyib-fırlayıb Təhminənin
üstünə gətirən kimi Zaur çəmkirib otaqdan çıxacaq, söhbəti uzatmağa
qoymayacaq, odur ki, Zivər xanım az sözlə çox şey demək məharətinə
yiyələnirdi: oğlu sözünü kəsib otaqdan çıxanacan bir cümləylə, bir məlumatla
onun qəlbinə şübhə toxumları səpməyə çalışırdı...
— Eşitmişəm, Moskvada sənin rəqibin də olub ki, — deyirdi. — Nədir o
televizor rejissoru, Muxtar Məhərrəmovdur, nədir... Bəs davanız düşmədi?
Məşədi İbad demişkən, qızın iki adaxlısı varmış ki...
— Bəsdir, qurtar, — deyə Zaur başını götürüb qaçırdı, amma gələn səfər anası


qəsdən televiziya verilişlərindən söz salırdı, guya ki, təsadüfən Muxtarın adın
çəkirdi, sonra isə: “sənin rəqibin” — deyə yenə işarə vururdu...
Başqa bir səfər anası:
— Hərənin öz yeri var da, — deyirdi, — ər ad üçün, adı olsun ki, ərdədir, ərli
arvaddır. Spartak geyindirib-kecindirmək üçün, Muxtar işdə qabağa çəkmək
üçün, sən... sən isə səfehqulu, elə-belə — gün keçirməkçün lazımsan ona. Ən
pisi səninkidir, bu gün səninlə gününü keçirdir, sabah başqasıyla...
Bəzən isə tamam qəribə mülahizələr uydururdu: “Bilirəm səndən niyə belə bərk
yapışıb, –deyirdi, — elə bilir ki, biz öləcəyik, bütün bu ev-eşik, bu var-dövlət
ona qalacaq... Ay hay... asta ye, boğazında qalmasın...”.
Bu lap gülməli fikir idi və Zaur əsəbiləşməkdənsə maraq göstərirdi:
— Başa düşə bilmirəm, sizin ev-eşiyiniz hardan ona düşə bilər axı?
— Bunu başa düşməyə nə var ki?.. Onun fikri budur ki, biz ölək, sənə ərə getsin,
bu ev-eşiyə sahib dursun... Asta ye, boğazında qalar...
Zaur bu sayaqlamanı müəyyən bir məntiqə bağlamaq istəyirdi:
— Axı öz ərinə nə gəlib...
— Külü qoyum elə ərin təpəsinə... Ondan boşanmağa nə var ki, bir stəkan su
içmək kimi asan işdir o cür arvadın əlində.
— Deməli, sənin məntiqindən belə çıxır: Təhminənin indi evi də var, əri də.
Ərindən boşanır, evindən əl çəkir ki, Allah eləməmiş siz öləndən sonra bizim evə
köçsün? Yəni buna səndən başqa bir inanan olar?
— Sən ələ sal, qoca anavı, atovu lağa qoy... Əlbəttə, Təhminə xanım yaxşı şey
öyrətməyəcək ki. Əlbəttə, könlündən keçir də... O qotur evlərini bizim bu cah-
calallı mənzilə kim dəyişməz, aralığa salıb ərini də dəyişər, — nə çətin imiş
onunçün bu... O ev-eşiyi ki, atanla mən iynəylə gor qaza-qaza illərlə düzəltmişik,
hazırına-nazir Təhminə xanım gəlib bütün bu var-dövlətə sahib durar. Ölmüşdü
deynən Zivər ki, sən onun nəslinin başında turp əkəsən... Vallah öləm, məni
basdıralar ha, onda da qəbrimin içindən, yerin yeddi qatından durub gəlib, öz
əllərimlə boğaram onu.
Anasının fantastik fərziyyələri gülməli gəlirdi Zaura, həm gülməli, həm də


ağlamalı, amma bir yandan ona sevinirdi ki, əgər fərziyyələri bu dərəcədə
həqiqətdən uzaq, boş-bekara gümanlardırsa, onda deməli, verdiyi bütün başqa
xəbərlər, topladığı bütün məlumatlar – o xəbərlər, o məlumatlar ki, onları qaşıq-
qaşıq zəhər kimi hər gün Zaurun içinə tökürdü – onlar hamısı da mənasız və puç
şayiələr imiş... Zivər xanım Moskvada Təhminəylə Muxtarın məhəbbət
macəralarından danışırdı və Zaur bilirdi ki, bütün bu söhbətlər boş
uydurmalardır, amma sonra fikirləşirdi ki, məgər Təhminənin Moskva səfərinin
bütün təfərrüatına, hər saatına, hər gününəmi bələddir? Əlbəttə, yox... – Bakıya
qatarla həmin o Muxtarla bir kupedə gəliblər”, Zaur bunun yalan olduğunu da
dəqiq bilirdi. Təhminə, Muxtar və televiziyada işləyən iki qız – dördü bir yerdə –
bir kupeyə bilet almışdılar, Zaurun yanında.
Amma bəlkə... Niyə, axı nəyə görə Təhminəylə olanda onun vəfasına, sözlərinin
həqiqiliyinə Zaurun şəkk-şübhəsi qalmır, amma elə ki üç gün-beş gün
görüşmədilər – “bütün şəhərin danışdığı” və anasının ona müfəssəl çatdırdığı
şayiələr Zaurun içini didib-tökür, beynini gəmirirdi... Domedodevo meşəsində
Təhminə: “bax indi, bu saat, bu dəqiqə biz xoşbəxtik və ən böyük həqiqət də
budur” – demişdi və Zaur da o zaman bunu həqiqət kimi qavramışdı, amma “bu
saat, bu dəqiqədən” başqa da vaxt axarı vardı axı. Bəs bu vaxtın, Təhminəylə
görüşmədiyi anların həqiqəti, Təhminənin onsuz, Zaursuz olduğu və kim bilir,
kimlə olduğu dəqiqələrin həqiqəti nədə idi? Bəlkə də bu dəqiqələr kiminçünsə
başqa birisiyçün ən böyük həqiqət idi, Təhminəylə başqa birisiyçün... Zauru
dəhşətə gətirən də elə bu fikir idi...
— Mən ölü, sən diri, — dedi Zivər xanım, — görəcəksən, ərindən boşanacaq o.
Öz planları var onun. Alya da deyir ki, televiziyaya keçib ki, o Muxtarı tovlayıb
yoldan çıxartsın, ərə getsin ona... Özü bilər e, öz işidir, kimə gedir getsin, bircə
səndən qəmişini çəksin.
Zaur: “bəlkə, doğrudan Da belədir, – deyə düşünürdü. Bəlkə, Təhminə seçirmiş:
“Zaur, ya Muxtar və axırı Muxtarı seçib... Vacib işi də elə budur. Buna görə də
“sən mənə zəng vurma, özüm zəng eləyəcəyəm” deyir və zəng eləmir...”.
On gün də keçdi və Zaur bu müddət ərzində Təhminənin ancaq bircə dəfə gördü
– televiziya ekranında...
* * *
Təhminə axır ki, qərara gəldi, dəstəyi götürdü və nömrəni yığdı.


Qadın səsi gəldi:
— Bəli... — Təhminə susmuşdu, qadın səsi bir də təkrar elədi:
— Eşidirəm...
Təhminə əlini uzatdı ki, dəstəyi assın, amma dayandı, nəfəsini dərdi və bilərək
ki, bu sözlərlə hər şey həmişəlik həll olunur, dedi:
— Manafı çağırın...
İndi də xəttin o biri ucunda sükut çökdü və bu zaman Təhminə səhərdən bəri öz-
özünə təkrar elədiyi cümləni dedi:
— Madam ki, mən bu nömrəylə zəng eləyirəm, deməli, Manafın sizdə olduğunu
bilirəm. Xahiş edirəm onu telefona çağırın.
Görünür, orada uzun zaman məşvərət apardılar, sonra addımlar eşidildi, sonra isə
Manafın səsi gəldi. Özünü tamamilə itirmiş, öz adından belə imtina etməyə hazır
olan yazıq bir insanın səsi.
— Bəli...
— Mənəm, Manaf, Təhminədir, — bir an qorxdu ki, hətta Manafın ürəyi gedə
bilər. Amma daha geriyə yol yox idi. — Manaf, indi başa düşdün ki, mənim hər
şeydən xəbərim var? Bilirəm ki, Tiflisdə deyilsən, Bakıdasan, harda olduğunu da
bilirəm, görürsən zəng elədim. — O, Zoyanın adını, familiyasını, dəqiq ünvanını
da demək istədi, amma fikirləşdi ki, bu artıqdır. — Özü də çoxdan
bilirəm, — yalnız bir bunu əlavə elədi.
Manaf udqundu...
Təhminə:
— Heç bir vaxt dava-dalaşa çıxmamışıq səninlə, indi də belə fikrim yoxdur.
Amma xahiş edirəm ki, yarım saatlığa evə gələsən, vacib bir məsələni həll
eləyək. Biz ayrılmalıyıq.
Bir kəlmə də dinib-danışmırdı Manaf və yalnız Təhminə: – Yarım saatlığa gələ
bilərsənmi? – deyə təkrarən soruşanda Manaf batmış bir səslə:
— Yaxşı, — dedi.
Təhminənin zənn elədiyi kimi iyirmi dəqiqədən sonra gəldi Manaf, sir-sifəti


meyit rəngində...
Əgər Manaf Təhminənin gözlərində bu qədər miskin və iyrənc olmasaydı, hətta
yazığı da gələrdi ona.
— Biz ayrılmalıyıq, Manaf, — dedi, — daha bu cür yaşamaq olmaz... Mənim bir
hakim tanışım var, tez ayırarlar bizi, əngəlsiz-filan...
Manaf yenə də susmuşdu, başını almış bu gözlənilməz bəlanın dəhşəti ona qara
bir yuxu kimi gəlirdi. Axı ömrünün dəqiq düşünülmüş və onun gümanıyla yaxşı
ört-basdır edilmiş bütün düzümü, sahman-səliqəsi altüst olurdu.
— Sənin Zoyayla, ya başqa qadınlarla əlaqən... Mən onların da adını bilirəm,
inan buna, bir söz, bütün bu xəyanətlərinin heç bir dəxli yoxdur... Sən çoxdandır,
neçə ildir ki, məni aldadırsan, amma görürsən ki, indiyəcən vecimə olmayıb bu.
Çünki səni sevmirəm, Manaf. Demirəm ki, haçansa sevmişəm, indi sevmirəm,
yox, heç vaxt sevməmişəm... Bilirəm, doğrudan da, belədir. Bizim evlənməyimiz
böyük səhv idi... Hər halda mənim həyatımın ən böyük səhvi idi...
Manaf onun dediklərini sanki heç dərk etmirdi, bayaqdan bəri. Təhminənin
zəngindən bəri fikirlərində dolaşan sual yalnız bu idi ki, görəsən, Təhminə
haradan öyrənib hər şeyi, kim deyib ona, necə təyin edə bilib hər şeyi belə
dürüst, telefon nömrəsinə — qədər, — bundan başqa daha nə bilir və ən əsas
məsələ – görəsən, hələ bir şey eləmək mümkündürmü, ailələrini, nikahlarını
saxlamaq mümkündürmü? Bəlkə yalvarıb-yaxarsın, ya əksinə, çığır-bağır salsın,
Təhminəni borclu çıxarsın? Yox, bunlardan heç biri bir nəticə görməyəcəksə,
onlar hökmən ayrılacaqlarsa, onda Manafın gələcək həyatı necə qurulacaq, elə
Zoyanın özüylə, ya başqalarıyla necə olacaq münasibətləri? İndi azad və sərbəst
olandan sonra daha gizlənməyə bilərmi, ya əksinə, daha artıq gizlənməlidir və
asudəlik onun qarşısına yüz cür təzə problem çıxaracaq?!
Mənzil Təhminənin atasından qalmışdı və Təhminənin adına idi, Təhminə:
— Səndən yeganə xahişim budur ki, — dedi, — hələlik bu evi təkotaqlı mənzilə
dəyişənə qədər sən Zoyagildə, ya kefin harda istəyir orda qal... Bu xahişimi
yerinə y-etirərsən?
Və ancaq bu zaman Manaf hər şeyi sonunacan, son nöqtəsinəcən başa düşdü,
başa düşdü ki, qətidir ayrılmaqları, heç bir şeylə qarşısıalınmazdır bu iş və birgə
ailə həyatıyla bağlı nə vardırsa, məsələn, bax elə bu mənzilləri – bir də heç vaxt,
heç vaxt olmayacaq...


Təhminə tamam yad bir adam olacaq Manafçün, daha bir də heç vaxt, heç vaxt
onlar bir divanın üstündə yan-yana oturub televizora baxmayacaqlar və bir-birini
telefona çağırmayacaqlar... Ağır, ləng bir qorxu yavaş-yavaş Manafın bütün içini
doldurdu: yavaş-yavaş tam bitkinliyi ilə dərk edirdi ki, bir də heç vaxt
Təhminəni mavi, tiftikli xələtdə hamamdan çıxıb nəm saçlarını darayan
görməyəcək.
Dəhşətli bir peşmançılıq hissiylə onu da duyurdu ki, hər hansı bir vaxt –
keçmişdə ya indi – əlaqə saxladığı qadınların hamısından daha artıq, dünyadakı
bütün qadınlardan daha artıq Təhminəni xoşlayırdı. Təhminəyə məftun idi və
neçə ilin ər-arvadı olsalar da, əslində heç bir gün, heç bir gecə, heç bir saat da
Təhminəyə malik olmayıb. Bəlkə elə Təhminənin soyuqluğu, biganəliyidir
Manafı başqa qadınların ağuşuna atan?! Başqa qadınların nəvazişi onda özünə
inam hissi oyadırdı, o hissi ki, Təhminəylə olanda itirirdi, daha doğrusu, heç bir
vaxt duya bilmirdi Təhminəylə olanda. İndi, bu an dəli bir ehtiras oyanmışdı
Manafda, Təhminəni bağrına basmaq, paltarlarını dartıb cırmaq, çapalayan
çılpaq bədənini qolları arasında sıxmaq, öpüşlərə, nəvazişlərə qərq etmək!
Amma onu da bilirdi ki, bu saat yer üzündə bundan mümkünsüz şey yoxdur,
dünyada heç bir qadın indi onunçün keçmiş arvadı Təhminə qədər uzaq və
əlçatmaz deyil. Bunu dərk edə-edə hər halda yenə də inanmaq istəmirdi – yaxın
bir adamın ölümünə inanmaq istəyi kimi bir şey idi bu istək... İllər boyu birgə
yaşadıqları bu otağın ora-burasına göz gəzdirirdi: divarlarda Təhminənin iri
fotoşəkilləri, atasından qalma iri divar saatı, əlvan üfürmə şar – Bolqarıstandan
gətirmişdi onu Təhminə – və balaca, lap balaca əncir ağacı – təbiətin qəribə
şıltağı, dağlarda bitmişdi bu mikroağac və onların ümumi dostları – alpinistlər
hədiyyə gətirmişdi Manafgilə toylarından bir neçə ay sonra. O vaxtlar,
evlənmələrinin ilk illərində, aralarında nə isə ümumi bir şey vardı, məsələn,
ümumi dostları. Sonralar hərəsi öz həyatına qapıldı... Təhminənin səbir kasasını
dolduran son damla nə olmuşdu görəsən. – Manaf bu barədə düşünür və
Təhminənin paltarlarının düymələrini sayırdı, bu düymələr indi onunçün ən
açılmaz möhürlər idi...
Divar saatı on bir dəfə vurdu...
* * *
— Bəs mən nə deyirdim. — Zivər xanımın həyəcandan gözü-başı qaynayırdı,
— bu dünyada bircə öldüyüm günü bilmirəm mən... Deyirdim sənə ərindən


boşanacaq, deyirdim, demirdim, hə?
— Kim?
— Kim, kim? Sənin aşnan... Belə de, sənin heç xəbərin də yoxmuş ki... Alya
gəlmişdi... Onun da dərdi mənimkindəndir yazığın, deyir bilmirəm haraya
müraciət eləyim, ÇK-ya, “Pravda”ya yazım bəlkə?
— Bir ağıllı-başlı de görüm, nə olub axı?
— Nə olacaq, bu həyasızın qızı bütün təmiz ailələri pozacaq, vallah... Alya deyir
ki, yenə dadanıb zəng eləməyə Spartaka, yazığa aman vermir. Neçə aydır deyir,
mağıl qulağımız dinc idi, bilmirəm kimə uymuşdu. Spartakın yaxasından əl
çəkmişdi... Alya bunu mənə eşitdirir, e... Sənin fırıldaqlarından xəbərdardır.
Moskvaya bir yerdə getməyivizi də bilir. İndi də, deyir, qayıdıb Moskvadan,
yapışıb yenə Spartakın boğazından. Nə göz verir, nə işıq... hə, o yandan da deyir,
məsələ qaldırıb, ərindən boşanır. Yəqin mənim oğlumun xirtdəyinə keçmək
fikrindədir, deyir Alya yazıq... Spartakın pullarına tamah salıb, yaxşı təmiz
ailəyə dürtülmək istəyir... Ay onun mürdəşir yusun üzünü, deyir Alya... Amma
mən bir yandan sevinirəm ki, vallah o Spartak — o da o. İtin dişi, donuzun
dərisi... təki səndən əl çəksin, amma bir yandan Alya da yazıqdır da... Vallah,
ana olmaq da bir bədbəxtçilikmiş bu dünyada.
Zaur daha onu eşitmirdi, telefona yanaşdı, elə evdəncə zəng elədi... Birinci
dəfəydi ki, Təhminəyə evlərinin içindən zəng eləyirdi. Telefon cavab vermədi.
Zivər xanım altdan-altdan qımışırdı:
— Hardan cavab verəcək? — dedi. — Səhər gördüm Spartak “Volqa”sını
qarajdan çıxarırdı. İndi də onun maşınında gəzir də... Spartakın “Volqa”sını
sənin “Moskviç”indən üstün tutur də... — amma birdən Zivər xanım susdu,
diqqətlə Zaurun üzünə baxdı və tamamilə başqa, yumşaq, həlim bir tərzdə:
— Ay oğul, — dedi, — qanını qaraltma, anan qurban. Sənin tayın deyildi o...
Qurban olum, o kimdir ki, sən bir belə ürəyivə salırsan, özüvə dərd eləyirsən bu
şeyləri... Çıxart başından, sənə qurban olum... Gəl sənə dolma bişirmişəm,
səhərdən acsan, işdən gəlibsən, bir tikə çörək ye, gözlərinin qadasını alım...
Zaur geyinib küçəyə çıxdı ki, anasının səsini eşitməsin. Nə kinayəli, nə
mehriban, nə acı, nə şirin sözlərini eşitmək istəyirdi...


Küçəylə gedir və düşünürdü: bu nə təzə söhbətdir belə... Doğrudanmı Təhminə
yenə Spartaka zəng eləyib, indi nə işi düşüb görəsən?.. Bəs Zaura niyə zəng
eləmir və bu nə boşanmaq məsələsidir belə, bu söhbət haradan çıxıb? Spartakın
nə dəxli var buna?.. Bu boşanmanın – əgər doğrudan da boşanırsa – Spartakla nə
əlaqəsi ola bilər? Bəs Muxtarla? Muxtar bu barədə bir şey?.. Bəs özü hardadır.
Təhminə, axşam doqquzdur axı... Yenə zəng elədi, sonra bir də, bir də... Telefon
susmuşdu... Gecə on birin yarısı olmuşdu artıq. Telefon susduqca Zaurun
nigarançılığı da artırdı və bilirdi ki, əgər bu axşam Təhminəylə danışıb bütün bu
məsələləri aydınlaşdırmasa, rahat ola bilməyəcək. Küçələri gəzə-gəzə gəlib
Təhminəgilin evlərinin qabağına çıxdı.
Evlərini də tanıyırdı Təhminəgilin, pəncərələrini də və bu pəncərələr indi işıqlı
idi. Pəncərələri işıqlı görən Zaur cəld telefon budkasına girdi – yəqin axır ki,
Təhminə gəlib çıxıb evə, amma nömrə yenə də cavab vermədi. Zaur budkadan
çıxdı və birdən par-par parıldayan çəhrayı “Volqa”nı – Spartakın “Volqa”sını
gördü. Maşın düz Təhminəgilin qapılarının qabağında dayanmışdı, iki təkəri –
bir tərəfi səkinin üstündəydi.
Elə bil hər şey birdən-birə Zaurun beynində işıqlandı, “deməli belə” – deyə
düşündü. İndi lap qəti əmin idi ki, Spartak Təhminəgildədir, Təhminə də evdədir,
hər ikisi o işıqlı pəncərələrin dalında oturub, telefon zənglərinə qəsdən cavab
vermirlər və anasının, Alyanın, “bütün şəhərin” danışdığı söhbətlərdə, şübhəsiz,
həqiqət var... Ərindən də yəqin ki, boşanır Təhminə, Spartaka da şübhəsiz ki,
zəng eləyir. Muxtara da... Birdəfəlik bütün bunlara son qoymaq lazımdır, – deyə
düşündü Zaur, özü də məhz indi, bu saat. İndicə qalxacam onların mənzillərinə,
qapılarını döyəcəyəm, telefonu götürmədikləri kimi qapını da açmayacaqlar –
Zaur cəm halında düşünürdü evdəkilər haqqında, amma Təhminəylə Manaf kimi
yox, Təhminəylə Spartak kimi – qapını açmayacaqlar, eybi yox, təpiklə vurub
sındıraram, qoy səs-küyə qonşular çıxsın, onsuz da bütün şəhərdə rüsvay
olmuşuq, qoy lap biabır olaq, amma həqiqət axır ki, biryolluq üzə çıxsın. Zaur
elə bil qızdırma içində sayıqlayırdı öz-özünə. Çöl qapısından girib, yüyürə-
yüyürə üçüncü mərtəbəyə dırmaşdı, zəngi basdı... Qapının dalından səs-səmir
gəlmirdi. Zaur barmağını zəngin üstünə qoydu və çəkmədi – aramsız çalırdı
zəngi. Bir azdan qapı ardından tələsik addım səsləri eşidildi və Təhminənin
təəccüb dolu səsi eşidildi:
— Kimdir?
— Mənəm, Zaurdur, — dedi.


Qapı açıldı və mat-məəttəl qalmış Təhminə:
— Sənsən? — dedi...

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə