TəHMİNƏ VƏ zaur və ya. BeşMƏRTƏBƏLİ evin altinci məRTƏBƏSİ


* * * Günlər bir-bir ötürdü. Təhminədən səs-soraq yox idi... * * *



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə6/27
tarix28.11.2023
ölçüsü0,86 Mb.
#135189
1   2   3   4   5   6   7   8   9   ...   27
Anar - Təhminə və Zaur @kitabchi

* * *
Günlər bir-bir ötürdü. Təhminədən səs-soraq yox idi...
* * *
Bir axşam Zivər xanım sözarası dedi ki, Zaurun kooperativ mənzili bir-iki aya
hazır olmalıdır. Zaur bu eyhamın gizli mənasını başa düşürdü: mənzildən söhbət
salanda, anası ardınca evlənmə barəsində söz açardı... Zaur düşünürdü ki,
doğrudan, təəccüb qalası işdir. Axı lap yaxşı bilirdi ki, anası gələcək gəliniylə
yola getməyəcək, aralarında dedi-qodu olacaq, sancıb-dalayacaq gəlinini, yox
əgər gəlin də dilli-dilavər olsa, söz götürməyəcək, cavabını verəcək, dava-
mərəkə ərşə qalxacaq, söz-gap düşəcək aralığa və bütün bunlara baxmayaraq,
Zivər xanım oğlunu evləndirməyə, qayınana olmağa can atırdı, tələsirdi...
Ərşdən-gürşdən, o yandan-bu yandan başlanardı bu söhbət, filankəs oğlunu
evləndirdi, behmankəs qızını ərə verdi, filançün elçi gediblər. Sonra Zivər xanım
hərləyib-fırlayıb gətirərdi sözü Zaurun üstünə, başlardı ki, bəs, daha yekə
oğlansan, evlənmək vaxtındır, nə çağacan subay gəzib-dolanacaqsan, bizim də
day o yaşımız deyil, atan iki dəfə infarkt keçirib, mənim özümü bu andıra qalmış
astma lap əldən salıb, rəv-adırmı ki, biz bu dünyadan nisgilli, nakam köçək,
oğlumuzun şad gününü görməyək, bircə balamızçün elçi düşməyək, könlü
istəyən, gözü tutan bir təmiz qızın “həri”sini almayaq, toyunda sındıra-sındıra
oynamayaq, totuq-motuq nəvələrimizi atıb-tutub oynatmayaq və sair və ilaxır.
Bu qəlbdən sözlər, sözlər, sözlər... boş-boş sözlər. Xeyr, bağışlayacaqsan, boş-
boş sözlər deyil bunlar... Bizim cavanlığımız çətin keçib, aclığa-kasıbçılığa,
ehtiyaca, sıxıntıya dözmüşük, amma bir arzumuz olub, atanın da, mənim də ki,
barı balamız xoşbəxt olsun, bu dünyada heç nədən korluq çəkməsin, halal süd
əmmiş pak, təmiz bir qıza rast gəlsin, evlənib oğul-uşaq sahibi olsun, biz də qoca
yaşımızda baxıb fərəhlənək, ürəyimiz böyüyüb dağa dönsün, o səadət ki,
cavanlığımızda bizə nəsib olmadı, oğlumuzun, nəvələrimizin qismətinə düşsün,
elə bizim xoşbəxtliyimiz də onların xoşbəxtliyidir də...
Zaur bütün bu bəlağətə səbirlə tab gətirər, bığaltı qımışar, nə “hə”, nə “yox”
deyərdi, amma bu səfər anasının nitqinə təzə bir cəhət əlavə olundu, uzun-uzadı
və mücərrəd arzuları bu səfər konkret bir adla bağlandı. Əvvəl Zaura elə gəldi ki,
səhv eşidib.
— Nə? — deyə xəbər aldı, — hansı Firəngiz?


— Qonşumuzu deyirəm də, Alyanın qızını...
Bu ad, bu təklif o qədər gözlənilməz idi ki, Zaur, hətta özünü itirdi:
— O ki lap uşaqdır.
— Uşaq niyə olur, on doqquz yaşı var. İnstitutda oxuyur. Səndən cəmi-cümlətanı
beşcə yaş kiçikdir. Elə belə də olmalıdır da, ər arvaddan bir az böyük olsun.
Əlbəttə, Zivər xanım özüylə əri arasındakı yaş fərqini nəzərdə tuturdu – səkkiz
yaş kiçik idi ərindən.
— Ata-anasının əməlli-başlı könülləri var e... Alya neçə kərə işarə vurub mənə...
Deyir, sən xoşbəxtsən, bir oğlun var, oğlanın işi nədir ki, halva... Odey, mənim
də oğlum var, bir qırıq nigarançılığını çəkmirəm onun. Amma qız ayrı məsələdir,
rastına kim çıxacaq anası ölmüşün, hansı evə, hansı ocağa düşəcək... Mənim
qızım, deyir, bir açılmamış pəncərədir, tale, deyir, görən kimin bağına salacaq
balamı... Adam, deyir, o vaxt ürəyini buz kimi eləyir ki, qabaqcadan qızıvı
köçürdüyün ailəni tanıyırsan. Day mən də lap key Balaxanım deyiləm ki, bilirəm
bu sözləri bizimçün deyir... Başa düşürəm bu xalı hara vurur...
— Yaxşı, nə qaçaqaçdır, nə olub belə, qızı qarıyıb evdə qalıb ki? 19 yaşı var da
qızın, anası nə belə əl-ayağa düşüb?
— Ay-hay... Mən nə deyirəm, bu nə deyir... Əşi başa düşmürsən nə məsələdir?
Nə olsun 19 yaşı var? Bu gün-sabah ərə gedəsidir. Alya xanım da ondan
nigarandır ki, kimə gedəcək, hansı evə, ocağa düşəcək. Bir yandan da bizə,
bizim ailəyə bələddir, səni tanıyır, gözünün qabağında böyümüsən, hansı ana
istəməz ki, qızı nəcib yerə düşsün?
— Yaxşı, bəs sənə nə düşüb bu cür canfəşanlıq eləyirsən. Xalqın dərdi-səri sənə
qalıb? Cavan, göyçək qızdır, vaxtı gələr, gedər ərə də. Sən niyə onun dərdini
çəkirsən?
— Mən bəyəm onun dərdini çəkirəm? O qız evdə qalmayacaq, mən səni
fikirləşirəm... Belə qızlar çöldə tökülüb qalmayıb ki... Gözəllik deyirsən
— gözəllik, ağıl deyirsən — ağıl, yaxşı, hörmətli ailə deyirsən — yaxşı hörmətli
ailə, abır-həya, ismət adamı görəndə pul kimi qızarır, day sənə nə lazımdır? Belə
qıznan evlənərsən, ömrün boyu ürəyivi buz kimi eləyərsən, heç kimin yanında
da başın aşağı olmaz... Sən, deyəsən, belə-belə şeyləri hələ əməlli-başlı qanıb
eləmirsən?


Qəribədir ki, Zivər xanım Firəngizin bütün məziyyətlərini bir-bir sadaladıqca
qeyri-ixtiyari Təhminə gəlib dururdu Zaurun gözləri qarşısında və Zaur bu saatca
durub Təhminəyə zəng eləmək: onunla görüşmək istəyini güclə boğurdu.
Zivər:
— Sabah sənin ad gününə gələcəklər, — dedi.
Zaurun fikirləri tamam başqa yerdə olduğu üçün bu xəbərdən diksindi:
— Gələcəklər? Kim gələcək?
— Necə yəni kim? Bəs səhərdən bəri kimdən danışıram... Qonşularımız — Alya,
əri... qızlarını da gətirəcəklər.
Zaurun elə bil içində çıraq alışdı: necə olub ki, bunu nəzərə almayıb. Sağ olsun
anası, yadına saldı: axı sabah ad günüdür. Təhminə də bilir bu günü, dəftərçəsinə
— də yazıb. Deməli, bax bu günü gözləyirmiş, ona görə zəng eləmirmiş. Bəhanə
lazım imiş ona zəng eləməkçün, yenidən görüşməkçün, bütün əlaqələrini
yenidən bərpa eləməkçün... Əlbəttə ki, belədir.
İndi Zaur sevinclə düşünürdü bu barədə: çoxdan bəri, ta lap uzaq körpəliyində
qalmış uşaqlıq illərindən bəri heç bir zaman ad günü haqqında belə xoş bir
intizarla düşünməmişdi. Uşaqlıq illərindən bəri həmişə bu gün – Zaurun ad günü
onu darıxdırardı, axı, bu gün onunçün tamamilə yad və yabançı olan qohumlar
toplaşar, bayağı söhbətlər edər, duzsuz sağlıqlar deyərdilər, sentyabr ayı olduğu
üçün hələ isti olardı. Hamının pal-paltarı islanıb bədəninə yapışardı, otaqlarından
tər iyi gələrdi və Zaur səbirsizliklə məclisin qurtarmasını, qonaqların
dağılışmasını gözlərdi. İndi isə sabahkı gün haqqında xoş bir intizarla
düşünürdü. Ona qiymətli bir hədiyyə bəxş edəcək gün kimi... Gözlənilməz
sevinclərlə dolu olan bir gün kimi... Uşaqlıqdakı kimi...
* * *
Ad günü deyil, ad gününün axşamı zəng elədi... Daha doğrusu, gecəsi. Gecə
yarını keçmişdi və təqvimdə, doğrudan da, sentyabrın 23-ü idi – Zaurun ad günü.
Zaur yatağına girmişdisə də, hələ yatmamışdı. Evin hər yerində işıq sönməyincə
və bütün səslər kəsilməyincə yuxulaya bilmirdi. Atası həmişə erkən yatar, səhər
də ertədən durardı. Anası isə Bakının televiziya verilişləri qurtaran kimi gedərdi
yatmağa... Bu gecə də atası çoxdan yuxulamışdı, amma anası hələ oyaq idi.
Qonşu Sitarəylə birlikdə mətbəxdə əlləşirdi, sabahkı qonaqlığın hazırlığını


görürdülər. Mətbəxdən şirni və ədviyyat qoxusu gəlirdi – paxlava, şəkərbura,
şəkərçörəyi... Cürbəcür piroqlar, pirojnalar, tortlar hazırlamaq sarıdan Zivər
xanımın tayı-bərabəri, yox idi. Amma sabahkı gün öz adi məharətini də vurub
keçməliydi, – axı onun məclisinə Alya kimi tələbkar bir hakim qiymət
verəcəkdi. Mətbəxdən anasıyla Sitarənin yavaş səsləri gəlirdi, professorun və
Zaurun yuxusuna mane olmamaqçün qadınlar xısın-xısın danışırdılar. Zaur
onların hər kəlməsini dəqiq eşitməsə də, söhbətlərinin məzmunundan agah idi:
qadınlar xəmirin yaxşı qalxmasından, layların nazik yoğurulmasından, qoz-
fındığın narın əzilib şəkərlə qarışdırılmasından, paxlavaya vurulacaq ədviyyatın
miqdarından danışırdılar. Sabahkı məclisdən, qonaqlardan danışırdılar – kim
paxlavanı, şəkərburanı daha çox sevir, kim hansı tortdan, hansı piroqdan, hansı
pirojnadan daha çox xoşu gəlir, hansı — kişi dəlisidir şirniyyatın, hansı qadına
heç bir şey bəyəndirmək olmur, halbuki keçən səfər öz evlərində aşının qazmağı
yanıb kösöv olmuşdu... Olanda olur da, ay Sitarə, doğrudan, böyük məclis yola
salmaq zor işdir, adamın lap kələyi kəsilir, əldən düşürsən, amma bir yana
baxanda bircə balavın məclisində də qoluvu çırmalayıb zəhmət çəkməsən, bəs nə
vaxt çəkəcəksən... Əlbəttə, ay Zivər bacı, maşallah, Allah saxlasın, belə oğul
böyütmüsən, indi gərək hər əziyyətinə də dözəsən. Bəs necə, ay Sitarə, onun
boyuna qurban olum, qızıldır onun xasiyyəti, ipək kimi yumşaqdır, ürəyi də elə
təmizdir, elə təmizdir, sanasan şüşədir, odur ki, xətərəliyəm də, Ay Sitarə, bu cür
ki təmiz uşaqdır, ürəyi şüşə kimi safdır, hər şeyə, hər sözə, hamıya inanandır, elə
qorxuram ki, keçsin bir afətin cənginə, sap kimi dolasın barmağına balamı. Eh,
ay Zivər bacı, ağzıvı xeyirliyə aç, dünya bəyəm dərəbəyilikdir-zaddır, nə
danışırsan. Zaur elə aciz-avara deyil, demə, maşallah ağıllı-mərifətli oğlandır,
hər şeyin yerini biləndir, ürəyinə-zada salma, sən Allah, vaxsey, vaxsey, piroq
yandı, başımız söhbətə qarışdı...
...Və bu vaxt telefon zəng çaldı. Zaur yerindən sıçradı, – bu vaxt ancaq ona zəng
eləyə bilərdilər? Kim ola? Dəstəyi qaldırdı:
— Alo!
Dəstəyə qarmaqarışıq səslər doldu, – açıq havadan zəng olunmuşdu –
küçəydimi, meydanıydımı – müxtəlif hənirtilər gəlirdi, sonra bu hənirtilərin
içindən uzaq bir səs duruldu, aydın eşidildi, Zaur dərhal bu səsi tanıdı.
— Mənəm, Zaurik, — dedi Təhminə. — Bağışla ki, belə gec zəng eləyirəm...
Danışa bilirsən?


— Əlbəttə.
— Bütün günü sənə zəng eləmək istəyirdim, amma başım elə qarışdı ki, macal
tapa bilmədim... — Səs arada kəsilirdi, xətlərin, cihazların xırıltısına qarışıb
itirdi, amma Zaur hər halda Təhminənin dediklərini dəqiq qavrayırdı.
— Sənə aeroportdan zəng vururam. Yarım saatdan sonra uçuram.
Zaur susub dinləyirdi, nəinki cavab vermirdi, heç “hə”, “yox” da demirdi.
Təhminə təəccüblə:
— Eşidirsən məni Zaur? — deyə xəbər aldı. — Hə, eşidirsən?
— Eşidirəm...
— Səni təbrik eləyirəm... Yadımdadır, axı — bu gün ad günündür. Sənə hədiyyə
də almışam. Sənə sabah çatdıracaqlar, — tələsə-tələsə danışırdı, elə bil qorxurdu
ki, birdən əlaqəsi qırılar və demək istədiyi əsas şeyi deyə bilməz, — balaca bir
şeydir hədiyyəm, amma həmişə sənin yanında olacaq ki, məni həmişə yada
salasan... Sabah sənə çatdıracaqlar... Mədinə qonşum gətirəcək... işivə.
Zaur:
— Təşəkkür edirəm, — dedi. — Yaxşı, soruşmaq ayıb olmasın, hara uçursan
belə, nə münasibətlə? — hiss elədi ki, mətbəxdə susdular, yəqin onun danışığına
qulaq verirdilər.
Təhminə sevinclə:
— Moskvaya, — dedi. — Moskvadan sabah bizim verilişimiz var. Proqramı
mən aparacağam. Baxarsan. — Sonra tələsik əlavə etdi. — Yaxşı, Zaurik,
hələlik, mənə əl eləyirlər ordan, təyyarəyə minik başlayıb...
Aeroport Zaurun gözləri qarşısında canlandı: gecəyə qərq olmuş uçuş meydanı,
rəngbərəng siqnal işıqları. Qapısı açıq təyyarə trap və trapda Təhminənin təzə
dostları – televiziya işçiləri, qapının ağzında kiçik, cib fənərini yandırıb biletləri
yoxlayan stüardessa. Bir azdan Təhminə də trapla dırmaşacaq, sonra təyyarə
qapıları kip bağlanacaq, propeller hərlənəcək, təyyarənin yerlə bir az qaçıb
havaya yüksələcək. Bir dəstə televiziya işçiləri deyib-güləcək, zarafatlaşacaq,
sabahkı verilişlərindən, ümumi işlərindən danışacaqlar.
... Və Təhminə də onların içində olacaq. O köhnə dostu – televiziya rejissoru,


nədir onun adı, Muxtardır, nədir – o da yəqin ordadır, Moskvaya gedir o da...
Bəlkə trapdan əl eləyən, Təhminəni çağıran da elə odur. Ya bəlkə indi lap
Təhminənin yanındadır, telefonun böyründə, Təhminənin Zaurla söhbətlərini
dinləyir. Mətbəxdən anasıyla Sitarə Zaurun söhbətini dinləyən kimi...
Təhminənin bu gecə zəngi Zaurun ürəyini müx-təlif qatma-qarışıq hisslərlə
doldurmuşdu, – açıq təyyarə meydanının nəfəs genişliyi, təyyarənin qalxacağı
göylərin ulduzlu qaranlığı vardı və bu telefon zəngidir. Təhminənin səsi,
nəvazişi, ona – Zaura diqqəti vardı... Amma bir də Zaura yabançı olan özgə
sevinci vardı, uzaq səfər fərəhi – başqa həyat, yeni tanışlıqlar, münasibətlər
kələfi vardı və bütün bunlar Təhminənin yeni işi, yeni həyatı idi. – Zaurun
gözündən iraq, uzaq olan yad bir dünyadan gəlirdi bu soraqlar...
— Salamat qal, Zaurik, bol-bol səadət arzulayıram sənə...
— Sənə də yaxşı yol, — dedi Zaur. — Neçə vaxta gedirsən?
— Üç günlüyə, — dedi, sükut çökdü, görünür, bu sükut ərzində götür-qoy
edirmiş: desin, deməsin, nə-hayət, qərara gəlib yavaş səslə (doğrudanmı görəsən
yanında — kimsə vardı, ona görə yavaşdan dedi bunu) — pıçıltıyla əlavə etdi:
— Sən də uç gəl Moskvaya, Zaurik... Yaxşı, mən qaçdım, hələlik...
Sonra dəstəkdən kəsik-kəsik siqnallar eşidildi.
Zaur Təhminənin son təklifi barəsində düşünürdü: doğrudanmı Təhminə bu
sözləri dedi – son görüşlərində “daha ayrılmalıyıq” qərarını verəndən sonra,
onların idarəsindən, Dadaşın ləng işləyən şöbəsindən çıxıb hay-küylü, əsəbi,
daim hərəkətdə və tələsmədə olan televiziya dünyasına düşəndən sonra, təzə
dostları-tanışlarıyla bir yerdə Moskvaya uçarkən, məhz ona, Zaura təklif elədi ki,
dalınca gəlsin... Yox Zaur yanılmırdı, elə beləcə demişdi Təhminə:
— Zaurik, uç gəl Moskvaya...
— Kim idi o? — mətbəxdən anasının səsi gəldi.
Zaur:
— Heç, — dedi. — Bir tanışım idi.

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə