TəHMİNƏ VƏ zaur və ya. BeşMƏRTƏBƏLİ evin altinci məRTƏBƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix28.11.2023
ölçüsü0,86 Mb.
#135189
1   2   3   4   5   6   7   8   9   ...   27
Anar - Təhminə və Zaur @kitabchi

DÖRDÜNCÜ FƏSİL
Həm vüsali vurur od canıma, həm hicranı
Bir əcəb şəm ilə düşdü səri-karim bu gecə.
Hər bir insan yaşadığı evin içinə nə sayaq alışır, məhrəm olursa, maşın sürən
adam da şəhərə, şəhərin küçələrinə, meydanlarına, dalan və döngələrinə, enişinə-
yoxuşuna o cür alışır, məhrəm olur. Evlərin sakinləri mənzillərinin hər əyər-
əskiyinə bələd olduqları kimi, maşın sürən adam da yolların hamarına, çuxuruna
bələd olur. “Dünən burada keçidi bağlamışdılar, bu çəpərin üstündə “sağa
burulmaq olmaz” nişanı vurulub, bu yolayrıcında işıqfor pis işləyir, bu döngənin
dalında çuxur var” – bütün bu əlamətlər sükan arxasına keçmiş adamçün
gündəlik qayğılardan – daman dam, xarab olmuş su kəməri, sınmış pəncərə,
cırıldayan döşəmə – ev sahiblərinin gündəlik qayğıları olduğutək. Mənzilinə
alışmış adam otağının içində qaranlıqda da yeriyə bildiyi kimi Zaur da şəhərin
avtomobil yollarını, küçələri, döngələri gözübağlı da seçə, tapa, burula bilərdi...
Əlbəttə, gözübağlı sürmürdü maşını, diqqətlə başqa maşınları, piyadaları,
işıqforları, yönəldici milisin hərəkətlərini izləyirdi. Amma şəhəri beş barmağı
kimi tanıdığı üçün maşını sürərkən müəyyən istiqamət barəsində düşünmürdü,
fikirləri tamam başqa, kənar məsələlərə yayınırdı... İndi isə o yalnız Dadaş
haqqında fikirləşirdi – gündüz elədikləri söhbət haqqında...
Dadaşın sifətini gözləri qarşısında dönə-dönə canlandırır, ona get-gedə daha artıq


nifrət edərək, hey söyürdü kişini: “Adam satan köpəkoğlu... Gör nə ağızdolusu
danışırdı: “onunçün heç təfavütü yoxdur, – alverçilər, baza müdirləri...” Yaxşı,
madam ki, heç təfavütü yoxdur, səni niyə mağmın qoyub? Yeddi həndəvərinə
buraxmayıb, odur ki, belə salveylənmiş küçük kimi zingildəyirsən də.
Ağzıgöyçəklik eləyib, özgənin üstünə min çirkab atırsan!”
Amma ən dəhşətlisi o idi ki, Zaur yüz faiz əmin ola bilmirdi: doğrudanmı
Dadaşın atdığı çirkab ancaq onun öz uydurmalarıdır, real gerçəklik deyil? O,
Təhminə haqqında Dadaşın sözlərindən təcrid olunaraq — düşünmək istəyirdi və
heç bir şey müəyyənləşdirə bilmirdi. Elə bil iki Təhminə vardı – biri Zaurla
görüşlərdə mövcud olan Təhminə – Zaur onun hər sözünə inanmağa hazır idi –
biri də başqa, Zaura yad, Zaurun tanımadığı, amma bir çox adamların fikrində,
dilində, təsvirində mövcud olan Təhminə... Hansı Təhminə daha real, daha
həqiqi idi? Bəlkə elə ikisi də. Biri əsl Təhminə... biri də onu y-amanlayanların,
onu istəməyənlərin öz təsəvvürlərində, xəyallarında yaratdıqları, bəzədikləri
Təhminə...
Axı onu bəzəyən, onun haqqında olmazın iftiralar uyduranların özləri də
Təhminəyə biganə deyildilər – kəsirdilər ondan, ya nifrət edirdilər ona, ya
kiməsə qısqanırdılar Təhminəni, ya paxıllıq edirdilər, ya hayıf çıxmaq
istəyirdilər. Onun gözəlliyinin tamarzısında olanların çoxu isə əslində istəyinə
çatmayıb, heç olmasa uzun dilləriylə, bayağı söhbətləriylə, müfəssəl təsvirləriylə
qurdlarını öldürmək istəyirdilər...
...və bütün bu şeylər haqqında fikirləşdikcə Təhminəyə zəng eləmək həvəsi
sönüb gedirdi. Hələ dünən bu zəngin bir mənası vardısa, bu gün, Dadaşla
söhbətdən sonra tamam yersiz bir iş olardı. Zəng eləyib nə barədə soruşacaqdı?
Spartak barədə, ya o televiziya rejissoru barədə? Yaxud baza müdirləri, alverçilər
barədə? Təhminə nə cavab verərdi bütün bu sorğu-suala? “Əgər məni fahişə
hesab eləyirsənsə, onda nə təfavütü var sənin üçün, – deyə bilərdi, – yox, əgər
hesab eləmirsən, necə ağlıva sığışdıra bilirsən bütün bu şübhələri?” Bəlkə də hər
şeyi inkar edəcəkdi, bircə o televiziya rejissorunu boynuna alacaqdı... Ya
Spartakı... Nə isə, yenə qarışırdı Zaurun fikirləri. Yox, özünü ələ almalıdır. Bütün
bu şeylər haqqında düşünməməlidir. Gözləməlidir, vəssalam. Heç kəslə Təhminə
barəsində söhbət aparmaq lazım deyil. Özünə də zəng eləmək olmaz... Gözləmək
lazımdır, vəssalam... Gec-tez özü zəng eləyəcək, buna Zaurun şəkk-şübhəsi yox
idi. Özü zəng eləsə, özü görüş təyin eləmək istəsə, görüş təyin eləsə, o zaman
sözü açmaq olar.



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə