www.vivo-book.com
7
– Beş yaşındaydın. Az qalmışdı
dənizə düşüb
boğulasan. Balığı tutub qayığa çıxartdım. Başladı
çırpınmağa, az qaldı qayığı sındırıb tikə-tikə etsin.
Yadındadır?
– Əlbəttə, yadımdadır. Hə, yaman çırpınırdı,
quyruğuyla elə vurdu ki, qayığın oturacağı da sındı. Amma
sən də toppuzla o ki var əzişdirdin onu... Yadımdadır ki,
qayıq əsim-əsim əsirdi, sən də məni götürüb qayığın
burnuna, yaş avadanlığın üstünə tulladın.
Sən onu elə
döyəcləyirdin ki, elə bil odun doğrayırdılar. Hər tərəf qan
içindəydi, qan iyindən nəfəs almaq olmurdu.
– Doğrudanmı, yadında belə yaxşı qalıb,
yoxsa mən
sonralar danışanda eşitmisən?
– Səninlə dənizə çıxdığım birinci gündən bəri nə olub-
keçibsə, hamısı yadımdadır.
Qoca günün altında qalmaqdan qan çəkmiş gözləriylə
oğlanı oxşadı; onun baxışlarından etibar və nəvaziş yağırdı.
– Doğma oğlum olsaydın,
heç nəyə fikir verməyib,
riskə gedərdim, səni özümlə dənizə aparardım. Amma sənin
öz atan-anan var, özün də uğurlu qayığa düşmüsən.