Mühazirə və ona verilən tələblər Praktik məşğələ və ona verilən tələblər Tələbələrin müstəqil işi və elmi yaradıcılığı



Yüklə 87,56 Kb.
səhifə36/38
tarix08.06.2023
ölçüsü87,56 Kb.
#116048
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   38
DOC-20230526-WA0029.

Dörd ulduz (****)

  1. Ali məktəbə rəhbərliyin əsasları

Ali məktəb cəmiyyətin tələbatına uyğun yüksək ixtisaslı mütəxəssislər hazırlığı ilə məşğul olan təhsil müəssisəsinin yüksək tipi, fasiləsiz təhsilin mühüm bir həlqəsidir. Ali təhsil müəssisələrinin müxtəlif növləri fəaliyyət göstərir: universitetlər, institutlar, akademiyalar, konservatoriyalar və digər ali təhsil müəssisələri bu qəbildəndir. Ali məktəbin səmərəli fəaliyyət göstərməsi ona düzgün rəhbərlikdən, təlim-tərbiyə prosesinin elmi-pedaqoji əsaslarda idarə edilməsindən çox asılıdır. Rəhbərlik bir-birinə zidd iki üslubda – avtoritar və demokratik üslublarda həyata keçirilir. Demokratik rəhbərlik daha səmərəli olub, kollektivdə normal iş şəraiti, insani münasibətlər, sağlam mənəvi-psixoloji iqlim yaratmağa imkan verir. Rəhbərliyin yüksək forması kollektiv rəhbərlik hesab olunur. Çünki bir şəxsin (rəhbərin) iradəsindən asılı olan rəhbərlik zamanı subyektivizm halları özünü göstərir. Kollektiv rəhbərlikdə isə belə hallar xeyli məhdudlaşır və ya tam aradan qalxır. Həm də bu halda kollektiv qərar qəbulunda iştirak edən adamlarda məsuliyyət hissi yüksək olur. Ali məktəbə rəhbərlik mövcud qanunvericiliyə və müvafiq dövlət sənədlərinə əsaslanır:
1) Azərbaycan Respublikasının;
2) Azərbaycan Respublikasının Təhsil Qanunu;
3) «Ali təhsil müəssisəsi haqqında Əsasnamə»;
4) Ali məktəbin Nizamnaməsi.
Ali məktəbə rəhbərlik müəyyən prinsiplərə əsaslanır. Həmin prinsiplər aşağıdakılardan ibarətdir:
1) Məqsədyönlülük prinsipi.
2) Demokratiklik prinsipi.
3) Aşkarlıq prinsipi.
4) Şəffaflıq prinsipi.
5) Elmilik və işgüzarlıq prinsipi.
6) Prinsipiallıq və obektivlik prinsipi.
7) Optimallıq prinsipi.
Ali məktəbə rəhbərlik prosesində göstərilən prinsiplərə vəhdətdə, həm də dəqiq əməl etmək vacib şərtdir. Əks halda rəhbərlik və idarəetmə sahəsində yüksək səmərə və keyfiyyət əldə etmək çətindir.

  1. Ali məktəbin strukturu

Ali məktəbin özünəməxsus strukturu, idarəetmə və rəhbərlik sistemi vardır. İdarəetmə sistemi iki yarımsistemi əhatə edir: idarəedən və idarəolunan sistemlər. İdarəetmə sistemi dedikdə, ali məktəb rəhbərliyi, onun struktur bölmələri, kollegial orqanlar, professor-müəllim və xidməti heyəti nəzərdə tutulur. İdarəolunan sistemə tələbələr, onların təşkilat və birlikləri, habelə müəllim və xidməti heyət daxildir. Ali məktəbin idarə edilməsi oradakı çoxcəhətli münasibətləri, tədris-tərbiyə, elmi-metodik, təşkilati və təsərrüfat fəaliyyətlərini şüurlu şəkildə tənzim etməkdə ifadə olunur. Ali məktəb rəhbərliyi inzibati və kollegial orqanlardan ibarətdir. İnzibati rəhbərliyi ali məktəb səviyyəsində rektor, prorektorlar, habelə idarə, bölmə və şöbə rəhbərləri, fakültə səviyyəsində isə dekan və onun müavinləri, dekanlığın işçiləri həyata keçirir. Ali məktəbin kollegial orqanlarına rektorluq, ali məktəbin Elmi Şurası, Elmi-Metodik Şura, fakültə elmi şuralari və elmi-metodik şuralar daxildir. Ali məktəbdə bir çox struktur bölmələr fəaliyyət göstərir. Onlara aşağıdakılar daxildir: tədris hissəsi, magistratura və doktorantura şöbəsi, elmi-tədqiqat bölməsi, kadrlar şöbəsi, hüquq şəbəsi, istehsalat və pedaqoji təcrübə rəhbəri, arxiv şöbəsi, nəşriyyat, qəzet redaksiyası, elmi kitabxana və s. Bunlardan əlavə ali məktəbdə ümumi şöbə, dəftərxana, mühasibatlıq, elmi-tədqiqat institut və laboratoriyaları, fənn kabinetləri, telefon qovşağı, səhiyyə məntəqəsi, yeməkxana və bufetlər, mühafizə xidməti fəaliyyət göstərir. Bütün bu strukturlar ali məktəbin ümumi fəaliyyətinin həyata keçirilməsinə, mütəxəssis hazırlığına bu və ya digər dərəcədə xidmət göstərir. Onların hər birinin öz sahəsində yaxşı çalışması ümumi məqsəd baxımından mühüm əhəmiyyət kəsb edir.



  1. Ali məktəb rəhbərliyi.

Fakültə və kafedraya rəhbərlik Ali məktəb rəhbərliyi. Ali məktəbə rektor rəhbərlik edir. Rektor ali məktəbin bütün sahələri üçün dövlət qarşısında məsuliyyət daşıyır. Rektor tanınmış, nüfuzlu alim, böyük şəxsiyyət, bacarıqlı pedaqoq, baş tərbiyəçi və baş təşkilatçı kimi ali məktəb həyatında böyük rol oynayır. O, əmək qanunvericiliyinə uyğun olaraq kadrların seçilməsi və yerləşdirilməsini həyata keçirir, ali məktəbin və fakültələrin elmi şuralarında müsabiqə yolu ilə seçilmiş professor-müəllim heyətini əmrlə təsdiq edir. Rektor işçiləri yaxşı tanıdıqda, onlara hörmət və tələbkarlıqla yanaşdıqda, təşəbbüsləri həvəsləndirdikdə, müəllim və tələbələrə lazımi qayğı və diqqət göstərdikdə ali məktəbin bütün sahələrində işlərin uğurla getməsi üçün, kollektivdə müsbət mənəvi-psixoloji iqlimin yaranması və hər bir işçinin daha məhsuldar işləməsi üçün əlverişli şərait yaratmış olur. Ali məktəb rektorunun səmərəli fəaliyyəti onun işə məsuliyyətli münasibəti ilə sıx bağlıdır. Rektorun işinin səmərəsi həm də onun yüksək elmi, pedaqoji-psixoloji səriştəyə malik olmasından, işgüzarlığından, təşkilatçılığından, şəxsi keyfiyyətlərindən, xüsusən müdrik, ədalətli, obyektiv, xeyirxah, mədəni, alicənab bir şəxsiyyət olmasından çox asılıdır. Belə rektor insanlara-tabeçiliyində olan müəllim və tələbələrə, tədris-köməkçi heyətə diqqət və qayğı ilə yanaşır, bəzən də güzəştə gedir, imkan daxilində kömək edir, eyni zamanda tələbkarlıq və prinsipiallıq göstərir. Rektor ali məktəbin müxtəlif struktur bölmələrinə rəhbərliyi müvafiq prorektorlar vasitəsilə həyata keçirir. Prorektorlar konkret sahələrə bilavasitə rəhbərliyi həyata keçirir və rektor qarşısında məsuliyyət daşıyırlar. Prorektorlar aşağıdakı sahələr üzrə fəaliyyət göstərir: tədris işləri üzrə prorektor (I prorektor);
elmi işlər üzrə prorektor;
humanitar məsələlər üzrə prorektor;
qiyabi və əlavə təhsil üzrə prorektor;
beynəlxalq əlaqələr üzrə prorektor;
ümumi işlər üzrə prorektor;
inzibati-təsərrüfat işləri üzrə prorektor.
Ali məktəb rəhbərləri-rektor və prorektorlar fakültə rəhbərliyi ilə sıx əməkdaşlıq şəraitində işləyir, müxtəlif tədbirləri onların fəal iştirakı ilə həyata keçirirlər. Fakültəyə rəhbərlik. Fakültə ali məktəbin tədris, elm və inzibati bölməsi kimi müəyyən sahə (yaxud yaxın sahələr) üzrə mütəxəssis hazırlığını həyata keçirir. Fakültə ali məktəbin Elmi Şurası tərəfindən yaradılır. Müəyyən ixtisas və ya istiqamətlər üzrə tələbələrin sayı (bakalavriat və magistratura pillələrində birlikdə) 300 nəfərdən çox (bundan 200 nəfərdən çoxu əyani şöbədə) olduqda fakültə yaradılır. Fakültəyə mövcud qaydada seçilmiş və rektorun əmri ilə təsdiq olunmuş dekan rəhbərlik edir. Tələbələrin sayı 100 nəfərdən çox olduqda fakültə daxilində müvafiq şöbələr (əyani, qiyabi, bəzən axşam şöbələri, ayrı-ayrı ixtisaslar üzrə şöbələr) yaradıla bilər. Dekan fakültənin profilinə uyğun mütəxəssis, həmin sahədə tanınmış alim, təcrübəli müəllim, tədris-tərbiyə işini yaxşı bilən təşkilatçı, nüfuzlu şəxsiyyət olmalıdır. Dekan fakültədə tədris-tərbiyə, elmi işlərin vəziyyətinə, tədris planları və proqramlarının, elmi-tədqiqat planlarının yerinə yetirilməsinə, tələbələrlə tərbiyə işlərinin düzgün qurulmasına, fakültədə sağlam mənəvi-psixoloji mühitin yaradılmasına ümumi rəhbərlik edir və rektorluq qarşısında cavabdehlik daşıyır. Dekan fakültə Elmi Şurasına sədrlik edir. O, fakültədə tədris-tərbiyə işlərinin gedişi, istehsalat və pedaqoji təcrübənin təşkili, fakültədə fəaliyyət göstərən tədris-köməkçi heyətin öz işinə məsuliyyətini artırmaq istiqamətində tədbirlər həyata keçirir, fakültədə elmi konfransların işinə rəhbərlik edir. Ali məktəbin həyatı ilə bağlı bütün tədbirlərdə fakültəni təmsil edir. O, dekan müavinləri ilə birlikdə fəaliyyət göstərir, onların işinə istiqamət verir. Dekanın bir və ya bir neçə müavini ola bilər: tədris işləri üzrə müavin (I müavin), elmi işlər, magistratura və qiyabi təhsil üzrə müavin, humanitar məsələlər üzrə müavin və s. Hər bir dekan müavini öz sahəsi üzrə işlərə bilavasitə rəhbərlik edir və dekan qarşısında məsuliyyət daşıyır. Dekan müavinləri ayrı-ayrı sahələr üzrə işlərə bilavasitə rəhbərlik etsələr də, fakültədə bütün işlərin vəziyyəti üçün əsas məsuliyyət dekanın üzərinə düşür. Dekan tədris-tərbiyə və elmi işlərə rəhbərliyi kafedra müdirləri ilə sıx əməkdaşlıq şəraitində, onların fəal iştirakı ilə həyata keçirir. Kafedraya rəhbərlik. Kafedra ali məktəbin əsas tədris-elmi struktur bölməsi olub, bir və ya bir neçə yaxın elm sahəsi (fənlər) üzrə tədris-metodik, elmi-tədqiqat və tərbiyə işlərini bilavasitə həyata keçirir. Kafedralar, bir qayda olaraq, müvafiq fakültələr tərkibində yaradılır. Bəzən bir çox fakültəyə xidmət edən ümumi universitet (qeyri-ixtisas) kafedraları da fəaliyyət göstərir. Kafedranın yaradılması üçün müəyyən fənn üzrə minimum 3000 saat tədris yükü və azı 3 nəfər elmi adı və dərəcəsi olan mütəxəssis müəllim olmalıdır (Bu zaman kurs və buraxılış işləri, məqbul və imtahanlar, məsləhətlər, dissertasiya işlərinə rəhbərlik üçün ayrılan saatlar nəzərə alınmır). Tədris yükü 10000 saatdan az olduqda eyni adda, yönümdə olan fənlərin müxtəlif bölmələri üzrə kafedraların yaradılmasına yol verilmir. Kafedraya elmi dərəcəsi və elmi adı olan kafedra müdiri rəhbərlik edir. Kafedra müdirinin ayrı-ayrı sahələr (tədris, elm, tərbiyə və s.) üzrə ictimai əsaslarla müavinləri olur. Kafedranın fəaliyyəti ilə bağlı məsələlər vaxtaşırı olaraq (adətən, həftədə bir dəfə) keçirilən kafedra iclaslarında müzakirə edilərək müvafiq qərarlar qəbul olunur. Kafedra aşağıdakı vəzifələri yerinə yetirir:
-mühazirələrin və praktik məşğələlərin keçirilməsi, kurs və buraxılış işlərinə, istehsalat və pedaqoji təcrübəyə rəhbərlik;
-tədris proqramları, dərslik və dərs vəsaitlərinin, tədris-metodik vəsaitlərin hazırlanması;
-elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, elmi konfransların keçirilməsi, elmi-tədqiqat işlərinin nəticələrinin nəşri və tətbiq edilməsi;
-tələbə elmi işlərinə rəhbərlik, tələbə elmi konfranslarının keçirilməsi;
-elmi-pedaqoji kadrların hazırlanması;
-tələbələrlə tərbiyə işlərinin aparılması;
-fənnin tədrisi keyfiyyətinin yüksəldilməsi, tədrisin gedişi və nəticəsinə nəzarət edilməsi;
-kafedra əməkdaşlarının ixtisasartırması, elmi-nəzəri və pedaqoji hazırlığının yüksəldilməsi, vaxtaşırı olaraq tədris və elmi fəaliyyətlə bağlı hesabatların müzakirə edilməsi və s.
Kafedrada müvafiq fənn (fənlər) üzrə tədris planında ayrılmış saatlara uyğun olaraq hər tədris ilində professor-müəllim heyətinin dərs yükünün bölgüsü aparılır, mövzu-təqvim planları tərtib və təsdiq olunur. Kafedrada tədris olunan fənlər üzrə mühazirə mətnləri və onların elektron variantları hazırlanır. Kafedra öz işini Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş Əsasnaməyə və ali məktəbin Nizamnaməsinə əsasən həyata keçirir.

  1. Ali məktəbin kollegial orqanları

Ali məktəbin idarə edilməsində inzibati rəhbərliklə yanaşı kolleqial orqanlar da həlledici rol oynayır. Ali məktəbin kollegial orqanlarına rektorluq, ali məktəbin Elmi Şurası, fakültə elmi şuraları, elmi-metodik şuralar daxildir. “Təhsil haqqında Azərbaycan Respublikası Qanunu”nda göstərildiyi kimi (maddə 30), dövlət təhsil müəssisəsinin ali idarəetmə orqanı elmi və pedaqoji şuralardır. Ali məktəbin rektoru Elmi Şuranın qəbul etdiyi qərarlar əsasında əmr və sərəncamlar verir. Rektor ali təhsil müəssisəsinin Elmi Şurasında, dekanlar isə fakültə elmi şuraları qarşısında hesabat verirlər. Ali məktəbin Elmi Şurası Təhsil Nazirinin əmri ilə təsdiq edilmiş «Ali məktəbin Elmi Şurası haqqında Əsasnamə» üzrə fəaliyyət göstərir. Elmi Şuranın tərkibinə rektor (sədr), prorektorlar, dekanlar, fakültə elmi şuralarında ali məktəbin Elmi Şurasına seçilmiş kafedra müdirləri, elmi katib, ali məktəbin tərkibində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının direktorları, idarə və şöbə müdirləri, azad həmkarlar birliyinin və tələbə gənclər təşkilatının sədrləri daxildir.
Ali məktəbin Elmi Şurası geniş səlahiyyətlərə malikdir. O, ali məktəb həyatının ən vacib məsələlərini müzakirə edib, müvafiq qərarlar qəbul edir. Bu məsələlərə aşağıdakılar daxildir:
-Elmi Şura ali təhsil müəssisəsinin Nizamnaməsini qəbul edir, lazım gəldikdə orada dəyişikliklər aparır;
-hər il ali məktəbin fəaliyyəti haqqında rəhbərliyin hesabatını, vaxtaşırı olaraq fakültə dekanlarının fakültədə tədris, elmi-tədqiqat və tərbiyə işləri barədə hesabatlarını dinləyir;
-fakültələrin, kafedraların və ali təhsil müəssisəsinin digər struktur bölmələrinin yaradılması, ləğvi, yenidən təşkili məsələlərini həll edir;
-kafedra müdirlərinin, professorların, baş elmi işçilərin seçkisini keçirir və zəruri olduqda onların tutduqları vəzifələrdən vaxtından əvvəl azad olunmaları məsələlərinə baxır;
-təhsil müəssisəsi əməkdaşlarını elmi adlara, mükafat və təltiflərə təqdim edir;
-ali təhsil müəssisəsinin maliyyə və təsirrüfat fəaliyyətinin nəticələrini müzakirə edir və s.
Elmi Şuranın qərarları rektorun əmri ilə təsdiq olunduqdan sonra qüvvəyə minir. Ali məktəbin Elmi Şurası ilə yanaşı fakültələrdə fakültə elmi şuraları fəaliyyət göstərir. Fakültə elmi şuraları fakültəyə ümumi rəhbərliyi həyata keçirir. Elmi Şuranın tərkibinə dekan (sədr), dekan müavinləri, fakültə tərkibində fəəaliyyət göstərən kafedraların müdirləri, elmi katib, kafedra iclaslarında fakültə elmi şurası üzvliyinə seçilmiş təcrübəli müəllimlər, fakültə azad həmkarlar və tələbə gənclər təşkilatlarının nümayəndələri daxil olurlar. Fakültə elmi şuraları Təhsil Nazirinin əmri ilə təsdiq olunmuş «Ali məktəbin fakültə elmi şurası haqqında Əsasnamə» üzrə fəaliyyət göstərir. Fakültə elmi şuraları müəyyən səlahiyyətlərə malikdir; fakültənin tədris-tərbiyə, elmi fəaliyyəti ilə bağlı bir çox məsələləri həll edir, müvafiq qərarlar qəbul edir.
Fakültə elmi şuralarının həll etdiyi başlısa məsələlər aşağıdakılardan ibarətdir:
-fakültədə tədris-metodik, elmi-tədqiqat işlərinin, istehsalat və pedaqoji təcrübələrin, habelə imtahanların yekunlarının müzakirəsi;
-fakültə dekanının seçkisi, professor-müəllim heyətinin boş yerlərə seçkilərinin keçirilməsi;
-fakültənin professor-müəllim heyətinə müvafiq elmi adların verilməsi üçün ali məktəbin Elmi Şurasına müraciət edilməsi;
-kafedraların tədris-metodik və elmi işləri ilə bağlı hesabatlarının müzakirəsi;
-fakültə məzunlarından doktoranturaya qəbul olunmaq üçün namizədlərin təqdim edilməsi;
-fakültədə, onun nəzdində olan kafedralarda maddi-texniki təchizatla bağlı məsələlərin müzakirəsi və müvafiq qərarların qəbul edilməsi və s.
Fakültə Elmi Şurasının sədri-dekan şuranın qərarlarının icrasını müntəzəm yoxladır və icranın vəziyyəti barədə şura üzvlərinə məlumat verir. Ali məktəbin, oradakı tədris, elmi-metodik işlərin idarə olunmasında ali təhsil müəssisəsində və fakültələrdə yaradılan elmi-metodik şuralar da mühüm rol oynayır. Bu şuraya nüfuzlu alimlər, pedaqoji-metodik cəhətdən hazırlıqlı, təcrübəli müəllimlər daxildir. Elmi-Metodik Şuranın üzvləri kafedra iclaslarında irəli sürülür. Fakültə elmi-metodik şuralarının sədrləri pedaqogika, psixologiya, metodika sahəsində yaxşı hazırlığı olan səriştəli alimlərdən seçilir. Onlar fakültə elmi şuralarının tərkibinə daxil olurlar. Elmi-metodik şuralar tədrisin elmi-metodik cəhətdən düzgün təşkilinə, ayrı-ayrı kafedralarda nümunəvi və açıq məşğələlərin keçirilməsinə, onların müzakirəsi və qiymətləndirilməsinə, mühazirə mətnlərinin və imtahan biletlərinin və ya test suallarının düzgün tərtibinə nəzarət edir, tədris prosesində qarşıya çıxan elmi-metodik problemlərin həllində, rektorluğa təkliflər hazırlanmasında fəal iştirak edirlər. Şura habelə elmi seminarlar, elmi-metodik konfranslar təşkil edir, tədris-metodik vəsaitlər, proqramlar və dərslikləri müzakirə edib onları nəşrə tövsiyə edir. Elmi-metodik şuralar professor-müəllim heyətinin öz elmi-pedaqoji səviyyəsini artırması, ixtisasartırma kurslarından keçmələri istiqamətində də fəal iş aparır. Ali məktəbə səmərəli rəhbərliyin həyata keçirilməsi bütün qüvvələrin-ali təhsil müəssisəsi rəhbərliyinin, kollegial orqanların, müəllim və tələbə təşkilatlarının qüvvələrini birləşdirməkdən, onların əməkdaşlığını təmin etməkdən çox asılıdır.

  1. Ali məktəbdə Elmi Şura

  2. Ali məktəbdə dekanlıq

  3. Təlimdə nəzarət və qiymətləndirmə




Yüklə 87,56 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə