Mövzu 11. Beynəlxalq təhlükəsizlik və onun təmin olunması Plan


Qlobal təhlükəsizliyin qeyri-hərbi aspektləri



Yüklə 40,68 Kb.
səhifə9/12
tarix07.06.2022
ölçüsü40,68 Kb.
#88982
1   ...   4   5   6   7   8   9   10   11   12
beynelxalq teh-k

6. Qlobal təhlükəsizliyin qeyri-hərbi aspektləri. Ənənəvi olaraq, təhlükəsizlik hərbi təhdidlər baxımından nəzərdən keçirilirdi. XX əsrin sonunda belə təsəvvürlər formalaşmağa başladı ki, təhlükəsizlik sahəsinə yalnız hərbi və hərbi-texniki aspektləri ("sərt təhlükəsizlik") deyil, həmçinin iqtisadiyyat, energetika, ekologiya, miqrasiya, ərzaq və s. daha geniş məsələləri daxil etmək olduqca vacibdir. Təhlükəsizliyə belə geniş baxışın formalaşması səbəbi əsasən XX əsrin ikinci yarısından bəri milli dövlətlərin sərhədlərinin "şəffaflaşması" hesab edilir. Bu proses qeyri-dövlət aktorlarının dünya səhnəsinə çıxışı ilə əlaqələndirilir. Onların fəaliyyətinə informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı münbit şərait yaradıb. Nəticədə, dövlət və vətəndaşlar bir çox mənfi (narkotik ticarəti, qanunsuz silah alveri, beynəlxalq terrorçuluq, və s.) və müsbət (iqtisadi fəaliyyətin genişləndirilməsi imkanları, beynəlxalq rabitə, beynəlxalq mühitə daxil olma və s.) amilləin təsirinə məruz qalıb. Bu isə öz növbəsində beynəlxalq gündəmdə getdikcə qeyri-hərbi təhlükəsizlik ("yumşaq təhlükəsizlik" və qeyri-ənənəvi təhlükəsizlik) problemlərinin daha üstün yer almasına rəvac vermiş oldu .
Qeyri-hərbi təhlükəsizlik – milli və beynəlxalq ölçüdə insanın inkişafına qarşı yönəlmiş sosial, iqtisadi və ekoloji çağırış və təhdidlərin aradan qaldırılması üçün zəruri kompleks şəraitlər hesab edilir. İlk dəfə olaraq bu barədə konseptual yanaşma B.Buzan və onun həmkarlarına məxsus olub. O diqqət mərkəzində mərkəzçi – dövlətin və hərbi amilin dayandığı təhlükəsizliyin ənənəvi konsepsiyasını tənqid edib. Tənqid edilən ənənəvi yanaşmanın əvəzinə, təhlükəsizliklə əlaqədar tədqiqatlarda hərtərəfli yeni strukturun əsasını qoymağa cəhd edib. Yeni yanaşmada ənənəvi hərbi amillərlə yanaşı bir sıraya "yumşaq güc sahələri"ni əhatə edən digər (iqtisadi, sosial, siyasi və ekoloji) məsələlər də daxil edilib.
Həqiqətən XXI əsrdə qarşılıqlı asılılığın qeyri-hərbi sahələrinin – iqtisadi, humanitar, ekoloji və s. rolu əhəmiyyətli dərəcədə artıb. XXI əsrdə milli, regional və beynəlxalq təhlükəsizlik sistemində hərbi problemlərdən daha çox iqtisadi, sosial və ekoloji böhranlar narahatlıq yaradır. İqtisadi sabitsizlik – sosial ziddiyyətlərdən, habelə silahlı münaqişələrdən meydana gələn və müxtəlif formalarda təzahür edən sabitsizliyin səbəbi və nəticəsi kimi şərh edilir. İqtisadi vəziyyətin pozulmasının istənilən tendensiyası ümummilli maraqlara təhlükə törədir.
Etnik millətçilik və ya milli dövlətin formalaşması əsasında dayanan etnik mənsubiyyət əksər region ölkələrində sosial və siyasi xaos yaradır. Sabitliyə daha ciddi təhlükə o zaman yaranır ki, etnik millətçiliyin təzahürləri sərhəd mübahisələri və ya qeyri-bərabər iqtisadi şəraitlə uzlaşır, bu ölkələrin rəhbərləri isə öz siyasi mövqelərini möhkəmləndirmək naminə bu narazılıqdan yararlanmaqdan çəkinmirlər.
Bundan əlavə, münaqişələr, etnik sıxışdırmalar, müharibələr nəticəsində meydana gələn miqrasiya və ya dözülməz iqtisadi şərtlər nəticəsində əhalinin nəzarətsiz yerdəyişməsi istənilən kiçik dövlətin resurslarını qısa müddətdə tükəndirə, xaosa və ictimai nizamsızlığa gətirə bilər. Qeyri-leqal immiqrantlar cinayətkarlığın, o cümlədən narkotiklərlə və silah alveri ilə bağlı cinayətlərin səviyyəsinin artmasını stimullaşdırır.
Ekoloji risklər sabitliyə yönələn təhdidlər cərgəsində öz yerini möhkəmləndirməkdədir. Suyun qeyri-rasional istifadəsi, sənaye istehsalı tullantıları, hərbi sınaqlar və toksik nüvə və kimyəvi tullantıların düzgün utilizasiya edilməməsi ətraf mühitə olduqca neqativ təsir göstərir. Sadalanan amillər kənd təssüfatına yararlı torpaq sahələrinin azalmasına, əhalinin sağlamlıq səviyyəsinin aşağı düşməsinə və işçi yerlərinin ixtisar edilməsinə səbəb olur.

Yüklə 40,68 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə