Mövzu 10. Dövlətin investisiya-innovasiya və struktur siyasəti Xülasə



Yüklə 45,17 Kb.
səhifə5/5
tarix18.05.2022
ölçüsü45,17 Kb.
#87250
növüXülasə
1   2   3   4   5
Mövzu 10

Iqtisadiyyatın resurs strukturu. Bərpa olunan və olunmayan resurslardan səmərəli istifadə və onların istehsalını nəzərdə tutur.
Dövlətin struktur siyasətinin əsasında iqtisadiyyatın prioritet sahələrinin seçilməsi və onların inkişaf etdirilməsi durur.
Respublika iqtisadiyyatında sənayenin neft sektoru prioritet sahədir. Buna görə də 2000-2013-cü illərdə sənayenin ümumi məhsulu (Ümumi Daxili Məhsulda) artmağa meyllənmişdir. Buna isə əsasən neft sektoruna istiqamətlənmiş investisiya axınının xüsusi çəkisinin artması səbəb olmuşdur.
Məlumdur ki, mülkiyyət formalarına əsaslanan bazar iqtisadiyyatı şəraitində dövlətin struk­tur siyasətinin sosial-iqtisadi məzmunu, istiqamətləri, forma və metodlarında keyfiyyət dəyişik­likləri baş verir. Bazar iqtisadiyyatının özünü tənzimləmə və özü inkişaf mexanizmi bazar konyuk­turasında dəyişikliklərin təsiri altında iqtisadiyyatda struktur irəliləyişlərini istiqamətləndirir və bu irəliləyişlərin effektliyini təmin edir. Lakin hətta klassik bazar iqtisadiyyatı şəraitində də dövlətin struktur siyasətini yeritməsi zərurəti aradan qalxmır. Bu zaman iqtisadiyyatda struktur irəliləyişlərinin stimullaşdırılması zəruriyyətə çevrilir və aşağıdakı amillərlə şərtlənir:

  • Elm və texnikanın ən qabaqcıl nailiyyətləri əsasında formalaşmış yeni sahələrə dövlət tərəfindən maliyyə yardımının göstərilməsi ilə;

  • Təsərrüfat əlaqələrinin, xüsusilə sahələrarası əlaqələrin son dərəcə mürəkkəbləşdiyi bir şəraitdə elmi-texniki tərəqqinin daşıyıcısı olan sahələrin inkişafının dövlət tərəfindən stimullaşdırılması vasitəsilə iqtisadiyyatın sahələrarası strukturunun təkmilləşdirilməsi zərurəti ilə;

  • Fiziki və mənəvi cəhətdən çox tez aşınan istehsal avadanlığının vaxtında təzələnməsini stimullaşdırmaq məqsədi ilə;

  • Iqtisadi infrastruktur sahələrinin inkişafı məqsədi ilə;

  • Ərazi problemlərinin həlli üçün iqtisadiyyatın ərazi struktu­runun inkişafının tənzimlənməsi yolu ilə.

Uzun illərin təcrübəsi göstərmişdir ki, bazar iqtisadiyyatı şəraitində dövlət əgər göstərilən istiqamətlərdə düzgün struktur siyasəti yeritməzsə, iqtisadiyyatın strukturunda elə zəif həlqələr yaranar ki, bütövlükdə iqtisadi-sosial inkişafı ləngidə bilər.
Iqtisadiyyatda struktur irəliləyişlərinin həyata keçirilməsi üçün vəsait lazımdır. Bu vəsaitin əsas mənbəyi vergi və amortizasiyalardır. Buna görə də iqtisadiyyatın strukturunun tənzimlənməsinin mühüm alətlərini vergi və amortizasiya siyasəti təşkil edir.
Məsələn, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin əksəriyyətində istehsal təyinatlı avadanlığın alınmasına yönəldilən əsaslı vəsait qoyuluşunun müəyyən hissəsi üçün xüsusi korporasiyalara vergi güzəştləri müəyyən edilir. Bu güzəştin mahiyyəti ondan ibarətdir ki, kompaniyalara həmin məqsədə yönəldilmiş vəsaitin müəyyən hissəsindən (7-12 faizə qədər) büdcəyə ödənilən verginin azaldılması hüququ verilir.
Bu tədbir iqtisadiyyatın müəyyən sahələrinin xüsusən ağır maşınqayırma, cihazqayırma, EHM –nin istehsalı sahələrinin məh­sulları üçün iqtisadi konyukturanın genişlənməsinə və nəticədə onların sürətlə inkişafı üçün şərait yaradır ki, bu da iqtisadiyyatda dövlətin nəzərdə tutduğu istiqamətlərdə struktur irəliləyişlərini şərtləndirir.
Iqtisadiyyatda struktur irəliləyişlərinin stimullaşdırılmasında dövlətin amortizasiya siyasəti böyük rol oynayır. Bu siyasətin əsas elementlərindən biri müntəzəm olaraq, təxminən hər 10 ildən bir əsas kapitalın xüsusi ilə onun aktiv hissəsinin işləmə müddətinin azaldılmasıdır.
Avadanlıqların işləmə müddətini qısaltmaq yolu ilə, bir tərəfdən avadanlıq istehsal edən sahələr üçün konyukturanı yaxşılaşdırır, digər tərəfdən isə avadanlığın işləmə müddətinin sahələr üzrə diferensasiya etmək yolu ilə ayrı-ayrı sahələrin daha sürətlə inkişaf etməsi üçün əlverişli şərait yaradır.
Dövrü olaraq avadanlığın işləmə müddətinin azaldılması ilə yanaşı, dövlətin amortizasiya siyasətində bu azaldılmış müddətlər çərçivəsində sürətləndirilmiş amortizasiya metodlarından da geniş istifadə olunur. Bu əsasən iki metoddan ibarətdir:

  1. «azalan qalıq» metodu-

  2. «rəqəmlərin cəmi» metodu

«Azalan qalıq» metodunun mahiyyəti ondan ibarətdir ki, ondan istifadə edilərkən birincisi bir qayda olaraq bərabər amortizasiyalaşma metodunda olduğundan 1,5- 2,0 dəfə yüksək amortizasiya norması müəyyən olunur, ikincisi isə, amortizasiya ayırmaları əsasən kapitalın qalıq dəyərindən sabit faizlərlə müəyyən olunur.
Sürətli amortizasiyalaşmanın digər metodu «rəqəmlərin cəmi» metodudur. Bu metodun mahiyyəti ondan ibarətdir ki, ondan istifadə olunan zaman amortizasiya norması əks ardıcıllıqla əsas kapitalın işləmə müddətinin rəqəmlər cəminə bölməklə müəyyənləşdirilir.
Dövlətin struktur siyasətində kredit-pul siyasətindən də geniş istifadə olunur. Bu siyasət vasitəsilə dövlət tərəfindən elə makro-iqtisadi şərait yaradılır ki, iqtisadiyyatda üstünlük verilən sahələrin xeyrinə struktur dəyişiklikləri baş versin.
Pul-kredit mexanizmi vasitəsilə iqtisadiyyatda struktur irəliləyişlərinin tənzimlənməsi, xüsusilə ABŞ-da geniş yayılmışdır. Bu mexanizmin əsasında ölkənin mərkəzi bankı rolunu oynayan Federal ehtiyatlar sistemi vasitəsilə bank uçot dərəcələrinin, bu sistemə daxil olan banklar üçün məcburi ehtiyat normalarının tənzimlənməsi durur.
Iqtisadiyyatda struktur irəliləyişlərinin dolayı stimullaşdırılması metodlarından əlavə dövlət tərəfindən birbaşa metodlardan da geniş istifadə olunur. Struktur siyasətinin birbaşa metodlarına aşağıdakılar daxildir:

  1. dövlət tərəfindən əmtəə və xidmətlərin alınması;

  2. elmi-tədqiqat, təcrübə, konstruktor və layihə işlərinin dövlət bıdcəsindən maliyyələş­dirilməsi;

  3. iqtisadiyyatın ayrı-ayrı sahələrinin subsidiyalaşması və kreditləşməsi.

Dövlət əmtəə və xidmətlərin çox böyük istehlakçısı kimi, hökumət sifarişini yerləşdirmək mexanizmi vasitəsilə həm bazar konyukturasının həcminə, həm də onun sahə və ərazi strukturuna əhəmiyyətli təsir göstərir.
Elmi-texniki inqilab şəraitində iqtisadiyyatın strukturunda mütərəqqi irəliləyişlərin dövlət stimullaşdırılmasının çox mühüm vasitələrindən biri də dövlət tərəfindən prioritet sahələrdə elmi-tədqiqat və təcrübə – konstruktor işlərinin təşkili və maliyyələşdirilməsidir. Xüsusi kompaniyalara belə formada yardım vasitəsilə yeni sahələrin formalaşması zamanı çox əhəmiyyətli maliyyə riskinin bir hissəsini dövlət öz üzərinə götürür və beləliklə, bu sahələrə investisiya axınını stimullaşdırır.
Dövlətin struktur siyasətində ayrı-ayrı sahələrə büdcədən birbaşa subsidiya və kreditlərin verilməsi də əhəmiyyətli rol oynayır. Belə sahələr içərisində kənd təsərrüfatı, mənzil-tikinti, istehsal infrastrukturası mühüm rol oynayır.
Amerika fermerlərinə dövlət krediti, bir qayda olaraq dövlət-kooperativ maliyyə idarəsi tərəfindən verilir. Bu kreditin əsas məqsədi kənd təsərrüfatının strukturunu bazarın konyukturasından qorumaq, onu dövlətin ali mənafelərinə tabe etdirməkdir.
Dövlət fermerlərin maliyyə asılılığından istifadə edərək həm kənd təsərrüfatı istehsalının həcmini, həm də onun aparıcı sahələrinin inkişafını stimullaşdırmaq yolu ilə onun strukturuna fəal təsir göstərir.
Iqtisadi inkişafda dövlətin struktur siyasəti onun prioritet sahələ­rinin müəyyən edilməsidir. Struktur siyasətinə həmçinin, istehsalın intensivləşdirmə səviyyəsinin seçilməsi, sahə strukturunun forma­laşması, əsaslı vəsait qoyuluşundakı siyasət və təbii resurslardan səmərəli istifadə edilməsi daxildir.
Struktur siyasəti iqtisadi inkişafın artım amillərinin bölüşdü­rül­məsi və istifadə istiqamətlərinin müəyyən edilməsi ilə həyata keçirilir.
Iqtisadiyyatın inkişafının struktur siyasəti dəyişkəndir. Belə ki, cəmiyyətin inkişafının reallığından asılı olaraq o, dəyişilə bilər.
Struktur anlayışı – eyni cinsli məhsul istehsal edən, bir-biri ilə daxili əlaqəyə malik olan, eyni və ya oxşar funksiyaları yerinə yetirən sahələrin məcmusunu əks etdirir. Məsələn, sənaye, kənd təsərrüfatı, nəqliyyat və s.
Iqtisadiyyatın strukturunun müəyyənləşdirilməsi qayğısı əsasən dövlətin üzərinə düşür. Çünki bazar iqtisadiyyatı şəraitində özəl müəssisələrlə yanaşı dövlət mülkiyyəti də fəaliyyət göstərir. Özəlləşdirilmiş müəssisələr tələb və təklifdən asılı olaraq öz işlərini planlaşdırır və daha çox mənfəət almağa çalışırlar.
Iqtisadi strukturun dəyişilməsinin müsbət nəticələrinin alınması üçün struktur effektliyi müəyyən edilir. Bu struktur dəyişikliyi indeksi ilə, iqtisadiyyatın əsas göstəricilərinin dinamikası arasındakı əlaqəni göstərir.
Dövlətin struktur siyasəti elə olmalıdır ki, istehsalın inkişafına struktur dəyişikliyi aparmaq yolu ilə təsir göstərə bilsin.
Bu hər şeydən əvvəl istehsal vasitələri I bölmə və istehlak şeyləri II bölmə arasındakı nisbəti tənzimləmək üçün istehsalın strukturunun yaradılmasıdır. Çünki cəmiyyətin ilkin tələbi istehlakdır və buna nail olmaq üçün o yollar axtarmalıdır. Bu isə istər-istəməz istehsalın səmərəli strukturunun yaradılmasına gətirib çıxarmalıdır.
Istehsalın son nəticəsi keyfiyyətli məhsul istehsalıdır.
Bu baxımdan istehsalda struktur siyasəti elə olmalıdır ki, istehsal olunan məhsulun tələbata uyğun, rəqabət qabiliyyətli olmasına şərait yaransın.
Dövlət tərəfindən iqtisadi strukturun tənzim olunmasına diqqətin artırılması, istehsalda struktur böhranının baş verməsi təsiri nəticəsində daha da mühüm əhəmiyyət kəsb edir.
Istehsalın struktur böhranı klassik xarakter daşımayan geniş yayılmış böhran hadisəsidir. Belə böhranlar təxminən 70-80-ci illərdə dünya iqtisadiyyatında baş vermişdir ki, onlara da aiddir:

  1. Dünya enerji böhranı.

  2. Xammal böhranı.

  3. Ərzaq böhranı.

  4. Valyuta-maliyyə böhranı.

  5. Ekoloji böhran.

Bu böhranlar siyasi partiyanın hər hansı birisinin iqtidarda olmasından asılı olmayaraq iqtisadi inkişafda uzun müddət baş verən qeyri mütənasibliklər nəticəsində meydana çıxır. Məsələn, istehsalla istehlak arasındakı mütənasibliyin pozulması ifrat istehsal yaradır – bu böhrandır. Və ya xalq istehlakına yaramayan məhsul istehsalı qıtlıq yaradır ki, bu da böhrandır.
Deməli, hər iki halda tarazlıq pozulmuşdur və bu da böhrana səbəb olmuşdur.
Məsələn, enerji böhranı. Bu böhran (1970-1985) neft istehalçıları ilə, onları istismar edənlər arasında qiymətlə əlaqədar olaraq meydana çıxmışdır. Belə ki, 1972-ci ildə beynəlxalq neft karteli neft hasilatının 90 faizinə nəzarət edərək, onu çox aşağı qiymətdə istehsalçılardan alırdılar. (1 barel 1,9 dollar). Neft hasilatını azaldan istehsalçılar onun fiziki çatışmamazlığı kimi qələmə verirdilər. Haradasa neft istehsalçıları 60-cı illərdə neft kompaniyalarını milliləşdirərək neftin qiymətini qaldırdılar. (1 barel 35-40 dollar). Bu Qərbi Avropa ölkələrində və Yaponiyada enerji böhranları yaratdı.
Struktur böhranına 1974-1975-ci illərin metal emalı sahələrini də aid etmək olar. Texniki tərəqqinin inkişafı ilə əlaqədar olaraq bəzi metal konstruksiyalar kimyəvi xammalla (plastik kütlə) əvəz edildi. Nəticədə Cənubi Koreya və Braziliyada böhran yarandı. Və yaxud Almaniyada ekoloji tədbirlərə 6 faiz milli məhsulun sərfi əvəzinə 1,2 faiz verilməsi ölkədə ekoloji böhran yaratmışdır.
Bizim keçmiş ölkəmiz SSRI-dəki böhranların əsas kökü inzibati-amiranəlik metodundan doğmuşdur. Belə ki, həmin metod bütün iqtisadi qanunları kor-koranə pozmaq yolu ilə ölkənin və o, cümlədən respublikamızı hazırki çətin vəziyyətə salmışdır.
Məsələn, respublikamız 70 ildən çox SSRI-nin xammal bazası olmuşdur. Respublikanın nefti, pambığı, baraması, yunu, şərab xammalı, faraş tərəvəzi, meyvəsi və s. ucuz qiymətə alınıb emal edilib hazır məhsul formasında özümüzə yüksək qiymətlə satılmışdır.
Respublikanı bürüyən ərzaq böhranının aradan qaldırılması üçün 1982-ci ilin may ayında «Ərzaq proqramı»na uyğun proqram qəbul edilmişdir. Lakin həmin proqramın həyata keçirilməsinin maddi əsası olmadığı üçün 1990-cı ilə qədər nəzərdə tutulmuşdursa da, bu sahədə əsaslı bir irəliləyiş olmamışdır.
Ekoloji böhran haqqında isə respublikanın vəziyyəti daha faciəlidir. Təkcə onu qeyd etmək kifayətdir ki, respublika ərazisində müharibə gedir, yandırılan evlər, atılan top mərmiləri, raket və s. respublikanın fauna və florasını pis vəziyyətə salmışdır. Belə böhranlardan çıxılmasının yeganə yolu respublikada iqtisadiyyatın strukturunun dövlət tənzimlənməsinin həyata keçirilməsi ola bilər.
Struktur siyasəti – elmdə, texnikada və texnologiyada baş verən mütərəqqi dəyişikliklərə uyğun olaraq ictimai və fərdi tələbatları nəzərə alaraq ictimai istehsalın planauyğun surətdə yenidən qurulmasına yönəldilmiş tədbirlər sistemidir. Dövlət tərəfindən struktur siyasətinin tənzim olunmasına daxil edilə bilər:

  1. Elmi-texniki tərəqqinin inkişafında qlobal problemlərin həlli.

  2. Əsaslı vəsait qoyuluşunda investisiya siyasəti.

  3. Məhsuldar qüvvələrin yerləşdirilməsi qanunauyğunluğunun təmin olunması.

  4. Yeni məhsul istehsalı üçün texnologiyanın yaradılması.

  5. Xarici investorların təkliflərindən istifadə edilməsi.

Qeyd etmək lazımdır ki, yuxarıda qeyd edilən çatışmazlıqların əksər hissəsi, dövlətin həyata keçirdiyi düzgün və səmərəli iqtisadi siyasət əsasında aradan qaldırılmaqdadır. Belə ki, neft sektorundan əldə edilmiş gəlirlərin, qeyri-neft sektoruna istiqamətləndirilməsi, iqtisadiyyatda struktur irəliləyişlərinə nail olmaq üçün bir sıra kompleks tədbirlərin həyata keçirilməsi misal ola bilər.


Yüklə 45,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə