Microsoft Word Cami Yusif ve Zuleyxa doc


ƏZİZİN  ÖLÜMÜNDƏN  SONRA  ZÜLEYXANIN



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə37/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   33   34   35   36   37   38   39   40   ...   49

 
214 
ƏZİZİN  ÖLÜMÜNDƏN  SONRA  ZÜLEYXANIN  
AHÜ-ZAR  ETMƏSİ  VƏ  YUSİFİN 
FƏRAQ  ODUNA  YANMASI 
 
Züleyxa möhnətlə ötən bir quşdu, 
Qəfəsdə quş kimi tək oturmuşdu. 
Bir zaman yar idi ona səadət, 
Yaşardı gül kimi gülşəndə afət. 
Evdə bəslənərdi o zərif çiçək, 
Üstündə əsərdi Əziz kölgə tək. 
Eyşü-işrət üçün hər şeyi vardı, 
Üzü çıraq kimi işıq saçardı. 
Dilindən düşməzdi Yusifin adı, 
O idi diləyi, eşqi, muradı. 
Elə ki Əziz də əlindən getdi, 
Xoşbəxtlik büsbütün onu tərk etdi. 
Təkcə Yusif oldu könül həmdəmi
Canını sarsıtdı Yusifin qəmi. 
Viranə bir evdə salaraq məskən, 
O möhnət mülkünü sandı bir vətən. 
Qəmindən nə yatıb, nə də yeyərdi, 
Gözdən qan-yaş töküb belə deyərdi: 
– Necə xoşbəxt idim o günlər, aman, 
Ki, bir mənzildəydi mənimlə canan 
Mənim olmasa da, gözüm önündə 
Gəzərdi, üzünü görərdim gündə. 
Özümü qılaraq nemətdən məhrum, 
Əlimlə zindana düşdü o məzlum. 
Gecələr gizlicə gedib zindana
Baxardım ayüzlü əziz canana. 
Gündüzlər zindana baxdıqca hər dəm, 
Könlüm güzgüsündən silinərdi qəm. 
İndisə düşmüşəm ayrı onlardan, 
Sinəmdə yaralar, ürəyimdə qan. 
 
215 
Yardan ayrılalı, yalqız qalalı, 
Könlümdə yaşayır yalnız xəyalı. 
Cismimin ruhudur o əziz xəyal, 
Onsuz yaşamağım mahaldır, mahal. 
Gəldi bu sözlərlə ahü nəvaya, 
Ahından od düşdü günəşə, aya. 
Başı üstdə çətir var idi ahdan, 
Fələk etdi onu üzünə qalxan. 
Sipər olmasaydı, bil, ah oxları, 
Fələyin köksünü yarardı yarı. 
Qopduqca ahından o qara tüstü, 
Çətirlə büründü başının üstü. 
Bəla günəşindən o nazənin qız, 
Qorunardı haman çətirlə yalnız! 
Qanlı yaş tökərdi kirpiklərindən, 
Laxta-laxta qana yaş deyirəm mən! 
Dodağı yanardı ürək odundan, 
Kirliyi o oda çiləyərdi qan. 
Dodaqdan silməzdi qanı o dilbər, 
Açardı üzündə qandan lalələr. 
Ənniktək üzünə yaxaraq qanı, 
Yarla təzələrdi əhdü peymanı, 
Bu əhdü peymana gülüzlü nigar
Öz ciyər qanını edərdi nisar. 
Dırnaqla qoparıb gül yanağını, 
Gözdən axıdardı qan bulağını. 
Qanı mürəkkəbdi, gözləri davat, 
Könlünün qəminə yazardı barat. 
Salıb sinəsinə, üzünə dırnaq, 
Cananı canında görərdi ancaq. 
Əliylə dizinə döydükcə həmən, 
Nilufər rəngini alardı sənəm. 
Yəni yar eşqində mən dərbədərəm, 
Yusif bir günəşsə, mən nilufərəm. 


 
216 
Məşriq günəşidir sevdiyim dilbər, 
Mən onun eşqində olum nilufər. 
Bağrını döyərdi sənubər kimi, 
Sorardı barmağın neyşəkər kimi. 
Ağappaq əlləri olardı əlvan, 
Yaralı barmaqdan sızılan qandan. 
Qanlı barmağını edərəm qələm, 
Ovcunu kağıza döndərib hərdəm, 
Yazardı qəmindən, eşqindən dastan
Lakin oxumazdı o xətti canan. 
İllərlə bu idi işi, peşəsi, 
Canına işlədi hicran tişəsi. 
Aldı gəncliyini əlindən fələk, 
Qır kimi saçları ağardı süd tək. 
Gecə köçüb getdi, açıldı səhər, 
Mişkinə kafurdan düşdü ləkələr. 
Qəzanın oxuyla qarğa vurulmuş, 
Onun yuvasında oturdu bayquş. 
Qarğanın yerini bayquş tutunca, 
Qocalıq məskəni oldu bağ-bağça. 
Ağladı, gözünün qarası itdi, 
Nərgis bağçasında yasəmən bitdi. 
Fələk işlətdiyi hiylə, təzvirdən, 
İşıqlı gözləri qaraldı birdən. 
Həyat çeşməsini tapmadı məgər, 
Zülmətdən işığa eylədi səfər. 
Məgər Hindistandan götürdü örnək, 
İşləri tərsinə döndü hindu tək! 
O üz ki gül kimi gülərdi müdam, 
Soldu, necə solar nilufər axşam. 
Naz ilə qaşında düyünlənən çin
Endi qalxan kimi üzünə çin-çin. 
Hələ xatirimə gətirmirəm mən 
Ki, su ləpələnsin, külək əsmədən! 
 
217 
Lakin əsməsə də, əssə də külək, 
Üzü ləpəliydi onun dəniz tək. 
Sərv tək qəddini qəm yükü əymiş, 
Başı halqa kimi ayağa dəymiş. 
Əynində nə atlaz, nə də ipək var, 
Nə də paltarında gövhər parlayar. 
Bəyaz gərdənində yoxdur gərdənbənd, 
Qalmamış üzündə o zərli rubənd. 
Altında döşəyi bir ovuc torpaq, 
Balışı kərpicdir, bədəni çılpaq. 
Yusifin eşqiylə o torpaq döşək, 
İpəkdən yumşaqdır, tirmədən qəşəng. 
Balışı kərpicdən olsa da əgər
Sanardı cənnətdə yatır o dilbər, 
Mən onun halını müxtəsər dedim. 
Deşərək yüz inci, yüz gövhər, dedim. 
Düşməzdi dilindən Yusifin adı, 
Yox idi Yusifdən qeyri muradı. 
O vaxt ki doluydu xəznəsi zərlə, 
Minlərlə mücrüsü ləlü gövhərlə. 
Kim ona versəydi Yusifdən xəbər, 
Ayağı altına səpərdi gövhər. 
Ağzını gül kimi açıb birinci, 
Nə qədər tutsaydı, qoyardı inci. 
Xalqı varlandırdı onun bəxşişi, 
Tükəndi xəznədə qızıl-gümüşü. 
Palaza büründü o nazik bədən, 
Oldu bel bağısı xurma lifindən. 
Yusifdən bir kimsə vermədi xəbər
Sükut qıfılıyla bağlandı ləblər. 
Keçdi o günlər ki hər dil, hər dodaq, 
Yusifdən yarına verərdi soraq. 
Belə bir qərara gəldi o canan, 
Yol üstə bir daxma qursun qamışdan. 


 
218 
Düşərsə oradan yarın güzarı, 
Ayaq səslərini eşitsin, barı. 
İşrət məclisinin sazı susaraq, 
Canan vüsalından düşmüşdü uzaq. 
Əldən ixtiyarı büsbütün çıxmış, 
Dərdü qəm o sərvi torpağa yıxmış. 
Bir xəbər gətirən yoxdur yarından, 
Qasid gözləyirdi yar diyarından. 
Gah etdi küləyə sirrini bəyan, 
Gah quşa söylədi, xəbər ver yardan! 
Bir yolçu görüncə yolda o dilbər
Üzünün, gözünün tozunu silər, 
Gah əlindən öpər, gah ayağından, 
Deyərdi bu gəlmiş yar torpağından, 
Bilirdi bu yoldan keçsə cananı, 
Gözü görməyəcək, şanlı sultanı, 
Yolunun tozundan alıb təsəlli, 
Yol üstdə durardı dünya gözəli. 
 
219 
ZÜLEYXA  YUSİFİN  YOLU  ÜSTƏ  QAMIŞDAN 
ALAÇIQ  TİKDİRİR,  YOLDAN  KEÇƏN YUSİF 
QOŞUNUNUN  AYAQ SƏSİNDƏN TƏSƏLLİ  
ALMAQ  İSTƏYİR 
 
Təklikdən Züleyxa artıq bezikdi, 
Yol üstə qamışdan bir daxma tikdi. 
Daxmanı hər yandan qamış çulğamış, 
Ney kimi inildər, sızlar hər qamış. 
Fəraq nəğməsini başlayan zaman, 
Nalələr yüksələr hər bir qamışdan. 
Hicran atəşinə canı yanardı. 
Ahından qamışlar alovlanardı. 
Qamış alaçıqda sanki bir şikar 
Yıxılmış, almışdı dövrəsin oxlar. 
Lakin o, eşqdən baxəbər idi
Gözündə hər bir ox neyşəkər idi. 
Deyirlər, Yusifin vardı bir atı, 
Dördnala çapardı bu kainatı. 
Rəngi ala idi fələklə ortaq, 
Gecədən günduzə vurmuşdu yamaq. 
Onda nur da vardı, zülmət də vardı, 
Gecəsi gündüzlə tən barabardı. 
Düymüş quyruğunu çarxın qurşağı, 
Bədrin kasasını qırmış dırnağı, 
Qızıl bir hilal var hər dırnağında, 
Sanki ulduz parlar çarxın tağında. 
Daşlar əzilərdi o qızıl naldan, 
Yüz ulduz doğardı hər bir hilaldan. 
Çaparkən salsaydı nalın birini, 
Fələkdə tutardı hilal yerini. 
Ovlaqda qaçarkən, sanki, bir ceyran, 
Ox kimi ötərdi ovun yanından. 
Onu çapsaydılar şərqdən qərbə, 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə