KüSKÜn göZƏLÇƏLƏRİMİ xatirlayarkəN



Yüklə 322,12 Kb.
Pdf görüntüsü
səhifə8/13
tarix26.03.2018
ölçüsü322,12 Kb.
#34302
1   ...   5   6   7   8   9   10   11   12   13

şəxsi mülkiyyətidir, heç də hərbi qənimət deyil. Bezib axırda pişiyi başlı-başına buraxdım. 

   Axşama yaxın leysan tökdü, qasırğa az qalırdı evi yerindən qoparsın. Asqırırdım, başım ağrıyırdı, 

hərarətim yüksəlmişdi, ancaq mənə, sanki, heç bir yaşda və şəraitdə hiss etmədiyim güc, qətiyyət 

gəlmişdi. Daman yerlərin altına ləyən qoydum, aydın oldu ki, yırtıq-deşik keçən qışa nisbətən çoxalıb. 

Ən iri yırtıqdan daman su artıq kitabxananın sağ tərəfini basmağa başlamışdı. Oradakı yunan və latın 

kitablarını xilas etməyə tələsdim, ancaq kitabları rəfdən götürəndə divardan su fışqırdı, demə, boru 

partlayıbmış. Vaxt qazanıb, kitabları xilas etmək üçün bacardığım qədər deşiyə əski tıxadım. Yağış və 

külək parkda get-gedə lap tüğyan edirdi. Birdən göy dəhşətlə guruldadı və ildırım tavanı doğradı, qatı 

kükürd qoxusu ətrafı bürüdü, eyvanın şüşələri sındı və dənizdən qalxan fırtınalı külək cəftələri qoparıb, 

evə soxuldu. Ancaq heç on dəqiqə də keçmədi ki, hər şey birdən sakitləşdi. Gün çıxıb, qır-qırıntı və 

zibillə örtülmüş küçəni qurutdu, isti geri qayıtdı. Leysan keçdi, amma evdə tək olmadığım duyğusu 

qaldı. Bunun bir izahı var: həqiqətən baş verən şeylər bəzən unudulsa da, heç vaxt baş verməyən şeylər  

həqiqətən olubmuş kimi yadda qalır. Və indi o leysanı xatırlayanda özümü evdə tək-tənha hiss etmirəm, 

Cüllüt də həmişə mənimlədir. Gecə qızı elə yaxında hiss etdim ki, onun nəfəsini, yastığıma söykənən 

yanağının hərdən necə titrədiyini də duydum. 

   Yalnız onda anladım ki, bu qısa vaxtda birlikdə çox işlər görə bilərdik. Yadımdadır, kitabxanada 

kətilin üstünə çıxmışdım, o isə güllü donunda oyanıb, islanmasın deyə kitabları yığırdı. Onun təpədən 

dırnağa islanmış halda, topuğa qədər su içində tufanla vuruşaraq, evdə oyan-buyana qaçdığını 

görürdüm. Xatirimdədir, ertəsi gün o, bu evdə çoxdan unudulmuş səhər yeməyi hazırladı və mən gecə 

seldən sonra döşəməni qurulayıb, evi sahmana salana qədər süfrə açdı. Və süfrə arxasında onun necə 

tərs-tərs mənə baxması heç vaxt yadımdan çıxmaz: «Sən axı niyə belə qoca vaxtında mənimlə tanış 

oldun?» Mən ona həqiqəti dedim: məsələ yaşda deyil, özünü neçə yaşda hiss etməyindədir. 

   Həmin vaxtdan onu yadımda elə aydın saxlamışdım ki, onunla istədiyimi eləyirdim. Ovqatımdan asılı 

olaraq, gözünün rəngini dəyişirdim. Yuxudan duranda bu gözlər dəniz rəngində olurdu, güləndə mis 

rəngində, hirslənəndə alov rəngində. Yenə də ovqatımdan asılı olaraq, onu yaşına və şəraitə uyğun 

geyindirirdim: iyirmi yaşında – aşiq olmuş təvazökar qadın, qırx yaşında – özünü kübar qadınlara 

bənzətməyə çalışan yüngüləxlaqlı qadın, yetmişində – Babilistan çariçası, yüz yaşında isə – müqəddəs. 

Birlikdə Puççininin eşq duetlərini, Aqustina Laranın bolerosunu, Karlos Qardelin tanqosunu oxuyurduq 

və bir daha inanırdıq ki, oxuya bilməyənlər bunun necə böyük xoşbəxtlik olduğunu təsəvür eləməzlər. 

İndi mən tamamilə əminəm: bu, ağlın çaşması deyildi, doxsan yaşında ömrümdə ilk dəfə məni tapan 

məhəbbətin möcüzəsi idi. 

   Evi qaydaya salandan sonra, Rosa Kabarkasa zəng vurdum. «İlahi! – səsimi eşidib qışqırdı, – mən isə 

elə bilirdim sən boğulmusan». O anlaya bilmirdi ki, necə olur, gecəni qızla keçirəsən, ancaq yenə ona 

toxunmayasan. «Bəlkə o, xoşuna gəlmir, öz işindi, amma özünü, heç olmasa, böyük kimi apar». 

İstədim ona izah eləyəm, di gəl Rosa birdən mövzunu dəyişdi: «Yaxşı, səndən ötrü yaşca ondan böyük 

bir gözəl qız da var, o da bakirədir. Atası onu evə dəyişmək istəyir, intəhası, sövdələşmək olar». Ürəyim 

əsdi. «Sən nə danışırsan, – qorxub tezcə etiraz etdim, – həminkini istəyirəm, hər şey də razılaşdığımız 

kimi mübahisəsiz və cəncəlsiz olsun». Dəstəkdən bir müddət səs çıxmadı, nəhayət, sakitləşmiş səs, elə 

bil, özü ilə danışırmış kimi dedi: «Hə, hiss olunur, həkimlər bunu qocalara xas kəmağıllıq 

adlandırırlar». 

   Mən oraya düz saat onda, sual verməmək kimi qeyri-adi nəzakətinə görə yadımda saxladığım tanış 

sürücü ilə getdim. Özümlə kiçik ventilyator, Orlando Rivera-Fiquritanın sevdiyim rəsm əsərini, eləcə 

də şəkli asmaq üçün çəkic-mismar götürmüşdüm. Yolüstü dayanıb, diş fırçası, diş məcunu, əl-üz 

sabunu, tualet suyu «Aqua de-Florida» və biyanlı nabat aldım. Kağız güllər olan dibçəyi əvəz etmək 

üçün güldan, bir dəstə də hind qızılgülü almaq istədim, ancaq hər yer artıq bağlanmışdı, məcbur olub 

kiminsə bağından yenicə açmış bir neçə astromeliya oğurladım. 

   Ev sahibəsinin məsləhətinə əməl edib, məni bağa açılan qapıda görməsinlər deyə evə arxadan, 

akveduk tərəfdən yaxınlaşdım. Sürücü xəbərdarlıq etdi: «Ehtiyatlı olun, ağa, bu evdə adam öldürürlər». 

Mən cavab verdim: «Eşq yolunda ölmək də olar». Həyət qaranlıq idi, ancaq pəncərələrdə işıq yanırdı, 



altı otağın hamısında isə bayağı musiqi  guruldayırdı. Mənim otağımdan eşidilən Migel Matamorosun 

bolerosunu oxuyan amerikalı tenor don Pedro Varqasın məlahətli  səsi daha hündürdən çıxırdı. Hiss 

etdim ki, indicə öləcəm. Nəfəsim kəsilirdi, qapını itələdim və Delqadinanı yataqda həmişə xatırladığım 

kimi gördüm: o, çılpaq halda, ürəyinin üstündə şirin-şirin yatırdı. 

   Uzanmamışdan tualet ləvazimatlarını çıxartdım, pas atmış ventilyatorun yerinə təzəsini qoydum və 

rəsm əsərini divardan elə asdım ki, yatağından görə bilsin. Sonra yanında uzanıb, onu seyr etməyə 

başladım. Mənim evimdə gəzən həmin qızdı: qaranlıqda toxunmaqla məni tanıyan əllər, pişik kimi 

yumşaqca yerə basdığı ayaqlar, mələfəmdəki  həminki tər qoxusu və üskük taxdığı həmin barmaq. 

Ancaq inanılmaz şeydi: canlı surətdə gördüyüm, əllərimi toxundurduğum adam xəyalımda 

yaşatdığımdan daha az real idi. «Divarda, sənin qarşı tərəfində tablo var, – qıza dedim. – Bu tablonu 

Fiqurita çəkib, biz onu çox sevirdik, o, dünyanın ən yaxşı fahişəxana rəqqası idi, elə mərhəmətliydi, 

hətta şeytana da yazığı gəlirdi. O, bu tablonu Syerra Nevada-de-Santa-Mariya dağlarında qəzaya 

uğramış təyyarənin dəmiri üzərində gəmi boyası və öz itinin tükündən düzəltdiyi fırça ilə çəkib. 

Tabloda təsvir olunan qadın onun monastırdan qaçırıb evləndiyi rahibədir. Mən şəkli elə yerdən 

asmışam, oyananda  ilk gördüyün o olsun». 

   Gecə saat birdə mən işığı keçirəndə o, yenə həmin vəziyyətdə uzanmışdı və elə sakit nəfəs alırdı ki, 

sağ olduğuna inanmaq üçün hətta nəbzini yoxladım. Damarlarında səssiz mahnı kimi axan qan 

bədəninin ən gizli yerlərinə çatıb, sevginin təmizlədiyi ürəyinə qayıdırdı. 

   Keçən dəfə getməmişdən qabaq onun əl cizgilərini kağıza köçürdüm və ürəyini oxumaq üçün onu 

Diva Saxibə verdim. Ortaya belə şeylər çıxdı: o yalnız fikrində olanları deyir. Əl işində çox 

qabiliyyətlidir. Ölmüş adamla əlaqədədir, ondan kömək umur, ancaq əbəs yerə: güvənə biləcəyi adam 

yanındadır. Heç kimlə yaxınlıq etməyib, ixtiyar yaşında ərli qadın kimi öləcək. İndi onun kişisi var

qarabuğdayıdır, ancaq bu onun həyatının kişisi deyil. Onun səkkiz uşağı ola bilər, intəhası, yalnız 

üçünü doğmaq qərarına gələcək. Əgər ürəyinin və ağlının dediklərinə əməl etsə, otuz beş yaşında əlinə 

xeyli pul gələcək, qırx yaşında isə miras alacaq. Çox yerlər gəzəcək. Onun ikili həyatı, ikili taleyi var 

və öz taleyinə təsir eləyə bilər. Maraq xətrinə hər şeyi təcrübədən keçirmək istəyir, ancaq ürəyinin 

səsinə qulaq asmasa, peşmançılıq çəkəcək. 

   Məhəbbət həyəcanları içində tufanın viran qoyduğu evi sahmana saldım, eyni zamanda, vaxtım 

olmadığından, ya pulsuzluq ucbatından illərlə yığılıb qalan bir çox şeylərə də əl gəzdirdim. Kitabların 

yerini dəyişib, bir zaman oxuduğum qaydada düzdüm. Axır ki, qədimdən qalan yadigarlarla – pianola 

və klassik musiqi yazılmış yüzdən çox valla xudahafizləşib, köhnə, ancaq məndəkindən daha yaxşı, 

NiFi dinamikalı valoxudan aldım, bundan da ev dərhal xeyli əzəmətləndi. Mən tamamilə müflis olmaq 

dərəcəsinə çatdım, ancaq möcüzə hamısının əvəzini çıxırdı: bu yaşda mən hələ sağ idim. 

   Ev yenidən canlanmışdı, mən isə Delqadinaya olan, əvvəllər heç vaxt duymadığım, içimi ağzınacan 

dolduran xoşbəxt sevgimin qoynunda üzürdüm. Onun sayəsində doxsan yaşında ilk dəfə özümlə 

üzbəüz gəlmişdim. Və anladım ki, hər əşyanın öz yerində durmasına, hər işin vaxtında görülməsinə, hər 

sözün öz səpkisi olmasına həddindən artıq fikir vermək heç də nizama salınmış ağlın xidməti deyil, 

əksinə, təbiətimdəki nizamsızlığı ört-basdır etmək üçün uydurduğum bir üsuldur. Anladım ki, 

intizamlılıq heç də mənim üstün cəhətim deyil, yalnız öz əhlikefliyimə göstərdiyim reaksiyadır; 

səxavətli görünməyim xırdaçılığımı gizlətmək, ehtiyatlı adam kimi tanınmağım pis fikirlərimi 

pərdələmək üçündür, çünki barışdırıcılıq təbiətimdən irəli gəlmir, hirs-hikkəmin üzə çıxmasından 

qorxuram, ona görə dəqiqəm ki, başqasının vaxtını nə qədər az qiymətləndirdiyimi bilməsinlər. Və 

nəhayət, kəşf etdim ki, məhəbbətin ürəyə heç bir dəxli yoxdur, bu – Zodiak bürclərinin işidir. 

   Mən başqa adam olmuşdum. Yeniyetməliyimdə həvəslə mütaliə etdiyim klassiklərə təkrar qayıtmaq 

istəsəm də, bacarmadım. Anamın zorla oxutmağa çalışdığı, mənim isə zəhləm getdiyi romantik 

ədəbiyyata girişdim və məhz onun sayəsində anladım ki, dünyanı hərəkətə gətirən yenilməz qüvvə heç 

də sonu xoşbəxtliklə bitən məhəbbət deyil, uğursuz məhəbbətdir. Böhran mənim musiqi  zövqümü də 

korlayanda özümü qoca, geridə qalmış hiss etdim və ürəyimi təsadüfi sevinclərin üzünə açdım. 

   Özümdən soruşuram, bu qədər qorxduğum və bais olduğum düşkünlüyə necə oldu ki, qapıldım. Mən 



Yüklə 322,12 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə