KüSKÜn göZƏLÇƏLƏRİMİ xatirlayarkəN



Yüklə 322,12 Kb.
Pdf görüntüsü
səhifə5/13
tarix26.03.2018
ölçüsü322,12 Kb.
#34302
1   2   3   4   5   6   7   8   9   ...   13

Ortis onu unutmağa imkan vermədi. Ümumi tanışlarımız vasitəsi ilə göndərdiyi məktublarda görüşə 

çağırırdı, hədələyirdi və bir kəlmə belə kəsməsək də, şayiə buraxdı ki, guya, bir-birimizdən ötrü dəli-

divanəyik. Müqavimət göstərmək mümkün olmadı. Onun gözləri çölpişiyinin gözlərinə oxşayırdı, 

paltarda da çılpaq olduğu qədər cazibəli idi, qızılı gur saçları isə o dərəcədə qadın qoxuyurdu ki, 

gecələr yastığı qucaqlayıb, hönkür-hönkür ağlayırdım. Bilirdim ki, aramızda məhəbbət deyilən şeydən 

söhbət gedə bilməz, ancaq onun iblisanə cazibəsi məni yandırıb-yaxırdı və mən qarşıma çıxan 

yaşılgözlü fahişələrlə yata-yata rahatlıq tapmağa çalışırdım. Ancaq Pradomardakı yataqla bağlı 

xatirənin alovunu söndürə bilmədim, ona görə silahı yerə qoydum – üzük taxıb, Troitsa bayramına 

qədər toy olacağını bildirməklə, rəsmən evlənmək təklifi etdim. 

   Bu xəbər kübar klublarından çox, Çin məhəlləsində hay-küy yaratdı. Mənim nişanım xristian əxlaq 

normalarına riayət edilməklə gəlin evinin eyvanında, amazon orxideyaları və ayıdöşəyi dibçəklərinin 

əhatəsində oldu. Ağ kətan kostyumda hədiyyə ilə – nəsə xırda bir şey, ya İsveçrə şokoladı  ilə axşam 

saat yeddidə oraya gəldim və o dövr romanlarındakı aradüzəldən qadınlar kimi mürgüləyən Arxenid 

xalanın nəzarəti altında yarı eyhamla, yarı ciddi axşam saat ona qədər söhbət etdik. 

   Bir-birimizi  yaxından tanıdıqca Ximena özünü açıq-aşkar ehtiraslı aparırdı, yayın istiləri 

başlayandan isə koftasının yaxası bir az da açıldı, yubkası daha da gödəldi və bütün bunların qaranlıqda 

hansı dağıdıcı gücə malik olacağını təsəvvür etmək çətin deyildi. Nişanlanandan iki ay sonra 

danışmağa sözümüz qalmamışdı və o, bir kəlmə də demədən, sadəcə, yun ipdən papış toxumağa 

başlamaqla uşaq məsələsini gündəmə gətirdi. Tərbiyəli adaxlı kimi mən də toxumağı öyrəndim və biz 

toya qədər qalan saatları belə mənasızcasına keçirdik, mən oğlan uşaqları üçün mavi, o isə qızlar üçün 

çəhrayı papışlar toxuyurdu, kimin düz tapacağını bilənə qədər bir yığın papış hördük. Saat onu vurar-

vurmaz faytona minib, ləzzətli bir gecə yaşamaq üçün Çin məhəlləsinə cumurdum. 

   Subay həyatımla vidalaşmam şərəfinə hay-küylü mərasimlərin təşkil edildiyi Çin məhəlləsi üzücü 

mərasimlərin keçirildiyi Ümumi klubun tam əksi idi. Həmin təzad bu iki aləmdən hansının, həqiqətən, 

mənim olduğunu anlamağıma kömək edirdi və illüziya yarandı ki, ikisi də mənimdir, ancaq hər biri öz 

vaxtında: onların birində olanda o birinin dənizə çıxan gəmi kimi yanıqlı ah-nalə ilə necə uzaqlaşmağa 

başladığını hiss edirdim. Toy ərəfəsində «Tanrı Qüdrəti» fahişəxanasındakı ziyafət şəhvətdən başını 

itirmiş ispan keşişinin ağlına gələn mərasimlə sona çatdı. Mənimlə axır nəfəsədək müqəddəs qayda-

qanunlarla kəbində olmaları üçün o, bütün fahişələrin üzünə duvaq örtüb, narınc çiçəyi ilə onları 

bəzədi. Bu, böyük küfr gecəsi idi, çünki onların iyirmi ikisi məni sevəcəklərinə və mənə itaət 

edəcəklərinə, mən isə qəbrədək onlara sadiq qalacağıma və dayaq duracağıma and içdim. 

   Bağışlanmaz səhv etdiyimi düşündüyümdən, gecəni yata bilmədim. Dan yeri sökülürdü, mən isə ötüb 

keçən ömrümü yaşayaraq, qüllədəki saatın yeddini – kilsədə olacağım vaxtı bildirən qorxunc zəngini 

sayırdım. Telefon saat səkkizdə çalmağa başlayıb, bir saatdan artıq uzun-uzadı, inadkarlıqla cingildədi. 

Cavab vermək nədir, nəfəsimi də dərmirdim. Saat ona yaxın qapını yumruqla döyməyə başladılar, 

sonra tanış, hirsli səslər eşidildi. Qorxurdum ki, qapını da qıralar, ancaq saat on birə yaxın evə böyük 

fəlakətdən xəbər verən ağır sükut çökdü. Mən onda ağladım, həm ona, həm də özümə ağladım və 

ürəkdən dua elədim ki, ömrümün sonunadək heç zaman onunla görüşməyim. Görünür, hansısa 

müqəddəsin qulağı alıbmış, çünki Ximena Ortis elə həmin gecə ölkədən gedib, bir də iyirmi ildən 

sonra, uğurlu nikahdan mənim ola biləcək, yeddi uşaq törədib qayıtdı. 

   Cəmiyyətə meydan oxuduğuma görə işdə qalmağım və «Diario de-la-Pas»da köşəmi saxlamağım 

mənə böyük çətinliklər bahasına başa gəldi. Ancaq məqalələrimi on birinci səhifəyə heç də bu 

səbəbdən keçirmədilər, sadəcə, həyatımıza heç nə ilə hesablaşmayan XX əsr soxuldu. Şəhərdə ancaq 

tərəqqidən danışırdılar. Hər şey dəyişmişdi; təyyarələr uçurdu və hansı tədbirli adamsa «Yunkers»dən 

məktub dolu torba atıb, aviapoçtu ixtira etdi. 

   Yeganə dəyişməyən şey mənim bazar günü qəzetdə dərc olunan məqalələrim idi. Gənc nəsil daim bu 

məqalələri tənqid edirdi, onları yandırıb külə döndəriləsi qədimdən qalma mumiya adlandırırdı, ancaq 

mən təslim olmurdum və yeni ab-havaya uymadan öz işimdə idim. Mən heç nəyə fikir vermirdim. Qırx 

yaşım var idi, gənc redaktorlar məqalələrimə Çərənçinin Köşəsi adını qoymuşdular. Direktor məni 



kabinetinə çağırıb, məqalələrimi yeni ab-havaya uyğunlaşdırmağı xahiş etdi. İndicə özü fikirləşib 

tapıbmış kimi təmtəraqla dedi: «Dünya irəliyə gedir». «Bəli, – mən bildirdim, – həmişəki kimi irəli 

gedir, ancaq günəşin başına fırlanır». O, mənim bazar günü məqalələrimə toxunmadı, çünki  başqa 

xəbər tərtibatçısı tapa bilmədi. İndi onun haqlı olduğunu anlayıram və nəyə görə haqlı olduğunu da 

deyə bilərəm. Həyat burulğanının qamarladığı mənim nəslimin cavanları can-başla gələcək haqqında 

xoş arzulara uymuşdular, ancaq sərt gerçəklik gələcəyin heç də onların arzuladığı kimi olmadığını 

göstərdi və onda xiffət etməyə başladılar. Bazar köşələrim də belə idi, keçmişin qalıqları arasından 

qazılıb üzə çıxarılan arxeoloji tapıntı kimi o yalnız qocalara yox, qocalmaqdan qorxmamaq üçün 

gənclərə də yarayırdı. Məqalələrim yenə ən oxunaqlı yazılar cərgəsinə keçdi, hətta bəzən birinci 

səhifəyə də çıxarılırdı. 

    Məndən soruşanlara həmişə həqiqəti deyirəm: gəzəyən qadınlardan macalım olmadı  evlənəm. 

Ancaq etiraf etmək lazımdır ki, bu izah doxsan yaşım tamam olduğu günə qədər, Rosa Kabarkasın 

evindən çıxıb, bir də heç vaxt taleyimi sınağa çəkməyəcəyimi qəti qərara alan dəqiqəyədək ağlıma 

gəlməmişdi. Mən özümü başqa adam sanırdım. Parkın dəmir çəpəri yanında mundirli adamlarla 

rastlaşanda ovqatım dəyişdi. Damiananı dizlərini yerə qoyub, döşəməni yuyan vaxt gördüm və onun 

yaşına görə təravətli qalmış budlarına gözüm sataşanda, bədənimdən çoxdan unutduğum titrətmə keçdi. 

Yəqin  bunu duydu, çünki yubkasını aşağı çəkdi. Nə qədər istəsəm də, özümü saxlaya bilməyib 

soruşdum: «Damiana, deyin görüm, nələrsə yadınıza düşür?» «Heç nə yadıma düşmürdü, – o dedi, – 

ancaq sizin sualınız bunu yadıma saldı». Ürəyim sıxıldı. «Mən heç vaxt sevməmişəm», – etiraf etdim. 

O, dərhal cavab verdi: «Mən isə sevmişəm. – Və öz işini dayandırmadan sözünü bitirdi: – Mən iyirmi 

iki il sizin dərdinizdən ölmüşəm». Ürəyim çırpındı. Vəziyyətdən ləyaqətlə çıxmaq üçün dedm: «Biz 

bir-birimizə heç də pis yaraşmazdıq». «Bunları mənə indi niyə deyirsiniz, – o hiddətləndi, – bu indi heç 

təsəlli üçün də yaramır». Mən evdən çıxanda o, çox adi tərzdə dedi: «Siz  inanmayacaqsınız, ancaq 

Allaha şükür, mən hələ də qızam». 

   Sonra gördüm ki, evin  hər yerində  vazalara  qırmızı  qızılgüllər qoyub, yastığın üstünə isə açıqca: 

«Yüz il ömür sürmənizi arzulayıram». Bir gün əvvəl yarıya qədər yazdığım məqaləni bu xoşagəlməz 

duyğu ilə davam etdirdim. Onu birnəfəsə bitirdim, ürəyimdəkilərin hamısını boşaltdım, ancaq ağlayan 

ürəyimin hönkürtüsünün eşidilməsinə imkan vermədim, elə bil, qu quşunun boğazını birdən üzdüm. 

Gecikmiş ilhamımın coşqun vaxtında öz uzun və şərəfli həyatıma, əsla ölmək fikrində olmadan, ərizə 

ilə nöqtə qoymaq qərarına gəldim. 

   Məqaləni redaksiyanın qəbul otağına verib, evə qayıtmaq istədim. Amma mümkün olmadı. Ad 

günümü qeyd etmək üçün redaksiyanın əməkdaşları tam heyətdə yığılıb məni gözləyirdilər. Binada 

təmir gedirdi, hər yana taxta-tuxta, zir-zibil yığılmışdı, ancaq ad günüm münasibəti ilə işi 

dayandırmışdılar. Haçaayağın üstünə bəzəkli kağızlara bükülmüş hədiyyələr, səbəbkarın sağlığına 

içməkdən ötrü içkilər düzülmüşdü. Hamı ilə bir-bir xatirə şəkli çəkdirənə qədər fotoaparatların gur işıq 

partlayışlarından qulağım əməllicə batdı, gözlərim qamaşdı. 

   Ancaq radiodan, şəhər mətbuatından: mühafizəkar «Prensa» və liberal «Eraldo» səhər qəzetlərindən, 

sensasiyalar üzrə ixtisaslaşmış, ürəkparçalayan ehtiraslardan bəhs edən kiçik romancığazlar çap 

etməklə cəmiyyətdəki gərginliyi götürməyə çalışan axşam qəzeti «Nasional»dan gələn jurnalistləri 

görəndə sevindim. Onların burada olması təəccüblü deyildi. Şəhər belə köklənmişdi: marşallar 

nəşriyyat müharibələri aparanda adi döyüşçülərin dostluğu qoruyub saxlaması həmişə yaxşı qəbul 

olunurdu. 

   İş vaxtı olmasa belə, rəsmi senzor Xeronimo Orteqa da burada idi, biz onu Murdar Qar Adamı 

adlandırırdıq, çünki gecə həmişə eyni saatda öz qanlı müstəbid karandaşı ilə peyda olurdu. Və səhərki 

buraxılışda müxalif bir hərf qalmayana qədər otururdu. Qrammatik araşdırmalarıma, ya ispancadan 

mənə daha ifadəli görünən italyan sözləri işlətdiyimə, siam ekizləri kimi qırılmaz surətdə bir-birinə 

bağlı olan iki dildən istifadədə normal hal sayıldığım üçün onları dırnağa almadığıma və kursivlə 

seçdirmədiyimə görə onun mənimlə heç arası yox idi. Dörd il bu hissdən əziyyət çəkib, nəhayət, hər 

ikimiz bunu öz şüurumuzun mükəmməl olmamasının hesabına yazdıq. 



Yüklə 322,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə