Mustafa Nəsirov 90. İlk azərbaycanlı sərhəd qoşunu generalı



Yüklə 22,66 Kb.
tarix08.12.2017
ölçüsü22,66 Kb.
#14650

Mustafa Nəsirov - 90.
İlk azərbaycanlı sərhəd qoşunu generalı
"Yadımdadır, bir neçə il əvvəl qışın oğlan çağında Neftçala təlim-tədris mərkəzində ezamiyyətdə olarkən vaxtsız gəlişimizlə Ramazan Müslümovu çıxılmaz vəziyyətdə qoymuşduq. Mehmanxanaya getmək, yer tapmaq çətin idi. Onda Ramazan müəllim qeyd etdi ki, dünən Mustafa Nəsirov burada idi. Nə qədər etdim, nə evə getdi, nə də mehmanxanaya. Kabinetə əsgər çarpayısı qoydurdu və burada da gecələdi. O sözdən sonra bizim gecələmək üçün başqa yerə getməyimiz düz olardımı?"

Bu sətirlər keçmiş SSRİ Sərhəd Qoşunlarında general rütbəsinədək yüksələn yeganə azərbaycanlı Mustafa Nəsirov haqqında İ. Quliyevin "Odlu ürəyin döyüntüləri" kitabından götürülmüşdür. Bu detal onun nə qədər səmimi, sadə və peşəkar bir insan olduğundan xəbər verir. Mustafa Cəfər oğlunun 90 illik həyat və fəaliyyəti, tərcümeyi-halı o qədər zəngindir ki, hələ nə qədər yazının, kitabın mövzusu olacaq. Taleyini sərhəd xidmətinə bağlayan gənc zabitlər Azərbaycanın bu general oğlunun keçdiyi yolu izləyəcək və ondan Vətənə xidmət dərsi öyrənəcəklər.

Mustafa Nəsirov 1921-ci ildə qədim Dərbənddə dünyaya göz açıb. O, həmişə doğma yurdunu böyük sevgi ilə anır, Dərbəndin qədim tarixi, Azərbaycan xalqına verdiyi böyük şəxsiyyətləri, tarixi abidələri və adamları haqqında məhəbbətlə söz açır. Valideynlərini isə qeyri-adi övlad yanğısıyla xatırlayır: "Atam qulluqçu idi, halal zəhməti ilə ailəmizi dolandırırdı. Anam dindar ev qadını olmasına baxmayaraq övladlarının ali təhsil almasını istəyirdi. Həyatdan erkən köçən atam "Hümmət" təşkilatının fəal üzvü və ideya adamı idi. Anamın arzusu məni müəllim görmək idi. Elə onun xeyir-duası, verdiyi halallıq ilə bu mərtəbəyə yetişmişəm".

Dərbənddə ilk pedaqoji təhsil alan Mustafa Nəsirov bir müddət işlədikdən sonra təhsilini davam etdirmək üçün Mahaçqalaya gedir. 1938-ci ildən ixtisaslı pedaqoq kimi çalışır. Daim Azərbaycan tarixini, ədəbiyyatını öyrənir. Zəngin keçmişi olan oğuz yurdu Dəmirqapı - Dərbənd haqqında çox şey öyrənməyə çalışır. Fiziki cəhətdən hazırlığı, geniş dünyagörüşü diqqəti cəlb etdiyi üçün 1942-ci ildə Mustafa Nəsirovu Saratov Sərhəd İnstitutuna göndərirlər. Ölkədə müharibə getdiyi üçün üçillik kursu doqquz aya başa vurur. Orta Asiya Sərhəd Dairəsinin sərəncamına göndərilir. Beləcə pedaqoq-müəllim, döyüşçü Mustafa Nəsirov sərhədçi zabit olur.

General xatırlayır: "Oş şəhərində qulluq edərkən şəxsi heyətimiz dörd nəfərdən ibarət idi. Burada bir müddət xidmətdən sonra Frunze şəhərində yerləşən XDİK Qoşunlarının komendantı oldum. O dövr üçün bu çox məsul vəzifə idi. Amma oxumaq, öyrənmək həvəsim azalmamışdı. Müəllimlik məni özünə yaman çəkirdi. Odur ki, Qırğızıstan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil oldum. Müharibədən sonra ordudan tərxis olunmaq istəyirdim. Düşünürdüm ki, Vətən qarşısında borcumu yerinə yetirmişəm. Ən böyük arzum Dərbəndə qayıdıb müəllim işləmək idi. Yadımdadır, müharibədən sonra keçmiş SSRİ Ali Sovetinin keçmiş müəllimləri ehtiyata buraxmaq haqqında fərmanı da çıxmışdı. Sərhədçi kadrların azlığından mənim tərxis olunmağım problemə çevrilmişdi. Bir zabit kimi də rəhbərlik mənim işimdən çox razı idi. O zaman polkovnik Yeqorov sənədlərimi Frunze adına Akademiyaya verməyi məsləhət gördü. Əgər imtahanlardan qeyri-müvəffəq qiymət alsam, məni ehtiyata buraxacaqdılar. Tarixdən, coğrafiyadan "əla" aldım. Ali təhsilli bir müəllim kimi bu fənlərdən aşağı qiymət almağı şənimə sığışdırmadım. İmtahan götürən müəllimlər çox razı qalmışdılar. Ehtiyata buraxılmağım üçün yeganə yol taktikadan kəsilmək idi. Tərslikdən taktikadan heç əməlli-başlı soruşmadılar da. Qeyd etdilər ki, ali təhsilli gənc əvvəlki imtahanlardan müvəffəq qiymət alıb. Taktikanı Akademiyada dörd il oxuyan zaman öyrənəcək. Beləliklə, yarı xoş - yarı zor ilk azərbaycanlı sərhədçi zabit kimi Frunze adına Akademiyanın müdavimi oldum. Geriyə yol yox idi. Odur ki, taleyimi bağladığım bu sahədən bir daha ayrılmayacağıma söz verdim".

Frunze adına Akademiyanı bitirən Mustafa Nəsirov Zaqafqaziya Sərhəd Dairəsinə göndərilir. O zaman Azərbaycan Sərhəd Dairəsi indiki "Cənub" mehmanxanasında yerləşirdi. Burada Mustafa Nəsirovdan başqa ali hərbi təhsilli Çerkasenko familiyalı bir polkovnik də var idi. Azərbaycan Sərhəd Dairəsində nizam-intizam məsələsinə çox ciddi fikir verilirdi. Akademiya təhsilli M.Nəsirov təşəbbüsü ələ alaraq mühazirələr oxuyur, xidməti işin təşkilində yüksək peşəkarlıq nümayiş etdirirdi. Onun bütün çıxışları zabitlər tərəfindən rəğbətlə qarşılanırdı. Bununla yanaşı, qərargahın işində dönüş yaratmaq, yaradıcı əhval-ruhiyyəni yüksəltmək, nəzərə çarpan nöqsanları aradan qaldırmaq lazım idi.

Azərbaycan Sərhəd Dairəsi Sədərəkdən Krasnovodska qədər böyük bir sahəni mühafizə edirdi. Burada xidmət işinə yeni tələblərlə yanaşmaq lazım idi. Amma Sərhəd Qoşunlarına xas olan keyfiyyətlər, sanki, unudulmuşdu. Sovet ordusunun quru qoşunlarının bütün taktiki gedişləri eyni ilə Sərhəd Qoşunlarına da tətbiq olunurdu. Bu isə onun fikrincə, kökündən yanlış idi: "Axı, sərhəd keşiyinin, "axtarış" və "həyəcan" qrupunun tapşırıqları başqadır! Sərhədçilər baxış zamanı bir-birinin ləpiri ilə addımlamalı, sakitcə hərəkət etməli, dərindən müşahidə aparmalıdır".

Belə mülahizələri işləyib qoşun rəisinə məruzə edən Mustafa Nəsirovun ilk cəhdi alınmır. Azərbaycan Sərhəd Dairəsinin qoşun rəisi, general M. A. Eysmond "Bu mülahizələri Moskvaya yazası olsan, gərək bütün təfsilatı ilə izah edəsən, inandırasan" - deyir. Zabit Nəsirovun müştərək müəlliflik ideyası da qəbul edilmir. Material yenidən işləndikdən sonra "Poqraniçnik" jurnalında dərc olunur. Yalnız 1956-cı ildən sonra Mustafa Nəsirovun irəli sürdüyü ideya öz müsbət həllini tapır.

1950-60-cı illərdə keçmiş SSRİ Sərhəd Qoşunlarının qarşısında çox mühüm vəzifələr dururdu. İkinci cahan savaşından qalibiyyətlə çıxan sovet dövləti özünü kapitalist ölkələrindən mühafizə etmək üçün sərhədlərdə mühəndis-istehkam qurğularını təkmilləşdirir, əməliyyat-axtarış, kəşfiyyat, əks-kəşfiyyat işinə xüsusi diqqət yetirirdi. SSRİ qərbdən - sosializm birliyi ölkələrindən qorxu hiss etmədiyindən bu cinahda Finlandiya ilə quru, Norveçlə dəniz sərhədini güclü mühafizə edirdi. Uzaq Şərqdə Yaponiya və Çin Xalq Respublikası, həmçinin Əfqanıstan sərhədində ciddi narahatçılıq keçirməyə elə bir əsas yox idi. Cənub istiqamətində isə İran və Türkiyə ilə sərhədləri möhkəm qorumağa üstünlük verilirdi.

General deyir ki, İran və Türkiyə ilə sərhəddəki vəziyyət əməliyyat baxımından çox mürəkkəb idi. 1946-cı il İranda baş verən Pişəvəri hərəkatından sonra çoxlu cənublu soydaşımız şimala üz tutmuşdu. İstər İran, istərsə SSRİ tərəfi bunu ciddi nəzarətə götürmüşdü. Sərhədboyu tikanlı məftillər, əlavə qoruyucu qurğular yerləşdirilmişdi. Əməliyyat şəraiti gücləndirildiyindən ən xırda detal da nəzarətdə idi. Üçüncü dövlətin casus-təxribatçı qüvvələri bu mövqelərdən Sovet İttifaqına qarşı istifadə edə bilərdilər. İran SENTO-nun, Türkiyə NATO-nun üzvü idi. Üstəlik, Amerikanın və digər inkişaf etmiş Qərb ölkələrinin İranla, Türkiyə ilə əlaqələri möhkəm olduğundan cənub cinahında güclü ordu saxlayan sovet dövləti sərhəd xidmətində azərbaycanlılara o qədər də etibar etmirdi.

Amma 60-cı illərdən sonra vəziyyət xeyli dəyişdi. Ehtiyatda olan azərbaycanlı zabit kadrlar sərhəd xidmətində yavaş-yavaş həkim, mühəndis, baytar, maliyyəçi, texnik vəzifələrində çalışmağa başladılar.

Mustafa Nəsirov 1964-cü ildə polkovnik hərbi rütbəsi alıb. Generallığa doğru gedən yol on ilə qədər çəkib. O, Zaqafqaziya Sərhəd Dairəsi komandanının müavini təyin olunub. Bu məsul vəzifəni peşəkarlıqla yerinə yetirərək Sərhəd Qoşunlarında yüksək nizam-intizam, əməliyyat-döyüş hazırlığının təkmilləşməsinə çalışıb. Xalqımızın əsgər və zabitlərə diqqət və qayğı göstərməsi onu sevindirsə də, azərbaycanlı gənclərin hərbi xidmət zamanı, əsasən, inşaat işlərinə, yüngül sahələrə meylli olmalarından narahat olub. Araz çayı üzərində tikilən su elektrik stansiyası və bəndin inşası zamanı səlahiyyətli və xüsusi imtiyaza malik sərhəd nümayəndəsi kimi ortaya çıxan problemlərin aradan qaldırılması üçün çalışıb.

...1969-cu ildə respublika rəhbərliyinə Heydər Əliyevin gəlişi ilə həyatın bütün sahələrində olduğu kimi, hərb işində də keyfiyyət dəyişikliyi baş verdi. C.Naxçıvanski adına hərbi məktəbin yaradılması, azərbaycanlı gənclərin seçilib ölkənin ali hərbi məktəblərinə oxumağa göndərilməsi çox mühüm əhəmiyyət, böyük siyasi məna daşıyırdı. Təhsil almağa gedən gənclərin hamısı imtahanlardan çox uğurla çıxırdılar. İndiki yüksək çinli zabitlər o dövrün yetirmələridir. İstər Naxçıvan, istərsə də Göytəpə Sərhəd Dəstəsində o illərdə tikilən inzibati və yaşayış binaları indi müstəqil ölkənin sərhəd xidmətinin istifadəsindədir.

Azərbaycan özünün müstəqilliyini bərpa edəndən sonra qarşıda Sərhəd Qoşunlarının yaradılması kimi çox mühüm vəzifə dururdu. Rusiya Federasiyasının tabeliyinə keçən sovet sərhəd xidməti əlverişli şəraiti, strateji mövqeyi olan bir diyardan getmək istəmir, lakin sərhədi də mühafizə etmirdi. Azərbaycanın varı-yoxu sərhəddən dağıdılırdı. Mustafa Cəfər oğlu həmin günləri acı bir kədər, təəssüf hissi ilə xatırlayır: "Sərhədlərə toxunmadan, mühəndis-istehkam qurğularını, rabitə sistemini dağıtmadan da milli sərhəd qoşunlarını yaratmaq olardı. 1988-ci ildən başlayaraq sərhədlərdəki özbaşınalıq Azərbaycan üçün baha başa gəldi. Mərkəz o zaman azərbaycanlıları təxribata çəkirdi. Sərhəddə xidmət edən bir şəxs kimi mən onun acı nəticəsini görürdüm. Hər şey dəqiq mexanizm ilə qurulmuşdu, bu qurğuların qiyməti ölçüyə gəlməz idi. Axı hər şey bizə - Azərbaycan xalqına, yeni qurulan Sərhəd Qoşunlarına qalırdı. Mən çox şadam ki, yavaş-yavaş o qurğuları bərpa etdilər. Tez-tez sərhəd dəstələrində olur, onların artıq yüksək səviyyədə formalaşdığını görəndə qürur duyuram.

Gediş-gəliş üçün nəzarət-buraxılış məntəqələri olduğundan qonşu dövlətlərlə dostluq əlaqələrinin qurulmasının tərəfdarıyam. Çünki sağlam niyyətli adam dövlət sərhədini pozub keçməz. Bu gün sərhəd qoşunlarında xidmət edən, onun yaranmasında rolu olan şəxslər Prezident Heydər Əliyevin yaratdığı məktəbin yetirmələridir. Bilikləri daim artırmaq, öz üzərində çalışmaq və ayıq-sayıq olmaq sərhədçinin başlıca vəzifəsidir. Taleyini sərhədə bağlayan gənclər sərhəd qoşunlarında adı hörmətlə çəkilən generallar - A.Novruzovun, İ.Allahverdiyevin, polkovniklər A.Əliyarovun, N.Qasımovun, F.Seyfullayevin, R.Canməmmədovun keçdiyi yolu öyrənməlidirlər".

Biz ömrünün 45 ilini hərb işinə həsr edən, ona dərindən bağlanan general Mustafa Nəsirovun 90 ildə keçdiyi yoldan bəzi epizodları, xatirələri vərəqlədik. Vaxtilə "Bakı - Astara" qatarında Lənkərana qızının evinə qonaq gedən "icazəsiz" 60 yaşlı qadını saxlayanda sərhədçilərə onun buraxılması üçün göstəriş verə bilməyən generalın qəlbi nə qədər ağrıyırdısa, soydaşlarının məngənədə saxlanmasına necə dözə bilmirdisə, indi həmin sistemin keçmişdə qalmasına sevinir, "bu günlərin qədrini bilməliyik" - deyir.



Onu tez-tez Bakı Şəhər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının keçirdiyi müxtəlif tədbirlərdə görmək olar. Ağsaqqal general veteranların sırasının getdikcə seyrəldiyini görsə də, itkilər onu kədərləndirsə də nikbinliyini qoruyur, gənclərə dürüstlük, çalışqanlıq, Vətənə sevgi aşılayan məsləhətlər verir. 90 illik yubileyində ona yenə şux, gümrah qalmağı, ömrün ucalığında möhkəm dayanmağı arzulayırıq.

Zərifə BƏŞİRQIZI
Xalq qəzeti.- 2011.- 23 oktyabr.- S. 5.
Yüklə 22,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə