Kollektivdə heç bir əhəmiyyəti olmayan bu insan sadəcə və sadəcə fərddir



Yüklə 0,71 Mb.
səhifə5/15
tarix26.05.2018
ölçüsü0,71 Mb.
#46099
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   15

Onların geniş açılmış, donuq gözləri laqeyd şəkildə dənizi və səmanı əks etdirirdi. Tezliklə onlar evlərinə dağılışacaqlar, ailə əhatəsində nahar stolu ətrafında çaylarını içəcəklər. İndi onlar özlərini daha az xərcləmək istəyirlər, hərəkətlərinə, sözlərinə, fikirlərinə qənaət edib, axınla üzürlər. Onların ixtiyarında qırışları, gözlərinin altındakı boşalmış dərini, həftəlik işin ağır nəticələrini silmək üçün bircə günləri var. Sadəcə bir gün. Onlar dəqiqələrin barmaqlarının aralarından sürüşdüyünü hiss edirdilər. Görəsən sabah hər şeyi yenidən başlamaq üçün gəncliklərini yığmağa macal tapacaqlar? Bütün sinələri ilə nəfəs alırdılar, axı dəniz havası gümrahlandırır, nəfəsləri yatmış insanlardakı kimi dərin və müntəzəmdir, yeganə bu əlamət onların yaşadıqlarına işarə edir. Mən xəlvət yeriyirdim, möhkəm və sağlam bədənimlə dincələn faciəli izdihamın arasında nə edəcəyimi bilmirdim. İndi dəniz aspid rəngi aldı, sakit-sakit qabarma başladı. Gecələr qabarma güclənəcək. Bu gecə bənd Nuar Bulvarından daha boş olacaq. Solda və qarşıda farvater[iv] boyunca qırmızı işıq yanacaq. Günəş yavaş-yavaş dənizin arxasında itdi. Yolda o normand yay evinin pəncərələrini qızartdı. Parıltısından gözləri qamaşan qadın yorğun-yorğun əlini gözlərinə aparıb,başını buladı.

- Qastın, gözlərim kor olur- qətiyyətsiz gülüşlə dedi.

- Eybi yoxdur! Yaxşı günəşdir- əri cavab verdi. – Qızdırmır, amma yenə də xoşdur.

- Elə bilirdim görünəcək, – o dənizə tərəf dönüb davam etdi.

- Boş yerə ümid etmə, – əri cavab verdi- Günəş mane olur.

Onlar deyəsən Keyboy adası haqqında danışırdılar, onun cənub sonluğu dəniz dibi qazanla xarici liman arasında görünməli idi. İşıq yumşaldı. Bu qeyri-müəyyən saatda külək nəsə xəbər verirdi. Bazar gününün artıq keçmişi var. Villalar və boz hasar yeni xatirələrdir. Üzlər bir-birinin ardınca bayram görünüşlərini itirib, demək olar yumşaq ifadə alırdılar.

Gənc hamilə qadın solğun, kobud üzlü gəncin əlindən tutub.

- Bax, bax oradadır- dedi.

- Nə var orada?

- Bax, qağayılardır.

O çiyinlərini çəkdi, heç bir qağayı yox idi. Səma üfüqdə yüngülcə qırmızılanıb, təmizlənmişdi.

- Mən onları eşitdim. Qulaq as da, onlar qışqırırlar.

- Sadəcə nəsə cırıldadı- o cavab verdi.

Qaz fənərinin işığı düşdü. Mənə elə gəldi ki, fonar yandıran gəldi. Uşaqlar onun gəlişini güdürlər, bu evə dönüş siqnalıdır. Amma bu sadəcə günəşin sonuncu işığı imiş. Səma hələ işıqlı idi, amma yerdə alatoranlıq baş qaldırmışdı. Kütlə seyrəlirdi, dənizin uğultusu daha aydın eşidilirdi. Hasardan iki əli ilə yapışmış, dodaqları tünd boyalı gənc qadın mavi üzünü səmaya qaldırdı. Bir anlıq düşündüm: yoxsa insanları sevirəm. Amma nəticədə bu onların bazar günləridir, mənimki deyil.


Bütün mayaklardan birinci Kaybot adasındakı mayak yandı; yanımda dayanmış oğlan həyacanla pıçıldadı: “Ay! Mayak!”.

Və ürəyimə böyük macəra hissi damdı.

Sola dönürəm və Yelkənlər küçəsi ilə Balaca Pradoya qayıdıram. Vitrinlərin dəmir qapaqları aşağı salınıb. Turnebrid küçəsi işıqlandırılıb, amma adamsızdır, o özünün az müddətli şöhrətini itirdi, bu saatda o digər qonşu küçələrdən heç nə ilə fərqlənmir. Kifayət qədır güclü külək qalxdı. Arxiyepiskopun şlyapasının necə uğuldadığını eşidirəm.

Mən təkəm, buvillilərin əksəriyyəti evlərinə gedib, radio dinləyərək axşam qəzetlərini oxuyurlar. Bitmiş bazar günü damaqlarında kül dadı saxlayıb, fikirləri artıq bazar ertəsinə köklənib. Amma mənim üçün nə bazar ertələri, nə bazar günləri var, mənim üçün sadəcə qaydasız şəkildə itələşən günlər var, sonra birdən bu günki kimi coşqunluq olur.

Heç nə dəyişməyib, amma hər şey elə bil ki, başqa cür mövcuddur. Bunu izah edə bilmirəm, bu Ürəkbulantısıdır, amma əks formada, elə bil ki, mən macəra yaşamağa başlayıram, onda özümdən soruşuram ki, niyə elə fikirdəsən, sonra başa düşürəm məsələ nədədir: sadəcə MƏN ÖZÜMÜ HİSS EDİRƏM VƏ HİSS EDİRƏM Kİ, MƏN BURADAYAM; Qaranlığı yaran mənəm və mən eynən roman qəhrəmanı kimi xoşbəxtəm.
Nə isə baş verməlidir, Bas-de-Vyey küçəsində məni nəsə gözləyir; bax orada, o sakit küçənin tinində mənim həyatım başlayacaq. Və mən qarşısıalınmaz şəkildə irəliləyirəm. Küçənin tinində ağ sütuna oxşar nəsə görünür. Uzaqdan qara görünürdü, indi hər addımda daha çox ağarır. Bu az-maz işıldayan qaranlıq gövdədə nəsə qeyri-adilik var, tamam ağ və parlaq olanda yanında dayanıram, elə buradaca mənim macəram başlayacaq. Bu ağ, qaranlıqdan çıxan mayak o qədər yaxındadır ki, mən az qala qorxuram, az qalmışdım geri qayıdam. Amma cadunu pozmaq olmaz. Qabağa gedirəm, əlimi uzadıb, sütuna toxunuram. Budur, bu da Bas-de-Vyey küçəsi, pəncərələrində işıq yanan Müqəddəs Çeçiliya kilsəsinin kölgəsində gizlənir. Şlyapanın uğultusu gəlir. Bilmirəm, ya dünya həqiqətən sıxlaşdı ya da mən səs və formalarla pozulmaz vahiddə birləşdim, hətta təsəvvür edə bilmirəm ki, ətrafımda olanlar olduqları yox, başqa nəsə ola bilərlər. Dayanıram, gözləyirəm, ürəyimin döyüntüsünə qulaq asıram; insansız meydanı nəzərdən keçirirəm. Heç nə görmürəm. Kifayət qədər güclü külək qalxdı. Səhv etmişəm, Bas-de-Vyey küçəsi sadəcə yolumda bir dayanacaqdır: O məni Dyukoton meydanının dərinliyində gözləyir. Tələsmədən yoluma davam edirəm. Mənə elə gəlir ki, xoşbəxtliyin ən yüksək nöqtəsinə çatmışam.

Marseldə, Şanxayda, Meknesdə nələr etmirdim ki, belə tam hisslərə çatım. Bu gün isə, heç nə gözləmədiyim halda, boş bazar günündən sonra evə dönərkən o lap yaxındadır.


İrəliləyirəm. Külək sirenaların səsini gətirir. Tamam təkəm, şəhərə girmiş döyüşçü kimi addımlayıram. Bu dəqiqə dənizlərin üzərindən üzən gəmilərin nəğməsi səslənir; Avropanın bütün şəhərlərində atəşlər yandırılır;kommunistlər və millətçilər Berlin küçələrində atəş edirlər; işsizlər Nyu Yorkda veyllənirlər; qadınlar bərk isidilmiş otaqlarda tualet stollarının arxasında kirpiklərini rəngləyirlər. Mən isə, burada, insansız küçədəyəm, Noykelndə pəncərədən atılan hər bir atəş, daşınan yaralıların hər bir hıçqırığı, kosmetikalarına əyilmiş qadınların hər kiçik və dəqiq hərəkətləri mənim addımlarımda və ürəyimin hər döyüntüsündə əks-səda verir.
Jille keçidinə çatanda nə edəcəyimi bilmirəm. Məgər məni keçidin dərinliklərində gözləmirlər? Axı Dyukoton meydanında, Turnebrid küçəsinin sonunda dünyaya gəlmək üçün mənə ehtiyacı olan nələrsə var. Özümü itirmişəm, hər bir hərəkətim məni məhdudlaşdırır. Bilmirəm məndən nə gözləyirlər. Seçmək lazımdır: Jille keçidini qurban verirəm, hələ də bilmirəm o mənim üçün nə saxlamışdı. Dyukoton meydanı boşdur. Yəni səhv etmişəm? Məncə belə əziyyəti həzm edə bilməyəcəm. Yəni mənimlə heç nə baş verməyəcək? “Mabli” kafesinin işıldayan vitrininə yaxınlaşıram. Dalana dirənmişəm, bilmirəm ora girməyimə dəyərmi, böyük, tərləmiş şüşədən içəri baxıram. Zal doludur. Hava siqaret tüstüsündən, nəm paltarların buxarından maviləşib. Kassir qadın piştaxtanın arxasında oturub. Mən onu tanıyıram, o kürəndir, qarnında hansısa xəstəlik daşıyır, bəzən dağılan bədənlərdən çıxan bənövşə qoxusuna bənzər təbəssümlə qadın, paltarlarının altında yavaş-yavaş çürüyür. Məni üşütmə tutur: bu odur, o məni gözləyirdi. O həmişə burada, piştaxta arxasından donuq bədənini dikəldib oturur, o gülümsədi. Kafenin dərinliklərindən nəsə bu günkü bazarın dağınıq anlarına qayıdır və onları məna verərək birləşdirir: mən bu günü ancaq ona görə yaşamışam ki, sonda bura gəlib, alnımı bu şüşəyə söykəyib bu portyerlərin[v] tünd qırmızı fonunda çiçəkləyən arıq üzə baxım. Hər şey dondu, mənim həyatım dondu: bu böyük şüşə, su kimi ağır, mavi hava, bu su dərinliyindəki yağlı, ağ bitki və mən- biz hansısa dəyişməz və bitmiş vəhdət təşkil edirik, mən xoşbəxtəm.

Yenidən La Redut bulvarına çatanda artıq acı ümidsizlikdən başqa heç nə hiss etmirdim. Düşünürdüm: deyəsən dünyada heç nəyə macəra hissini hiss etmək qədər dəyər vermirəm. Amma o kefinə düşəndə gəlir və tez də gedir, o gedəndən sonra mən dibimə qədər məhv oluram! Yəni o ona görə belə qısa, istehzalı ziyarətlər edir ki, mənə həyatımı boşa xərclədiyimi sübut etsin?”.

Arxamda isə, şəhərdə, onun düz, fonarların soyuq işığı ilə işıqlandırılmış küçələrində böyük sosial hadisə can verirdi- bazar günü sona çatırdı.
________________________________________

[i] Mavi səma

[ii] Təyyarələrin, dirijablların saxlanması üçün xüsusi bina

[iii] katolik ibadətlərindən birinin adı və bu ibadət zamanı çalınan musiqi

[iv] Dənizdə gəmi keçə bilən yer

[v] Qapı və ya pəncərə pərdəsi


Bazar ertəsi
Dünən bu axmaq, pafoslu ifadəni necə yazmışam bilmirəm: “Tamam təkəm, şəhərə girmiş döyüşçü kimi addımlayıram.”

Gurultulu cümlələr qurmağa ehtiyacım yoxdur. Yazıram ki, bəzi şeylərə aydınlıq gətirim. Ədəbiyyatşünaslıqdan ehtiyat etmək lazımdır. Qələmin ucuna gələn hər sözü seçmədən yazmaq lazımdır.

Düzünü desəm, dünən özümü çox uca hiss etməyim iyrənc görünür. İyirmi yaşım olanda içib, iddia etmişdim ki, Dekart növündən insanam. Çox yaxşı bilirdim ki lovğalanıram, amma fikrimdə qalmaqda davam edirdim, bu mənim xoşuma gəlirdi. O biri gün hər şey o qədər iyrənc gəlmişdi ki, elə bil qusmağın içində oyanmışdım. Mən içkili olanda qusa bilmirəm, qussam daha yaxşı olardı. Dünən özümə kefliyəm deyə haqq qazandıra da bilmirəm. Sadəcə axmaq kimi ruhlanmışdım. Gərək su kimi şəfffaf, kənar fikirlərlə təmizlənim.
Macəra hissi, sözsüz ki, hadisələrdən asılı deyil- sübut ortadadır. Bu sadəcə anların yanaşı düzülməsinin daha bir formasıdır. Məncə hər şey bax belə baş verir: birdən hiss etməyə başlayırsan ki, zaman keçir, bir an özü ilə digərini aparır, ikinci üçüncünü, üçüncü dördüncünü və s. , hər an itir və onları saxlamağa çalışmaq mənasızdır. Onda anların bu xüsusiyyətini bu anların daxilində baş verən hadisəyə köçürürsən, formaya aid hər şeyi məzmuna daşıyırsan. Ümumiyyətlə, məşhur zamanın axması mövzusunda çox danışırlar, amma onu görmürlər. Tutaq ki, bir qadına baxırsan, başa düşürsən ki, o qocalır, amma onun necə qocaldığını görmürsən. Amma bəzən sənə elə gəlir ki, onun necə qocaldığını görürsən,hiss edirsən, özün də onunla birlikdə qocalırsan, bax bu macəra hissidir.
Yaddaşım məni aldatmırsa, buna zamanın geriyə axmaması deyirlər. Macəra hissi də əslində elə zamanın geriyə axmaması hissidir. Yaxşı, bəs onda niyə bu həmişə başımıza gəlmir? Bəlkə, zaman heç də həmişə irəli axmır? Bəzən elə anlar olur elə bilirsən ki, istədiyin hər şeyi edə bilərsən: irəliyə qaça bilərsən, geri qayıda bilərsən-fərqi yoxdur, bəzən isə iplər dolaşır, bax bu anları itirmək olmaz, çünki hər şeyi yenidən başlamaq artıq mümkün olmur.

Anni zamanın içində olan hər şeyi çıxara bilirdi. O vaxt o Cibutidə mən isə Adendə yaşayanda, onunla bir günlük görüşə gedirdim, ayrılmağımıza altmış dəqiqə qalana qədər ustalıqla aramızda yeni- yeni anlaşılmazlıqlar yaradırdı; altmış dəqiqə saniyələrin bir-birinin ardınca necə getdiyini hiss etmək üçün lazım olan qədər vaxtdır. Belə dəhşətli axşamlardan birini yaxşı xatırlayıram. Gecə yarısı geri qayıtmalı idim. Biz açıq havada kinoya getdik, hər ikimiz ümidsiz vəziyyətə qədər dalaşdıq. Amma oyunu o aparırdı. Saat on birdə, hansısa uzun film başlayanda əlimdən tutub sakitcə öz əlllərinin arasında saxladı. O qədər kəskin xoşbəxtlik hissinə tutuldum ki, on bir olduğunu başa düşmək üçün saata baxmağa ehtiyac qalmadı. Həmin andan dəqiqələrin necə keçdiyini hiss etməyə başladıq. Həmin vaxt üç aylıq ayrılacaqdıq. Birdən ekranda hansısa çox işıqlı şəkil açıldı, qaranlıq parçalandı və gördüm ki, Anni ağlayır. Sonra gecə yarısı o ehtirasla əlimi sıxdı və buraxdı; qalxdım və ona bir kəlmə də demədən çıxıb getdim. Lap yaxşı etdim.


Axşam saat 7
Gün işdə keçir. Elə də pis getmir, altı səhifə yazmışam və hətta bundan zövq almışam. Özü də bu I Pavlın hakimiyyəti barədə mücərrəd fikirlər idi. Dünənki orgiyadan sonra bütün gün özümlə sərt davranmışam. Ürəyimlə danışmağa çalışmaq əbəs idi!Əvəzində böyük məmnuniyyətlə rus aristokratiyasının məqsəd və meylləri ilə bağlı araşdırma etdim. Amma bu Rolben məni qıcıqlandırır. O ən kiçik, ən boş şeylərdən sirr düzəldir. Yaxşı, bu adam 1804-cü ildə Ukraynada nə ilə məşğul olub? O öz səfəri barədə qeyri-müəyyən ifadələrlə danışır:

“ Qoy gələcək nəsillər qərar versin; nə olsun ki, ürəyimdə mənə gülənləri susduracaq və onları qorxu burulğanına atacaq sirrlər daşıyıram və bütün cəhdlərim uğursuzluqla nəticələndi, sakitcə daşıdığım ağır xəyanət və alçalmaq deyil, mükafata layiq idim ya yox?”


Mən bir dəfə bu qarmağa ilişdim: o çoxmənalı ifadələrlə 1790-cı ildə Buvilə etdiyi kiçik səfərini təsvir edirdi. Bütöv bir ayı onun hər hərəkətini izləmək üçün itirdim. Məlum oldu ki, nəticədə öz fermerlərindən birinin qızını hamilə buraxıb. Məgər o ən adi hiyləgər deyil?
Bu balaca, yalançı adama dəhşətli dərəcədə hirslənirəm, bəlkə də bu pərtlikdən irəli gəlir- onun başqalarını aldatmasını çox xoşlayırdım, amma istəyirdim ki, mənim üçün istisna olsun; ümid edirdim ki, biz- iki bazar fırıldaqçısı bütün bu ölülərin başı üzərindən əlbir olacağıq və o mənə həqiqəti deyəcək! Amma o heç nə, heç bir şey demədi, eynilə axmaq yerinə qoyduğu çar Aleksandr və XVIII Lyudovikə etdiyi kimi. Mənim üçün Rolbonun dəyərli olmağı önəmlidir. Əlbəttə ki, o bicdir, amma kim bic deyil ki? Amma baxır balaca yoxsa böyük hiyləgər. Yaşasa əlini sıxmağa layiq bilmədiyim adam haqqında taxiri araşdırmalar edib vaxt itirməyi sevmirəm. Markiz haqqında nə bilirəm? Onun yaşadığı həyatdan daha parlaq həyat təsəvvür etmək çətindir, amma o həyatı məgər özü yaradıb? Bircə onun məktubları bu qədər qəliz olmasaydı…
Ah, onun gözlərini görə bilsəydim, bəlkə də onun başını çiyninə söykəmək kimi möhtəşəm ədası varmış, ya da hiyləgər şəkildə uzun barmağını burnuna söykəyirmiş, ya da ola bilər iki yalançı iltifat arasında özünün həqiqi, tufanlı xarakterini açıb, o dəqiqə də söndürürmüş. Amma o ölüb- ondan ancaq “Strategiya haqqında trakta” və “Ləyaqət haqqında düşüncələr” əsərləri qalıb. Mənə qalsa onu elə aydın təsəvvür edərəm ki: çoxlarının qurban getdiyi parlaq istehza altında çox sadə, az qala saf ruh gizlənir. O çox nadir hallarda düşünür, amma bütün hallarda instinktinə əsaslanaraq necə lazımdır elə də hərəkət edir. Öz hiyləgərliyində o səmimidir, açıq ürəklidir, ləyaqətli insanlara sevgisi kimi təmiz niyyətlidir. Öz havadarlarını və dostlarını satandan sonra bütün fikirlərini baş verən hadisələrə istiqamətləndirib, oradan ibrət dərsi çıxarmağa çalışır. Hesab edir ki, başqalarının üzərində heç bir hüququ yoxdur, amma başqalarının onun üzərində haqqı var, həyatın ona bəxş etdiyi hədiyyələrə layiq deyil, amma əvəzində onlar qarşılıqsızdır. O hər şeyə ehtirasla həvəs göstərir, amma çox asanlıqla da soyuyur. Bütün məktublarını və yazılarını isə əslində özü yazmayıb- o bunları pulla tutduğu yazıçıya yazdırıb. Əgər bütün bunları ifadə etsəm, gərək markiz Rolbon haqqında roman yazam.
Axşam saat 11
“Dəmiryolçuların sığınacağı”nda nahar etdim. Sahibə yerində idi, onunla sevişməli oldum; amma bu sadəcə mənim tərəfimdən təmiz lütfkarlıq idi. O mənim nəsə xoşuma gəlmir, hədsiz ağdır və yeni doğulmuş körpə iyi verir. Sevişəndə başımı sinəsinə sıxır, elə bilir ki, belə lazımdır. Əllərim etinasız şəkildə yorğanın altında qurdalanırdı, sonra əllərim ağırlaşdı. Markiz de Rolbon haqqında düşündüm, axı mənə onun haqqında roman yazmağa nə mane olur? Əllərim sahibənin belindən aşağı sürüşdü və birdən birə alçaq və enli ağacların bitdiyi bir bağ gördüm, ağaclardan böyük, tüklə örtülü yarpaqlar sallanmışdı. Hər yerdə qarışqalar, qırxayaqlar, güvələr qaynaşırdı. Orada daha iyrənc heyvanlar da var idi, onların bədəni bişmiş çörək tikələrindən ibarət idi- belə çörək tikələrini adətən bişmiş göyərçinin altına düzürlər- bu heyvanlar xərçəng ayaqları üstündə yanakı yeriyirdilər. Yarpaqlar bu həşaratlardan qapqara olmuşdular. Şəhər parkında kaktusların və kolların arxasındakı Velleda heykəli barmağı ilə cinsi orqanını göstərirdi. “Bu bağdan qusmaq iyi gəlir!” mən qışqırdım.

- Sizi oyatmaq istəmirdim,- sahibə dedi- amma mələfənin tikiş yerləri ayaqlarımın arasına sürtünür, həm də artıq aşağı düşüb Paris qatarından düşən müştərilərə xidmət etməliyəm.


Post vaxtı
Moris Barresi döydüm. Biz üç əsgər idik, və içimizdən birinin üzünün ortasında deşik var idi. Moris Barres bizə yaxınlaşıb dedi: “Afərin” və hər birimizə bir dəstə bənövşə verdi. “Mən isə bilmirəm onu nə edəcəm”,- üzü deşik əsgər dedi. Moris Barres cavab verdi: “ Onu başındakı deşiyə sox”. “Mən onu sənin arxana soxacam”- əsgər cavab verdi. Biz Moris Barresi üzü aşağı uzandırdıq və şalvarını çıxarmağa başladıq. Şalvarının altında kardinal mantiyası çıxdı. Biz mantiyanı cırdıq, Moris Barres isə qışqırmağa başladı: “ Ehtiyatlı olun! Şalvarımın balaqları üzəngilidir”. Amma biz onu qanı axana qədər şallaqladıq, sonra da arxasına bənövşə yarpaqları ilə Deruledanın başını çəkdik. Bir müddətdir yuxularımı çox tez-tez xatırlayıram. Yuxuda narahat halda yerimin içində tərpənirəm, səhərlər yorğanım həmişə yerdə sürünür.Bu gün bayramdır, amma Buvil üçün bu gün əhəmiyyətsizdir. Bütün şəhərdə güclə karnaval kostyumlarını geyinəcək yüz nəfər adam yığılar.

Pilləkənlərdən düşəndə sahibə məni çağırdı:

- Sizə məktub gəlib.

Məktub. Sonuncu məktubu keçən ilin mayında Ruan kitabxanasının mühafizəçisindən almışdım. Sahibə məni kabinetinə aparıb, uzun, sarı və qalın zərf verir – məktub Annidəndir. Artıq beş ildir ki, ondan xəbərim yoxdur. Məktub mənim köhnə Paris ünvanıma göndərilib, üstündə bir fevrala aid möhür var.

Oteldən küçəyə çıxıram – əlimdə zərfi tutmuşam, amma onu açmağa qərar verə bilmirəm. Anni həmişəki poçt kağızında yazır. Maraqlıdır, görəsən o hələ də kağızı Pikadillidə yerləşən yazı kağızı mağazasından alır? Yəqin o hələ də əvvəlki saç formasını saxlayıb, kəsdirmək istəmədiyi açıq rəngli, sıx saçları var idi. Və yəqin ki güzgünün qarşısında üzünü saxlamaq üçün dözümlü mübarizə aparır, ona görə yox ki, nazlanır ya qocalmaqdan qorxur, sadəcə necə var elə qalmaq istəyir, eynən olduğu kimi. Deyəsən onda ən çox xoşladığım da iradəli və görünüşünün ən kiçik cizgilərinə rəhmsizcə sadiq olması idi. Bənövşəyi mürəkkəblə möhkəm xəttlə yazılmış ünvanın hərfləri ( əvvəlki mürəkkəbdən istifadə edir) hələ də yüngülcə parıldayır.

“Müsyö Antuan Rokantenə”.


Bu zərflərdə adımı oxumağı çox xoşlayıram. Dumanlar içindən onun təbəssümlərindən birini görürəm, əyilmiş başını, gözlərini görürəm: mən oturanda o təbəssümlə qarşımda dayanardı. Başım onun beli ilə eyni səviyyədə dayanırdı, Anni əllərini uzadıb, çiyinlərimdən tutub silkələyirdi.

Zərf qalındır, məktub deyəsən ən azı altı səhifəlikdir. Keçmiş qapıçımın cızmaqarası gözəl xəttin üzərində sürünür.

“Otel “Prentaniya”- Buvil”.
Bu balaca hərflər tamamilə parıltısızdır. Zərfi açıb, əsəbdən altı il cavanlaşıram.

“ Başa düşmürəm, Annidə necə həmişə belə qalın zərflər alınır, onların içində heç vaxt heç nə olmur”. 1924-cü ilin yazında bu günki kimi çətinliklə zərfin içində qatlanmış kağızı çıxarmağa çalışarkən yüz dəfə bu ifadəni təkrarlamışdım. Zərfin cildi çox gözəldir: tünd yaşıl rəngdə, qızılı ulduzlarla bəzədilib. Möhkəm kraxmallanmış parçaya oxşayır. Cildin özü bütün zərfin üçdə dördünü təşkil edir.

Anni karandaşla yazıb:

“ Bir neçə gündən sonra qatarla Parisə gəlirəm. 20 fevralda “İspaniya” otelinə, yanıma gəl. Xahiş edirəm ( “xahiş edirəm” sözü sətirin üstündə yazılıb, əyləncəli spiral şəklində “yanıma” sözü ilə birləşib). Səninlə görüşməliyəm.

Anni”.
Meknesdə, Tanjerdə elə olurdu ki, axşamlar evə gəlib, yatağımın üstündə kağız tapırdım: “Səni vacib görmək istəyirəm”. Qaçıram, Anni qapını açır, təəccüblə qaşlarını çatır: onun mənə deyiləsi sözü yoxdur, hətta hirslənirdi ki, getmişəm. İndi də gedəcəyəm. Ola bilər məni qəbul etmək istəməz. Ola bilər, oteldə qapıçı desin ki “ Adını çəkdiyiniz xanım bizdə qalmır”. Amma məncə o belə etməz. Amma ola bilər bir həftə sonra mənə yazar ki, fikrini dəyişib.
İndi insanlar işdədirlər. Havada adi bayram hiss olunur. “Müharibə şikəstləri” küçəsində həmişə olduğu kimi yağışda nəm ağac qoxusu gəlir. Belə qəribə günləri sevmirəm: kinoteatrlarda səhər seansları gedir, məktəblilər tətildədirlər. Küçələrdə dumanlı bayram əlamətləri hiss edilir, diqqətimi cəlb edir, amma baxan kimi əriyir gedir. Əlbəttə mən Anni ilə görüşəcəm, amma deyə bilmərəm ki, gözlənilən görüş məni sevindirir. Onun məktubunu alandan özümə yer tapa bilmirəm. Yaxşı ki, indi günortadır, ac deyiləm amam gedib yemək yeyəcəm ki, vaxtı keçirim. “Saatsazlar” küçəsində “Kamilya” kafesinə girirəm.

Bura balaca kafedir, bütün gecəni dayanmadan turş kələm və raqu (xırda doğranmış ət və ya balıq qovurması) verirlər. Bura adətən teatrdan sonra yemək yeməyə gəlirlər, polislər gecə qatarı ilə gəlmiş ac qonaqlara buranın ünvanını verirlər. Səkkiz mərmər stol. Divarlara dəri geyindirilmiş oturacaqlar söykənib. Narıncı ləkələrlə dolu iki güzgü var. İki pəncərə var və qapı tutqun şüşəlidir. Piştaxta bir az içəridədir. Yan tərəfdə bir otaq da var. Amma mən orada heç vaxt olmamışam, o cütlüklər üçündür.

- Mənə vetçinalı yumurta.

Nəhəng, qırmızı yanaqlı qız ofisiant bir kişi ilə danışıb, gülməyini saxlaya bilmir.

- İxtiyarım yoxdur. Kartofla yumurta istəyirsiz? Vetçina bağlıdır, onu ancaq sahib özü doğrayır.

Mən Raqu sifariş edirəm. Sahibin adı Kamildir, kobud kişidir.

Ofisiant gedir. Mən bu qoca, qaranlıq otaqda təkəm. Anninin məktubu portmanetimdədir. Yalançı utanc onu yenidən oxumağıma mane olur. İfadələri bir-birinin ardınca xatırlamağa çalışıram. “Əzizim Antuan”. Gülümsəyirəm, yox, əlbəttə ki, Anni “Əzizim Antuan” sözlərini yazmayıb. Altı il əvvəl biz qarşılıqlı razılıqla ayrıldıq- mən Tokioya getməyə qərar verdim. Ona bir neçə söz yazdım. Mən artıq ona “sevgilim” deyə bilmirdim ona görə də səmimi şəkildə “Əzizim Anni” yazmışdım. “ Sənin qəribəliklərinə təəccüblənirəm,- o cavabında yazmışdı. – Mən heç vaxt “sənin əziz Annin”olmamışam, heç vaxt da olmayacam. Və inan, sən mənim üçün heç də “əziz Antuan” deyilsən. Əgər mənə necə müraciət edəcəyini bilmirsənsə, heç nə demə, bu daha yaxşıdır”. Məktubu portmanetimdən çıxarıram. Orada “Əzizim Antuan” yazılmayıb. Əslində heç adi ədəb qaydaları da yoxdur. “Səninlə görüşməliyəm”. Onun hissləri barədə fikir yaradacaq heç nə yoxdur. Şikayət etmək lazım gəlmir- mən onun mükəmməlliyə olan sevgisini bilirəm. O həmişə “mükəmməl anlar” əldə etməyə çalışıb. Əgər belə bir dəqiqəni əldə edə bilmirdisə, Anni ətrafdakı hər şeyə marağını itirirdi, gözləri ölgünləşirdi, keçid dövründəki yetkin qızlar kimi veyllənirdi. Ya da mənim üstümə düşürdü:
“ Sən burnunu burjuylar kimi təmtəraqla silirsən, öskürəndə isə özündən razı halda ağzını dəsmalla tutursan”.

Sakit dayanıb gözləməli idim; birdən mənim eşidə bilmədiyim hansısa səsdən diksinirdi, gözəl üzünün incə cizgiləri sərtləşirdi və yenidən əziyyətli işinə davam edirdi. Onun xasiyyətində məftunedici hakimiyyət var idi. Dişlərinin arasından nəsə oxuyurdu, sonra gülümsəyərək dirçəlirdi, mənə yaxınlaşıb çiyinlərimi silkələyirdi və bir neçə saniyə mənə elə gəlirdi ki, ətrafındakı bütün əşyalara əmr verir. Sakit, sürətli sözlərlə məndən nə gözlədiyini izah edirdi.

“ Qulaq as, yəni cəhd etmək çətindir? Keçən dəfə özünü axmaq kimi apardın. Görürsən, anlar necə gözəl ola bilər? Səmaya bax, xalçanın üstündə günəşin rənginə bax. Mən isə yaşıl paltardayam, bəzənməmişəm, solğunam. Kənara çəkil, kölgədə otur, nə etməli olduğunu başa düşdün. İndi baxaq. Ah, sən necə də axmaqsan! Danış mənimlə”. Hiss edirdim ki, anların müvəffəqiyyəti məndən asılıdır: həmin an gizli sirrə malik idi, bu siri ondan çıxarıb, həmin anı mükəmməlləşdirmək lazım idi; müəyyən sözü demək, müəyyən hərəkəti etmək lazım idi- məsuliyyət yükünün altına girmişdim, heç nə görmürdüm, Anninin quraşdırdığı mərasimlər içində çabalayırdım və kobud əllərimlə hörümçək toru kimi onları parçalayırdım. Həmin dəqiqələrdə o mənə nifrət edirdi.

Əlbəttə ki, onunla görüşəcəm. Mən hələ də ona hörmət edirəm və bütün qəlbimlə sevirəm. Arzu edirəm ki, başqası belə mükəmməl an oyununda məndən daha şanslı və rahat olsun.


“Sənin şeytani saçların hər şeyi pozur- o deyirdi. – Kürən kişi ilə nə etmək olar?”.

O gülümsəyirdi. Əvvəlcə onun gözləri ilə bağlı sonra uzun bədəni ilə bağlı xatirələr silindi. Hər şeydən çox onun təbəssümü ilə bağlı xatirəni saxlamağa çalışdım, amma üç il sonra o da silindi. Bir az əvvəl, sahibənin əlindən məktubu alanda həmin xatirə birdən qayıtdı: elə bildim gülümsəyən Annini görürəm. Mən indi də onun təbəssümünü xatırlamağa çalışıram, Anniyə qarşı duyduğum o incə hissləri yenidən hiss etmək istəyirəm- həmin hisslər buradadır, yanımdadır, lap yaxınlıqda, indicə doğulacaq. Amma yox, təbəssüm qayıtmır, hər şey bitdi. Daxilim boşluq və quraqlıqdır. Gecə kafesinə soyuqdan büzüşmüş adam girir.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə