Kollektivdə heç bir əhəmiyyəti olmayan bu insan sadəcə və sadəcə fərddir



Yüklə 0,71 Mb.
səhifə8/15
tarix26.05.2018
ölçüsü0,71 Mb.
#46099
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   15
Onun xətrinə yeyirdim, nəfəs alırdım, hər bir hərəkətim məndən asılı olmayaraq mənalı olurdu- bax, orada, qarşımda idi, artıq kağız üstündə gəzən əlimi görmürdüm, hətta yazdığım ifadələri də görmürdüm. Kağızın o tərəfində haralardasa markizi görürdüm, markiz məndən hərəkət tələb edirdi, bu hərəkət onun mövcudluğunu uzadırdı, möhkəmləndirirdi. Mən sadəcə onu həyata çağırmaq üçün bir vasitə idim, o mənim mövcudluğumun təsdiqi idi, məni özümdən xilas edirdi. İndi mən nə edəcəm?

Ah, bircə tərpənmək lazım deyil- lazım deyil… Ah!

Dayana bilmədim, çiyinlərimi tərpətdim.

Mən gözlədiyim nəyisə oyatdım, içimdə yarandı, su kimi axır, mən onunla doluyam. Xüsusi heç nə yoxdur: bu nə isə mən özüməm. Azad edilmiş mövcudluq içimə axdı. Mən mövcudam.

Mövcudam. Bu yumşaq bir şeydir, çox yumşaq və çox yavaş. Və o qədər yüngüldür ki, havada uçur. Hərəkətlidir. Bu hansısa toxunuşlardır- gah burada, gah orada yaranır itirlər. Yumşaq və hiyləgərdirlər. Ağzımda köpüklü maye var. Uduram, boğazımdan keçir, mənə nəvaziş göstərir, budur yenidən ağzımda yarandı. Ağzımda dayanmadan ağ maye yaranır, dilimi qucaqlayır. Bu maye də mənəm. Dil də mənəm. Boğaz da mənəm.
Ovcumu görürəm. O stolun üstünə söykənib. O yaşayır- o mənəm.

Açıldı, barmaqlarımı uzatdım, tərpənirlər. Əlimi çiynimə qoymuşam. Mənə yağlı qarnını nümayiş etdirir. Arxasıüstə çevrilmiş heyvana oxşayır, barmaqlar pəncələrdir. Əyləncə üçün onları tez-tez tərpədirəm. Bu arxasıüstə çevrilmiş xərçəng ayaqlarıdır. Bax, xərçəng öldü, pəncələr yığıldı, ovcumun içində yumuldular. Dırnaqlarımı, özümün yeganə cansız hissələrimi görürəm. İndi nə olacaq? Ovcum çevrildi, üzüüstə uzandı, indi mənə kürəyini göstərir. Gümüşüdür, barmaq sümüklərimdən başlayan kürən tüklər olmasa balıqlardakı kimi parıldayan kürəyi var. Ovcumu hiss edirəm. Əllərimdə tərpənən iki heyvan mənəm. Əlim digər əlimi dırnağı ilə qaşıyır. Stolun üstündə mənim olmayan ağırlığını hiss edirəm. Bu ağırlıq hissi dayanmadan davam edir, heç cür keçmir. Niyə də keçsin. Amma bu dözülməzdir. Əlimi qaldırıb, cibimə soxuram. Amma elə o dəqiqə parçanın içindən belimin istiliyini hiss edirəm. Əlimi cibimdən çıxarıb, stulun söykənəcəyinə qoyuram. İndi onun ağırlığını biləklərimdə hiss edirəm. O yüngül, yumşaq, süst tərpənir, o mövcuddur. Təslim oluram, onu hara qoysam da mövcud olmaqda, mən isə onun mövcudluğunu hiss etməkdə davam edirəm. Ondan, bədənimin digər hissələrindən, köynəyimə sürtünən yağlı tərdən, qaşıqla götürülən kimi tənbəlcəsinə axan isti piydən, eləcə də daxilimdə gəzən, gələn, gedən, əzələlərimlə qalxan ya da səhərdən axşama qədər həmişəki künclərində donan bütün digər hisslərdən canımı qurtara bilmirəm.


Qəfil silkələnirəm, əgər fikirləşməyi dayandırsam daha rahat olaram. Fikirlər, adamı ən çox onlar dilxor edir. Onlar bədənimdən daha pisdirlər. Dayanmadan, qəribə dad qoyub irəliləyirlər. Fikirlərin daxilində isə söz, yarımçıq söz, yarımçıq ifadələr var, onlar dəfələrlə qayıdırlar: “Dayandırmaq laz…Mən möv..Ölüm…Markiz de Rol öldü…Mən…Mən mövc…”. Təkrar olunurlar və bunun sonu yoxdur. Bu hər şeydən pisdir, çünki burada mən günahkaram, müttəfiq deyiləm. Məsələn, elə bu əzablı saqqız fikri: “Mən mövcudam”, onu özüm çeynəyirəm. Özüm. Bir dəfə yaşamağa başlayan bədən, öz-özünə yaşayacaq. Fikir isə yox, onu mən davam etdirirəm, inkişaf etdirirəm. Mən mövcudam. Mən mövcud olmam haqqında fikirləşirəm! Bundan canımı qurtarmağa çalışıram… elə bil ki başım dumanlanıb… budur yenə də başlayır: Duman… fikirləşmək lazım deyil… Fikirləşmək istəmirəm. Mən fikirləşirəm ki, fikirləşmək istəmirəm. Çünki bunun özü də fikirdir”. Yəni bu heç vaxt bitməyəcək?
Mənim fikrim, mənəm: Buna görə də fikirləşmədən dayana bilmirəm. Mən mövcudam, çünki fikirləşirəm, fikirləşməyə mane ola bilmirəm. Bax elə bu dəqiqə necə dəhşətlidir, mən mövcudam, mövcud olmağım məni dəhşətə gətirir. Bu mənəm, mən özüm can atdığım yoxluq uydururam, mənim nifrətim, mövcudluqdan iyrənməm hamısı məni mövcud olmağa məcbur etmək üçün vasitələrdir.
Fikirlər baş fırlanması kimi haradasa yaranırlar, onların boynumun arxasında doğulmalarını hiss edirəm… bir dəfə təslim olsam onlar qarşımda, gözlərimin arasında olacaqlar və mən həmişəlik təslim olacam, fikir şişəcək, şişəcək, çox nəhəng olacaq, məni dolduracaq, mövcudluğumu yeniləyəcək.

Tüpürcəyim şirindir, bədənim istidir, mən özüm özümə dilxoram. Stolun üstündə cib bıçağım var. Açıram. Niyə də yox? Elə ya da belə bu haradasa fərqlilik ola bilər. Sol əlimi qeyd kitabçasının üstünə qoyub, çalışıram ki, bıçağı ovcuma batırım. Hərəkət çox əsəbi alındı, bıçaq dərimin üstündən sürüşdü, yüngül çapıq. Çapıq qanayır. Bəs indi nə? Nə dəyişdi? Amma yenə də ağ vərəqə, bayaq yazdığım sətirlərin üstünə qan damcılarının düşməsinə məmnuniyyətlə baxıram. Axır ki, onlar mən deyiləm. Ağ səhifədə dörd sətir, qan damcıları və budur, əla xatirələr artıq hazırdır. Aşağı yazmaq lazımdır: “Bu gün mən markiz de Rolbon haqqında kitab yazmaq fikrindən imtina etdim”.


Əlimə yod sürtüm? Bilmirəm. Baxıram, qan damcıları necə də yeknəsaq axır. Amma bax, qan dayandı. Bitdi. Çapığın ətrafında dəri qırmızı görünür. Dərinin altında o birilərdəki kimi yüngül hissiyyat, daha çox dilxorçuluq var.

Saat beşin yarısı oldu. Qalxıram, soyuq köynək bədənimə yapışıb. Küçəyə çıxıram. Niyə? Ona görə ki,evdə qalmaq da mənasızdır. Hətta evdə qalsam, sakitcə küncdə otursam yenə də özümdən heç hara qaça bilməyəcəm. Həmin küncdə mövcud olacam, öz ağırlığımı döşəməyə salacam. Çünki artıq varam.



Yolda qəzet alıram. Sensasiya. Balaca Lyusenin cəsədi tapılıb! Çap rənginin iyi, kağız barmaqlarımı döyəcləyir. Şərəfsiz qatil gizlənib. Qızı zorlayıblar. Cəsədi tapılıb- gərilmiş barmaqlar palçığa batıbmış. Qəzeti bükürəm, barmaqlarım qəzetdən yapışıb: çap rənginin iyi. Aman Allah, bu gün hər şey necə sırtıqcasına mövcuddur! Balaca Lyuseni zorlayıblar. Boğublar. Onun bədəni hələ də mövcuddur, gövdəsi parçalanıb. Lyusen daha mövcud deyil. Onun əlləri. O daha mövcud deyil. Ev. Evlərin arası ilə gedirəm, mən evlərin arası ilə varam, körpünün üstü ilə gedirəm, körpü ayaqlarımın altında mövcuddur, evlər su kimi, kağız üstündə durna qanadları kimi ayaqlarımın altında birləşir, mən mövcudam. Mən varam, mən mövcudam, mən fikirləşirəm, daha doğrusu mən mövcudam çünki fikirləşirəm, yaxşı bəs niyə fikirləşirəm?
Daha fikirləşmək istəmirəm, çünki mövcud olmaq istəmədiyimi fikirləşirəm, fikirləşirəm ki mən…çünki… Off! Qaçıram, əclaf qaçıb, qıza təcavüz edilib. O bədəninə digər bir bədənin daxil olduğunu hiss edib. Mən…indi də mən…təcavüz edilmişəm. Zorakılığa meylli hiyləgər qüvvə mənə arxadan yaxınlaşır, haradasa qulaqlarım tərəfdədir, qulaqlarım mənim arxamca sürünür, kürən saçlarım başımda kürənləşir, nəm ot, kürən ot- yoxsa bu da mənəm? Bəlkə elə bu qəzet də mənəm? Qəzeti tutmaq iki varlığın üz-üzə olmasıdır, əşyalar üz-üzə mövcud olurlar, qəzeti atıram. Budur, ev, ev mövcuddur. Divardan irəli addımlayıram, uzun divardan irəli addımlayıram, mən varam, mən divarın qarşısında mövcudam, bir addım daha, divar var, o məndən irəlidədir, daha bir addım, daha bir, indi mənim arxamdadır, barmaqlarım şalvarımdan yapışıb, şalvarımı qarışdırır, qarışdırır, oradan balaca qız barmağı çıxarır, barmaq palçığa batıb, mənim barmağım palçığa batıb, elə həmin çirkli gölməçənin palçığına, barmağım sakitləşir, yumşalır, daha əvvəlki kimi qaşımır, həmin boğduqları qızın barmağı kimi gərilməyib,əclaf, palçıqdan yapışıb, torpaqdan yapışıb, barmağım sakitcə sürüşdü, barmağım yumşaq- yumşaq, mehribanlıqla budumu sığallayır; mövcud olmaq yumşaq, üzü yola bir şeydi, avara-avara evlərin arasında fırlanır, mən varam, mən mövcudam, mən fikirləşirəm, mən avaralanıram, mövcudluq- yıxılmaq deməkdir, yıxılacaq, yıxılmayacaq, barmaq pəncərəni dırnaqlayır, mövcudluq natamamdır. Budur kişi. Yaraşıqlı kişi mövcuddur. O hiss edir ki, var. Yox, elə yox, yanımdan keçən, qürurlu, bağ quşları kimi incə yaraşıqlı kişi mövcud olduğunu hiss etmir. Dönmək, çiçəklənmək, kəsilmiş əlim ağrıyır, mövcuddur, mövcuddur, mövcuddur.
Yaraşıqlı kişi, Fəxri legion ordeni, bığlar mövcuddur, bu qədər. Yəqin ancaq Fəxri legion ordeni almaq və bığları olmaq nə böyük xoşbəxtlikdir. Başqa heç nəyi heç kim görmür. O ancaq burnunun hər iki tərəfindən bığlarının iki iti ucunu görür. Mən düşünmürəm. Deyəsən mən bığam. O nə özünün arıq bədənini, nə şalvarından çıxan iri ayaqlarını görmür, əlbəttə iki balaca, boz şiş tapmaq olar. Onun Fəxri legion ordeni var. Əclafların mövcud olmağa haqları çatır: “ Mövcudam, çünki buna haqqım var”. Mövcud olmaq haqqım var, düşünməmək haqqım var, barmağım qalxır. Yəni mən… mən işıqlı, ağ döşəkağı üstündə, sakit-sakit aşağı əyilən ağ bədəni sığallaya biləcəm? Qoltuqaltlarının nəmliyinə toxuna biləcəm? Canlı bədənin suyunu, şirəsini hiss edib, başqa bir bədənə, qırmızı, nəm qişaya,mövcudluğun boğucu, incə qoxusuna daxil ola biləcəm? Hiss edə biləcəm ki, mən nəm, yumşaq, solğun qandan qırmızılanmış, əsən, parçalanmış, mövcudluğun nəmliyi ilə qidalanmış dodaqların arasında mövcudam? Hiss edə biləcəm ki, mən şirin, nəm, göz kimi yaşaran dodaqların arasında mövcudam? Mənim bədənim ətdən ibarətdir, ət yaşayır, ət qurdalanır, sakitcə şirəni, kremi çəkir, mənim ətim bədənimin yumşaq, şirin suyunu qarışdırır, əlimin qanı, yaralı ətimin şirin ağrısı, o gedir mən də gedirəm, mən qaçmaqla xilas oluram, mən yaralı bədənli alçağam, bu divarların varlığı ilə yaralanmışam.
Mənə soyuqdur, addım, mənə soyuqdur, digər addım, sola dönürəm, o sola döndü, o düşünür ki, sola döndü. Ağlımı itirmişəm? Bəlkə mən ağlımı itirmişəm? O deyir ki, ağlını itirməkdən qorxur, mövcudluq, varlıqda toz dənəsi, o dayanır, onun bədəni dayanır, o düşünür ki dayanır, bu haradan çıxdı? O nə edir? o yenidən gedir. Qorxur, çox qorxur, alçaq, arzu duman kimidir, arzu iyrəncdir, o deyir ki, mövcud olmaqdan iyrənir, iyrənir? O mövcud olmağın iyrəncliyindən yorulub. O qaçır. Nəyə ümid edir? O qaçır, qaçıb suya atılmaq istəyir? O qaçır, qaçır, ürəyi döyünür, döyünən ürək bayramdır. Ürəyi mövcuddur, ayaqları mövcuddur, nəfəsi mövcuddur, onlar qaçışda, nəfəsdə, ürək döyüntüsündə, sakitcə, sakitcə mövcuddurlar, nəfəsim kəsilir, o deyir ki, nəfəsi kəsilir;
Mövcudluq mənim arxa fikirlərimi tutur, onları sakitcə arxada qarışdırır. Məni arxadan tuturlar, arxadan məcbur edirlər ki, fikirləşim, daha doğrusu özümdən arxadakı, mövcudluğun yüngül köpükləri ilə nəfəs alan kimsə olmağa məcbur edirlər, arzuların dumanlı köpükləri, güzgüdə solğundur, ölü kimi, Rolbon öldü, Antuan Rokanten ölmədi, heç olmasa hisslərini itirəydi- o deyir ki, o istərdi ki, hisslərini itirsin, o qaçır, arxadan yapışır, balaxa Lyusenə arxadan hücum etmişdilər, mövcudluq ona arxadan hücum edib, zorlamışdı, o aman diləyir, utanır ki, aman diləyir, yazığınız gəlsin, kömək edin, kömək edin, deməli mən varam, o “Dənizçi barına” daxil olur, balaca güzgü, balaca bordel, balaca bordelin balaca güzgüsündə solğun, əzgin, kürən yekəpər əks olunur, özünü kiçik kreslonun üstünə atır, qrammafon çalınır, mövcuddur, hər şey fırlanır, qrammafon mövcuddur, ürək döyünür- fırlanın, fırlanın, həyat şirələri, fırlanın, jele, bədənimin şirələri, şirniləri… qrammafon.
When the low moon begins to beam,

Every night i dream a little dream[i]


Birdən alçaq, xırıltılı səs çıxır və dünya itir, mövcudluq dünyası itir. Bu səs qadın bədəninə məxsus idi. Ən gözəl paltarını geyinərək plastinka qarşısında oturmuşdu və onun səsini yazırdılar. Qadın? Tamamlıq! O da mənim kimi, Rolbon kimi mövcuddur, onu tanımaq istəmirəm. Amma bir şey var ki, onun haqqında danışmaq olmaz: o mövcuddur. Fırlanan plastinka var, titrəyən səslə kəsilən hava var, plastinkada izlər qoyan səs mövcuddur. Mən dinləyiciyəm, mövcudam. Hər şey doludur, hər yerdə ağır, yumşaq mövcudluq var. Amma bütün bu yumşaqlığın digər tərəfində, lap yaxında, aydın, yaşlı, amansız və sakit bir şey də var: bu… bu dəqiqlikdir.
Çərşənbə axşamı
Yenilik yoxdur. Mövcud oldum.
Çərşənbə.
Kağız süfrədə günəş halqası var. Halqa ilə əzgin milçək sürünür, özünü isidir, bir pəncəsini digərinə sürtür. Ona xidmət edəcəm, əzəcəm. Başının üstündə günəşdə parıldayan qızılı tükləri olan nəhəng baş barmağın olduğunu görmür,

- Onu öldürməyin, müsyö- Oxucu qışqırır.

Parçalandı. Qarnından balaca, ağ içalat çıxır; mən onu mövcudluğundan xilas etdim.

- Ona kömək etdim, – Oxucuya quru-quru cavab verirəm.

Mən niyə burdayam? Niyə də burada olmayım? Günortadır, gözləyirəm ki, yatmaq vaxtı gəlsin. (Xoşbəxtlikdən yuxusuzluğum yoxdu). Dörd gündən sonra Annini görəcəm; Bu gün üçün həyatımın yeganə mənası budur. Sonra nolacaq? Anni gedəndən sonra nolacaq? Çox əla bilirəm ki, əslində ümid edirəm o daha heç vaxt məni tərk etməyəcək. Amma əslində mən ki bilirəm Anni heç vaxt gözlərimin qabağında qocalmağa razı olmaz. Mən zəif və təkəm, ona ehtiyacım var. Əslində isə onun qarşısında bütün gücümlə dayanmaq istərdim. Yazıq zəiflərə qarşı Anni amansızdır.

- Sizə nə olub müsyö? Özünüzü pis hiss edirsiniz?

Oxucu yanımdan mənə baxır, gözləri gülür. Ağzı açıqdır, təngnəfəs itlər kimi nəfəs alır. Etiraf edirəm bu səhər onu görəndə az qala sevinmişdim. Mənə söhbət edəcəyim adam lazım idi.

- Mən çox xoşbəxtəm ki, mənimlə nahar edirsiniz, – o deyir. – üşüyürsünüzsə qızdırıcıya yaxın oturaq. Baxın, o cənablar artıq gedirlər, hesabı istədilər.

Kimsə mənim qayğıma qalır, üşüyüb-üşümədiyimi soruşur, mən başqa bir adamla danışıram, belə bir şey artıq neçə illərdir olmamışdı.

- Onlar gedirlər. İstəyirsinizsə onların yerində oturaq?

İki cənab siqaret çəkirdi. Onlar çıxdılar, artıq təmiz havada, günəşdədirlər. Onlar iki əlləri ilə şlyapalarını tutub, geniş pəncərələrin yanından keçirlər. Gülürlər, külək plaşlarını şişirdir. Yox, yerimi dəyişmək istəmirəm. Niyə? Özü də şüşənin ardından hamam kabinetlərinin ağ damları arasından yaşıl, dalğalı dənizi görürəm.

Oxucu portmanetindən iki bənövşəyi, karton düzbucaqlı çıxardı. İndi onları kassaya verəcək. Birinin üstündən oxuyuram:

“Bottane firması, ev mətbəxi

Kompleks nahar 8 frank.

Qəlyanaltı seçimlədir.

Qarnirli ət yeməyi

Pendir və ya desert.

20 talon- 140 frank .”

İndi qapının yanında, yumru stolda oturan adamı tanıdım,- bu kommivoyajerdi, o tez-tez “Prentaniya” otelində qalır. Bəzən diqqətli, gülümsəyən nəzərlərini mənə zilləyir- amma o məni görmür, həddindən artıq yediyinə dalıb. Kassanın digər tərəfində qırmızı sifətli, yekəpər iki müştəri oturub, onlar ağ şərabla midiy yeyirlər. Sarı, incə bığlı, alçaq boylu olanı özünün xoşuna gələn hansısa hadisəni danışır. Arabir fasilə edib, gözqamaşdıran dişlərini göstərib gülür. İkincisi gülmür, baxışları sərtdir. Amma bəzən danışana tərəf baxıb, başı ilə təsdiq edir. Pəncərənin yanında arıq, qarabuğdayı, xeyirxah üzlü və alnından arxaya daradığı gözəl ağ saçlı adam fikirli- fikirli qəzet oxuyur.

Dəri portfeli yanındakı stulun üstünə qoyub. Vişi mineral suyunu içir. Bir az sonra bütün bu adamlar kafedən çıxacaqlar; yediklərindən ağırlaşmış, dəniz küləyi ilə sovrulub, yellənən ətəkli plaşları ilə, yüngülcə səs küy salıb, başlarında yüngül dumanla səki ilə gedəcəklər, sahildəki uşaqlara, dənizdəki gəmilərə baxacaqlar, onlar işə gedəcəklər. Mən isə heç yerə getməyəcəm, mənim işim yoxdur. Oxucu sadəliklə gülür, günəşin şüaları onun çox az saçlarında oynayır.

- Sifariş verərdiniz?

Menyunu mənə verur; bu qəlyanaltıların birini seçməyə haqqım var: beş dilim kolbasa və ya qırmızı turp, krevet və ya istiotlu souslu kərəviz salatı. Burqund üslubunda hazırlanmış ilbiz üçün ödəniş etməlisən.

- Mənə kolbasa verin,- ofisianta deyirəm.

Oxucu kartı məndən alır.

- Yəni daha yaxşı heç nə yoxdur? Məsələn, burqund formalı ilbiz?

- Mən ilbiz xoşlamıram.

- Aha! Bəs istridyə necə?

- Onlar üçün dörd frank ödəməlisiniz, – ofisiant deyir.

- Yaxşı, onda istridyə mademuazel, mənə isə qırmızı turp. – Qızararaq mənə izah edir: – mən turp çox xoşlayıram.

Mən də.


- Sonra nə?- soruşur.

Ət yeməkləri menyusuna baxıram. Buğda bişirilmiş ət istərdim. Amma əvvəlcədən bilirəm ki, mənə cücə düşəcək, yeganə yeməkdir ki, onu ödəmək lazımdır.

- Cücə mənə isə buğda bişirilmiş ət, mademuazel.

Oxucu səhifəni çevirir, növbəti səhifədə şərab siyahısı var.

- Şərab içək- təntənsiz səslə deyir.

- Hey, sən,- ofisiant deyir. – bu gün gəzirsiz? Siz ki heç vaxt içki içmirsiz.

- Bir stəkan şərab istənilən halda xeyirdi. Zəhmət olmasa, mademuazel, bir bardaq çəhrayı anjuan.

Oxucu məni kənara qoyub, çörəkdən öz payını kəsir, xıra hissələrə bölür, öz boşqabını salfetlə silir. Sonra ağ saçlı, qəzet oxuyan adama baxır.

- Adətən, – o gülümsəyib mənə deyir, – bura kitabla gəlirəm. Düzdür, həkim məsləhət görmür, oxuyanda yeməyi çeynəmədən çox tələsik udursan. Amma mənim mədəm dəmirdəndir, hər şeyi həzm edə bilər. 1917-ci ilin qışında əsir düşəndə bizi o qədər pis yemləyirdilər ki, hamı xəstə idi. Mən də əlbəttə hamı kimi xəstə düşmüşdüm, amma əslində özümü lap əla hiss edirdim.

O müharibədə əsir olub. Heç vaxt bu barədə danışmayıb. Heç cür yadıma sala bilmirəm, mən onu ancaq Oxucu kimi təsəvvür edə bilirəm.

- Harda əsir düşmüşdüz?

Cavab vermir. Çəngəlini kənara qoyub mənə qəribə baxışlarla zilləndi. İndi mənə öz problemi barədə danışacaq, yadıma düşdü ki, kitabxanada işləri nəsə düz gətirmir. Bütün diqqətimi cəmləmişəm: başqasının problemini hiss etmək, bundan yaxşı heç nə yoxdur, diqqətimi yayındırar. Mənim heç bir problemim yoxdur- rentaçı kimi zənginəm, rəhbərliyim yoxdur, arvadım uşaqlarım yoxdur; mən varlığam- yeganə problemim bax budur. Amma bu problem o qədər dağınıq, metafizik yayqındır ki, ondan utanıram.

Amma deyəsən Oxucu danışmağa hazırlaşmır. O mənə necə qəribə baxışlarla baxdı: bu baxış görmək üçün baxılan baxış deyil, daha çox ruhların əlaqəsi üçün vasitədir. Oxucunun ruhu düz gözəl gözlərinə qədər qalxdı və oradan baxır. Qoy mənimki də eyni cür davransın, burnunu şüşəyə söykəsin və hər ikisi maraqlarını bölüşsünlər.

Yox, mən ruhların münasibətini istəmirəm, hələ ora gedib çatmamışam. Mən geri gedirəm. Amma Oxucu baxışlarını məndən çəkməyib, bütün sinəsini stola söykəyib. Xoşbəxtlikdən ofisiant ona turp gətirdi. O yenidən stula söykəndi, ruhu gözlərində gizləndi və o sakitcə yemək yeməyə başladı.

- Hə noldu, problemlərinizi həll etdiniz?

O diksinir.

- Hansı problemlərim müsyö?- qorxu ilə soruşur.

- Necə yadınıza düşmür, təzəlikcə mənə özünüz dediniz ki…

Yüngülcə qızarır.

- Həəə, onu deyirsiniz, – quru-quru deyir. – Hə, doğrudan da demişdim. Hər şeyi korsikalı edir, müsyö. Kitabxanadakı korsikalı. – Bir anlıq inadkar keçi kimi dirənir.- bunlar hamısı dedi-qodudur, müsyö, sizi narahat etmək istəməzdim.

İnad etmirəm. Hədsiz sürətlə yemək yeyir, düzdür ona baxsan belə deməzdin. Mənə istridyə gətirəndə o artıq turpu bitirmişdi. Onun boşqabında yaşıl quyruqlar və nəm duz yığını qalmışdı.

Küçədə, menyu qoyulmuş vitrinin qarşısında cütlük dayanır- kartondakı aşbaz sol əli ilə menyunu göstərir ( sağ əlində tava tutub). Onlar qərar verə bilmirlər. Qadın donur, çənəsini xəz yaxalığına salır. Gənc kişi birinci qərar verir. Qapını açıb, qadını içəri buraxır.

O daxi olur. Ətrafa mehriban baxış atıb, canlanır.

- Necə istidir, – sinədən gələn səslə deyir.

Gənc kişi giriş qapısını bağlayıb deyir.

- Salam.


Oxucu dönür və mehribanlıqla gəncin salamını alır. Digər müştərilər susurlar, amma xoşsimalı cənab yüngülcə qəzeti aşağı salıb gələnlərə baxır.

- Təşəkkür edirəm, narahat olmayın.

Ofisiant qız paltolarını soyunmağa kömək etmək üçün gələnlərə tərəf atılanda gənc kişi artıq paltosunu yüngülcə soyunmuşdu. Pencək geyinməyib, əynində dəri kurtka var. Bir az narahat olmuş ofisiant qadına tərəf dönür. Burada da onu qabaqlamış gənc yüngül, xoş və dəqiq hərəkətlərlə yoldaşına paltosunu soyunmağa kömək edir. Onlar üzbəüz, bizim yanımızda otururlar. Deyəsən hələ təzə tanış olublar. Gənc qadının yorğun, təmiz və yüngülcə incimiz üzü var. Qəfil şlyapasını çıxarıb, gülümsəyərək qara saçlarını silkələyir.

Oxucu xoş baxışlarla uzun müddət onlara baxdı, sonra mənə tərəf dönüb göz vurdu, sanki demək istəyirdi: “Necə gözəl cütlükdür, elə deyil?”

Onlar çirkin deyillər. Susurlar, xoşbəxtdirlər ki, birlikdədirlər, xoşbəxtdirlər ki, onları birlikdə görürlər. Keçmişdə bəzən Anni ilə Pikkadillidə hansısa restorana girəndə hiss edirdik ki bizə mütəəssir baxışlar zillənib. Bu Annini əsəbləşdirirdi, amma düzünü desəm mən yüngülcə fəxr edirdim. Ən əsası təəccüblənirdim. Mən heç vaxt bu gənc kimi səliqəli və təmizkar olmamışdım, bu ona çox yaraşır. Heç kimisə mütəəssir edəcək qədər çirkin də deyildim. Sadəcə gənc idik, indi mən başqasının gəncliyindən riqqətə gəlmə yaşındayam. Amma mən mütəəssir deyiləm. Qadının yumşaq, qara gözləri var. Gəncin dərisi narıncıya çalır, bir az nahamardır və çox xoş, iradəli, balaca çənəsi var. Düzdür onlar məni təsirləndirir amma həm də haradasa onlardan iyrənirəm. Onlar məndən necə də uzaqdadırlar, istidə dincəlirlər, ürəklərində ümumi, şirin arzu daşıyırlar. Özlərini yaxşı hiss edirlər, bu sarı divarlara, insanlara inamla baxırlar, onlar dünyanı olduğu kimi xoşlayırlar, hər biri hələ ki həyatının mənasını digərində görür. Tezliklə onların bir həyatı olacaq, sakit, isti, mənasız- amma onlar bunu hiss etməyəcəklər.

Bir-birinə qarşı hələ ki, cəsarətsizdirlər. Nəhayət gənc yöndəmsiz, qərarlı hərəkətlə rəfiqəsinin barmaqlarının ucundan tutur. O ürəklənir və hər ikisi menyuya tərəf əyilirlər. Hə, onlar xoşbəxtdirlər. Hə nolsun? Sonra?

Oxucu hiyləgərcəsinə və sirli görünüşlə özünə baxdı.

- Mən sizi srağagün gördüm.

- Harada?

- Ha-ha,- şərəflə gülür.

Bir az fasilə verib, izah edir.

- Siz muzeydən çıxırdınız.

- Həə, düzdür,- deyirəm. – Amma srağagün yox, şənbə günü.

Srağagün dəqiq muzeydə gəzəsi halda deyildim.

- “Orsininin oğurlanması”- nın məşhur ağac surətini gördünüz?

- Yox, bilmirəm.

- Yəni bu ola bilər? O balaca zalda, girişdən sağ tərəfdədir. Kommunarın işidir, amnistiyaya qədər Buvildə yaşayıb, çardaqda gizlənirmiş. O ümid edirmiş ki, Amerikaya gedən paraxoda minər, amma buranın limanlarında polis öz işini bilir. Əla insandır. Darıxdığından böyük odunu yonmağa başlayıb. Heç bir aləti yox imiş- ancaq cib bıçağı və dırnaq üçün kiçik mişar. Odunun ölçüsü əlli metr olarmış, bütöv hissədən yonub. Orada yetmiş personaj çəkilib, imperatorun karetasına birləşdirilmiş iki atı saymasaq hər biri mənim ovcum boyda olar. Onların üzü isə, müsyö, dırnaqyonanla hamarlanıb, hər birinin öz ifadəsi var, elə bil ki, canlıdırlar. Üzr istəyirəm, müsyö, amma özümdə cəsarət tapıb deyirəm ki, bu yaradıcılığı görmək lazımdır.

Heç nə söz vermək niyyətində deyiləm.

- Sadəcə bir dəfə də Bordyurenin şəkillərinə baxmaq istədim.

Oxucu birdən kədərləndi.

- Portretlər hələ də böyük zaldan asılıb? Yazıq təbəssümlə soruşur. – mən yaradıcılıqdan heç nə anlamıram, müsyö. Əlbəttə bilirəm ki, Bordyuren böyük rəssamdır, fırça ilə davrana bilir, necə deyərlər, yaradıcı gözləri var, amma mən müsyö, estetik həzz almıram.

- Bax, mən də heykəltəraşlığa qarşı soyuqqanlıyam, – deyirəm.

- Ah, müsyö, eynən, mən də eləyəm. Musiqiyə, baletə qarşı. Axı mən heç də savadsız adam deyiləm.Başa düşmürəm, məsələ nədədir: mən gənclər görmüşəm ki, mənim bildiklərimin yarısını da bilmirlər, amma görünür ki, şəkil qarşısında dayananda həzz alırlar.

- Yəqin özlərini elə göstərirlər, – onu sakitləşdirmək üçün deyirəm.

- Ola bilər… Məni axmaq yerinə qoyurlar, – bir qədər fikirləşəndən sonra deyir.- əsas məsələ onda deyil ki, mən həzz almaqdan məhrumam, əsas məsələ odur ki, insan fəaliyyəti mənə yaddır. Axı mən insanam, şəkilləri də insanlar çəkir…

- Müsyö, – birdən dəyişmiş səslə deyir- bir dəfə mən fikirləşdim ki, gözəllik sadəcə zövq məsələsidir. Məgər hər bir dövr öz gözəllik üsullarını yaratmamışdı? İcazə verirsiniz, müsyö?

Təəccüblə cibindən qara dəri cildli qeyd kitabçasını çıxarmasına baxıram. Onu vərəqləməyə başlayır. Kitabçada çoxlu təmiz səhifələr var, amma arabir qırmızı mürəkkəblə yazılmış sətirlərə rast gəlmək olur. Oxucu təbaşir kimi ağdır.

Kitabçanı stolun üstünə qoyub, geniş ovcu ilə üstünü bağladı. Utancaq-utancaq öskürüb, dedi:

- Bəzən mənim başıma müxtəlif- mən onları fikir adlandırmağa cəsarət etmirəm- qəribə şeylərr gəlir- baxın, otururam, oxuyuram birdən özüm də bilmirəm necə olur elə bil ki, beynim işıqlanır. Əvvəlcə buna fikir vermədim, sonra qeyd kitabçası almağa qərar verdim.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə