Kollektivdə heç bir əhəmiyyəti olmayan bu insan sadəcə və sadəcə fərddir



Yüklə 0,71 Mb.
səhifə7/15
tarix26.05.2018
ölçüsü0,71 Mb.
#46099
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   15

- Çoxdan vaxtdır!

- Hə, amma deyəsən nəsə olub. Elə bil kimsə xırıldadı, sonra da boğuq səs gəldi.

Bu qaranlıq, pəncərələrindən çöldə dumanın qaynadığı otaqda sözlərim tamamilə təbii səsləndi. Heç vaxt onun gözlərinin ifadəsini unutmaram.

- Məncə gedib baxmalısınız,- hiyləgərcəsinə təklif edirəm.

- Yox!- etiraz edir, – məni danlayar. Saat neçədir?

- On.


- Əgər on birin yarısına qədər düşməsə gedib baxacam.

Qapıya tərəf addım atıram.

- Gedirsiniz? Bəlkə bir az da oturasınız?

- Yox.


- Doğurdan o xırıldadı?

- Bilmirəm- gedə-gedə cavab verirəm,- bəlkə kefim yaxşı deyil ona görə mənə elə gəlib.

Duman bir az seyrəlmişdi. Tələsə-tələsə Turnebrid küçəsinə tərəf gedirəm- onun işıqlarına ehtiyacım var. Səhv etmişəm, işıqlar var idi, onlar yanırdılar və mağazaların vitrinlərini işıqlandırırdılar. Amma bu şən işıq deyildi- dumana görə onlar tamam ağ görünürdülər və adamın içinə ruh kimi dolurdular.

Çoxlu adam, daha çox qadınlar, dayələr, qulluqçular, bəzən isə “Hər şeyi özüm alacam, belə daha düzgündür” deyən sahiblər vitrinlərə tamaşa edib, sonra içəri girirdilər.


Julyenin kolbasaçısının qabağında dayandım. Arabir şüşənin arxasından göbələkli qarnirdə bişirilmiş ayağa və ya sosiskalara işarə edən əllər görünürdü. Sonra kök, sarışın qız döşlərini göstərərək əyilib barmaqları ilə ölü gövdədən bir parça götürdü. Müsyö Faskel isə buradan beş dəqiqəlik uzaqlıqda, öz otağında ölü idi.

Ətrafımda hansısa möhkəm sığınacaq, etibarlı bir şey axtardım ki, belə fikirlərdən uzaqlaşım. Belə bir şey yox idi- duman az-maz azalmışdı, amma havada hələ də narahatlıq var idi. Birbaşa təhdid deyildi, nəsə şəffaf bir şey idi. Amma məhz o qorxu yaradırdı. Alnımı vitrinin şüşəsinə söykəmişdim. Yumurtanın üzdüyü rus mayonezinin üstündə tünd-qırmızı damcı gördüm- qan idi. Sarının üstündəki bu qırmızının görüntüsü ürəyimi bulandırırdı.


Birdən təsəvvür etdim ki, kimsə qanlı üzü ilə bu yeməyin üstünə yıxılıb. Yumurta qanın içində üzür, onu bəzəyən pomidor dilimi yanı üstə düşüb- qırmızıda qırmızı. Bir az mayonez dağıldı- qan çayının iki yerə ayırdığı sarı krem gölməçəsi.

“Axmaq fikirlərdir. Silkələnmək lazımdır.Gedim kitabxanada işləyim”.

İşləyim? Bilirdim ki, bu gün bir cümlə də yazmayacam. Daha bir gün itkisi. Parkdan keçəndə adətən oturduğum skamyada mavi pelerin (başlıqlı plaş) gördüm, nəhəng idi, tərpənmirdi. Bax bu kimdirsə soyuqdan qorxmur.

Oxu zalına girəndə oradan “Oxucu” çıxdı. Mənə tərəf atıldı:

- Müsyö, sizə təşəkkür etmək istəyirəm. Mənə verdiyiniz fotolara baxıb unudulmaz saatlar keçirdim.

Onu görəndə ümidləndim: bəlkə biz ikimiz bu günə daha rahat dözə bilərik. Amma Oxucunun yanında ancaq onu hiss edirsən ki, tək deyilsən.

Əli ilə bir cildi şappıldatdı. Bu “Din tarixi” idi.

- Nusapyedən başda heç kim ümumiləşdirməni belə uğurlu apara bilməzdi. Sizcə də elə deyil, müsyö?

Görünüşü yorğun idi, əlləri əsirdi.

- Yaxşı görünmürsüz, – dedim.

- Ah, müsyö, hələ bir görünüm. Başıma dəhşətli hadisə gəlib.

Balaca, hirsli, baş təbilçilərdəki kimi bığları olan korsikalı bizə yaxınlaşdı. O saatlarla dabanlarını ucadan yerə vura-vura stollar arasında gəzir.

Qışda o tez-tez bəlğəmini cib dəsmalına tüpürür, sonra da həmin dəsmalları isidicidə qurudur.

Oxucu mənə lap yaxınlaşıb, üzümə nəfəs aldı:

- Bu barədə bu adamın yanında danışmaq istəmirəm- mənə etibar edərək pıçıldadı.- amma əgər razı olsaydınız, müsyö…

- Nəyə?


O qızardı, əsəblə ayaqlarını oynatdı:

- Müsyö, ah, müsyö…ölürəm… çərşənbə axşamı şərəf verib, mənimlə nahar edərsiniz?

- Məmnuniyyətlə…

Onunla nahar etmək özümü asmağım kimi bir şeydir.

- Siz məni çox şad etdiniz,- Oxucu dedi və tələsik əlavə etdi:- etiraz etməsəydiniz sizi götürməyə gələrdim, – sonra da itdi, yəqin qorxurdu ki, yubansa fikrimi dəyişərəm.

On ikinin yarısı idi. İkiyə on beş dəqiqə işləyənə qədər işlədim. Boş iş idi: gözümün qabağında kitab var idi, amma fikrim “Mabli” kafesində qalmışdı. Görəsən müsyö Faskel aşağı düşdü, ya yox? Ürəyimin dərinliklərində onun ölümünə o qədər də inanmırdım, elə məhz bu məni qıcıqlandırırdı! Fikir dumanlı idi, mən nə onu özümdən qova bilirdim, nə də ona əmin ola bilirdim. Döşəmədə korsikalının ayaqqabıları taqqıldayırdı. Bir neçə dəfə o mənim qarşımda elə dayandı ki, elə bil mənimlə danışmaq istəyirdi. Amma baxıb, yenidən addımlayırdı.


Saat birdə sonuncu oxucular da getdilər. Yemək istəmirdim, ən əsası getmək istəmirdim. Bir az da işlədim, sonra qəfil diksindim: sükutda dəfn edilmişdim.

Başımı qaldırdım- tək qalmışdım. Korsikalı yəqin ki aşağı, kitabxananın qapıçısı işləyən arvadının yanına düşmüşdü. Onun addımlarını eşitmək istədim. Əvəzində ancaq sobada səpələnən kömürün şaqqıltısını eşidirdim.

Oxu zalını duman basmışdı, yox, həqiqi duman deyil, o çoxdan dağılıb, bu başqa, hələ də küçələrin dolu olduğu duman idi, divarlardan, körpülərdən sızırdı. Hər şey bir az dağınıq olmuşdu. Əlbəttə, kitablar hələ də rəflərdə öz yerlərində, əlifba sırası ilə düzülmüşdülər, qəhvəyi, qara cildlidirlər, üstlərində yarlıqlar var: ÜO- fə 7996 (ümumi oxu- fransız ədəbiyyatı) və ya ÜO- te (ümumi oxu- təbii elmlər). Amma…axı bunu necə izah etmək olar? Adətən bu qalın və ya kiçik kitablar soba, yaşıl lampalar, böyük pəncərələr və pilləkənlərlə gələcəyi çərçivəyə salırlar. Nə qədər ki, bu divarların arasındasan baş verə biləcək hər şey ancaq sobanın sağında ya da solunda ola bilər. Əgər lap elə Müqəddəs Deni bu zala əllərində başını daşıyaraq girsə yenə də sağ tərəfdən, fransız ədəbiyyatına həsr edilmiş rəflərin arasından və assistentlərin işlədiyi stolun yanından keçməli olardı. Əgər döşəmədən iyirmi santimetr yuxarıda, yerə dəymədən uçsa, dəqiq bilirəm qanlı çiyinləri üçüncü kitab rəfi ilə bir olardı. Bax beləcə bütün bu əşyalar adətən mümkünlüyün sərhədini cızırlar.
Amma məhz bu gün onlar heç nəyin sərhədlərini cızmırlar- elə bil ki, onların özlərinin mövcudluğu sual altındadır və növbəti ana çatmaq onlara böyük əziyyət bahasına başa gəlir. Oxuduğum kitabı möhkəm-möhkəm əlimdə sıxdım- amma hətta ən sərt hisslər də silinmişdi. Hər şey çox qeyri-real görünürdü- məni hansısa karton dekorasiya əhatə etmişdi, onu istənilən vaxt başqa yerə keçirmək olardı. Dünya gözləyirdi, gərgin, nəfəsini tutub müsyö Axill kimi öz böhranını, öz Ürəkbulantısını gözləyirdi.
Qalxdım, daha bu gücdən düşmüş əşyaların arasında qala bilmirdim. Pəncərədən Empetrazın kəlləsinə baxmağa qərar verdim. Öz-özümə pıçıldadım: “Hər şey ola bilər, ola bilər hər şey olsun”. Aydın məsələdir, insanların fikirləşdikləri dəhşət ruhu kimi deyi, – Empetraz altlığında oynayası deyil, məsələ başqa şeydir.

Dəhşətlə hər saniyə dağıla biləcək yırğalanan əşyalara baxırdım, – hə mən buradaydım, biliklərin yamandığı kitabların arasında yaşayırdım: onlardan biri heyvanlar aləminin sarsılmaz formalarından bəhs edir, digərləri isə iddia edir ki, dünyada sabit enerji saxlanılır, hə, mən şüşəsində günəş şüalarının istiqamətini dəyişən əmsalın olduğu bu pəncərənin qabağında dayanmışam. Həəə, bu əngəllər necə də kiçikdirlər! Məncə dünya bir gecədə tanınmayacaq dərəcədə ona görə dəyişmir ki, tənbəllik edir. Amma bu gün o elə görünürdü ki, elə bil başqa olmaq istəyirdi. Belə vəziyyətlərdə hər şey ola bilər, hər şey.

Bir dəqiqə də itirmək olmaz: “Mabli” kafesində baş verənlərlə bağlı narahatlığımı deyirəm. Ora qayıtmaq, müsyö Faskellə görüşmək, yaşadığına əmin olmaq, hətta lazım gələrsə əllərinə və saqqalına toxunmaq lazımdır.
Bəlkə onda özümə gələrəm. Tələsik paltomu götürdüm, geyinməyib çiynimə atdım və çölə çıxdım. Şəhər bağında, həmin skamyada yenə də həmin pelerinli adamı gördüm: soyuqdan qızarmış iki qulağı arasında böyük, ölü üz ağarırdı. Uzaqdan “Mabli” kafesinin işıqları parıldayırdı- deyəsən bu dəfə bütün on iki lampanı yandırmışdılar. Addımlarımı yeyinlətdim, bu hadisənin axırına çıxmaq lazım idi. Əvvəlcə böyük pəncərədən kafeyə baxdım, zal boş idi. Nə kassir, nə ofisiant nə də müsyö Faskel.
Böyük əzab əziyyətdən sonra özümdə cəsarət tapıb içəri girdim; oturmadım. “Ofisiant”- qışqırdım. Cavab yoxdur. Stollardan birində boş stəkan var. Boşqabda qənd qırıntısı görünür.

- Kimsə var?

Asılqandan palto asılmışdı. Dairəvi masada qara karton qovluqlarda jurnallar səpələnmişdi. Nəfəsi tutub, çalışdım ki, heç olmasa kiçik səs tutum. Yaşayış otaqlarında pilləkənlər yüngülcə cırıldayırdı. Küçəsən paraxodun fit səsi gəlirdi. Gözlərimi pillələrdən çəkmədən arxaya yeriyib, kafedən çıxdım. Hər şeyi başa düşürəm: saat ikidə müştəri az idi, müsyö Faskelə soyuq olub, ofisiantı hansısa iş üçün, bəlkə də həkim dalınca göndərib. Hər şey qaydasındadır, amma yenə də müsyö Faskeli görməliyəm. Turnebrid küçəsinin tinində döndüm, nifrətlə adamsız kafenin parlayan işıqlarına baxdım. İkinci mərtəbənin pərdələri aşağı salınmışdı.

Mən həqiqi panikaya düşdüm. Daha bilmirdim hara gedirəm. Dokların yanından sürətlə keçdim. Bovuazi kvartalının boş küçələrini döndüm- evlər qaşqabaqla mənim qaçan fiquruma baxırdılar. “Hara gedim? Hara?- dayanmadan təkrarlayırdım.


Hər şey baş verə bilər. Arabir döyünən ürəyimlə qəfil arxaya dönürdüm. Arxamda nə baş verir? Bəlkə bu mənim arxamda başlayacaq mən dönəndə isə artıq hər şey üçün gec olacaq? Nə qədər ki, əşyaları nəzərimdə saxlayıram heç nə baş verməyəcək, bax budur körpünü, evləri, qaz borularını gözlərimlə yeyirəm; baxışlarım bir əşyadan digərinə sürətlə keçirdi ki, onları çevrilmələrinin ən qızğın çağında gözlənilmədən yaxalayım. Görünüşləri qeyri-təbii idi, amma mən dayanmadan özümü əmin edirdim: “ Bax bu qaz borusudur, bu su paylaşdıran kolonkadır” və çalışırdım baxışlarımın gücü ilə onları həmişəki vəziyyətlərinə qaytarım. Tez-tez yolumun üstünə barlar çıxırdı: “Breton kafesi”, “Dənizçi barı”. Onların çəhrayı tül pərdələri qarşısında tərəddüdlə dayanırdım: bəlkə metamarfoza bu möhkəm pərdələnmiş pivəxanalardan yan keçib, bəlkə onlarda hələ də dünənki dünyadan çəpərlənmiş, unudulmuş hansısa hissə qalıb. Amma buna əmin olmaq üçün qapını açıb, içəri girmək lazımdır. Buna qərar verə bilmirdim və yoluma davam edirdim. Məni daha çox evlərin qapıları qorxudurdu. Qorxurdum ki, onlar öz-özünə açılarlar. Axırda küçənin düz ortası ilə addımlamağa başladım.

Qəfildən Şimali Dok sahillərinə çıxdım. Balıqçı gəmiləri, balaca yaxtalar. Ayağımı daş yuvadakı buxtanın (səliqə ilə burulub yığılmış kanat) üstünə qoydum. Burada, evlərdən, qapılardan uzaqda bir dəqiqəlik nəfəs ala bilərdim. Sakit, qara noxud dənələri ilə çirklənmiş suda tıxac üzürdü.


“Bəs suyun altında? Heç suyun altında nə ola bilər fikirləşmisən?”

Deyək ki, hansısa heyvan. Yarısı palçığa batmış qabıq. On iki cüt ayaq yavaş-yavaş lehmədə eşələnirlər. Arabir heyvancıqlar yüngülcə yuxarı qalxırlar. Suyun dərinliyində yüngülcə titrəyiş ya dalğa əlamətləri tapmaq üçün yaxınlaşıb baxdım. Amma tıxac qara noxud dənələrinin arasında sabit dayanmışdı, tərpənmirdi.

Elə bu vaxt səs eşitdim. Elə bil vaxtını gözləyirmiş. Fırlanıb yenidən qaçmağa başladım. Kastilyon küçəsində öz aralarında söhbət edən iki kişiyə çatdım. Addımlarımın səsindən ikisi də diksinib geri baxdılar. Mən onların əvvəl mənə sonra da arxamca baxan həyacanlı gözlərini gördüm- başa düşməyə çalışırdılar ki, arxamda məni qovan nəsə var ya yox. Bəlkə də onlar da mənim kimidirlər, qorxurlar. Onlara çatıb, keçəndə bir-birimizə baxdıq. Bir az dayansaydım danışardıq da. Sonra birdən gözlərimizdə inamsızlıq baş qaldırdı- belə gündə ilk rast gəldiyin adamla söhbət etmək olmur.
Bulibe küçəsində özümə gəldim, təngnəfəs olmuşdum. Yaxşı, qərar qəbul edildi, kitabxanaya qayıdacam, hansısa roman götürüb oxumağa çalışacam. Parkın hasarının yanından keçəndə yenə də pelerinli adamı gördüm- əvvəlki yerində adamsız parkda oturmuşdu; burnu da qulaqları kimi qızarmışdı.

Elə darvazanı açıb, parka girmək istəyirdim ki, onun üzündəki ifadəni görüb yerimdə dondum; gözlərini qıyıb, dodaqlarını axmaqcasına aralamışdı, zəif-zəif gülümsəyirdi. Eyni vaxtda qabağında mənim görə bilmədiyim nəyəsə elə gərgin, sərt baxışlarla baxırdı ki, qəfil arxaya döndüm.


Onun qabağında bir ayağı üstündə, ağzı açıq, təxminən on iki yaşlı qız dayanmışdı, cadulanmış kimi adama baxıb, sərt üzünü qabağa uzadıb, əsəbi şəkildə baş yaylığını dartışdırırdı.
Adam öz-özünə gülümsəyirdi, elə bil ki yüngül zarafat etməyə hazırlaşırdı. Birdən əllərini dabanlarına çatan pelerinin cibində saxlayıb, ayağa qalxdı. İrəli iki addım atdı, gözləri fırlanırdı. Elə bildim indi yıxılacaq. Amma o hələ də azad şəkildə gülümsəyirdi.

Birdən başa düşdüm: hər şeyin səbəbkarl pelerinadır. Ona mane olmaq lazımdır. Öskürüb, darvazanı açdım. Qızın üzündəki ifadədən donub qaldım. Üzü qorxudan uzandı, deyəsən ürəyi möhkəm döyünürdü, amma bu siçan üzdə eyni vaxtda həm hökmranlıq həm də arsızlıq oxudum. Bu maraq deyildi, özünəməxsus əminliklə gözləmək idi. Hiss etdim ki, gücsüzəm- mən çöldə, bağın hasarından, onların arasındakı kiçik dramdan kənarda idim; onları bir-birinə arzularının qaranlıq hakimiyyəti bağlayırdı, onlar cütlük idilər. Nəfəsimi tutdum, arxamdakı adam pelerininin yaxasını açanda bu qəribə üzün nə ifadə alacağını görmək istəyirdim.


Amma birdən özünə gələn qız başını silkələyib, qaçmağa başladı. Pelerinli adam məni görmüşdü, onu bu dayandırmışdı. Bir saniyə xiyabanın ortasında tərpənmədən dayandı, sonra belini büküb yavaş-yavaş getdi. Pelerinanın ətəkləri topuqlarına vururdu.

Darvazanı çırpıb bir addımda yanına çatdım.

- Hey, qulaq asın!- mən qışqırdım.

O əsdi.


- Şəhərdə dəhşətli təhlükə var,- yanından keçəndə nəzakətlə dedim.
Oxu zalına girib, stolların birindən “Parma iqamətgahı”nı götürdüm. Fikrimi oxuya verib, Stendalın işıqlı İtaliyasında sığınacaq tapmağa çalışdım. Bəzən təxəyyülün qısa parıltılarında buna nail olurdum, amma sonra yenidən bu günün təhlükəli atmosferinə girirdim. Qarşımda oturan balacaboy qoca boğazını arıtlayırdı, hansısa gənc stuluna yayxanıb xəyal qururdu.
Vaxt gedirdi, şüşələr qaranlıqlaşmışdı. Biz kontorunda kitabxanaya gələn yeni kitabları peçatlayan korsikalını saymasaq dörd nəfər idik. Balacaboy qoca idi, sarışın gənc, dissertasiya hazırlayan qadın və mən idim. Arabir aramızdan biri başını qaldırıb, tələsik şübhəli nəzərlərini digər üçündə gəzdirirdi, elə bil ki onlardan qorxurduq. Bəzən qocanı gülmək tuturdu, gənc qadın yarpaq kimi əsirdi. Mən bir az əvvəl qocanın oxuduğu kitabın adını tərsinə oxuya bilmişdim- bu gülməli roman idi.
Yeddiyə on dəqiqə qalmışdı. Yadıma düşdü ki, kitabxana yeddidə bağlanır. Yenə də şəhərə çıxmalı olacam. Hara gedim? Nə edim?

Qoca romanı oxuyub, qurtardı. Amma getmədi. Fasilə ilə, ritmik şəkildə barmaqlarını stola vururdu.

- Cənablar,- korsikalı elan etdi. – Tezliklə bağlanırıq.

Gənc diksindi, mənə əyri-əyri baxdı. Gənc qadın korsikalıya tərəf döndü, sonra yenidən kitabı götürdü, deyəsən oxumağa daldı.

- Bağlayırıq,- korsikalı beş dəqiqədən sonra elan etdi.

Qoca başını qeyri-müəyyən yellədi. Gənc qadın kitabı kənara qoydu amma qalxmadı.

Korsikalı heç nə başa düşə bilmirdi. Tərəddüdlə bir neçə addım atdı, sonra işığı söndürdü. Stolüstü lampalar söndü. Ancaq yuxarı lampa yanırdı.

- Getmək lazımdır? – qoca sakit-sakit soruşdu.

Gənc yavaş-yavaş, həvəssiz ayağa qalxdı. Hər birimiz paltomuzu ən axırıncı geyinməyə can atırdıq. Mən çıxanda qadın ovcunu kitabının üstünə qoyub, oturmaqda davam edirdi.
Çöl qapısında, aşağıda qaranlıq ağzını açmışdı. Gənc birinci gedirdi, döndü, yavaş-yavaş pilləkənləri endi, giriş zalını keçdi; bir dəqiqəlik qapının ağzında dayandı, sonra qaranlığa qarışıb, itdi. Aşağı pillələrdən yuxarı baxırdım. Bir az sonra oxu zalından paltosunu düymələyən qoca çıxdı. O ilk üç pilləni düşəndə bütün gücümü toplayıb, gözlərimi yumub, qaranlıqda itdim.

Üzümdə yüngül, təravətli sığal hiss etdim. Uzaqdan kimsə fit çalırdı. Gözümü açdım: yağış yağırdı. Sakit, isti yağış. Meydan qara fonarlarla işıqlanırdı. Əyalət şəhərinin meydanı yağışın altında. Gənc böyük addımlarla yeriyirdi- fit çalan o idi; istədim hələ heç nə bilməyən o biri iki nəfərə qışqırım ki, çıxa bilərlər, təhlükə yoxdu. Qapıda balacaboy qoca göründü. Karıxmış halda yanağını qaşıdı, sonra gülümsəyib çətirini açdı.


Bazar ertəsi
Mən daha Rolbon haqqında kitab yazmıram- daha doğrusu, yaza bilmirəm. Bəs öz həyatımı nə edim?

Saat üç idi. Stolun arxasında oturmuşdum, yanımda Moskvadan oğurladığım məktub yığını var idi, yazırdım:

“ Kimsə cidd-cəhdlə ən pis şaiyələr buraxırdı. Yəqin ki, Markiz de Rolbon bu qırmağa düşmüşdü, çünki 13 sentyabr tarixinə olan məktubunda bacısı oğluna vəsiyyət hazırladığını yazırdı”.

Rolbon burada idi: hələ heç onun tarixini yazmamış, markizlə həyatımı bölüşmüşdüm. Onu qarnımın içində bir ağrı kimi hiss edirdim.

Birdən fikirləşdim, görəsən mənə nə mane olur: “Rolbon heç də həmişə bacısı oğlu ilə açıq deyildi- danışıqlar uğursuz alınsa Rolbon onu I Pavlın yanında müdafiəçi şahid kimi istifadə etmək istəyirdi. Çox güman ki, markiz vəsiyyət hekayəsini uydurub ki, sadə və sadəlövh görünsün.
Mənə mane olan boş şey idi, o heç yeyilmiş yumurtaya da dəymirdi. Amma mən yenə də qaranlıq fikirlərə qərq oldum. Birdən qarşımda “Kamilya” kafesindəki gombul ofisiantı, müsyö Axillin çaşqın baxışlarını, özümü açıq-aydın indidə tərk edilmiş, atılmış hiss etdiyim zalı gördüm. Yorğun-yorğun öz-özümə dedim: “Axı necə, hətta öz şəxsi keçmişini saxlamağa gücü çatmayan mən, başqasının keçmişini xilas etməyə ümid edirəm?”

Qələmimi götürüb işə qayıtmağa cəhd etdim; daha bəsdir, keçmiş, indi, ətraf dünya barədə fikirləşdim. Bircə şey istəyirəm, mənə imkan versinlər sakitcə kitabımı bitirim.


Amma baxışlarım təmiz qeyd kitabçasına ilişəndə, onun görünüşü məni heyrətləndirdi və mən havada asılıb qalan lələyimlə bu gözqamaşdıran kağıza zilləndim. O necə də hamardır, təmizdir, onun buradakı iştirakı necə də hiss edilir. Onda bu anlıq həqiqilikdən başqa heç nə yoxdur. Yazdığım hərflərin mürəkkəbi hələ qurumayıb, amma onlar artıq mənə məxsus deyillər.
“Kimsə cidd-cəhdlə ən pis şaiyələr buraxırdı…”
Bu ifadəni mən fikirləşmişdim, əvvəlcə o mənim bir hissəm idi. İndi o kağızda yazılıb, onunla mənə qarşı birləşib. Mən daha onu tanımırdım. Mən hətta onu yenidən fikirləşə də bilmirdim. O orada – qarşımda idi, onda başlanğıc halından əlamətlər axtarmaq yersiz idi. Onu istənilən başqa adam da yaza bilərdi. Amma mən, mən özüm də əmin deyildim ki, onu mən yazmışam. Hərflər daha parıldamırdılar, onlar qurumuşdular. Bu da itdi, onların qısa ömürlü parıltılarından əsər-əlamət qalmadı.
Darıxıb, ətrafa baxdım, hal-hazırki həqiqilikdən başqa heç nə əsl deyil. Yüngül və ya böyük mebel öz həqiqiliyinə dalıb, stol, yataq, güzgülü şkaf və mən. Həqiqiliyin əsl təbiətini kəşf etdim, o mövcud olandır, həqiqətən olmayan heç nə mövcud deyil. Keçmiş yoxdur. Yoxdur. Ümumiyyətlə yoxdur. Nə əşyalarda, nə də mənim fikirlərimdə. Əlbəttə, keçmişimi itirdiyimi çoxdan başa düşmüşdüm. Amma indiyə qədər elə bilirdim ki, o sadəcə mənim baxış bucağımdan kənardadır.

Keçmiş mənim üçün istefaya çıxmaq kimi bir şey idi, mövcudluğun başqa forması- bayramlar, tətillər kimi bir şey idi, hər bir hadisə öz rolunu sona qədər oynayıb, öz təşəbbüsü ilə balaca qutuya yığışırdı, öz qardaş hadisələrinin birləşdikləri hansısa qrupun fəxri üzvü olurdu- mövcudsuzluğu təsəvvür etmək nə qədər əzablı idi. Amma indi bilirdim, dünyadakı hər şey əslində görüntüdür, arxasında heç nə yoxdur.

Bir neçə an bu fikrin təsirinə düşdüm. Sonra silkələnib, çiyinlərimi düzəltdim ki, ondan canımı qurtarım və qeyd kitabçasını qarşıma çəkdim.
“ …vəsiyyət hazırladığını yazırdı”.
Birdən özümü o qədər pis hiss etdim ki, qələm əlimdən düşdü, mürəkkəb sıçradı. Nə baş verir? Yenə də ürək bulantısı? Yox, bu ürək bulantısı deyildi, otaq hələ də öz adi, dostcanlı görünüşünü saxlayır. Sadəcə stol bir az daha ağır görünür, qələmim möhkəmlənib. Qısası, markiz de Rolbon elə indicə ikinci dəfə öldü.

Bir az əvvəl o burada, mənim içimdə idi, isti və sakit oturmuşdu, hətta arabir içimdə necə tərpəndiyini də hiss edirdim. Mənim üçün o canlı idi, Oxucudan, “Dəmiryolçuların sığınacağı”nın sahibəsindən daha canlı idi. Əlbəttə, onun da qəribəlikləri var idi, o bir neçə gün ümumiyyətlə görünməyə bilirdi, amma tez-tez hava onun üçün hansısa halda yaxşı olanda o meteohissiyyatlı bitki kimi çölə çıxırdı- mən onu, solğun üzünü, göyümtül yanaqlarını görürdüm. Amma heç onda da görünmürdü, sadəcə hiss edirdim ki, ağırlığı ilə ürəyimi sıxır- mən onunla dolu olurdum.


Budur, heç nə qalmadı. Eləcə də qurumuş mürəkkəbin əvvəlki parıltılı izləri də getdi. Özüm günahkar idim: mən deməli olmadığım o yeganə sözü dedim, – dedim ki, keçmiş mövcud deyil. Və bir anda, tamamilə səssizcə markiz de Rolbon yoxluğa getdi. Əlimə məktubu aldım, peşmanlıqla xışıldatdım.

“ Amma axı – özümü əmin etməyə çalışdım- o özü bir –birinin ardınca işarələr verib. O bu kağızı sıxıb, barmaqları ilə səhifələri tutub ki, onlar qələmin ucundan qaçmasınlar”


Gecdir- bu sözlər mənalarını itiriblər. Sadəcə əlimdə tutduğum bir bağlama saralmış səhifələr mövcuddur, vəssalam. Əlbəttə onların da tarixi var idi: Rolbonun bacısı oğlu 1810-cu ildə çar polisi tərəfindən öldürüldü, kağızları qeydiyyatdan keçirildi və gizli arxivə qoyuldu, yüz on il sonra hakimiyyətə gələn Şura tərəfindən Dövlət kitabxanasına verildi, mən də 1923-cü ildə onları oğurladım.Amma bütün bunlar qeyri-real görünürdü, törətdiyim bu oğurluq haqqında heç bir həqiqi xatirəm qalmayıb. Bu kağızların otağımda olması barədə yüzlərlə digər həqiqətə uyğun hekayələr uydurmaq çətin deyil, amma onlar bu səhifələrlə üzləşəndə boş, yüngül, sabun köpüyü kimi mənasız görünərdilər. Rolbonla əlaqə saxlamaq istəsəm bu kağızlara arxalanmaqdansa ruh çağırmaqla məşğul olmaq yaxşıdır. Rolbon itdi. İzi-tozu da qalmadı. Əgər ondan hansısa sür-sümük qalıbsa onlar öz-özləri üçün mövcuddurlar, heç nədən asılı deyillər, onlar sadəcə fosfat, əhəngdaşı, su və duzdan ibarət bir şeydilər.

Son dəfə cəhd etdim, madam Janlisin sözlərini təkrar etməyə başladım, adətən onların köməyi ilə markizi canlandırırdım: “onun çiçək xəstəliyindən sonra yaranmış çopurlarla dolu təmiz, qırışlı üzündə markiz onu nə qədər gizlətməyə çalışsa da gözəgirən fırıldaqçı ifadəsi yazılmışdı”.


Markizin üzü gözümə göründü: iti burun, göyümtül yanaqlar, təbəssümü. Nə qədər istəsəm onun cizgilərini canlandıra bilərdim, hətta əvvəlkindən daha asan. Məsələ ondadır ki, bu sadəcə mənim yaratdığım obraz idi, təsəvvürlərimin məhsulu. Ah çəkib, dözülməz itki hissi ilə stula söykəndim.

Saat dörd oldu. Artiq bir saatdır stula söykənib, əllərimi bayramsayağı sallatmışam. Hava qaralır. Daha otaqda heç nə dəyişmədi: ağ kağızlı qeyd kitabçam, qələmim, mürəkkəb qabı əvvəlki kimi stolun üstündədir… Amma daha heç vaxt ilk səhifədə heç nə yazmayacam. Daha heç vaxt Müharibə Əlilləri küçəsinə, La Redur bulvarına- kitabxanaya onun arxivlərində işləmək üçün getməyəcəm.


Çölə çıxmaq, nə olur olsun başımı qarışdırmaq istəyirəm ki, unudum. Amma əgər barmağımı tərpətsəm, tamamilə sakit oturmasam başıma nə gələcək bilirəm. Amma mən hələ bunun olmasını istəmirəm. Bu nə qədər gec olsa o qədər yaxşıdır. Tərpənmirəm- dayanmadan qeyd kitabçasındakı yarımçıq abzası oxuyuram:
“Kimsə cidd-cəhdlə ən pis şaiyələr buraxırdı. Yəqin ki, Markiz de Rolbon bu qırmağa düşmüşdü, çünki 13 sentyabr tarixinə olan məktubunda bacısı oğluna vəsiyyət hazırladığını yazırdı”.

Rolbon adlı böyük iş bitdi, necə ki, böyük ehtiras bitir. Başqa nəsə fikirləşmək lazım gəlir. Bir neçə il əvvəl, Şanxayda müsyö Mersyenin kabinetində qəfil silkələnib, yuxunu qovmuşdum, ayılmışdım. Amma başqa yuxu başlamışdı: çar sarayında yaşayırdım, köhnə sarayda, orada elə soyuq olur ki, qışda qapı aralarında buzlu sırsıralar yaranır. Bu gün qeyd kitabçamın ağ kağızı qarşısında ayıldım. Məşəllər, buzlu evlərdə bayramlar, mundirlər, gözəl titrəyən çiyinlər- hər şey itdi. Onların əvəzində isti otağımda Heç Nə qaldı və mən bu heç nəni görmək istəmirəm.


Markiz de Rolbon mənim müttəfiqim idi, onun mənə ehtiyacı var idi ki mövcud olsun, mənim də ona ehtiyacım var idi ki, öz mövcudluğumu hiss etməyim. Mənim işim xammal vermək idi, xammalı satmaq idi, mövcudluğum idi, Mənim mövcudluğum. Onun işi həyata keçirmək idi. Qarşımda dayananda həyatımın sahibi idi, həyatım onun idi ki, məndən keçib özünü yaratsın. Və mən artıq hiss etmirdim ki, mövcudam, mən artıq özüm kimi mövcud deyildim, markiz kimi mövcud idim.

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə