İxtisasın şifri və adı : 060506 Coğrafiya İxtisaslaşmanın adı : İqtisadi və sosial coğrafiya «İqtisadi və sosial coğrafiya»


Azərbaycanın işğal olunmuş ərazilərinin tərkib hissələri, iqtisadi, geosiyasi və tarixi-coğrafi səciyyəsi



Yüklə 1,63 Mb.
səhifə9/21
tarix14.02.2022
ölçüsü1,63 Mb.
#83734
1   ...   5   6   7   8   9   10   11   12   ...   21
Azerbaijani territory occupied by Armeni-56806476

1.2. Azərbaycanın işğal olunmuş ərazilərinin tərkib hissələri, iqtisadi, geosiyasi və tarixi-coğrafi səciyyəsi

Müasir dövrdə müharibələr ölkələrin daha çox pula, gücə, hakimiyyətə sahib olma istəyinin təcəssümü kimi qiymətləndirilir. Dövlətlərin ərazi bütövlüyünün, sərhədlərinin, müstəqilliyinin, xalqların azadlığının, həmçinin insan hüquqlarının və bir sıra digər məsələlərin qorunmasına dair bir çox təşkilatların fəaliyyət göstərməsinə baxmayaraq, hələ də dünyanın bir çox ərazilərində etnik, dini, ərazi mübahisəsi və s. zəmində müharibələr getməkdədir. Çox təəssüf ki, ölkəmiz Azərbaycan da belə münaqişə ocaqlarından birinə çevrilmiş, zəngin təbii sərvətlərə malik olan ərazisinin 20 faizi işğal edilmişdir.



İşğal etmək dedikdə müəyyən bir dövlətin tarixi əsası olmadan hərbi qüvvələri tərəfindən başqa dövlətin torpağını zəbt etməsidir. İşğal prossesini ortaya çıxaran əsas məsələlərdən biri ərazi mübahisələridir.

Dünyada sərhədlərlə bağlı çoxsayda mübahisələr, birtərəfli ərazi iddiaları və digər ziddiyyətlər mövcud olub və indi də mövcuddur. Postsovet məkanında belə ziddiyyətli zonalara Gürcüstanda, Moldoviyada, Tacikistanla Qırğızıstan respublikaları arasında, Rusiya ilə Yaponiyanın Kuril adaları ilə bağlı olan iddiası və s. aiddir. Bunlardan biri də Ermənistanın Qarabağa olan iddiasıdır.

Ərazi mübahisəsi - müəyyən ərazi vahidi - Dağlıq Qarabağa Ermənistan dövlətinin işğalçı qüvvələri ilə tutulması nəticəsində baş verən mübahisədir.. Azərbaycan və Ermənistan arasındakı bu mübahisə etnik və milliyətcilik baxımından meydana gəlmişdir.

Hal-hazırda dünyada müharibə və terrorizmin baş verməsinin əsas səbəblərindən biri ərazi mübahisələridir. Öz suverenliyini təsdiq etməyə çalışan dövlətlər işğala, qeyri-dövlət qurumları isə terrora baş vuraraq siyasi proseslərə təsir etməyə çalışırlar.

Bu nöqteyi nəzərdən yanaşdıqda, Azərbaycan ilə Ermənistan arasında yaranan münaqişənin köklərini təhlil etsək görərik ki, səbəblər ərazi iddialarına dayanır. Ərazi iddialarının yaranma səbəbləri ortaya çıxarmaq üçünsə əvvəlcə işğal edilmiş Azərbaycan torpaqlarının tarixi –coğrafi quruluşuna nəzər salmaq və analiz etmək lazımdır. Bundan əvvəl isə işğal olunmuş ərazilərimiz haqqında məlumatlara nəzər salmaq lazımdır(Şəkil 1.1) .

Ermənilər tərəfindən işğal olunmuş 20% torpağımız əsasasən Yuxarı Qarabağ- Ağdam, Cəbrayıl, Füzuli, Tərtər, Xocavənd, Şuşa, Xocalı və Kəlbəcər-Laçın- Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarının ərazisinə düşür. Bunlardan Ağdam, Füzuli, Tərtər və Xocavənd rayonlarının bəzi kəndləri işğal edilmişdir. Bundan başqa həmçinin Ermənistanla qonşu olan Azərbaycan rayonlarının(Qazax, Naxçıvan MR) da bəzi şəhər və kəndləri işğal edilmişdir. Belə ki, Ağdam rayonunun 77.4%-i işğal altındadır, Quzanlı qəsəbəsi və 10 kəndi Azərbaycan nəzarətindədir. Azərbaycan nəzarətində olan ərazilərdə 198 mindən çox yaxın əhali yaşayır.

Füzuli rayonunun 80.2%-i işğal altındadır. 1994-cü ildə Horadiz qəsəbəsi və 22 kənd azad edilmişdir. Rayon əhalisi 125 min nəfərdən çoxdur.

Tərtər rayonu cəbhə xəttinə yaxın yerləşməsinə baxmayaraq heç bir kəndi işğal altında deyil idi. Lakin, Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il tarixində verdiyi qərara əsasən Ağdərə rayonu ləğv edilərək Ağdam, Kəlbəcər və Tərtər rayonları arasında bölüşdürüldü. Bu bölgüyə əsasən Ağdərə şəhəri , 13 kəndi (Şıxarx, Çardaxlı, Ağabəyyalı, Canyataq, Dəmirli, Gülyataq, Həsənqaya, Çaylı, Talış, Qızıloba, Ortakənd, Umudlu, Uluqarabəy və Kiçikqarabəy) Tərtər rayonuna aid edildi [33] .

Xocavənd rayonunun isə Nərgiztəpə adlanan ərazisi xaricində bütünlüklə Erməni işğalı altındadır.


Mənbə: [41]

Xəritə-sxem 1.1. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan Respublikası

əraziləri

Ermənistanla qonşu olan Qazax rayonunun isə 7 kəndi (Bağanis Ayrım, Aşağı Əskipara, Yuxarı Əskipara, Barxudarlı, Xeyrimli, Sofulu və Qızıl Hacılı) Ermənistan tərəfindən işğal edilmişdir.

Ermənistanla qonşu olan Naxçıvan MR-də Sədərək rayonunun Kərki və Şərur rayonunun Günnüt kəndi işğal edilmişdir. İşğal altında olan ərazilərdən əlavə cəbhəyanı ərazilər vardır ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulduğu üçün həmin ərazilərdə yaşayan əhalinin həyat və təsərrüfat fəaliyyətinə ciddi maneəçilik törədirlər.

İşğal altında olan ərazilərin iqtisadi və geosiyasi cəhətdən səciyyələndirilməsi dedikdə həmin ərazilərin iqtisadi əhəmiyyətinə nəzər salmaq lazımdır.Yuxarıda da qeyd etdiyim kimi işğal edilmiş ərazilər əsasən iki iqtisadi-coğrafi rayonun ərazisini əhatə edir. Bunlar Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi coğrafi rayonudur.

Ərazisi 7.25 min km2 olan Yuxarı Qarabağ iqtisadi-coğrafi rayonu 7 inzibati rayonu(Ağdam, Tərtər, Xocalı, Xocavənd, Şuşa, Füzuli, Cəbrayıl) özündə birləşdirir. Ərazisi 6.4 min km2 olan Kəlbəcər-Laçın iqtisadi rayonu isə 4 inzibati rayonu( Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan) özündə birləşdirir.

İşğal edilmiş ərazilərin iqtisadi əhəmiyyətinə nəzər saldıq da, bu ərazilər işğal olunmamışdan əvvəl Azərbaycanın ən iri aqrar-sənaye rayonlarından sayılırdı. Xüsusilə Yuxarı Qarabağ iqtisadi-coğrafi rayonu üzümçülük-şərabçılıq, aqrar-sənaye, heyvandarlıq, pambıqçılıq, ipəkçilik, tikinti materialları istehsalı və kurort-rekreasiya sahələrində ixtisaslaşmış idi. Belə ki, o vaxtlar DQMV Azərbaycan iqtisadi rayonları arasında sənaye məhsulunun ümumi həcminə görə 4-cü yerdə dururdu. Ölkədə istehsal olunan sənaye məhsulunun 2.1%-i, əsaslı fondların 3.2%-i bu vilayətin payına düşürdü [3]. Yuxarı Qarabağ iqtisadi-coğrafi rayonunda sənaye sahələri üç əsas mərkəzdə - Ağdam, Füzuli və Xankəndi-Şuşada daha çox toplanmışdır. Ölkənin ayrı-ayrı sənaye məhsulları istehsalında rayonun payı 1990-cı ildə aşağıdakı kimi olmuşdur: tikinti materialları 3%, ayaqqabı 11%, şərab məhsulları 35%, konservlər 7 %, inək yağı 26%, yun 15%, xam ipək 14% və s.

Əlverişli təbii şəraitə malik olan Yuxarı Qarabağ Azərbaycanın iri kənd təsərrüfatı rayonu sayılırdı. Lakin hazırda Yuxarı Qarabağın kənd təsərrüfatına yararlı torpaqlarının 80%-i, əkin yerlərinin 68%-i, üzüm və meyvə bağlarının 90%-i işğal altında olduğundan yüz minlərlə kənd əhalisi onların istifadəsindən məhrum olmuşdur.

Məlumdur ki, dağlıq ərazi olduğundan bura Azərbaycanın iri ənənəvi heyvandarlıq rayonu idi. Hələ 1990-cı ildə Azərbaycanda olan iribuynuzlu mal-qaranın və qoyun sürülərinin 11%-i, donuzların sayının 40%-ə qədəri Yuxarı Qarabağ iqtisadi-coğrai rayonunun payına düşürdü. Özü də burada böyük miqdarda heyvandarlıq məhsulları istehsal olunurdu( ölkə üzrə südün 16%-i, ətin 13%-i) [3].

Kəlbəcər-Laçın iqtisadi-coğrafi rayonu isə keçmişdə iqtisadiyyatın müxtəlif sahələrini , sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, əhaliyə xidmət və s. müəyyən səviyyədə inkişaf etdirmişdir. Belə ki, dağ rayonlarının məhsuldar qüvvələrinin yüksəldilməsi haqqında Azərbaycan Respublikasının keçən əsrin 80-ci illərində həyata keçirdiyi kompleks tədbirlər- regionlara kapital qoyuluşunun artırılması, əhaliyə müəyyən vergi güzəştlərinin edilməsi, mal-qara saxlamağın sayı haqqında məhdudiyyətlərin aradan qaldırılması və s. nəticəsində Kəlbəcər-Laçın dağ rayonu yeni inkişaf mərhələsinə qaldırılmışdı.

Azərbaycan Respublikasında olan kənd təsərrüfatına yararlı torpaqların 4%-ə qədəri, üzümlüklərin 9%-i, iribuynuzlu mal-qaranın 6%-i, qoyun-keçinin 7%-i bu rayonun payına düşmüşdür.

Zəngilan və Qubadlı rayonlarının düzən və dağətəyi hissələrində, dəmyə və suvarılan torpaqlarında taxılçılıq, üzümçülük, tütünçülük, meyvəçilik və ət süd heyvandarlığı; Laçın və Kəlbəcərdə isə dağ otlaq heyvandarlığı, xüsusilə qoyunçuluq və pendir, yun, arı balı və s. istehsalı zonası ayrılırdı.

Beləliklə kənd təsərrüfatı bu iqtisadi-coğrafi rayonun iqtisadiyyatının başlıca sahəsinə çevrilmiş və ölkə miqyasında onun xüsusi çəkisi xeyli artmışdır. Üzümçülük və şərabçılıqla məşğul olan Zəngilan rayonu sənayenin ümumi məhsulunun 66%-ni, mineral sudoldurma zavodu yerləşən Kəlbəcər 15%-ni, yerdə qalan 12%-ni Qubadlı və 7%-ni Laçın rayonu verirdi [3].Geosiyasi səciyyəsinə nəzər saldıqda isə, işğal edilmiş ərazilər ölkə daxilində əhəmiyyətli yerə sahib beynəlxalq və yerli əhəmiyyətli nəqliyyat yollarına çıxışı olması ilə seçilir. Beləki Yuxarı Qarabağ iqtisadi-coğrafi rayonunun Yevlax rayonu ərazisindən keçən qlobal nəqliyyat dəhlizi olan TRACEKA-ya və daxili iqtisadi mərkəzlərə çıxışını təmin edən nəqliyyat dəhlizlərinə çıxışı mümkündür (Yevlax-Ağdam-Xankəndi dəmir yolu, Yevlax-Xankəndi-Şuşa və Şuşa-Horadiz avtomobil yolları). Eyni zamanda cənubda İran İslam Respublikası ilə sərhəd olması da onun geosiyasi mövqeyinə əhəmiyyətli dərəcədə təsir edir. Hal-hazırda isə bu əhəmiyyətdən ermənilər mənfi məqsədlər üçün istifadə edirlər.

Kəlbəcər-Laçın iqtisadi-coğrafi rayonunun geosiyasi mövqeyi isə Yuxarı Qarabağın ki, qədər qənaətbəxş sayılmır. Qərbdə Ermənistanın zəif inkişaf etmiş sərhədyanı dağ rayonları ilə qonşu olması onun geosiyasi mövqeyinin mənfi cəhətlərindən biri idi. Ancaq bundan başqa Kəlbəcər-Laçını Dağlıq Qarabağa birləşdirən Laçın dəhlizinin burada yerləşməsi böyük iqtisadi əhəmiyyətə sahib idi. Həmçinin mərkəzdən nisbətən uzaq olması və sərhədyanı mövqeyə malik olması səbəbindənbu ərazinin nəqliyyat infrastrukturunun inkişaf etdirilməsinə xüsusi diqqət yetirilmişdir. Belə ki, rayonun cənub hissəsindən keçən Bakı-Naxçıvan dəmir yolu vasitəsiylə rayon müxtəlif ərzaq məhsulları və digər məhsullarla təmin edilirdi. Mincivan və Həkəri dəmir yol stansiyaları həmin məhsulların digər rayonlara ötürülməsini təmin edirdi. Bundan əlavə ərazidən keçən Mincivan-Qafan dəmir yolu isə Ermənistan üçün əhəmiyyətli yerə sahib idi. Belə ki, bu yol Ermənistanın Bakı-Naxçıvan magistralına çıxışını təmin edirdi.

İşğal nəticəsində Füzuli rayonunun Horadiz qəsəbəsindən Zəngilan rayonun sərhədlərinə qədər olan 198 km Azərbaycan-İran və 360 km Azərbaycan-Ermənistan sərhəd xətti Ermənistan nəzarəti altında qalmış və bu sərhədlər boyu mövcud olan tikililər, postlar, sərhəd keçid məntəqələri, eləcə də, demarkasiya xətləri dağıdılmışdır. Bu isə, işğal altında olan Azərbaycan-İran sərhəd ərazilərindən sərbəst şəkildə qaçaqmalçılıq, narkotik daşınmasının həyata keçirilməsi, həmçinin bu ərazilərdən işğal edilmiş ərazilərdə mövcud olan binaların tikinti materialları, həmçinin meşə materialları Ermənistana daşınması ilə nəticələnir.

Bildiyimiz kimi Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi-coğrafi rayonlarından əlavə Naxçıvan MR və Qazax rayonunun bəzi yaşayış məntəqələri Ermənistan tərəfindən işğal edilmişdir. Qazax rayonu ərazisində sərhəddə Ağstafaçay üzərində yaradılmış, tutumu 120 mln m3 olan Ağstafaçay su anbarından başlayan 72.3 km uzunluğu olan suvarma kanalı Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarının təsərrüfat və yaşayış məntəqələrini su ilə təmin edir və bu anbarın Ermənistanla sərhəddə yaxın yerləşməsi adı qeyd olunan rayonlar üçün təhlükə doğurur. Belə ki, transsərhəd çay olan Ağstafa çay Ermənistanın sənaye və məişət tullantıları ilə çirkləndirilir.

İşğal olunmuş ərazilərin tarixi-coğrafi cəhətdən səciyyələndirməyə gəldikdə isə əvvəlcə həmin ərazilərin tarixinə nəzər salmaq lazımdır.

Azərbaycana ümumiyyətlə Cənubi Qafqaza ermənilərin köçürülməsi sonradan olmuşdur. Xüsusilə 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrindən sonra Çar Rusiyası işğal etdiyi ərazilərdə müstəmləkə rejimini möhkəmlətmək üçün ermənilərin Cənubi Qafqaza köçürülməsi ilə bağlı qərar verdi. Daha sonra dünyaya səpələnmiş halda olan ermənilər, Qərbi Azərbaycana və bizim ərazilərimizə axışıb gəlməyə başladılar[20]. Hələ təkcə XIX əsrin 20-ci illərinin sonunda “Şərqi Ermənistan”-a Türkiyədən 84 min, İrandan 40 mindən çox erməni köçürülmüşdü. Köçürülən ermənilər strateji cəhətdən Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarında yerləşdirildi. Bununla bağlı rus tədqiqatçısı N.N.Şavrov yazırdı ki, “ Həmin ermənilər Göyçə gölünün sahili və Yelizavetpol quberniyasının dağlıq hissəsində məskunlaşdırılmışdı”. Erməni alimləri V.A.Parsamyan, S.A.Poqosyan və N.R.Arutyunyan təsdiqləyir ki, İran və Türkiyədən ermənilərin köçürülməsindən əvvəl Şimali Azərbaycanda onlar azlıq təşkil edirdi.Köçürülmə siyasətinin nəticəsi olaraq 1850-ci ildə burada ermənilər ümumi əhalinin 8%-ni ,1879-cü ildə 9%-ni, 1897-ci ildə 10%-ni təşkil edirdi [20]. Bundan başqa N.N.Şavrovun yazdığına görə 1908-ci ildə Zaqafqaziyada yaşayan 1 mln 300 min əhalinin 1 mln-dan çoxu ruslar tərəfindən köçürülmüşdür [26].

Daha sonra köçürülmə prosesi ikinci mərhələdə yerini əsassız ərazi iddialarına buraxmağa başladı.Belə ki, Rusiya höküməti, Azərbaycan ərazisində, o cümlədən Bakı, İrəvan, Zəngəzur və Qarabağda ermənilərin sayını artırmaq və onların hakim mövqe tutmasını təmin etməklə özünün hakimiyyətini möhkəmlətməyə çalışırdı. Ermənilərin silahlanmasına kömək göstərilir, yerli əhaliyə qarşı etdikləri təcavüzkar hərəkətlərə göz yumulurdu. Beləliklə ermənilərin ilk ərazi iddiaları XX əsrin əvvələrində yerli əhalini yaşadığı ərazidən sıxışdırıb çıxarması ilə başladı. Azərbaycanda fəaliyyət göstərən erməni terror təşkilatları İrəvan, Zəngəzur, Bakı, Qarabağ və digər ərazilərdə əhalini kütləvi şəkildə qırmağa başladılar.1905-ci ilin fevralında başlayıb 1906-cı ildə bitən qırğınlarda 50 minə yaxın azərbaycanlı qətlə yetirildi, Təkcə Zəngəzur və Qarabağda 200-dən çox yaşayış məntəqəsi dağıdıldı. Daha sonra bu yaşayış məntəqələrinin çox hissəsi dağıdılmış şəkildə qaldı, az bir qisminə azərbaycanlılar geri qayıda bildi. Dağıdılmış məntəqələrə sonradan ermənilər sahib çıxdılar. Bu da əslində azərbaycanlıların yaşayış məntəqələrinin ələ keçirilməsi planının bir hissəsi idi.

Beləliklə, Rusiya hakimiyyətinin müstəmləkəçilik siyasəti, ermənilərin ərazi iddialarının möhkəmlənməsinə təkan verdi. Nəticədə, yerli əhali olan azərbaycanlılar müxtəlif mərhələlərə ayrılmaqla XX əsrdə- 1905-1906, 1918-1920, 1948-1953, 1988-1994-cü illərdə rusların da dəstəyini alan ermənilər tərəfindən kütləvi şəkildə soyqırımlarına, təqiblərə, köçürülmələrə məruz qaldılar.

1918-ci il 28 may tarixində Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra ermənilərin ərazi iddiaları daha da şiddətlənməyə başladı. Yeni müstəqillik əldə edən Azərbaycan höküməti o dövrdəki tarixi-siyasi vəziyyəti analiz edərək ermənilərin ərazi iddialarına və azərbaycanlılara qarşı həyata keçirdiyi silahlı hücumlara son qoymaq üçün İrəvan şəhərinin ermənilərə verilməsini qəbul etməyə məcbur oldu. Bundan sonra tarixən Azərbaycana məxsus olmuş torpaqlarda paytaxtı İrəvan şəhəri olan Ermənistan respublikası yaradıldı. Ancaq buna baxmayaraq nəinki ermənilərin ərazi iddialarına son qoyuldu, əksinə azərbaycanlıların zorla öz torpaqlarından qovulması ilə sonrakı mərhələyə qədəm qoydu. Belə ki, ermənilərin silahlı hücumundan nəticəsində Zəngəzur mahalı işğal edildi.

İşğalın sonrakı mərhələsində Azərbaycan və Ermənistan höküməti müstəqilliyini itirərək SSRİ-nin tərkibinə qatılır. Daha sonra yeni yaradılan Azərbaycan SSR və Ermənistan SSR-nin sərhədləri dəqiqləşdirilərkən Azərbaycanın sözügedən əraziləri Ermənistan torpaqlarına qatılır.

Bundan sonra Ermənistan SSR-nin tərkibinə qatılan ərazilərdə yaşayan əhalinin etnik təmizlənməsi və deportasiyası prossesi başlanır. Bu proses müxtəlif bəhanələrlə pərdələnərək həyata keçirilir. Bu bəhanələrə misal olaraq Ermənistan SSR-ə kənardan gələn erməniləri yerləşdirmək üçün 1947-ci il 23 dekabr və 1948-ci il 10 mart tarixlərində İ.V.Stalinin qəbul etdiyi “Kolxozçuların və digər Azərbaycan əhalisinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür–Araz ovalığına köçürülməsi haqqında” 4083 saylı və “Kolxozçuların və digər Azərbaycan əhalisinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür–Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” 754 saylı SSRİ Nazirlər Sovetinin qərarlarını göstərmək olar. Onu da qeyd edim ki, bu qərarlardan sonra 150 minə qədər azərbaycanlı öz torpaqlarından sürgün edildi [26]. İkinci böyük sürgün isə 1988-1989-cu illərə təsadüf edir. Ümumiyyətlə tarixi cəhətdən təhlil etsək görərik ki, hələ 1918- ci ildə yaranan Ermənistan dövlətində 575 min azərbaycanlı yaşayırdı. Daha sonra SSRİ-nin kölgəsində ərazisini Azərbaycan torpaqları hesabına genişləndirən Ermənistan höküməti orada əhali arasında etnik təmizləmələr apararaq, azərbaycanlıları deportasiya edirdi. Son deportasiya da 1980-ci illərin sonuna təsadüf edir. Belə ki, həmin illərdə Ermənistanda yaşayan 250 mindən çox son azərbaycanlılar da deportasiya edildi.

Təəssüflər olsun ki, bu prosses sadəcə deportsiya ilə kifayətlənmirdi, belə ki, öz torpağını tərk etmək istəməyən əhaliyə qarşı fiziki güc tətbiq edilir, işgəncələrə təqiblərə məruz qalırdılar. Bunu soyqırım da adlandırmaq olar.

Soyqırımı(genosid) - beynəlxalq hüquq normalarına görə, hər hansı milli, etnik və ya dini qrupun üzvlərinin öldürülməsi, belə qrupun üzvlərinə ciddi bədən xəsarəti və ya əqli pozuntuların yetirilməsi, hər hansı qrupun tam və ya tədricən fiziki məhvinə gətirib çıxaran əvvəlcədən düşünülmüş həyat şəraitinin yaradılmasıdır [28].

Azərbaycan dövləti istər xalqına istərsə də torpağı və sərhədlərinə qarşı edilən təcavüzü genosid kimi qiymətləndirmək olar. Torpaqlarımıza qarşı edilən bu genosidi tarixi cəhətdən 4 mərhələyə ayırmaq olar:

1. XVIII sərlərdə xırda feodallıqların yaranması;


  1. XIX əsrin əvvəllərində imzalanan Gülüstan və Türkmənçay müqavilələrin nəticəsində torpaqlarımızın bölüşdürülməsi;

  2. XX əsrin 90-cı illərində Ermənistan tərəfindən torpaqlarımızın işğalı;

  3. XXI əsrdə müstəqil dövlətimizin sərhədlərinin delmitasiyası və demarkasiyası zamanı baş verən lokal xarakterli torpaq itkiləri və s. [14].

Birinci mərhələyə əsasən xanlıqların yaranması və bir-birləri ilə münasibətlərin güclü olmaması bu səbəbdən xarici hücum və müdaxilələrə məruz qalması prosesləri aiddir.

İkinci mərhələyə Rusiya və İran arasında imzalanan Gülüstan( 1813-cü il 13 oktyabr) və Türkmənçay( 1828-ci il 10 fevral) müqavilələrindən sonra Azərbaycan torpaqlarının bölüşdürülməsi aiddir.

Ümumiyyətlə, işğal etdikləri torpaqları əldə saxlamaq üçün böyük dövlətlərin həyata keçirdikləri proseslərdən biri həmin torpaqların sərhədlərinin əsasən təbii- coğrafi obyektlərdən- dağ silsilələri, çaylar, göllər və s. boyu keçirilməsidir. Bu səbəbdəndir ki, ölkəmizin sərhədləri təbii obyektlərdən keçir.

Torpaq və sərhədlərimizə edilən təcavüz Azərbaycanda Rusiyanın dəstəyiylə Ermənistan dövlətinin yaradılması ilə davam etdi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradılan zaman sahəsi 114 min km2 idi. AXC Sovet Rusiyası tərəfindən süquta uğradıldıqdan sonra ərazisi yenə bölüşdürülməyə məruz qaldı. Belə ki, Dərələyəz, Zəngəzur, Dilican, Vedi, Ağbulaq, Göyçə əraziləri Ermənistan SSR-ə, Borçalı mahalı Gürcüstana SSR-ə verilmişdir. Beləliklə tarixi torpaqlarımızın böyük hissəsi sərhədlərimizdən ayrıldı, Naxçıvan MR eksklav əraziyə çevrildi.

Üçüncü mərhələ XX əsrin 90-cı illərini əhatə edir. Bu mərhələyə Ermənsitan tərəfindən 11 inzibati rayon, 19 şəhər və qəsəbə, 902 kəndimizin işğal edilməsi, nəticədə 20% torpağımızın ələ keçirilməsi aiddir. 1992-ci il mart ayının 4-də Azərbaycan BMT-ə üzv oldu, bununla da BMT-nin “Dövlət sərhədlərinin dəyişdirilməz qalması” ilə bağlı əsasnaməsinə əsasən torpaqlarımızın işğalı ilə bağlı məsələyə cavabdehlik daşımağa başladı. Bu məsəylə bağlı BMT-nin 1992-ci ildə yaratdığı Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) məşğul olsada, hələ də görülən ilər nəticə verməmişdir.

Dördüncü mərhələyə isə XXI əsrin əvvəllərində ölkəmizin quru və su sərhədlərinin delmitasiya və demarkasiya xətlərinin müəyyənləşdirilməsi zamanı baş verən lokal xarakterli ərazi itkiləri aiddir.



Beləliklə, xarici siyasi qüvvələrin təsiri ilə Tarixi Azərbaycan torpaqlarının 1/5-i işğal altında olmasına baxmayaraq həmin ərazilər hal-hazırda dünya gündəmində “neytral ərazilər” olaraq hallanmaqdadır, ancaq Ermənistan dövləti həmin ərazilərin təbii resurslarını mənimsəməyə davam edir.


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə