İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə24/45
tarix12.10.2018
ölçüsü1,31 Mb.
#73264
1   ...   20   21   22   23   24   25   26   27   ...   45

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Nədən olmamışdı? Nədən olmurdu? Düşünür, düşünürdüm…. Uzaqdan silah səsləri gəlir-
di. Gecələr boyunca  yuxularım qaçardı. Rəhman dayı bu kürd kişisi, ulu  bir ağsaqqal, bir ərən 
olub dolaşardı xəyallarımda. 
Tarlada bir qarışqanın özündən qat-qat ağır bir dənəyə yapışıb yuvasına gətirdiyi kimi, iri 
bir daşa sarılıb yuvarlardı Rəhman dayı. Bir qarış torpaq üçün qayaları qucaqlar, ömrünü yeyəyə 
verərdi. Evnə vaxtı azan oxununca beli, lingi bir tərəfə qoyar, bir  az irəlidəki kanalaın başında 
outrar, dəstəmazını alar, palıdların kölgəsində namaza durardı. O div kimi cüssəli, vursan yıxıl-
maz  bədəniylə  huşu  başında  əyilərdi  Allahın  hüzurunda.  Qəlbində,  könlündə  əskiyliyi  yoxdu. 
Dev cüssəsinə rəğmən bir qarışqanı incitməyəcək qədər yuxa qəlbli, geniş ürəkli idi. Içində bir 
atəş kimi yanıb közərirdi Həccə getmək istəyi… 
«Aaah, hocam, Allah bir qismət eləsəydi o mübarək torpağı», - deyərdi. Hər il ziyarət za-
manı  əldə etdiyi  qazancın  bir bölümünü həccə  getmək üçün ayırar, amma ayırdığı  pulun  ancaq 
yarısı qalırdı. 
Cümə ertəsi  və bazar  günləri  evdəki  televizoru  məktəbdə qurar, kənd  adamlarını çağırar-
dım. Cümə ertəsi yaşlılar, bazar günləri də gənclər gələrdi televizoru izləməyə. Həftə sonları çay, 
qənd gətirər, bir də samovarı qoyardım sinifə. Mustafa dayı, Bəktaş dayı, Məhmət dayı, Rəhman 
dayı, hamısı şagirdlərin yerlərində oturar, çay içər, film izlər, xəbərlərə qulaq asardılar. Bəzən bir 
xəbəri öz aralarında bir müddət türkcə danışdıqdan sonra kürtcə danışmağa başlayardılar, sinifə 
bir uğultu yayılar, qalmaqal başlardı. Rəhman dayı bir müəllim kimi ayağa qalxıb həmkəndliləri-
nə hirslənər, onları məzəmmətlərdi: 
- Hoca dediyinizi başa düşmür, düz danışın. 
- Danışsınlar, vacib deyil, - deyərdim, amma Rəhman dayı məktəbi mənim evim kimi də-
yərləndirərdi. 
- Olurmu, hocam. Biz sənin evindəyik, atam, - deyərdi. 
Rəhman dayı cümə ertəsi xəbərlərini yaddaşına yazar, bazar günləri tarlaya gəldiyində çay 
içərkən soruşardı: 
-  Hocam,  məmləkətin  halı  necədi?  Biz  xəbərləri  dinləsək  də,  bir  şey  başa  düşmürük.  Bu 
terror nə olacaq, atam? 
Onun yaddaşındakı bütün suallara cavab verməyə çalışırdım. Terrorun tüğyan elədiyi  illər-
di,  dağlarda  əmin-amanlıq  deyildi.    Mahala  daha  otuz  kilometr  uzaqda  bir  quş  uçmaz,  karvan 
keçməz  dağ  kəndində    terrora  çarə  axtarırdı  Rəhman  dayı.  Terrorun  bitəcəyinə  əmin  olsaydı, 
bədənini  güllələrə  sipər  eləməkdən  çəkinməzdi.  Hər  terror  hadisəsində  sinəsinə  döyər,  yanıma 
gələr, radioda dinlədiyi xəbərləri mənə yorumlardı. Şəhid olan əskərlərimizin harda şəhid olduq-
larını soruşardı: 
- Hocam, deyirsən oralar uzaqdımı? – deyərdi. Yaşadığı kənddən başqa bir də Dərsimi tanı-
yardı.  Rəhman  dayı  dörd  il  əskərilikdə  olmuşdu,  ikinci  dünya  müharibəsində  Dərsimdə  əskər 
imiş. Anladırdı bəzən. 
«Hocam, dinimiz bir, müsəlmanıq, müsəlman da heç müsəlmana düşmən olarmı? Dövlətə 
qarşı çıxarlarmı heç? Kürd nə, türk nə, atam? Ikisi də bu barmaqlarım kimi, hansını kəssən, o bi-
risi də göynəyəcək. Biz qardaşıq, atam. Keçən gün xəbərlərdə qulaq asdım, bir müəllimi vurub-
lar.  Hocam,  indi  sən  bir  qərbsən  burda,  bizim  kəndin  gəncləri  qalxıb,  sənə  silah  çəksinlərmi? 
Tövbə, ya rəbbiii! Göstərmə, ya rəbiii! Aman hocam, sən ağlı başında adamsan, bizim gənclər də 
səni çox sevirlər. Səni onların içində görüncə ürəyim fərəhlə döyünür. Cahil adam suya bənzəyir, 
qabağını haraya döndərsən, oraya da axar, qurban». 
Bir səhər tezdən oyandım və pərdəni çəkdim. Rəhman dayı yenə də daşlarla əlləşirdi. Evdə  
səhər yeməyi hazırlatdım və yanına getdim. 
- Rəhman dayı, gəlinin səhər yeməyi hazırlayıb, haydı evə gedək. – dedim. 
Dikəldi, çaşıb qalmışdı, iki əlini yana açıb başını qabağa əydi, üst-başına göz gəzdirdi. Gül-
dü. Gülüncə də gözləri ağappaq saqqalının içində yoxa çıxırdı. 
- Hocam, üst-başım toz-torpaqdı,  mən sənin evinə necə gedim, indi Zeynəb qarı gələr, sən 
məni bağşla, qurbanın olum. 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
- Olmaz, - dedim, məni qırmayacağını, qəlbinin yumşaqlığını, gövrəkliyini bilirdim. Qaşla-
rımı çattım: - Mən də bir daha sənin yanına gəlmərəm, - dedim, - küsərəm. 
Yaxınlaşdı, gəlib üsulluca yanımda durdu, boynuma sarıldı. Bir yandan da məni küsdürmə-
mək üçün yalvarır, bir yandan da kiçik, məsum gözləri gülürdü. 
Nəvəsi Ebruya mənim dərs keçməyimi çox istəyirdi. Təkid ettim əvvəlcə, sonda isə hədələ-
dim: 
- Mən də bir daha sizə gəlməyəcəyəm, gələn il də Ebrunu kim oxudar oxudar. 
- Elə demə, qurban, Ebrunu sən oxudacaqsan. 
- Oxutmaram! 
- De haydı. Mən neyləyim, hocam? 
Onu çarəsiz vəziyyətdə qoymuşdum. Evimizin önündəki tut ağacını göstərdi. 
- Hocam, ağacın dibinə bir çul parçası atarsan, gələrəm, içəriyə keçmərəm, - dedi. 
Mən evinə  getdiyimdə evini alt-üst  eləyən, tarlasına getdiyimdə könlünü  kilim eləyən bu 
kürd kişisi niyə bu qədər çəkinir, niyə müəllimin evinə getməkdən qorxurdu? Məktəbdə, bizim 
qaldığımız ev də onun üçün bir dövlət binasıydı. Başa düşmüşdüm. Bu qorxusunu aradan götürə-
cəkdim,  qərarlıydım,  üstəlik  Rəhman  dayı  da  israrlarım  qarşısında  çətin  vəziyyətdə  qalmışdı, 
məni qırmayacağı bəlliydi. 
- Evə keçəcəksən, səhər yeməyini bərabər yeyəcəyik. Bax, gəlməsən Ebrunu oxutmayaca-
ğam. 
«Ebru» deyincən susur, əlini yanlara açır, danışa bilmirdi. 
Rəhman dayı dözə bilmədi: 
- Tamam, hocam, - dedi, - gedək. 
Birlikdə evə doğru getdik. Mən qapını açıb içəri keçdim, Rəhman dayı qaloşlarını çıxartdı. 
Corabları  yırtılmışdı,  ayaq  barmaqları  görünürdü.  Mənim  fərq  etdiyimi  görüb  utandı,  ayağını 
gizləməyə çalışdı və üzündəki acı bir ifadəylə: 
- Hoca, sənə qurban olum, - dedi, - bu ağacın altına bir çul parçası sər, oturum da. 
O nur üzlü adama daha bundan artıq təkid eləyə bilmədim, eləmədim. 
- Tamam, Rəhman dayı, - dedim, - sən keç ağacın altına, mən gəlirəm. 
Danışdıq, yenə dərdləşdik, Həccə getməyi niyət eləmişdi, qərarlıydı: 
-  Qismət  olarsa,  həccə  gedəcəyəm,  hocam,  -  dedi.  -    Inşallah  qaysılardan  bu  il  yaxşı  pul 
götürərik. Keçən il dolu vurdu, öncəki il də çiçəkləri töküldü, soyxalar meyvə vermədilər. Beş-
on  qoyun  da  satacağam.  Ölmədən  bir  ayağım  o  mübarək  torpağa  dəysəydi,  yuxularıma  girir, 
vallah, bu il inşallah gedərəm. 
- Inşallah, istədiyin kimi olar, Rəhman dayı. 
- Hocam, mən qalxım, - dedi. – Ya Allah, ya şeyx, ya mədət. 
Dizlərinə  dayanaraq  dikəldi  və  dizlərinə  qədər  enən  uzun  qollarını  yelləyə-yelləyə  getdi, 
yenə tarladakı bir daşın başı üstə dayandı. 
Qış artıq yaxınlaşmış, uca təpələrə qar yağmışdı. O gecə məni yuxu aparmadı,  evdə dörd 
dolanıb gərdiş eləyirdim. Gecə saat ikini keçmişdi. Kənd qaranlığa qərq olmuş, dərin bir sükut 
içində uyuyurdu, külək evdən bir az aralıdakı qoz ağaclarının dili ilə danışırdı. Bu boyda kənddə 
sadəcə mənim evimdə işıq yanırdı, hələ də yata bilməmişdim. 
Birdən evin qapısını döydülər, mətbəxin pəncərəsindən çölə baxdım, çöldə iki kişi gözlə-
yirdi. Kənddə hər kəsi  tanıyırdım, gələnlər yad adamlardılar. Evin qabağında bir küçə fanarı var 
idi. Gələnlər  fanarın işığında dayanmışdılar. Birinin köynəyində qan izləri var idi, digərinə söy-
kənərək dayanmışdı, o birisinin isə çiynində tüfəng var idi. 
- Kimdir? – deyə səslədim, amma cavab vermədilər.  Qəribə bir qorxuya düşdüm, ətrafda 
kimsə yoxdu, bir müddət qapını açıb açmamaqda tərəddüd elədim.  «Ebe üçün gəliblər hər hal-
da»,    deyə  düşündüm.  Kənddəki  xəstələrin  üstünə  belə  gecə  getməyə  qorxardı  zavalı  qız.  Bu 
üzdən gecələr xəstələri  olanlar, başqa kənddən  Ebe üçün  gələnlər əvvəlcə məni oyandırardılar. 
Gecələr sadəcə mənimlə gedərdi xəstəyə baxmağa. Yenə də qapını açmağa tərəddüd edirdim. 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə