Vilayət bağçası İkİnCİ cİld



Yüklə 0,52 Mb.
səhifə1/10
tarix23.01.2018
ölçüsü0,52 Mb.
#22123
  1   2   3   4   5   6   7   8   9   10


Vİlayət bağçası
İkİnCİ cİld
İslam İnqilabının Böyük Rəhbəri Ayətullah Xameneinin

tələbə və müəllimlərə tövsiyələri


Çevirən: İbrahim Mirzə



Ruhanilərin universitetlərdə təmsil olunmasının zəruriliyi1

Bismillahir-Rəhmanir-Rəhim.


Elm və din

Əvvəla, bu böyük işi dərk edib düzgün qiymətləndirən və öhdəsinə götürən möhtərəm cənablara və əziz din alimlərinə xoşgəldin deyirəm. Ümidvaram ki, Allah sizə böyük mükafat versin, Öz vədinə və böyüklüyünə uyğun olaraq bu yolda öncəkindən daha artıq və daha yaxşı dəstəkləsin və siz işlərinizin bəhrəsini görəsiniz. Mən xüsusən cənab Cənnətiyə, cənab Sədrə və bu işi üzərinə götürmüş digər cənablara səmimi təşəkkürümü bildirirəm.

Ruhanilərin universitetlərdə təmsil olunması elm və dinin təmsil olunması deməkdir. Universitetlər elm ocağı, dindar insanların orada olması səbəbindən həm də din ocağıdır. Ruhanilik də din elmini güclü, məntiqli, universitetə və universitet mənsublarının səviyyəsinə uyğun şəkildə təqdim edir. Bu, məsələnin elmi tərəfidir. Din təlimləri ən uca elmlərdən, ən güclü zehni və fəlsəfi mövzulardan, bəzi sahələrdə ən mühüm ictimai və həyati məsələlərdən sayıldığından, elmi şəkildə ortaya qoyulmalıdır. Burada zəif əsaslandırmadan və qüsurlu izahdan ciddi şəkildə çəkinmək lazımdır. Çünki bütün buların əks təsiri olar. Pis müdafiə etmək gözdən salmağın ən mühüm üsullarındandır.
Ruhanilərin rəftarı

Buna əsasən, ruhanilərin və din alimlərinin universitetlərdə təmsil olunması İslam maarifini bütün sahələrdə məntiqli, başadüşülən, güclü və əsaslandırılmış formada təqdim etməkdən ötrüdür. Bu, məsələnin elmi tərəfidir. Dini tərəfi - imanı gücləndirmək, elmi dərk yollarından hasil olan hər bir şeydir. Lakin ən mühüm məsələ budur ki, cənab ruhanilərin rəftarı dinin təbliğatçısı, din təlimlərinin və dini dəyərlərin daşıyıcısıdır.


Əməllə dəvət etmək

Bu gün və həmişə din alimləri xalqı öz rəftarları, yaşayış tərzləri və müxtəlif məsələlərə münasibətləri ilə dinə dəvət etmişlər. Demək istəmirik ki, bunun istisnası yoxdur. Bəli, istisna da var. Bunun əksinə əməl edən və dindən qaçıranlar da var. Lakin prinsipcə, ruhani işinin xisləti belədir. Allaha şükür olsun ki, bu gün əksəriyyət deyilən kimidir.


Universitetlərin səmərəliliyi

Buna əsasən, ruhanilərin universitetdə təmsil olunması universitetin səmərəliliyi üçün zəruridir. Bu, ruhanilərin universitetə müdaxiləsi deyil. Xeyr, universitetlərdə rektorlar, siyasətlərini təyin edənlər, tədris edənlər, digər işçilər var. Onlar özlərinin bütün işlərini görürlər. Ruhanilər oraya müdaxilə qəsdilə daxil olmurlar. Təbii ki, ruhanilərə qanuna uyğun səlahiyyətlər verilməsə, universitetlərdə çalışmalarının mənası olmaz. Biz deyə bilmərik ki, alimlər universitetdə qanunları neyləyirlər, qayda-qanunla nə işləri var. Xeyr, heç bir yerdə qayda-qanun olmadan, səlahiyyət verilmədən bir iş görmək olmaz. İş görmələri üçün əlləri açıq olmalıdır.


Universitetdə fəaliyyətin fəlsəfəsi

Bu cənablar bəzi səlahiyyətlərlə təmsil olunsalar da, bu, qeyd olunan niyyətlədir; yəni dinin elmi şəkildə bəyan olunması, dini rəftarın və məzhəbi imanın praktik izahı. Əsas məqsəd budur. Bəli, bunlar əldə edildikdən sonra üçüncü məsələ gəlir. Bəzən onun əhəmiyyəti bu iki məsələdən az olmur. O da budur ki, ruhanilər universitetdə gənclərin psixoloji sığınacağı, sirdaşı ola bilərlər. Gənclik hiss və duyğular aləmidir. Gəncin beyni kimi ruhu da bir çox məsələlərdən təsirlənir. Özünü böyük bir ruhda, geniş bir ürəkdə, mehriban və xeyirxah bir nəfəsdə qorumaq üçün gəncin bir yerə ehtiyacı var. Bu geniş ürək, yüksək düşüncə və xeyirxah ruh - dərdləri və problemləri eşidən, lazımi tövsiyələri verən, mənəvi və ruhi cəhətdən təbiblik edən, dərdinə şərik olan ruhani ola bilər.


Universitetdə fəaliyyətin zəruriliyi

Əgər bir ruhani buna nail olsa, bilsin ki, universitetdə işi uğurlu alınıb; hələ nail olmayıbsa, bilsin ki, işdə qüsur var. Çünki ruhani bu deyilən formada, yəni sözügedən iki xüsusiyyətlə harada olsa, xüsusən də gənc mühitində olduqda üçüncü xüsusiyyət qaçılmazdır. Buna əsasən, mən bu orqanı vacib və lazımlı bilir, fəaliyyətində israrlıyam. Artıq bir şey istəmirik, amma təkid edirəm ki, ona lazımi səlahiyyətlərin verilməsi üçün müvafiq qərarlar qəbul olunsun. Bu da Mədəni İnqilab Ali Şurasının və digər səlahiyyətli qurumların işidir. İndiyə qədər görülən işlər çox yaxşıdır, amma görülməyənlər də görülməlidir. İxlasla, dini borcunu yerinə yetirmək üçün universitetə gedən ruhani və din alimlərinə rəqib, mərdimazar, lazımsız bir şey, formal bir orqan, yaxud universitetlərə müdaxilə edən adamlar kimi baxmaq olmaz. Bu, səhv və yanlışdır. İnşallah, zaman ötdükcə sizin işlərinizin bəhrəsi daha artıq görünəcək.


Nümayəndəliklərin fəaliyyəti

Nümayəndəlik orqanı artıq illərdir ki, universitetlərdə çalışır. Son 2-3 ildə doğrudan da yaxşı işlər görüb. Düzdür, keçmişdə də zəhmətlər çəkilib və yaxşı işlər görülüb. Lakin son zamanlar, yəni son 2-3 ildə aldığı status tərəfimizdən daha çox təsdiq olunur. Bunun da az-çox nöqsanları ola bilər, demək istəmirik ki, tamamilə səhvsizdir. Amma hər halda, nöqsanlar aradan qaldırılasıdır. Bugünkü forma daha düzgün və münasibdir. Hamı kömək etməlidir. Mənim gördüyüm qədər, Ali təhsil və Tibbi təhsil nazirliklərinin məsul şəxsləri bunu yaxşı qarşılayır, universitetlərdə belə bir qurumun olmasını istəyirlər. Cənab nazirlər və digər məsul şəxslər onların fəaliyyətinə müsbət yanaşır, bunu səmərəli hesab edirlər. Mən sözlərindən belə anlayıram.


Universitetləri İslama uyğunlaşdırmaq

Bizim dediyimiz “İslama uyğunlaşdırmaq” məsələsi çoxtərəfli və çox dərin bir məsələdir. Cənab Cənnətinin dediyi, cənab Sədrin bu gözəl və dəqiq yazısında oxuduğu kimi, ölkənin və inqilabın gələcəyi ona bağlıdır. Bu o demək deyil ki, inqilabın əvvəlindən bu işlə məşğul olmayıblar. Xeyr, inqilabın əvvəlindən qayğıkeş, xeyirxah, inqilabçı və mömin tələbələr bu sahədə iş görmək üçün özləri çox israrlı xahişlər etmişlər. Sonra da hamının bildiyi işlər görüldü, imam Mədəni İnqilab Komitəsini yaratdı və daha sonra onun əsasında Mədəni İnqilab Ali Şurası formalaşdı. Bunların hamısı bu məqsədlə olmuşdur.


Ciddi və əsaslı iş

Bu gün universitetlərin nəzərdə tutulan istiqamətdə mühüm inkişaf etmədiyini görürüksə, deməli, işlərdə qüsurlar olub. Niyyətə qaldıqda isə bu, inqilabın niyyətidir, hamının niyyətidir. Bu gün bu sözləri danışan bizlər də inqilabın əvvəlindən bu məsələni izləyən şəxslərdənik. Mən hiss edirəm ki, bu gün ciddi bir işə ehtiyac var. Buna görə də, bu məsələni müstəqil şəkildə önə çəkdim.

Möhtərəm nazirin özü işgüzar müsəlmandır və bu işin doğrudan da yaxşı şəkildə baş tutmasını istəyir. Mən ona dedim ki, siz ali təhsil işində əsaslı və böyük bir iş görmək istəyirsinizsə, bu işi görməlisiniz. Universitetlərin və ali təhsil işlərinin idarəsi adi və normal bir işdir. Hansı nazir gəlsə, bunu edəcək. Amma əsaslı iş görmək istəyən nazir bunu etməlidir.
Qısamüddətli və uzunmüddətli layihələr

Biz dəfələrlə demişik ki, elm hövzəsi universitetləri İslama uyğunlaşdırmaq işinə kömək göstərməli və işin bir qismini öhdəsinə götürməlidir. Bu bir qismin ümdə hissəsini universitetdə olan siz cənablar görə bilərsiniz və görməlisiniz. Çünki universitetlə tanış olmayan bir ruhaninin bu işi yaxşı şəkildə yerinə yetirə və bundan ötrü ən yaxşı, ən yaxın və ən etimadlı yolu seçə bilməsi məlum deyil. Lakin siz orada olduğunuzdan bu işdə rol oynaya bilərsiniz. Mən deyirəm ki, universitetləri İslama uyğunlaşdırmaq üçün qısamüddətli və uzunmüddətli layihələr nəzərə alınmalıdır. Yəni biz nə qısamüddətli layihələrə etinasız yanaşırıq, nə də qısamüddətli işlərlə qane olub uzunmüddətli işləri yaddan çıxarırıq. Biz bunların hər ikisini bir-birinin yanında istəyirik; həm qısamüddətli, həm uzunmüddətli, lakin dərin, həqiqi və əsaslı işlər. Mənim istədiyim bu deyil ki, hansısa universitetdə qısaqol köynək geyindiyinə görə bir müəllimin yaxasından yapışsınlar. Mənim istədiyim və çalışdığım bu deyil. Belə məsələlərlə məşğul olmaq əsas işdən yayınmaqdır.


İslam mühiti

Biz istəyirik ki, universitet bir İslam mərkəzi və İslam məqsədli bir yer olsun. İslam məqsədi budur ki, elm ən üstün keyfiyyətində, elmi məsələlər ən yeni formasında, elmi işlər ən uğurlu növündə, əxlaq və iman ən aydın və ən pak vəziyyətində olmalıdır; hamısı bir-birinin yanında. Bizim istədiyimiz budur və bu məqsədlərə çatmaq üçün, təbii ki, bəzi üsullar lazımdır.


Elm və ölkənin gələcəyi

Məsul şəxslər, müəllimlər, dərs vəsaiti, xüsusən də sözügedən humanitar elmlər barədə əsaslı işlər görülməlidir. Bunların təfərrüatı uyğun iclaslara, aidiyyətli komissiyalara və tədqiqat qruplarına tapşırılsın. Onlar bu işlərlə məşğul olsunlar. Bizim istədiyimiz bunlardır.

Əgər kimsə gəlib bizim dediklərimizi 1-2 kiçik işdə xülasə etsə, əməldə, yaxud sözdə bunu göstərsə, bu böyük məqsədə zülm etmişdir.

Qısa olaraq deyim ki, mən bu işlə maraqlanacağam. Bundan sonra elmi-mədəni sahələrdə və universitet rəhbərliyində təmsil olunmaq üçün bunlar meyar seçilməlidir. Çünki İslam işi görüldükdə, elmi iş də onun içində gedir. Söhbət təbii ki, güclü elmi işdən gedir. Çünki zəif elmi iş İslam işi ola bilməz. Bu elm ölkənin bu gününü və sabahını təmin etməlidir. Bu, zəif elmlə təmin olunmur. Hər halda, ümid sizədir. Allahdan kömək istəyin ki, bu işi var gücünüzlə yerinə yetirəsiniz.

Allahın salamı və rəhməti olsun sizə!



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə