37
Başqa rəislər arasında hərbi nazir tərəfindən fərqləndirilən polkovnik
Əfəndiyevə bu il yanvarın 6-da general-mayor rütbəsi verilir və birinci piyada
diviziyasının komandiri təyin edilir.
General Əfəndiyev hazırkı şəraitdə diviziyanın təşkil olunması kimi ağır işə
başlayır, Azərbaycanın vacib bölgəsində istirahət bilmədən fədakarcasına hərbi
hissələrdə qayda-qanun yaratmağa çalışır.
Öz diviziyasındakı tibbi vəziyyətdən narahat olan general Əfəndiyev şəxsən
özü lazaretin təşkilinə rəhbərlik edir, tez-tez xəstələr arasında olaraq, bəzən xoş
sözlə, bəzən də rəhbər tələbkarlığı ilə onların taleyini yüngülləşdirir. Qayğıların
çoxluğundan o, özü haqqında düşünmür və səpmə yatalaq xəstəliyinə tutularaq
mərd bir əsgər kimi vəzifə başında ölür. Yorulmaz döyüşçü və Vətənin əsl oğlu,
qəbrin nurla dolsun!
Vəfat etmiş general Süleyman bəy Əfəndiyev Batumda yaşayan ailəsini
maddi çətinlik qarşısında qoymuşdur. Hətta böyük oğlunun vəfatı xəbərini eşidən
general ona tapşırılan işlərin böyük əhəmiyyətini düzgün dərk edərək öz vəzifəsini
tərk etməmişdir.
Əmr edirəm ki, onun dəfninin xərcləri xəzinənin hesabına olsun və ailəsinə
birdəfəlik beş min rubl məbləğində müavinət verilsin. Eyni zamanda ailəsinin
normal yaşayışını təmin edə biləcək məbləğdə təqaüdlə təmin olunması barədə
hazırda Bakıda yerləşən Hərbi Nazirlik qarşısında vəsadət qaldırıram».
Beş gün sonra — fevralın 26-da general Əliağa Şıxlinski həmin əmrinə belə
bir əlavə də etmişdir:
«Vəfat etmiş Birinci piyada diviziyasının rəisi, general-mayor Süleyman
bəy Əfəndiyevin dul qalmış həyat yoldaşının xahişi ilə mərhum Gəncə
şəhərində yox, Qazax qəzasında dəfn olunacaqdır».
Təəssüf ki, Vətənimizin azadlığı uğrunda canını fəda edən general
Süleyman bəy Əfəndiyevin bu günədək nə yaxın qohumunu, nə də fotoşəklini
tapmaq mümkün olmadı. İllərin uzaqlığı bizə imkan vermədi ki, öyrənək görək bu
mərd generalımız harada — Qazaxın özündəmi, yoxsa hər hansı bir kəndindəmi
uyuyur.
Bu günkü nəslə general Süleyman bəyin fotoşəklini görmək hələlik qismət
deyil. Ümid gələcək tədqiqata, arxiv sənədlərinə, bir də Ağdamda və Qazaxda
yaşayan Əfəndiyev soyadlı nəvə-nəticələrin yaddaşına qalır...
ACI TALE
Xoşbəxtəm ki, müsəlman Ordusunun zabiti kimi ölürəm. Xüdahafiz!
General Məmməd bəy
Sulkeviçin son sözləri.
Cümhuriyyət dövrünün iyirmi bir döyüş generalı sırasında oxucunu
düşündürən və bir az təəccübləndirən soyada rast gəlmək olar: — General-
leytenant MƏMMƏDBƏY ALEKSANDROVİÇ SULKEVİÇ.