ÇAŞIOĞlu 2018 Rəyçilər



Yüklə 1,33 Mb.
səhifə7/15
tarix07.04.2018
ölçüsü1,33 Mb.
#36414
1   2   3   4   5   6   7   8   9   10   ...   15

Azotlu. Azərbaycanda azotlu sular cənub bölgəsində və Qafqazın cənubətəyi rayonlarındadır. Respublikada 100-ə qədər azotlu su öyrənilmişdir. Azotlu sular həm soyuq və həm də isti olur. İsti azotlu sular daha əhəmiyyətlidir. Alaşa (45-500C), Meşəsu (45-550C), Xaltan (37-500C) və s. bulaqları qeyd etmək olar.

Radonlu. Geoloji və geokimyəvi şəraitin xüsusiyyəti ilə əlaqədar olaraq bəzi ərazilərin yeraltı sularında radioaktiv elementlər olur. Sularda ən çox yayıla bilən radioaktiv mənşəli elementlərdən radon qazını göstərmək olar. Məlum olduğu kimi, radon qazının sularda olması müalicəvi xüsusiyyətini yüksəldir. Təbiətdə radonlu sulara nadir hallarda rast gəlinir. Azərbaycan şəraitində isə bu cəhətdən Kəlbəcər və Laçın rayonları diqqəti cəlb edir. Bağırsaq (Kəlbəcər rayonu) adlanan mineral sular radonlu mineral suların ən parlaq növüdür. Bundan başqa, Darıdağ və Qahab (Naxçıvan MR) sularında da az miqdarda radon qazının olması bəllidir. Təbiətdə radioaktiv suların əmələ gəlməsi onların çox yavaş süzülməsi ilə əlaqədardır. Sular çətinliklə süzülərsə, onlarda radioaktıv və radon qazının toplanması üçün şərait yaranır. Azərbaycanda radon qazının yüksək olması gələcəkdə bu suların olduğu yerdə müalicəxanaların yaranmasına imkan verir. Respublikada olan mineral suların ümumi miqdarından 34 bulaq radonlu sulara aiddir.

Mineral suların duz tərkibi. Yeraltı suların hər hansı növü müxtəlif tərkibdə, bu və ya digər miqdarda həll olmuş halda mineral duzlara malikdir. Duzlar suda həll olduqda ion şəklinə düşür. Təbii sularda ən çox olan ionlar (HCO3-, SO42-, Cl-, Na+, Ca2+ və Mg2+) olduqca müxtəlif vəziyyətdə və münasibətdə ola bilər. Təbii sularda 26-ya kimi elementin həll olunduğu müəyyən edilmişdir. Bunlar 5 qrupa bölünür:

  • suyun əsas tərkibini təşkil edən elementlər: K, Na, Ca, Mg, Fe, Al, Cl, S, N, O, H, C, Si.

  • sularda az miqdarda təsadüf edilən elementlər: Rb, Sr, Ba, Pb, Ni, Zn, Mn, Cu, Br, J, F, B, P, As.

  • sularda nadir tapılan elementlər: U, Zn, Ga, Ge, Zr, Ti, W, Hg, Bi, Cd, W, Se, Te, Mo, Ag, An, Pt, Sn, Sb.

  • radioaktiv elementlər: Ra, Th, Rn və digərləri.

  • üzvi maddələr.

Sularda yağ və naften turşuları, onların duzları və çöküntüləri həll olur, bu da orta hesabla 5 mq/l-ə çatır.

Mineral suların tərkibinin öyrənilməsi çox zəngin su sərvətləri tiplərini müəyyən etməyə və onların elmi təsnifatını verməyə, daha doğrusu, bu suları düzgün qiymətləndirməyə və onların mənşəyi ilə əlaqədar məsələləri aydınlaşdırmağa imkan verir. Azərbaycan mineral sularının tərkibində 0,5-150 q-a qədər duzların həll olması müəyyən edilmişdir.



Mineral suların sənayesi. İstisu çox məşhur mineral su olmaqla Çexiyadakı Karlovı-Varı suyuna oxşayır. Sirab isə Borjomiyə oxşar olub, həm də süfrə suyu kimi işlədilir. Son illər Qalaaltı və Siyəzən meşəsi mənbəyindən və Qax rayonundan mineral su doldurulması təşkil edilmişdir.

Sənaye ehtiyatları təsdiq edilmiş yodlu-bromlu su yataqları uzun illər ərzində istismar edilərək respublika iqtisadiyyatında önəmli rol oynamışdır. Respublika üzrə 5 yodlu-bromlu su yatağının (Xıllı, Babazənən, Mişovdağ, Binə-Hövsan və Neftçala) ümumi sənaye ehtiyatları – 229,5 min m3/gün, Babazənən – 50,1 min m3/gün, Mişovdağ – 28,5 min m3/gün, Binə-Hövsan – 51,2 min m3/gün, Neftçala – 52 min m3/gün (Binə-Hövsan və Neftçala yataqları 1995-ci ilə qədər istismar edilmişdir).

Bu yataqların lay sularının tərkibində 40 mq/l-ə qədər yod, 60-80 mq/l-ə qədər brom və digər kimyəvi komponentlər vardır. Təkcə yeni Neftçala zavodunda ildə 800 t yod, 3000 t brom alınması nəzərdə tutulmuşdur. Hazırda İqtisadi İnkişaf Nazirliyi tərəfindən bu zavodun bərpa olunması üçün tədbirlər görülür.

Bu yataqların istismar edilməsi üçün ekoloji tələblərə cavab verən, ətraf mühitin, o cümlədən, Xəzər hövzəsinin çirklənməsinə yol verməyən qabaqcıl texnologiyanın tətbiq edilməsinə böyük ehtiyac vardır. Əvvəlki illərdə olduğu kimi yeraltı sulardan bor, kalium, stronsium, litium elementlərinin sənaye tullantısı kimi atılmasına yol verilməməli və bu elementlərin tam və kompleks şəkildə çıxarılması təmin olunmalıdır. Yod güclü radiasiyaya məruz qalmış insanları müalicə etmək üçün ən təsirli vasitələrdən biridir. Çernobıl qəzasında 10 minlərlə adam məhz Bakı zavodunda istehsal olunan yodun təsiri ilə şəfa tapmışdır. Son illərə qədər Binə-Hövsan yatağının bazasında fəaliyyət göstərən Bakı yod zavodunda texniki yod, kalium-yod (ağ yod) və kristallik yod istehsal olunmuşdur.



4.3. Azərbaycanın mineral suları təbabətdə
Azərbaycandakı müxtəlif mineral su növlərinin müalicəvi xüsusiyyətləri çox qədim zamanlardan məlum olmuşdur. O zamanlar əhali dərmanlardan istifadə etmirdi. Qədim insanlar suya, havaya və işığa əsas müalicə vasitəsi kimi baxırdılar. Onlar Azərbaycan ərazisində çoxlu miqdarda müxtəlif tamlı, rəngli, temperaturlu və eyni zamanda olduqca dəyərli müalicəvi xüsusiyyəti olan mineral su bulaqlarından istifadə edirdilər. Bunu sübut etmək üçün deyə bilərik ki, bu sular ətrafındakı daşlardan çapılmış hovuzlar indiyə qədər qalmaqdadır.

Müalicəvi sular həmişə qazlı olur, ona görə ki, vurulan qaz onun tərkibindəki duzların çöküntü verməsinin qarşısını alır, suyun dadını dəyişir və suyu uzunömürlü edir. Tərkibində qaz olan suları uşaqlara vermək məsləhət deyil, mədə-bağırsaq xəstəliyi olan insanlara qazlı su içmək olmaz.



Azərbaycanda təbii mineral sular qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda içilən sudur. Lakin hər bir mineral suyun xüsusi müalicəvi əhəmiyyəti vardır.

Turşsu. Bu su mikroelementlərlə zəngin olub, karbonatlı, hidrokarbonatlı, maqneziumlu, natriumlu, kalsiumludur. Minerallaşması 2,4 q/l-dir. Mədə-bağırsaq, öd kisəsi yuyulur, vanna edilir. Bu su ilə ürək-damar, qan azlığı, qaraciyər, öd yolları, öd kisəsi və s. xəstəliklər müalicə olunur. Turşsu boru vasitəsilə Şuşa şəhərinə nəql edilərək öz təyinatı üzrə istehlak edilirdi.

Vayxır. Bu su xlorlu-hidrokarbonatlı-natriumlu su olub minerallaşması 6,5-7,4 q/l-dir. Tərkibində brom, yod, dəmir, mis, sink, stronsium, arsen vardır. Həzmetmə orqanlarının xəstəlikləri, xroniki qastrit, diatez, şəkərli diabet və digər maddələr mübadiləsi pozuntuları zamanı istifadə edilir.

Kömür. Bu su sinir sisteminin funksional xəstəlikləri, yorğunluq, mədə-bağırsaq və tənəffüs yolları xəstəliklərinin müalicəsi üçün əlverişlidir.

Sirab. Bu su karbonatlı, hidrokarbonatlı, natrium-kalsiumludur. Minerallaşması 2-4 q/l-dən 29 q/l-ə qədərdir. Sirab suyunda dəmir, brom və silisium turşuları, litium, stronsium aşkar edilmişdir. Sirab-12 mənbəyi yaxınlığında ildə 40 mln butulka su dolduran zavod fəaliyyət göstərir. Mədə-bağırsaq və sidik yollarının xəstəliyi, eləcə də maddələr mübadiləsinin pozulması zamanı istifadə edilir.

Nəhəcir. Bu su tərkibcə karbonatlı, hidrokarbonatlı-natriumlu olub, minerallaşması 6 q/l-dir. Həzm orqanlarının xəstəliyi, qan azlığının müalicəsi zamanı içilməsi müsbət nəticə verir.

Qalaaltı. Bu su kalsiumlu-natriumlu sudur, mineral-laşması 0,8 q/l-dir. Tərkibində fenol, alifatik turşular, mikro-elementlər vardır. Fiziki və kimyəvi xassələrinə görə Truskavetskidə çıxan «Naftusya» suyuna yaxındır. Bu su ilə qaraciyər, öd yolları iltihabı, sidik daşı və böyrəyin xroniki iltihabı xəstəlikləri, sidik turşusu diatezləri və s. müalicəsində istifadə edilir.

Qax. Bu su sulfatlı-hidrokarbonatlı təbii mineral sudur. Minerallaşması 0,5 q/l-dir. Tərkibində (1 litrdə) 0,3595 q hidrokarbonat və 0,0145 q sulfat anionu, 0,0055 q kömür anhidridi, 0,0190 q oksigen, 0,0058 q kalium, 0,0128 q maqnezium, 0,0128 q natrium, 0,00146 q manqan, 0,0900 q kalsium, 0,0002 q dəmir, 0,0088 q xlor vardır. Keyfiyyəti Azərbaycan Respublikasının qüvvədə olan Dövlət Standartına uyğun olmalıdır. Süfrə suyu kimi istifadə olunur.

Şərur. Bu su karbonatlı, hidrokarbonatlı-xlorlu-natriumlu və nadir mikroelementlər kompleksi ilə zəngindir. Gündəlik debiti 1 mln litrdən çoxdur.Süfrə suyu kimi istifadə olunur.

Badamlı.. Badamlıda beş mənbədən su çıxır və bunların gündəlik debiti 2,5 mln litrdir. Badamlı suyu hidrokarbonatlı, maqnezium-kalsium-natriumlu su olub ümumi minerallaşması ayrı-ayrı mənbələrdə 0,7-7,4 q/l-dir. Suyun tərkibində xlor və sulfat anionu, yod, brom, mis, borat turşusu vardır. Badamlı suyu iştahı artırır, həzm prosesini yaxşılaşdırır, susuzluğu yatıran gözəl süfrə suyu kimi məşhurdur. 1952-ci ildən Badamlı suyu zavod şəraitində butulkalara doldurulur və istehlak edilir.

Mineral suların içilməsi üsulları və оnların müalicə vaxtı təsir göstəriciləri kurоrtоlоgiya və başqa institutlar tərəfindən müəyyən edilir.


4.4. Mineral suların məlum olmayan tərəfləri
Mineral sularda maqnezium. Mineral sular üzərində aparılan araşdırmalar göstərir ki, suyun tərkibindəki maqneziumun yüksək olması ürək və damar sağlamlığında əhəmiyyətlidir. Yüksək maqneziumlu sudan istifadə edən əhalidə ani ölümlərin daha az olduğu isbat olunmuşdur. Yüksək maqneziumlu mineral suların prostat və döş xərçəngi əmələ gəlməsi riskini azaltdığı güman edilir. Avropa Birliyinin qəbul etdiyi qanuni nizamnaməyə görə, 1 litrdə ən azı 50 mq maqnezium olan mineral su maqneziumla zəngin su hesab olunur. Almaniyada isə bu hədd 150 mq/l-dir.

Mineral sularda kalsium. Sümük və diş sağlamlığının qorunmasında ən əhəmiyyətli elementlərdən biri olan kalsiumlu mineral su içərkən orqanizm ən azı süd və süd məhsullarındakı qədər kalsium qəbul etmiş olur.

Çoxlu sayda araşdırma klimaksdan sonra osteoporozu olan qadınlarda yüksək kalsiumlu mineral su içmə vasitəsilə orqanizmə daxil edilən kalsiumun bədəndə aktiv təsir göstərdiyini və osteoporozun qarşısının alınmasında yararlı olduğunu göstərmişdir.

Mineral sularda kalsium üçün qəbul edilən Avropa Birliyi standartı ən azı 150 mq/l-dir.

Mineral sularda bikarbonat. Mineral sularda ən sıx rast gəlinən bikarbonatın həzmlə bağlı müsbət təsirləri çoxdan məlumdur. Bu tip mineral suların turşuluqla bağlı mədə xəstəliklərində (mədə qıcqırmasında) mədə turşuluğunu təsirsiz hala gətirdiyi, şəkər xəstəliyində isə şəkər metabolizminə dəstəkləyici təsir yaratdığı isbat edilmişdir.

Sidik turşusunun xaric edilməsini artıran və sidik daşının yaranmasının qarşısının alınmasına görə bikarbonatlı suların içilməsi qurt xəstəliyində və bəzi böyrək daşları narahatlıqlarında yardımçı müalicə kimi istifadə edilir.

Avropa Birliyinin mineral sularda bikarbonat üçün qəbul etdiyi hədd 600 mq/l-dir.

Mineral sularda sulfat. Tərkibində sulfat turşusu yüksək olan mineral suların içilməsi bağırsaqların fəaliyyətini artırdığına görə qəbizlikdə müsbət nəticələr verir. Öd kisəsini işlədici və öd möhtəviyyatını artırması da həzm sistemi üzərindəki yararlı təsirlərindən biridir. Ayrıca sidik yollarında kalsium-sulfatlı suların olduqca təsirli nəticələr verdiyi müşahidə olunur.

Sulfatlı mineral sular üçün Avropa Birliyinin qəbul etdiyi hədd ən azı 200 mq/l-dir.

Mineral suların tərkibindəki digər elementlərin insan orqanizmi üçün mühüm əhəmiyyəti vardır.

Flüor. Mineral suların tərkibindəki flüor diş çürüklərinin qarşısının alınmasında çox təsirlidir, sağlam sümük və dişlər üçün gərəklidir.

Xlor. Mineral suların tərkibindəki xlor su və elektrolit tənzimlənməsi və həzm prosesində natrium ilə birlikdə öz üzərinə eyni vəzifəni götürür.

Natrium. Mineral suların tərkibindəki natrium su və elektrolit tənzimlənməsi zamanı xəbərdarlıq etmədə böyük rol oynayır. Həzmə yardım edir.

Kalium. Mineral suların tərkibindəki kalium hüceyrə metabolizmində və bədəndəki suyun tənzimlənməsində böyük rol oynayır.

Yod. Mineral suların tərkibindəki yod qalxanabənzər vəzinin sağlam işləməsi üçün vacibdir, çatışmazlığı zamanı qalxanabənzər vəzinin böyüməsi (zob) müşahidə olunur.
4.5. Mineral su ilə sağlam həyat
Sağlamlıqla bağlı müsbət təsirlərinə görə qablaşdırılmış təbii mineral suların bir qismi Almaniyada «şəfalı su» kimi tanınır. Azərbaycanda isə tətbiq olunmasa da, bunun bir çox xəstəliyin müalicəsində yardımçı rol oynadığı qəbul edilir. Mineral su hər yer və şəraitdə xidmətə hazırdır. Bir çox adam, xüsusilə yaşlılar yalnız susadıqda su içirlər. Bu vəziyyət gündəlik ehtiyac olandan çox az miqdarda su qəbuluna səbəb olur. Bunun qarşısını almaq və kifayət qədər su qəbulunu asanlaşdırmaq üçün evdə və işdə mineral su göz önünə qoyulmalıdır. Beləliklə, bu, insanı kifayət qədər su içməyə həvəsləndirmək üçün bir vasitə olar.

İsti günlərdə mineral su daha çox içilməlidir. Yayın istisində həddən artıq tərləməklə böyük miqdarda su itkisi olur. Suya ehtiyac gündəlik ehtiyacın iki, ya da üç qatına qədər artır. Mineral su həzmi asanlaşdırır. Tərkibində karbon qazı olan bir şüşə mineral suyu tox qarına içəndə həzm prosesini asanlaşdırır. Mineral su, əslində, aclıq hissini azaldır, yeməkdən əvvəl və ya yemək əsnasında içilən bir fincan mineral su doyma hissi yaradır.

Qəhvə və çay yerinə mineral su qəbul edilməlidir. Məsələn, günə içindən qazlar çıxan bir fincan soyuq mineral su ilə başlamaq enerjili iş ritmi və gün boyunca rahatlıq imkanı yaradır.

Mineral su ucuz gözəllik eleksiridir, yalnız dəri üçün gərəkli olan suyu saxlamaqla bərabər, dəri fiziologiyasını da dəstəkləyərək gərgin və hamar dərinin təminatçısı olacaq. Kifayət qədər mineral su içildiyi təqdirdə dəri köhnə, yorğun və solğun görünməyəcəkdir.

Digər tərəfdən mineral su sadəcə içildiyi zaman deyil, eyni zamanda səpiləndə və ya püskürdüləndə də kiçik qan damarlarını və dəridə qan dövranını yaxşılaşdırmaqla dərini canlandırır və gücləndirir. Bunun üçün karbon qazlı mineral su ilə pambığı isladıb üzə və boyuna sürtmək dərinin çox qısa müddətdə təzə və canlı görünməsinə yardım edir.

Təbii mineral sudan yeməklərin hazırlanmasında da istifadə edilir. Bu sular yalnız susuzluğu yatırtmaq üçün deyil, eyni zamanda yeniliklər yaradan, mətbəxdə çoxfunksiyalı bir ünsür ola bilir. Məsələn, kökə xəmiri karbon qazlı mineral su ilə yoğrulmuşsa, tavada qızardığı zaman daha yumşaq olacaq. Yağ əvəzinə mineral sudan istifadə etdikdə xəfif və az kalorili ət qızartması hazırlana bilir.

Körpələrin qidalanmasında da mineral su idealdır. Ana südü bir yaşına qədər körpələrin əvəzedilməz qida və maye mənbəyidir. Ancaq əlavə qidalanmaya keçəndə uşaq yeməyi hazırlayarkən qaynadılmış şəhər şəbəkə suyu əvəzinə karbon qazı az olan mineral sudan istifadə edilsə, daha yaxşı olar. Bu su həm mikrobioloji baxımdan təmizdir, həm də tərkibində sağlamlığa zərərli kimyəvi maddələr yoxdur. Mineral suların fizioloji təsirləri də körpələrin sağlamlığına müsbət təsir göstərir.

Uşaq yeməyini hazırlayarkən istifadə edilən mineral sularda natrium, sulfat, flüor və nitratların miqdarı aşağıdakı cədvəldə göstərilənlərə uyğun olmalıdır.


Cədvəl 4.2. Uşaq qidası üçün istifadə olunan

suda bəzi mineralların miqdarı


Mineral

Miqdarı

Natrium

20 mq/l

Sulfat

240 mq/l

Flüor

1,5 mq/l

Nitrat

10 mq/l

İdman məşqlərindən əvvəl və sonra mineral sudan istifadə yararlıdır. İdman məşqlərinə qatılmazdan əvvəl və sonra çəki fərqi, əslində, yalnız su itkisi ilə bağlıdır. Bu itkini ödəməyin ən yaxşı yolu da təbii mineral su içməkdir.Edilən idmanın növünə görə itirilən su miqdarı aşağıdakı cədvəldə verilir.


Cədvəl 4.3. İdmanın növünə görə su

itkisinin miqdarı

İdman növü

Su itkisi, litrlə

110 m qaçış

0,1

90 dəqiqə tennis

2,0

90 dəqiqə futbol

3,0

Marafon yürüşü

4,6

Triatlon (üzmə,

velosiped, qaçış)


20

Ancaq mineral suyun bu yararlı təsirləri, tibbi qaynaqlarda göstərildiyi kimi, qablaşdırma və içilməsi zamanı fincanda da qorunub saxlanılır.
4.6. Mineral su haqqında səhv düşüncələr
«Çoxlu mineral su içmək olmaz» (səhv fikirdir). Yerin altında yarandığı müddətdə mineral suların tərkibində həll olmuş minerallar içdikdən sonra mədə və bağırsaqlarda asanlıqla sorularaq bədənimizə daxil olur və həyati fəaliyyətdə əhəmiyyətli rol oynayır. Uşaqların, gənclərin, hamilə və klimaks keçirən qadınların, yaşlıların daha çox ehtiyac duyduğu kalsium, maqnezium, natrium və flüor kimi mineralların orqanizmə qəbul edilməsində mineral sular «gizli» qaynaqdır. Gündə 2,5-3 litrə qədər su və maye qəbul edilməsi fizioloji bədən funksiyaları və sağlam yaşamaq üçün gərəklidir. Bu miqdarın ən azı 1 litrinin mineral su kimi təbii və yararlı bir maye ilə əvəz edilməsi tövsiyə edilməlidir.

«Mineral su ilə qazlı su eyni şeydir» (səhv fikirdir). Bu, yanlış düşüncədir. Restoranda, marketdə, kafedə mineral su istədiyiniz zaman qazlı su gətirirlər. Amma mineral su və qazlı su ayrı-ayrı şeylərdir. Təbii mineral su yerin altında yaranır və torpaqda olan bir çox element və maddələr onun tərkibində həll olunur. Uyğun qırıq xətləri (laylar) və ya geoloji quruluşları olan bölgələrdə yerin altındakı mineral su öz-özündən yerin üstünə çıxa bildiyi kimi toplandığı yerdən qazma yolu ilə də çıxa bilir. Çıxarıldığı yerdə təbii keyfiyyətlə mineral kompozisiyası və tərkibi dəyişdirilmədən qablaşdırılır. Qazlı su isə ABŞ-da çox geniş istifadə edilən süni içkidir. İşlənmiş suyun (şəbəkə suyunun) 1 litrinə ən azı 750 mq natrium bikarbonat və 2-4 q karbon qazı qatılıb qablaşdırılaraq satılır.

Mineral suyun tərkibində müxtəlif minerallar var. Amma qazlı suyun tərkibində sadəcə natrium bikarbonat var. Əgər belə demək mümkünsə, qazlı su «hormonlu», mineral su isə «təbii» pomidordur.



Qeyd etməliyik ki, mineral su qazlı deyil, üstəlik bir çox mineral su ürək və damarların sağlamlığı üçün son dərəcə yararlıdır və qan təzyiqinin aşağı düşməsinə səbəb olur.

«Uşaqlar mineral su içməməlidir» (səhv fikirdir). Mineral sular bütün yaşlarda olduğu kimi, uşaqların sağlamlığı üçün də yararlı məhsuldur. Xüsusilə tərkibində uyğun miqdarda kalsium və flüor olan mineral sular sümük və dişlərin inkişafına çox yardım edir. Uşaqlar «qazlı» içkilər yerinə mineral su içməli olduqlarına inandırılarsa, ömrü boyu sağlam sümüklərə və çürüksüz dişlərə sahib ola bilərlər.

«Mineral su dəriyə mənfi təsir göstərir» (səhv fikirdir). Mineral suların uyğun miqdarda daşıdıqları minerallar bir çox sistem və orqan funksiyalarında həyati əhəmiyyət kəsb edir. Sağlam, düzgün və gərgin bir dəriyə sahib olan insan da kifayət qədər su və mineral su içməlidir. Mineral suların «gənc» dəri üçün oynadığı rol xaricdən tətbiq edilərək gücləndirilə bilir. Bir çox gözəllik və kosmetik vasitələrin yaranmasında mineral sudan istifadə edilir. Heç bir əlavə maddə qatılmadan, təbii şəkildə qablaşdırılıb sprey olaraq istifadə edilən mineral su da həm təsirli kosmetik vasitə, həm də dəritəmizləyici və nəmləndiricidir.

«Mineral su böyrəkdə daş əmələ gətirir» (səhv fikirdir). Bu düşüncəyə zidd olaraq böyrək daşlarının yaranmasının əsas səbəbi su və mineral suların az qəbul edilməsidir. Başqa sözlə, ömür boyu nizamlı və kifayət qədər su və mineral su içməyən insanlarda böyrək daşının yaranma riski daha yüksəkdir. Bundan başqa, böyrəyində və sidik yolunda daş olan insanların gündə 2 litrə qədər mineral su içmələri tövsiyə edilir, çünki tərkibində xüsusilə bikarbonatı yüksək olan mineral sular tez-tez rast gəlinən sidik kisəsində daşların yaranmasının qarşısını alır. Böyrək daşlarının əməliyyatsız parçalanmasından sonrakı dövrdə də mineral sudan istifadə edilməlidir.

«Mineral su öz mənbəyindən içilməlidir» (səhv fikir- dir). Mineral su dolu şüşə qapağı açılmadığı təqdirdə qaynağındakı orijinal təbii mineral tərkibini və təmizliyini qoruyur. Qablaşdırılmış mineral sularda doldurulandan müəyyən müddət sonra qablaşdırma zamanı «vurulan» karbon qazının qapaqdan və xüsusilə, plastik qablardan «uçması» riski vardır. Son istifadə tarixi keçəndə karbon qazının səviyyəsi və içməyi asanlaşdırıcı təsiri azaldığından mineral suyun dadının dəyişməsi müşahidə olunur. Əslində, qablaşdırılan mineral suyun həm mineral tərkibinin, həm də gigiyenik keyfiyyətinin qorunması zamanı tərkibindəki karbon qazının təsirli olduğu təsdiqlənməlidir.

«Mineral suyun tərkibində turşuluq dərəcəsi yüksəkdir» (səhv fikirdir). Tam əksinə, mineral sularda mədə turşusunu soran bikarbonat mövcuddur. Mədə qıcqırması və yanmalarında xalq arasında çox yaxşı bilinən mineral suyun yararlı təsiri də məhz bununla bağlıdır. «Turşulu» adlanan içkilərin ortaq xüsusiyyəti isə tərkibində karbon qazının olmasıdır. Bu növ «qazlı» içkilərin tərkibində karbon hidroksidin olması içməni asanlaşdırır və tərkibindəki sabitləşdirici təsirinə görə karbon qazı qablaşdırma zamanı suya əlavə edilir. Mineral sulara da eyni səbəblərlə karbon qazı «vurulur». Karbon qazını dilimizə vurduğumuz zaman müvəqqəti olaraq dadbilmə reseptorlarının keyfiyyətinə görə mineral dadı duymağımızın qarşısını alaraq içməyi asanlaşdırır. Qazı «qaçmış» içkilərin dadsızlaşması tərkibində azalmış karbon qazının olmasından irəli gəlir. Mineral sular da daxil olmaqla bütün «qazlı» məhsulların soyuq içilməsinin də səbəbi içərisində həll olunmuş karbon qazının soyuqda daha yaxşı qoruna bilməsidir.
4.7. Azərbaycanda mineral suların mənbələri
Azərbaycan Respublikasının bəzi ərazilərində torpağın dərin qatlarından su isti halda çıxır. Bu su müalicə məqsədilə istifadə olunur. İsti suyun çıxdığı ərazilərdə isə sanatoriyalar fəaliyyət göstərir və bu sanatoriyalar dövlət tərəfindən nəzarətdə saxlanılır.

Torpağın dərin qatlarından çıxan isti suyun hərarəti 58,8oC-dən yuxarıdır. Cəmi mineralların sayı 6,7 q-a çatan 1 litr suyun tərkibi göstərir ki, o, litium, brom, yod, gümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. Bu bulaqlardan biri 8 m-dək hündürlükdə fəvvarə vurur. İstisu mənbələrindən hər il 3 mlrd 963 mln litr su çıxır. Su dolduran sexlər isə bunun cəmi 22 mln litrindən istifadə edir. Qalan 3 mlrd 941 mln 316 min litr su çaylara axıb gedir. İstisu mineral bulaq suyu hipertermal, karbon qazlı, hidrokarbonatlı, xloridli, sulfatlı, natriumludur. İstisu mineral bulaqları fəaliyyətdə olan 12 bulaqdan ibarətdir. İstisu kurortunda mədə-bağırsaq xəstəliyinə, maddələr mübadiləsi pozğunluqlarına, sinir sistemi, hərəkət orqanları və ginekoloji, uroloji xəstəliklərə tutulanlar müalicə oluna bilirlər.

İstisu mineral bulaqlarının suyundan alınan duzlar xroniki qəbizlik, qaraciyər, öd kisəsi, qastrit və s. xəstəliklərin müalicəsində işlədilir.

İstisu mineralı amfibol qrupuna aid olan mineraldır. Sütunvari kristallar və lifli (uzunluğu 2-3 sm) aqreqatlar əmələ gətirir. Külü boz rənglidir. Sərtliyi 5-5,5-dir.

İstisuda müalicə-istirahət zonasının yaranması sovet hakimiyyəti qurulduqdan sonra, daha dəqiq desək, 1925-ci ildən Azərbaycan hökumətinin diqqət mərkəzində olmuşdur. Hələ 1926-cı ildə Respublika Ali Soveti İstisudakı su mənbələrində istirahət-müalicə tikintiləri aparılması barədə qərar qəbul etmişdir.

İnsanların məişətində yeraltı suların mühüm rolu vardır. Yeraltı suların növləri içərisində mineral sular xüsusi əhəmiyyətə malikdir.

Yer kürəsində olan yeraltı suların çox hissəsi mineral suların payına düşür. Mineral su mənbələrinin əksəriyyəti Şimali Qafqazda, Zaqafqaziyada, Ukrayna, Krım və az miqdarda Orta Asiyadadır.

Azərbaycan mineral sularla zəngindir. Əsas su mənbələri Hacıkənddə, İstisu, Turşsu, Şuşa, Naftalan, Badamlı, Sirab, Vayxır və digər sahələrdə yerləşmişdir.

Azərbaycan Respublikasında mineral su bulaqları tükənməzdir. Respublika ərazisində 1000-dən çox mineral su bulağı vardır. Bir qayda olaraq bu bulaqların çoxu respublikamızın dağlıq rayonlarında yayılmışdır. Düzən rayonlarda təbii su bulaqlarına az rast gəlmək olar. Buna baxmayaraq, buruq qazma yolu ilə mineral sular çıxarılır.

Azərbaycan fiziki-coğrafi cəhətdən çox kəskin dəyişən relyef quruluşuna malikdir. Respublikanın ərazisi 85,5 min km2 ümumi düzənliklərdən ibarətdir. Təbii mineral su bulaqlarının 90%-dən çoxu, yəni 905-i dağlıq rayonda, qalanları isə, yəni 98 mineral su bulağı düzənlik rayonda yerləşmişdir. Ona görə də Azərbaycanın mineral sularının coğrafi yayılma rayonları aşağıdakı qaydadadır.



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə