Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
(
25 iyun 1999-cu il tarixli, 695-IQ
nömrəli Azərbaycan Respublikası Qanunu ilə təsdiq
edilmişdir)
I fəsil. Ümumi müddəalar
Maddə 1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi
1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi bu Məcəllədən, «
Torpaq islahatı
haqqında
» Azərbaycan Respublikasının Qanunundan və digər normativ-hüquqi aktlardan
ibarətdir.
2. Yerin təkindən, su obyektlərindən, meşədən, bitki və heyvanlar aləmindən, mədəni və
təbii landşaftlardan, atmosfer havasından istifadə və onların mühafizəsi üzrə münasibətlər
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
Maddə 2. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin məqsədi
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq
üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq
münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin
torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının
müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait
yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və
dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına
və yaxşılaşdırılmasına yönəlmişdir.
Maddə 3. Torpaq münasibətləri
1. Torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər
arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək
sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi
sahəsində ictimai münasibətlərdir.
2. Torpaq münasibətlərinin iştirakçıları Azərbaycan Respublikası, dövlət orqanları,
bələdiyyələr, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, habelə
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və
təşkilatlar, xarici dövlətlərdir.
3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər
və təşkilatlar, habelə xarici dövlətlər torpaq münasibətlərinin iştirakçıları kimi bu
Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilərlər.
4. Torpaq münasibətlərinin obyekti torpaq sahəsi və onun üzərində hüquqlardan ibarətdir.
Maddə 4. Torpaq sahəsi
1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət
qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi,
təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.
2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya)
keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü
müəyyən edilir.
3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində
hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən
istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir.
4. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, torpaq sahələri və onların
üzərində hüquqlar, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlak (torpaq qatı, sututarlar,
meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) dövriyyədə
ayrılmaz şəkildə iştirak edirlər.
5. Torpaq sahəsi bölünən və bölünməz ola bilər.
Bölünən o torpaq sahələri hesab edilir ki, öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-
ayrı hissələrə bölünə bilər və bölgüdən sonra bu hissələrin hər biri müstəqil torpaq
sahələrinə çevrilməklə dövlət qeydiyyatından keçirilə bilər.
Bölünməz o torpaq sahələri hesab edilir ki, onlar öz məqsədli və təsərrüfat təyinatına
görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməzlər.
Torpaqların həddindən artıq bölünməsinin qarşısını almaq məqsədilə dövlət qeydiyyatına
alına bilən torpaq sahəsinin minimum həddinin müəyyən edilməsi qaydaları
müvafiq icra
hakimiyyəti orqanı
tərəfindən müəyyənləşdirilir.
Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi
mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət
tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri
üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində
— bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan
Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə
birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində
sərəncam vermək hüquqlarından ibarətdir.
Maddə 6. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin
səlahiyyətləri
Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır:
Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin təkmilləşdirilməsinə dair
təkliflərin hazırlanması
;
torpaq qanunvericiliyinin icrasını təmin edən normativ-hüquqi aktların qəbulu və
onlara dəyişikliklərin
edilməsi
;
dövlət torpaq kadastrının, torpaqların monitorinqinin və yerquruluşunun
aparılması qaydalarının müəyyən edilməsi
;