məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına
şamil edilir.
3. Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən
edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə
mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük
verilir.
4. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən
edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində
torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması,
istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq
mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir.
5. Torpağın kateqoriyaları torpağın verilməsi barədə
müvafiq icra hakimiyyəti orqanının
və ya bələdiyyənin qərarında, torpaq üzərində hüquqları təsdiq edən dövlət aktlarında,
şəhadətnamələrdə, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və
bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. (
12
)
Maddə 11. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi
1. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi — torpaq sahəsindən onun məqsədli
təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla
istifadədir.
2. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaqların zonalaşdırılması, şəhərsalma və
yerquruluşu sənədləri əsasında həmin torpaq sahəsi üzərində olan hüquqların
formasından asılı olmayaraq müəyyən edilir.
3. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin əhatə etdiyi tələblər müvafiq normativ-
hüquqi aktlarla tənzimlənir.
4. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilmir.
III fəsil. Kənd təsərrüfatı təyinatlı torpaqlar
Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi
1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün
nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.
2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları),
meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların,
sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında
olan torpaqlar daxildir.
3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan
torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.
4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd
təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə
və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada,
müvafiq icra hakimiyyəti
orqanının
və ya bələdiyyənin qərarı ilə yol verilir.
5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-
kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra
hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar. (
19
)
Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi
1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı,
habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri
üçün istifadə edilir.
2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün
vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti
tikililər və qurğular quraşdırmaq olar.
3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu
Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Maddə 14. Kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün torpaq
sahələri
1. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı
məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini aşağıdakı
qaydalarla əldə edirlər:
«
Torpaq islahatı haqqında
» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq,
sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından ayrılan payların xüsusi
mülkiyyətə verilməsi;
bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin
mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın
alınması;
dövlət və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadəyə və icarəyə, bələdiyyə
mülkiyyətində olan torpaqlardan isə icarəyə torpaq sahəsi götürülməsi..
2. Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər kənd təsərrüfatı
məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini yalnız icarə
hüququ əsasında əldə edə bilərlər. (
20
)
Maddə 15. Kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-
təcrübə və sınaq məqsədləri üçün torpaq sahələri
1. Kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq fəaliyyəti ilə
məşğul olan dövlət müəssisələrinə, idarələrinə və təşkilatlarına torpaq sahələri, bir qayda
olaraq, kənd təsərrüfatı təyinatlı dövlət torpaqlarından istifadəyə verilir.
Bələdiyyə mülkiyyətində olan bu kimi müəssisələrə torpaq sahələri, bələdiyyələrin kənd
təsərrüfatı təyinatlı torpaqlarından qanunvericiliklə müəyyən edilmiş qaydada istifadəyə
və icarəyə verilir.