Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi


Maddə 120. Cinayət işi üzrə icraatda iştirak edən şəxslərə hüquq və vəzifələrinin, onların həyata keçirilməsi imkanlarının izah edilməsi



Yüklə 1,91 Mb.
səhifə11/37
tarix02.06.2018
ölçüsü1,91 Mb.
#47235
1   ...   7   8   9   10   11   12   13   14   ...   37

Maddə 120. Cinayət işi üzrə icraatda iştirak edən şəxslərə hüquq və vəzifələrinin, onların həyata keçirilməsi imkanlarının izah edilməsi

120.1. Cinayət prosesində iştirak edən hər bir şəxsin öz hüquq və vəzifələrini, seçdiyi mövqeyinin hüquqi nəticələrini bilməyə, habelə onun iştirakı ilə keçirilən prosessual hərəkətlərin mahiyyəti ilə tanış olmaq üçün ona təqdim edilmiş sənədlərin məzmunu barədə izahlar almağa hüququ vardır.

120.2. Cinayət prosesini həyata keçirən orqan aşağıdakıları etməlidir:

120.2.1. cinayət prosesində iştirak edən hər bir şəxsə hüquq və vəzifələrini izah etmək, onların həyata keçirilməsinə imkan yaratmaq (bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxsə onun hüquq və vəzifələri sadalanan yaddaş vərəqinin verilməsi cinayət prosesini həyata keçirən orqanı həmin şəxsin xahişi ilə müvafiq izahlar verməkdən azad etmir);

120.2.2. etiraz edilə bilən şəxslərin soyadları və bu şəxslər barədə digər zəruri məlumatları cinayət prosesinin iştirakçılarına bildirmək.

120.3. Cinayət prosesinin iştirakçısı statusunu əldə etmiş şəxsin hüquq və vəzifələri onun iştirakı ilə keçirilən istintaq və ya digər prosessual hərəkətlərin icraatına başlanmamışdan və onun cinayət prosesinin iştirakçısı qismində hər hansı bir mövqeyini bildirməmişdən əvvəl izah edilir.

120.4. Məhkəmə iclasına gəlmiş cinayət prosesi iştirakçısına cinayət işi üzrə məhkəməyədək icraatda hüquq və vəzifələrinin izah edilib-edilməməsindən asılı olmayaraq məhkəmə onun hüquq və vəzifələrini izah etməlidir.

120.5. Cinayət prosesini həyata keçirən orqan, istintaq və ya digər prosessual hərəkətləri həyata keçirən şəxs hal şahidinə, tərcüməçiyə, mütəxəssisə, ekspertə onların iştirakı ilə keçirilən hər bir istintaq və ya digər prosessual hərəkətə başlanmamışdan əvvəl onların hüquq və vəzifələrini izah etməlidir. Ekspertin hüquq və vəzifələri cinayət prosesini həyata keçirən orqanın xahişi ilə onu təyin etmiş ekspert idarəsinin rəhbəri tərəfindən də izah edilə bilər. Şahidin hüquq və vəzifələri cinayət prosesini həyata keçirən orqan tərəfindən bir dəfə birinci dindirmədən əvvəl və təkrarən məhkəmə iclasında izah edilir.

120.6. Cinayət prosesi iştirakçılarına, habelə cinayət prosesində iştirak edən digər şəxslərə hüquq və vəzifələri şəxsin inkişaf səviyyəsi, həyat təcrübəsi, təhsili və digər hallar nəzərə alınmaqla izah edilməlidir. Bu şəxslərin hər birinin xahişi ilə cinayət prosesini həyata keçirən orqan onun hüquq və vəzifələrini təkrarən izah etməlidir.

120.7. Hüquq və vəzifələr prokurora, müdafiəçiyə, ali hüquq təhsili olan ittiham və ya müdafiə tərəfi təmsil edən digər şəxsə, habelə müvafiq iş təcrübəsi olan məhkəmə iclasının katibinə izah edilməyə də bilər.



Maddə 121. Vəsatətlərə və xahişlərə baxılmasının məcburiliyi

121.1. Cinayət prosesini həyata keçirən orqan aşağıdakıları yerinə yetirməlidir:

121.1.1. İstintaq və ya digər prosessual hərəkət aparılan zaman cinayət prosesi tərəflərinin verdikləri vəsatətləri, habelə cinayət prosesində iştirak edən digər şəxslərin xahişlərini bu hərəkətlərin (məhkəmə iclasının) protokoluna daxil etmək;

121.1.2. cinayət təqibi üzrə icraatın materiallarına cinayət prosesi tərəflərinin, habelə cinayət prosesində iştirak edən digər şəxslərin yazılı vəsatətlərini və xahişlərini əlavə etmək;

121.1.3. bu Məcəllədə digər qayda nəzərdə tutulmayıbsa, vəsatətlərə və xahişlərə onların verilməsindən bilavasitə sonra baxmaq və nəticələri üzrə müvafiq qərar çıxarmaq (vəsatətin həll olunması cinayət prosesini həyata keçirən orqan tərəfindən vəsatət üzrə qərarın qəbul edilməsi üçün əhəmiyyətli hallar müəyyən edilənədək təxirə salına bilər; bu Məcəllədə nəzərdə tutulmuş hallarda vəsatətin vaxtında verilməməsi onun baxılmamış saxlanılmasına səbəb olur);

121.1.4. vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərarın surətini dərhal ərizəçiyə göndərmək.

121.2. Vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz.

121.3. Vəsatətin və ya xahişin rədd edilməsi onların cinayət prosesinin sonrakı mərhələlərində və ya cinayət prosesini həyata keçirən digər orqana vəsatət və ya xahişlə təkrar müraciətinə mane olmur. Vəsatətin və xahişin digər hallarda təkrar verilməsi yeni dəlil gətirildikdə və ya cinayət prosesinin gedişində onların təmin edilməsinin zəruriliyi təsdiq olunduqda mümkündür.



Maddə 122. Prosessual hərəkətlərdən və qərarlardan şikayət etmək hüququ

122.1. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər.

122.2. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət aşağıdakılara verilir:

122.2.1. təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından — ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora;

122.2.2. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından — yuxarı prokurora;

122.2.3. bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından — məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə;

122.2.4. bu Məcəllədə nəzərdə tutulmuş hallarda məhkəmənin hərəkətlərindən və ya qərarlarından — yuxarı məhkəməyə.

122.3. Cinayət prosesini həyata keçirən orqanın hərəkətlərindən və qərarlarından şikayət yazılı, bu Məcəllə ilə ərizənin yazılı forması xüsusi nəzərdə tutulmadıqda isə şifahi ola bilər (cinayət prosesini həyata keçirən orqan şifahi şikayəti bu zaman aparılan prosessual hərəkət protokolunda və ya ayrı protokolda qeyd edir).

122.4. Şikayət bilavasitə, yaxud hərəkətindən və ya qərarından şikayət edilən cinayət prosesini həyata keçirən orqan vasitəsilə verilir. Öz hərəkətlərindən və ya qərarlarından, yaxud başqa şəxslərin hərəkətlərindən və ya qərarlarından şikayəti qəbul etmiş təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə, bu Məcəllədə digər müddətlər nəzərdə tutulmayıbsa, onu aldığı andan təxirə salınmadan 24 saat müddətində aidiyyəti üzrə baxılması üçün göndərməlidir.

122.5. Cinayət prosesi iştirakçısının şikayətinə təxirə salınmadan və hər bir halda cinayət prosesini həyata keçirən orqanın onu aldığı gündən 3 (üç) gündən gec olmayaraq baxılmalıdır. Cinayət prosesində iştirak edən digər şəxslərin şikayətlərinə cinayət prosesini həyata keçirən orqanlar tərəfindən şikayətin alındığı gündən 15 (on beş) gündən gec olmayaraq baxılır. Bu Məcəllədə şikayətlərə baxılmasının digər müddətləri də nəzərdə tutula bilər.

122.6. Şikayət cinayət prosesi iştirakçısı və ya cinayət prosesində iştirak edən digər şəxs və ya onun nümayəndəsi tərəfindən imzalanmadıqda, yaxud şikayət edilən hərəkət və ya qərar göstərilmədikdə, baxılmadan saxlanıla və ya geri qaytarıla bilər.

122.7. Cinayət prosesini həyata keçirən orqanın, yaxud istintaq və ya digər prosessual hərəkəti həyata keçirən şəxsin hərəkət və qərarından verilmiş şikayətləri aşağıdakı şəxslərin geri götürməyə hüququ vardır:

122.7.1. şikayəti verən şəxsin özü (şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeləri naminə verilmiş şikayət yalnız onların razılığı ilə geri götürülə bilər);

122.7.2. müdafiəçisinin şikayətini — şübhəli və ya təqsirləndirilən şəxs;

122.7.3. nümayəndəsinin şikayətini (qanuni nümayəndənin şikayətindən başqa) — mülki iddiaçı, zərər çəkmiş şəxs (xüsusi ittihamçı), mülki cavabdeh.

122.8. Bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa, şikayətin geri götürülməsi müəyyən edilmiş müddətlər keçməmiş onun təkrar verilməsinə mane olmur.

122.9. Şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyi naminə onun özü və ya başqa şəxs tərəfindən verilmiş şikayətdən cinayət prosesini həyata keçirən orqan bu şəxsin əleyhinə istifadə etməyə haqlı deyil.

122.10. Cinayət prosesini həyata keçirən orqan şikayətin dəlilləri üzrə əsaslandırılmış qərar qəbul edir və bu barədə şikayətçiyə yazılı məlumat verir.

122.11. Cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxslərin bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulmuş hüquqi müdafiə vasitələri tükəndikdə, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə əsasən onlar insan hüquq və azadlıqlarının müdafiəsi üzrə beynəlxalq məhkəmələrə müraciət etməyə haqlıdırlar.

Maddə 123. Cinayət prosesində iştirak edən zərər çəkmiş şəxslərin, şahidlərin, təqsirləndirilən və digər şəxslərin dövlət müdafiəsi üçün tədbirlər görülməsinin məcburiliyi

123.1. Cinayət prosesini həyata keçirən orqan zərər çəkmiş şəxsin, şahidin, təqsirləndirilən şəxsin və ya cinayət prosesində iştirak edən digər şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş qəsdlərdən müdafiəyə ehtiyacı olduğu və ya ehtiyacı ola biləcəyi halları aşkar etdikdə, bu şəxslərin xahişi və ya öz təşəbbüsü ilə onların dövlət müdafiəsi üçün müvafiq qərar qəbul etməklə təhlükəsizlik tədbirləri görməlidir.

123.2. Cinayət prosesində iştirak edən şəxslərin müdafiəsi üçün təhlükəsizlik tədbirləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.

123.3. Cinayət prosesində iştirak edən şəxslərin onların müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətlərinə və xahişlərinə cinayət prosesini həyata keçirən orqan təxirə salınmadan, lakin bu vəsatətləri aldıqdan sonra 72 saatdan gec olmayaraq baxmalıdır. Vəsatətə və ya xahişə baxılması nəticəsi ərizəçiyə dərhal bildirilməli və ona cinayət prosesini həyata keçirən orqan tərəfindən müvafiq qərarın surəti göndərilməlidir.

123.4. Ərizəçi onun müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsinə dair qərarın surətini aldıqdan sonra 5 (beş) gün müddətində məhkəməyə şikayət etməyə, yaxud vəsatətin və ya xahişin verildiyi andan 7 (yeddi) gün müddətində cinayət prosesini həyata keçirən orqanın müvafiq qərarının surətini almadıqda təhlükəsizlik tədbirlərinin görülməsi üçün məhkəməyə müraciət etməyə haqlıdır.

123.5. Müdafiə üçün təhlükəsizlik tədbirlərinin görülməsindən imtina edildikdən sonra cinayət prosesində iştirak edən şəxs yenidən hədəyə və ya hücuma məruz qaldıqda, yaxud vəsatətdə və ya xahişdə əvvəllər öz əksini tapmayan digər hallar yarandıqda, bu, onun göstərilən tədbirlərin görülməsi barədə təkrarən vəsatətlə və ya xahişlə müraciət etməsinə mane olmur.



Üçüncü bölmə. Sübutlar və sübutetmə

XIV fəsil. Sübutlar

Maddə 124. Sübutların anlayışı və növləri

124.1. Məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar:

124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı;

124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərməlidir.

124.2. Cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur:

124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri;

124.2.2. ekspertin rəyi;

124.2.3. maddi sübutlar;

124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları;

124.2.5. digər sənədlər.



Maddə 125. Sübutların mümkünlüyü

125.1. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər.

125.2. Aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir:

125.2.1. İnsan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda;

125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə;

125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə;

125.2.4. cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə;

125.2.5. cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə;

125.2.6. cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə;

125.2.7. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda;

125.2.8. sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda;

125.2.9. məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda;

125.2.10. müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda.

125.3. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz.

125.4. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş materiallar müvafiq pozuntu faktlarının və onlara yol vermiş şəxslərin təqsirliyinin sübut edilməsində istifadə oluna bilər.

125.5. Cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Bu halda həmin sübut digər proses iştirakçılarına deyil, yalnız müvafiq şübhəli və ya təqsirləndirilən şəxsə sübut kimi aid olur. Bu materialların sübut kimi qəbul edilməsi onun düzgünlüyünün mübahisə olunmasına mane olmur.

125.6. Müvafiq cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hər hansı hal üzrə verilmiş şikayət və çıxarılmış prosessual qərar yalnız şikayətin verilməsi və ya prosessual qərarın çıxarılması faktını təsdiq edir və sübut kimi qəbul oluna bilməz.

125.7. Cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyri-mümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir.

125.8. Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

125.9. Cinayət işinə andlı iclasçıların kollegiyasında baxılarkən məhkəmə iclasında sədrlik edən məhkəmə baxışında sübut kimi qəbul edilə bilməyən materialları çıxarır və onların hüquqi əsassızlığını andlı iclasçılara izah edir, bununla əlaqədar andlı iclasçılarda cinayət prosesi tərəflərinin yanlış fikir yaratmasının qarşısını alır.



Maddə 126. Şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri

126.1. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur.

126.2. Yalnız o ifadələr sübut hesab oluna bilər ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun.

126.3. Şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər.

126.4. Aşağıdakı şəxslərin ifadələrinə sübuti əhəmiyyət verilə bilməz:

126.4.1. cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müvafiq anda dərk və ya təsvir edilməsi qabiliyyətinə malik olmadığı qəbul edildikdə;

126.4.2. cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların dərk və ya təsvir edilməsi qabiliyyətinin ekspertiza vasitəsi ilə yoxlanılmasından imtina edildikdə.

126.5. Şahid qismində dindirilməli olmayan şəxslərin məlumatlarından sübut kimi istifadə oluna bilməz.

126.6. Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.

Maddə127. Ekspertin rəyi

127.1. Ekspertin rəyi onun tərəfindən yazılı şəkildə ifadə edilmiş elm, texnika, incəsənət və ya peşə sahəsində xüsusi biliklərə əsaslanmış:

127.1.1. cinayət prosesini həyata keçirən orqanın və ya cinayət prosesi tərəflərinin ekspert qarşısında qoyduğu suallara, habelə iş materiallarının tədqiqi zamanı ortaya çıxan onun səlahiyyətlərinə aid digər halların araşdırılmasına dair nəticələridir;

127.1.2. bu nəticələri əsaslandıran ekspertin apardığı tədqiqatın təsviridir.

127.2. Ekspert tərəfindən aparılan tədqiqatın üsulları, qoyulmuş sualların cavablarının əsaslandırılması, habelə ekspertin öz təşəbbüsü ilə müəyyən etdiyi cinayət təqibi üzrə əhəmiyyət kəsb edən digər hallar ekspertin rəyində öz əksini tapmalıdır.

127.3. Ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır.



Maddə 128. Maddi sübutlar

128.1. Öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər.

128.2. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir.

128.3. Əşyanın maddi sübuti əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki:

128.3.1. əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun;

128.3.2. şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxs və ya şahid onu bilavasitə məhkəmədə tədqiqdən əvvəl tanısın.



Maddə 129. Maddi sübutların və digər əşyaların saxlanılması

129.1. Maddi sübutlar mümkün qədər qablaşdırılır, möhürlənmiş halda cinayət işində saxlanılır, həcmi böyük olduqda isə təşkilatlara, müəssisələrə və müvafiq şəxslərə onların razılığı ilə məsul saxlanışa verilə bilər.

129.2. Cinayət təqibi üzrə icraat zamanı aşağıdakı əşyalara baxış keçirilməsindən dərhal sonra, lakin götürmə hərəkəti edildiyi andan 7 (yeddi) gündən gec olmayaraq cinayət prosesini həyata keçirən orqan dövlət bankına təhvil verməlidir:

129.2.1. qiymətli metallar və daşlar, mirvari, onlardan hazırlanan zərgərlik əşyaları;

129.2.2. milli və ya xarici valyuta ilə nağd pullar, çeklər, qiymətli kağızlar, istiqraz vərəqələri və lotereya biletləri.

129.3. İstintaq hərəkətləri zamanı götürülmüş milli və ya xarici valyuta ilə nağd pul, həmçinin digər qiymətli kağızlar cinayət təqibi üzrə icraatın materiallarında o halda saxlanılır ki, onların fərdi əlamətləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edir.

129.4. Maddi sübutların və iş üzrə götürülmüş digər əşyaların təyinatı məsələsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərarı ilə həll edilənədək bu əşyalar cinayət prosesini həyata keçirən orqanda saxlanılır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda maddi sübutlar haqqında qərar cinayət təqibi üzrə icraat qurtaranadək də qəbul edilə bilər.

129.5. Maddi sübut kimi cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilmiş əşya üzərində hüquqa dair mübahisə mülki mühakimə icraatı qaydasında baxılmalı olduqda, bu əşya mülki iş üzrə qərar qüvvəyə minənədək saxlanılır.



Maddə 130. Cinayət təqibi üzrə icraatın aparıldığı müddətdə əşyaların mühafizəsinin təmin edilməsi

130.1. Maddi sübutların və digər əşyaların saxlanılması zamanı, habelə onların ekspertizadan keçirilməsi, cinayət işinin digər ibtidai araşdırma orqanına, prokurora və ya məhkəməyə göndərilməsi ilə əlaqədar bu əşyaların itirilməsi, zədələnməsi, xarab olması, bir-birinə toxunması və ya qarışmasının qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir.

130.2. Cinayət təqibi üzrə icraatın materialları göndərilərkən onları müşayiət məktubunda, ayrıca siyahıda və ya ittiham aktına əlavə olunmuş arayışda həmin materiallarla göndərilən bütün maddi sübutlar və digər əşyalar qeyd olunmalıdır. Cinayət təqibi üzrə icraatın materialları ilə göndərilməyən əşyaların saxlanıldığı yerlər yuxarıda sadalanan sənədlərdə göstərilməlidir.

130.3. Poçt vasitəsi ilə və ya əllə göndərilən maddi sübutlara və digər əşyalara ekspert, təhqiqatçı, müstəntiq, prokuror və ya hakim baxır və bu əşyaları müşayiət məktubuna, siyahıya, ittiham aktına əlavə edilmiş arayışa, habelə onların əlamətlərini və götürülməsini əks etdirən protokollara və cinayət təqibi üzrə digər materiallara əsasən tutuşdurur. Əşyalara baxışın gedişi və nəticələri barədə protokol tərtib olunur.



Maddə 131. Cinayət təqibi üzrə icraat başa çatanadək maddi sübutlar barədə qəbul edilən qərarlar

131.1. Cinayət təqibi üzrə icraat başa çatanadək cinayət prosesini həyata keçirən orqan aşağıdakı maddi sübutları mülkiyyətçiyə və ya qanuni sahibinə qaytarır:

131.1.1. tez xarab olan əşyaları;

131.1.2. məişətdə gündəlik tələbat əşyalarını;

131.1.3. gündəlik qulluğa ehtiyacı olan ev heyvanlarını, quşları və digər heyvanları;

131.1.4. verilmiş mülki iddianın və ya əmlak tələbinin təmin edilməsi üçün üzərinə həbs qoyulmamış avtomobil və digər nəqliyyat vasitələrini.

131.2. Bu Məcəllənin 131.1-ci maddəsində nəzərdə tutulmuş əşyaların mülkiyyətçisi və ya qanuni sahibi məlum olmadıqda və ya hər hansı səbəbdən onların qaytarılması mümkün deyilsə, bu əşyalar istifadə, saxlanma və ya qulluq edilməsi üçün müvafiq təşkilatlara verilməlidir.

Maddə 132. Cinayət təqibi üzrə icraat başa çatdıqda maddi sübutlar barədə qəbul edilən qərarlar

132.0. Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm, cinayət prosesini həyata keçirən orqan isə cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərar çıxararkən aşağıdakı qaydalara riayət edilməlidir:

132.0.1. məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir;

132.0.2. dəyəri olmayan digər əşyalar məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər;

132.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır;

132.0.4. cinayət yolu ilə əldə edilmiş və ya cinayətin predmeti olan pul və qiymətli əşyalar məhkəmənin hökmü ilə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilir, zərər çəkmiş şəxs məlum olmadıqda isə dövlətin nəfinə keçirilir.

132.0.5. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir.


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə