Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi


Maddə 104. Şahidin qanuni nümayəndəsi



Yüklə 1,91 Mb.
səhifə10/37
tarix02.06.2018
ölçüsü1,91 Mb.
#47235
1   ...   6   7   8   9   10   11   12   13   ...   37

Maddə 104. Şahidin qanuni nümayəndəsi

104.1. 14 yaşına çatmamış, habelə daha artıq yaşı olan, lakin yetkinlik yaşına çatmayan və ya fəaliyyət qabiliyyəti olmayan şahidin qanuni nümayəndəsi olmadıqda cinayət prosesini həyata keçirən orqan tərəfindən qəyyumluq və himayəçilik orqanı həmin şəxsin qanuni nümayəndəsi qismində təyin edilir.

104.2. İstintaq və ya digər prosessual hərəkətlərdə iştirak edərkən şahidin qanuni nümayəndəsi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:

104.2.1. təmsil etdiyi şəxsin cinayət prosesini həyata keçirən orqana çağırılmasını bilmək, istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək;

104.2.2. cinayət prosesini həyata keçirən orqanın icazəsi ilə təmsil etdiyi şəxsə məsləhətlər vermək, irad tutmaq və suallarla müraciət etmək;

104.2.3. vəsatət vermək;

104.2.4. cinayət prosesini həyata keçirən orqanların hərəkətlərinə qarşı etiraz etmək və bu etirazın istintaq və ya digər prosessual hərəkət protokoluna qeyd edilməsini tələb etmək;

104.2.5. təmsil etdiyi şəxslə birgə iştirak etdiyi cinayət işi üzrə məhkəməyədək icraatda İstintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq, protokolda yazılanların düzgünlüyünə və tamlığına dair qeydlər vermək, istintaq və ya digər prosessual hərəkətlərdə və ya məhkəmə iclasında iştirak edərkən qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək, məhkəmə iclasının protokolu ilə tanış olmaq və ona qeydlər vermək;

104.2.6. təmsil etdiyi şəxs üçün nümayəndə qismində vəkil dəvət etmək;

104.2.7. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

104.3. Şahidin qanuni nümayəndəsi bu Məcəllənin 101.9-cu maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir.

Maddə 105. Şahidin nümayəndəsi

105.1. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı zamanı şahidi cinayət prosesini həyata keçirən orqana müşayiət etmək üçün onun tərəfindən nümayəndə qismində dəvət edilmiş və bu hərəkətlərin aparılmasının başlanğıcında gəlmiş nümayəndə (vəkil və ya digər şəxs) səlahiyyətini təsdiq edən müvafiq sənədləri təqdim etdikdən sonra aşağıdakı hüquqlara malikdir:

105.1.1. təmsil etdiyi şəxsin hansı cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə çağırıldığını bilmək;

105.1.2. təmsil etdiyi şəxsin iştirakı ilə keçirilən istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək;

105.1.3. təmsil etdiyi şəxsin razılığı ilə onun dindirilməsində iştirak edən tərcüməçiyə etiraz etmək;

105.1.4. xahişlər etmək;

105.1.5. təmsil etdiyi şəxsə hüquqi məsələlər üzrə izahat vermək.

105.2. Şahidin nümayəndəsi bu Məcəllənin 102.9-cu maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir.



Maddə 106. Zərər çəkmiş şəxsin hüquqi varisi

106.1. Hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri zərər çəkmiş şəxsin hüquqi varisi hesab olunur.

106.2. Zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə mənəvi, fiziki və ya maddi ziyan vurmuş yaxın qohumu həmin zərər çəkmiş şəxsin hüquqi varisi hesab edilə bilməz.

106.3. Zərər çəkmiş şəxsin yaxın qohumunun onun hüquqi varisi qismində tanınması haqqında qərarı həmin qohumun xahişi olduqda, cinayət prosesini həyata keçirən orqan qəbul edir. Bu zaman müvafiq xahişlə müraciət etmiş bir neçə yaxın qohum arasından zərər çəkmiş şəxsin hüquqi varisinin seçilməsində mübahisə olduqda həmin məsələni məhkəmə həll edir. Göstərilən xahişlə müraciət edilən anda şəxsin hüquqi varis qismində tanınması üçün kifayət qədər əsaslar olmadıqda, müvafiq qərar belə əsaslar müəyyən edildikdən dərhal sonra qəbul edilir.

106.4. Şəxs zərər çəkmiş şəxsin hüquqi varisi kimi tanındıqdan sonra onun həmin qisimdə qalması üçün əsasların olmadığı müəyyən edildikdə, cinayət prosesini həyata keçirən orqan əsaslandırılmış qərarı ilə bu şəxsin cinayət prosesində zərər çəkmiş şəxsin hüquqi varisi kimi iştirakına xitam verir. Zərər çəkmiş şəxsin hüquqi varisi cinayət işi üzrə icraatın hər hansı anında müvafiq səlahiyyətləri öz üzərindən götürə bilər.

106.5. Zərər çəkmiş şəxsin hüquqi varisi cinayət təqibi üzrə icraatda zərər çəkmiş şəxsin əvəzinə iştirak edir. Bu zaman o, zərər çəkmiş şəxsin ifadə vermək hüququndan və şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, digər hüquqlardan istifadə edir və digər vəzifələr daşıyır. Zərər çəkmiş şəxsin hüquqi varisi zərər çəkmiş şəxs kimi eyni əsaslar üzrə xüsusi ittihamçı hüquqlarından istifadə edə və onun vəzifələrini daşıya bilər.

106.6. Zərər çəkmiş şəxsin hüquqi varisinin aşağıdakılara hüququ yoxdur:

106.6.1. şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq;

106.6.2. xüsusi ittihamçı qismində cinayət təqibindən imtina etmək;

106.6.3. zərər çəkmiş şəxsin verdiyi şikayətdən imtina etmək.

106.7. Zərər çəkmiş şəxsin hüquqi varisi şahid qismində dindirilə bilər.

106.8. Zərər çəkmiş şəxsin hüquqi varisi bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqları və vəzifələri yerinə yetirir.



XII fəsil. Cinayət prosesində etirazlar

Maddə 107. Etiraz və özü özünə etirazın ümumi müddəaları

107.1. Cinayət prosesində müvafiq şəxslərin iştirakına etirazlar və özü özünə etirazlar əsaslandırılmaqla yazılı formada edilir.

107.2. Hakimin, andlı iclasçının, prokurorun, müstəntiqin, təhqiqatçının, müdafiəçinin, zərər çəkmiş şəxsin, (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin, yaxud şahidin nümayəndəsinin, eləcə də hal şahidinin, məhkəmə iclası katibinin, tərcüməçinin, mütəxəssisin və ya ekspertin cinayət prosesində iştirakını istisna edən, bu Məcəllənin 109, 110, 112—118-ci maddələri ilə nəzərdə tutulmuş hallar mövcud olduqda, onlar özü özünə etiraz etməlidirlər.

107.3. Etiraz aşağıdakı qaydada edilə bilər:

107.3.1. prokurora, müstəntiqə, təhqiqatçıya, məhkəmə iclasının katibinə, tərcüməçiyə, mütəxəssisə, yaxud ekspertə — cinayət prosesinin hər hansı iştirakçısı tərəfindən cinayət prosesinin istənilən anında;

107.3.2. müdafiəçiyə, zərər çəkmiş şəxsin, xüsusi ittihamçının, mülki iddiaçının, mülki cavabdehin və ya şahidin nümayəndəsinə — cinayət prosesinin istənilən anında şübhəli və ya təqsirləndirilən şəxs, dövlət ittihamçısı və ya xüsusi ittihamçı, habelə zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki çavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri tərəfindən;

107.3.3. hakimə, yaxud andlı iclasçıya — cinayət prosesinin istənilən iştirakçısı tərəfindən yalnız məhkəmə istintaqı başlananadək, məhkəmə istintaqı başlandıqdan sonra isə yalnız cinayət prosesinin etiraz edən hər hansı iştirakçısı müvafiq şəxsin prosesdə iştirakını istisna edən halların bilavasitə etiraz etməkdən əvvəl ona məlum olduğunu sübut etdikdə;

107.3.4. hal şahidinə — müvafiq istintaq hərəkəti başlananadək cinayət prosesinin həmin istintaq hərəkətində iştirak etmək hüququna malik olan hər hansı iştirakçısı tərəfindən.

107.4. Hakimə (məhkəmə tərkibinə) və ya andlı iclasçıya etiraz məhkəmə baxışını ləngitmək məqsədilə edilmişsə, yaxud etirazın dəlilləri uydurma olarsa (həqiqətə uyğun deyildirsə), etiraz etmiş şəxs məhkəmənin qərarına əsasən iki yüz iyirmi manat cərimə edilə bilər.

107.5. Cinayət prosesini həyata keçirən orqan öz səlahiyyətləri daxilində cinayət prosesinin gedişində etirazları və özü özünə etirazları həll etməyə, müvafiq şəxsin cinayət prosesində iştirakını istisna edən halları aşkar etdikdə isə öz təşəbbüsü ilə onu cinayət prosesindən kənarlaşdırmağa haqlıdır.

107.6. Qohumluq əlaqələri və ya digər şəxsi asılılıq münasibətləri olan şəxslər məhkəmənin tərkibinə daxil ola bilməzlər.

107.7. Başqa şəxslərə edilən etirazları həll etmək səlahiyyəti olan şəxsə edilən etiraz ilk növbədə həll edilməlidir. Hakimə və ya andlı iclasçıya etiraz etmə ilə eyni zamanda cinayət prosesinin digər iştirakçısına, habelə məhkəmə iclası katibinə, tərcüməçiyə, ekspertə və ya mütəxəssisə etiraz edildikdə, ilk növbədə müvafiq olaraq hakimə, yaxud andlı iclasçıya etiraz etmə məsələsi həll edilməlidir.

107.8. Bir neçə şəxsin eyni vaxtda qohumluq və ya digər şəxsi asılılıq münasibətlərinə görə cinayət prosesində iştirakı istisna olunduqda, digərlərindən daha gec hakim, andlı iclasçı və ya cinayət prosesinin iştirakçısı vəzifəsini əldə etmiş şəxslər ilk növbədə cinayət prosesindən kənarlaşdırılmalıdır.

107.9. Qohumluq və digər şəxsi asılılıq münasibətləri ilə bağlı şəxslər məhkəmə tərkibində olduqda, hansı şəxslərin cinayət prosesindən kənarlaşdırılması məsələsini məhkəmə iclasında sədrlik edən həll edir və bu halda andlı iclasçı hakimdən əvvəl kənarlaşdırılmalıdır.



Maddə 108. Cinayət prosesində iştirakdan azad etmə

108.0. Məhkəmə iclası katibinin, tərcüməçinin, mütəxəssisin və ekspertin cinayət prosesində iştirakını istisna edən hallar yoxdursa, məhkəmə məhkəmə istintaqı başlananadək onları öz xahişləri ilə aşağıdakı hallarda iştirakdan azad edə bilər:

108.0.1. öz borcunu yerinə yetirməsinə mane olan üzrlü səbəblər olduqda;

108.0.2. bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda.



Maddə 109. Hakimə etiraz

109.1. Hakimə (məhkəmə tərkibinə) edilən etiraz əsaslandırılmalıdır. Etirazda konkret əsaslar olmadıqda o, işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Hakimə etiraz o halda əsaslı sayıla və şərtsiz təmin edilə bilər ki, hər hansı şəxsin cinayət prosesində hakim qismində iştirakını istisna edən aşağıdakı hallardan heç olmasa biri olsun:

109.1.1. şəxs hakim vəzifəsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təyin edilmədikdə;

109.1.2. hakim Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müvafiq cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala baxılması üçün lazımi səlahiyyətlərə malik olmadıqda;

109.1.3. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların qanuni nümayəndəsi, yaxud nümayəndəsi olduqda;

109.1.4. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə şahid qismində dindirildikdə və ya dindirilə bilərsə;

109.1.5. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hal şahidi, məhkəmə iclası katibi, tərcüməçi, mütəxəssis, yaxud ekspert qismində əvvəllər iştirak etdikdə;

109.1.6. hakim birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində, həmçinin hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə həmin cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında hakim qismində əvvəllər iştirak etdikdə (hakimin məhkəmə nəzarəti qaydasında cinayət işi üzrə məhkəməyədək icraatda materiallara baxması və ya işin ilkin dinlənilməsi onun müvafiq cinayət işinə birinci instansiya, apellyasiya və ya kassasiya instansiyası məhkəməsi tərkibində sonradan işə baxması hallarını istisna etmir);

109.1.7. hakim ittiham və ya müdafiə tərəfindən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə belə iştirakçının qanuni nümayəndəsi və ya nümayəndəsi ilə qohumluq, yaxud şəxsi asılılıq münasibətində olduqda;

109.1.8. hakimin cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqda.

109.2. Bu Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, hakim özü özünə etiraz etməlidir.

109.3. Etiraz məsələsini aşağıdakılar həll edir:

109.3.1. birinci instansiya məhkəməsində cinayət işinə andlı iclasçıların iştirakı ilə və ya hakim tərəfindən təkbaşına, cinayət təqibi ilə bağlı digər materiala isə hakim tərəfindən təkbaşına baxıldıqda hakimin özü özünə və ya ona edilmiş etirazı — həmin məhkəmənin sədri;

109.3.2. birinci, apellyasiya və kassasiya instansiyası məhkəməsində cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala hakimlər kollegiyasından ibarət tərkibdə baxıldıqda hakimin özü özünə və ya ona edilmiş etirazı — onun iştirakı olmadan hakimlər kollegiyası;

109.3.3. birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü özünə və ya ona edilmiş etirazı — apellyasiya instansiyası məhkəməsinin hakimi;

109.3.4. apellyasiya və kassasiya instansiyası məhkəməsinin iki hakiminin və ya bütün məhkəmə tərkibinin özü özünə, yaxud onlara edilmiş etirazı — müvafiq olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədrləri.

109.4. Bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulmuş hallarda özü özünə etiraza və ya edilmiş etiraza baxılaraq cinayət prosesi iştirakçılarının və etiraz edilmiş hakimin fikri öyrənilir və müvafiq qərar çıxarılır. Bu qərardan şikayət verilə bilməz. Hakimlər kollegiyasında etirazın lehinə və ya əleyhinə verilmiş səslərin sayı bərabər olduqda hakim cinayət prosesindən kənarlaşdırılır.

109.5. Birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində özü özünə etiraz və ya etiraz təmin olunduqda işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır. Birinci instansiya məhkəməsində obyektiv səbəbdən bu mümkün olmadıqda, cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılması üçün başqa birinci instansiya məhkəməsinə göndərilir.



Maddə 110. Andlı iclasçıya etiraz

110.1. Bu Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcuddursa, habelə qanuna əsasən şəxs andlı iclasçıların siyahısına daxil edilməli şəxs deyilsə, yaxud hakimdən və ya xidmətlə əlaqədar cinayət prosesinin tərəflərindən asılıdırsa, andlı iclasçıya etiraz şərtsiz təmin edilməlidir.

110.2. Andlı iclasçıların müəyyən olunmuş sayı ilə əlaqədar, bu Məcəllənin 364-cü maddəsində nəzərdə tutulmuş qaydada, ittiham və ya müdafiə tərəfi hər hansı andlı iclasçıya dəlilsiz etiraz edə bilər.

110.3. Andlı iclasçıya etirazı məhkəmə iclasında sədrlik edən təkbaşına həll edir.



Maddə 111. Andlı iclasçının öz vəzifələrini icra etməkdən azad olunması

111.1. Məhkəmə iclasında sədrlik edən andlı iclasçını öz vəzifələrini icra etməkdən aşağıdakı hallarda azad edir:

111.1.1. o, cinayət törətməkdə təqsirləndirildikdə və ya şübhələnildikdə;

111.1.2. onun kar, kor, digər fiziki və ya əqli çatışmazlığı olması, habelə məhkəmə icraatı aparılan dili bilməməsi, yaxud kifayət qədər bilməməsi nəticəsində məhkəmə iclasının gedişini tam qavramaq, sənədlərlə tanış olmaq və andlı iclasçılar kollegiyası iclasında öz fikirlərini söyləmək qabiliyyəti olmadıqda;

111.1.3. konkret iş üzrə andlı iclasçıların seçilməsi qurtaranadək onun namizədliyinin siyahıdan çıxarılması xahişi təmin olunduqda.

111.2. Aşağıdakı andlı iclasçılar yazılı ərizələrində əks olunmuş öz xahişlərinə əsasən, məhkəmə iclasında sədrlik edən tərəfindən vəzifələrini icra etməkdən azad oluna bilərlər:

111.2.1. 65 yaşdan yuxarı şəxslər;

111.2.2. üç yaşınadək uşağı olan qadınlar, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər;

111.2.3. dini və sair etiqadlarına görə ədalət mühakiməsinin həyata keçirilməsində iştirakı mümkün hesab edilməyən şəxslər;

111.2.4. xidməti vəzifəsinin icrasından ayrılması ilə əlaqədar ictimai və dövlət mənafeyinə əhəmiyyətli zərər vura biləcək şəxslər;

111.2.5. məhkəmə iclasında iştirak etməməsinə digər üzrlü səbəbləri olan şəxslər.

Maddə 112. Prokurora etiraz

112.1. Prokurora etiraz bu Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri (109-1-6-cı maddədə göstəriləndən başqa) mövcud olduqda əsaslı sayılmalı və şərtsiz təmin olunmalıdır:

112.2. Prokurorun cinayət işi üzrə ibtidai araşdırma aparılmasında iştirakı və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirməsi onun məhkəmədə dövlət ittihamını müdafiə etməsini istisna edir.

112.3. Bu Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri (109-1-6-cı maddədə göstəriləndən başqa) mövcud olduqda, prokuror özü özünə etiraz etməlidir.

112.4. Prokurora etiraz məsələsini aşağıdakılar həll edirlər:

112.4.1. cinayət təqibi üzrə məhkəməyədək icraatın gedişi zamanı — yuxarı prokuror;

112.4.2. cinayət işinə andlılar məhkəməsi və ya hakim tərəfindən təkbaşına, cinayət təqibi ilə bağlı digər materiala isə hakim tərəfindən təkbaşına baxılması zamanı — məhkəmə iclasında sədrlik edən;

112.4.3. məhkəmədə cinayət işinə hakimlər kollegiyası tərkibində baxılması zamanı — hakimlər kollegiyası.



Maddə 113. Müstəntiqə və ya təhqiqatçıya etiraz

113.1. Müstəntiqə və ya təhqiqatçıya etiraz bu Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda əsaslı sayılmalı və şərtsiz təmin olunmalıdır.

113.2. Müstəntiqin və ya təhqiqatçının cinayət işi üzrə ibtidai araşdırma aparılmasında iştirakı, qanunun əhəmiyyətli dərəcədə pozulması halları istisna olmaqla, həmin cinayət işi üzrə ibtidai araşdırmada onun sonrakı iştirakını istisna etmir.

113.3. Bu Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, müstəntiq və ya təhqiqatçı özü özünə etiraz etməlidir.

113.4. Müstəntiqə və ya təhqiqatçıya etiraz məsələsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən həll edilir.

Maddə 114. Müdafiəçiyə və nümayəndəyə etiraz

114.1. Müdafiəçiyə, həmçinin zərər çəkmiş şəxsin (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin və ya şahidin nümayəndəsinə etiraz onun cinayət prosesində sonrakı iştirakını istisna edən aşağıdakı hallardan hər hansı biri olduqda əsaslı sayılmalı və şərtsiz təmin olunmalıdır:

114.1.1. cinayət prosesində iştirak edən və ya əvvəllər iştirak etmiş hakimlə, andlı iclasçı ilə, prokurorla, müstəntiqlə, təhqiqatçı ilə və ya məhkəmə iclasının katibi ilə qohumluq əlaqələrinin, habelə bu şəxslərdən şəxsi və ya xidməti asılılığın olması;

114.1.2. cinayət təqibi üzrə icraatda hakim, andlı iclasçı, prokuror, müstəntiq, təhqiqatçı, hal şahidi, məhkəmə iclasının katibi, tərcüməçi, mütəxəssis, ekspert və ya şahid qismində iştirak etməsi;

114.1.3. hakim, prokuror, müstəntiq və ya təhqiqatçı vəzifələrini tutması (təqsirləndirilən, şübhəli şəxsin və ya cinayət prosesinin fəaliyyət qabiliyyəti olmayan iştirakçısının qanuni nümayəndəsi olması, yaxud mülki iddiaçı və ya mülki cavabdeh kimi tanınmış işlədiyi orqanın nümayəndəsi qismində iştirak etməsi hallarından başqa);

114.1.4. qanuni mənafeyini müdafiə etdiyi təqsirləndirilən və ya şübhəli şəxsin, həmçinin təmsil etdiyi mülki iddiaçı, yaxud mülki cavabdehin qanuni mənafeyi ilə ziddiyyət təşkil edən şəxsə hüquqi yardım göstərməsi;

114.1.5. qanuna və ya məhkəmənin hökmünə əsasən müdafiəçi və ya nümayəndə olmaq hüququnun olmaması.

114.2. Bu Məcəllənin 114.1-ci maddəsində göstərilən hallardan hər hansı biri olduqda müdafiəçi, habelə zərər çəkmiş şəxsin (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin və şahidin nümayəndəsi özü özünə etiraz etməlidir.

114.3. Müdafiəçiyə, habelə zərər çəkmiş şəxsin (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin və şahidin nümayəndəsinə etiraz məsələsi cinayət prosesini həyata keçirən orqan tərəfindən həll edilir.

114.4. Müdafiəçi və ya nümayəndə qismində təyin edilmiş şəxsin səriştəsinə və ya vicdanlı olmasına şübhə və ya digər səbəblər olduqda, müdafiə olunan, yaxud təmsil etdiyi şəxsin vəsatəti əsasında müdafiəçi və ya nümayəndə cinayət prosesindən kənarlaşdırılmalıdır.



Maddə 115. Hal şahidinə etiraz

115.1. Bu Məcəllənin 109.1.3—109.1.8-ci maddələrində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, habelə şəxs bu Məcəllənin 94.1-ci maddəsində göstərilən tələblərə uyğun olmadıqda, o, hal şahidi qismində cinayət prosesində iştirak edə bilməz.

115.2. Hal şahidinin iştirakının mütəmadi xarakter daşıması halları istisna olunmaqla, onun istintaq hərəkətinin icraatında əvvəllər iştirakı həmin cinayət təqibi üzrə aparılan digər istintaq hərəkətinin icraatında təkrar iştirakını istisna etmir.

115.3. Hal şahidinə etiraz məsələsini istintaq hərəkətlərini aparan şəxs həll edir.

115.4. Bu Məcəllənin 115.1 və 115.2-ci maddələrinin tələblərinə zidd hər hansı şəxsin istintaq hərəkətlərinin aparılmasında hal şahidi qismində iştirakı həmin hərəkətin etibarsız hesab edilməsinə əsas ola bilər.

Maddə 116. Məhkəmə iclasının katibinə etiraz

116.1. Məhkəmə iclasının katibi bu Məcəllənin 109.1.3—109.1.8-ci maddələrində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, habelə o, qanuna və ya məhkəmənin hökmünə əsasən məhkəmə iclasının katibi olmağa haqlı deyilsə, cinayət prosesində məhkəmə iclasının katibi qismində iştirak edə bilməz.

116.2. Şəxsin məhkəmə iclasında məhkəmə iclasının katibi qismində əvvəlki iştirakı onun sonrakı məhkəmə iclaslarında həmin qisimdə iştirakını istisna etmir.

116.3. Məhkəmə iclasının katibinə etiraz aşağıdakı kimi həll edilir:

116.3.1. cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala hakim tərəfindən təkbaşına və ya andlılar məhkəməsinin iştirakı ilə baxılarkən — məhkəmə iclasında sədrlik edən tərəfindən;

116.3.2. cinayət işinə məhkəmədə kollegial tərkibdə baxılarkən — məhkəmənin tərkibi tərəfindən.



Maddə 117. Tərcüməçiyə və ya mütəxəssisə etiraz

117.1. Tərcüməçi və ya mütəxəssis bu Məcəllənin 109.1.3—109.1.8-ci maddələrində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, habelə onlar qanuna və ya məhkəmənin hökmünə əsasən tərcüməçi və ya mütəxəssis olmağa haqlı deyilsə, cinayət prosesində iştirak edə bilməzlər.

117.2. Şəxsin tərcüməçi və ya mütəxəssis qismində cinayət prosesində əvvəlki iştirakı onun müvafiq qisimdə bundan sonra cinayət prosesində iştirakını istisna etmir.

117.3. Tərcüməçiyə və ya mütəxəssisə etiraz aşağıdakı qaydada həll olunur:

117.3.1. cinayət işinə məhkəmədə kollegial tərkibdə baxılarkən — məhkəmənin tərkibi tərəfindən;

117.3.2. təhqiqat və ya ibtidai istintaq aparılarkən — müvafiq olaraq təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən;

117.3.3. cinayət işinə və ya digər materiala hakim tərəfindən təkbaşına və ya andlı iclasçıların iştirakı ilə baxılarkən — məhkəmə iclasında sədrlik edən tərəfindən.

Maddə118. Ekspertə etiraz

118.1. Ekspert aşağıdakı hallarda cinayət prosesində iştirak edə bilməz:

118.1.1. bu Məcəllənin 109.1.3— 109.1.8-ci maddələrində nəzərdə tutulmuş halların hər hansı biri mövcud olduqda;

118.1.2. qanuna və ya məhkəmənin hökmünə əsasən onun ekspert olmaq hüququ olmadıqda;

118.1.3. o, təftiş, yaxud digər yoxlama hərəkətləri aparmışdırsa və nəticədə bunlar cinayət işinin başlanmasına əsas olmuşdursa.

118.2. rəyin düzgünlüyünə şübhə yaranması ilə əlaqədar təkrar ekspertizanın aparılması hallarından başqa şəxsin ekspert qismində cinayət prosesində əvvəlki iştirakı onun bundan sonra cinayət prosesində iştirakını istisna etmir.

118.3. Ekspertə etiraz aşağıdakı qaydada həll edilir:

118.3.1. ibtidai istintaq və ya təhqiqat aparılarkən — müvafiq olaraq təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən;

118.3.2. cinayət işinə və ya digər materiala məhkəmədə hakim tərəfindən təkbaşına və ya andlı iclasçılar tərəfindən baxılarkən — məhkəmə iclasında sədrlik edən tərəfindən;

118.3.3. cinayət işinə məhkəmədə kollegial tərkibdə baxılarkən — məhkəmənin tərkibi tərəfindən.



XIII fəsil. Cinayət prosesində iştirak edən şəxslərin hüquqlarının və qanuni mənafelərinin təmin edilməsi

Maddə 119. Şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınması barədə ərizələrə baxılmasının məcburiliyi

119.1. Bu Məcəllədə nəzərdə tutulmuş kifayət qədər əsaslar olduqda hər bir şəxs özünün zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçı, mülki cavabdeh, onların və ya şahidin qanuni nümayəndəsi, yaxud nümayəndəsi qismində tanınması barədə ərizə ilə cinayət prosesini həyata keçirən orqana müraciət etməyə haqlıdır.

119.2. Cinayət prosesini həyata keçirən orqan şəxsin zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçı, mülki cavabdeh, onların və ya şahidin qanuni nümayəndəsi, yaxud nümayəndəsi qismində tanınması barədə ərizəsini aldığı andan 3 (üç) gündən gec olmayaraq ona baxmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməklə bu qərarın surətini ərizəçiyə göndərməlidir.

119.3. Ərizəçi aşağıdakı hüquqlara malikdir:

119.3.1. cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi barədə cinayət prosesini həyata keçirən orqanın qərarının surətini aldığı vaxtdan 5 (beş) gün müddətində qəbul edilmiş qərardan məhkəməyə şikayət vermək;

119.3.2. cinayət prosesinin iştirakçısı qismində tanınması üçün ərizə verildiyi gündən 1 (bir) ay müddətində onun ərizəsi üzrə qərar çıxarılmadıqda, ərizəyə baxmalı olan cinayət prosesini həyata keçirən orqanın hərəkətlərindən məhkəməyə şikayət vermək və ya məhkəmə vasitəsi ilə onun cinayət prosesinin iştirakçısı qismində tanınması üçün məhkəməyə ərizə vermək.

119.4. Hadisə nəticəsində ölmüş şəxsin yaxın qohumu onun hüquqi varisi olmaq istəyirsə, özünün zərər çəkmiş şəxs qismində tanınmasını tələb edə bilər. Onun ərizəsinə cinayət prosesini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 119.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır.


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə