Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi



Yüklə 1,91 Mb.
səhifə14/37
tarix02.06.2018
ölçüsü1,91 Mb.
#47235
1   ...   10   11   12   13   14   15   16   17   ...   37

Maddə164. Girov

164.1. Girov qismində qətimkan tədbiri böyük ictimai təhlükə törətməyən və ya az ağır, habelə ehtiyatsızlıq üzündən ağır cinayətləri törətməkdə ittiham olunan şəxsin həbsdən azad edilməsi, lakin onun cinayət prosesini həyata keçirən orqanın sərəncamında qalmasını təmin etmək məqsədilə məhkəmə tərəfindən müəyyən edilmiş pul məbləğini (qiymətli kağız) və ya digər qiymətli əşyaları dövlət bankında məhkəmənin depozitinə qoymaqdan ibarətdir. Məhkəmənin qərarı ilə girov qismində daşınmaz əmlak da qəbul edilə bilər.

164.2. Girovun qətimkan tədbiri qismində seçilməsi məsələsinə məhkəmə tərəfindən yalnız müdafiə tərəfinin vəsatəti əsasında həbs qətimkan tədbirinin seçilməsi haqqında qəbul olunmuş qərarın əvəz edilməsi kimi baxıla bilər.

164.3. Girovun qoyulması həm təqsirləndirilən şəxsin əmlakı və vəsaiti, həm də onun yaxın qohumlarının və ya digər fiziki və hüquqi şəxslərin əmlakı və vəsaiti hesabına həyata keçirilə bilər. Girovun dəyərini sübut etmə vəzifəsi girov qoyanın üzərinə düşür.

164.4. Bu Məcəllənin 155.1 və 155.2-ci maddələrində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcuddursa, məhkəmə müvafiq motivlərə istinad edərək girov qoyulmaqla həbsdən azad etməni qeyri-mümkün hesab edə bilər.

164.5. Məhkəmə girovun məbləğini həddən artıq yüksək təyin etməməli, lakin onun məbləği aşağıdakılardan az olmamalıdır:

164.5.1. böyük ictimai təhlükə törətməyən cinayət törədilməsinə görə verilmiş ittiham üzrə — beş min manat miqdarından;

164.5.2. az ağır və ya ehtiyatsızlıq üzündən ağır cinayət törədilməsinə görə verilmiş ittiham üzrə — on min manat miqdarından.

164.6. Məhkəmə təqsirləndirilən şəxsin girov qoyulmaqla həbsdən azad edilməsi məsələsini həll edərkən girovun qətimkan tədbiri qismində tətbiq olunması və ya bundan imtina edilməsi barədə qərar qəbul edir. Girovun qətimkan tədbiri qismində tətbiq olunması barədə qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Bu qərarla ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror razı olmadıqda:

164.6.1. girov qətimkan tədbirinin seçilməsi barədə məhkəmənin qərarı yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən təsdiq olunduqdan sonra qanuni qüvvəyə minir;

164.6.2. bu qərarın qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya instansiyası məhkəməsində baxılanadək birinci instansiya məhkəməsinin həbs qətimkan tədbiri kimi seçdiyi qərar girov məsələsi həll edilənədək qüvvədə saxlanılır.

164.7. Məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirini girovla əvəz etdikdə, girovun müəyyən edilmiş məbləği dövlət bankında məhkəmənin depozitinə köçürülməyənədək təqsirləndirilən şəxs həbsdə saxlanılır. Cinayət prosesini həyata keçirən orqan girovun qoyulduğunu təsdiq edən sübut əldə etdikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarından sonra təqsirləndirilən şəxsin dərhal həbsdən azad edilməsi barədə həbsdə saxlama yerinin rəhbərinə məlumat verir.

164.8. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizləndiyi, onun icazəsi olmadan başqa yerə getdiyi və ya digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırdığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror girovun dövlət nəfinə keçirilməsi barədə təqdimatla məhkəməyə müraciət edir. Girov qoyan bu girovun dövlətin nəfinə keçirilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilər.

164.9. Məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra, habelə bu Məcəllənin 164.8-ci maddəsində nəzərdə tutulmuş pozuntuların sübut olunmadığı və ya girov qətimkan tədbirinin ləğv edildiyi, yaxud dəyişdirildiyi bütün hallarda girov onu qoymuş şəxsə qaytarılmalıdır. Girovun qaytarılması barədə qərar məhkəmə tərəfindən hökmlə və ya qətimkan tədbirinin dəyişdirilməsi, yaxud ləğv edilməsi barədə qərarla bir vaxtda çıxarılır.

164.10. Bu Məcəllənin 164.8-ci maddəsində nəzərdə tutulmuş halda girovun dövlət nəfinə keçirilməsi ilə eyni vaxtda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə girovu həbslə əvəz edir.

164.11. Girov qismində qətimkan tədbirinin tətbiqinə bu Məcəllənin 157.8-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiqin və ya prokurorun qərarına əsasən xitam verilə bilər.



Maddə 165. Başqa yerə getməmək haqqında iltizam

165.1. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qismində şübhəli və ya təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqanın sərəncamında olacağı, həmin orqanın icazəsi olmadan başqa yerə getməyəcəyi, ondan gizlənməyəcəyi, cinayətkar fəaliyyətlə məşğul olmayacağı, təhqiqata, istintaqa və məhkəmə baxışına maneçilik törətməyəcəyi, təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin çağırışlarına gələcəyi və yaşayış yerini dəyişməsi haqqında onlara məlumat verəcəyi barədə yazılı öhdəliyindən ibarətdir.

165.2. Başqa yerə getməmək haqqında iltizamı şübhəli və ya təqsirləndirilən şəxsdən cinayət prosesini həyata keçirən orqan alır.

Maddə 166. Şəxsi zaminlik

166.1. Şəxsi zaminlik qətimkan tədbiri qismində şübhəli və ya təqsirləndirilən şəxsin ictimai qaydaya riayət edəcəyi, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına gələcəyi və digər prosessual vəzifələri icra edəcəyi də daxil olan müvafiq davranışlarına dair fiziki şəxslərin zamin durmaları barədə yazılı öhdəlikdən ibarətdir.

166.2. Şəxsi zamin kimi yalnız yetkinlik yaşına çatmış, etibar oluna bilən, götürdüyü öhdəliyi yerinə yetirmədikdə beş yüz əlli manat tutula bilən cəriməni qabaqcadan dövlət bankında məhkəmənin depozitinə keçirmiş Azərbaycan Respublikasının vətəndaşları çıxış edə bilərlər.

166.3. Şəxsi zaminlərin sayını cinayət prosesini həyata keçirən orqan 2-dən 5-dək şəxs həddində müəyyən edir.

166.4. Şəxsi zaminin hüquq və vəzifələri, habelə onların həyata keçirilmə qaydası bu Məcəllənin 168-ci maddəsində nəzərdə tutulmuşdur.

Maddə 167. Təşkilatın zaminliyi

167.1. Təşkilatın zaminliyi qətimkan tədbiri qismində Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq dövlət qeydiyyatından keçmiş etibar oluna bilən hüquqi şəxsin öz nüfuzu və şübhəli və ya təqsirləndirilən şəxsin ictimai qaydaya riayət edəcəyi, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına gələcəyi və digər prosessual vəzifələri icra edəcəyi də daxil olan müvafiq davranışına dair götürdüyü öhdəliyi yerinə yetirmədikdə min yüz manat tutula bilən cəriməni qabaqcadan dövlət bankında məhkəmənin depozitinə keçirdiyi pul məbləği ilə zamin durması barədə yazılı öhdəlikdən ibarətdir.

167.2. Zamin kimi çıxış edən təşkilatın hüquq və vəzifələri, habelə onların həyata keçirilmə qaydası bu Məcəllənin 168-ci maddəsində nəzərdə tutulmuşdur.

Maddə 168. Zaminliyin həyata keçirilməsi qaydası

168.1. Zaminin etibarlı olduğunu, habelə şəxsi zaminlik və ya təşkilatın zaminliyi qismində qətimkan tədbirlərinin şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilməsinin mümkünlüyünü yəqin edən cinayət prosesini həyata keçirən orqan ərizəçini, o cümlədən hüquqi şəxsin nümayəndəsini şübhənin və ya ittihamın məzmunu ilə tanış edir, zaminə hüquq və vəzifələrini izah edir və zaminə məsuliyyət barədə xəbərdarlıq edir. Bundan sonra ərizəçi öz xahişini təsdiq və ya ondan imtina edə bilər.

168.2. Bu Məcəllənin 168.1-ci maddəsində nəzərdə tutulmuş prosessual hərəkətlər protokolda göstərilir. Şəxsi zaminlik və ya təşkilatın zaminliyi qismində qətimkan tədbiri seçildiyi halda, zamin haqqında məlumatlar cinayət prosesini həyata keçirən orqanın qərarında göstərilir. Müvafiq qərarın surəti gecikdirilmədən zaminə verilir.

168.3. Zamin cinayət işi üzrə icraatın istənilən anında zaminlikdən imtina edə bilər. Zaminlikdən imtinanın səbəblərini şübhəli və ya təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş yeni və ya daha ağır əməldə ittiham edilməsi; zaminliyin qəbulu anında zaminin bilmədiyi və bilməsi mümkün olmadığı əhəmiyyətli halların aşkar olunması; özünün başqa yerə getməsi, yaxud ağır xəstələnməsi, habelə zamin durmuş təşkilatın fəaliyyətinə xitam verilməsi, şübhəli va ya təqsirləndirilən şəxsin başqa yerə getməsi və ya başqa təşkilata keçməsi üzündən, zaminin şübhəli və ya təqsirləndirilən şəxsin sonrakı davranışına görə cavab vermək imkanı olmayan hallarda, cərimənin təmin olunması üçün qoyulmuş pul məbləği cinayət prosesini həyata keçirən orqan tərəfindən zaminə qaytarılır.

168.4. Zamin tutula biləcək cərimənin tətbiqinin təmin olunması üçün qoyduğu pul məbləğini aşağıdakı hallarda da geri almaq hüququna malikdir:

168.4.1. Cinayət prosesini həyata keçirən orqan qətimkan tədbirini şübhəli və ya təqsirləndirilən şəxsin müvafiq davranış qaydalarını pozması ilə əlaqədar olmayan səbəbdən dəyişdirdikdə;

168.4.2. cinayət prosesini həyata keçirən orqan şəxsi zaminlik və ya təşkilatın zaminliyi qismində qətimkan tədbirini ləğv etdikdə;

168.4.3. zamin fəaliyyət qabiliyyətini itirdikdə.

168.5. Zaminin qoyduğu pul məbləği aşağıdakı hallarda cinayət prosesini həyata keçirən orqanın qərarı ilə dövlət nəfinə keçirilir:

168.5.1. şübhəli və ya təqsirləndirilən şəxsin müvafiq davranışının təmin olunmasına dair öhdəliyi yerinə yetirmədikdə;

168.5.2. zaminlikdən özbaşına imtina etdikdə.

168.6. Zaminin qoyduğu pul məbləğinin dövlətin nəfinə keçirilməsi barədə qərardan məhkəmə qaydasında şikayət verilə bilər.



Maddə 169. Polisin nəzarəti altına vermə

169.1. Polisin nəzarəti altına vermə qətimkan tədbiri qismində bu maddədə müəyyən olunmuş hüquqi məhdudiyyətlərin şübhəli və ya təqsirləndirilən şəxsə tətbiqindən ibarətdir.

1619.2. Polisin nəzarətində olan şübhəli və ya təqsirləndirilən şəxs təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin icazəsi olmadan başqa yerə gedə, habelə müvafiq yaşayış məntəqəsi hüdudlarında daimi yaşayış yerini və ya müvəqqəti olduğu yeri dəyişə bilməz. O, polisin müəyyən etdiyi cədvəl üzrə polis orqanına gəlməli və gəlişini qeyd etdirməlidir. Şübhəli və ya təqsirləndirilən şəxs davranışına nəzarəti həyata keçirmək üçün istənilən anda polis orqanına çağırıla bilər. Bu məqsədlə polisin müvafiq əməkdaşları şübhəli və ya təqsirləndirilən şəxsin iradəsinin əksinə olduqda da onun mənzilinə gəlməyə haqlıdırlar.

169.3. Polisin nəzarəti altına vermə qismində qətimkan tədbirinin seçilməsi barədə cinayət prosesini həyata keçirən orqanın qərarı icra edilməsi üçün şübhəli və ya təqsirləndirilən şəxsin yaşayış yeri üzrə polis orqanına göndərilir. Polis orqanı göstərilən qərarı qəbul etdikdən sonra 24 saat müddətində şübhəli və ya təqsirləndirilən şəxsi çağırmalı, onu qeydiyyata almalı və nəzarətin tətbiqinə başlanması barədə cinayət prosesini həyata keçirən orqana məlumat verməlidir.



Maddə 170. Nəzarət altına vermə

170.1. Nəzarət altına vermə qismində qətimkan tədbiri yetkinlik yaşına çatmamış şübhəli və ya təqsirləndirilən şəxsin valideynlərinin, qəyyumlarının, himayəçilərinin, yaxud onun saxlandığı qapalı uşaq müəssisəsi müdiriyyətinin üzərinə yetkinlik yaşına çatmamış şübhəli və ya təqsirləndirilən şəxsin ictimai qaydaya riayət etməsi, cinayət prosesini həyata keçirən orqanın çağırışına gəlməsi və digər prosessual vəzifələri icra etməsi də daxil olan davranışını təmin etmə vəzifəsinin qoyulmasından ibarətdir.

170.2. Yetkinlik yaşına çatmamış şəxsin nəzarət altına verilməsindən əvvəl təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə valideynlərin, qəyyumların, yaxud himayəçilərin şəxsiyyəti, onların yetkinlik yaşına çatmamış şəxsə qarşı münasibətləri barədə məlumat toplamalı, şübhəli və ya təqsirləndirilən şəxsi lazımi nəzarət altında saxlamalarını həyata keçirmək iqtidarında olduqlarını yəqin etməlidir.

170.3. Şübhəli və ya təqsirləndirilən şəxs barəsində nəzarət altına vermə qismində qətimkan tədbirinin seçilməsinin mümkünlüyünü yəqin edən cinayət prosesini həyata keçirən orqan müvafiq qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarır. O, valideynləri, qəyyumları, himayəçiləri və ya uşaq müəssisəsinin nümayəndəsini nəzarət altına vermə barədə çıxarılmış qərarla tanış edir və qərarın surətini onlara təqdim edir, habelə protokolda göstərilməklə onları şübhənin və ya ittihamın məzmunu ilə tanış, hüquq və vəzifələrini izah, məsuliyyət barədə xəbərdar edir.

170.4. Valideynlər, qəyyumlar, himayəçilər yetkinlik yaşına çatmamış şübhəli və ya təqsirləndirilən şəxsin üzərində nəzarəti həyata keçirmək vəzifələrindən xəstəliyi, ailədə qarşılıqlı münasibətin pisləşməsi, bu şəxslərin lazımi davranışını təmin etmə imkanını istisna edən digər səbəblər üzündən azad olunmalarını xahiş etməyə haqlıdırlar.

170.5. Nəzarəti həyata keçirməli olan şəxslər qarşısı alınmayan qüvvənin təsirini sübut etdikləri hallar istisna olmaqla, şübhəli və ya təqsirləndirilən şəxsin davranışına nəzarəti həyata keçirmək imkanından məhrum olunduqlarına istinad etməyə haqlı deyillər.

170.6. Nəzarəti həyata keçirməli olan şəxslər xəbərdarlıq üçün haqqında nəzarət altına vermə qismində qətimkan tədbiri seçilmiş şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranmaması barədə cinayət prosesini həyata keçirən orqana məlumat verməlidirlər.

170.7. Nəzarəti həyata keçirməli olan və bu vəzifələrini yerinə yetirməyən təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.



Maddə 171. Komandanlığın müşahidəsi altına vermə

171.1. Komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri qismində şübhəli və ya təqsirləndirilən şəxsin xidmət etdiyi və ya toplanışlar keçdiyi hərbi hissə və ya birləşmə komandirinin, hərbi müəssisə rəisinin üzərinə bu şəxsin ictimai qaydaya riayət etməsi, cinayət prosesini həyata keçirən orqanın çağırışına gəlməsi və digər vəzifələri icra etməsi də daxil olan davranışını təmin etmə vəzifəsinin qoyulmasından ibarətdir.

171.2. Şübhəli və ya təqsirləndirilən şəxs barəsində komandanlığın müşahidəsi altına vermə qismində qətimkan tədbirinin seçilməsinin mümkünlüyünü yəqin edən cinayət prosesini həyata keçirən orqan müvafiq qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarır. O, komandanlığın nümayəndəsini qətimkan tədbirinin seçilməsi barədə qərarla tanış edir və qərarın surətini ona təqdim edir, habelə protokolda göstərilməklə onu şübhənin və ya ittihamın məzmunu ilə tanış, hüquq və vəzifələrini izah, məsuliyyət barədə xəbərdar edir.

171.3. Komandanlıq tabeliyində olan şəxsə qarşı müşahidə və onun lazımi davranışını təmin etmək üçün ümumqoşun nizamnamələrində nəzərdə tutulmuş müvafiq tədbirləri görməyə haqlıdır.

171.4. Şübhəli və ya təqsirləndirilən şəxs barəsində komandanlığın müşahidəsi altına vermə qismində qətimkan tədbirinin seçildiyi dövrdə o, qarovulun və döyüş növbətçiliyinin aparılması üçün təyin olunmur, sülh dövründə silah gəzdirmək hüququndan məhrum edilir, zabit, gizir və miçman olmayan hərbi qulluqçular isə bundan əlavə hərbi hissənin yerləşdiyi ərazidən kənarda təkbaşına işləməyə göndərilmir, habelə hissənin yerləşdiyi ərazidən kənara buraxılmırlar.

171.5. Müşahidəni icra edən komandanlıq qarşısı alınmayan qüvvənin təsirini sübut etdiyi hallar istisna olmaqla, şübhəli və ya təqsirləndirilən şəxsin davranışına nəzarəti həyata keçirə bilmək imkanından məhrum olunduğuna istinad etməyə haqlı deyil.

171.6. Şübhəli və ya təqsirləndirilən şəxsin müşahidə altına verildiyi komandanlıq tabeliyində olan bu şəxslərin lazımi qaydada davranmaması barədə cinayət prosesini həyata keçirən orqana məlumat verməlidir.

171.7. Müşahidə aparmalı olan və bu vəzifələrini yetinə yetirməyən təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.



Maddə 172. Vəzifədən kənarlaşdırma

172.1. Vəzifədən kənarlaşdırma qətimkan tədbiri qismində şübhəli və ya təqsirləndirilən şəxsin öz vəzifə səlahiyyətlərini icra etməsinə, yerinə yetirdiyi işi, yaxud məşğul olduğu fəaliyyəti davam etdirməsinə qadağan qoyulmasından ibarətdir.

172.2. Şübhəli və ya təqsirləndirilən şəxs barəsində vəzifədən kənarlaşdırma qismində qətimkan tədbirinin seçilməsi üçün kifayət qədər əsaslar olduqda, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror göstərilən şəxsə 3 (üç) gün müddətində vəzifə səlahiyyətlərini icra etməyi, yerinə yetirdiyi işi, yaxud məşğul olduğu fəaliyyəti davam etdirməyi əsaslandırılmış qərarı ilə qadağan edə bilər. Eyni vaxtda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəməyə şübhəli və ya təqsirləndirilən şəxs barəsində vəzifədən kənarlaşdırma qismində qətimkan tədbirinin seçilməsi barədə təqdimat göndərir.

172.3. Vəzifədən kənarlaşdırma qismində qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının surəti dərhal icra edilməsi üçün şübhəli və ya təqsirləndirilən şəxsin iş yerinin müdiriyyətinə göndərilir və o, qərarın surətini aldığı andan şübhəli və ya təqsirləndirilən şəxsin qadağan edilmiş işlə məşğul olmasına, yaxud fəaliyyətini həyata keçirməsinə imkan verməyə haqlı deyil.



Maddə 173. Qətimkan tədbirlərindən şikayət verilməsi

173.1. Şübhəli və ya təqsirləndirilən şəxs, onun müdafiəçisi və qanuni nümayəndəsi, cinayət prosesinin digər maraqlı iştirakçıları cinayət prosesini həyata keçirən orqanın qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi barədə qərarından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yaxud məhkəməyə şikayət edə bilərlər.

173.2. Məhkəməyədək icraat zamanı hallar istisna olmaqla, qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilməz.

Maddə 174. Qətimkan tədbirinin təsdiq edilməsi

174.1. Cinayət işini icraata qəbul etmiş təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror əvvəlcə digər şəxslər (hakimlər istisna olmaqla) tərəfindən tətbiq edilmiş qətimkan tədbirinin qanuniliyini və dəyişdirilmədən saxlanılmasının zəruriliyini yoxlamalı və müvafiq qərar çıxarmalıdır (təhqiqatçı və müstəntiqin prokurorun qərarını yoxlamaq səlahiyyəti yoxdur).

174.2. Məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ya ləğv edir, yaxud dəyişdirir.

Maddə 175. Qətimkan tədbirinin dəyişdirilməsi, ləğvi və ya ona xitam verilməsi

175.1. Qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər.

175.2. Qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir.

175.3. Məhkəmənin həbs, ev dustaqlığı və ya girov qismində seçdiyi qətimkan tədbiri yalnız məhkəmə tərəfindən dəyişdirilə və ya ləğv oluna bilər. Bu Məcəllənin 157.8, 163.6 və 164.11-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə tərəfindən seçilmiş həbs, ev dustaqlığı və ya girov qətimkan tədbirinin tətbiqinə müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror xitam verə bilər.

175.4. Həbs qismində qətimkan tədbirini ləğv edən və ya dəyişdirən, habelə tətbiqinə xitam verən cinayət prosesini həyata keçirən orqan həbsdə saxlanılma yeri müdiriyyətinin rəhbərinə bu barədə həmin gün məlumat verir və müvafiq qərarın surətini ona göndərir.

175.5. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır.



XVIII fəsil. Cinayət prosesində digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi

Maddə 176. Prosessual hərəkətlərin aparılması üçün tətbiq olunan məcburiyyət tədbirləri

Bu Məcəllənin 147 və 154-cü maddələrində nəzərdə tutulmuş prosessual məcburiyyət tədbirlərindən başqa, cinayət prosesini həyata keçirən orqan sübutların əldə edilməsinə mane olan halları müəyyən etdikdə prosessual hərəkətlərin aparılması üçün digər məcburiyyət tədbirləri tətbiq edə bilər. Bu Məcəllənin 444.1.4 və 444.2-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirləri məhkəmənin qərarı əsasında tətbiq olunur.



Maddə 177. İstintaq hərəkətlərinin məcburi aparılması hüququ

177.1. Cinayət prosesini həyata keçirən orqan istintaqın normal gedişini təmin etmək üçün istintaq hərəkətini məcburi apara bilər, onun iştirakçılarının bu hərəkətin başlanmasını gözləmələri və onun aparıldığı yeri tərk etməmələri üçün tədbirlər görə bilər.

177.2. İstintaq hərəkətinin aparılmasına müvafiq şəxs tərəfindən icazə verilmədiyi və onun məcburi aparılması üçün məhkəmənin qərarı tələb olunduğu halda, müstəntiqin əsaslandırılmış vəsatəti ilə razı olan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəməyə təqdimatla müraciət edir.

177.3. Aşağıdakı istintaq hərəkətlərinin məcburi aparılması üçün bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunur:

177.3.1. yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, axtarış, götürmə və digər istintaq hərəkətlərinin aparılması;

177.3.2. tutulmuş və ya həbs edilmiş şəxsdən başqa, şəxsin iradəsinə zidd olaraq onun şəxsi müayinəsi;

177.3.3. əmlak üzərinə həbs qoyulması;

177.3.4. poçt, teleqraf və digər göndərişlərin üzərinə həbs qoyulması;

177.3.5. telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi;

177.3.6. maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergilərin ödənilməsi barədə məlumatlar daxil olmaqla, şəxsi, ailə, dövlət, kommersiya və ya peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsi;

177.3.7. meyitin qəbirdən çıxarılması (eksqumasiya).

177.3.8. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsinə şübhə yaradan əməliyyatların icrasının dayandırılması.

177.4. Baxış, axtarış və götürmə istisna edilməklə yaşayış yerində, xidməti və istehsalat binalarında digər istintaq hərəkətləri, habelə bu Məcəllənin 177.3.6 və 177.3.7-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri yalnız məhkəmənin qərarı əsasında aparıla bilər. Müstəntiq müvafiq məhkəmə qərarı olmadan öz qərarı əsasında aşağıdakı istintaq hərəkətlərini məcburi apara bilər:

177.4.1. yaşayış yerində, xidməti və ya istehsalat binalarında baxış, axtarış və ya götürmə aparılması — bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar və hallar olduqda;

177.4.2. şəxsi müayinə aparılması — bu Məcəllənin 238-2-ci maddəsində nəzərdə tutulmuş hallarda;

177.4.3. əmlak üzərinə həbs qoyulması — bu Məcəllənin 249.5-ci maddəsində nəzərdə tutulmuş hallarda;

177.4.4. poçt, teleqraf və digər göndərişlərin üzərinə həbs qoyulması, habelə telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi — şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə olan ağır və ya xüsusilə ağır cinayətlər üzrə sübutların müəyyən edilməsi üçün təxirə salına bilməyən hallar yarandıqda.



177.4.5. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsinə şübhə yaradan əməliyyatların icrasının dayandırılması — pul vəsaitləri və ya digər əmlakla əməliyyatın terrorçuluğun maliyyələşdirilməsinə yönəlməsini və ya cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasını güman etməyə kifayət qədər əsas verən təxirə salına bilməyən hallar yarandıqda.

177.5. Bu Məcəllənin 177.3.1-177.3.5 və 177.3.8-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri təxirə salına bilməyən hallarda müstəntiqin əsaslandırılmış qərarı ilə aparılmışdırsa, müstəntiq bu Məcəllənin 443.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir. Müstəntiqin qərarı istintaq hərəkətinin məhkəmənin qərarı olmadan aparılmasının zəruriliyi və təxirə salına bilməməyi əsaslandırılmaqla bu Məcəllənin 446.2-ci maddəsinin tələblərinə uyğun olaraq tərtib edilir.

177.6. Yaşayış, xidməti və ya istehsalat yerində müvafiq olaraq yaşayan, işləyən və ya həmin yerin sahibi olan şəxsin dəvəti, yaxud onun icazəsi ilə müstəntiq tərəfindən bu Məcəllənin 177.3.1-ci maddəsində nəzərdə tutulmuş istintaq hərəkətlərinin aparılması üçün məhkəmə qərarının alınması tələb edilmir.


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə