Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi


XVII fəsil. Qətimkan tədbirləri



Yüklə 1,91 Mb.
səhifə13/37
tarix02.06.2018
ölçüsü1,91 Mb.
#47235
1   ...   9   10   11   12   13   14   15   16   ...   37

XVII fəsil. Qətimkan tədbirləri

Maddə 154. Qətimkan tədbirinin anlayışı və növləri

154.1. Qətimkan tədbiri cinayət işi üzrə icraatda şübhəli və ya təqsirləndirilən şəxsin qanuna zidd davranışının qarşısını almaq və hökmün icrasını təmin etmək məqsədilə və bu Məcəllənin 155.1-ci maddəsində nəzərdə tutulmuş hallarda onların barəsində seçilən prosessual məcburiyyət tədbiridir

154.2. Qətimkan tədbirləri aşağıdakılardır:

154.2.1. həbs;

154.2.2. ev dustaqlığı;

154.2.3. girov;

154.2.4. başqa yerə getməmək barədə iltizam;

154.2.5. şəxsi zaminlik;

154.2.6. təşkilatın zaminliyi;

154.2.7. polisin nəzarəti altına vermə;

154.2.8. nəzarət altına vermə;

154.2.9. komandanlığın müşahidəsi altına vermə;

154.2.10. vəzifədən kənarlaşdırma.

154.3. Həbs, ev dustaqlığı və girov yalnız təqsirləndirilən şəxsin barəsində seçilə bilər. Nəzarət altında saxlama yalnız yetkinlik yaşına çatmayan şəxsin barəsində seçilə bilər. Komandanlığın müşahidəsi altına vermə yalnız hərbi qulluqçu və ya hərbi toplantıda təlim keçdiyi müddətdə hərbi mükəlləfiyyətli şəxs barəsində seçilə bilər.

154.4. Bu Məcəllənin 154.2.1—154.2.9-cu maddələrində nəzərdə tutulmuş qətimkan tədbirləri əsas qətimkan tədbirləridir və biri digərilə birlikdə seçilə bilməz. Vəzifədən kənarlaşdırma həm əsas qətimkan tədbiri qismində, həm də digər qətimkan tədbirlərindən birinə əlavə kimi seçilə bilər. Ev dustaqlığı və girov həbsə alternativ qətimkan tədbirləridir və təqsirləndirilən şəxsin həbsə alınması barədə məhkəmənin qərarı alındıqdan sonra onun əvəzinə seçilə bilər.

Maddə 155. Qətimkan tədbirlərinin tətbiqi əsasları

155.1. Qətimkan tədbirləri müvafiq təhqiqatçı, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, cinayət təqibi üzrə toplanmış materiallar şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən aşağıdakı hərəkətlərin edilməsi ehtimalına kifayət qədər əsas versin:

155.1.1. cinayət prosesini həyata keçirən orqandan gizlənmək;

155.1.2. cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq;

155.1.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq;

155.1.4. cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməmək və ya digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırmaq;

155.1.5. məhkəmə hökmünün icra edilməsinə maneə törətmək.

155.2. Qətimkan tədbirinin seçilməsinin zəruriliyi və onlardan hansının konkret şübhəli və ya təqsirləndirilən şəxsə tətbiq edilməsi məsələsi həll edilərkən təhqiqatçı, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə aşağıdakıları nəzərə almalıdır:

155.2.1. şübhəli və ya təqsirləndirilən şəxsə istinad edilən əməlin ağırlığını, xarakterini və törədilmə şəraitini;

155.2.2. şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşını və səhhətini, məşğuliyyət növünü, ailə, maddi və sosial vəziyyətini, o cümlədən himayəsində şəxslərin və daimi yaşayış yerinin olmasını;

155.2.3. əvvəllər cinayətin törədilməsini, qətimkan tədbirinin seçilməsini və digər əhəmiyyətli halları.

155.3. Həbs və ona alternativ qətimkan tədbirləri yalnız aşağıdakı təqsirləndirilən şəxs barəsində tətbiq oluna bilər:

155.3.1. 2 (iki) ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə;

155.3.2. bu Məcəllənin 155.1.1 və 155.1.2-ci maddələrində nəzərdə tutulmuş hərəkətlərin qarşısını almaq üçün 2 (iki) ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə.

155.4. Polisin nəzarəti altına vermə yalnız azadlıqdan məhrum etmə növündə cəza tətbiq edilə bilən cinayətin törədilməsində şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilə bilər.

155.5. Qətimkan tədbirinin seçilməsinə zərurət olmadıqda, şübhəli və ya təqsirləndirilən şəxsdən təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin çağırışlarına gəlməsi və onların yaşayış yerini dəyişməsi ilə əlaqədar məlumat vermək barədə yazılı iltizam alınır.

155.6. Qətimkan tədbirinin seçilməsinin hər bir halında, habelə bu Məcəllənin 155.5-ci maddəsində nəzərdə tutulmuş halda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində müvafiq olaraq şübhənin və ya ittihamın tam həllinədək ondan şəxsiyyətini təsdiq edən pasport və ya digər sənəd götürülür və cinayət işi üzrə icraatın materiallarına əlavə olunur.

Maddə 156. Qətimkan tədbirlərinin seçilməsinin ümumi qaydası

156.1. Qətimkan tədbirləri müvafiq olaraq təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin qərarına əsasən seçilir. Qətimkan tədbirinin seçilməsi barədə qərarda şübhəli və ya təqsirləndirilən şəxsin törətdiyi cinayət və ilkin sübutlara istinad edilməklə qətimkan tədbirinin seçilməsi zəruriliyinin əsasları göstərilməlidir.

156.2. Həbs və vəzifədən kənarlaşdırma müstəntiqin vəsatəti əsasında və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı, habelə cinayət işinə baxan məhkəmənin öz təşəbbüsü ilə və yalnız məhkəmənin qərarına əsasən seçilə bilər. Ev dustaqlığı və ya girov həbsin əvəzinə müdafiə tərəfinin vəsatəti üzrə məhkəmə tərəfindən seçilə bilər.

156.3. Cinayət prosesini həyata keçirən orqan qətimkan tədbirinin seçilməsi barədə qərarı şübhəli və ya təqsirləndirilən şəxsə (axtarışda olan şəxs istisna edilməklə) dərhal elan edir və qərarın surətini ona təqdim edir.

156.4. Cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur.

Maddə 157. Həbs

157.1. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə aidiyyəti sübut olunmadıqda, o, həbs oluna və ya zərurət olmadıqda həbsdə saxlanıla bilməz.

157.2. Həbs qətimkan tədbiri qismində bu Məcəllənin 155.1—155.3-cü maddələrinin tələblərini nəzərə almaqla seçilə bilər.

157.3. Məhkəmə qərarına əsasən həbs olunmuş şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət keçənədək istintaq təcridxanasına keçirilməlidir (həmin müddət istintaq təcridxanasına nəqliyyat vasitələri ilə daşınması müddətinə aid deyil).

157.4. Müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə eyni cinayət işi, yaxud əlaqəli bir neçə cinayət işi üzrə ittiham olunan şəxslərin ayrılıqda saxlanılması, təqsirləndirilən şəxsin digər həbs olunmuş şəxslərlə ünsiyyətinin qarşısının alınması, habelə həbs olunmuş şəxslərin saxlanılması qaydalarına zidd olmayan digər məsələlər barədə istintaq təcridxanasının müdiriyyətinə göstərişlər verə bilər.

157.5. Həbsin qətimkan tədbiri qismində seçilməsi məsələsinə baxarkən məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla cəmiyyətdən təcrid edilməsinə zərurət olmadığı qərarına gəldikdə, həbsi ev dustaqlığı ilə əvəz etməyə haqlıdır. Məhkəmə həbs barədə qərar çıxarmaqla eyni vaxtda təqsirləndirilən şəxsin girov qoyulmaqla həbsdən azad edilməsinin mümkünlüyü məsələsini həll edə bilər və belə azad etməni mümkün hesab etdikdə, girovun məbləğini müəyyən edir. Məhkəmə girovun yolverilməzliyi və girovun məbləği barədə qərarına müdafiə tərəfinin vəsatəti ilə yenidən baxa bilər.

157.6. Həbsin qətimkan tədbiri qismində seçilməsi və ya seçilməsindən imtina edilməsi barədə məhkəmənin qərarından cinayət prosesinin tərəfləri apellyasiya instansiyası məhkəməsinə şikayət verə bilərlər. Apellyasiya instansiyası məhkəməsinin bu məsələyə dair qərarı qətidir.

157.7. Həbsin qətimkan tədbiri qismində seçilməsi barədə qərar çıxarmış məhkəmə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına əsasən bu qərarı vaxtından əvvəl dəyişməyə və ya ləğv etməyə haqlıdır.

157.8. Müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəmə tərəfindən seçilmiş həbs qətimkan tədbirinin tətbiqinə yalnız aşağıdakı hallarda xitam verə bilər:

157.8.1. təqsirləndirilən şəxsin ağır xəstəliyi ilə əlaqədar həbsdə saxlanılmasının qeyri mümkünlüyü barədə tibbi rəy olduqda;

157.8.2. təqsirləndirilən şəxsin əməlinin böyük ictimai təhlükə törətməyən cinayət kimi tövsif edilməsi barədə qərar çıxarıldıqda.

Maddə 158. Həbsdə saxlama müddəti

158.1. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı qətimkan tədbiri qismində həbs seçilməsi barədə qərar qəbul edərkən məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətini böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törədilməsinə görə 2 (iki) ay həddində, ağır və xüsusilə ağır cinayət törətməsinə görə isə 3 (üç) ay həddində müəyyən edir.

158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir:

158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət;

158.2.2. ev dustaqlığında saxlanıldığı müddət;

158.2.3. məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət.

158.2.4. Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət.

158.3. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işi üzrə məhkəməyədək icraatda həbsdə saxlama müddətinin axımı cinayət işinin məhkəməyə göndərildiyi, yaxud həbs və ya ev dustaqlığı qismində qətimkan tədbirinə xitam verildiyi gün dayandırılır.

158.4. Qətimkan tədbiri qismində həbsdə saxlama müddəti hesablanarkən təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış olma müddəti nəzərə alınmır.

158.5. çıxarılıb

158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

Maddə 159. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddətinin uzadılması

159.1. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti işin mürəkkəbliyi ilə əlaqədar böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə 1 (bir) aydan, az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 4 (dörd) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər.

159.2. Məhkəməyədək icraat zamanı işin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar həbsdə saxlanılma müddəti təkrarən az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 5 (beş) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər.

159.3. Təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılmasını zəruri hesab edən müstəntiq həbsdə saxlanılma müddətinin keçməsinə ən geci 7 (yeddi) gün qalmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müvafiq əsaslandırılmış vəsatət verir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin uzadılması zərurəti ilə razılaşdıqda, məhkəmə qərarı ilə müəyyən edilən həbsdə saxlama müddətinin keçməsinə ən geci 5 (beş) gün qalmış məhkəməyə müvafiq təqdimatla müraciət edir. Məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılmasının zəruriliyi ilə razılaşdıqda, onun barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarla müəyyən edilmiş həbsdə saxlanılma müddəti başa çatanadək təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılması barədə qərar qəbul edir.

159.4. Həbsdə saxlanılma müddətinin uzadılması barədə qərar qəbul edərkən həbsin ev dustaqlığı ilə əvəz edilməsi, habelə girov qoyulmaqla təqsirləndirilən şəxsin azad edilməsinin mümkünlüyü və girovun məbləğinin müəyyən edilməsi hüququ məhkəmədə saxlanılır.

159.5. Təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin uzadılması barədə qərar qəbul edərkən, məhkəmə həbsdə saxlanılmanın sonrakı müddətini bu Məcəllənin 159.1 və 159.2-ci maddələrində nəzərdə tutulmuş hədlərdə müəyyən edir.

159.6. Həbsdə saxlanılma müddətinin uzadılması və ya bundan imtina edilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin bu məsələ üzrə qərarı qətidir.

159.7. Cinayət işinin məhkəməyədək icraatı zamanı təqsirləndirilən şəxsin hər bir halda həbsdə saxlanılmasının son müddəti bir qayda olaraq aşağıdakılardan artıq ola bilməz:

159.7.1. böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə — 3 (üç) ay;

159.7.2. az ağır cinayətlər üzrə — 6 (altı) ay;

159.7.3. ağır cinayətlər üzrə — 9 (doqquz) ay;

159.7.4. xüsusilə ağır cinayətlər üzrə — 12 (on iki) ay

159.8. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı toplanmış materialların həcminin böyüklüyü və ya təqsirləndirilən şəxslərin sayının çoxluğu işin istintaqını gecikdirdiyi və başqa formada çətinlik yaratdığı müstəsna hallarda təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının 159.7-ci maddədə göstərilən son müddəti az ağır və ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə 6 (altı) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər.

159.9. Bu Məcəllənin 158.2.4-cü maddəsində nəzərdə tutulan hallarda təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının 159.7-ci maddədə göstərilən son müddəti keçdikdə və ibtidai araşdırmanın davam etdirilməsi zərurəti olduqda həbsdə saxlanılma müddəti 6 (altı) aydan çox olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər.



Maddə 160. Himayə və əmlaka nəzarət etmə hüququ

160.1. Valideynin və ya ailəni dolandıran şəxsin həbsə alınması, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri nəticəsində nəzarətsiz, baxımsız qalmış və həyat üçün zəruri vəsaitlərdən məhrum olunmuş yetkinlik yaşına çatmamış, habelə əmək qabiliyyəti olmayan şəxslərin himayə olunmaq hüququ vardır və həmin orqan bu hüququ Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Əmək qabiliyyəti olmayan şəxslərin dövlət sosial müdafiə orqanına və ya tibb müəssisəsinə müvəqqəti yerləşdirilməsinin, onlara nəzarət və qulluq edilməsinin təşkil olunması barədə cinayət prosesini həyata keçirən orqanın göstərişləri qəyyumluq və himayəçilik orqanları və onların vəzifəli şəxsləri üçün məcburidir. Cinayət prosesini həyata keçirən orqan yetkinlik yaşına çatmamışları və əmək qabiliyyəti olmayan şəxsləri qohumlarının razılığı ilə onların himayəsinə etibar etməyə haqlıdır.

160.2. Həbsə alınma, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri nəticəsində əmlakı baxımsız qalmış şəxs onun əmlakına nəzarət edilməsi hüququna malikdir. Göstərilən orqan həmin şəxsin əmlakına nəzarət edilməsi barədə xahişini onun hesabına təmin etməlidir. Şəxsin əmlakına nəzarət edilməsinin təşkili barədə cinayət prosesini həyata keçirən orqanın göstərişi müvafiq dövlət orqanları, müəssisə, idarə və təşkilatlar üçün məcburidir.

160.3. Cinayət prosesini həyata keçirən orqan bu maddəyə uyğun görülmüş tədbirlər barədə həbsdə saxlanılan şəxsə və ya digər maraqlı şəxsə təxirə salınmadan məlumat verməlidir.



Maddə 161. Həbsdə saxlanılma yeri müdiriyyətinin vəzifələri

161.0. Həbsdə saxlanılma yerinin müdiriyyəti aşağıdakıları etməlidir:

161.0.1. qətimkan tədbiri qismində həbs seçilməsi barədə məhkəmənin qərarı əsasında həbsdə saxlanılma yerinə gətirilmiş hər bir şəxsi dərhal qeydiyyatdan keçirmək;

161.0.2. həbsdə saxlanılma yerinə yenicə gətirilmiş şəxsin xahişi ilə onun həbsə alınması və harada saxlanılması haqqında ailəsinə, dostlarına və ya əlaqələri onun üçün qanuni maraq doğuran digər şəxslərə dərhal xəbər vermək (şəxs həbsə alınması və harada saxlanılması haqqında yuxarıda göstərilən şəxslərə məlumat vermək istəməzsə, həbsdə saxlanılma yerinin müdiriyyəti bunu zəruri ehtiyac olmadan, misal üçün, bu şəxsin qocalığı, psixi vəziyyəti və ya digər bu kimi hallar istisna olmaqla, öz təşəbbüsü ilə etməməlidir);

161.0.3. ədalət mühakiməsi mənafeyinin ziddinə, təhlükəsizliyin və həbsdə saxlanılma yerinin qaydalarının gözlənilməsi naminə bir sıra məhdudiyyətlər istisna olmaqla, həbsdə saxlanılan şəxsin ailə üzvləri, dostları və ya əlaqələri onun üçün qanuni maraq doğuran digər şəxslərlə ləyaqətli şəraitdə və nəzarət altında görüşlərini keçirmək;

161.0.4. həbsdə saxlanılan şəxslərin təhlükəsizliyini və onlara zəruri müdafiə və kömək göstərilməsini təmin etmək;

161.0.5. həbsdə saxlanılan şəxslər üçün daxil olan prosessual sənədlərin surətlərini onlara sənədlərin daxil olduğu gün, sənədlər gecə vaxtı daxil olmuşdursa, səhər saat 12-dək vermək;

161.0.6. həbsdə saxlanılan şəxslərin şikayət və digər ərizələrinin qeydiyyatını həyata keçirmək;

161.0.7. həbsdə saxlanılan şəxsin müstəntiqə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə ünvanlanmış şikayətlərini və digər ərizələrini təxirə salmadan aidiyyəti üzrə göndərmək;

161.0.8. həbsdə saxlanılan şəxsin məhkəməyə gəlməkdən imtina etməsini protokolda göstərmək;

161.0.9. müdafiəçini və qanuni nümayəndəni həbsdə saxlanılan şəxslə maneəsiz görüşə buraxmaq, onların kondensial, təklikdə, sayına və müddətinə məhdudiyyət qoyulmadan görüşməsinə imkan yaratmaq;

161.0.10. həbsdə saxlanılan şəxsin cinayət prosesini həyata keçirən orqana vaxtında çatdırılmasını təmin etmək;

161.0.11. müstəntiq, prokuror və ya məhkəmənin göstərişi ilə şəxsin həbsdə saxlandığı yerdə istintaq, yaxud digər prosessual hərəkətlərin həyata keçirilməsi imkanını təmin etmək;

161.0.12. həbsdə saxlanılan şəxsi cinayət prosesini həyata keçirən orqanın qərarına əsasən, digər həbsdə saxlanılma yerinə köçürmək; cinayət prosesini həyata keçirən orqanın həbs olunanların qanunla müəyyən edilmiş saxlanılma rejiminə zidd olmayan digər göstərişlərini yerinə yetirmək;

161.0.13. şəxsin həbsdə saxlanılma müddətinin başa çatmasına 7 (yeddi) gün qalmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora bu barədə məlumat vermək;

161.0.14. məhkəmənin müvafiq qərarı olmadan həbsdə saxlanılan və ya məhkəmənin qərarı ilə müəyyən edilmiş həbsdə saxlanılma müddəti başa çatmış şəxsləri, habelə şəxsin həbsdən azad edilməsi üçün məhkəmənin təyin etdiyi girov ödənildikdə dərhal azad etmək və bu barədə müvafiq hakimə (məhkəməyə) məlumat vermək.



Maddə 162. Şəxsin həbsdən azad edilməsi

162.1. Şəxs məhkəmənin qərarına əsasən aşağıdakı hallarda həbsdən azad edilməlidir:

162.1.1. təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinə görə ittiham təsdiq edilmədikdə və ya məhkəmədə cinayət işi üzrə icraata xitam verildikdə;

162.1.2. məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda;

162.1.3. şəxsin həbsdə saxlanılmasına zərurət olmadığı müəyyən edildikdə.

162.2. Təqsirləndirilən şəxs müstəntiqin və ya prokurorun cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarına əsasən də həbsdən azad edilə bilər.

162.3. Bu Məcəllənin 162.1.1 və 162.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda həbsdə saxlanılan şəxs məhkəmə zalında dərhal həbsdən azad olunmalıdır.

162.4. Həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi barədə cinayət prosesini həyata keçirən orqanın qərarının surəti alındıqda, şəxs həbsdə saxlanma yeri müdiriyyətinin rəhbəri tərəfindən dərhal həbsdən azad edilir.

162.5. Cinayət prosesini həyata keçirən orqanın qərarı olmadan həbsdə saxlanılma yerinin rəhbəri müvafiq protokol tərtib etməklə aşağıdakı hallarda şəxsi həbsdən azad edir:

162.5.1. məhkəmə qərarında müəyyən olunmuş həbsdə saxlanılma müddəti başa çatdıqda və bu müddət uzadılmadıqda;

162.5.2. bu Məcəllənin 159.7-ci maddəsində nəzərdə tutulmuş həbsdə saxlanmanın son müddəti başa çatdıqda;

162.5.3. cinayət prosesini həyata keçirən orqandan şəxsin həbsdən azad edilməsi üçün məhkəmənin təyin etdiyi girovun verilməsi barədə məlumat daxil olduqda.

162.6. Şəxs həbsdən azad edildikdən sonra cinayət prosesini həyata keçirən orqana yeni əhəmiyyətli hallar məlum olduğu və ya haqqında seçilmiş qətimkan tədbiri şərtlərinin pozulduğu hallar istisna olmaqla, həbsdən azad olunmuş şəxs həmin ittiham üzrə yenidən həbs edilə bilməz.

Maddə 163. Ev dustaqlığı

163.1. Ev dustaqlığı qətimkan tədbiri qismində təqsirləndirilən şəxsi həbsdə saxlamadan və cəmiyyətdən tam təcrid etmədən, lakin məhkəmənin qərarı ilə müəyyən edilmiş azadlıq və digər bir sıra hüquqlara məhdudiyyətlər qoyulmasından ibarətdir.

163.2. Ev dustaqlığının qətimkan tədbiri qismində seçilməsi məsələsinə məhkəmə tərəfindən yalnız müdafiə tərəfinin vəsatəti əsasında həbs qətimkan tədbirinin seçilməsi haqqında qəbul olunmuş qərarın əvəz edilməsi kimi baxıla bilər.

163.3. Ev dustaqlığını ayrı-ayrılıqda tətbiq olunan və ya mümkün məcmusu qaydasında aşağıdakı tədbirlər müşayiət edə bilər:

163.3.1. yaşayış yerindən tamamilə və ya müəyyən vaxtlarda çıxmağa qadağan qoyulması;

163.3.2. telefon danışıqlarına, poçt göndərişlərinə və digər rabitə vasitələrindən istifadəyə qadağan qoyulması;

163.3.3. müəyyən şəxslərlə ünsiyyətdə olmağa və evində hər hansı şəxsi qəbul etməyə qadağan qoyulması;

163.3.4. elektron nəzarət vasitələrinin tətbiqi, bu vasitələri gəzdirmək və onların işinə xidmət etmək vəzifəsinin qoyulması;

163.3.5. nəzarət telefon zənglərinə və ya digər nəzarət siqnallarına cavab vermək, təhqiqat orqanına və ya təqsirləndirilən şəxsin davranışına nəzarət edən digər orqana müəyyən edilmiş vaxtda zəng etmək, yaxud şəxsən gəlmək vəzifəsinin qoyulması;

163.3.6. təqsirləndirilən şəxsin və ya onun yaşayış yerinin müşahidə altına alınması, habelə evinin, mənzilinin və ya yaşayış üçün ona ayrılmış digər yerin polis tərəfindən mühafizə edilməsi;

163.3.7. təqsirləndirilən şəxsin lazımi davranışını və cəmiyyətdən natamam təcrid olunmasını təmin edən digər tədbirlər görülməsi.

163.4. Ev dustaqlığı, onun müddətinin müəyyən edilməsi və uzadılması, ev dustaqlığından azad etmə barədə qərarların qəbul edilməsi əsasları və qaydası bu Məcəllənin həbs qətimkan tədbirinə aid olan müddəaları ilə tənzimlənir.

163.5. Məhkəmə təqsirləndirilən şəxsin həbsdən azad edilməsi məsələsini həll edərkən ev dustaqlığının qətimkan tədbiri qismində seçilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul edir. Ev dustaqlığı qətimkan tədbirinin seçilməsi və ya bundan imtina edilməsi barədə məhkəmənin qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror həmin qərarla razı olmadıqda:

163.5.1. ev dustaqlığı qətimkan tədbirinin seçilməsi barədə məhkəmənin qərarı yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən təsdiq olunduqdan sonra qanuni qüvvəyə minir;

163.5.2. bu qərarın qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya instansiyası məhkəməsində baxılanadək birinci instansiya məhkəməsinin həbs qətimkan tədbiri kimi seçdiyi qərar ev dustaqlığı məsələsi həll edilənədək qüvvədə saxlanılır.

163.6. Ev dustaqlığı qətimkan tədbirinin tətbiqinə bu Məcəllənin 157.8-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarına əsasən xitam verilə bilər.



Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə