Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»


Qısamüddətli aktivlərin iqtisadi məzmunu, onların təsnifatı və qiymətləndirilməsinin konseptual əsasları



Yüklə 487,75 Kb.
səhifə2/5
tarix27.10.2017
ölçüsü487,75 Kb.
#7103
1   2   3   4   5
1.2. Qısamüddətli aktivlərin iqtisadi məzmunu, onların təsnifatı və qiymətləndirilməsinin konseptual əsasları

Aktivlərin, o cümlədən qısamüddətli aktivlərin mahiyyəti və funksiyasının düzgün müəyyən edilməsi onların idarə olunması mexanizminin səmərəliliyini yüksəltmək üçün mühüm əhəmiyyətə malikdir. Bu xüsusi ilə də idarəetmə üçün informasiya formalaşdıran mühasibat uçotunun təş­kilinə aiddir. Qısamüddətli aktivlərin uçotu və hesabatının təşkilində onların düz­gün və praktiki cəhətdən də­qiq və qiymətləndirilməsi heç də həmin aktivlərin elmi mahiyyə­tinin açıl­ma­sın­dan az əhəmiyyət kəsb etmir. Lakin, aktivlərin iqtisadi məzmununun onla­rın təsnifatından təcrid olun­muş şəkildə öyrənilməsi elmi və nəzəri baxımdan səmə­rə­siz hesab olunur. Əksinə, qısamüddətli ak­tivlərin mahiyyəti və funksiya­la­rının müəyyən edilməsi, düzgün təsnifatının aparılması onların uçotu və hesaba­tı­nın metodoloji əsaslarını müəyyən etməyə, bir sıra praktiki məsələlərin məq­səd­yön­lü həllinə əlverişli şə­rait yarada bilər.

İqtisadi ədəbiyyatlarda qısamüddətli aktivlərin təsnifatı və qiymətləndiril­mə­si məsələləri kifayət qədər geniş tədqiqat obyektidir. Bu da təbiidir, çünki həmin növ aktivlərin təsnifatı və qiymətləndirilməsi onların uçotunun, hesa­ba­tı­­nın təş­ki­li və aparılmasının başlıca şərtdir. Qısamüddətli aktivlərin uçot və hesabatda əks etdirilməsi onların müəyyən ardıcıllıqla qruplaşdırılmasını və sis­tem­ləşdiril­mə­sini tələb edir. Xüsusi vurğulamaq yerinə düşər ki, qısamüddətli ak­tivlərin təsnifatı aparılarkən əsas diqqət onların tərkibinə və istehsal pro­se­sin­­də oynadıqları rola yönəldilir. Bir faktı qeyd edim ki, qısamüddətli aktivlərin qəbul edilmiş tərkibi əksər iqtisadi və uçot ədəbiyyatlarında təkrar olunur. Baş­qa sözlə, tərkibinə görə qısamüddətli aktivlər eyni şəkildə göstərilir və interpre­ta­­siya olunur. Qısamüddətli aktivlərin tərkibinə və istehsaldakı roluna görə təs­ni­fatı məsələlərində iqtisadçılar arasında ciddi fikir ayrılığı, demək olar ki, yox­dur. Bir şeyi də qeyd etmək vacibdir ki, qısamüddətli aktivlərin təsnifatının nə­zə­­riyyəsi və prak­tikası arasında da ciddi kənarlaşma müşahidə olunmur. Bu­nun­­la belə, qısamüddətli aktivlərin tərkibi əlamətinə görə təsnifatı məsələləri üzə­rində bir qədər geniş dayanmaq lazım gəlir. Məsələ burasındadır ki, ölkə­miz­də, eləcə də digər MDB ölkələrində təşək­kül tapmış təsnifat əlamətləri qısa­müd­dətli aktivlərin beynəlxalq uçot və hesabat prak­tikasında qəbul edilmiş prin­siplər və standartlar sə­viyyəsində interpretasiyasına və təhlilinə imkan ver­mir. İqtisadi-nəzəri ədə­biy­yat­larda qısamüddətli aktivlərin tərkibinə istehsal eh­ti­yatları, bitməmiş isteh­sal, hazır məhsul, nağd pul vəsaitləri və hesab­laş­ma­lar­da olan vəsaitlərin daxil edilməsi təklif olunur. İqtisadi nəzəriyyəyə dair ədəbiy­yat­larda verilmiş bölgü demək olar ki, uçot üzrə ədəbiyyatlarda da eynilə təkrar olunur. A.V.Vlasovun redaktəsi altında buraxılmış dərslikdə bu hal açıqca eti­raf edilir: «Əsas vəsaitlər və dövriyyə vəsaitləri anlayışları siyasi iqtisaddan mə­lum­dur. Lakin, bu anlayışların mühasibat uçotu baxımından informasiya məz­mu­nu onla­rın sırf nəzəri məzmunundan fərqlənir». Zənnimizcə, uçot üzrə ədə­biy­yatlarda istehsal ehtiyatlarının istehsaldakı roluna görə daha geniş şəkildə təsnifatı verilir.

Son dövrlərdə uçot üzrə çapdan çıxmış bir çox mənbələrdə bütövlükdə döv­­riyyə vəsaitləri deyil, onların yalnız ayrı-ayrı növləri, yaxud tərkib hissələri təsnif edi­lir. Belə ki, həmin mənbələrdə dövriyyə və­sait­lə­ri­nin tərkibinə yalnız əmək əşyaları və digər material dövriyyə aktivləri daxil edilir. Pul vəsaitləri, he­sab­­laşmalarda olan vəsaitlər isə həmin dərsliklərin müəllifləri tərəfindən qısa­müd­­dət­li aktivlərin tərkibinə daxil edilmir. Halbuki, mühasibat balansında hə­min aktivlərin hamısı dövriyyə aktivlərinin məcmusunu təşkil edir. Məlum hə­qiqətdir ki, bazar şəraitində dövriyyə aktivlərinin tərkibi daha da genişlənir və onların tərkibinə qısamüddətli qiymətli kağızlar, digər hüquqi və fiziki şəxslərə verilmiş qısamüddətli borclar kimi elementlər daxil edilir. Özü də bir çox müəssisələrdə, xüsusilə də səhmdar cəmiyyətlərində bu növ dövriyyə aktivlə­ri­nin məbləği və xüsusi çəkisi daim artır. Həmin dövriyyə aktivlərinin bilavasitə is­teh­salla heç bir əlaqəsi yoxdur və onlar yalnız P-P1 sxemi üzrə fəaliyyət gös­tə­rir. Əgər əvvəllər dövriyyə aktivlərinin başlıca əlaməti kimi onların bir for­ma­dan digər formaya keçməsi göstərilirdisə, hazırda həmin əlamət həlledici əhə­miy­yət kəsb etmir. Çünki, dövriyyə aktivlərinin bəzi növ­ləri, konkret olaraq pul vəsaitlər, müəssisəyə gəlir gəti­rərkən öz formasını dəyişməyə bilər.

Məlumdur ki, qısamüddətli aktivlər öz dövranına pul şəklində başlayır, daha sonra müəs­sisənin fəaliyyət istiqamətlərindən asılı olaraq digər formaya (isteh­salat ehtiyatları; bitməmiş istehsalat; hazır məhsul) çevrilir. Lakin, bütün hal­larda dövriyyə aktivlərinin başlıca funksiyası, bəzi müəlliflərin iddia etdik­lə­ri kimi istehsala, yaxud tədavülə xidmət etmək deyil, müəyyən gəlir, mənfəət gə­tir­mək hesab olunur.

Dövriyyə aktivlərinin bir formadan digər formaya keçməsi müxtəlif funk­si­yalar daşımır. Bununla əlaqədar olaraq iqtisadçı-nəzəriyyəçilərin aktivlərin döv­ranında məhsuldar formanın əmtəə, yaxud pul formasına nisbə­tən daha vacib olduğu fikrini qəbul etmək elmi cəhətdən mümkün olmur. Çünki, bu əs­lində istehsalın tədavüldən üstün olması anlamına gəlir. Cəmiyyətdə istehsalın is­tehlaka, təklifin tələbə nisbətən üstünlüyü fikrinin qəbul edilməsi praktikada ciddi neqativ halların yaranmasına səbəb ola bilər. Dövriyyə aktivlərinin əsas hissəsinin istehsal sahələrində cəm­ləş­məsi tədavül sferasının inkişafını ləngidir, tələbin öyrənilməsinə imkan ver­mir, anbarlarda küllü miqdarda material ehti­yat­larının, bit­məmiş istehsal və hazır məhsul qalığının yığılmasına səbəb olur və dövriyyə aktivlərinin dövr sürəti yavaşıyır. Bazar iqtisadiyyatı şəraitində sadə bir həqiqət mövcuddur ki, avans edilmiş ümumi ma­liyyə resurslarının tərkibin­də dövriyyə aktivlərinin payı nə qədər yüksək olarsa, aktivlərin dövretmə vaxtı bir o qədər az olar və əksinə, dövriyyə aktivlərinin tərkibində tədavül fondla­rı­nın payı nə qədər yüksəkdirsə, məhsul da bir o qədər tez reallaşır və təkrar is­teh­salın sürəti artır, müəssisələrin maliyyə vəziyyəti möhkəmlənir.

Xüsusi vurğulamaq yerinə düşər ki, dövriyyə aktivlərinin mövcudluq for­ma­sı onların likvidlik səviyyəsini daha dəqiq müəy­yən etməyə imkan verir. Döv­riyyə aktivlərinin ayrı-ayrı formalarının müxtəlif funksiyalar daşıması və bu funksi­yalardan konkret birinin üstünlük təşkil etməsi nəzəri və praktiki cəhətdən qəbul edilməzdir. Çünki, dövriyyə aktivləri mövcudluq formasından və fəaliyyətdə hansı rola malik olmasından asılı olmayaraq son nəticədə pul şəklində əlavə gəlir (mənfəət) gətirmək kimi ali məqsədə xidmət edir.

Qeyd etmək yerinə düşər ki, bütün iqtisadçılar dövriyyə aktivlərinin, kon­kret olaraq onların material ehtiyatları növlərinin istehsalda bir dəfə iştirak et­di­yini və bu zaman öz dəyərini tamamilə məhsulun maya dəyərinə keçir­diyini xüsusi vurğulayır. Halbuki, burada başlıca cəhət dövriyyə aktivlərinin kon­kret vaxt ərzində gəlir gətirmələri hesab olunur. Müəssisə üçün dövriyyə aktivlərinin məhsuldar, yaxud əmtəə formasında olması ümumiyyətlə heç bir əhəmiyyət kəsb etmir. Bu mövcud­luq formaları iqtisadi reallıqdan daha çox texniki-təşki­la­ti faktorlara bənzəyir. Çünki, əvvəlcə pul şəklində avans edilmiş vəsaitlər is­teh­sal prosesində həmin formalara çevrilməklə yenidən pul şəklinə qayıdır. Yal­nız bu reallıqdan çıxış edərək istehsal ehtiyatlarının uçotu təşkil edilir. Mövcud­lu­ğu və hərəkəti sırf pul vəsaiti şəklində olan dövriyyə aktiv­lə­ri­nin həmin möv­cudluq formalarında olması isə lazım gəlmir. Beləliklə, müəs­si­sənin fəaliyyəti prosesində bu və ya digər dövriyyə aktivləri növlərinin oynadığı rola görə qrup­laş­dırılması lüzumsuz görünür. Çünki, onların hamısı bu prosesdə eyni iqtisadi rol oynayır. Uçotda aktivlərin tər­kib hissələrinə bölün­mə­si­nin zəruriliyi isə on­la­rın idarə edilməsi üçün in­for­ma­siyanın formalaş­dırıl­ma­sın­dan, müəssisə­nin əmlak vəziyyətinin təhlili və qiymətləndiril­məsi kimi digər praktiki tələblər­dən irəli gəlir.

Son dövrlərdə dərc edilmiş bəzi ədəbiyyatlarda dövriyyə aktiv­lə­ri­nin təs­ni­fatı daha geniş əlamətlər üzrə aparılır. Başqa sözlə, bu mənbələrdə dövriyyə ak­tiv­ləri yalnız tərkibinə görə deyil, həmçinin mövcudluq formasına, əmə­lə­gəl­mə mənbə­lərinə, müəssisəyə mənsu­biy­yətinə,likvidlik səviyyəsinə və müx­təlif fəaliy­yət növlərində iştirakına görə qruplaşdırılır. İ.A.Blank dövriyyə aktivlərinin ay­rı­ca deyil, bütövlükdə dövriyyədənkənar aktivlərlə bir­li­kdə daha geniş təsnifatı­nı verir. Həm də adı çəkilən müəllif dövriyyə aktiv­lərinin təsnifatını daha çox ABŞ-da möv­cud olan təsnifata uyğun və MHBS-da qəbul edilmiş təsnifatla mü­­qayisəli şəkildə aparır. S.M.Qasımovun əsərlərində dövriyyə aktivlərinin təs­ni­fatı ümumi aktivlərin sxemi çərçivəsində ayrıca verilir. Göstərilən müəlliflərin müəyyən etmiş olduğu təs­nifat əlamətləri üzrə döv­riy­yə vəsaitlərinin qruplaş­dı­rılması həm nəzəri, həm də praktiki xarakter daşıyır. Belə ki, bəzi təsnifat əla­mət­ləri real praktikada işlədilmir və onlar daha çox nəzəri əhəmiyyət daşıyır. Bunu belə başa düşmək olar ki, dövriy­yə aktiv­ləri­nin heç də hamısı həmin təs­ni­fat əlamətləri üzrə ayrı-ayrılıqda qruplaş­dı­rıl­­mır. Əksinə, dövriyyə aktiv­lə­ri­nin uçotunun təşəkkül tapmış metodikası onların müxtəlif əlamətlər üzrə qrup­laş­dırılmasını tələb edir. İqtisadi ədəbiyyat­lar­da veril­miş təsnifat əlamətləri və bu əlamətlərə görə dövriyyə aktivlərinin qruplaş­dırılması müasir dövrdə etibarlı və keyfiyyətli informasiyanın formalaş­masına əlverişli şərait yaradır.

İ.A.Blank, S.M.Qasımov və başqaları likvidlik dərəcəsinə görə aktivləri qrup­laşdırarkən likvid olmayan aktivlər qrupunu ayırır. S.M.Qasımov likvid ak­tivlərə nələrin daxil olduğunu açıqlamasa da, İ.A.Blank ümidsiz debitor borclarını, gələcək dövrlərin xərclərini, cari və keçmiş illərin zərərlərini belə ak­tiv­lərə aid edir. Zən­ni­mizcə, sadalanan bu anlayışların heç birinin likvid ol­ma­yan aktivlərə aid edilməsi düzgün sayılmır. Əvvəla onu deyək ki, ümidsiz de­bitor borclarının da ləğv edilməsi imkanları hər halda mövcud olur. Belə imkan olmadıqda isə onlar tamamilə silinir və balansda əks etdirilmir. Əgər, onlar si­linir­sə, dövriyyə aktivlə­rinin tərki­bindən silinmiş olur və onların likvidliyindən danışmaq mənasız hala çevrilir.

Gələcək dövrlərin xərclərinin likvid, yaxud likvid olmayan dövriyyə aktiv­lə­rinə aid olunub-olunmaması məsələsi mübahisəli olaraq qalır. «Gələcək dövr­lərin xərcləri» maddəsi heç bir likvidlik qrupuna daxil edilmir. Bunun nə ilə əlaqədar olması hələ də qaranlıq qalır. Bəzi ədəbiyyatlarda «Gələcək dövrlərin xərcləri» maddəsi heç bir likvidlik qrupuna daxil edilmir. Bunun nə ilə əlaqədar olması hələ də qaranlıq qalır. Q.V.Saviskaya «Gələcək dövrlərin xərclərin» mad­dəsini cari aktivlərin likvidlik qruplarından birində əks etdirir və onun lik­vid dövriyyə aktivləri sırasına aid olunması məqsədə­uyğun sayılır. Biz, o müəl­lif­lərin mövqeyi ilə razıyıq ki, onlar gələcək dövrlərin xərclərini likvid dövriyyə aktiv­lərinin tərkibinə daxil edir. Məsələ burasındadır ki, müəssisənin fəaliy­yə­tin­də faydalı istifadə olunan bütün aktivlər likvidliyə malik olur. Əgər, onlar müəssisənin fəaliyyətində faydalı istifadə edilmir və gəlir gətirmirsə, onda onları aktivlərin tərkibində əks etdirməyin özü düzgün sayılmır, yaxud da mənasız olur. Gələcək dövrlərin xərcləri əslində dövriy­yə aktivlərinin pul formasının məh­suldar formaya çevrilməsi sayılır və onlar nə zamansa gəlir gətirir. Bizim bu fikrimiz belə bir nəzəri müddəaya əsaslanır ki, müəssisənin balansında əks etdi­ri­lən bütün aktivlər əslində müəssisənin çəkmiş olduğu xərclər kimi uçota alınır.

Deyilənləri nəzərə almaqla qısamüddətli aktivlərin təsnifatının aşağıdakı sxem üzrə aparılması təklif edilir. Aktivlərin idarə edilməsi mexanizminin ən mü­hüm elementlərindən biri on­la­rın qiymətləndirilməsidir. Çünki, elmi-prak­ti­ki cəhətdən əsaslandırılmış qiy­mət­­ləndirmə sistemi olmadan bütövlükdə aktiv­lə­rin, o cümlədən də onların tər­kib hissəsi olan qısamüddətli aktivlərin uçotunu aparmaq və onlar barədə hesa­bat­da real, obyektiv və düzgün informasiya for­ma­­laşdırmaq mümkün olmur. Daha dərinə getsək deyə bilərik ki, əslində qiy­mət­ləndirmə olmadan müəssi­sənin malik olduğu aktivlərin, bütövlükdə onun tə­sər­rüfat-kommersiya fəaliyyə­tinin uçotunu aparmaq qeyri-mümkündür. Qiy­mət­ləndirmə mühasibat uçotunun, o cümlədən qısamüddətli aktivlərin uçotu­nun aparılmasının əsas prinsiplərindən və şərtlərindən biridir. Bu prinsip nəinki bizim ölkəmizdə, həmçinin də beynəlxalq uçot praktikasında eyni əhəmiyyətə və mənaya malikdir.

İqtisadi ədəbiyyatlarda bəzi müəlliflər bu prinsipin zəruriliyi və əhəmiy­yə­ti­ni bir çox faktor­larla bağlayır. Doğrudan da, müəssisə aktivlərinin qiymətlən­di­ril­məsinin zərurili­yi və əhəmiyyəti müəssisənin fəaliyyətinin müxtəlif aspekt­lə­ri ilə izah olunur. Sadalanan aspektlərin hamısı qiymətlən­dir­mə­ni zəruri edir, çün­ki qiy­mətləndirmə həmin hadisələr haqqında lazımi informasiyanı formalaş­dırır.

Məlumdur ki, mənfəət əldə etmək müəssisənin hər cür fəaliyyətinin ilkin məq­sədini təşkil edir. Mənfəət əldə olunması məqsədilə müəssisə aktivləri əldə edir və onları müəyyən istiqamətlərdə və fəaliyyət növlərində istifadə edir. Ak­tiv­­­lərin başlıca funksiyası isə gəlir gətirməkdə özünü biruzə verir. Nəzəri cəhət­dən aydındır ki, qiymət yeni yaradılan dəyərin pulla ifadəsidir. Əgər, mənfəət yeni yaradılan də­yə­rin bir hissəsidirsə, onda bu o deməkdir ki, aktiv­lə­rin qiy­mət­­ləndirilməsi yeni yaradılan dəyərin (mənfəətin) ölçülməsi üçün la­zımdır. De­məli, aktivlərin qiymət­lən­­dirilməsi mənfəətin həcminin nəzəri cəhət­dən müəy­yən­ləş­di­rilməsi zərurətindən irəli gəlir. Mənfəət hələlik reallaş­dırılmaya bilər, lakin bu onun mücərrəd şəkildə kəmiyyətinin müəyyən olunması və gələcək praktiki qərarların qəbul edilməsi üçün vacibdir.

Praktiki cəhətdən, yəni mühasibat nöqteyi-nəzərindən mənfəətin hesab­la­nıl­ması üçün ilk növbədə xərclərlə gəlirləri müqayisə etmək lazım gəlir. Bu hal­da xərclər aktivlərin əldə edilməsi üçün sərf edilmiş kapital hesab olunur ki, onun istifadəsi müəyyən dövr ərzində müəssisəyə gəlir gətirir. Deməli, həmin ka­­pitalın sərfi nəticə­sində əldə edilmiş aktivlərin qiyməti sərf edilmiş həmin ka­pi­talın, yaxud xərclərin məbləğinə bərabər olur. Qeyd edildiyi kimi, hər bir müəssisə gəlir əldə etmək və xalis mənfəət qazanmaq üçün xərc çəkir. Beləliklə, gəlirlərlə xərcləri müqayisə etməklə hər bir konkret əməliyyat üzrə mənfəəti müəyyən etmək olar. «Mənfəət» elə bir anlayışdır ki, o təkcə müəssisəni deyil, həm də digər hüquqi və fiziki şəxsləri də maraqlandırır. Onların da mənfəətdə müəyyən maraqları var və həmin müəssisəyə investisiya yönəltdikdə qazanıl­mış mənfəətin bir hissəsinin əldə edilməsinə çalışır. Sözsüz ki, investorlar öz ka­pi­tallarını müəssisəyə qoymaqla təkcə öz maraqlarını təmin etmir, eyni za­man­da mənfəəti müəyyən etməklə aktivlərin artım mənbələrini proqnozlaş­dırır.

Lakin, qısamüddətli aktivlərin qiymətləndirilməsinin zəruriliyi təkcə yuxa­rı­da göstə­rilən strateji məqsədin həyata keçirilməsi ilə tamamlanır. Aktiv­lərin qiy­­mət­ləndiril­məsi aşağıdakı vəzifələrin həlli üçün vacibdir: 1)müəssisənin ma­liy­­yə hesabatında lazımi informasiyanın formalaşması; 2)məhsulun (işin və xid­mə­tin) real maya dəyərinin hesablanılması və qiymət siyasətinin formalaş­dırıl­ması; 3)maliyyə nəticələrinin müəyyənləşdirilməsi və maliyyə vəziyyətinin qiy­mətlən­di­ril­məsi; 4) vergilərin hesablanılması üçün baza göstəricisinin düz­gün müəyyən edilməsi; 5) müəssisənin strateji inkişaf məsələlərinin tənzimlən­mə­si üçün düzgün qərarların qəbul edilməsi; Göründüyü kimi, aktivlərin qiymət­ləndirilməsi həm keçmiş hadisələrə qiy­mət vermək, həm də cari və pers­pek­tiv məsələləri müəyyən etmək üçün lazım gəlir. Tə­biidir ki, qiymətləndir­mə­nin özünə müxtəlif aspekt­lərdən yana­şıl­ması qiymət­ləndirmənin müxtəlif metodla­rın­dan və üsullarından istifadə edilməsini zəruri edir. Bununla əlaqədar təsadüfi deyildir ki, iqtisadçı-mühasiblər ara­sında aktivlərin qiymətləndirilməsi sahəsin­də formalaşdırılmış bəzi fikirlər bu gün mübahisə obyekti olaraq qalır. On­lar­­dan bəziləri aktivlərin maya dəyərinə görə qiymətləndirilməsinə, digərləri isə cari xərclərə görə qiymət­lən­dirilməsinə üstünlük verir. Birinci variant əsasında qiy­mətləndirmənin aparıl­ma­sı şirkətin keçmişini da­ha yaxşı əks etdirməyə,ikin­ci varinat əsasında apa­rı­lan qiymət­lən­dirmə isə şirkətin inkişaf pers­pek­tiv­lərini müəyyən etməyə əlverişli şərait yaradır.

E.S.Xenderiksen və M.F.Van Breda aktivlərin qiymətləndirilməsi sahəsin­də öz araşdırmalarını apararaq belə bir nəticəyə gəlir ki, aktivlərin qiymətlən­di­ril­­mə­si bir neçə variantlarda həyata keçirilə bilər: 1)aktivin maya dəyəri; 2) ak­tiv­­lərin dəyiş­diril­məsi ilə əlaqədar gözlənilən gələcək xərclər; 3) keçmiş satış qiy­məti, 4)satışın gözlənilən dəyəri; Amerika iqtisadçıları tərəfindən göstərilən həmin qiymət tipləri nəzəri deyil, praktiki xarakter daşıyır. Söhbət ondan gedir ki, bu və ya digər qiymət tipinin istifadəsi zaman çərçivəsindən bilavasitə asılı olur. Məsələn, əgər iqtisa­diyyatda əhəmiyyətli dərəcədə inflyasiya prosesi baş verirsə, onda aktivlərin maya dəyərilə qiymətləndirməsi və balansda əks et­diril­mə­si düzgün sayılmir. Başqa sözlə, inflyasiya şəraitində aktivlərin maya də­yəri ilə qiymətlən­di­rilməsi aktivlər haqqında olan informasiyanı yararsız edir. Bu zaman cari satış, yaxud bazar qiymətlərindən istifadə edilməsi zərurəti ya­ra­nır. Deyilənlər əslində FİFO və LİFO metodlarından istifadə olunmasını vacib edir.

Qeyd edək ki, aktivlərin qiymətləndirilməsi metodları əslində bey­nəlxalq aləmdə qəbul edilmiş üsullara uyğun gəlir.Mə­sə­lən,istehsala buraxılan material­­la­rın dəyərinin qiymətləndirilməsi üçün istifadə olunan FİFO və LİFO metod­ları dediklərimizi əyani şəkildə sübut edir. Həmin metodların ölkəmizin uçot və hesabat praktikasında tətbiqi yalnız nəzəri cəhətdən mümkündür. Sözügedən metodların tətbiqi, ilk növbədə, dövlətin müəyyən etmiş olduğu vergi qanun­ve­ri­ciliyi ilə uzlaşdırıldıqda daha səmərəli olur. Hələlik isə belə bir mexanizm yoxdur və buna görə də müəssisələr material dövriyyə aktivlərini ənənəvi me­todlarla, yəni plan maya dəyəri, uçot qiymətləri, orta maya dəyəri metodları ilə qiymətləndirir. Bu qiymətləndirmə metodları cari uçotun apa­rıl­ması üçün is­tifadə olunur və əslində onlar uçot qiymətləri kimi qəbul edilir.


1.3. Qısamüddətli aktivlərin uçotu və təhlilinin ümumi prinsipləri
Aktivlərin, o cümlədən qısamüddətli aktivlərin uçotu və təhlili, mühasibat uçotu və iqtisadi təhlilin ümumqəbul edilmiş əsas prinsipləri üzərində qurulur. Araşdırmalar göstərir ki, beynəlxalq miqyasda mühasibat (maliyyə) uçotunun və maliyyə hesabatının konseptual əsasları və prinsipləri kifayət qədər mükəm­məl işlənilib hazırlanmışdır. Həmin konseptual əsas və prinsiplər müha­sibat uçotu və hesabatının bütün elementlərini, yəni aktivləri, kapitalı, öhdəlikləri, gəlir və xərcləri əhatə edir. Həmin elementlər daim bir-biri ilə qarşılıqlı əlaqədə mövcud olduğu üçün onların konseptual əsası və prinsipləri də vahiddir. Mə­lum həqiqətdir ki, qısamüddətli aktivlərin uçotu və hesabatının konsep­tual əsa­sı qarşıya qoyulan vəzifə­dən, məqsəddən asılıdır. Bu vəzifə, yaxud məq­səd ma­liy­yə hesabatı istifa­də­çilərinin əsaslı idarəetmə, maliyyə və investisiya qə­rar­ları qəbul etməsi üçün onların keyfiyyətli və etibarlı informasiya ilə təmin edil­­mə­si­dir. Qısamüddətli aktivlərə münasibətdə həmin informasiya kifayət qə­dər əhə­miy­yətli, dürüst, müqayisəyə gələn və istifadəçilər üçün anlaşılan olmalı­dır. Bu tə­ləb­ləri yerinə yetirmək üçün uçot və hesabatda qısamüddətli aktivlər üzrə in­for­masiyanın formalaşması müəyyən ümumqəbul edilmiş vahid prin­sip­lər, nor­ma­lar və standartlar əsasında əhyata keçirilir. Həmin ümumqəbul edil­miş prin­siplərin və standartların məcmusu digər elementlər kimi qısamüddətli ak­tiv­lərin də uçotu və hesabatının vahid konseptual əsasını təşkil edir.

Məlum olduğu kimi, konsepsiya sözü latın sözü olan «conceptio» sözün­dən götürülmüş və hərfi mənası başa düşmək, anlamaq deməkdir. Mühasibat uçotu və hesabatı nöqteyi-nəzərindən konsepsiya uçotunun aparılması və he­sabatın tərtib edilməsinin əsas nəzəri prinsiplərinin məcmusu sayılır. Konsep­si­ya qısa­müd­dətli aktivlərə rəğmən mühasibat uçotu üzrə yeni normativ aktların və mövcud qaydaların yenidən işlənilib hazırlanmasına xidmət edir, maliyyə he­sa­batında əks etdirilmiş məlumatların istifadəçilər tərəfindən başa düşülməsinə əlverişli şərait yaradır. Konsepsiya müvafiq standartların hazırlanmasının mən­ti­qi əsasında durur, standartlar arasındakı qarşılıqlı əlaqələri izah edir. Yu­xa­rı­da sadalanan­lara istinad edərək qısamüddətli aktivlərin uçotu və hesa­batının konseptual əsasının aşağıdakı elementlərini göstərmək olar: 1)məqsəd; 2)infor­ma­­siyanın keyfiyyət xarakteristi­kası; 3)prinsiplər; 4)standartlar; 5)şərh­lər; 6) prak­tika; Onu da qeyd edim ki, həmin ele­mentlər beynəlxalq praktikada kifayət qədər əsaslandırılmış və formulə olun­muş­dur. Məsələn, ABŞ-da maliyyə uçotu­nun konsepsiyalarına dair Əsasnamə FASB tərəfindən 1978-1985-ci illərdə iş­lə­nilib hazırlanmış, MHBSK tərəfindən isə maliy­yə hesabatının tərtib edilməsi və təqdim olunması üzrə Konseptual əsaslar 1989-cu ildə təsdiq edilmişdir. Kon­sep­­tual əsaslarda maliyyə hesabatının beş elementi üzrə kənar istifadəçilərə informasiyanın formalaşdırılması və təqdim edilmə­sinin əsas konsepsiyaları əks etdirilir. Konseptual əsaslarda beş ele­ment­dən biri olan aktiv­lər barədə uçot və hesabatda informasiyanın aşağıdakı ardıcıllıqla açıqlanması tələb olunur: 1) ak­tiv­lərin, o cümlədən qısamüddətli aktiv­lərin mahiy­yə­tinin açıqlan­ması, daha doğ­rusu onların tərifi; 2) qısamüd­dət­li aktivlərin tanınması qaydası və krite­ri­ya­la­rı; 3) qısamüddətli aktivlərin qiy­mətləndirilməsi; 4) qısamüd­dətli ak­tiv­lərin təs­nifatı, yaxud uçot və hesa­bat­da əks etdirilməsi; 5) maliyyə hesabatında qısa­müd­dətli aktivlərin haqqında növ­lər və parametrlər çərçivəsində informasiya ve­rilməsi; 6)qısa­müddətli ak­tivlər barədə informasiyanın hesabata əlavə olu­nan izahlı qeydlərdə verilməsi;

Bütün bunların əldə edilməsi üçün qısamüddətli aktivlərin uçotunun müəy­­yən prinsiplərə cavab verməsi lazım gəlir. Bu prinsiplər əslində uçotda for­ma­­la­şan və hesabatda əks etdirilən ifnormasiyanın istifadəçilər üçün faydalı ol­masını şərtləndirir. Həmin prinsiplər bəzən informasiyanın keyfiyyət xarak­te­ris­tikaları ad­landırılır və onlara aşağıdakılar aid edilir: 1)əhəmiyyətlilik; 2)dü­rüst­lük; 3)məz­­munun formadan üstünlüyü; 4)neytrallıq; 5)ehtiyatlılıq; 6)tamlıq; 7)mü­­qa­yisəlilik; 8) pul ifadəsində ölçülmə; 9) fəaliyyətin fasiləsizliyi; 10) uçot si­ya­­sə­ti­nin tət­biqində ardıcıllıq; 11) gəlirlərin və xərclərin uyğunluğu; 12) tarixi dəyər prin­sipi;

MHBS-ın konseptual əsaslarında informasiyanın, o cümlədən qısa­müd­dət­li aktivlər üzrə informasiyanın müxtəlif blok istifadəçilər üçün aydın olması onun mühüm keyfiyyət xarakteristikası kimi vurğulanır. Bu məqsədlə hesab edi­lir ki, müxtəlif istifadəçilər bloku qısamüddətli aktivlər və onların növləri ba­rədə kifayət qədər biliyə və təcrübəyə malik olur. Lakin, müxtəlif blok istifa­də­çi­lərin informasi­yanı çətin anlaması səbəbindən mühüm iqtisadi qərarların qə­bul edilməsi üçün lazım olan informasiyanın uçot və hesabatdan çıxarıl­ma­sına yol verilmir.

Azərbaycanda uçot və hesabatın şəffaf olması Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş standartların məzmunu və formatı əsasında təmin olunur. Bir çox xarici ölkələrdə isə bu prinsip qanunvericilik qaydasında təsbit olunur, digər ölkələrdə isə deklarativ xarakter daşımır. Xüsusi vurğulamaq yerinə düşər ki, uçot və hesabatda qısamüddətli aktiv­lər barəsində verilən informasiya o za­man yerində hesab edilir ki, bu infor­masiya istifadəçilərin iqtisadi qərarlarına təsir edir, keçmiş, indiki və gələcək hadisələri qiymətləndirməkdə, yaxud keçmiş qiymətləndirmələrin nəticərinin təsdiq etməkdə onlara əlverişli şərait yaradır. Heç kimə sirr deyildir ki, infor­masiyanın yerində olmasına onun əhəmiyyətliliyi ciddi təsir edir. İnformasiya o zaman əhəmiyyətli sayılır ki, onun təhrif edilməsi malsatanların və digər kredi­tor­ların iqtisadi qərar­lar qəbul etməsinə mənfi təsir göstərmiş olur. Bir faktı xüsusi qeyd edim ki, infor­masiyanın faydalı olması onun etibarlılığından bilavasitə asılıdır. Qısamüddətli aktivlər haqqında infor­ma­siya o zaman dürüst hesab oluna bilər ki, onda əhəmiyyətli təhriflərə və səhv­lərə yol verilmir. İnformasiyanın dürüst olması, həm də onun neytral və mü­­qayisə oluna bilməsi ilə xarakterizə edilir. İnformasiya yerində ola bilər, ancaq, eyni zamanda o qədər qeyri-dürüst ola bilər ki, onun tanınması əhə­miy­yətli səhvlərə gətirib çıxarır. Məsələn, mühasibat balansı aktivlər və kapital kimi elementlərlə yanaşı, öhdəliklərin dəyişməsinə səbəb olan hadisə və faktları dürüst əkst etdirməlidir. Əks halda, müəssisənin maliyyə vəziyyətini, ödəmə qa­biliyyətini və likvidliyini xarakterizə edən göstəricilər təhrif edilmiş olur. O da məlumdur ki, qısamüd­dətli aktivlərlə bağlı hadisə və faktların uçotunu apa­rar­kən, ilk növbədə onların mahiyyətini, iqtisadi məzmununu daha çox ön pla­na çəkmək lazım gəlir. Başqa sözlə, qısamüddətli aktivlərlə bağlı hadisələrin məz­munu bir qayda olaraq onların hüquqi forması üzərində prioritetə malik olur.

Ehtiyatlıq (konservatizm) prinsipinin başlıca mahiyyəti ondan ibarətdir ki, müəssisə uçot və hesabatda hadisələri əks etdirərkən aktivlərin, yaxud gəlirlərin artırılmasına, öhdəliklərin, yaxud xərclərin azaldılmasına yol vermir. Bununla belə, ehtiyatlılığa əməl etmək o anlama gəlmir ki, aktivləri, yaxud gəlirləri bilə­rək­dən azaltmaq, öhdəlikləri, yaxud xərcləri süni surətdə artırmaq olar. Bu hal­da uçot və hesabatın informasiyası neytral və dürüst olmur.

Müqayisəlilik o deməkdir ki, informasiya istifadəçilərə müəssisənin maliy­yə vəziyyətinin dəyişməsini bir neçə il üzrə müqayisə etməyə imkan verir. Mü­qa­yisə həmçinin oxşar sahədə işləyən və ixtisaslaşmaya malik olan müəssisələrin müvafiq informasiyası ilə də aparıla bilər. Müqayisəliliyin təmin olunmasının mü­hüm sərti müvafiq uçot siyasətinin işlənilib hazırlanması hesab edilir. Şir­kə­tin uçot siyasəti digər elementlər kimi qısamüddətli aktivlərin uçotunun apa­rıl­ması və maliyyə hesa­batının tərtib edilməsi zamanı istifadə edilir. Uçot siya­sə­ti elə işlənilib hazırlanır ki, istifa­dəçilər onun dəyişməsinin qısamüddətli ak­tiv­lərin hərəkəti barədə infor­ma­siyanın dəyişməsinə təsirini asan müəyyən edə bilir.

Pul ilə ölçmə prinsipinin mahiyyətində baş vermiş hadisə və faktlar barə­sində məlumatların ümumi informasiya şəklində formalaşdırılması dayanır. Əgər, mühasibat uçotunda qeydə alınan bir sıra obyektləri natural ifadədə əks etdirmək mümkündürsə, qısamüddətli aktivləri yalnız pul ifadəsində əks et­dir­mək olar. Qısamüddətli aktivlərə qısamüddətli öhdəlikləri, cari dövrdə yaranan öhdəliklərlə ödənilən öhdəlikləri yalnız pul ifaəsində müqayisə etmək olar. Xü­susi vurğulamaq yerinə düşər ki, pul ilə ölçmə prinsipi uçot və hesabatın bütün elementləri barədə informasiya formalaşdırmaq üçün istisnasız olaraq əksər ölkələr tərəfindən istifadə olunur.

Fəaliyyətin fasiləsizliyi prinsipi qısamüddətli aktivlərin uçotunun qurul­ma­sı və hesabatının tərtib olunmasında mühüm əhəmiyyət kəsb edir. Onun mahiy­yəti bundan ibarətdir ki, mühasibat uçotu müəssisənin yarandığı gündən ləğv olunduğu günədək fasiləsiz aparılır. Özü də müəssisə yarandığı gündən ləğv olun­duğu günə qədər onun fəaliyyəti prosesində həm uzunmüddətli, həm də qısa­müddətli aktivlərdən istifadə olunur. Bütün aktivləri yalnız xüsusi mənbələr hesabına yaradılmış və fəaliyyətin sonunadək 100 faizli xalis aktivlər ilə fəaliy­yət göstərən müəssisə tapmaq qeyri-mümkün sayılır. Müəssisənin fasiləsiz fəaliy­­yəti müddətində qısamüddətli aktivlər bir tərəfdən yaranır, digər tərəfdən istifadə olunur. Əgər müəs­sisənin yaxın gələcəkdə bağlanmaq perspektivi olar­sa, o ilk növbədə qısamüddətli aktivləri hesabına öz öhdəliklərini ödəyir. Bu isə o qədər də asan məsələ sayılmır. Əgər, mənfəət götürmək müəssisənin fəaliy­yə­ti­nin fasiləsiz davam etdirilməsi üçün stimul xarakteri daşıyırsa, öhdəliklərin ödənilməsi fəaliyyətin fasiləsizliyi üçün məcburedici xarakter daşıyır.

Ardıcıllıq prinsipi qısamüddətli aktivlərə münasibətdə o deməkdir ki, on­la­rın uçotunun aparılması üçün işlənilib hazırlanmış uçot siyasəti hər il tətbiq olu­nur. Əgər, təşkilatın uçot siyasəti dəyişilərsə, onda qısamüddətli aktivlər ba­rədə dəyişi­lən informasiya ayrıca əsaslandırılır və açıqlanır.

Qeydiyyat prinsipi bütün uçot obyektləri kimi qısamüddətli aktivlər ba­rədə informasiyanın formalaşdırılmasının vacib şərti hesab edilir. Çünki, qısa­müd­­dət­li aktivlərlə bağlı baş verən bütün hadisə və faktları qeydiyyata almadan onlar barədə informasiya formalaşdırmaq praktiki cəhətdən mümkün olmur. Bu halda müəssisənin maliyyə vəziyyətini, onun maliyyə sabitliyini və ödəmə qabiliyyətini obyektiv təhlil etmək və qiymətləndirmək imkansız görünür.

Demək olar ki, bütün ölkələrdə, o cümlədən Azərbaycanda hadisə və fakt­la­rın qeydiyyatı prinsipi mühasibat uçotunu tənzimləyən müvafiq normativ sə­nədlər əsasında reqlamentləşdirilir. Qısamüddətli aktivlərə münasibətdə he­sab­la­ma prinipi o anlama gəlir ki, qısamüddətli aktivlər üzrə təsərrüfat əməliy­yat­ları onlar baş verdiyi anda pul ifadəsində uçotda əks etdirilir. Hesablama prin­si­pinin zəruriliyi onunla şərtlənir ki, müəssisənin təsərrüfat fəaliyyəti fasilə­siz davam edir, maliyyə hesabatı isə müəyyən vaxta tərtib olunur. Buna uyğun ola­raq hesabatın tərtib olunma tarixinə aktivlər daxil olmuş olur, ancaq onların də­yəri ödənilməmiş qalır, yaxud xərc çəkilmiş, gəlir isə hələ əldə edil­məmiş qa­lır. Sözügedən prinsip bu cür gəlirləri və xərcləri pul vəsaitləri alındıqda, ya­xud ve­rildikdə yox, onlar baş verdiyi dövrdə uçota almağı tələb edir. Bu da onun­la əlaqələndirilir ki, istifadəçilər iqtisadi qərarlar qəbul edərkən məhz hesab­lama metodu əsasında formalaşdırılmış infor­ma­siyaya daha çox etibar edir. Xüsusi vurğulamaq yerinə düşər ki, MMUS 1-də yuxa­rıda nəzərdən ke­çir­diyimiz prin­siplər icərisində yalnız aşağıdakılar reqlament­ləş­di­rilir: 1)müəssi­sə­nin fəaliy­yə­tinin fasiləsizliyi; 2)hesablama metodu; 3)təqdim edil­mənin ardı­cıl­lığı; 4)əhə­miy­­yətlilik və ümumiləşdirmə; 5)qarşılıqlı əvəzetmə və mü­qayisəli informasiya (22, s 9-12). Aktivlərin, o cümlədən onların mobil hissəsi olan qısamüddətli ak­tiv­lərin idarə edilməsi, mövcudluğu və hərəkətinə əsasən iqtisadi qərarların qə­bul olun­ması üçün təkcə uçot və hesabatda müvafiq informasiyanın forma­laş­ma­sı ki­fayət etmir. Daha obyektiv nəticələr əldə etmək üçün həmin informa­si­ya­nın təhlili müstəsna əhəmiyyət daşıyır. Hətta mübaliğəsiz demək olar ki, yu­xa­rıda sada­ladığımız bütün prinsiplərə cavab verən keyfiyyətli informasiya for­malaş­mış olsa belə, əsaslandırılmış qərarların qəbul edilməsi məhz qısamüddətli ak­tiv­lərin iqtisadi təhlilinə xas olan metodologiya, prinsiplər və metodikalar əsa­sın­da alınmış nəticələrdən birbaşa asılı olur. Həmin nəticələr qısamüddətli ak­tiv­lərin idarə edilməsi və tənzimlənməsi prosesində geniş istifadə olunur.

İdarəetmənin mühüm funksiyalarından sayılan iqtisadi təhlil vasitəsilə qı­sa­müddətli aktivlər barədə uçot və hesabatda formalaşan informasiya «qərar­la­rın qəbulu üçün yararlı şəklə salınır». İnformasiyanın yararlı şəklə salınması isə iqtisadi təhlilin nəzəri və praktiki cəhətdən əsaslandırılmış prinsip­lə­rinin və me­tod­larının seçilməsindən və tətbiq edilməsindən asılı olur. Araşdır­ma­lar göstərir ki, qısamüd­dətli aktivlərin təhlilinin aparılması aşağıdakı ümum­qəbul edilmiş prinsiplərə söykənir: 1) təhlilin kompleks və sistemli olması; 2) təhlilin nəticə­lə­ri­nin obyektiv, konkret və dəqiq olması; 3) təhlilin inandırıcı ol­ma­sı; 4) təhlilin operativliyi; 5) təhlilin səmərəliliyi; Bu prinsiplərin mahiyyəti iqti­sadi ədəbiy­yat­lar­da geniş açıqlandığı üçün magistr dissertasiya işi çərçivə­sində onların araş­dı­rıl­ması məqsədəuyğun sayılmır.


Yüklə 487,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə