Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»


FƏSİL II. QISAMÜDDƏTLİ AKTİVLƏRİN UÇOTU VƏ TƏHLİLİNİN TƏŞKİLİ METODİKASI VƏ ONUN TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ



Yüklə 487,75 Kb.
səhifə3/5
tarix27.10.2017
ölçüsü487,75 Kb.
#7103
1   2   3   4   5
FƏSİL II. QISAMÜDDƏTLİ AKTİVLƏRİN UÇOTU VƏ TƏHLİLİNİN TƏŞKİLİ METODİKASI VƏ ONUN TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ
2.1. Qeyri-monetar cari aktivlərin uçotunun mövcud sistemi, onun qiymətləndirilməsi
Yuxarıda qeyd olunduğu kimi, cari aktivlərin ölkəmizdə tətbiq olunan təs­nifatı və qiymətləndirilməsi sistemi beynəlxalq praktikaya tam uyğun gəlmir. Bu xüsusən də qeyri-monetar cari aktivlərə aiddir. Qeyri-monetar cari aktivlə­rin normativ sənədlərdə dəqiq təsnifatı və qiymətləndiril­məsi me­todikası, yaxud qaydaları əslində yoxdur. Hər şeydən əvvəl qeyri-monetar cari aktivlərin nədən ibarət olması barədə nəinki rəsmi sənədlərdə, həmçinin elmi-prak­tiki yönümlü işlərdə açıqlamalar və şərhlər demək olar ki, verilmir. Kom­mersiya təşkilatları üçün mühasibat uçotunun hesablar planında bütün növ mal-material ehtiyat­la­rı­nı uçota alan hesablar «Ehtiyatlar» adlı bölmədə yerləşdiril­mişdir. Daha doğ­ru­su, bütün mal-material ehtiyatlarının uçotunun aparılması üçün nəzərdə tu­tu­lan sintetik hesablar həmin bölmədə birləşdirilmişdir.

Bazar şəraitində istehsalın kom­­pleks intensivləşdiril­məsi və onun səmə­­rə­li­li­yinin yüksəldilməsi obyektiv zə­ru­­rətə çevrilir. Məlumdur ki, istehsalın kom­p­leks intensivləşdirilməsi öz ifadəsini ma­terialtutumu, metal­tutumu və material dövriyyə ka­pita­lının dövr sürəti kimi iqti­sa­di parametr­lərdə və indikatorlarda tapır. Yu­xa­rı­dakı tezis­dən göründüyü kimi, istehsalın kom­pleks intensiv­ləş­diril­mə­si təkcə can­­lı əməkdən deyil, eyni zamanda kristallaş­mış əməyin daşıyıcısı olan material resurslarından səmərəli istifa­dəni nəzərdə tutur. Məhz bu ba­xım­dan, istehsalın effektivlik dərəcəsi ma­terial resurslarından istifadə səviyyəsindən bilavasitə asılı olmaqla, «az məs­rəf­lə daha çox məhsul istehsalı və satışı» prob­le­minin həllində əvəzsiz rol oynayır. Ay­dın­dır ki, məh­su­­lun maya dəyərində xammal, material, metal, ya­na­caq və enerji məsrəf­lərinin xüsusi çəkisi nə qədər aşağı olarsa, mövcud is­teh­sa­lın səmərəlilik dərəcəsi də bir o qədər yüksək olar. Təc­rü­bə, apardığımız mü­şa­hi­də­lər və təhlil işi göstərir ki, inkişaf etmiş ölkə­lər­də olduğu kimi, Azər­baycan Res­pub­­l­i­ka­sında da material məsrəfləri istehsal olunan məh­sulun maya dəyərinin təxminən 60-70 faizini təşkil edir. Bu isə, öz növ­bə­sin­də, məh­sul (iş və xid­mətlər) vahidi istehsalına daha çox material qiy­mət­liləri sərf olunduğunu gös­tə­rir. Bir faktı da qeyd etmək yerinə dü­şər ki, sə­na­­yenin bir sıra sahələrində məhsulun (iş və xidmətlərin) maya dəyərində mate­rial məs­rəflərinin xüsusi çəkisi 80-90 faiz təşkil edir. Zənnimizcə, belə bir və­ziy­yət it­ki­lərə sistemli nəzarət etməyə imkan verən iqtisadi cəhətdən əsaslan­dırıl­mış stan­dart normaların olma­ması ilə izah edilə bilər. Bu isə ölkə iqtisa­diy­ya­tının «məs­rəf­li» iqtisadiyyat olduğunu sübut etməklə mən­fəə­tin maksimal­­laş­dı­rıldığı və məs­rəf­lərin minimallaşdırıldığı şəraitdə yol­veril­məz hal hesab olunur. Apardı­ğımız təxmini hesablamalara görə sənaye məh­sul­larının (iş və xidmətləri­nin) isteh­sa­lı­na sərf olunan material məsrəf­lərinin təkcə 1 faiz azal­dıl­ması bu sahədə yaradılan milli gəlirin 40-50 milyon manat məb­lə­ğində ar­tı­mı­na bərabər tutulur. Fikrimiz­cə, məhsul vahi­di­nə sərf olunan material məs­rəf­lərinin azaldıl­ması həmin məh­sulun əmək və fondtutumu­nun aşağı salın­ma­sı­na nis­bətən daha çox iqtisadi səmərə verə bilər. Belə ki, material resurs­la­rı­na 1 fa­iz qənaət edil­mə­­si ümumi məs­rəfləri həmin proporsi­ya­da əmək haqqı xərc­lə­rinə və inves­ti­si­ya qoyuluş­la­rına nisbətən 2,5 dəfə və 4,5 dəfə azaltmağa imkan verir. Məhz buna görə də materialtutumlu sahələrdə material məs­rəflərinin aşağı salınması və onun üzərində sistemli uçot və nəzarətin təşkili aktual bir problem kimi mey­dana çı­xır.



Göründüyü kimi, müasir dövrdə canlı və maddi­ləş­miş əməyə qənaət prob­le­minin sistemli və kompleks şəkildə həllinin zəruriliyi və əhə­­miyyəti daha da artır. Məsələ burasındadır ki, təsərrüfat subyektlərinin da­xili və xarici bazarda rəqabət qabiliy­yə­tinin yüksəldilməsi və müəssisənin ma­liy­yə və­ziy­yətinin möh­kəm­­lən­di­ril­məsi istehsal xərclərinin və onun tərkibin­də bö­yük xü­su­­si çəkiyə ma­lik olan material məsrəflərinin azaldılmasını tələb edir. Giz­lin de­yil­dir ki, ba­zar şəraitində maddi istehsalın bütün sahə­lə­rin­də ma­te­ri­al resurs­la­rı­nın əldə edil­mə­si baha başa gəlir və onların yeni kütlə­si­ni təsərrüfat döv­riyyə­sinə cəlb etməklə istehsalın miqyasını genişləndir­mək iqtisadi cəhətdən sə­mərəli olmur. Məhz buna görə də müasir dövrdə ehti­yat­lara qənaət iqtisadi in­ki­şafın başlıca keyfiy­yət parametrinə çevrilir. Lakin, təəssüflə demək lazımdır ki, öl­kə­də ehti­yatlara qənaətin müt­ləq həcmi onların istifadə olunma miqyaslarına nis­bətən çox deyil­dir. Aydındır ki, cəmiyyətin material resurslarına tələ­ba­tı art­dıq­­ca, həmin ehti­yat­ların tamamlan­masına çəki­lən zəru­ri məsrəflərin də xü­susi çəkisinin artması meyli güclənir. Məhz buna görə də bazar rəqabəti yük­sək key­fiy­yətli, baha başa gələn material resursların­dan istifadə etməklə daha tez, həm də istehsalçı üçün sərfəli qiymətlərlə reallaş­dı­rılan, unikal məhsul isteh­sa­lı miq­yas­­la­rını genişlən­dir­məklə avans edilmiş kapitalın dövr sürətinin yük­səldil­­məsini tələb edir. Nə­zə­riyyə və prak­ti­kadan məlumdur ki, materialın alış qiy­mə­ti ilə müqayisədə ondan hazırlanan məh­su­lun yüksək satış qiyməti ilə real­laş­dı­rılması, habelə is­tehsal prosesində xammal və materiallardan qənaətlə istifadə məh­sul (iş və xid­mət­lər) buraxılışının həcmi­nin artmasına səbəb olur. Lakin buna bax­ma­ya­raq, ba­zar şəraitində bəzi müəs­si­­sə­lərdə tək­rar ehtiyatlardan çox az istifadə edilir. Təkcə onu göstər­mək kifa­yət­dir ki, öl­kə­də qara metalların ümumi isteh­sa­lında metal tullantılarının xü­su­si çəkisi 20-25 fa­iz təşkil edir. Nəzəriyyədən məlum­dur ki, bu pozisiya üzrə metal tullantı­la­rının xü­susi çəkisi inkişaf etmiş ölkələrdə 2-3 dəfə yüksək olur. Zənnimizcə, yuxarıda de­­yilən arqumentlər material ehtiyat­la­­rın­dan səmərəli isti­­fadə olunma­sı­nın və on­lara qənaət edil­mə­sinin zəruriliyini və iqtisadi əhə­miy­yətini kifayət qədər xa­rak­terizə edir. Yeri gəlmişkən xüsusi vurğulamaq lazımdır ki, ölkəmizcə maşınqayırma məh­sulunun əsas istehlakçısı sayılan neft və qaz sənayesi müəssisələrində məhsulun (iş və xidmətlərin) maya dəyərində ma­te­rial məsrəflərinin xüsusi çəkisi 35 faiz təşkil edir. Məhz buna görə də neft və qaz sə­­nayesi müəs­sisə­lə­rin­də material məsrəflərinin uçotunun təşki­linə xüsusi diqqət ye­tiril­məsi tamamilə qanunauyğun və məntiqi görünür.

Məlumdur ki, maşınqayırma sənayesi müəs­si­sə­­lə­rində material məs­rəf­ləri müxtəlif əlamətlər üzrə (I. İsteh­sal prosesindəki funk­sio­nal roluna və təyinatına görə; II. materialların texniki xassəsinə görə) qrup­laş­dı­rılır. İstehsal prosesin­də­ki funksional roluna və təyinatına görə material resurs­la­rı əsas və köməkçi olmaqla iki yerə bölünür. Qeyd etmək lazımdır ki, maşın­qa­yır­ma müəssi­sələrin­də uçotun təşkili zamanı köməkçi materialları əsas material­lar­dan ayırmaq xey­li çətinlik törədir. Zənnimizcə, belə bir vəziy­yət is­tehsal prosesində metal və di­gər əsas material­ların çox zaman həm də kömək­çi ma­terial kimi işlədilməsi ilə izah oluna bilər. Aydındır ki, ayrıca pozi­si­ya üzrə göstərilən yanacaq öz cinsi tər­kibinə görə köməkçi ma­­terial hesab olunur. Lakin, təcrübədə yanacağın mak­­roiqtisadi əhəmiyyəti nə­zə­rə alınaraq, onun maddi qiymət­lilərin ayrıca qrupu üzrə uçota alınması məq­sə­də­uyğun sayılır. Bütövlükdə götürdükdə, ma­te­rial ehtiyatları istehsal pro­se­sindəki funksional ro­lu­na və təyina­tına görə aşağıdakı bloklar üzrə təsnifləş­di­rilir: 1)xam­mal və ma­te­rial­­lar; 2)satın alınmış yarım­fab­ri­kat­­­lar və komplekt­ləşdirici məmu­latlar, kons­truk­siyalar və detal­lar; 3)yanacaq; 4)tara və tara material­ları; 5)ehtiyat his­sə­lə­ri; 6)sair material­lar; Qeyd etmək lazımdır ki, fəaliyyətini öyrəndiyimiz müəssisədə mü­ha­­­si­bat uçotu­nun hesablar planına müvafiq olaraq yuxarıda sada­la­nan qrup­lar­­dan hər biri­nin uço­tu 201 «Material ehtiyatları» hesabının ayrı-ayrı subhesab­ları üzrə təşkil olunur. Bu za­­man, «xammal və materiallar» blokuna «is­­tehsal edilən məhsulun tərkibinə daxil olub, onun əsa­sını təşkil edən qara və əl­­van metallar, eləcə də məh­sul (iş və xidmətlər) isteh­sal etmək üçün zəruri kom­po­nent sayılan digər material­lar» daxil edilir. «Satın alın­mış yarımfabrikatlar və kom­­plekt­ləş­di­rici məmulatlar, konstruk­siyalar və detal­lar» subhe­sa­bı koope­ra­si­ya qaydasında başqa müəssisə­lər­dən alınmış və hazır məh­sulu komplektləş­dir­mək üçün isti­fa­də olunan deta­lın, qovşağın və məmulat­la­rın tədarükünü uçota al­­maq məq­sə­di­lə tətbiq olunur. «Yanacaq» subhesabında həm texnoloci məq­səd­lər və həm də təsərrüfat ehtiyac­la­­rı üçün sərf olu­nan yanacaq uço­­ta alınır. Yeri gəlmişkən, xü­susi vurğu­lamaq lazım­dır ki, enerji məsrəf­lə­­ri­nə texnoloji, hərə­kət­verici, qız­dı­rıcı və digər təsərrüfat ehtiyaclarına sərf edilən satın alınmış bütün növ enerji daxil edilir. Məlum­dur ki, maşın­qa­yır­ma müəssisəsinin öz qurğuları vasitəsilə istehsal etdiyi elektrik enerjisi, buxar, su, sı­xıl­mış hava, həmçinin satın alınan ener­ji­nin tran­sfor­masiyası və istifadə olunan yer­lərə ötürülməsi ilə əlaqə­dar xərc­lər satın alınmış enerjinin dəyərinə daxil edil­mir və müvafiq xərc maddə­lə­rində əks etdirilir. «Ehtiyat hissələri» blo­­kunda avadanlıqların köhnəlmiş detal­la­rını dəyişdirmək üçün istifadə olunan kom­ponentlər uçota alınır. Təsnifat­dan görün­dü­yü kimi, ya­na­caq və ehtiyat hissə­lə­rinin köməkçi material olma­la­rına baxmayaraq, on­la­rın uçotu xüsusi subhesablarda təşkil olunur. Zənni­mizcə, kömək­çi materiallar sa­yılan yanacaq və ehtiyat hissələ­ri­nin uçotunun ayrıca xü­susi subhesablarda apa­rılması onların istehsal olunmuş maşınqayırma məhsu­lunun maya dəyərində bö­yük xüsusi çəki təşkil etməsi ilə bağlı ola bilər.

Qeyd etmək lazımdır ki, maşınqayırma sənayesi müəs­sisə­­lə­rin­də müx­tə­lif növlü, ölçülü və markalı material­lardan istifadə olu­nur. Məsələyə bu priz­ma­dan yanaşdıqda, material resurslarının tex­ni­ki xassəsinə və parametrlərinə görə qrup­laşdırılması və təsnifləş­diril­məsi obyektiv zərurətə çevrilir. Fikrimizcə, ma­te­rial­ların texniki xassə­­lə­rinə görə qruplara, yarımqruplara, növlərə və mar­ka­la­ra bö­lünməsi analitik uço­tun səmərəli təşkili üçün mühüm əhəmiyyət kəsb edir. Da­ha müfəssəl şəkildə materiallar qara metala, əlvan metala, maye yana­ca­ğa və s. ay­rılır. Məhz buna görə də, müasir şərait­də maşın­qa­yır­ma sənayesi müəssisə­lərində ehti­yat­lara qənaət problemini kom­pleks şəkildə həll etmək məq­­­­sədilə istehsalın həcmi haqqında məlumatlar və onun təşkili səviy­yə­si­nin yax­­şı­laş­dırıl­ması üçün nəzərdə tutul­muş tədbirlər nəzərə alınmaqla, ma­te­ri­al re­surslarının tex­ni­ki cəhət­dən əsaslandırılmış nor­ma­ları hesab­lanıb təyin edi­lir. Aydındır ki, istehsal prosesində istifadə edilən xammal, material və yanacağın na­­tural məsrəf normalarına əsasən dəyər ifadə­sində xərc normaları müəyyən olu­nur. Fikrimizcə, material ehtiyat­la­rın­dan istifadənin səmərəliliyini yalnız on­la­rın məh­sul (iş və xidmət­lər) vahidinə sərf edilən kütləsinin azalması ilə qiy­mət­­­­lən­dir­mək metodoloji və praktiki cəhətdən düzgün deyildir. Burada ümumi daxili məh­su­lun və ya milli gəlirin hər pul vahi­dinə düşən əmtəə-material qiy­mət­lilərinin nis­bi azalmasının nəzərə alınması vacib şərtlərdən biri hesab olu­nur.



Müasir şəraitdə maşınqayırma səna­ye­si müəs­si­sə­lə­rin­də material ehtiyat­la­rı­nın istehsal prose­sin­dəki funk­sio­n­al roluna və texniki xassəsinə görə düzgün təsni­fatı onların analitik və sintetik uço­tunun sə­mə­­rəli təşkilinə bilavasitə təsir göstərir. Məlumdur ki, müəssisənin anba­rında ma­terialların çeşid­ləri üzrə yal­nız miqdar uçotu aparılır və bu zaman hər bir no­menk­latur nömrəsi üzrə uçot kartoçkalarının hazırlanması məqsə­də­uyğun sa­yı­lır.Bu kar­toç­kalar reyestr üzrə materialların miqdarı və qeydiyyatı göstə­rilməklə an­bardara verilir və onlar no­menklatur nömrə­ləri üzrə kartote­ka­da yerləşdirilir. Qeyd etmək lazımdır ki, kartoç­kalarda material­­ların hərəkətinə dair qeydlər ilkin sə­nədlərə əsasən mad­di-məsul şəxslər tərəfindən çeşid və miq­dar ifadəsində icra edi­lir və hər dəfə apa­­­­­rılmış əməliyyatdan və ona uyğun qeyd­dən sonra müvafiq su­rətdə konkret çeşiddən olan material üzrə yeni miqdar qalığı çıxarılır. Mün­tə­zəm surətdə, la­kin bir həftədən gec olmayaraq müha­si­batın material şöbə­si­nin iş­çi­si ilkin sə­nədlərin düzgün rəsmiy­yətə salın­m­a­sı­nı, anba­rın çeşid uçot kartoç­ka­la­­rında edi­­­­lən qeydlərin tam və düzgün olmasını yox­la­yır və onu öz imzası ilə təs­diq edir. Yalnız bundan sonra anbardar mə­daxil və məxaric sənədlərini reyestr üz­rə mü­hasi­ba­ta təhvil verir. Bundan başqa o, hər ayın 1-i üçün anbar uçotunun mə­­lu­mat­larına əsasən hər bir materialın nomenklatur nöm­rə­­sini, adını və miq­da­­rı­nı özündə birləşdirən qalıq siyahısı tərtib edir və mühasibata göndərir. Ay­dın­­dır ki, müəssisənin mühasibat­lı­ğın­­da bu siyahıdan qalıqların uçotu cədvəl­lə­rinin tər­tibi üçün istifadə olu­nur. Fik­ri­mizcə, uçotun bu qaydada təşkili ma­terial­­ların növ­lər üzrə uçotunun müha­sibat uçotu ilə əlaqə­sinin yaranmasına səbəb olur.

Göründüyü kimi, fəaliyyətini öyrəndiyimiz maşın­qayır­ma sənayesi müəs­sisələrində materialların mədaxili və məxarici haqqın­dakı məlumatlar əv­vəl­cə anbar uçotunda əks etdirilir. Məlumdur ki, mədaxil və məxaric sənədləri an­bar­dar tərə­fin­dən reyestrlərlə birlikdə ertəsi gündən gec olmayaraq müha­si­ba­ta ve­rilir. Bununla yanaşı eyni vaxtda sexlər də limit kartla­rı­nın ikinci nüsxəsini mü­hasibata təqdim edir və onlar müəs­si­sə­nin mühasibatlığında anbarlardan alın­mış sənəd­lərlə tutuş­durulur. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, ma­te­rial­la­rın növlər üzrə uçotunun səmərəli təşkili ehtiyatların operativ qay­dada müəy­yən edil­məsi və fəaliyyətini öyrədiyimiz maşın­qa­­yır­ma sənayesi müəssisələrində bü­tün uçot sisteminin düz­gün qurul­­ması üçün mühüm əhəmiyyət kəsb edir. Ay­dın­dır ki, ilkin sənədlər işlənilmək üçün an­bar­dan mü­hasibata daxil olarkən müvafiq qaydada yoxla­nılır və onlar müasir in­for­ma­si­ya-kommunikasiya tex­no­lo­­giya­larının köməyi ilə no­men­­klatur nöm­rə­ləri, daxil olma mənbə­ləri və xərc­­lənmə isti­qamətləri üzrə qruplaşdı­rılır. Təcrübədə mate­rial­­­la­­rın analitik uço­tu onların saxlanma yerləri və mad­di-mə­sul şəxslər üzrə apa­rılır. Məlumdur ki, ma­terialların analitik uço­tu­nun müxtə­lif variantlarının möv­cud olmasına bax­­­­­ma­ya­raq, həmin variant­­lar içərisində ən mütərəqqisi ope­rativ mühasibat me­to­du he­sab olu­nur. Sözügedən metoddan isti­fadə etdikdə müha­si­bat aylar üzrə bir il müd­dətinə material­ların qalıq uçotu cədvəlini açır və həmin cədvəl­də qa­lıq siyahısına uyğun olaraq hər ayın 1-nə materialların natural qalıqlarını əks etdirir. Daha sonra mü­hasibat həmin qalıqları uçot qiy­mə­tinə vurur və hər bir no­menklatur nömrəsi üz­rə materialların ümumi məbləğini hesablayır. Təcrü­bə­də, qalıq uçotu cədvəli an­bar­dakı miqdar uçotu ilə mühasibatın məbləğ uçotu­nun əlaqələn­diril­məsi məq­sədilə tətbiq olunur. Belə bir şəraitdə materialların cəd­vəl üzrə uçot qiyməti ilə qalıq məbləğinin 201 «Material ehtiyatları» sin­tetik hesabının qalığına bərabər olması əsas nəza­rətedici moment sayılır. Məhz buna görə də, təcrübədə belə eyniliyin olması məqs­ədilə uçotun «jurnal-or­der» for­ma­­sında xüsusi registr «Material qiymətlilə­rinin hərəkəti cədvəli» apa­rı­lır. Ay­dın­dır ki, məbləğlərin düz gəlməməsi yazılış­lar­da səhvə yol verildiyini gös­tə­rir və onlar hesabat tərtib edilənədək ləğv olunur. Göründüyü kimi, mate­rial­la­rın uçotunun geniş yayılmış bu variantı birdəfəlik qeyd prin­­sipinin ardıcıl surətdə hə­yata keçirilməsini, natural ifadədə material­­ların hərəkətinin növlər üzrə uço­tu­nun onların saxlandığı yerlərdə mərkəzləş­diril­məsini, anbar uçotu­nun müha­sibat tə­rəfindən təsdiq edil­məsini və anbar uçotu ilə operativ mühasi­bat nəza­rə­ti ara­sın­da qarşılıqlı əlaqənin yaradıl­masını nəzərdə tutur. Bu zaman material­lardan düz­gün istifadə edilməsi, onların qorunması üzərində sistemli mühasibat nə­za­rə­ti­nin təşkili və həmin nəza­rə­tin gündəlik, cari və operativ nə­za­rətə çevril­mə­si əsas metodoloji məsələ hesab olunur. Xüsusi vur­ğu­­lamaq la­zımdır ki, ma­terialların uço­tunun digər variant­larının mövcudluğuna bax­ma­yaraq, həmin va­riantların əmək­tutumlu olması onların tətbiqini xeyli çətinləş­dirir.

Məlumdur ki, maşınqayırma sənayesi müəssisə­lərində xam­mal və ma­te­rial­lardan səmərəli istifadə olunması, öz növbəsində, xam­mal və materiallara qə­naət edilməsinə, habelə, istehsal edilmiş məhsu­lun maya də­yə­­ri­nin aşağı düşmə­si­nə əlverişli şərait yaradır. Sənaye müəssisələrində ma­te­rial­lar­dan səmərəli isti­fa­də edil­məsi üzərində opreativ nəzarət normadan kənarlaşma­la­rın sənəd­lər­lə rəsmiləşdiril­məsi, dəstlə biçimin uçotu və inventarizasiya vasitə­silə hə­yata keçi­ri­lir. Eyni zamanda, qeyd etmək lazımdır ki, istehsalda ma­te­rial­lar­­dan isti­fa­də­nin uçotunun digər üsullarından da geniş istifadə olunur: 1) İn­ventar üsu­lu ma­terialların biçilməsi mümkün olmadığı, yaxud məqsədəuyğun he­sab edil­mə­diyi hal­larda, onların növləri üzrə normadan kənarlaşmaları müəy­­­yən etmək məq­sədilə tətbiq olunur. Sözügedən metoddan isti­fa­də etdikdə hər ayın əvvəlinə və axırına istehsalda istifadə olun­mamış material qalıqlarının sistematik inventa­ri­­za­siyası aparılır. Bu zaman ayın əvvəlinə olan qalıqların üzərinə ay ərzində ilkin sə­nədlərə əsasən sexə daxil olmuş material­lar əlavə edilir və yekun rəqəmindən ayın sonuna olan qalıqlar çıxılır. Beləliklə, balans formulasından isti­fadə et­mək­lə apa­rılan hesablamalar nəticə­sin­də material­ların növləri üzrə ay­rı-ayrılıq­da fak­ti­ki məsrəflə­rin məbləğini müəyyən etmək müm­kün olur. Daha sonra bu məs­rəf­lər­lə cari normalar üzrə məs­rəf­lər müqayisə olu­nur və onlar arasındakı fərq nor­ma­dan kənar­laşmaları xarakterizə edir. Mü­şa­hidələr göstərir ki, fəaliy­­yətini öy­rən­diyimiz maşın­qayırma sənayesi müəssisə­lə­rin­də normalar üzrə məs­rəf­lər is­tehsal edilmiş məhsulun (iş və xidmət­lərin) miqdarını həmin məh­sulun ha­zır­lan­ma­sı üçün nəzərdə tutulmuş hər bir mate­rial növünün mövcud məsrəf normasına vur­maqla hesab­lanılır. Təcrübədə çox vaxt inventar üsulunun tət­bi­qi zamanı nöq­sanlara təsadüf edilir. Məlumdur ki, məhsul buraxılışı üzrə plan və faktiki məs­rəflər bir-birilə ay ərzində vaxtaşırı mü­qayisə olunmaq əvə­zinə (operativ təh­lil), hesabat ayı başa çatdıqdan sonra (retrospektiv təhlil) həyata keçirilir. Zən­ni­miz­cə, belə bir şəraitdə kənarlaşma­la­rın aşkar edilməsində ope­ra­tivlik itir, on­la­rın səbəbləri açılmamış qalır və bu da, öz növbə­sində material­lar­dan istifadə olun­­masında baş verən nöqsanların aradan qal­dırılmasına bila­va­sitə mənfi təsir gös­­tərir. 2) Nəzə­riyyə və praktika­dan məlum­dur ki, ma­terial­lardan istifadənin di­gər üsulu partiyalı üsul hesab olunur. Təc­rübədə bir qayda olaraq mate­riallar is­teh­salata partiyalarla bura­xı­lır. Belə bir şəraitdə isteh­sa­la­­ta bura­xılmış material qiy­mətlilərinə düşən nəqliy­yat-tədarük xərc­lə­­rinin məbləği­nin dəqiq müəyyən edil­məsi mühüm metodoloji məsələ sayılır. Nə­ha­yət, qeyd etmək lazım­dır ki, istehsalda ma­terial­lardan istifadənin uço­tu­­­nun sa­da­la­nan üsul­la­rının «key­fiy­yətə zərər vurmadan az material sərf et­mək­lə daha çox məh­sul is­teh­sal etmək və satmaq» prin­­si­pinə tabe etdirilməsi məq­sədə­uyğun he­sab olu­nur. Fikrimizcə, bu məqsədə nail olmaq üçün məsələnin həllinə kompleks və sistemli şəkildə yanaşmaq daha böyük effekt verə bilər.

Təcrübədən məlumdur ki, material qiymətliləri sintetik uçotda faktiki maya də­­yəri ilə əks etdirilir. Bu zaman material­la­rın faktiki maya dəyəri dedik­də, on­la­rın alış qiyməti və nəq­liy­yat-tədarük xərc­lərinin cəmi başa düşülür. Müəssisə və təş­kilatlarda bir qayda olaraq nəqliyyat-tədarük xərclərinə aşa­ğı­da­­kılar aid edi­lir: a) dəmir yolu nəqliy­yatında yüklərin daşın­ma­sının tarif haq­qı; b) həmin növ ma­terialların anbara daşın­ması və xüsusi tədarük təşkilat­la­rı­nın saxlanıl­ması xərc­ləri; v) materialların yolda xarab olmasından baş verən it­ki­­lər; q) təc­hi­zat or­qan­­larının saxlanması xərcləri; Təcrübədə, bir qay­da ola­raq material qiymətliləri da­xil olma yerindən asılı olma­ya­raq isteh­sal ehtiyatları he­sab­larının debetində, 431 «Malsatan və podratçılara uzunmüddətli kreditor borc­ları», 531 «Mal­sa­tan və podratçılara qısamüddətli kreditor borcları», 202 «İs­teh­­salat məsrəfləri»,244 «Təh­təl hesab məbləğlər» hesab­la­rı­nın kreditində əks etdirilir. Malsatan və pod­ratçılar­dan daxil olan material qiymətliləri (fakti­ki maya dəyərilə) 201 «Ma­terial eh­tiyatları» (müva­fiq sub­he­sab­lar üzrə) hesabı­nın debeti, 431 «Mal­sa­tan və pod­ratçılara uzunmüddətli kreditor borcları», 531 «Malsatan və podratçılara qısa­müddətli kredi­tor borcları» hesablarının krediti kimi mühasibat yazılışı ilə rəs­miy­yə­tə salı­nır. Əgər sexin öz anbarı yoxdursa, lakin sərbəst uçot ob­yek­­ti­dir­sə, onda müəssisənin anbarından buraxılan ma­terial qiy­mət­­li­ləri bir­başa əsas is­teh­salata silinə bilər. Hesa­bat ayının sonunda isteh­sal məsrəfləri haqqında mə­lu­mat­­lar iş yerlərində istifadə olunmayan xam­mal və material­ların dəyəri qədər dü­zə­liş (təshih) edilir. İstehsa­la­ta xammal və mate­rial buraxıldıq­da həmin məbləğə 201 «İsteh­sa­lat məsrəf­ləri»,731 «Sair əmə­liy­­­yat xərcləri», 711 «Kommersiya xərc­ləri», 721 «İn­zi­­bati xərc­­lər» hesab­larının debe­ti, 201 «Material ehtiyat­ları» (mü­va­fiq sub­­hesablar üzrə) hesabının krediti kimi yazılış veri­lir.

Məlum olduğu kimi, istehsal prosesində sərf edilmiş xam­mal və material­la­rın dəyərindən çıxılan tullantılar nə qədər yuxarı qiymətlə qiy­mətləndirilərsə, on­da əsas məhsulun (iş və xidmətlərin) maya dəyə­ri də bir o qədər aşağı olar. Ma­şın­qa­yırma sənayesi müəssi­sə­lə­rin­­də istehsal sexlərindən bu təyinatlı ma­te­rial­lar daxil olduqda (müm­kün istifadə qiyməti ilə), həmin əməliyyat 201 «Material eh­tiyat­ları» hesa­­bının debeti, 202 «İstehsalat məsrəfləri» hesab­­ı­nın krediti kimi mühasibat yazılışı vasitəsilə öz əksini uçotda tapır.

Aydındır ki, istehsal prosesində materiallardan istifadə zamanı bir qayda ola­raq normadan kənarlaşmalar baş verir. Təcrübədə, yuxa­­­rıda nəzərdən ke­çi­ri­lən üsullar vasitəsilə material növləri üzrə kənarlaşmalar qruplaşdırılır və müva­fiq qaydada təhlil edilir. Fikri­miz­­cə, həmin metodlardan hər biri istehsalın texno­lo­­giyası və işlənən materialların xüsusiy­yətlə­rin­dən asılı olaraq müəssisədə sər­bəst üsul kimi tətbiq oluna bilər. Lakin, mövcud üsullar vasitəsilə material­lar­dan is­ti­fadə üzrə yaranan kənarlaşmaları dəqiq qruplaşdırmaq üçün müəs­sisə­də plan, uçot və nəzarət işlərinin yüksək səviyyədə qurul­ması vacib şərt hesab olunur.

Nəzəriyyə və praktikadan məlumdur ki, materiallar isteh­sal pro­se­sində is­ti­fa­də olunarkən normadan kənarlaş­ma­lar iki cür hesab­lanır: 1) mütləq ifadədə kə­­nar­laş­ma; 2) nisbi ifadədə kənarlaşma; Aydın­dır ki, hər bir müəssisə istehsa­lın texno­lo­gi­ya­sına və materialların xüsu­siy­yət­lərinə uy­ğun olaraq kənar­laş­ma­la­rın müəyyən edilməsi sistemini sərbəst seçir. Müəs­sisənin fəa­liy­yə­tin­­dən asılı ol­ma­yan və keyfiy­yət amili sayılan qiymət son nəti­cədə öz təsi­ri­ni kə­miy­yət amili, yaxud başqa sözlə desək norma amili vasi­tə­si­lə biruzə verir. Ona gö­rə də, müasir şə­rait­də maşın­qa­yır­­ma sənayesi mü­əs­si­sələrin­də material­lar­dan istifadə əmsalları vasitəsilə nor­ma­­la­rın mütərəq­qi­li­yi­nin müəy­yən edilməsi aktual bir problem kimi meydana çıxır.

Məlumdur ki, mütləq ifadədə normadan kənarlaşmanı hesab­la­maq üçün fakt­iki sərf edilmiş material məsrəfini norma ilə müqayisə etmək tələb olunur. Əgər müqayisə nəticəsində hesablanan kənar­laş­ma müsbət olarsa, onda artıq xər­ci, mənfi olarsa qənaəti göstərir. Lakin, aparılan müşahidələr və araş­dır­ma­lar gös­tərir ki, material resurslarından istifadə üzrə nisbi kənarlaşmanın hesab­lan­ma­sı qay­dası bir qədər mürək­kəb­dir və ona görə də öz metodikasına yeni as­pekt­də yanaş­mağı tələb edir.Adətən, material ehtiyatlarından istifadə üzrə nisbi qə­na­əti hesablamaq üçün hesabat dövründə sərf olunmuş material­ların faktiki miq­da­­rından həmin pozisiya üzrə məh­su­lun (iş və xidmətlərin) həcminə görə təs­hih edil­­miş plan göstə­ricisi çıxılır və bu zaman yaranan mənfi fərq qə­naəti, müs­­bət fərq isə artıq xərci göstərir. Deməli, faktiki məsrəflərin norma­tiv məs­rəf­­lərlə mü­qa­­yisə olunması nəticəsində norma­dan kənarlaşmalar aşkar edi­lir, on­lar sənəd­­lər­­lə rəsmiləşdirilir və uçota alınır, başvermə səbəbləri və təq­si­r­­kar­la­­­rı üzrə qrup­la­ra bölünür. Zənnimizcə, material məsrəfləri üzrə normadan kə­nar­laşmalar bir sı­­ra amillərdən, o cümlədən materialın bir növü­nün digəri ilə əvəz edilməsindən, da­­xil olmuş material­ların müəyyən stan­dart­­ların tələblərinə uyğun gəlmə­mə­sin­dən və material­lardan səmərəli istifadə olun­ma­masından irəli gələ bilər. Beləliklə, yuxarıda deyilənlərdən aşağıdakı kimi nəticələr çıxarmaq olar:



  1. qeyri-monetar cari aktivlərin uçotu metodikası bazar iqtisadiyyatı şə­raitin­də demək olar ki, dəyişilməmiş və baş verən bəzi cüzi dəyişikliklər isə prak­­tikada özünə geniş yer tapmamışdır;

  2. keçmişdən miras qalmış uçot sistemi və qaydaları mal-material ehtiyat­larının, bitməmiş istehsalın, gələcək dövrlərin xərclərinin, hazır məhsulun uço­tu­nun aparılmasının əsas bazasını və metodoloji qaydalarını müəyyən edir;

  3. qeyri-monetar cari aktivlərin uçotunun əsası olan qiymətləndirmə sa­hə­sində normativ sənədlərdə alternativ metodlar nəzərdə tutulsa da, onların tət­bi­qi mexa­nizmi işlənib hazırlanmamışdır;

  4. material ehtiyatlarının (xammal və materialların, azqiymətli və tezköh­nə­lən əşyaların, digər ehtiyatların) sintetik uçotunun aparılması sahəsində he­sab­­lar planında nəzərdə tutulan alternativ variantlar öz məntiqi sonluğunu tap­ma­mışdır;

  5. ehtiyatların analitik uçotunun aparılması və onun sintetik uçotla əlaqə­lən­dirilməsinin mövcud sistemi mürəkkəbdir və səmərəli deyildir;

  6. ehtiyatların, onların yaranması və istifadəsi nəticəsində baş verən xərc­lərin və gəlirlərin uçotu vahid mühasibat uçotu sistemində aparıldığı üçün onlar haqqında ətraflı informasiya formalaşdırmaq və bu informasiyadan onların idarə edilməsi üçün səmərli istifadə etmək mümkün deyildir;

7) qeyri-monetar cari aktivlərin maya dəyərinin müəyyən olunması və ma­liy­yə nəticələrinin aşkar edilməsi, həm­çinin göstərilən aktivlərin dəyərinin (qiy­mə­­ti­nin) maliyyə he­sa­batında düzgün əks etdirilməsinin mühüm şərti olan idarə­­etmə və ma­liy­yə uçotunun vahid mühasibat uçotu çərçivə­sində ayrılması pro­sesi baş verməmişdir. Bu da onu deməyə əsas verir ki, qeyri-monetar cari ak­tivlərin uçotu­nun mövcud sistemi metodoloji və daha çox praktiki baxımdan bu sahədə olan beynəlxalq prinsiplərə və standartlara tam uyğun gəlmir.
2.2 Monetar cari aktivlərin uçotu metodikası və onun təkmilləşdirilməsi istiqamətləri
Sahibkarlığın müasir vəziyyəti yeni idarəetmə metodlarını tətbiq etməklə müəssisə və təşkilatlarda uçot işini daha da təkmilləşdirmək hesab olunur. Çox təəsüflər olsun ki, hələ də respublikamızda uçot işinin təddiqatı sahəsinə çox az fikir verilir. Hələ də monetar cari aktivlərin uçotu və onun tətbiqi kimi prob­lem məsələlər tam öyrənilməmiş qalır. Fikrimizcə, monetar cari aktivlərin uçotu me­todikası bizneslə məşğul olanlara kömək edə və onun səmərəliliyini yüksəldə bilər.

Monetar cari aktivlər qeyri-monetar cari aktivlərdən onunla fərqlənir ki, onlar cari borc öhdəliklərinin ödənilməsi üçün tez bir zamanda istifadə olunur. Başqa sözlə, onlar mütləq likvidliyə, yaxud yüksək likvidliyə malikdir. Monetar cari aktivlərin mütləq likvidliyə malik olan hissəsi adətən pul vəsaitlə­rindən və ona bərabər tutulan ekvivalentlərdən ibarətdir. Yüksək likvidliyə malik olan monetar aktivlərə qısamüddətli qiymətli kağızlar, verilmiş borclar və debitor borcları aid edilir.

Lakin, burada bir şeyi qeyd etmək lazımdır ki, Qərb ölkələrində ödəmə müddəti 3 aya qədər olan qiymətli kağızlar pul vəsaitlərinin ekvivalenti hesab edilən vəsaitlər sırasında uçota alınır. Ölkəmizdə isə monetar cari aktivlərin bü­töv­lükdə və ayrı-ayrı növlərinin, o cümlədən qiymətli kağızlar növünün də­qiq təs­nifatı yoxdur. Pul vəsaitlərinin və onların ekvivalentlərinin uçotunun aparıl­ma­sı üçün hesablar planında 221»Kassa», 223 «Hesablaşma hesabı», 224 «Bank­larda olan sair hesab­lar», 222 «Yolda olan pul köçürmələri» və 225 «Pul vəsaitlərinin ekvivalentləri» adlı hesablardan istifadə edilir.

Araşdırmalar göstərir ki, pul vəsaitlərinin və onların ekvivalentlərinin uçotu metodikası bütövlükdə beynəl­xalq praktikada tətbiq olunan uçot qayda­larına uyğundur və buna görə də onun geniş araşdırılmasına ehtiyac yoxdur. An­caq bəzi məqamlar üzərində dayanmaq vacibdir. Qərb ölkələrində kassa he­sa­bında həm firmanın özündə olan pul vəsaitləri və həm də bankdakı hesab­lar­da olan pul vəsaitləri əks etdirilir. Firmaya məxsus, yaxud firmanın sərənca­mın­­da olan pul vəsaitlərinin yerləşdirilməsi və kimin nəzarətində olması pər­də arxasında qalır. Əslində bu firmanın əmlak vəziyyətinə hüquqi yanaşma prin­si­pini deyil, iqtisadi yanaşma prinsipini ön plana çəkir. Ölkəmizdə isə kassadakı pul vəsaitlərinə cavabdehliyi kassir, bankdakı pul vəsaitlərinə nəzarəti həyata keçirmək funksiyasını bank daşıyır. Deməli, pul vəsaitlərinin uçotu daha çox hüquqi prinsiplər üzərində qurulur. Qanunvericiliyə görə bankdakı hesablarda olan pul vəsaitlərindən istifadəyə heç bir məhdudiyyət qoyulmur, praktikada isə bəzi hallarda bu tələblərə əməl edilmir. Nəticədə belə çıxır ki, sırf pul vəsait­lə­ri­nin bankda saxlanılması və buna uyğun olaraq uçotunun təşkili qaydası ilə on­la­­rın müəssisənin kassasında saxlanılması və buna uyğun olaraq uçotunun təş­kili qaydası arasında fərqin mövcud olması praktikanın tələblərinə cavab verir.

Xüsusi vurğulamq yerinə düşər ki, kommersiya təşkilatları üçün müha­si­bat uçotunun hesablar planında kapital qoyuluşları üçün nəzərdə tutu­lan pul vəsaitlərinin uçotu üzrə ayrıca hesab nəzərdə tutulmadığına görə investisiya qo­yu­luşlarına yönəldilən pul vəsaitlərinin istifadəsi barədə vahid mənbədən infor­ma­siya almaq və həmin vəsaitlərin təyinatı üzrə istifadə olunması üzərində müəs­­­sisədaxili nəzarəti həyata keçirmək mümkün deyildir. İnvestisiya qoyu­luş­la­rının ən vacib mənbəyi sayılan amortizasiya ayırmaları üzrə pul vəsait­lə­rinin uçotu sahəsində mövcud vəziyyət dediklərimizə inandırıcı sübutdur. Belə ki, hazırda əsas vəsaitlərin və qeyri-maddi aktivlərin bərpa mənbəyi olan amor­ti­­­zasiya ayırmalarının müstəqil və sistemli uçotu aparıl­ma­dığından, həmin amor­­tizasiya ayırmaları üzrə pul vəsaitləri məhsul (iş, xidmət) satışından yara­nan pul gəlirlərinin tərkibində müəs­sisənin bankdakı hesab­laşma hesabına daxil olur və oradan müxtəlif məqsədlərə sərf edilir. Fikrimizcə, bazar şəraitində amor­tiza­siya ayırmalarının, yaxud amorti­zasiya ayırmaları üzrə pul vəsait­lə­rinin sistemli uçotunun aparılması vacib məsələdir və müstəsna əhəmiyyət kəsb edir.

Hazırda uçot və hesabatda yalnız köhnəlmə məbləğləri sistemli qaydada əks etdirilir. Köhnəlməni isə amortizasiya ilə eyniləşdirmək səhvdir. Köhnəlmə əsas vəsait və qeyri-maddi aktiv obyektlərinin müəyyən dövrə fiziki və mənəvi aşınma səviyyəsini xarakterizə edirsə, amortizasiya həmin obyektlərin təkrar istehsal mənbəyinin kəmiyyətini ifadə edir. Hesablanılmış, yaxud toplanılmış amortizasiya məbləğlərinin ayrıca hesabda əks etdirilməsi üçün mövcud hesab­lar planında hesab nəzərdə tutulmamışdır və təbiidir ki, həmin mənbələrin nə za­man və hansı istiqa­mətlərdə sərf olunması barədə müvafiq informasiya for­ma­­laşdırmaq mümkün olmur. Deyilənlərdən belə nəticə çıxarmaq olar ki, pul vəsaitlərinin uçotunun mövcud metodikası müəssisənin investisiya fəaliyyəti ilə əlaqədar pul axını haqqında lazımi informasiya formalaşdıra bilmir və buna görə də investisiya fəaliyyəti üçün nəzərdə tutulan pul vəsaitlərinin idarə olun­ması və onun üzərində nəzarətin təşkili səmərəsiz olur.

İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin mövcudluğu və hərəkəti haq­qın­da sistemli uçotun mövcud olmaması maliyyə hesabatının mühüm forma­la­rın­dan biri olan pul vəsaitlərinin hərəkəti haqqında hesabatın tərtib edil­­məsini zə­ru­ri edir. Belə hesabatın tərtib edilməsi Qərb ölkələrində zəruri sayılır və bu cür hesabat investor­lara istənilən firmanın pul axınlarını proq­noz­laş­dırmağa imkan verir.

Aktivlərin digər növlərindən fərqli olaraq pul vəsaitləri uçot və hesabatda öz nominal məbləğləri ilə əks etdirilir və onlar üçün digər qiymətləndirmə növ­ləri nəzərdə tutulmur. İnflyasiya kimi amillərin təsiri nəticəsində milli valyutada olan pulun qiymətdən düşməsi, yaxud alıcılıq qabiliyyətinin azalması uçot və hesa­batda öz əksini tapmır. Qeyri-monetar cari aktivlərin, qiymətli kağızların ilk dəyərinin (qiymətli kağızların nominal dəyə­rlərinin) dəyişməsi və onun ma­liyyə nəticələrinə təsiri uçot və hesabatda öz əksini tapır. Xarici valyuta şəklin­də olan pul vəsaitlərinin qiymətdən düşməsi (məzənnə fərqi) uçot və hesabda əks etdirilir.

Müəssisələrdə pul axınlarının müəyyən hissəsi 224 saylı «Banklarda olan sair hesablar» hesabında əks etdirilir. Həmin hesab adətən hansısa konkret mə­sə­lələrin həlli üçün açılır. Göründüyü kimi, bu hesabda müəssisənin akkre­di­tiv­lər­də və çek kitabçalarında olan pul vəsaitlərinin mövcudluğu və hərəkəti haq­qın­da informasiya formalaşır. Bundan başqa, 224 saylı hesabda məqsədli ma­liy­yələşmə və məqsədli daxilolmalar üzrə vəsaitlərin məbləğinin mövcudluğu və hərəkətinin uçotunun aparılması xüsusi vurğulanır. Ancaq belə vəsaitlərin uço­tu­nun aparılması metodikası mövcud hesablar planının tətbiqinə dair şərhlərdə öz əksini tap­mamışdır. Nəticə etibarilə məqsədli maliyyələşmə və məqsədli da­xil­olmalar üzrə pul vəsaitlərinin axını barədə lazımi informasiya formalaş­dır­maq mümkün olmur. Göstərilən hesabın tətbiqinə dair təlimatdan görünür ki, bu hesabda müəssisələr həm əsas, həm də investisiya fəaliyyəti üzrə pul axın­la­rının hərəkəti barədə informasiya formalaşdırır. Ancaq bu fəaliyyət növləri üzrə pul axınlarının hərəkəti barədə formalaşdırılan informasiya təsnif­ləş­dirilməmiş ­qalır və onun uçotu metodolo­giyası dəqiq və tam deyildir. Hal-hazırda tətbiq olu­nan pul vəsaitlərinin hərəkəti haqqında hesabat forması isə ayrı-ayrı fəaliy­yət növləri üzrə pul axınının dəqiq təsnifləş­dirilməsini tələb edir. Xatırladaq ki, 224 saylı hesabda uçota alınan pul vəsaitləri sırf pul vəsaitlərinin ekvivalentləri deyildir.

Hesablar planında 225 «Pul vəsaitlərinin ekvivalentləri» adlı hesabda pul vəsaitlərinin ekvivalentləri kimi əks etdirilən aktivlər, yəni pul markaları, dəyəri ödənilmiş aviabiletlər, dövlət gömrük markaları, ləğv olunmuş və geri satın alın­mış qiymətli kağızlar sırf pul vəsaitlərindən fərqli olaraq həm nominal də­yərlə və həm də satınalma dəyəri ilə uçota alınır. Onların alınması zamanı ya­ranan fərq (nominal dəyərlə satınalma dəyəri arasındakı fərqlər) «Mənfəət və zə­rərlər» hesabına silinir.

222 saylı «Yolda olan köçürmələr» hesabının hesablar planında pul sənəd­lə­rini uçota alan hesabdan əvvəl yerləşdirilməsi metodoloji cəhətdən düzgün sayılır. Ona görə ki, yolda olan köçürmələr sırf pul vəsaitləri, yəni mütləq lik­vidli aktivlərdir.

Qısamüddətli maliyyə qoyuluşları monetar cari aktivlərin yüksək likvidliyə malik hissəsidir. Qısamüddətli maliyyə qoyuluşları bütövlükdə pul vəsiatlərinə bərabər tutulur, yaxud onların ekvivalenti hesab edilir. Bu ad altında uçota alı­nan aktivlər əsasən qısamüddətli investisiya xarakteri daşıyır. Aydındır ki, in­ves­tisiyaya yönəldilən pul vəsaitlərinin istifadəsinə məhdudiyyət qoyulur. Başqa sözlə, belə pul vəsaitləri kassada və bankdakı hesablaşma hesablarında olan pul vəsaitləri kimi istifadə oluna bilmir. İstifadəsinə hər hansı məhdudiyyət qo­yulan pul vəsaitləri isə investisiya adlandırılır. Lakin, mövcud normativ sə­nəd­lər­də bu barədə heç bir göstəriş yoxdur. İqtisadi ədəbiyyatlarda belə əməliy­yat­lar üzrə pul vəsaitləri maliyyə fəaliyyətinə aid edilir. Bununla belə, maliyyə qo­yu­­luşlarını sırf pul vəsait­ləri ilə (istifadəsinə heç bir məhdudiyyət qoyulmayan pul vəsait­ləri) eyniləşdirmək nəzəri və praktiki cəhətdən düzgün deyildir.

Mövcud təlimata görə «Qısamüddətli maliyyə qoyuluşları» adı altında müəssisənin digər müəssisələrin qiymətli kağızlarına, dövlətin faizli istiqraz­la­rı­na yönəltdiyi investisiyalar, habelə müəssisənin di­gər müəssisələrə verdiyi borc­lar birləşdirilir. Göründüyü kimi, qısamüddətli maliyyə qoyuluşları adı altında borc qiymətli kağızları deyil, emissiya qiymətli kağızların qısamüddətli növləri uçota alınır. Qeyri-emissiya qiymətli kağızlardan fərqli olaraq qısamüddətli emis­siya qiymətli kağızları müəssisəyə gəlir gətirir, onların nominal dəyəri də­yiş­mir və bu­nun nəticəsində müəssisənin maliyyə nəticələri də dəyişir. Ona görə də qısa­müddətli emissiya qiymətli kağızlarının mövcudluğu və hərəkətini uçota alan hesabdan başqa, onların satışı zamanı, həmçinin tədavüldə olduğu vaxt nomi­nal qiymətinin dəyişməsi zamanı yaranan maliyyə nəticələrinin uçotunun apa­­rıl­ması üçün 801 saylı «Ümumi mənfəət (zərər)» hesabından istifadə olun­masına ehtiyac yaranır.

Qeyri-emissiya qiymətli kağızlar uçot və hesabatda yalnız nominal məb­ləğ­ləri ilə əks etdirildiyi halda, emissiya qiymətli kağızları uçot və hesabatda no­mi­nal dəyərlə yanaşı aşağıdakı qiymətlərlə də əks etdirilə bilər: 1) emissya də­yər­lə­ri ilə; 2) bazar qiymətləri ilə; 3) ləğv etmə dəyərləri ilə; 4) geri satınalma qiy­­mət­lə­ri ilə; 5) balans dəyəri ilə; Uçot və hesabatda həmin dəyərlər qiymətli ka­ğız­la­rın zaman və məkan çərçivəsində mövcudluğu və hərəkəti formasından asılı ola­raq tətbiq edilir. Lakin, «Mühasibat uçotu haqqında» Qanunda qısa­müd­dətli emissiya qiymətli kağızların uçotunun aparılmasının ilkin şərti on­ların normal dəyəri hesab edilir. Əgər, həmin qiymətli kağızların satınalma də­yə­ri onların nominal dəyərindən kənarlaşarsa, bu halda həmin kənarlaşma qiy­mət­li kağızların nominal dəyərinin üzərinə əlavə edilir. Zənnimizcə, qısamüd­dətli qiy­mət­li kağızların uçot və hesabatda hansı qiymətlərlə əks etdirilməsi, onların mövcudluğu və hərəkəti zamanı nominal dəyərlə satınalınma dəyəri arasında ya­ranan fərqin uçotu metodikası nəzəri və metodoloji baxımdan tək­mil deyil­dir. Nəticədə müəssisənin investisiya fəaliyyəti üzrə tam informasiya əldə etmək mümkün olmur.

Qısamüddətli emissiya qiymətli kağızların uçotu metodikasında yuxarıda göstərilən çatışmazlıqlardan başqa, zənnimizcə elə bir mübahisəli məsələ yox­dur. Bu fikri qısamüddətli maliyyə qoyuluşlarının digər növləri olan depozitlər və verilmiş borclara da aid etmək olar. Araşdırmalar göstərir ki, depozitlərin və verilmiş borcların uçotunun mövcud metodikası müasir tələblərə və beynəlxalq standartların tələblərinə əsasən cavab verir.

Depozitlərin və digər müəssisələrə verilmiş borcların uçotunun yalnız bir cəhəti işlənilməmiş kimi görünür. Bu da həmin depozit və borclardan gələn faiz­lə­rin uçotu məsələsidir. Mövcud uçot və hesabat sistemində depozit və borclar üzrə faiz məbləğlərinin yaranması və faizlər üzrə pul vəsaitlərinin hərəkəti haq­qın­da keyfiy­yətli və etibarlı informasiya formalaşmır. Söhbət sintetik uçot he­sab­­­larında for­ma­laşan informasiyadan gedir. Belə məlumatları müvafiq mü­ha­sibat uçotu registrlərinə müraciət etmədən birbaşa həmin sintetik hesablardan əldə etmək mümkün deyildir. Oxşar vəziyyət qiymətli kağızlar üzrə də mövcud­dur.

Monetar cari aktivlərə aid olunan debitor borclarının uçotu metodikası daha geniş araşdırmalar tələb edir. Debitor borclarının tərkibi müxtəlif oldu­ğun­­dan onların uçotunun aparılması üçün mövcud hesablar planında bütöv he­sab­lar sistemi nəzərdə tutulur. Araşdırmalar göstərir ki, həmin hesabların vasi­tə­silə debitor borcları haqqında formalaşan informasiyanın miqdarı və key­fiy­yəti müasir tələblərə cavab vermir və bu sahədə tətbiq olunan beynəlxalq uçot standartlarına uyğun gəlmir. Qeyd etmək lazımdır ki, sözügedən hesab­lar­dan hansının məhsul (iş, xidmət) satışı, hansının isə qeyri-satış fəaliyyəti ilə əla­qə­dar ol­du­ğunu ayırd etmək çətindir. Bir çox müəssisələr göstərilən xidmətlər və gö­rü­lən işlər üzrə debitor borclarını 171 və 211 saylı hesablarda əks etdirir. Hal­bu­ki görülən işlər və xidmətlər müəssisənin satış fəaliyyəti ilə bağlıdır. Bu o de­mək­dir ki, məhsul (iş, xidmət) satışı ilə bağlı debitor borclarını uçota alan he­sab­larla qeyri-satış əməliyyatlarından yaranan debitor borclarını uçota alan he­sabların dəqiq bölgüsü yoxdur. Nəticə etibarı ilə bu da satış fəaliyyətindən daxil olan pul və­sait­ləri ilə digər fəaliyyət növlərindən daxil olan pul vəsaitlərini də­qiq təsnifləş­dir­məyə imkan vermir. 171 və 211 saylı hesablarda debitor borc­la­rı­nın saysız-hesa­bsız növləri əks etdirilir və həmin hesablar həddən artıq infor­masiya yükü daşıyır.

Mövcud hesablar planına görə mal-material əməliyyatları üzrə yaranan de­bitor borcları əsasən 171 və 211 saylı hesablarda uçota alınır. 171 və 211 saylı aktiv hesab­da daxil olmuş mal-material qiymətliləri, yerinə yetirilmiş işlər və gös­tərilmiş xidmətlər üçün əvvəlcədən malsatan və podratçılara köçürülmüş pul vəsaitləri üzrə müəssisənin debitor borcları uçota alınır. Belə avanslar təhtəl­he­sab şəxslərə də verilir. Beləliklə, mal-material ehtiyatlarının əldə edilməsi üçün verilən avanslar eyni məzmun daşıdığına və eyni təyinata malik olmalarına bax­­­ma­yaraq müxtəlif hesablarda uçota alınır.

Müqavilənin şərtlərindən asılı olaraq avans verən müəssisə verdiyi avansa görə malsatandan müəyyən faiz əldə edə bilər. Belə faiz və güzəştlərin uçotu ba­rəsində isə mövcud sənədlərdə açıqlama verilmir. Burada hesablaşmaların üç for­­masına görə debitor borcları uçota alınır: 1)inkasso qaydasında hesablaş­ma­­lar; 2) planlı ödəmələr üzrə hesablaşmalar; 3)alınmış veksellər üzrə hesab­laş­­malar; Sintetik uçotun təşkili və aparılması nöqteyi-nəzərindən inkasso və plan­lı ödəmələr formasında hesablaşmaların uçotu arasında heç bir fərq yoxdur.

Alıcılar və sifarişçilərlə hesab­laş­malar veksellərlə aparıldıqda, yaranan de­bi­tor borcunun gəlir gətirməsi faktı qəbul edilir və bu borc üzrə faizin uçotda əks etdirilməsi qısa şəkildə olsa da açıqlanır. Alıcılar və sifarişçilərlə hesablaş­malar inkasso və planlı hesablaşmalar formasında aparıldıqda, yaranan de­bi­tor borclarının gəlir gətirməsi və onun uçotunun aparılması qaydası barədə nor­ma­tiv sənədərdə heç bir açıqlama verilmir. Başqa sözlə, inkasso və planlı tədiy­­yə­lərin formasında aparılan hesablaşmalar zamanı yaranan debitor borc­la­rı­na gəlir gətirə biləcək borc kimi deyil, sadəcə digər müəssisələr tərəfindən ödə­ni­lə­cək tədiyyələr məbləği kimi baxılır. Məsələnin hüquqi tərəfinin açıqlan­ma­ması onun uçotu qaydasını da pərdə arxasında qoyur. Deyilənlər göndərilmiş mal-material ehtiyatlarının dəyərini vaxtında ödəməyən alıcı və sifarişçilərə edilən güzəştlərin uçotuna da aiddir. Güzəştlərin məbləği satıcı və alıcının razılı­ğı əsasında müəyyən edilsə də, onun uçotunun aparılması qaydası normativ sə­nəd­lərdə açıqlanmalıdır. Çünki, alıcılara edilmiş güzəştlər debitor borclarının düz­gün qiymətləndirilməsində mühüm rol oynayır. Debitor borclarının düzgün qiymətləndirilməsi isə gəlir və xərclərin səviyyəsində öz əksini tapır.

Məlumdur ki, müəssisələr əsas vəsait obyektlərini cari icarəyə verdikdə daxil olmuş icarə haqqı məbləği debitor borcu kimi əks etdirilir. Eyni qayda müəssisələr digər müəssisənin fəaliyyətində iştirak etmək üçün qoyduğu paya görə gəlirlər, qiymətli kağızlara görə faiz və dividentlər, depozitlərə və verilmiş borc­lara görə faizlər şəklində gəlir əldə etdikdə də tətbiq olunur. Yuxarıda gös­tərilənlər onu deməyə kifayət edir ki, debitor borclarının maliy­yə hesabatında verilən informasiyası kənar istifadəçilər üçün xeyli boşluq buraxır və onların qə­rar qəbul etmələri üçün əsas kimi qəbul edilə bilmir. Bir hesabda bu qədər debitor borclarının uçotunun aparılması pul vəsaitləri axınının fəaliyyət növləri üzrə qruplaşdırılmasını xeyli çətinləşdirir. Belə qrup­laşdırmanın həyata keçiril­məsi analitik uçot registrlərindən istifadəni zəruri edir.

Debitor borclarının uçotunun ən böyük çatışmazlığı həmin borclar barədə onların müddət əlaməti üzrə informasiya formalaşdıra bilməməsi sayılır. Başqa sözlə, debitor borclarını uçota alan sintetik hesablardan həmin borcların müd­də­ti barədə informasiya əldə etmək mümkün deyildir. Halbuki, belə informa­si­yanın formalaşması debitor borclarının ayrı-ayrı növlərinin səmərəli idarə olun­ması üçün başlıca şərtdir. Aparılan araşdırmalar monetar cari aktivlərin uçotu­nun müasir vəziyyəti haqqında bütövlükdə aşağıdakıları deməyə əsas verir:



  1. monetar cari aktivlərin təsnifatına dair normativ sənədlərdə və təlimat­lar­da müvafiq şərhlər və açıqlamalar yoxdur. Bu da onların uçotu sahəsində bəzi çatışmazlıqların səbəblərindən birini təşkil edir;

  2. mövcud sintetik uçot sistemindən pul vəsaitləri və onların ekvivalentləri ba­rədə müstəqil informasiya əldə etmək mümkün deyildir. Pul vəsaitləri ilə pul vəsait­lərinin ekvivalentləri təsnifatda və uçotda eyniləşdirilmişdir;

  3. uçotun indiki qaydası müəssisədə pul axınları haqqında fəaliyyət növləri üzrə (əsas fəaliyyət, maliyyə fəaliyyəti, investisiya fəaliyyəti) dəqiq informasiya form­alaşdırmır, bu da kənar istifadəçilərə pul vəsaitlərinin hərəkətini proqnoz­laş­dırmağa,müvafiq idarəetmə və maliyyə qərarları qəbul etməyə imkan vermir;

  4. qısamüddətli qiymətli kağızlar öz-özlüyündə qısamüddətli investisiya qoyuluşlarına aid olsa da, onların uçotunu aparmaq üçün nəzərdə tutulan he­sab pul vəsaitlərini uçota alan hesablar sırasına aid edilmişdir. Bu da nə meto­diki, nə də praktiki cəhətdən düzgün sayıla bilmir;

  5. qısamüddətli qiymətli kağızları, depozitləri və qısamüddətli borcları ey­ni­ləş­dirmək və onları bir hesabda uçota almaq məqsədəuyğun deyildir. Çünki, qiy­mət­li kağızlar əmlakdır, depozitlər və verilmiş borclar isə yalnız borc hüquq­larıdır. Depozitlər və verilmiş borclar daha çox debitor borclarını xatırladır;

  6. debitor borclarının iqtisadi məzmununa, tərkibinə və müddətinə görə təs­­ni­fatı dəqiq deyildir. Məsələn alıcılar və sifarişçilərlə hesablaşmaların uço­tun­­da yalnız iki növ hesablaşmalara: a) heç bir yazılı sənədlə təminatı olmayan; b)yazılı sənədlə (veksellərlə) təminatı olan hesablaşmalara ayrılır. Debitor borc­­larının bu növünün ödənilməsi müddətləri uçot obyektləri deyildir.


2.3. Müəssisənin cari likvidliyinin və ödəmə qabiliyyətinin təhlili
Hər bir müəssisənin maliyyə vəziyyətini xarakterizə edən əsas göstə­ri­ci­lər­dən biri onun ödəmə qabiliyyətidir. Zaman kontekstində müəssisənin qısa­müd­dətli (cari) və uzunmüddətli (perspektiv) ödəmə qabiliyyəti hesablanır və qiy­mət­ləndirilir.Müəssisənin cari ödəmə qabiliyyəti haqqında informasiya onun təc­hizatları, səhmdarları və dövlət vergi orqanları üçün xüsusi əhəmiyyət kəsb edir. İnstitusional investorlar üçün müəssisənin perspektiv ödəmə qabiliyyəti haq­qında informasiya daha əhəmiyyətlidir.

Müəssisənin cari ödəmə qabiliyyəti dedikdə, onun rəsmi olaraq yaranmış və hüquqi qüvvəyə malik olan cari öhdəlikləri üzrə hesablaşmaların vaxtlı-vax­tında yerinə yetirilməsinə kifayət edəcək qədər pul vəsaitlərinə və onun ekvi­va­lent­lərinə malik olması başa düşülür. Artıq qeyd etdiyimiz kimi, müəssisənin cari öhdəlikləri əsasən «qısamüddətli kreditlər və borclar» və «kreditor borc­la­rı» hesabına forma­laşır. Müəssisənin pul vəsaitləri «Mühasibat balansı»nın ak­ti­vində əks etdirilən aşağıdakı elementlər əsasında müəyyən edilir: kassa; hesab­laş­ma hesabı; valyuta hesabı; qısamüddətli maliyyə qoyuluşları; debi­tor­larla he­sab­laşmalar. Deməli, müəs­sisənin ödəmə qabiliyyəti, ilk növbədə, məh­sul satı­şın­dan daxil olun pul vəsait­lərinin məbləği ilə cari öhdəliklərin məbləğini mü­qa­yisə etməklə müəyyən edilir. Əgər satışdan daxil olan cəmi pul vəsaitləri müəs­si­sə­nin cari öhdəliklərindən azdırsa, onda nağd pul nöqteyi-nəzərindən müəssisə ödəmə qabiliyyətinə malik olmur və öz öhdə­lik­lərini yerinə yetirmək üçün müəs­­sisə malik olduğu istehsal ehti­yatlarını sat­mağa məcbur qalır. Əgər müəs­si­sənin dövriyyə aktivlərinin dəyəri onun öhdə­liklərindən çoxdursa, onda müəs­sisə potensial ödəmə qabiliyyətinə malik olur.

Məhz hazır məhsulların və digər dövriyyə aktivlərinin likvidliyi, yəni nağd pula çevrilməsi müəssisənin ödəmə qabiliyyətli olmasının zəruri və kafi şərtidir. «Ödəmə qabiliyyəti» və «likvidlik» anlayışlarının bir-biri ilə qarşılıqlı əlaqəsi məhz bu potensiala əsaslanır. Bu halda, «likvidlik» səbəb, «ödəmə qabiliyyəti» isə nəticə kimi çıxış edir. Başqa sözlə desək, müəssisənin ödəmə qabiliyyəti, di­gər şərtlər sabit qaldıqda, dövriyyə aktivlərinin likvidliyinin funksiyası kimi çıxış edir.

Təhlil üzrə iqtisadi ədəbiyyatlarda aktivlərin, müəssisənin və mühasibat balansının likvidliyi anlayışları bir-birindən fərqləndirilir. Hər hansı bir aktivin likvidliyi dedikdə, həmin aktivlərin mühasibat balansında əks etdirilmiş dəyəri müqabilində pula transformasiya edilməsi qabiliyyəti başa düşülür. Müəssisə­nin likvidliyi dedikdə isə onun dövriyyə aktivlərinin qısamüddətli öhdəliklərini ödə­mək üçün kafi dərəcədə olması başa düşülür. Müəssisə o zaman likvid he­sab edilir ki, onun dövriyyə aktivlərinin balans dəyəri qısamüddətli öhdəlik­lə­ri­nə bərabər və ya çox olur. Lakin, qeyd etmək vacibdir ki, müəssisənin likvidliyi nəzəri cəhətdən qiymətləndirilir. Bu halda «müəssisənin likvidliyi» anlayışı ilə «müəssisənin ödəmə qabiliyyəti» anlayışları məzmun etibarilə bir – birinə çox yaxındır, lakin eyni deyildir. Belə ki, müəssisənin cari ödəmə qabiliyyəti onun maliyyə öhdəliklərini tamamilə və vaxtlı-vaxtında ödəyə bilmək qabiliyyətidir və ilk növbədə «Pul vəsaitlərinin hərəkəti haqqında hesabat» formasında əks etdirilən informasiyalar əsasında hesablanılır.

Pul vəsaitlərinin və onların ekvivalentlərinin daxil olması dövriyyə ak­tiv­lərinin, ilk növbədə hazır məhsulların likvidliyinin göstəricisidir. Daxil olan pul vəsaitlərinin məbləği zaman etibarilə fərqlənə bilər. Bu fərq dövriyyə aktivlə­ri­nin likvidlik səviyyəsinin aylar üzrə fərqlənməsindən də irəli gələ bilər. Aktivlə­rin likvidlik səviyyəsi onların pula transformasiyası üçün zəruri olan vaxtla müəyyən edilir. Beləliklə, müəssisənin ödəmə qabiliyyəti aktiv­lərin likvidlik səviyyəsindən asılı olaraq dəyişir.

«Pul vəsaitlərinin hərəkəti haqqında hesabat» forması əsasında müəssisə­nin ödəmə qabiliyyətini xarakterizə edən bir neçə maliyyə əmsalları hesab­la­nı­lır. Bu əmsallardan iki əmsal bilavasitə hazır məhsulların likvidliyini əks etdir­mək­lə yanaşı müəssisənin ödəmə qabiliyyətini xarakterizə edir:



  1. Hesabat dövrünün əvvəlinə pul qalığı nəzərə alınmaqla müəssisənin ödəmə qabiliyyəti əmsalı (KTQ)

KTQ =(PVB + PVD) / PVX (2.1.)

burada PVB –hesabat dövrünün əvvəlinə pul qalığını, PVD – hesabat dövründə daxil olan pul vəsaitlərini, PVX - hesabat dövründə pul xərclərini ifadə edir. Müəssisənin ödəmə qabiliyyətli olması üçün KTQ ≥ 1 olması zəruridir. Lakin, (KTQ) cari dövrdə müəssisənin ödəmə qabiliyyətini obyektiv xarakterizə edə bilmir. Çünki, əvvəlki dövrlərdə əldə edilmiş pul vəsaitləri hesabına da müəssisənin öhdəlikləri ödənilə bilər. Buna görə də cari dövrdə müəssisənin ödəmə qabiliyyətini aşağıdakı əmsalla qiymətləndirmək daha obyektiv infor­ma­siya əldə etməyə imkan verir.



  1. Müəssisənin cari ödəmə qabiliyyəti əmsalı (KTA) hesabat dövründə müəs­sisə üzrə pul daxil olmaları (pul gəlirləri) ilə pul axını (pul xərcləri) əsasın­da hesablanılır:

KTA = PVD / PVX (2.2.)

KTA ≥ 1 olarsa, müəssisənin istehsal etdiyi əmtəələrin likvidliyi yüksək, ümumi likvidlik səviyyəsi isə aşağıdır. Bu o deməkdir ki, müəssisənin istehsal po­tensialından intensiv istifadə edilir və istehsal edilən əmtəələr rəqabət qabi­liy­yətinə malik olur. Təbii ki, müəssisə cari ödəmə qabiliyyətli sayılır. KTA ≥ 1 ol­duq­da isə müəssisə yaranmış qısamüddətli öhdəliklərini yerinə yetirə bilmir və ödəmə qabiliyyətinə malik olmur. KTA –nın ədədi qiyməti vahiddən nə qədər böyük olarsa, müəssisənin ödəmə qabiliyyəti bir o qədər yüksək olar.

Əgər KTA < 1 olarsa, artıq qeyd etdiyimiz kimi, müəssisə cari ödəmə qa­bi­liy­yətinə malik olmur. Müəssisə öz öhdəliklərini yerinə yetirmək üçün, ilk növ­­bədə, qısamüddətli maliyyə qoyuluşlarından istifadə et­mək məcburiy­yə­tin­də qa­lır. Əgər, bu aktivlərdən əldə edilən məbləğ qısamüd­dətli öhdəlikləri ödəmir­sə, onda müəssisə qısamüddətli debitor borclarından istifadə edir. Lakin, hər iki aktivin likvidlik səviyyəsi eyni olmur.



  1. Özünümaliyyələşdirmə intervalı (MI) əmsalı nağd pul, qısamüddətli maliyyə qoyuluşları və qısamüddətli debitor borcları əsasında müəssisənin öz öh­dəliklərini yerinə yetirə bilmək qabiliyyətini xarakterizə edir. Bu əmsal aşa­ğıdakı kimi hesablanır:

PV+QMQ+QDB___MI_=_---------------------------_х_Т_(2.3)____GPX'>PV+QMQ+QDB

MI = --------------------------- х Т (2.3)

GPX

burada T- təhlil edilən dövrdə günlərin sayını, PV – təhlil edilən dövrdə müəssisə üzrə pulun orta məbləğini göstərir. Bu göstərici dövrün əvvəlinə (B) və sonuna (S) pul vəsaitlərinin həcmi haqqında «müəssisə balansı»nda əks etdi­ri­lən informasiyalar əsasında hesablanılır.



PV = (PVB + PVS) / 2 (2.4)

burada QMQ - qısamüddətli maliyyə qoyuluşlarının orta səviyyəsini, QDB – qısamüddətli debitor borclarının orta səviyyəsini ifadə edir. «Müəssisə ba­lan­sı» üzrə informasiya əsasında hesablamalar aparıldıqda hər üç göstərici orta illik səviyyəsini əks etdirir. GPX – orta hesabla gün ərzində pul xərclərinin sə­viy­yəsini xarakterizə edir və «Mənfəət və zərərlər haqqında hesabat» forma­sın­da əks etdirilən informasi­ya əsasında aşağıdakı kimi hesablanılır:



RMD+KX+IX - A

GPX = ----------------------------- (2.5)

T

burada RMD – reallaşdırılmış məhsulun maya dəyərini, KX - kommersiya xərc­lərini, IX – idarəetmə xərclərini, A- müəssisə üzrə il ərzində hesab­lanılmış amortizasiyanın həcmini göstərir. Bu göstərici müəssisə balansından götürülür. Debitor borclarının qaytarılma müddəti məlum olmadığından, öz-özünü maliy­yələşdirmə intervalı əmsalını hesablayarkən onu nəzərə al­mamaq, qısamüddətli öhdəliklərin ödənilməsi nöqteyi- nəzərindən, daha düz­gün və daha realdır.



  1. Debitor borcları nəzərə alınmadan öz-özünü maliyyələşdirmə intervalı (MI 2) əmsalı aşağıdakı kimi hesablanılır:

PV+QMQ

MI2 = -------------------- х Т (2.6)

GPX

Təbii ki, MI2 ≤ MI şərti ödənilir. Xüsusi vurğulamaq yerinə düşər ki, uzunmüddətli öhdəliklər müəyyən edilmiş vaxtda ödənilir və qısamüddətli öh­də­liklərdə əks etdirilir. Təbii ki, əgər müəssisənin uzunmüddətli öhdəlik­lə­rinin sə­­viyyəsi yüksəkdirsə, digər şərtlər sabit qaldıqda, qısamüddətli öhdəliklərin həc­­mi artır. Məhz buna görə də müəssisənin cari və perspektiv ödəmə qa­bi­liy­yətini hesablayarkən onun uzunmüddətli öhdəliklərini də nəzərə almaq lazım gəlir. Belə bir göstərici Biver əmsalı adlanır (26, s.168) və aşağıdakı kimi he­sab­lanır:



XM + A

KB = -------------------- (2.7.)

QBV + UBV

burada XM – xalis mənfəətin məbləğini, QBV (UBV) isə qısamüddətli (uzun­müddətli) öhdəliklərin səviyyəsini ifadə edir. Biver əmsalı müəssisənin ödə­mə qabiliyyətini daha tam xarakterizə edir. Bu ondan irəli gəlir ki, xalis mənfəət və amortizasiya pul axınları əsasında formalaşır və müəssisənin öh­də­lik­lərini ye­ri­nə yetirməsinin xüsusi maliyyə mənbəyi rolunda çıxış edir. İstər alın­mış kre­dit­lər və istərsə də kreditə görə faiz ödənişləri mənfəət hesabına ödə­ni­lir. Biver əm­sa­lının çatışmayan cəhəti ondan ibarətdir ki, bu göstərici debitor borclarının də­yişməsini nəzərə almır. Debitor borclarının dəyişməsi məhz daxil olan pulun məbləğinə təsir edir.

Biver çoxlu sayda firmaların empirik məlumatlarının tədqiqi nəticəsində müəyyən etmişdir ki, ödəmə qabiliyyətinə malik olan firmalarda bu əmsal 0,4 – 0,45 intervalında dəyişir. Hal-hazırda bu göstərici normativ kimi qəbul edilmiş­dir. İnstitusional investorlar bu və ya digər firmanın qiymətli kağızlarına in­ves­tisiya qoyuluşu üzrə qərarların qəbulu zamanı bu əmsala xü­susi diqqət yetirir. Çünki, bu əmsal firmaların cari ödəmə qabiliyyətindən daha çox perspektiv ödəmə qabiliy­yətini xarakterizə edir. Bu isə həmin səhmlərin bazar qiy­mətinin və dividendlərin səviyyəsinin artmasının indikatoru sayılır.

Artıq qeyd etdiyimiz kimi, Biver əmsalı hesabat dövründə pul daxil­ol­ma­ları əsasında müəssisənin qısamüddətli və uzunmüddətli öhdəliklərini yerinə ye­tirmək qabiliyyətini əks etdirir. Tutaq ki, müəssisə istehsalın həcmini artır­maq və ya yeni texnologiya tətbiq etmək üçün uzunmüddətli kredit almış və düzgün strategiya seçmişdir. Bu halda hesabat dövründə Biver əmsalının səviyyəsi aza­lır və təbii ki, onun ödəmə qabiliyyətinin azalması haqqında fikir forma­laşır. Buna görə də bu ziddiyyəti aradan qaldırmaq üçün pul axınları əsasında daha bir göstəricinin hesablanılması və qərarların qəbulu zamanı istifadə edilməsi zə­ru­rəti meydana gəlir. Bu göstərici daxil olan pul vəsaitləri əsasında qısamüd­dət­li öhdəliklərin ödənilməsi əmsalı (KQTQ) adlanır.



  1. Daxil olan pul vəsaitləri əsasında qısamüddətli öhdəliklərin ödənilməsi əmsalı (KQTQ) aşağıdakı kimi hesablanır:

XM + A

(KQTQ) = -------------------- (2.8.)

QBV

Xüsusi halda UBV = 0 olarsa, KQTQ= KB olar. Qeyd edək ki, KB və KQTQ əmsallarında pul axınları XM əsasında nəzərə alınır. Belə ki, XM müəssisənin gə­lirlərindən (pul daxil olması) onun öhdəliklərini (pul xərcləri) çıxdıqdan son­ra qalan məbləğidir. Hər iki əmsalın işarəsi ödəmə qabiliyyətli firmalarda müs­bətlir. Ödəmə qabiliyyətinə malik olmayan firmalarda bu əmsallar mənfi qiy­mət ala bilər. Bu XM mənfi qiymətə (yəni zərər) və XMA olduqda baş verir.

Müəssisələrin qısamüddətli öhdəlikləri içərisində qısamüddətli bank kre­dit­ləri və kreditə görə faiz ödənişləri, müəssisənin maliyyə vəziyyətinə təsiri nöq­teyi – nəzərindən xüsusi əhəmiyyət kəsb edir. Bu təsir qısa və uzunmüddətli bank kredit­lərinin səviyyəsi yüksək olan firmalarda daha böyükdür. Buna görə də müəssisənin alınmış kreditlərə görə faiz ödənişləri üzrə öhdəliklərini yerinə yetirmək qabiliy­yə­ti­ni xarakterizə edən xüsusi əmsal hesablanılır:


  1. Müəssisənin alınmış kreditlərə görə faiz ödənişləri üzrə öhdəliklərini ye­ti­nə yetirmək qabiliyyətini xarakterizə edən əmsal (KFK) aşağıdakı kimi hesab­lanır:

ХCPAVF

KFK = -------------------- (2.9)

FHM

burada FHM-faiz ödənişləri üzrə cari dövrdə ödəniləcək məbləği, XCPAVF –vergi və faiz ödənişləri nəzərə alınmadan xalis cari pul axınını ifadə edir.

Xalis cari pul axını dedikdə, müəssisənin cari fəaliyyəti nəticəsində pulun hərəkəti başa düşülür. Yəni müəssisənin cari fəaliyyətindən daxil olan pul ilə cari fəaliyyəti üzrə pul xərclərinin fərqi kimi hesablanır. Xüsusi olaraq qeyd edək ki, müəssisənin investisiya və maliyyə fəaliyyəti üzrə pul gəlirləri və xərc­ləri xalis cari pul axınları (XCPA) hesablanarkən nəzərə alınmır. Ümumiy­yət­lə, XCPA müəssi­sə­nin cari fəaliyyəti (məhsul satışından pul gəlirləri, avanslar üzrə daxilolmalar, alınmış faizlər, dividendlər, valyutanın yenidən qiymət­lən­diril­mə­si, cari fəaliyyət­dən gəlirlər və xərclər) üzrə maliyyə nəticələrini əks et­di­rir. XCPA>0 olduqda müəssisə öz fəaliyyətini maliyyələşdirmək qabiliy­yə­tinə malik olur. KFK əmsalının ədədi qiyməti müsbət, böyük və uzunmüddəli ol­duqda müəs­sisənin dayanıqlı inkişafı üçün zəmin yaranır. Banklar üçün həmin müəs­sisə kredit riski aşağı, yəni etibarlılıq səviyyəsi yüksək olan müəssisə hesab edi­lir. Qeyd edək ki, kredit riski aşağı olan müəssisələr kredit riski yüksək olan müəs­sisələrə nisbətən daha aşağı faiz dərəcəsi ilə kredit almaq imkanına malik olur. XCPA <0 olduqda müəssisə ödəmə qabiliyyətinə malik olmur və cari öh­də­liklərini yerinə yetirmək üçün investisiya və ya maliyyə fəaliyyətini azalt­mağa məcbur olur. XCPA>0 davamlı olduqda, müəssisə nəinki qısamüd­dət­li öhdəlik­lərini, eyni zamanda uzunmüddətli öhdəliklərini ödəmək imkanına malik olur.


  1. Müəssisənin uzunmüddətli kreditor borclarını ödəmək potensialı (KUBVP) əmsalı XSPA əsasında aşağıdakı kimi hesablanır:

ХCPA

KUKBP = ----------------- (2.10)

UKB

burada KUKBP – müəssisənin uzunmüddətli kreditor borclarının hər ma­na­tının hesabat ilində daxili maliyyə resursları hesabına nə qədərini ödəyə bilmək qabiliyyətini əks etdirir. Məlumdur ki, bazar şəraitində səhmdar cəmiyyətləri kapi­talı həm də qiymətli kağızları emissiya etmək və ilkin fond bazarında yer­ləş­dirmək əsasında cəlb etmək imkanına malik olur. Qiymətli kağızların növ­lə­rindən asılı olaraq səhmdar cəmiyyətləri (SC) müxtəlif öhdəliklər qəbul edir. Belə ki, istiqrazlar və adlı səhmlərə görə (SC) elan edilmiş faiz dərəcələri üzrə bir­başa öhdəlik daşıyır və bunlar hüquqi xarakter kəsb edir. Adi səhmlər üzrə birbaşa deyil, dolayı öhdəlik qəbul edir. Adi səhmlər üzrə dividendlərin vax­tın­da və kreditə faiz dərəcəsindən yüksək səviyyədə ödənilməsi məhz SC-nin in­ves­tisiya cəlbediciliyinin əsas xarak­teristikası sayılır. Fond ba­zar­ları inkişaf etmiş ölkələrdə məhz səhmlərin rəqabət şəraitində yerləşdirilməsi və təkrar bazarda sa­tılması SC-nin maliyyə vəziyyətindən və onların dividend siyasətindən asılı­dır. Məhz buna görə də inkişaf etmiş bazar iqtisadiyyatına malik olan ölkələrdə xüsusi maliyyə əmsalları hesablanılır.

8) Müəssisənin səhmlərin bütün növləri üzrə dividendləri ödəyə bilmək qabiliyyəti əmsalı (KCD) aşağıdakı kimi hesablanılır:

ХCPAD

KCD = ----------------- (2.11)

CD

burada CD-səhmdar cəmiyyəti tərəfindən ödəniləcək dividendlərin ümu­mi məbləğini, XCPAD – vergilər və kreditə görə faiz ödənişlərindən sonra SC-nin dividendlərin ödənilməsinə qədər cari fəaliyyətindən xalis pul axınını ifadə edir. Əgər XCPAD < CD olarsa, onda KCD < 1 olar. Yəni bu halda SC-nin hesab­la­nıl­mış cəmi dividendləri ödəmək üçün cari fəaliyyət hesabına nağd pulu çatışmır.

9) Müəssisənin adi səhmlər üzrə dividendləri ödəyə bilmək qabiliyyəti əmsalı (KAS) aşağıdakı kimi hesablanır:

ХCPAD

KAS = ----------------- (2.12)

ASD

burada ASD –adi səhmlər üzrə dividendlərin məbləğini göstərir.

Fəaliyyətini araşdırdığımız müəssisə üzrə yuxarıda qeyd edilən əmsalların bəziləri «Mənfəət və zərərlər haqqında hesabat», «Müəssisə balansı», «Pul və­sait­­lə­ri­nin hərəkəti haqqında» hesabat formalarında əks etdirilən infor­masi­ya əsa­sında hesablanır. Qeyd edək ki, müəssisənin likvidlik və ödəmə qabiliyyə­ti­nin «pul» göstəriciləri pul axınları əsasında hesablanılır və müəssisənin maliyyə vəziyyəti və potensialı haqqında vacib informasiya sayılır. Lakin qeyd edək ki, cari fəaliyyət üzrə baş verən bütün əməliyyatlar hesabat dövründə «pulsuz» da yerinə yetirilə bilər. Məsələn, müəssisə istehsal məqsədləri üçün xammal, yarım­fabrikat ala bilər, lakin pulunu növbəti ildə ödəyə bilər. Əksinə, müəssisə xam­mal üçün hesabat ilində pul ödəyər, lakin xammalı növbəti ildə ala bilər.

Müəssisə istehsal etdiyi məhsula sertifikat almaq üçün cari ildə pul xərc­lə­yir («gələcək dövrün xərcləri»), lakin həmin xərci növbəti ildə istehsal xərclərinə daxil edir. Başqa sözlə desək, pul axınları əsasında müəssisənin əmlakı, xüsusi və borc kapitalı haqqında informasiya bəzən əldə etmək müm­kün olmur. Buna görə də müəssisənin cari öhdəliklərini potensial olaraq ödəyə bilmək qabiliy­yə­tini xarak­terizə etmək üçün müəssisənin likvidlik və ödə­mə qabiliyyətini «mü­ha­si­bat balansı» formasında əks etdirilən informa­siya əsasında hesab­lamaq və qiymət­ləndirmək zərurəti meydana çıxır.

Mühasibat balansının likvidliyi statistik kəmiyyətdir və müəyyən vaxt mo­men­tinə aktivlərin və passivlərin səviyyələri əsasında müəyyən edilir. Müəssi­sə­nin cari ödəmə qabiliyyətinə onun dövriyyə vəsaitlərinin likvidliyi birbaşa təsir göstərir. «Likvidliyin təhlili» dedikdə, məhz dövriyyə aktivlərinin tərkibi və keyfiyyətinin likvidliyinin qiymətləndirilməsi başa düşülür. Likvidliyin təhlili zamanı aşağıdakı məsələlərin aydınlaşdırılması təhlilin obyektiv aparılması və təhlil qarşısında duran məqsədlərə nail olmaq üçün xüsusi əhəmiyyət kəsb edir: a) Dövriyyə aktivlərinin və qısamüddətli öhdəliklərin tərkibinin onların key­fiy­yəti əsasında düzgün müəyyən edilməsi; Praktiki aspektdə bu o deməkdir ki, dövriyyə aktivləri likvidlik səviy­yə­sinə, qısamüddətli öhdəliklər isə ödənilmə müddətinə görə qruplaşdırılır. Lakin, öncə analitik informasiya əsasında qısa­müd­dətli aktivlər keyfiyyətcə təhlil edilir. Maliyyə vəziyyəti yaxşı və pis olan müəssisələr üzrə debitor borclarını eyni bir qrupda birləşdirmək səhv nəticələrə gətirib çıxara bilər. b) Dövriyyə aktivlərinin dövr sürətinin qısamüddətli pas­siv­lə­rin dövr sürətinə uyğunluğunun, istehsal texnologiyasından irəli gələn spesfik xü­susiyyətlər nəzərə alınmaqla müəyyən edilməsi; v) Mühasibat balansının ay­rı-ayrı aktiv və passiv maddələrinin qiymətlən­diril­məsi üzrə uçot siyasəti; Lik­vid­­liyin təhlili üzrə əldə edilən nəticələr, ilk növbə­də, uçot siyasətinin beynəl­xalq standartlara uyğunlaşdırılmasından asılı­dır. Likvid­liyin təhlilinin analitik səviyyəsinin yüksəldilməsi və obyektivliyin təmin edilməsi məqsədi ilə SC-in ma­liy­yə hesabatı formalarına «İzahedici qeydlər» də əlavə olunur. Bu qeydlərdə məhz yuxarıda sözügedən alətlər haqqında mü­fəs­səl izahatlar verilir. Müəs­si­sənin qısamüddətli aktivləri likvidlik səviyyə­lərin­dən asılı olaraq üç qrupa bölünür:

A1. Yüksək likvidli aktivlər; Bu qrupa müəssisənin pul vəsaitləri və yüksək likvidli qısamüddətli qiymətli kağızları daxil edilir. Bu qrup üzrə riskin səviy­yəsi çox aşağıdır.

A2. Cəld reallaşdırılan aktivlər; Bu qrupa maliyyə vəziyyəti normal, yaxud yüksək olan müəssisələrin debitor borcları, yola salınmış əmtəələr, ehtiyatlar və yüksək tələbə malik hazır məhsulların dəyəri daxil edilir. Bazarın konyukturun­dan asılı olaraq göstərilən elementlər üzrə likvidlik səviyyəsi dəyişə bilər. Buna görə də təhlildən öncə göstərilən hər bir element üzrə son informasiya əsasında likvidlik dərəcəsi dəqiqləşdirilir. Bu qrup üzrə riskin səviyyəsi aşağıdır.

A3. Orta likvidli aktivlər, yaxud yavaş reallaşdırılan aktivlər; Bu qrupa daxil olan dövriyyə aktivlərini riskin səviyyəsinə görə iki qrupa bölmək olar: 1) orta risk səviyyəsinə malik olan aktivlər; 2) yüksək riskli aktivlər;

A4. Qeyri-likvidli (çətin reallaşdırılan) aktivlər; Bu qrupa uzunmüddətli aktivlərin dəyəri və 12 aydan sonra silinəcək «gələcək dövrlərin xərcləri» mad­də­sində göstərilən məbləğ daxil edilir. A1, A2, A3 qruplarına daxil olan aktiv­lərin dəyəri müəssisənin cari ödəmə qabiliyyətini xarakterizə edən göstəricilərin səviy­yə­sinin hesablanılması və qiymətləndirilməsində istifadə edilir. A4 qrupu­na daxil olan sabit aktivlərin dəyəri isə müəssisənin uzunmüddətli ödəmə qabi­liy­yətinin qiymət­ləndirilməsində, müflisləşməyə görə ləğv edilən müəssisələrin də­yə­rinin müəyyən edilməsində istifadə edilir. Adətən müəssisə «iqtisad məh­kə­məsi» tərəfindən müflis elan edildikdə hərrac bazarında qiymətləndirilir.

Müəssisənin öhdəlikləri onların ödənilməsi müddətinə görə aşağıdakı qruplara bölünür:

P1. Təcili öhdəliklər; Bu qrupa kreditor borcları və ödənilmə vaxtı keçmiş borclar daxil edilir.

P2. Qısamüddətli öhdəliklər; Bu qrupa qısamüddətli bank kreditləri və sair qısamüddətli passivlər daxil edilir.

P3. Uzunmüddətli öhdəliklər; bu qruppa uzunmüddətli kreditlər və sair uzunmüd­dətli öhdəliklər daxil edilir.

P4. Sabit (daimi) passivlər. Bu qrupa müəssisənin xüsusi kapitalı və öhdə­liklər bölmələrindən «gələcək dövrün gəlirləri», istehlak fondları, «Qarşıdakı xərclər və ödəmələr üçün ehityatlar» daxil edilir.



Müəssisənin mühasibat balansının likvidliyini təhlil etmək üçün onun ak­tiv­ləri və öhdəlikləri yuxarıda göstərilən qruplar üzrə 2.1 saylı cədvəldə verilən qaydada qruplaşdırır.

Cədvəl 2.1.

Mühasibat balansının likvidliyinin təhlili



Göstəricilərin adı

İllər

2011

2012

2013

2014

1.

Aktivlər













1.1.

Yüksək likvidlik aktivlər

7250

27027

6643

41877

1.2.

Tez satılan aktivlər

850387

1150632

869826

1092672

1.3.

Yavaş satınlan aktivlər

1947181

1588705

1885142

245842

1.4.

Çətin satılan aktivlər

5336162

5328854

5339822

5253900




Balans

8140980

8070893

8101433

8840291

2

Öhdəliklər













2.1.

Təcili öhdəliklər

382898

255899

337915

555125

2.2.

Qısamüddətli öhdəliklər

29168

29758

29168

166571

2.3.

Uzunmüddətli öhdəliklər

102891

61110

656

216471

2.4.

Daimi passivlər

7626023

7724126

7733694

7902124

3

Qruplar üzrə münasibət













3.1.

A1-P1

A1P1

A1P1

A1P1

A1P1

3.2.

A2-P2

A2P2

A2P2

A2P2

A2P2

3.3.

A3-P3

A3P3

A3P3

A3P3

A3P3

3.4.

A4-P4

A4P4

A4P4

A4P4

A4P4

Yüklə 487,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə