- 20 -
yazıb nəşr edilməsinə imkan yaratmışdır. Ayrı-ayrı vaxtlarda dövri mətbuatda çap olunan «Böyük
ədəbiyyatşünaslıq uğrunda», «Ədəbiyyatın tərifi», «Ədəbiyyatşünaslıq elminin şöbələrinə yenidən baxış»,
«Satira ədəbi növ kimi», «…Sonet janrı», «Azərbaycan şeirində himn və marş», «Kiçik hekayə janrı –
novella», «Dialoq haqqında monoloq», «Ədəbi əlaqələrdən - müqayisəli ədəbiyyatşünaslığa» və sair elmi-
nəzəri məqalələri ədəbiyyatşünas alimin ədəbiyyat nəzəriyyəsi istiqamətində də ciddi elmi əhəmiyyəti olan
tədqiqatların müəllifi olduğunu meydana qoyur. «Ədəbiyyat nəzəriyyəsi» adlı dərs vəsaiti (1985) hazırda
da ali məktəblərimizdə bu fənnin tədrisində istifadə olunan qiymətli bir bələdçi kimi elmi dəyərini qoruyub
saxlayır. Ədəbiyyat nəzəriyyəsi kitabındakı təriflərin əksəriyyəti İsa Həbibbəyli tərəfindən düstur kimi
hazırlanıb formalaşdırılmışdır. İsa Həbibbəylinin «Romantik lirikanın imkanları» adlı monoqrafiyasında
(1984) XX əsrin əvvəlləri Azərbaycan romantik şeirinin poetikası, sənətkarlıq xüsusiyyətləri tədqiq edilib
ümumiləşdirilmişdir.
Ali məktəblərin ehtiyacı nəzərə alınmaqla yazılmış «XX əsrin əvvəlləri Azərbaycan yazıçıları» dərs
vəsaitində yazıçı və şairlərin tərcümeyi-halı və yaradıcılıq yolu dəqiqləşdirilərək elmi sistem əsasında
təqdim olunur. Eyni zamanda, bu əsərin Azərbaycan ədəbiyyatını tanıtmaq baxımından da mühüm
əhəmiyyəti vardır. «XX əsrin əvvəlləri Azərbaycan yazıçıları» kitabının Rusiyada, Türkiyədə və
Ukraynada nəşri də bunu əyani şəkildə göstərir. Bu dərs vəsaitində ilk dəfə olaraq XX əsrin əvvəlləri
Azərbaycan ədəbiyyatının ədəbi cərəyanlar üzrə təsnifatı aparılmış və əsas təmsilçilərinin həyatı və
yaradıcılıq yolu oxuculara çatdırılmışdır. Bundan başqa, yaradıcılıqları az öyrənilmiş, çox vaxt tədris
proqramlarında yer almayan Hacı Kərim Sanılı, Eynəli bəy Sultanov, Ömər Faiq Nemanzadə, Əliabbas
Müznib, Əhməd Cavad, Əhməd bəy Ağayev, Abdulla Sur, Məmməd Əmin Rəsulzadə və başqalarının
həyatı, ədəbi fəaliyyəti də ilk dəfə olaraq bu dərs vəsaitində geniş işıqlandırılmışdır.
Akademik İsa Həbibbəylinin də əsas müəlliflərindən biri olduğu orta ümumtəhsil məktəblərinin XI
sinfi üçün «Ədəbiyyat» dərsliyi uzun illərdir ki, müstəqillik dövrünün yeni nəslinə zəruri ədəbiyyat bilikləri
və dünyagörüşü verir.
Akademik İsa Həbibbəyli təkcə elmi, elmi-pedaqoji uğurlarına görə deyil, yüksək təşkilatçılıq
qabiliyyətinə, insanlarla işləyə bilmək, ünsiyyət yaratmaq bacarığına görə seçilən alimlərimizdəndir. Hələ
tələbəlik illərindən Naxçıvan Dövlət Universitetinin ictimai işlərində fəal çalışan İsa Həbibbəylinin Tələbə
elmi cəmiyyətinə uzun illər uğurla rəhbərlik etməsi 1991-ci ildə onun elmi işlər üzrə prorektor vəzifəsinə
təyin olunmasına gətirib çıxarmışdır. Ali məktəbdə yaratdığı canlanma və inkişaf alimin sonrakı taleyində
mühüm rol oynamışdır. Nəticədə İsa Həbibbəyli 1996-cı il oktyabr ayının 16-da Naxçıvan Dövlət
Universitetinə rektor vəzifəsinə təyin olunmuşdur. Vaxtilə bir müddət Naxçıvan Dövlət Pedaqoji İnstitu-
tunun rektoru vəzifəsini əvəz etmiş professor Yavuz Axundlu qeyd edir ki, 1990-cı illərin əvvəllərindəki
dağıdıcı təsirlər Naxçıvan Dövlət Universitetindən yan keçməmişdi. Bu təhsil ocağında çətin və mürəkkəb
şərait yaranmışdı. Müəllimlər siyasi qruplaşmalara bölünmüşdü, təsərrüfatsızlıq və baxımsızlıq baş alıb
gedirdi. Ali təhsil ocağının inkişaf etdirilməsi üçün İsa Həbibbəyli ən yaxşı namizəd oldu… O, universitet-
də yaxşı ənənələri qoruyub saxladı, sələflərinin xidmətlərini xatırlatdı, özünü onların işlərini davam etdirən
varis olduğunu bəyan etdi, kollektivi ətrafına topladı, xeyrxahlığı, səmimiyyəti və təşəbbüskarlığı,
yorulmaz fəaliyyəti, əzmi ilə universiteti qabağa apardı».
İsa Həbibbəylinin rektor vəzifəsində çalışdığı 1996-2013-cü illərdə universitetdə tədris, elm-tədqiqat
işləri və mədəni-kütləvi işlər sahəsində ciddi müsbət dəyişikliklər baş vermişdir. Bu ali təhsil ocağında
Dissertasiya Şurası yaradılmış, burada maddi-texniki baza xeyli gücləndirilmiş, bir neçə çoxmərtəbəli yeni
tədris korpusları, elektron kitabxana, olimpiya idman mərkəzi, tibb fakültəsi, konservatoriya binası tikilib
istifadəyə verilmiş, 108 hektar sahədə müasir tipli universitet şəhərciyi salınmışdır. Beynəlxalq sahədə
univeristetin elmi əlaqələri sürətlə inkişaf etdirilmiş, dünya təhsil sisteminə inteqrasiya prosesləri
genişlənmişdir. İsa Həbibbəylinin müəllifi olduğu «Müasir mərhələdə ali məktəbin idarə olunması və
beynəlxalq əlaqələrin təşkili» adlı lahiyəsi 1999-cu ildə Avropa Şurasının Tempus proqramı tərəfindən
qəbul olunmuşdur. Bununla da Naxçıvan Dövlət Universitetinin «Avropaya pəncərəsi» açılmış, bu ali təhsil
ocağının dünyanın 4 qitəsində 70-dən çox universitetlə əlaqələri formalaşmışdır.
Akademik İsa Həbibbəyli elm xadimi kimi beynəlxalq miqyasda da tanınır. O, müxtəlif illərdə
Türkiyədə, Rusiyada, Çin Xalq Respublikasında, Fransada, Almaniyada, Bolqarıstanda, Polşada, Cənubi
- 21 -
Koreyada, İran İslam Respublikasında, Misir Ərəb Respublikasında, Qazaxıstanda, Türkmənistanda,
Özbəkistanda, Qırğızıstanda ölkə elmini layiqincə təmsil etmişdir. İsa Həbibbəyli Beynəlxalq İnforma-
siyalaşdırma Akademiyasının, Türkiyə Atatürk Dil, Tarix və Kültür Yüksək Qurumunun üzvüdür. Onun
əsərləri Azərbaycan dilindən başqa, ingilis, türk, rus, fransız, ərəb, urdu, polyak, macar, gürcü, litva
dillərində də çap olunmuşdur. Azərbaycan Respublikası Dövlət Mükafatı Komissiyasının, İSESKO üzrə
Azərbaycan Respublikası Milli Komissiyasının üzvü kimi də o geniş və səmərəli iş aparır.
İsa Həbibbəyli 24 aprel 2013-cü il tarixdən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
vəzifəsində çalışır. O, 19 iyun 2013-cü il tarixdən həm də Nizami adına Ədəbiyyat İnstitutunun
direktorudur. Akademiyada sədrlik etdiyi Nizamnamə Komissiyası 2013-2014-cü illərdə müstəqillik dövrü
Milli Elmlər Akademiyasının yeni nizamnaməsini hazırlayıb təsdiq edilməsinə nail olmuşdur. Bundan
başqa, İsa Həbibbəyli Azərbaycançılıq konsepsiyasına dair layihə hazırlayıb çap etdirmişdir. O, eyni
zamanda, Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyasının da müəllifidir. İsa
Həbibbəylinin təşəbbüsü ilə Nizami adına Ədəbiyyat İnstitutunda «Nizamişünaslıq», «Azərbaycan
mühacirət ədəbiyyatı», «Ədəbi tənqid», «Mətbuat tarixi və publisistika», «Asiya xalqları ədəbiyyatı»
şöbələri, «Füzulişünaslıq» sektoru, «Beynəlxalq əlaqələr», «Nəşriyyat və proqnozlaşdırma», «Təhsil
şöbəsi» kimi köməkçi şöbələr yaradılmışdır. Onun səyləri nəticəsində təsdiq edilmiş «Poetika.izm»,
«Ədəbi əlaqələr» elmi jurnalları filoloji elmin inkişafına öz töhfələrini verir. Milli Elmlər Akademiyasında
və Nizami adına Ədəbiyyat İnstitutunda bir sıra beynəlxalq elmi konfransların keçirilməsində və xarici
ölkələrin elmi qurumları ilə geniş əlaqələrin yaradılmasında da İsa Həbibbəylinin özünəməxsus payı vardır.
İsa Həbibbəyli Azərbaycan Respublikasının ictimai həyatında da yaxından və fəal iştirak edir. O,
1998-2005-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmiş, «İnsan hüquqları və
beynəlxalq əlaqələr» komissiyasının sədri kimi fəaliyyət göstərmişdir.
Azərbaycan Respublikası Milli Məclisinə 2005, 2010 və 2015-ci illərdə deputat seçilən İsa Həbibbəyli
Beşinci çağırış üzrə ölkə parlamentinin Elm və təhsil komitəsinin sədridir. Onun rəhbərliyi ilə Azərbaycan
Respublikasının «Elm haqqında» Qanunu hazırlanıb qəbul edilmişdir.
Azərbaycan dövləti akademik İsa Həbibbəylinin elmi və ictimai fəaliyyətini yüksək
qiymətləndirmişdir. O, çoxcəhətli və səmərəli fəaliyyətinə görə «Əməkdar elm xadimi» (1999) fəxri adına
layiq görülmüş, «Şöhrət» ordeni (2007) və «Şərəf» ordeni (2009) ilə təltif olunmuşdur.
İsa Həbibbəyli Beynəlxalq Türk Akademiyasının gümüş medalını, Təbriz Universitetinin Şəhriyar
medalını, Azərbaycan Yazıçılar Birliyinin Mahmud Qaşqarlı medalını almışdır. O, SSRİ Ali Təhsil
Nazirliyi tərəfindən «Tələbələrin elmi tədqiqat işlərinin təşkilində səmərəli fəaliyyətinə görə» döş nişanı
ilə fərqləndirilmişdir.
Akademik İsa Həbibbəyli 600-dən çox elmi məqalənin, 12 monoqrafik əsərin, 20-dən çox tərtib və
braşuranın, 1 dərsliyin müəllifidir. Gənclik illərində olduğu kimi, İsa Həbibbəyli bu gün də eyni həvəs,
enerji və fədakarlıqla çalışaraq, ölkəmizdə humanitar və ictimai elmlərin, o cümlədən ədəbiyyatşünaslıq
elmimizin və ədəbi-ictimai fikrimizin, müasir Azərbaycan cəmiyyətinin inkişafına şərəflə və məsuliyyətlə
xidmət edir.
Məmməd Əliyev
filologiya elmləri doktoru, professor