- 14 -
olunur. Geniş elmi dünyagörüş, nəciblik və xeyirxahlıq, məsuliyyət və sədaqət, habelə yorulmaz fəaliyyət
İsa Həbibbəylinin xarakterinin əsas xüsusiyyətlərini özündə cəmləşdirir.
İsa Həbibbəyli 1980-ci il tarixdə Nizami adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurasında «XX
əsrin əvvəlləri Azərbaycan romantik lirikası» mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə
etmişdir. Azərbaycan ədəbiyyatının çox zəngin və maraqlı bir dövrünə həsr edilmiş həmin tədqiqat işi
özünün elmi sanbalı, nəzəri cəhətdən orjinallığı və yeniliyi ilə görkəmli ədəbiyyatşünaslarımız Məmməd
Cəfər Cəfərov, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Abbas Zamanov, Yaşar Qarayev və professor Kamran
Məmmədovun diqqətini cəlb etmiş, tədqiqat yüksək qiymətləndirilmişdir.
Böyük həvəs və fədakarlıqla XX əsrin əvvəllərinin ədəbi-ictimai fikrinə quymət verən İsa Həbibbəyli
dövrün və zamanın tələbi baxımından Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq kimi
görkəmli ədəbi simaların yaradıcılığını diqqətlə öyrənmiş, romantik şeirin bədii-estetik mahiyyətini,
ictimai-fəlsəfi qayəsini və sənətkarlıq xüsusiyyətlərini elmi-nəzəri şəkildə açıb göstərməyə müvəffəq
olmuşdur. Onun fikrincə, XX əsrin əvvəllərində yaranan ictimai-siyasi şəraitlə əlaqədar olaraq Azərbaycan
romantik lirikasının mövzu dairəsi genişlənmiş, yeni poetik prinsiplər formalaşmağa başlamışdır.
Şəxsiyyətin mənəvi aləmi, ideal insan və ali ictimai cəmiyyət axtarışları, bəşəri ideallara müraciət bu dövr
romantik lirikasının aparıcı mövzularına çevrilmişdir. Romantik lirikanın ictimai əhəmiyyətini üzə çıxaran
tədqiqatçı yazırdı: «Romantik estetikada xəyal, ideal prinsiplər cəmiyyətdən uzaqlığa aparan abstrakt
meyillər kimi başa düşülmüşdür. Əslində isə romantik lirikada maarifçi-demokratik ideyalar geniş
yayılmış, romantiklər yeni şəraitdə özlərinə qədər ədəbiyyatımızda mövcud olan ədəbi ənənələrin yaradıcı
şəkildə layiqli davamçıları kimi çıxış etmişlər».
«Romantik lirikanın imkanları» adlı monoqrafiyasında (1984) diqqəti cəlb edən və İsa Həbibbəylinin
elmi yaradıcılığına xas olan polemika mədəniyyəti, yüksək intellektual səviyyə, güclü ümumiləşdirmə
bacarığı və yüksək nəzəri hazırlıq İsa Həbibbəylinin elmi nəticələrə gəlməsinə imkan vermişdir. İsa
Həbibbəyli ilk dəfə olaraq həmin dövrdə poeziyamızda sonet, marş, himn, şərqi və sair poetik formaların
yaranmasını müşahidə etmiş, həmin janrların poetikasından yüksək elmi səviyyədə söz açmışdır. İsa
Həbibbəyli romantik lirikada üslub məsələsini önə çəkmiş və ayrı-ayrı sənətkarların fərdi üslubunun ilk
dəfə elmi təsnifatını vermişdir. Azərbaycan ədəbiyyatşünaslıq elmində birinci dəfə olaraq o, Hüseyn
Cavidin romantik-fəlsəfi, Məhəmməd Hadinin romantik-publisist, Abbas Səhhətin lirik-romantik, Abdulla
Şaiqin romantik-realist üslubda yazıb-yaratdığını müəyyən etmiş və nəzəri cəhətdən aydınlaşdırmağa nail
olmuşdur. Bütün bunlar Azərbaycan ədəbiyyatşünaslığında ümumiyyətlə poetik formalar - janrlar və fərdi
üslublar haqqında ciddi elmi-nəzəri tədqiqatlardan biri kimi mühüm əhəmiyyətə malikdir.
Akademk İsa Həbibbəyli Azərbaycan ədəbiyyatşünaslığında, elmi-ədəbi mühitində həm də görkəmli
Cəlil Məmmədquluzadəşünas alim kimi qəbul olunur. Bu nəhəng və parlaq simanın ədəbi və publisistik
fəaliyyəti, mühiti və müasirləri problemi ədəbiyyatşünas alimi uzun illər ərzində dərindən məşğul etmişdir.
O, elmi fəaliyyətinin böyük bir mərhələsini Cəlil Məmmədquluzadənin yaradıcılığına həsr etmişdir. Böyük
demokrat Cəlil Məmmədquluzadənin zəngin həyatı və çoxcəhətli fəaliyyəti ilə bağlı onun «Cəlil
Məmmədquluzadə» (1987), «Zamanın dühası» (1993), «Seçkin Azərbaycan yazarı Cəlil Məmməd-
quluzadə» (1994) və başqa əsərləri elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Doktorluq
dissertasiyası kimi müdafiə etdiyi «Cəlil Məmmədquluzadə: mühiti və müasirləri» adlı monoqrafik
tədqiqatı isə (1996) təkcə İsa Həbibbəylinin yox, bütövlükdə Azərbaycanda ədəbiyyatşünaslıq elminin
mühüm nailiyyətlərindən biri sayılmağa layiq olan sanballı elmi əsərdir.
İsa Həbibbəylinin tədqiqat işinin əsas orijinallığı onun Cəlil Məmmədquluzadə yaradıcılığına yeni
yanaşma tərzində, əldə etdiyi zəngin faktları, nadir və çoxsaylı arxiv materiallarını dərin elmi şərhləri ilə
birlikdə tədqiqata cəlb etməsindədir. Ədəbiyyatşünas alimin bu tədqiqatı Azərbaycanda XIX əsrin sonları
və XX əsrin əvvəlləri ədəbi prosesinə ümumiləşdirilmiş yeni bir baxışı (Yusif Seyidov) ifadə edirdi. İsa
Həbibbəyli bu əsərini yazmaqla Bakı, Tiflis, Təbriz, Kiyev, Ərzurum, Odessa, İrəvan, Naxçıvan, Qori,
Yasnaya Polyananın arxiv, muzey və kitabxanalarından əldə etdiyi yeni materiallara və sənədlərə istinad
edərək tənqidi realizmin yaradıcısı Cəlil Məmmədquluzadənin mənalı və ibrətamiz həyat yolunun,
çoxcəhətli ədəbi-ictimai fəaliyyətinin, zəngin və bənzərsiz bədii irsinin, çoxsaylı müasirləri ilə əlaqələrinin
geniş və aydın mənzərəsini yaratmaqdan ibarət mühüm bir vəzifəni şərəflə yerinə yetirmişdir. O, bu yolun
- 15 -
başlanğıcının ailə mühitindən və tələbəlik dünyasından keçdiyini qeyd edərək yazır ki, gənc Cəlil Məm-
mədquluzadə ilk təhsil illərində ərəb-fars dillərini öyrənmiş, islam və Şərq tarixinə və ədəbiyyatına, rus
mədəniyyətinə dərindən bələd olmuş, mütaliə vərdişlərinə yiyələnmiş, bunların sayəsində isə əxlaqi-
mənəvi qənaətləri müəyyənləşmişdir. İsa Həbibbəyli haqlı olaraq bu fikirdədir ki, Cəlil
Məmmədquluzadənin şəxsiyyətinin və dünyagörüşünün formalaşmasında Qori Müəllimlər Seminariyası
mühiti xüsusi rol oynamış, onun gələcək ictimai-siyasi, ədəbi-pedaqoji fəaliyyətində təkanverici bir amil
olmuşdur.
XIX əsrin 70-90-ci illərini və XX əsrin əvvəllərini Azərbaycan maarifçiliyinin xüsusi inkişaf
mərhələsi kimi xarakterizə edən İsa Həbibbəyli bu dövrin məktəblərinin ədəbiyyatın inkişafındakı rolunu
araşdıraraq belə bir doğru qənaətə gəlir ki: «Məktəb milli maarifçiliyin canını, cövhərini, müəllimlik əsas
hərəkətverici qüvvəsini təşkil edirdi. Teatr, mətbuat və ədəbiyyat isə məktəbdən, pedaqoji işdən doğan, onu
tamamlayan maarifçi fəaliyyət sahələri idi». İsa Həbibbəyli tədqiqat işində bu fonda dövrün maarifçilik
hərəkatının önündə gedən Eynəli bəy Sultanov (1866-1935), Məhəmməd Tağı Sidqi (1854-1903), Mə-
həmməd ağa Şahtaxtlı (1846-1931), Əliməmməd Xəlilov (1862-1896), Mirzə Əbülqasım Sultanov (1866-
1916), Mirzə Ələkbər Süleymanov (1862-1921), Paşa ağa Sultanov (1849-1902), Mirzə Cəlil Sürbi (1874-
1915), Sadıq Xəlilov (1864-1905), Tağı bəy Səfiyev (1878-1939), Məmmədqulu bəy Kəngərli (1854-1905)
və başqaları haqqında tədqiqatlarını təqdim edir. Cəlil Məmmədquluzadə həyatında, çoxcəhətli
fəaliyyətində apardığı mübarizədə özünəməxsus yeri və rolları olan bu maarifçi ziyalıların doğum portretini
yaratmaq üçün illər ərzində müxtəlif arxivlərdən toplanılmış zəngin materiallar həm də dövrün maarifçi
ədəbi-ictimai mühitinin də gedişatını və mənzərəsini canlandırmağa imkan vermişdir. Tiflis ədəbi-ictimai
mühitinin inkişafı və dünyada ictimai-siyasi proseslərin dəyişməsi dalğasında həmin bu mühitdə «Molla
Nəsrəddin» jurnalının (1906) nəşrə başlaması təkcə Azərbaycanda deyil, Yaxın Şərq miqyasında mütərəqqi
tarixi hadisə kimi qiymətləndirilir. İsa Həbibbəylinin fikrincə, zamanın meydana çıxardığı yeni ədəbi-
ictimai mühit təkcə adı çəkilən jurnalın deyil, Azərbaycan ədəbiyyatında yeni tipli ədəbi məktəbin – «Molla
Nəsrəddin» məktəbinin yetişib formalaşmasını şərtləndirmişdir. İsa Həbibbəylinin «Molla Nəsrəddin»
ədəbi məktəbi və mollanəsrəddinçilik təlimi haqqındakı araşdırmaları və tezisləri bu istiqamətdə meydana
çıxmış sistemli nəzəri baxışları ifadə edir.
Məlum olduğu kimi, sovet dövrü ədəbi-ictimai fikir tariximizdə «Molla Nəsrəddin» və «Füyuzat» bir-
birinə zidd olan məfkurə daşıyıcıları olaraq üz-üzə qoyulmuş, onların rəhbərləri Cəlil Məmmədquluzadə
və Əlibəy Hüseynzadə əks qütbləri fərqli və hətta antoqonist ziddiyyətli məfkurələri təmsil edən
şəxsiyyətlər kimi təqdim olunmuşlar. İsa Həbibbəyli ilk dəfə olaraq bu problemə ədəbi-tarixi proseslərin
reallıqları müstəvisindən yanaşaraq, hər iki cərəyanın ölkədə milli oyanış və tərəqqi, ədəbiyyatın və
mətbuatın inkişafı üçün böyük əhəmiyyətini qeyd etmişdir. Tədqiqatçı dövrün bu böyük şəxsiyyətlərinin
ədəbi-ictimai fəaliyyətinin reallıqlarına əsaslanaraq haqlı olaraq qeyd edir ki, millətin və ölkənin gələcək
inkişafı, müstəqil və demokratik dövlət quruculuğu uğrunda mübarizədə onların tutduğu yollar fərqli,
müxtəlif olsa da, heç də düşmən cəbhələr olmayıb, gəldikləri nəticələr çox yaxın və əhəmiyyətli idi.
Məlumdur ki, Əlibəy Hüseynzadə turançılıq düşüncəsini, ortaq türk dili ideyasını təbliğ edirdi. Cəlil
Məmmədquluzadə isə azərbaycançılıq məfkurəsini əsas kimi qəbul etsə də bu ideyanın əleyhinə deyildi.
«Molla Nəsrəddin» jurnalı da geniş mənada türk-müsəlman dünyasının mətbuat orqanı idi. Akademik İsa
Həbibbəyli doğru olaraq qeyd edir ki, müstəmləkəçilik əleyhinə baxışları, demokratiya və müstəqil dövlət
quruculuğu, monarxiya quruluşuna qarşı yönəlmiş azadlıq hərəkatı haqqında, dünya və rus ədəbiyyatına və
mədəniyyətinə münasibət və sair kimi məsələlərdə bu böyük şəxsiyyətlər ideya cəhətdən bir-birinə çox
yaxın idilər. İsa Həbibəyli Azərbaycan ədəbiyyatşünaslıq elmində ilk dəfə olaraq mollanəsrəddinçilik
hərəkatı ilə füyuzatçılığın ortaq cəhətlərini elmi-nəzəri baxımdan sistemli şəkildə araşdırıb həll etmişdir.
Mirzə Cəlilin 1920-ci ildə Cənubi Azərbaycana köçməsi, «Molla Nəsrəddin» jurnalını Təbrizdə çap
etdirməsi ətrafında araşdırmalar aparan İsa Həbibbəyli bu hadisənin İranda realist-satirik mətbuatın
inkişafındakı əhəmiyyətini də əsaslandırmışdır. Əsərdə Cəlil Məmmədquluzadənin İranda yaşamış
müasirləri ilə əlaqələrinə yeni səhifələr əlavə olunmuş, «Molla Nəsrəddin» jurnalının Təbrizdə və ətraf
şəhərlərdəki abunəçilərinin dəqiq siyahısı verilmişdir.