- 18 -
Xalq şairi Səməd Vurğunun elmi fəaliyyəti, Azərbaycan Elmlər Akademiyasının inkişafı sahəsindəki
xidmətləri də ilk dəfə İsa Həbibbəyli tərəfindən sistemli tədqiqata cəlb olunmuşdur. İsa Həbibbəylinin
«Akademik Səməd Vurğun Vəkilov» adlı kitabı bu mövzuda meydana çıxmış ilk geniş həcmli əsər kimi
mühüm əhəmiyyət kəsb edir. Əsərdə Azərbaycan Milli Elmlər Akademiyasının təsisçilərindən biri kimi
Səməd Vurğunun tərcümeyi-halı və elmi fəaliyyətinin naməlum səhifələri üzə çıxarılmışdır. İsa Həbibbəyli
akademik Səməd Vurğunun Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti kimi xidmətlərindən
ilk dəfə olaraq geniş söz açmışdır. Bundan başqa, kitabda Səməd Vurğunun çoxcəhətli elmi və ədəbi-ictimai
fəaliyyəti haqqında dolğun, ümumiləşdirilmiş təsəvvür formalaşdırılmışdır.
Akademik İsa Həbibbəylinin «Azərbaycan ədəbiyyatında Səməd Vurğun məktəbi və Səmədoğlular»
adlı məqaləsində xalq şairinin adı ilə bağlı ənənələrdən yaradıcı istifadənin geniş imkanlarından əsaslı
şəkildə bəhs olunmuşdur. Məqalədə doğru olaraq qeyd olunmuşdur ki, Yusif Səmədoğlu və Vaqif
Səmədoğlu tərcümeyi-hal baxımından «Səməd Vurğuna hamıdan yaxın olmalarına baxmayaraq, onlar bu
böyük və ilhamlı sənətin ritmini və ahəngini deyil, dərin qatlardakı ideya-fəlsəfi axarını, ictimai ruhunu
əsas kimi qəbul edərək, tamamilə orijinal yolla getməklə yeni tipli sənətkarlara çevrilmişlər». İsa
Həbibbəylinin fikrincə, Yusif və Vaqif Səmədoğlular bədii yaradıcılığında Səməd Vurğunun gəlib çatdığı,
lakin o zamankı dövrün müəyyən etdiyi məhdudiyyətlərə görə inkişaf etdirə, irəli apara bilmədiyi nöqtədən,
yəni həyatın dibindən başlamış, həyat hadisələrini və insanı ideologiyadan uzaq real baxışla
mənalandırmışlar.
Akademik İsa Həbibbəyli xalq şairi Səməd Vurğun sənətinin poetik özünəməxsusluğunu və
zənginliyini elmi cəhətdən əsaslandırılmış şəkildə təqdim etmişdir. Haqlı olaraq Səməd Vurğun XX əsr
Azərbaycan şeirinin görkəmli yaradıcılarından biri hesab olunmuşdur. İsa Həbibbəyli «Səməd Vurğunun
«Azərbaycan» epopeyası» yaratmaq səylərinin və ədəbiyyatda vətənpərvərlik - azərbaycançılıq ideallarını
yüksək poetik səviyyədə tərənnüm etmək istedadını onun yaradıcılıq tərcümeyi-halının ən parlaq hadisəsi
kimi səciyyələndirmişdir. Şairin məşhur «Azərbaycan» şeiri XX əsr Azərbaycan poeziyasında Vətənimizə,
ölkəmizə həsr edilmiş ən mükəmməl poetik nümunə səviyyəsində qiymətləndirilmişdir. İsa Həbibbəyli xalq
şairi Səməd Vurğunu Azərbaycan ədəbiyyatında ədəbi məktəb yaratmış sənətkarlardan biri kimi
səciyyələndirmiş və bu bənzərsiz ədəbi məktəbin işığında inkişaf edən ənənələri müəyyən etmişdir.
«Xalq şairi Məmməd Araz» (1999) albom-monoqrafiyasında İsa Həbibbəyli şair-vətəndaşın
yaradıcılıq yolunun dərin və əsaslı təhlilini vermişdir. Tədqiqatçının fikrincə, Məmməd Arazın Vətənin
torpağının tərənnümünə həsr edilmiş şeirlərində dərin hikmət ifadə olunmuşdur. İsa Həbibbəyli bu
fikirdədir ki, Məmməd Arazın poeziyasında daş – mərdlik, möhkəmlik, dönməzlik, qaya - məğrurluq,
əlçatmaz zirvə, yurda arxa və dayaq səviyyəsində tərənnüm olunur. Ədəbiyyatşünas alimin qənaətinə görə,
xalq şairi Məmməd Araz poeziyamızı məzmun və forma etibarilə daha da zənginləşdirmişdir. Mono-
qrafiyada Məmməd Arazın adı ilə bağlı olan sənət ənənələri müəyyən olunmuş, dövrün ədəbi prosesinin
ümumi mənzərəsində təqdim edilmişdir. Məmməd Arazın «Atamın kitabı» dramatik poemasının böyük
Cəlil Məmmədquluzadənin «Anamın kitabı» əsərinin yeni tarixi mərhələdəki yaradıcı davamı olması fikri
də nəzəri cəhətdən əsaslandırılmış yeni elmi mülahizədir.
Xalq şairi Nəriman Həsənzadənin yaradıcılığı, xüsusən də dramaturgiyası haqqında İsa Həbibbəylinin
baxışları orijinal elmi qənaətlərdir. Nəriman Həsənzadənin Azərbaycan ədəbiyyatında mənzum lirik-
romantik dramaturgiyanın görkəmli yaradıcılarından biri olması fikri İsa Həbibbəyli tərəfindən
əsaslandırılmış şəkildə təqdim olunmuşdur.
Akademik İsa Həbibbəyli dövlət müstəqilliyi ərəfəsində və yeni tarixi epoxada Azərbaycan
ədəbiyyatında vətəndaşlıq mövqeyinin, milli düşüncənin daha da qüvvətlənməsi, istiqlalçı ədəbiyyatın
yaradılması proseslərini də diqqətlə izləyib araşdırmış və aydınlaşdırmışdır. O, xalq şairi Sabir
Rüstəmxanlının simasında yeni dövr milli istiqlal ədəbiyyatının böyük yaradıcılarından birini görmüş və
konkret ədəbi mülahizələr əsasında fikirlərini ümumiləşdirmişdir. «Xalq şairi Sabir Rüstəmxanlı» adlı
geniş həcmli məqaləsindəki aşağıdakı təyinat aparılmış elmi müşahidələrdən və araşdırmalardan çıxarılmış
mühüm nəticələrin obyektiv ifadəsidir: «Sabir Rüstəmxanlı yeni dövr Azərbaycan ədəbiyyatında
vətəndaşlıq poeziyasının, kəsərli publisistikanın görkəmli yaradıcısıdır. Onun bədii yaradıcılığı da, ictimai
fəaliyyəti də Vətənə, müstəqilliyə və millətə xidmətə həsr olunmuşdur. Bunlar Sabir Rüstəmxanlının
- 19 -
yaradıcılığının ayrı-ayrı sahələri deyildir. Əksinə, Sabir Rüstəmxanlının yaradıcılığı həmin amillərin
hansının cəmindən, tamından ibarətdir. Bu mənada xalq şairi titulu Sabir Rüstəmxanlı üçün şərəfli ad
almaqla yanaşı, həm də mühüm ədəbi-ictimai vəzifədir».
İsa Həbibbəylinin fikrincə, müstəqillik dövrü Azərbaycan ədəbiyyatında milli ruh və vətəndaşlıq
mövqeyi xalq şairi Zəlimxan Yaqubun yaradıcılığında özünəməxsus bədii vasitələrlə təcəssüm etdirilir. O,
eyni zamanda, Xeyrəddin Qocanı müstəqillik dövrü Azərbaycan ədəbiyyatında satirik nəsrin görkəmli
nümayəndəsi kimi dəyərləndirmişdir. Bundan başqa, İsa Həbibbəyli «Bütün yönləri ilə yaradıcı» adlı
kitabında (2014) Rəşad Məcidin çoxcəhətli yaradıcılıq yolunu hərtərəfli şəkildə təhlil edərək aşağıdakı elmi
qənaətlərə gəlmişdir: «Rəşad Məcid bir ədəbi şəxsiyyət olaraq bütün yönləri ilə yaradıcı olan, axtarışlarının
ardıcıllığı və bədii təfəkkürünün orijinallığı və genişliyi, baxışlarının və inamının bütövlüyü ilə fərqli
görünən kamil və professional bir Azərbaycan ziyalısıdır. Müstəqillik dövrü Azərbaycan ziyalılığının fəal
vətəndaşlıq mövqeyi, aydın milli düşüncəsi, açıq və yetkin yaradıcı təfəkkürü Rəşad Məcidin simasında
ümumiləşə bilir».
İsa Həbibbəyli Azərbaycan ədəbiyyatşünaslığının klassikləri haqqında da qiymətli əsərlər yazmışdır.
O, Firidun bəy Köçərlidən Azərbaycan ədəbiyyatşünaslıq elminin babası səviyyəsində söz açmışdır. İsa
Həbibbəyli akademik Məmməd Arif Dadaşzadənin həyatını və çoxcəhətli elmi yaradıcılığını müdriklik və
müasirlik nümunəsi kimi dəyərləndirmişdir. İsa Həbibbəyli akademik Məmməd Cəfər Cəfərovu
Azərbaycan ədəbiyyatşünaslığında böyük elmi məktəb yaratmış görkəmli elm xadimi hesab etmişdir. Onun
fikrincə, Məmməd Cəfər Cəfərovun adı ilə bağlı olan elmi məktəb «Ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid
məktəbidir». İsa Həbibbəyli haqlı olaraq Məmməd Cəfər Cəfərovu Azərbaycan romantizmşünaslıq nəzəriy-
yəsinin banisi kimi dəyərləndirir. Tədqiqatçının görkəmli elm xadimi Abbas Zamanovu XX əsrin böyük
vətəndaş alimi kimi səciyyələndirməsi də elmi cəhətdən əsaslandırılmış qənaətlərdir. Onun Kamal Talıb-
zadənin ədəbi tənqid tarixi, Əziz Mirəhmədovun və Kamran Məmmədovun ədəbiyyat tarixçiliyi
sahəsindəki fəaliyyətinə verdiyi yüksək elmi qiymət də obyektivdir. Professor Əziz Şərifin «böyük
ədəbiyyatşünaslıq missiyası»nı həyata keçirmiş elm xadimi olaraq təqdim edilməsi də faktların və
hadisələrin işığında nəzərə çarpdırılmışdır. İsa Həbibbəylinin akademik Bəkir Nəbiyevi «ədəbi tənqid
ağırlıqlı ədəbiyyatşünas» kimi xarakterizə etməsinə dair mülahizələrini böyük alimin elmi əsərləri əyani
surətdə təsdiq edir.
Ayrı-ayrı ədəbiyyatşünas alimlərin yazı tərzini, onların fərdi üslublarını müəyyən etmək yolunda da
akademik İsa Həbibbəyli ilk və əhəmiyyətli addım atmışdır. Onun elmi-nəzəri qənaətlərinə görə, filoloji
elmdə Firidun bəy Köçərli ədəbi-tarixi, Mehdi Hüseyn ədəbi-publisist, Məmməd Arif Dadaşzadə elmi-
sosioloji, Asif Əfəndiyev ədəbi-fəlsəfi, Məmməd Cəfər Cəfərov elmi-nəzəri üslubu yaradan görkəmli
ədəbiyyatşünaslardır. Alimin fikrincə, Yaşar Qarayev isə analitik obrazlı təfəkkürü ilə fərqlənir: «O, ən
sərt, sırf, xalis elmi detallara şairanə baxmağı bacarır». İsa Həbibbəylinin, Yaşar Qarayevin əsərlərindən
göstərdiyi örnəklər həmin gerçəkliyi əyani şəkildə təsdiq edir: «Ədəbi tənqid ədəbi kompasa bənzəyir.
Burada da əqrəb həmişə həqiqət qütbünü nişan verir». Yaxud: «Bizdə bütün izm»ləri bir vahid yuvadan bir
ana qartal uçurub: «…klassik poeziya» və ya: «Yazıçı kosmonavta yox, əkinçiyə, taxılçıya, kotançıya
bənzəyəndə sehirli və gərəkli olur», «Ən xoşbəxt ədiblər... qara mürəkkəblə də ağ kağıza ağ işıq dağıdan-
lardır»... İsa Həbibbəyli Azərbaycan ədəbiyyatşünaslıq elmində Yaşar Qarayevin milli realizmşünaslıq
nəzəriyyəsinin yaradıcısı olduğunu da elmi cəhətdən əsaslandırmışdır. Eyni zamanda o, Yaşar Qarayevin
teatr sənətinə həsr etdiyi, yüksək professionallıqla yazılmış əsərlərində ədəbiyyatşünaslıqla sənətşünaslığın
peşəkarlıq səviyyəsində vəhdətdə ifadə olunmasını yüksək qiymətləndirmişdir. İsa Həbibbəyli Yaşar Qara-
yevdən eyni zamanda ustad müəllimləri Əli Sultanlı və Məmməd Cəfər Cəfərovla yeni nəsil ədə-
biyyatşünaslar arasında körpü yarada bilən, geniş təfəkkürə malik ədəbiyyatşünas kimi bəhs edir. Bundan
başqa, İsa Həbibbəylinin araşdırmalarında Azərbaycan Milli Elmlər Akademiyasnın müxbir üzvü Nizami
Cəfərovdan universal düşüncəsi və obrazlı təfəkkürü ilə səciyyələnən alim olaraq söz açılır. Professor
Qəzənfər Paşayevin «Azərbaycan kərkükşünaslığının yaradıcısı» hesab edilməsi də elmi cəhətdən obyektiv
reallığı ifadə edir.
İsa Həbibbəylinin ali məktəbdə bir müəllim kimi fəaliyyət göstərməsi, müxtəlif fənlərdən (ədəbiyyat
tarixi və nəzəriyyəsi) uzun illər mühazirələr oxuması onun bir sıra dərslik, dərs vəsaitləri və metodiki işləri