- 16 -
Tədqiqatçı sövet dövründə Cəlil Məmmədquluzadənin fəaliyyətini iki mərhələyə ayırır: 1) Ümid və
inam dövrü (1921-1928); 2) Şübhə və sarsıntı mərhələsi (1929-1932-ci illər). Birinci mərhələ Cəlil
Məmmədquluzadənin «kiçik adam» – xalq anlayışı ilə özünü fəhlə-kəndli hökuməti kimi qələmə verən
sovet hökumətinin bəyanatları uyğun gəldiyi üçün böyük yazıçının yaradıcılığının qaynar dövrü kimi
xarakterizə edilmişdir. İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin Sovet hakimiyyəti illərindəki sonrakı
həyatı və fəaliyyətini isə haqsızlıq, çaşqınlıq, diqqətsizlik, laqeydlik, tənhalıq illəri olaraq səciyyələndirilir
və bütün bunların onun yaradıcılığına və ümumən ədəbiyyatın inkişafına göstərdiyi təsir yeni faktlar və
sənədlər əsasında aydınlaşdırılır. Bu, əslində XX əsrin əvvəllərində digər yazıçılarımızın da yaşadığı proses
idi və ona görə də həmin istiqamətdə aparılan tədqiqat geniş elmi ümumiləşdirmə imkanlarına malikdir.
Akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin nəsil şəcərəsini ilk dəfə olaraq öyrənib
hazırlamış və onu ədəbi-elmi ictimaiyyətə çatdırmışdır. O, uzun axtarışlardan və mətbuatda çap etdirdiyi
soraq xarakterli yazılardan sonra 1992-ci il yanvarın 25-də Tehrana gedərək Mirzə Cəlilin nəslinin
davamçıları ilə görüşmüş, onlarla əlaqə yaratmışdır. İsa Həbibbəyli böyük ədibin oğlu Ənvər Məmməd-
quluzadənin İkinci Dünya müharibəsi zamanı sovet ordusunun tərkibində həkim kimi İrana getməsini və
sonra taleyin hökmü ilə həmişəlik bu ölkədə qaldığını müəyyənləşdirmiş, yazıçının burada davam edən
nəslinin davamçıları haqqında zəngin məlumatlar əldə etmişdir. Cəlil Məmmədquluzadənin nəslinin
davamçılarının bundan sonrakı taleyi ilk dəfə İsa Həbibbəyli tərəfindən geniş ictimaiyyətə çatdırılmışdır.
Eyni zamanda, görkəmli yazıçının nəslinin Fransada və Polşada yaşayan davamçıları haqqında da
tədqiqatlar İsa Həbibbəyliyə məxsusdur. O, 1992-ci ildə Tehranda Teymur Cavanşiri, İrena Süleymani ilə
yanaşı, Polşada yaşayan Midhət Cavanşir ilə də görüşmüşdür. İsa Həbibbəylinin 1998-ci ildə Parisdə Cəlil
Məmmədquluzadənin nəvəsi Mehri xanım Səqqətçiya ilə görüşü nəsil şəcərəsini daha da aydınlaşdırmağa
imkan yaratmışdır. Bütün bunlardan sonra İsa Həbibbəylinin yazıb nəşr etdirdiyi «Cəlil
Məmmədquluzadənin nəsil şəcərəsi» tədqiqatı ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Bu,
Azərbaycan ədəbiyyatşünaslığında yazıçıların nəsil şəcərəsinə həsr olunmuş birinci elmi-tədqiqat əsəri
kimi də mühüm əhəmiyyət kəsb edir.
Dövlət müstəqilliyi dövründə Cəlil Məmmədquluzadənin əsərləri külliyyatının ən sanballı və dolğun
nəşri İsa Həbibbəylinin adı ilə bağlıdır. O, çoxillik axtarışlardan sonra yazıçının 4 pərdəli «Ər» pyesini,
kiçik həcmə malik «Lənət» və «Oyunbazlar» səhnəciklərini tapıb üzə çıxarmış, 16 satirik seirini, 35
məqaləsini, 170 felyetonunu ilk dəfə görkəmli yazıçının 2004-cü ildə nəşr edilmiş 4 cildlik külliyyatına
daxil edərək oxuculara çatdırmışdır. Çoxcildlikdə eyni zamanda, böyük ədibin özünün və ailə üzvlərinin
60, eyni zamanda başqa tanınımış şəxsiyyətlərin elmi ictimaiyyətimizə bəlli olmayan 44 məktubu, habelə
elmi-ədəbi və publisist xarakterli sənədləri və yazıları çap edilmişdir. Bütövlükdə akademik İsa Həbib-
bəylinin böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin əsərlərini bir neçə dəfə ayrıca kitab halında
çap etdirməsi, həmin kitablara sanballı müqəddimələr, izahlar yazması həmin nəşrləri ədəbiyyatşünaslıq
elmini zənginləşdirən mənbələrə çevrilmişdir.
Bununla belə, İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin bir neçə görkəmli müasirinin həyatı və irsini
daha geniş və dərindən tədqiq etmiş, onların əsərlərini ilk dəfə toplayıb kitab halında nəşr etdirmişdir. Onun
təqdim etdiyi «Məhəmməd ağa Şahtaxtlı. Seçilmiş əsərləri» (2006) adlı kitabda bu parlaq şəxsiyyətin
çoxcəhətli fəaliyyəti ilk dəfə yeni tədqiqatlar və nadir sənədlər əsasında oxuculara çatdırılır. İsa Həbibbəyli
Məhəmməd ağa Şahtaxtlı haqqındakı məlum tədqiqatlara çoxsaylı əlavələr etmiş, onun elmi tərcümeyi-
halının dəqiq və aydın mənzərəsini yaratmışdır. Eyni zamanda, İsa Həbibbəyli Məhəmməd ağa Şahtaxtlının
Fransada, Rusiyada, Azərbaycanda, Türkiyədə çap olunmuş çoxsaylı məqalələrini, əlifba layihələrini,
məktublarını, tərcümeyi-hal sənədlərini, nadir fotoşəkillərini üzə çıxararaq «Seçilmiş əsərlər» kitabında çap
etməklə geniş istifadə üçün təqdim etmişdir. Beləliklə, Məhəmməd ağa Şaxtaxtlı kimi məşhur bir
çoxcəhətli şəxsiyyətin keşməkeşli ömür yolu və xidmətləri haqqında ümumiləşmiş elmi təsəvvür forma-
laşdırılmışdır. Bu, Azərbaycan ədəbiyyatşünaslıq elmində Məhəmməd ağa Şahtaxtlını zəngin tərcümeyi-
halı, yaradıcılıq fəaliyyəti və əsərləri ilə birlikdə elmi-ədəbi ictimaiyyətə təqdim edən ilk böyük addımdır.
İsa Həbibbəyliyə qədər Məhəmməd ağa Şahtaxtlının cəmi 2-3 əsərinin çap olunduğunu nəzərə alsaq, təqdim
edilən «Seçilmiş əsərlər»in əhəmiyyəti bir daha aydın ola bilir.
- 17 -
İsa Həbibbəyli görkəmli maarifçi və şair Məhəmməd Tağı Sidqinin də «Əsərlər»ini ilk dəfə 2004-cü
ildə kitab halında çap etdirmişdir. M.T.Sidqinin «Əsərlər»inə daxil olan dərsliklər, maarifçi şeirlər, elmi
əsərlər və məktublar bu sənətkarın çoxcəhətli fəaliyyətinin tam halda təsəvvür edilməsinə imkan yaradır.
İsa Həbibbəylinin Məhəmməd Tağı Sidqinin həyatı və yaradıcılığı haqqındakı araşdırmaları faktik material
baxımından yeni və zəngin olduğu üçün elmi-nəzəri cəhətdən də dərin və əsaslıdır. Alimin bu böyük
maarifçi şair haqqındakı məqalələri M.T.Sidqinin ədəbi-maarifçi xidmətlərinin tam mənzərəsini təsəvvür
etməyə imkan yaradır.
Eynəli bəy Sultanovun (1866-1935) tərcümeyi-halına, maarifçilik sahəsində və ədəbi fəaliyyətinə də
İsa Həbibbəyli çoxillik axtarışları sayəsində ciddi əlavələr etmişdir. İlk dəfə onun araşdırmalarından məlum
olmuşdur ki, İrəvan gimnaziyasında təhsil alarkən Eynəli bəy Sultanov rus, fransız, yunan, latın dillərini
yaxşı öyrənmiş və tərcümələr etmişdir. Eynəli bəy Sultanovun anadan olma tarixini, Tiflisdə yox, İrəvan
progimnaziyasında təhsil almasını, İrəvan Dairə məhkəməsində məsul vəzifə daşımasını da İsa Həbibbəyli
müəyyən etmişdir. Cəlil Məmmədquluzadənin Eynəli bəy Sultanova xüsusi münasibət bəsləməsinin
səbəbləri də onun tədqiqatında aydınlaşdırılmışdır. Eynəli bəy Sultanovun maarifçi-realist ağırlıqlı tənqidi-
realist yazıçı olması haqqındakı nəzəri qənaətləri də İsa Həbibbəyli irəli sürmüşdür. Eynəli bəy Sultanovun
publisist əsərlərinin kitab halında 2016-cı ildə ilk dəfə çap etdirilməsi də İsa Həbibbəylinin xidmətidir.
Azərbaycan ədəbiyyatında tarixi roman məktəbinin banisi Məmməd Səid Ordubadi haqqında yazıb
çap etdirdiyi «Böyük ədəbiyyat nəhəngi» kitabı bu qüdrətli sənətkarın müasir elmi-nəzəri baxışlar əsasında
ümumiləşdirilmiş portretini canlandırır. Bundan başqa, İsa Həbibbəyli Məmməd Səid Ordubadinin «İki
Cocuğun Avropa səyahəti» əsərini, «Qəflət», «Vətən və hürriyət» adlı şeir kitablarında toplanan şeirləri
M.S.Ordubadinin 2012-ci ildə nəşr etdirdiyi «Həyatım və mühitim» adlı kitabında oxuculara təqdim
etmişdir.
Ümumiyyətlə, İsa Həbibbəyli böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin onlarla müasiri
haqqında ilk dəfə söz açmış, bu maarifçi ziyalıların fəaliyyətinə dair yüzlərlə sənədi üzə çıxarmış, barəsində
geniş məlumat vermiş, onların qarşılıqlı əlaqələrinin mahiyyətini elmi şəkildə aydınlaşdırmışdır.
Bütövlükdə akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının «Molla Nəsrəddin» epoxasının mükəmməl
elmi salnaməsini yaratmışdır.
Akademik İsa Həbibbəyli müasir ədəbiyyatı, ədəbi prosesi diqqətlə və ardıcıllıqla izləyir, yeni çap
olunmuş əsərlərə elmi münasibətini bildirir, ədəbiyyatımızda həmin əsərlərin nə dərəcədə əhəmiyyətli
olmasını müəyyən edir. Bu cəhətdən o, ədəbiyyatımızın, yaxşı mənada təəssübkeşi və böyük təbliğatçısıdır.
İsa Həbibbəylinin ədəbi proses haqqındakı yazılarında ədəbiyyatın nəbzi döyünür. Deyərdim ki, İsa
Həbibbəyli klassik ədəbiyyatşünaslıq ənənəsi zəminində formalaşan, ədəbiyyatın bütün dövrləri və
görkəmli nümayəndələri haqqında professional səviyyədə dərin elmi söz deyə bilən, universal dünyagörüşə
malik olan görkəmli tədqiqatçı alimdir. Alimin Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli
Axundzadə, Hüseyn Cavid, Əlibəy Hüseynzadə və başqalarının həyatı və yaradıcılığına həsr edilmiş
tədqiqatları Azərbaycan ədəbiyyatşünaslığının qiymətli elmi örnəkləridir.
XX əsrin 60-70-ci illəri Azərbaycan ədəbiyyatı yeni pleyadanın gəlişi, söz sənətinə yeni qayıdış dövrü
kimi səciyyələndirilir. Xüsusən, Azərbaycan altmışıncılarının ədəbiyyata gətirdikləri yeniliklər və
novatorluğun təqdimi İsa Həbibbəylinin tədqiqatlarında mühüm yer tutur. O, xalq yazıçıları Anar, Elçin və
Yusif Səmədoğlunun, xalq şairləri Fikrət Qoca və Vaqif Səmədoğlunun simasında Azərbaycan
altmışıncıları ədəbi nəslinin uğurlu sənət taleyini müəyyən edib sistemli şəkildə ümumiləşdirmişdir. Onun
fikrincə, həyati gerçəkliklərə sədaqət, ümumiyyətlə insana qayıdış, «kiçik adamın» və dərin mənəvi
münasibətlərin ədəbiyyata gətirilməsi Azərbaycan altmışıncılarının özünəməxsus ədəbi simasını göstərir.
Bu məqamda İsa Həbibbəylinin ümumi prinsiplərdən deyil, yazıçıların fərdi özünəməxsusluqlarından çıxış
edərək hər sənətkarın həmin prosesdəki yerini müəyyən etməsi məsələnin obyektiv elmi həllinin tapılması
baxımından əhəmiyyətli olmuşdur. Bu yolla həm də təkcə ayrı-ayrı yazıçı və şairlər deyil, bütövlükdə
dövrün ədəbi prosesi bütün reallıqları ilə təqdim olunmuşdur.
Ümumiyyətlə, faktdan, sənəddən, real proseslərdən, ədəbi mətndən çıxış edərək elmi-nəzəri
ümumiləşdirmələr aparmaq, mühüm nəticələrə gəlmək İsa Həbibbəylinin tədqiqatçılıq üsuludur. Məsələnin
bu cəhəti İsa Həbibbəylinin elmi fəaliyyətinin özünəməxsusluğunu müəyyən edir.