Azərbaycan ədəbi dil normaları və üslubları Ədəbi dilin iki forması vardır: şifahi və yazılı. Şifahi ədəbi dil



Yüklə 21,84 Kb.
səhifə1/4
tarix20.10.2023
ölçüsü21,84 Kb.
#128958
növüYazı
  1   2   3   4
Azərbaycan ədəbi dil normaları və üslubları


Azərbaycan ədəbi dil normaları və üslubları
Ədəbi dilin iki forması vardır: 1) şifahi və 2) yazılı. 1. Şifahi ədəbi dil. Eşitmə vasitəsilə dərk olunan ədəbi dilə şifahi ədəbi dil deyilir. Ədəbi dilin bu forması həm dialoji, həm də monoloji olur. Sual-cavablar dialoji, mühazirələr, məruzələr, radio və televiziyada müəyyən mətnin oxunması və s. isə monoloji şifahi ədəbi dilə misal ola bilər.
Şifahi ədəbi dil danışığın mövzu və məzmunundan asılı olaraq müxtəlif şəkildə olur. Buna görə də şifahi ədəbi dilin özü iki yerə bölünür: a) şifahi kitab dili; b) şifahi danışıq dili.
Azərbaycan şifahi ədəbi dilinin tarixi çox qədimdir. Şifahi ədəbi dilimiz təbii olaraq ilk dövrlərdə çox inkişaf etməmişdir. Bu dil sürətli inkişaf yoluna son dövrlərdə qədəm qoymuşdur. Hazırda ədəbi dilimizin şifahi forması, əsasən, radio, televiziya, ali və orta məktəblər vasitəsilə daha da inkişaf etdirilir.
2. Yazılı ədəbi dil. Yazı vasitəsilə ifadə olunan ədəbi dilə yazılı ədəbi dil deyilir. Ədəbi dilin yazılı forması monolojidir1 .
Yazı ədəbi dilin təşəkkül və inkişafında yeganə deyil, vacib vasitələrdəndir. İlk dəfə şifahi yolla formalaşmağa başlayan ədəbi dilin inkişafında yazı xüsusi rol oynayır. Yazı dil üzərində çox işləmək tələb edir. Buna əsasən də yazı vasitəsilə ədəbi dil daha da səlisləşir, cilalanır və təkmilləşir.
Azərbaycan yazılı ədəbi dilinin tarixi, təxminən, XIII əsrdən başlayır. Həmin dövrdən Azərbaycan yazılı ədəbi dilində müxtəlif formalarda abidələr, tarixi sənədlər, bədii dil nümunələri meydana çıxmışdır. Bu dil zaman keçdikcə daha da inkişaf etmiş və təkmilləşmişdir. Hazırda yazılı ədəbi dilimizin inkişaf etdirilməsində mətbuatın böyük rolu vardır.
Ədəbi dilin şifahi və yazılı formalarından hər birinin özünəməxsus xarakterik xüsusiyyətləri və fərqli cəhətləri mövcuddur. Həmin fərqlər aşağıdakılardan ibarətdir:

  1. Şifahi ədəbi dil danışılır və eşidilir, yazılı ədəbi dil isə yazılır və oxunur.

  2. Şifahi ədəbi dilin leksikasında hamıya aydın, ümumişlək sözlərə daha geniş yer verilir, yazılı ədəbi dildə isə elmi, texniki, siyasi və digər terminlər çox olur.

  3. Şifahi ədəbi dildə cümlələr, əsasən, qısa və quruluşca sadə olur, yazılı dildə isə əksinə, uzun və mürəkkəb cümlələrdən daha çox istifadə edilir.

  4. Şifahi ədəbi dildə danışıq dilinin xüsusiyyətləri mühafizə olunaraq yarımçıq cümlələrdən, qısa replikalardan çox istifadə edilir. Lakin yazılı ədəbi dildə bağlayıcılara və silsiləli mürəkkəb cümlələrə daha çox yer verilir. Buna görə də yazılı dildə sintaksis mürəkkəb olur.

  5. Şifahi ədəbi dildə intonasiya, pauza, vurğu və s. kimi vasitələrdən istifadə olunur. Yazılı ədəbi dildə isə bunların əvəzinə, imkan daxilində, işarələr işlədilir.

  6. Şifahi ədəbi dildə fikrin ifadəsi üçün əlavə olaraq mimika, jest və hərəkətlərdən də istifadə olunur, yazı bu əlavə vasitələrdən məhrumdur. Ona görə yazılı ədəbi dildə fikrin bütün incəliklərini mütləq əks etdirmək lazım gəlir.

  7. Şifahi ədəbi dil müəyyən vasitə olmadan bu və ya digər fikri gələcək nəslə olduğu kimi çatdıra bilmir. Lakin yazılı ədəbi dil hər hansı bir məlumatın nəsildən-nəslə keçməsində əsas rol oynayır. Məsələn, XVI əsrin böyük şairi Füzulinin məşhur əsərləri bizə ancaq yazının köməyi ilə gəlib çatmışdır.

  8. Şifahi ədəbi dilin tempi çox sürətlidir. Lakin yazılı dilin sürəti xeyli zəif olur. Obrazlı demiş olsaq, şifahi dillə yazılı dil arasındakı fərq qaçmaqla yeriməyi xatırladır. Müasir Azərbaycan ədəbi dilinin şifahi və yazılı formaları arasında möhkəm əlaqə vardır. Bunlar bir-biri ilə qarşılıqlı şəkildə inkişafdadır. Adətən, ədəbi dilin formalarından biri çox, digəri isə az inkişaf edir. Lakin müasir Azərbaycan ədəbi dilində bunların hər ikisi, demək olar ki, eyni səviyyədə inkişaf edir. Azərbaycan ədəbi dilinin formaları ilə yanaşı, onun üslubları da əmələ gəlmiş və müəyyən inkişaf yolu keçmişdir.

Ədəbi dilin xarakterik cəhətlərindən biri də onun müxtəlif üslublara malik olmasıdır. Üslub nədir? Üslub sözü bir çox mənalarda işlənir. Məsələn, dilin üslubu, yazıçının üslubu və s. Dilin üslubu ilə yazıçının üslubu eyni anlayış deyildir. Ona görə bu anlayışları bir-biri ilə qarışdırmaq olmaz. Dilin üslubu dedikdə, ümumi funksional üslublar nəzərdə tutulur. Lakin yazıçının üslubu fərdi üslubdur. Yazıçının üslubu onun ümumxalq dilindən dil vasitələrini öz arzu və zövqünə, mövzu və məqsədinə görə necə seçib işlətməsi üsulları ilə bağlıdır. Hər bir yazıçının üslubu onun həyata münasibəti, elmi və siyasi biliyi, mədəniyyəti və bacarığı əsasında yaranır. Buna görə də yazıçının dünyagörüşü ilə ifadə tərzinin vəhdəti onun üslubudur. Lakin yazıçının üslubu ümumdil xaricində mövcud deyildir. Bu, ümumidən asılı olaraq onun bir hissəsidir. Bədii yaradıcılıqda hər sənətkarın öz üslubunun olması əsas şərtlərdəndir. Çünki fərdi üslub sənətkarın yaradıcılıq orijinallığını müəyyən edir və onu başqalarından fərqli bir sənətkar kimi tanıdır. Dilin üslubları müxtəlif səbəblər nəticəsində əmələ gəlir. Bu, hər şeydən əvvəl, insan fəaliyyətinin müxtəlif sahələri ilə əlaqədar olaraq bu və ya başqa şəraitdə fikrin ifadə olunması üçün dil vasitələrindən istifadə edilərkənyaranır. Hər bir üslub dilin milli xüsusiyyətləri əsasında qurulur. Bunların yaranmasında həm yazıçıların, həm də alim, müəllim və digər qrup ziyalıların böyük xidməti olur. Dildəki üslubların əmələ gəlməsi və digər cəhətlərindən bəhs edən xüsusi elm sahəsi vardır. Buna dilçilikdə üslubiyyat deyilir. Üslubiyyatda dilin ifadə vasitələrinin müxtəlif üslublarda işlənilmə üsulları geniş şəkildə öyrənilir. Azərbaycan ədəbi dilində, qədim dövrlərdən başlayaraq, zəngin üslubi sistem yaranmışdır. Ədəbi dilimizin ayrı-ayrı inkişaf mərhələlərində müxtəlif üslublar olmuşdur. Zaman keçdikcə bu üslublar daha da artmış, zənginləşmiş və təkmilləşmişdir. Hazırda Azərbaycan ədəbi dilinin aşağıdakı funksional üslubları vardır: 1) ədəbi danışıq üslubu; 2) bədii üslub; 3) elmi üslub; 4) publisistik üslub; 5) rəsmi üslub; 6) epistolyar üslub. Bu funksional üslubların həm ümumi, həm də hər birinin özünəməxsus fərqli xarakterik cəhətləri vardır.

Yüklə 21,84 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə