Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   12   13   14   15   16   17   18   19   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
25
deyir, - özündən soruş: burada nə haqqında danışılır? Görürsən?
Burda sanki kimsə yalvarır, burda kimsə get-gedə hirslənir,
sonra isə bir başqasını nəyəsə məcbur etmək istəyir, bu başqası
isə eşitmir”.
Beləcə pani Viteşak izah edə-edə, soruşa-soruşa
məndən əsas şeyi almağa çalışır. Polşadakı o dövrün bütün
müəllimləri kimi o da intonasiyanın vacibliyini deyir və mən
tezliklə bunun niyə belə olduğunu anlayıram: demə, intonasiya
elə bir şeydir ki, mən burada aldada bilmərəm. Əgər, ifa edə-edə
mən tonqalın alovlandığını görmürəmsə, intonasiya öz
soyuqluğu ilə məni ifşa edəcək; əgər, skertsonun qəmsizliyini
hiss etmirəmsə, oynaqlığı nə qədər göstərməyə çalışsam da,
intonasiya taxta kimi qalacaq. Mənim hisslərimin incə çalarları
hansısa izaholunmaz şəkildə barmaqlarıma, onlardan isə
klavişlərə hopur və bu hisslər eyni dəqiqliklə barmaqlarımın
toxunuşunun incə nüanslarında əks olunur. Tədricən görürəm
ki, mənim musiqi dilimdə paradoks gizlənib. Əgər ifa ruhum,
barmaqlarım vasitəsi ilə, klavişlərə ötürülürsə, o həmçinin əks
istiqamətdə, klavişlərdən, barmaqlarım vasitəsi ilə, ruhuma
hopur. Pani Viteşakın idealı – musiqini elə səsləndirməkdir ki,
o, sanki öz-özünə ifa olunsun. Bunun üçün mümkün qədər
gərginlikdən azad olmalısan, əlləri tamamilə boşaltmaq
lazımdır ki, medium olasan, musiqi sənin vasitənlə öz-özünə
axsın, yazda əriyən qar kimi. “Gərginliyini at, - o təkrar edir. –
Musiqiyə imkan vermək lazımdır ki, özü olsun”. Amma
paradoks davam edir: bütün bu azadlıq, qabiliyyət yalnız soyuq,
aydın texnikanın vasitəsi ilə əldə edilir, bu zaman növbəti
passajı necə ifa etmək, başqa səhifəyə necə keçmək haqqında
narahat olmaq lazım deyil. Barmaqlar itaətkar və sümüksüz
ötürücülərə çevrilir. Musiqi dərin həqiqətləri üzə çıxara bilər;
amma yalnız maddi olan vasitəsi ilə: nəyisə ifa etmək
istəyirsənsə, əvvəlcə cismini - əllərini və barmaqlarını öz
iradənə tabe etdirməlisən. Bax, buna görə, pani Viteşak ciddi,
gündəlik nizam-intizama riayət edir. Anam jurnalı
doldurmalıdır, mənim gündəlik məşq saatlarımı qeyd etməlidir
və əgər tapşırığı yerinə yetirmirəmsə, məni möhkəm danlaq
gözləyir. “Əgər sən pianoçu olmaq istəyirsənsə, - müəlliməm
deyir, - rahibə kimi olmalısan, hər şeyini musiqiyə verməlisən.
Sən güclü olmağı öyrənməlisən”. Mən belə mütləq canatmanı
təsəvvür etməyə çalışıram, lakin hələlik Allahın verdiyi
qabiliyyətə və daxili hissiyyatıma çox inanıram. İşə isə az
inamım var. Səylər, qammalar, alətin yanında keçirdiyim saatlar
– mən bütün bunlara çətinliklə tab gətirirəm. Yəqin ki, bunlar
istedadlılar üçün deyil, istedadsızlar üçün düşünülüb. Bəlkə də
məndə yaranmış bu fikri, məni ərköyün böyütmüş
valideynlərim aşılayıb.
Bəlkə də, təbii hissiyyat, incəlik, ruhi qığılcımlar kimi
- əbədi polyak dəyərləri haqqında təsəvvürləri əsas götürürəm.
Axı bütün bu dəyərlərə, romantik şairləri demirəm, mənim
yaşıdlarım və müəllimlərim də hörmət edirlər. Mənim bütün
təhsilim, demək olar ki, romantik səciyyə daşıyır. İstənilən
məktəb inşası – istər sonunci ekskursiya, istərsə də Mitskeviçin
şeirləri haqqında olsun – üslubu ilə fərqlənməli və hisslərlə dolu
olmalıdır. Belə məktəbli tapşırığına edilən ən yaxşı kompliment
– burda yüksəlişin olduğunu etiraf etməkdir. Bu sözdə canatma,
ruhlandırma, qanadlılıq birləşib. Hər kəs istər ki, yüksəliş onun
xarakterində də olsun. Darıxdırıcı və düzgün olmaq – dəhşətli
bədbəxtlikdir. Bizim gözlərimizdə vasitəsizlik, inadkarlıq,
qorxmazlıq daha yaxşıdır – bunlar əxlaqi kateqoriyalara aid
deyildir. Məncə dostum Marekdə yüksəliş var. Və nasist işğalı
zamanı tankların qarşısına çıxan polyak kavaleriyasında da –
bu haqda tez-tez danışırlar, - yüksəliş vardı. Varşava üsyanının
son və qəhrəman dəqiqələrində, küçələrdə qumbaraların
partladığı, güllələrin uçuşduğu vaxt reproduktorlardan eşidilən
Şopen polonezinin lya-majoru – yüksəlişin əsil mahiyyəti
budur. əlbəttə ki, yüksəliş müsiqidə də zəruridir; onsuz,
canatmasız, kədərsiz, səmimiyyətsiz, səsləri incəlik alovuna
bürümədən nə qədər istəyirsən məşğul ol, heç zaman yüksəlişə
çata bilməzsən.
Bizim uşaqlıq meyllərimiz nə qədər absurd,
əhəmiyyətsiz və gözlənilməzdir... Niyə məhz bu söyüd məndə
bu qədər güclü, demək olar ki, xəstəlik kimi, gözəllik hissi
oyadır? Ürəyimi nəhəng, mütləq sevinclə dolduran bu yaşıl
təpəciyə niyə özümü atmaq istəyirəm? Çünki bu söyüd və
təpəcik ilk, yeganə, müqayisəolunmazdır. Beləcə, uşaqlığımızın
bir neçə çalarına yapışaraq ürəyimizi yaradan bu ərinti donub
qalır – biz bu çalarlardan ayrıla bilmirik. 
Bir dəfə Nyu-Yorkda rus rəssamı ilə görüşdüm. O,
həmvətənlərinin Amerikaya düşdükdən sonra niyə özünü
itirdiklərini izah etməyə çalışırdı. Özünə hörmət edən bütün rus
emiqrant-rəssamları kimi o da kifayət qədər aktiv dissident idi.
Buna baxmayaraq, - gözləri parıldaya-parıldaya o dedi, - o
əmindir ki, Rusiya qüdrətli, yeganə ölkədir. “Biz müharibədə
almanlara qalib gəldik, bizim nəhəng ədəbiyyatımız var, böyük
mədəniyyətimiz olub. Bu bizim fəxrimizdir”, - o, coşğunluqla
deyirdi. Mən ona baxaraq, onu anlamağa çalışıram. Milli qürur?
Bizim dünyada bu hiss çoxdan köhnəlib. Mən bunun nə
olduğunu bilmirəm.
Yox, mən vətənpərvər deyiləm, heç zaman mənə
patriotizmi hiss etməyə imkan verməyiblər. Buna baxmayaraq,
mənim uşaqlığımın ölkəsi məndə yaşayır, onun qəlbimdə
birinci yer tutması və mənim ona sevgim mübahisə olunmazdır.
Marginallığımızı dərk etməyimizə, belə hisslərin primitivliyinə
baxmayaraq bu hiss məndə yaşayır. Bu nədir: korluq,
özünüaldatma – bu yaddaşdan yapışmalıyıqmı? Düşünürəm ki,
korluq və özünüaldatmadan əl çəkməliyik. Bu ölkə mənə
dünyanı bəxş edib, məgər bu azdır? O, mənə dil, hissiyyat, səs,
bəşərilik verib. Rəngləri, reallıq hissini, ilk bağlılığı bəxş edib.
Bu bağlılıqlar pozulmazdır, qətidir: heç bir başqa mənzərə,
havanın təravəti bizim ilk gördüyümüz və tamamilə içimizə
hopanlar qədər incə, əziz ola bilməz. Sonralar biz daha təmkinli
olmağı, öz hisslərimizi analiz etməyi öyrənəcəyik, obyektivlik
qazanacağıq, heyrətimizi zəiflədəcəyik. Dünyanın bizə
ikiölçülü və əzilmiş görünməməsi üçün, ətrafımızdakılardan
uzaqlaşmamaq, çətin vəziyyətə düşməmək üçün biz absurd
uşaqlıq bağlılığımız haqqında yaddaşımızı, onları yenidən
yaşamağımız imkanını saxlamalıyıq. Bizi dünyaya bağlayan,
burada yaşamağa məcbur edən enerjimizi saxlayana qədər
həmişə geriyə dönürük. Biz bu müqayisəolunmaz, ilkin
məhəbbət sınağından, dünyanın başlanğıc yanğısın dan, burada
və indi olmaq həvəsindən əl çəkməməliyik. 
Çevirdi: Samir Bulut


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə