A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə72/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   72

 
121
iyununda «hərbi triumvirat» (Bismark, Roon, Moltke) müharibə ilə əlaqədar məsləhətləşmə keçirdi. Moltke və 
Roon Almaniyanın müharibəyə tam hazır olduğunu bildirdilər. Yalnız bundan sonra Bismark ehtiyatda saxladığı 
sonuncu vasitəni işə saldı.  
Fransa ilə qarşıdakı müharibə üçün bəhanə İspaniya taxt-tacını uğrunda mübarizə oldu. Məlum olduğu 
kimi,  İspaniyada 1868-ci il hadisələri nəticəsində ispan kraliçası  İzabella hakimiyyəttən salındı  və ölkədən 
qovuldu. Beləliklə, ispan taxtı bir müddət boş qaldı. 1870-ci il iyulun 1-də vakant yerə Habsburqların Qoqenloe 
- Ziqmarinqen sülaləsindən olan şahzadə Leopoldun namizədliyi məlum olduqdan sonra III Napoleon buna qəti 
etiraz edərək bildirdi ki, Fransa eyni zamanda həm  şərqdə, həm də  cənubda Avstriya sülaləsindən olan 
adamların hökmranlığına razı ola bilməz. Tərəflərin hər ikisi tərəfindən qızışdırılan diplomatik münaqişə 
müharibəyə doğru kəskinləşməkdə idi. Məsələ burasında idi ki, prus imperatoru I Vilhelm Leopoldun 
namizədliyini dəstəkləyən ilk hökmdarların siyahısında idi. 
Yaranmış  vəziyyətdən qorxuya düşən Prussiya kralı I Vilhelm Bismarka və Moltkeyə bildirmədən III 
Napoleonla birbaşa danışıqlara başladı və şahzadə Lepoldun namizədliyini geri götürməyə razılıq verdi. Lakin 
Prussiyanın geri çəkilməsindən onun müharibəyə hazır olmaması  nəticəsinə  gələn III Napoleon Fransanı 
müharibəyə sürükləməklə sonuncu diplomatik səhvi etdi. Tyer hələ Meksika avantürasından sonra III 
Napoleonu açıq  şəkildə günahlandıraraq demişdi ki, «Sizin bir hökmdar kimi artıq edə bilməyəcəyiniz səhv 
qalmayıb». Fransız hakimiyyət elitasından yalnız Tyer Fransanın müharibəyə hazır olmadığını bilir və onu 
müharibədən çəkindirməyə çalışırdı. 
III Napoleon şahzadə Leonordun namizədliyini geri götürməyə nail olduqdan sonra mübahisəni daha da 
uzadaraq fransız səfiri Benedetti vasitəsiylə I Vilhelmdən Leopoldun bir daha öz namizədiyini irəli sürməməsi 
haqqında təminat verməsini tələb etmişdi. Həm də imperotorun tələbinə görə I Vilhelm Leopoldun bir daha 
dəstəklənməməsinə dair yalızı şəkildə təminat verməli idi.  
İmperatorların yazışmalarını diqqətlə izləyən Bismark müəyyən vaxtdan sonra hadisələrə qarışmaq 
qərarına gəldi. Kralın cavabını saxtalaşdıran Bismark onu elə bir formaya saldı ki, «guya I Vilhelm III 
Napoleonun yazılı öhdəlik götürmək tələbinə cavab olaraq fransız səfirinə qapını göstərmişdir». Bismark 
saxtalışdırılmış məktubu əlinə götürərək «bu Qall öküzünə qarşı əla qırmızı örpəkdir» demiş və məktubu dərc 
edilmək üçün mətbuata göndərmişdi. 
Beləliklə, Bismark bir gülləyə iki hədəfi vurmuş oldu. O, hadisələri elə şəklə saldı ki, Fransa əvvəlcə 
qəbul edilməsi mümkün olmayan tələblər irəli sürür, həmin tələblər rədd edildikdə isə Prussiyaya müharibə elan 
edir və bununla da Fransa təcavüzkar vəziyyətində qalır. Mətbuatın qaldırdığı «şivən-qiyamət» təkcə Prussiyada 
yox, həm də bütün Avropada mərmi partlayışı ab-havası yaratdı.  
Özünü təhqir edilmiş hesab edən Fransa imperatoru III Napoleon 1870-ci il iyulun 19-da Prussiyaya 
müharibə elan etdi. Hərbi hazırlığı vaxtında başa çatdırmış Prussiya ordusu avqustun 4-də Veysenburq 
döyüşündə, avqustun 6-da Verte döyüşündə marşall Mak-Maqonun qoşunlarına ağır zərbə vurdu. Avqustun 6-
da başqa bir ordu qrupu Şpixarne döyüşündə marşal Bazeni ağır məğlubiyyətə  uğratdı. Avqustun ortalarında 
Bazenin başçılıq etdiyi fransız orduları Mets qalasına sığınmağa məcbur oldu. Mak-Maqonun ordusu isə III 
Napoleonla birlikdə məğlubiyyətdən sonra Sedan qalasına çəkildi və sentyabrın 2-də almanlara təslim oldu. 
Fransanın belə sürətli məğlubiyyəti onun həm hərbi hazırlığı başa çatdırmaması, həm də diplomatik təcrid 
vəziyyətində olması ilə bağlı idi. III Napoloenun müharibə  ərəfəsinədək antirus siyasəti yeritməsi Fransanı 
Rusiyanın yardımından məhrum etmişdi. İngiltərə isə öz daimi rəqibinin belə ağır məğlubiyyətindən son dərəcə 
razı qalmışdı. Diplomatik təcrid və hərbi məğlubiyyət Bismarka arzu etdiyi kimi, Almaniyanın birləşdirilməsini 
«dəmir və qanla» başa çatdırmağa imkan verdi. 1871-ci il yanvarın 18-də I Vilhelm Versalda XIV Lüdovikin 
parad zalında Alman imperatoru elan edildi, Almaniya tarixində II Reyx (1871-1918) meydana gəldi.  
III Napoleonun özünə güvənməsi, Prussiya ilə  və ona qarşı diplomatiyadan daha çox hərbi gücə 
arxalanması Fransanın ağır məğlubiyyətini  şərtləndirən başlıca faktorlar idi. 1867-ci il uniyası  nəticəsində 
yaradılmış Avstriya-Macarıstan imperiyası ilə Fransanın müharibə  ərəfəsində başlamış olduğu danışıqlar 
nəticəsiz qaldığına görə, Avsriya 1866-cı il in əvəzini çıxmaq üsün Fransa ilə  hərbi ittifaq bağlaya bilmədi.  
Macarıstanın baş naziri qraf D.Andraşi də inadla belə bir ittifaqın əleyhinə çıxırdı. Bismarkın primitiv müharibə 
diplomatiyası «zamanın sınağından» zəfərlə çıxdı. 
Müharibə ərəfəsində Fransa ilə İtaliya arasında aparılan danışıqlar nəticəsiz qaldı. Səbəb kimi aradakı 
ziddiyyətlərin kəskinliyini və Bismarkın buna imkan verməməsini göstərmək olar. Digər səbəb isə italyan kralı I 
Viktor-Emanuilin  İtaliyanın  ərazisinin birləşdirilməsini başa çatdırmaq üçün papa dövlətinin  ərazisini tələb 
etməsi idi. Çünki İtaliyanın birləşdirilməsi yalnız bu zaman tam şəkildə başa çata bilərdi. Halbuki Fransa buna 
razılıq vermək fikrində deyildi. Papa III Napoleonun ən etibarlı müttəfiqi hesab olunurdu. Fransız ordusu 
Sedanda məğlub olduqdan sonra 1870-ci il  sentyabrın 20-də italyan qoşunları Romaya daxil oldular, Appenin 
yarımadasındakı pərakəndəliyə son qoyuldu və beləliklə İtaliyanın birləşdirilməsi prosesi başa çatdı. 
Avropanın iri dövlətlərindən yalnız Rusiya Fransa-Rusiya ziddiyyətlərinə baxmayaraq Fransanın 
həddindən artıq zəifləməsini istəmirdi.Vestfalya sistemi və 1815-ci il Vyana konqresinin qurduğu sistem 
Avropada qüvvələr müvazinətinin yeni qaydasını formalaşdırmışdı. Bu qayda - «pentarxiya» Avropa siyasətində 


 
122
beş dövlətin maraqlarının bölüşdürüməsini nəzərdə tuturdu. Tarixən  İngiltərə  və Rusiya Fransaya tarazlayıcı 
qüvvə kimi baxmış, nə  həddindən artıq dərəcədə qüvvətlənməsini, nə  də tamamilə  zəiflədilməsini qəbul 
etməmişdilər. Buna görə  də Rusiya Fransa-Prussiya müharibəsi nəticəsində Almaniyanın Avropada hegomon 
qüvvəyə çevrilməsinə Avropada yaranmış qüvvələr nisbətinə təhlükə kimi baxmağa başlamışdı.  
1870-ci il 4 sentyabr inqilabı nəticəsində Fransada III respublika (1870-1940) quruldu  və Milli Müdafiə 
hökuməti yaradıldı. Həmin hökumətin işlər müvəkkili de Qabriak inadla M.Qorçakovun Fransa-Prussiya 
münaqişəsinə müdaxiləsini tələb etsə də, ciddi bir köməyə nail olmamışdı. Belə ki,  çar II Aleksandr bir neçə 
dəfə yazılı şəkildə I Vilhelmə müraciət edərək Fransanı son dərəcə ağır vəziyyətə salmamağı tövsiyyə etməklə 
kifayətlənmişdi ki, çarın belə hərəkəti onun Krım müharibəsinin nəticələrini hələ unutmadığını göstərirdi. 
Tyer Milli Müdafiə hökumətinin təklifi ilə 1870-ci il sentyabr-oktyabr aylarında Vyanada, Romada, 
Londonda və Peterburqda oldu. Yalnız bundan sonra II Aleksandr sülh danışıqlarına başlamaq üçün vasitəçilik 
rolunu öz üzərinə götürməyə razılıq verdi. Alman ordusunun Parisdə ciddi müqavimətlə qarşılaşması, yeni 
fransız ordusunun yaradılmağa başlaması Bismarkı da sülh danışıqlarına sövq edirdi. 1871-ci il yanvarın 28-də - 
Almaniyanın imperiya elan edilməsindən 10 gün sonra Milli Müdafiə hökuməti Almaniya ilə barışıq imzaladı. 
Müharibə başa çatdıгdan dərhal sonra Bismark Rusiyanın bitrəfliyi müqabilində 1856-cı il Paris 
sülhünün şərtlərinə yenidən baxılmasına razı olduğunu bildirdi. Napoleon Fransasının məğlubiyyəti bu sülhün 
şərtlərinin dəyişdirilməsinə tam imkan yaratmışdı. Yeni beynəlxalq şərait M.Qorçakovun ardıcıl olaraq apardığı 
siyasi kursun diplomatik yolla realaşmasına imkan yaratdı. Rusiya 1870-ci il oktyabrın 31-də 1856-cı il Paris 
sülhünün iştirakçısı olan  bütün dövlətlərə müraciət edərək bildirdi ki, Paris sülhünün şərtləri həmin dövlətlər 
tərəfindən mütəmadi olaraq pozulduğuna görə, həmin sülhün Qara dənizdə Rusiyanın hüquqlarını 
məhdudlaşdıran bütün bəndləri etibardan salınmış hesab edilir. M.Qorçakov xüsusi olaraq qeyd edirdi ki, 
Rusiya hökumətinin qərarı qətidir və heç bir komprmisə yol verilməyəcəkdir.  
Rusiyanın müraciəti  İngiltərə  və Avstriya-Macarıstan tərəfindən böyük narazılıqla qarşılandı. Lakin 
İngiltərə-Prussya danışıqlarından sonra, İngiltərə öz mövqeyini dəyişdirmək məcburiyyətində qaldı. 
O.Bismarkın təklifi ilə 1871-ci ilin yanvarında Londonda Paris sülh müqaviləsinin imzalanmasında iştirak edən 
dövlətlərin beynəlxalq konfransı çağırıldı. Konfransda Rusiyanı Brunov təmsil edirdi. İngiltərə hökuməti 
Bismarkı bu məsələdə günahlandırsa da, Bismark qəti şəkildə bildirdi ki, problemin qoyuluşu ilə bağlı heç bir 
öhdəliyə malik deyildir. 1871-ci il matrın 13-də konvensiya imzalandı.  
London Konvensiyasına görə, Paris sülhünün üç bəndi (Qara dəniz boğazlarının bağlanması, hərbi 
gəmilərin sayı, sahilboyu müdafiə tikililərinin ləğv edilməsi) yeniləşdirildi. Rusiyanın tələbi  ilə Qara dəniz 
boğazları sülh və müharibə dövründə  hərbi gəmilərin üzünə bağlanır (sultan əgər istəsəydi «dost və müttəfiq 
hesab etdiyi dövlətlərə» boğazları aça bilərdi), Rusiya Qara dənizdə hərbi donanma saxlamaq hüququ qazanır, 
habelə sahilboyu istehkamların tikintisinə başlamaq hüququ qazınırdı. 
Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlar nəticəsində fevralın 26-da Versalda ilkin saziş bağlandı. 
Sazişə görə, Almaniya Elzası  və  Şərqi Lotaringiyanı ilhaq edir, Fransadan 5 mlrd frank məbləğində  təzminat 
alırdı. O.Bismark  Fransadan 7 mlrd frank təzminat tələb etməklə əslində diplomatik oyun oynayırdı. O yaxşı 
bilirdi ki, Rusiya təzminatın məbləğinin azaldılması ilə bağlı  I Vilhelmdən xahiş edəcək. Buna görə də 7 mlrd 
frank təzminat tələb etmişdi ki, Rusiyanın xahişindən sonra həmin məbləği 5 mlrd franka endirsin, buna da nail 
olmuşdu.  
Uzun müddətli diplomatik danışıqlardan sonra 1871-ci il mayın 10-da Frankfurt-Maynda Fransa ilə 
Almaniya arasında sülh müqaviləsi imzalandı. Müqavilə 26 fevral sazişinin  şərtlərini təsdiq edirdi. Bismark 
aydın  şəkildə  görürdü ki, 1870-ci illər müharibəsi Fransa ilə Almaniya arasında  əsrlər boyu davam edən 
antoqonizmi zəiflətmədi,  əksinə daha da qüvvətləndirdi, belə bir şəraitdə bu iki dövlət arasında gələcək 
müharibə labüd idi. Bunu nəzərə alan Alman Baş  qərargahı Almaniya üçün daha əlverişli strateji mövqelər 
qazanmaq istəyirdi.  
Frankfurt-Mayn sülhündən üç ay sonra, Peterburqdan Berlinə keçirilmiş  işlər müvəkkili Qabriakla 
söhbətində Bismark açıq şəkildə bildirmişdi ki, «Mets qalasını Almaniyanın əlində saxlamaq bizim tərəfimizdən 
ağılsızlıq olardı. Lakin baş  qərargah məndən Fransanın  əvəz çıxmayacağına təminat istədiyi zaman mən 
bildirdim ki, belə bir təminatdan söhbət gedə bilməz, 1870-ci illər müharibəsi gələcək Almaniya- Fransa 
müharibələrinin ilkinidir. Belə olduqda müharibədə yüz min nəfərə  bərabər Mets qalasını özümüzdə 
saxlamalıyıq. Elzas və Lotaringiya  haqqında da eyni sözləri demək olar, əgər bizim aramızda sülh əbədi 
olsaydı, bu vilayətlərin bizdə saxlanılması səhv olardı, çünki bunlar bizə əlavə yükdür». Qabriak cavabında «bu 
əyalətlər arxasında Fransanın durduğu yeni Polşaya çevriləcəklər» demişdir. 
Strateji əhəmiyyətinə görə Elzas müdafiə, Lotaringiya isə hücum əməliyyatların üçün mühüm əhəmiyyətli 
platsdarm idi. Digər tərəfdən Lotaringiya dəmir filizi ilə  zəngin rayonlardan biri idi. Frankfurt-Mayn sülhü 
əslində I dünya müharibəsinin təməl daşlarını qoymuş oldu. 
Almaniyanın birləşdirilməsi başa çatdıqdan sonra Bismark ittifaqlar siyastəinə xüsusi əhəmiyyət 
verməyə başladı ki, bu təsadüfi deyildi. Çünki Almaniyanın birləşdirlməsi Avropada yeni qüvvələr nisbəti 
yaratmışdı. Yaranmış şəraitdə Avropa dövlətlərinin Almaniyaya qarşı ittifaq yaratması ehtimalı həqiqətə yaxın 


 
123
idi. Buna görə də Bismark ilk növbədə Rusiyaya, Avstriyaya və İtaliyaya analoji müraciətlər etmiş, son nəticədə 
«Üç impertaor ittifaqı» adını almış siyasi məsləhət birliyinin–Rusiya-Almaniya-Avstriya-Macarıstan ittifaqının 
yaradılmasına nail olmşudu. Bu ittifaq 1873-cü il iyunun 6-da Vyanada meydana gəlmişdi. Əvvəclə Rusiya ilə 
Avstriya arasında müqavilə bağlanmış, daha sonra - 1873-cü il 3 oktyabrda Almaniya da bu məsləhət paktiına 
qoşulmuşdu. İttifaq müqaviləsi 1884-cü ildə daha üç illiyə uzadıldı və 1887-ci ildə ikitərəfli Rusiya-Almaniya 
gizli hərbi-siyasi paktına çevrilmişdi. Paktın başlıca məqsədi Fransaya qarşı  gələcək müharibədə onun tam 
şəkildə  təcrid edilməsinə nail olmaq idi. Təsadüfi deyildir ki, sonuncu müqavilənin politoloji ədəbiyyatda 
«təkrar sığorta müqaviləsi» adlandırırlar.  
Fransaya qarşı ittifaqlar siyasətini davam etdirən Bismark 1879-1882-ci illərdə yeni hərbi-siyasi birliyin 
- Üçlər ittifaqının yaradıcısı oldu. Bu birlik 1879-cu il  sentyabrın 7-də Almaniya ilə Avstriya-Macarıstan 
arasında imzalanmış ittifaq müqaviləsinə  əsasən təşəkkül tapmışdı. 1882-ci ilin mayın 20-də Almaniya, 
Avstriya-Macarıstan və  İtaliya arasında Vyanada hərbi ittifaq haqqında gizli müqavilə imzalandı ki, nəticədə 
Avropada ilk qüdrətli, müharibə hazırlığını qarşısına məqsəd kimi qoyan hərbi-siyasi birlik yarandı. 
Fransa-Prussiya müharibəsindən sonra Fransa 1873-cü il üçün təzminatı bütünlüklə ödədi və alman 
qoşunları Fransanın şimal vilayətlərini  tərk etdi.  
Beləliklə, Bismarkın «preventiv müharibə» diplomatiyası Almaniyanın birləşdirilməsi prosesinin hərbi-
siyasi və diplomatik yolla başa çatmasına gətirib çıxardı.  
 
Mövzuya dair suallar 
1.
 
Almaniyanın birləşdirilməsi ərəfəsində beynəlxalq vəziyyət 
2.
 
Bismarkın Almaniyanın birləşdirilməsi planı 
3.
 
Şlezviq, Qolşteyn və Lauenberq məsələsinə Rusiyanın, İngiltərənin, Avstriya və Fransanın münasibəti 
4.
 
Prussiya-Danimarka müharibəsi və Qaşteyn konvensiyasının imzalanması 
5.
 
Bismarkın diplomatik fəaliyyəti və Avstriya-Prussiya müharibəsi 
6.
 
Fransa-Prussiya müharibəsi ərəfəsində Avropa ölkələri arasında diplomatik mübarizə 
7.
 
Fransa-Prussiya müharibənin gedişi və beynəlxalq nəticələri 
8.
 
1856-cı il Paris sülh müqaviləsinin şərtlərinin ləğvi  
9.
 
Versal sazişi və Franskfurt-Mayn sülhü 
10.
 
Almaniyanın birləşdirilməsi və beynəlxalq nəticələri 
11.
 
O.Bismarkın «Üç imperator ittifaqı» və Üçlər ittifaqının yaradılması uğrunda mübarizəsi 
 
Ədəbiyyat 
1.
 
Бисмарк О. Мысли и воспоминания. Т. 1-3, М., 1940 
2.
 
Галкин И.С. Объединение Германии М., 1951 
3.
 
Галкин И.С. Создание германской империи. М., 1986 
4.
 
Ерусалимский А.С. Бисмарк: дипломатия и милитаризм. М., 1968 
5.
 
Ерусалимский А.С. Внешняя политика и дипломатия германского империализма в конце XIXв. 
М.. 1951 
6.
 
Ерусалимский А.С. Германский империализм: история современность. М., 1964 
7.
 
Нарочницкая Л.И. Россия и война Пруссии в 60-х годах. 
8.
 
Ревуненков В.Г.  Приход Бисмарка к власти (Польша и борьба в Пруссии 1859-1862.), Л., 1941 
9.
 
Ревуненков В.Г. Польское восстание 1863г. и европейская дипломатия. Л., 1957 
10.
 
Ростс Л.К. Шлезвиг-Голштинский вопрос и политика европейский держав в 1863-1864гг. 
11.
 
Ротштейн Ф.А. Международные отношения в конце XIXв. М., 1960 
12.
 
Ротштейн Ф.А. Из истории Прусско-Германиской империи. М-Л., 1948 
13.
 
Хвостов В.М. Франск-русской союз и его историческое значение. М., 1955 


 
124
NƏTİCƏ 
 
Dünya tarixinin qədim, orta əsrlər, yeni və ən yeni dövrlərə bölünməsi müasir elmi düşüncə baxımından 
müxtəlif sivilizasiyaların inkişaf və  əvəzlənmə tarixidir. Oxuculara təqdim edilən dərslikdə sivilizasiyanın 
müxtəlif mərhələlərində dövlətlər arası münasibətlər yaranma, inkişaf və yeniləşmə prosesində araşdırılır, Misir 
və Mesopotamiyadan tutmuş, ərəb və Frank dövlətləri arasındakı münasibətlərə, Otuzillik mühüribədən tutmuş 
müstəmləkə müharibələrinə, Vyana sisteminin yaradılmasından Almaniyanın birləşdirilməsinə  qədər 
diplomatiya tarixinin müxtəlif hadisə  və proseslərinə müasirlik yönümündən işıq salınır. Dövlətlərarası 
münasibətlərin sivilizasiyasının müxtəlif mərhələlərində aparıcı rola malik olması həmişə etiraf olunmuşdur ki, 
bunun idraki, nəzəri və praktiki kökləri minilliklərin dərinliklərindədir.  
Tarixin orta əsrlər dövründə alimlər dünya tarixini dörd monarxiyanın inkişaf tarixinə bölürdülər: a) 
Asuriya - Babilistan monarxiyası; b) Midiya - İran monarxiyası; v) Yunan-Makedoniya monarxiyası; q) Roma 
monarxiyası. Qədim hətta Bibliya ənənələrindən bəhrələnən bu bölgü tarixi bilgilərin ö dövrkü səviyyəsini əks 
etdirməsinə baxmayaraq elmi fikir bir həqiqəti dərk etmişdi. Bu tarxi inkişafın dövlətlərin və dövlətləarası 
münasibətlərin inkişafı ilə bağlanması idi. 
Sivilizasiyanın ən qədim dövrlərdindən monarxiyalar və cəmiyyətlərarası münasibətlər adət-ənənələr və 
yeni normalar üzərində formalaşan dünya qaydasını şərtləndirirdi. Dövlətlərin yaranmasına, inkişafına və məhv 
olmasına, cəmiyyətlərin bir-birini əvəz etməsinə baxmayaraq dünya qaydası  təkamül prosesini yaşayırdı, 
mərhələdn-mərhələyə  zənginləşir, təkmilləşir və formaca dolğunlaşır,  əhatə dairəsi genişlənirdi. Məhz bu 
prosesdə elmi-ictimai fikir də zənginləşir, yaranmaqda olan yeniliklərə uyğun olaraq ümumiləşdirmələr aparır, 
fərdi-tipik münasibətləri müəyyənləşdirir, qanunauyğunluq və kateqoriyaların mahiyyəti açılıb göstərilirdi. 
Bəşər tarixinin qədim və orta əsrlər dövrü ayrı-ayrı dövlət xadimi və  sərkərdələrin işğalçı yürüşləri 
nəticəsində yaradılmış yüzlərlə irili-xırdalı dövlət birləşməsinin adını qoruyub çaxlamışdır. «Dövlət həmişə 
cəmiyyət içərisindən meydana gələn və yalnız… idarəetməklə məşğul olan bir qrup adamlardan ibarət müəyyən 
bir aparat olmuşdur» - deyən V.İ.Lenin səhv etmirdi.
1
Tarix boyu dövlətlər imperiyalar siyasət meydanında 
görünmüş, beynəlxalq münasibətlərdə öz sözün demiş, silinib getmişlər. Belə böyük imperiyalara Makedoniyalı 
İskəndərin imperiyasını, Qədim Roma imperiyasını, Monqol imperyasını, XIV-XV əsrlərin hüdudunda meydana 
gəlmiş Teymuri imperyasını, Müqəddəs Roma imperyasını və s. göstərmək olar. 
Orta  əsrlərin dərinliklərində yaranmaqda olan humanist dünyagörüşü dövlətlərarası münasibətlərin 
inkişafına dair baxışları ilə yeni epoxanın  əsaslarını qoydular. Təsadüfi deyildi ki, Qərb politoloji fikri yeni 
tarixi mərhələnin yaranmasını  məhz humanizm ideyalarının pərvəriş tapdığı dövrdən götürürlər. Avropa 
monarxları humanistlərin xidmətindən məmnuniyyətlə istifadə edirdilər. Qədim dünmyanın zəngin təcrübəsini, 
elmi-ictimai fikrini dirçəldən, ona yeni məzmun verən humanistlər dövlətləararası münasibətlərin protokol 
qaydalarına öz möhürlərini vurdular. Dövlət xadimləri, rəsmi şəxslər nəinki geyimləri, davranış normaları, hətta 
ədaları ilə  də  cəmiyyətdən seçilirdilər. Dövlətlətarası  əlaqələr isə daha mütəmadi xarakter daşımağa başlayır, 
tədricən xarici əlaqələrin aparılması hər hansı dövlətdə bir qrup adamın peşə məşğuliyyətinə çevrilirdi. 
Dövlətlərarası münasibətlərin genişlənməsində qlobal dəyişikliklər böyük coğrafi kəşflərlə bağlıdır. Bu 
nəinki istehsal münasibətlərində köklü dəyişikliyi  şərtləndirdi, dövlətlərarası  əlaqələr intensivləşdi, habelə 
müstəmləkələrin  ələ keçirilməsi uğrunda o dövrkü dünyanın cahangir dövlətləri arasında ölüm-dirim savaşı 
başladı, dünya müstəmləkə sistemi yarandı, dünya kapitalist inkişafı yoluna qədəm qoydu, əmtəə istehsalı  və 
ixracı tarix etibarı ilə olduqca qısa müddətə az qala ümumplanet miqyası aldı. 
Dünya miqyaslı qlobal dəyişikliklər elmi-ictimai fikrin də diqqətindən yayınmırdı. XIX yüzilliyin dünya 
şöhrətli alim-sosioloqlarından L.İ.Meçnikovun «Sivilizasiya və böyük tarixi çaylar» əsəri məhz belə 
dəyişikliklərin təsiri ilə yaranmışdı. Müəllifə görə, sivilizasiyaları da, dövlətləri də «çay-su» yaratmışdır və bu 
baxımdan dünya tarixinin üç epoxaya bölmək olar: 
-
 
Qədim sivilizasiyalar dövrü; 
-
 
Aralıq dənizi dövrü; 
-
 
Okeanlar dövrü. 
Dərindən diqqət yetirildikdə Böyük coğrafı  kəşflərdən başlayan okean dövrü müasir geosiyasi 
nəzəriyyələrin çıxış nöqtəsini təşkil edir. Okean dövlətləri kimi əvvəlcə Bizans imperiyası  və Osmanlı 
Türkiyəsi, sonralar İspaniya, Portuqaliya, Fransa və Ingiltərə dünyanın siyasi xəritəsini tamamlayırlar. Avropa 
dövlətlərinin cəbhələşib bir-birinə qarşı vuruşduğu Otuzillik müharibə isə yeni qlobal dünya qaydasının - 
Vestfaliya sisteminin formalaşması ilə başa çatdı ki, bu beynəlxalq münasibətlərin sistem dəyişikliyi idi. Sistem 
- beynəlxalq münasibətlərin konkret zaman və məkan hüdudlarında olan elə qaydasıdır ki, universallıq xüsusiy-
yətləri ilə  səciyyələnir, varisliyi saxlayır, təkamül və radikal dəyişikliklər prosesini yaşayır, dünya qaydasını 
müəyyənləşdirir və adaptasiya olunur. Beynəlxalq qaydanın başlıca xüsusiyyətlərindən biri isə dövlətlərarası 
qüvvələr müvazinətinin mövcudluğu və qarşılıqlı münasibətlərin daimi xarakter daşımasıdır. 
                                                           
1
 Lenin V.İ. Dövlət haqqında. Əsərəri, 29-cu cild, s.484 


 
125
Vestfaliya sisteminin yaranması ilə başlanan yeni dövr dövlətlərarası münasibətlərə  də bir sıra 
dəyişikliklər gətirdi. Tədricən əvvəlcə Avropanın, daha sonralar dünyanın siyasi xəritəsi formalaşmağa başladı, 
yeni yaranmaqda olan dövlətlərlə tamamlandı. Vestfaliya sisteminin sabitliyi qüvvələr balansına əsaslanırdı ki, 
on beş ilə yaxın davam edən Napoleon müharibələri dövründə bu balans pozuldu və Vyana sisteminin 
formalaşması ilə dünya qaydasının yeni nizamı – «pentarxiya» formalaşmasıdı, «Avropa konserti»nin 
iştirakçıları qısa zaman kəsiyində olsa da, legitimliyi əsas götürməklə dövlət maraqlarının pozulmamasına riayət 
etdilər. 
Vyana sistemi varisliyi saxladı, Avropanın yeni sərhədləri tədricən hamılıqla etiraf olundu. Bununla 
belə, dünya nizamı təkmilləşdirməkdə davam edirdi. Yeni tarixin I dövrünün (1640-1870) əlamətdar hadisələri 
içərisində Amerika Birləşmiş  Ştatlarının, vahid alman və italyan dövlətlərinin yaranması beynəlxalq 
münasibətlər sisteminin tamamlanması baxımından əhəmiyyətlidir.  
Beynəlxalq münasibətlər tarixinin ən qədim zamanlardan XIX yüzilliyin 70-ci illərinin  əvvəllərinə 
qədər olan dövrünü əhatə edən bu dərslik müəllifin uzun illər Bakı Dövlət Universitetinin «Beynəlxalq 
münasibətlər  və beynəlxalq» fakültəsində «Beynəlxalq münaibətlər» ixtisası üzrə oxuduğu mühazirələrə əsasən 
hazırlanmaqla, elmi auditoriyanı  və oxucuları beynəlxalq münasibətlər tarixinin ayrı-ayrı  mərhələləri və 
epizodları ilə tanış etmək məqsədi daşıyır. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə