XəZƏr universitetiNİN 2015-ci IL elmi fəaliyyəti haqqında hesaba t



Yüklə 411,98 Kb.
səhifə2/5
tarix11.06.2018
ölçüsü411,98 Kb.
#47963
növüDərs
1   2   3   4   5

Təhsil Fakültəsi

Təhsil sahəsində tədqiqatlar aparılması həmişə Xəzər universitəsinin strateji inkişaf proqramının əsas amillərindən biri olmuşdur. Bu məqsədlə Xəzər universitəsi 1992-ci ildə, Azərbaycanda ilk dəfə olaraq, ABŞ-nin Los Angeles Kaliforniya universitəsi (UCLA) ilə universitet idarəçiliyi sahəsində əməkdaşlıq proqramını həyata keçirməyə başladı. Bu əməkdaşlıq proqramına əsasən Xəzər Universitetində Təhsil və İnformasiya Araşdırmaları Mərkəzi yaradıldı. Daha sonra isə Avropa Komissiyasının dəstəyi ilə “Təhsildə Keyfiyyətin Qorunması Mərkəzi”nin əsası qoyuldu.

Bundan başqa, Xəzər Universitetinin müəllimləri məcburi qaçqın və köçkün düşərgələri də daxil olmaqla Azərbaycanın müxtəlif regionlarında müəllimlərin treyninq proqramlarını həyata keçirməyə başladılar.

1998-ci ildən Xəzər Universiteti nəzdində orta məktəb yaratmaq istiqamətində ilkin tədbirlər görüldü. Əvvəlcə kiçik bir sinif açıldı və beləliklə ibtidai təhsil sahəsində ilk təcrübə qazanıldı. Sonradan tədricən ibtidai təhsil sinifləri təşkil edildi və Universitetin nəzdində “ Dünya” məktəbi fəaliyyətə başladı.

2003-cü ildə İbtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə bakalavr pilləsinə ilk tələbələr qəbul edildi. Fakültədə tələbələrə “Təhsilə giriş”, “Təhsil psixologiyası”, “Kurikulum: hazırlanması və təkmilləşdirirlməsi prinsipləri”, “Ölçmə və qiymətləndirmə”, “Təlim texnologiyaları, metodları və material hazırlanması”, “Sinfin idarə olunması”, “Məktəbin idarə olunması” , “Təşkilatı davranış və müəllim etikası” və s. kimi fənlər tədris olunur.

Təhsil fakültəsi 2012-ci ildən etibarən beynəlxalq layihələrlə yanaşı Azərbaycandakı təhsil islahatına dəstək və öz töhfəsini vermək məqsədilə Təhsil Nazirliyinin elan etdiyi müxtəlif layihələrə qoşulmağa başlamışdır. Son üç ildə üniversitet Təhsil Nazirliyinin sifarişi ilə həm orta məktəb müəllimləri, həm də təhsil rəhbərləri üçün müxtəlif təlimlər həyata keçirmişdir.

2012-ci ildə “Ümumi orta təhsil səviyyəsində fənn kurikulumlarının tətbiqi” mövzusunda Təhsil Nazirliyi tərəfindən keçirilən tenderdə 3 müxtəlif layihənin qalibi olmuşdur. Bu layihələr çərçivəsində 38 müxtəlif rayonda 117 qrupda həyata keçirilən təlimlərdə 2751 müəllim iştirak etmişdir.

2013-cü tədris ilində isə İbtidai sinif müəllimləri üçün “Yeni fənn kurikulumlarının tətbiqi” mövzusunda 722 nəfər ibtidai sinif müəllimlərinə təlim kursu təlim kursu təşkil etmişdir.

Bundan başqa Təhsil Nazirliyinin sifarişi ilə respublikada ilk dəfə “İdarəetmədə qərarların verilməsi üçün təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi və monitorinq tədqiqatları nəticələrindən istifadə” üzrə təlim kursları hazırlamış və 2013-cü ilin yay və payız aylarında təhsil rəhbərləri təlim kursunu təşkil etmiş və 1273 təhsil rəhbəri və metodistlərinə müasir idarəetmə və qiymətləndirmə sistemi haqqında 6 günlük 36 saatlıq ixtisasartırma təlimi keçirmişdir.

Təhsil fakültəsinin təhsil sahəsi ilə əlaqədar 2014-cü ildə başlayan və fasiləsiz 2015-ci ildə də davam edən layihələrindən biri də UNICEF-lə birlikdə Təhsil Nazirliyinin müasir tələblərə cavab verən məktəb rəhbərlərinin yetişdirilməsi siyasətinə dəstək məqsədilə təşkil olunmuş “Potensial məktəb rəhbərlərinin hazırlanması” layihəsidir. İndiyə qədər 200-dən çox potensial məktəb rəhbərinin 12 həftə ərzində 9 fənn üzrə təhsil aldığı təlim kursu uğurla davam etməkdədir.

2015-ci ildə Təhsil fakültəsinin uğurla həyata keçirdiyi və ümumtəhsil pilləsinə töhfələrindən biri də Azərbaycandakı ümumtəhsil məktəblərindəki dərsliklərin yeni fənn kurikulumlarının tələblərinə uyğun yazılması xidmət edən “Dərsliklərin hazırlanması və qiymətləndirilməsi üzrə təlim kursu” layihələsidir. 2 illik tədqiqatın və araşdırmanın nəticəsi olan bu layihə çərçivəsində Təhsil fakültəsi ümumtəhsil fənləri üzrə dərslik müəlliflərini, dərsliklərin qiymətləndirilməsi və monitorinqi üzrə ekspertlər və mütəxəssisləri, fənlər üzrə dərsliklərin müəllifi olmaq arzusunda olan müəllifləri təlimdən keçərək lazımi bilik və bacarıqların formalaşdırılmasını məsləhətçi qurum olaraq öhdəsinə götürdü və uğurla təlimdən keçirdi.

Hal hazırda fakültə aşağıdakı ixtisaslar üzrə bakalavr, magistr və doktorantura proqramları təklif edir:






Bakalavr üzrə ixtisas proqramları

Magistr üzrə ixtisas proqramları

Doktorantura üzrə ixtisas proqramları

1

İbtidai təhsilin pedaqogika və metodikası

Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi

Təhsilin təşkili və idarə edilməsi

2

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

Təhsilin təşkili və idarə edilməsi

Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi

3

Riyaziyyat və İnformatika müəllimliyi

-

Azərbaycan ədəbiyyatı

4

Kimya və biologiya müəllimliyi

-

-

5

Bioloigya müəllimliyi

-

-

6

Kimya müəllimliyi

-

-

7

Tarix və coğrafiya müəllimliyi

-

-

8

Tarix müəllimiyi

-

-

9

Coğrafiya müəllimliyi

-

-

Magistratura, Doktorantura və Elmi İşlər bölməsi

Magistratura, Doktorantura və Elmi işlər bölməsi Xəzər Universitetinin T/16 nömrəli 2 aprel 2011-ci il tarixli əmrinə əsasən, kadr hazırlığının spektrini genişləndirmək, habelə tədqiqat işlərinin təkmilləşdirilməsi və idarə edilməsi məqsədilə yaradılmışdır.

Bölmə doktorant tələbələrin qeydiyyatı, onların dərslərin təşkili, tədris planları üzərində iş, yeni qəbul olunmuş doktorant tələbələrin elmi rəhbər və mövzularının dəqiqləşdirilməsi və s. kimi işlərlə məşğul olur. Eləcə də universitetdə elmi inzibati şuranın iclaslarının təşkil olunması Magistratura, Doktorantura və Elmi işlər bölməsində həyata keçirilir. Bölmənin gördüyü işlərə magistr tələbələrin elmi işlərinin müdafiələrinin təşkili də aiddir. Müdafiədən əvvəl bir qayda olaraq magistr tələbələr elmi işlərini plagiat yoxlanılması üçün bölməyə təqdim edirlər. Plagiat yoxlanılma haqqında hesabat müvafiq dekanlıqlara göndərilir və yalnız bundan sonra tələbənin müdafiəyə buraxılmasına icazə verilir.

Bölmə 2014-2015-ci ildə ildə qəbul olmuş doktorantların dissertasiya mövzusu və elmi rəhbərləri haqqında məlumatı təsdiq olunmaq üçün müvafiq problem şuralarına göndərmişdir. Hal hazırda, bölmədə 2015-ci tədris ili üçün doktoranturaya qəbul imtahanları başa çatmışdır. 2015-ci ildə departament 16 ixtisas üzrə 17 doktorant qəbul olmuşdur. Bütövlükdə, hal-hazırda universitetdə 100 nəfərə yaxın xarici və yerli doktorant təhsil alır.

Doktorant tələbələr aktiv olaraq konfrans və jurnallarda məqalələrlə çıxış edirlər. Universitetin doktorant tədqiqatçıları doktorantların və gənc tədqiqatçıların hər il keçirilən respublika elmi konfransında məqalələrlə çıxış edirlər.

Doktorant tələbələr eyni zamanda mübadilə proqramlarında da aktiv olaraq iştirak edirlər. Bundan əlavə, onların bir qismi mübadilə proqramları çərçivəsində Portuqaliya, Çin, Almaniya, İspaniya, İtaliya, Türkiyə və digər xarici ölkələrdə müvafiq tədqiqatlar üzrə təhsilini davam etdirməkdədir.

Magistratura Doktorantura və Elmi İşlər bölməsi 2015-ci il üçün aşağıdakı ixtisaslar üzrə doktorantura təhsili təklif etmiş və qəbul keçirmişdir:


  • Kompüter elmləri

  • Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi

  • Biokimya

  • Biotexnologiya

  • Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı

  • Neft və qaz yataqlarının işlənməsi və istismarı

  • Ümumi İqtisadiyyat

  • Dünya İqtisadiyyatı

  • Müəssisələrin təşkili və İdarə olunması

  • German Dilləri

  • Azərbaycan ədəbiyyatı

  • Dünya ədəbiyyatı

  • Vətən tarixi

  • Ümumi tarix

  • Təhsilin təşkili və planlaşdırılması

  • Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi

  • Beynəlxalq münasibətlər

  • Siyasi nəzəriyyə

  • Sosial Fəlsəfə

  • Fəlsəfə tarixi

Bölmə hal - hazırda 2016-cı ilin aprelində Azərbaycan universitetlərinin iştirakı ilə “Doktorantura təhsilinin inkişafı” ilə bağlı universitetlərarası seminar keçirilməsi planı üzərində çalışır. Həmçinin, Erasmus+ layihəsi çərçivəsində həyata keçirilən Nizami layihəsi ilə bağlı bir sıra tədbirlər hazırlanması nəzərdə tutulur. Erasmus+ layihəsi çərçivəsində artıq Xəzər Universitetinin Beynəlxalq münasibətlər ixtisası üzrə 2 doktorant tələbəsinin İtaliyanın Genuya universitetində təhsil alması ilə bağlı razılıq əldə edilmişdir.

2015-ci ilin dekabr ayında Magistratura, Doktorantura və Elmi İşlər bölməsi Beynəlxalq münasibətlər departamenti ilə birlikdə beynəlxalq doktorantlar və magistr tələbələri üçün ingilis dilində “Bələdçi” sənəd hazırlanmışdır.



Kafedralar (Departamentlər)
Azərbaycan Dili və Ədəbiyyatı departamenti

1995-ci ilin may ayında qurulan Azərbaycan dili və Ədəbiyyatı bölməsi bakalavr, magistr və doktorluq pilləsində mütəxəssis yetişdirir və  bu pillələrdə diplom verir. Azərbaycan dili və Ədəbiyyatı bölməsi Xəzər Univetsitəsinin müxtəlif bölmələrində həm Azərbaycan dili, həm də Azərbaycan ədəbiyyatı sahələrində xüsusi fənnlər tədris edir. Bu fənnlər universitetin tələbi olaraq, ixtisasından asılı olmayaraq, bakalvr pilləsindəki bütün tələbələrə tədris olunur.

Ayrıca, Azərbaycan dilinin interaktiv mərkəzli tədris proqramında  tələbələrin dil daşıyıcısı olub olmamaları nəzərə alınaraq uyğunlaşdırılmış tədris proqramlarından istifadə edilir. 

Azərbaycan dili və Azərbaycan ədəbiyyatı fənnlərinin tədrisində tədqiqat işi mühim yer tutur. Bölmədə, fakültələrin qabiliyyətli tələbələri və magistrlər Azərbaycan dilçiliyi və ədəbiyyatına dair bir sıra mühüm tədqiqatlar aparırlar. 

Bölmənin əsas vəzifələrindən biri, xüsusilə Sovet İttifaqının dağılmasından sonra ortaya çıxan dərsik probleminin həlli istiqamətindədir.  Köhnə dərsliklərin bu günün tələblərinə cavab verməməsi, bu dərsliklərin çoxaldılmasında və istifadə edilməsində yaranan problemler, bölmənin Azərbaycan dili və ədəbiyyatı sahəsində yeni dərsliklərin hazırlanması istiqamətində fəaliyyət göstərməyə təşviq edir.

Bioloji elmlər departamenti

Biologiya departamenti 1992-ci ildə Tibb fakültəsinin bir hissəsi kimi yaradılmışdır. 2010-cu ildən Biologiya bölməsi Təhsil fakültəsi daxilində fəaliyyətə başladı.

Bölmə yarandığı gündən tələbələr üçün Tibbi Biologiya , Mikrobiologiya, Parazitoloji biologoya, Virusologiya, Genetika, İmmunologiya və Hematologiya kimi fənlərlə yanaşı Ekologiya və Exobiologiya, Ekoloji Biologiya, Biotexnologiya, s. kimi fənlərdən də kurslar təklif edir. Bu kurslarda digər universitetlərin tələbələri də dinləyici kimi iştirak etmək imkanına malikdir. Biologiya bölməsi əsasən aşağıdakı tədqiqat sahələrinə diqqət yetirir:

- Biotexnoloji metodun tətbiqi ilə təbiəti mühafizə və ekoloji problemlərin (məsələn, çirkli suların bioloji yolla təmizlənməsi) həllinə yönəlmiş tədqiqatlar


- Praktik dərslər zamanı müxtəlif bioloji fənlərin müasir metodologiyası və onların yoxlanılması üsullarının inkişafı.

Hal - hazırda departamentdə laboratoriyalar gücləndirilir. 2015-2016 tədris ilindən Xəzər universitetinin Neftçilər korpusunda “Hüceyrə patologiyası tədqiqat mərkəzi” –nin laboratoriyası öz fəaliyyətinə başlamışdır. Laboratoriyada bilogiya elmləri departamentinin doktorantları öz elmi tədqiqat işləri üzərində işləməyə başlamışlar. Laboratoriyada biokimya, molekulyar biologiya, sitologiya, histologiya, botanika, zoologiya, immunologiya və sairə bu kimi biologiya elmlərinin müxtəlif sahələrinə aid praktiki məşğələlərin aparilması planlaşdırılmışdır. Burada universitetin digər bütün fakültələri üzrə tələbələri bioloji elmlərə aid fənlərin təcrübə dərslərini də keçməyə başlamışlar. Laboratoriyanın cihazlarından həmçinin coğrafiya, ətraf mühit və geologiyaya aid dərslərin təcrübə dərslərində və onların elmi işlərində istifadə ediləcəkdir.



Kimya departamenti

Kimya departamenti 1994-cü ildə yaradılmışdır. Departament  aşağıdakı sahələr üzrə tədris işlərini yerinə yetirir:



  • Ümumi,orqanik  və qeyri-orqanik kimya (Kimya ׀)

  • Fiziki  kimya (Kimya ׀׀ )

  • Neft  kimyası

  • Ətraf mühit kimyası

Kimya fənləri  eyni zamanda  universitetin digər fakültələrinin  tələbələri üçün  Ümumtəhsil tələbələri  üzrə  də  təklif edilir. Departamentin  eksperimental və elmi-tədqiqat işləri üçün  lazımi avadanlıqlarla təchiz edilmiş labaratoryası var.

Departament həmçinin baza və digər tədqiqat  problemlərinin araşdırılması  üçün  ənənəvi fənlərin digər elm sahələri  ilə  əlaqələndirilməsi  imkanlarını  da təklif edir.

Departamentin tətqiqat maraqları aşağıdakılardır:


  • Neft  kimyası

  • Polimer  Kimyası (Yüksək molekullu birləşmələr)

  • Kolloid kimyası

  • Kimya texnalogiyası

  • Digər sahələr.



İnşaat mühəndisliyi departamenti

 

Mеmаrlаr binаlаrın və digər tikililərin lаyihələndirilməsi ilə məşğul оlurlаr. Binаlаr funksiоnаl və təhlükəsiz оlmаlı, оnlаrdаn istifаdə еdən insаnlаrın tələblərinə cаvаb vеrməlidir. Idаrə və yаşаyış binаlаrını, məktəbləri, müəssisələri, хəstəхаnаlаrı, аyrıcа yаşаyış еvlərini və s. lаyihə еdərkən mеmаrlаr bütün bu аmilləri nəzərə аlırlаr. Оnlаr həmçinin şəhər mərkəzləri, tələbə şəhərcikləri, sənаyе pаrklаrı və digər kоmplеksləri lаyihələndirirlər.



İnşaat mühəndislərinin vəzifəsi binаlаrın, аvtоmоbil yоllаrının, çirklənmə və zəhərlənməyə nəzаrət sistеmlərinin, su еhtiyаtlаrı sistеmlərinin lаyihələndirilməsi və inşasıdır. Оnlаr həmçinin bu оbyеktlərin plаnlаşdırılmаsı, fəаliyyəti və istismаrı üçün məsuliyyət dаşıyırlаr.

Ətrаf mühit məsələləri üzrə mühəndislər ətrаf mühiti bərk, mаyе və qаzşəkilli tullаntılаrdаn mühаfizə еtmək üçün sistеmlər lаyihə еdirlər. Fizikа, biоlоgiyа və kimyа еlmlərinin prinsiplərindən istifаdə еdərək ətrаf mühit üzrə mühəndislər ətrаf mühitlə bаğlı prоblеmlərin həlli üçün üsullаr yаrаdırlаr. Оnlаr su və hаvаnın çirklənməsinə nəzаrət, rеsirkulyаsiyа, tullаntılаrın zərərsizləşdirilməsi, hidrоlоgiyа, çаylаrın idarə olunması və nəzаrəti, ictimаi səhiyyə və digər məsələlərlə də məşğul оlurlаr.

Ətrаf mühit mühəndisləri təhlükəli mаddələrin zərərsizləşdirilməsi üzrə tədqiqаtlаr həyаtа kеçirir, təhlükənin ciddiliyini qiymətləndirir, təmizləmə və təhlükənin məhdudlаşdırılmаsı üzrə təhlil аpаrır və bədbəхt hаdisələrin qаrşısını аlmаq üçün müvafiq nоrmаlаr hazırlayırlar. Оnlаr еlmi məlumаtlаrı təhlil еdir, ziddiyyətli lаyihələri tədqiq еdir və kеyfiyyətə nəzаrət yохlаmаlаrını həyаtа kеçirirlər.

Mеmаrlıq, inşааt və ətrаf mühit mühəndisliyi sаhələrindəki prоblеmlər  mühаzirələrdə, prаktiki məşğələlərdə və istehsalat təcrübələrində nəzərdən keçirilir və qarşıya qoyulan məsələləri həll etmək üçün bilikləri, mеtоdоlоgiyаnı, nəzəriyyəni və prаktiki vərdişləri lаyihələr çərçivəsində birləşdirir.

Departamentə əcnəbi müəllimlər cəlb olunur. Hal hazırda departamentdə İrandan cəlb olunmuş yüksək ixtisaslı mütəxəssislər çalışır.

Departamentdə müasir inşaat materialları laboratoriyası, yəni “İnşaat materiallarının keyfiyyətinin yoxlanılması” laboratoriyasına gətirilmiş yeni və müasir avadanlıqların vasitəsi ilə elmi tədqiqatların aparılması mümkün olmuşdur. Bu imkanlar gələcək inşaatçı tələbələrin nəzəri biliklərinin praktik istiqamətə yönəldilməsinə xeyli köməklik göstərmişdir.



Kompüter elmləri departamenti

Kompüter elmləri departamenti 1994-cü ildə yaradılmışdır. Departamentin məqsədi kompüter sistemlərinin və mühəndisliyinin uyğun sahələrinin təhlili, dizaynı, və təkmilləşdirilməsi üçün kompüter nəzəriyyəsi, prinsipləri, tətbiqi və yeniliklərindən istifadə edilməsi, onların inkişaf etdirilməsi və tədqiqatların aparılmasıdır. Departament iki bölmədən ibarətdir:



  • Kompüter elmləri;

  • Kompüter mühəndisliyi.

Departamentin əsas məqsədi kompüterin nəzəriyyə və prinsiplərini kompüter sistemlərinin layihələndirilməsi, yaradılması, qiymətləndirilməsi və təkmilləşdirilməsi üçün müasir kompüter vasitələrindən istifadə edilməsi təcrübəsi ilə birləşdirən kurrikulum təmin etməkdir. Kompüter elmləri fənləri və elmi-tədqiqat işləri nəzəri modellərdən praktiki tətbiqlərə qədər proqram vasitələrinə əsaslanır. Kompüter mühəndisliyi rəqəmsal dizayn, kompüter avadanliqları və arxitekturası, proqram vasitələri və aparat və proqram vasitələtinin qarşılıqlı əlaqəsinə əsaslanır.

Departamentin tədris proqramları tələbələrin gələcək karyerasının inkişafı üçün irəli sürülən tələblərə uyğun olaraq tərtib edilmişdir.

Bu proqramlar sənaye, biznes və ali təhsildə kompüter mühəndisliyinə olan tələblərə müvafiqdir və kompüter elmlərinin proqramlaşdırma dilləri, kompüter arxitekturası, alqoritmlər, əməliyyat sistemləri, kompüter şəbəkələri, suni intellekt və başqa əsas sahələrinə  əsaslanır. Tələbələr kompüter elmləri təhsilini elektrik mühəndisliyinin dövrələr nəzəriyyəsi, siqnal və sistemlər, elektronika, inteqral dövrələr və qurğuların istifadə ediməsi kimi aspektləri ilə birgə öyrənilir.

Departament həmçinin universitetin digər fakultələrinin tələbələri üçün bir sıra kurslar da təklif edir. Bu kurslar kompüterlərin müxtəlif sahələrdə effektiv istifadə edilməsini təmin etmək üçün yaradılmışdır.

Departament kompüter texnologiyalarının tədrisdə və təhsildə tətbiq edilməsi ilə yanaşı elmi-tədqiqat işlərinə də xüsusi diqqət yetirir. Bu işlər aşağıdakı istiqamıtlərdə aparılır


  • Suni intellekt

  • Verilənlərin kommunikasiyası və şəbəkələr

  • Verilənlər bazaları

  • Təsvirlərin tanınması

  • Multimedia sistemləri

  • Kompüter qrafikası

  • İnformasiya sistemləri

Tələbələrin və işçilərin tədris və elmi-tədqiqat işlərini yerinə yetirməsi üçün departamentdə  kompüter laboratoriyaları mövcuddur. Bu laboratoriyalar müasir kompüter və elektrik mühəndisliyi vasitələri ilə təchiz edilmişdir.

Departament ölkədə və xaricdə olan digər təhsil və elmi qurumlarla tədris və elmi-tədqiqat işləri üzrə əlaqədar əməkdaşlıq edir.

Departamentin strategiyası yüksək standartlara nail olmaq üçün təhsil və elmi-tədqiqat potensialı olan dinamik və güclü struktura malik olmaqdır.

2015-ci ildə kompüter departamenti “ Kompüter tədqiqat mərkəzi”ni təsis etmiş və hazırda burada bir sıra sahələrdə tədqiqat işləri davam etdirilir



Dillər və Mədəniyyətlər departamenti

Dillər və Mədəniyyətlər departamenti Universitetdə uzun müddət fəaliyyət göstərən Şərq Dilləri və Din Araşdırmaları departamentinin (2008-ci ildə yaradılmışdır) və Müqayisəli ədəbiyyat və Müasir Dilər departamenti əsası üzərində təsis edilmişdir.

Departamentin hədəfi Qərb və Şərq ölkələrinin dilləri olmaqla Alman, Fransız, İspan, İtalyan, Rus, Çin, Koreya, Türk, Ərəb, Fars, İvrit, Urdu, eləcə də digər Şərq dilləri, müasir mədəniyyətləri tədris etməkdir.

Dil sahəsində aparılan tədqiqatlar əsasən Türk, Alman, İspan, Fransız, İtalyan, Koreya, Çin dilləri üzərində aparılır. Bu çərçivədə departament müxtəlif sivilizasiyaların tarixi eləcə də mədəniyyətlərarası / dinlərarası münasibətlərin, mədəni və dini müxtəliflik və sivilizasiyalararası mövzuda dialoq və tədqiqat layihələri planlaşdırır.



Departamentin təklif etdiyi fənnlər:

  • Ərəb dili

  • Fars dili

  • Koreya dili

  • Yapon dili

  • Çin dili

  • İspan dili

  • İtalyan dili

  • Alman dili

  • Rus dili

  • İslam Tarixi

  • İslam Mədəniyyəti

Departamentin əsas hədəflərindən biri də Universitetdəki Tərcümə Araşdırmaları Mərkəzi ilə qarşılıqlı əməkdaşlıq edərək müxtəlif məqalə və kitabların, xüsusilə Ərəb və Fars dillərindən Azərbaycan dilinə və əksinə tərcümə edilməsidir.  

2013-cü ilin aprelində Xəzər Universitetində Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsuyinin iştirakı ilə BDU-nun Konfutsi İnstitutunun açılış mərasimi və bu mərasimlə əlaqədar “Çin mədəniyyəti günü” keçirilmişdir.

2015-ci ildə deaprtament “Konfutsi mərkəzi” ilə birgə Bakı Dövlət Universiteti və digər ali təhsil müəssisələri ilə birgə təlim və seminarlar keçirməsini davam etdirmişdir.

İqtisadiyyat və Menecment Departamenti

İqtisadiyyat və menecment departamenti biznesin və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən müasir çevik bakalavr, maqistr və PhD proqramlarını təklif edir. Proqramlar inkişaf və karyera baxımından tələbə və mütəxəssislərin irəli sürdüyü tələbləri tam ödəyir, inkişaf üçün  gərək olan dərin və geniş biliklər bazasını yaradırlar. Departamentin məqsədi tələbələrə bu günün rəqabətli qlobal biznes mühitində çoxşaxəli bizneslərin səmərəli idarə edilməsi üçün tələb olunan dərin biliklər vermək və qərarların qəbul edilməsinin müasir texnologiyaları ilə tanış etməkdir.   

Departament əməkdaşlıq proqramlar çərçivəsində Avropa və ABŞ-ın bir sıra uyğun aparıcı fakültələri ilə sıx əlaqələr qurmuşdur. Əməkdaşlıq proqramları departamentin əksəriyyət müəllimlərinə xaricdə ixtisasını artırmasına və treyninqlərdə iştirak etməsinə imkan verir. Aparıcı xarici universitetlərin nümayəndələri ixtisas və fənn proqramların müzakirə və dəyərləndirilməsi, müəllimlər üçün treyninqlərin keçirilməsində iştirak edirlər.

Departament beş bölmədən ibarətdir: İqtisadiyyat, Menecment, Mühasibat uçotu, Maliyyə və Magistr proqramları. Hər bir bölmə uyğun proqramların hazırlanması üzrə məsul qurumdur. Əməkdaşların araşdırma maraqları iqtisadi analiz və inkişaf,  korporativ idarəetmə, qərarların qəbul ediməsi, maliyyə və bank işi, menecment, beynəlxalq ticarət və biznes, regional iqtisadiyyatı, iqtisadiyyat və biznes təhsili sahələrini əhatə edirlər. 

Departament doktorant tələbələrlə 2015-ci il tarixdə xeyli görüşlər keçirmiş və onların elmi işlərinin gələcək istiqamətləri sahəsində müvafiq elmi tövsiyələrini vermişdir.

İngilis dili və Ədəbiyyatı departamenti

Departament öz fəaliyyətinə 1992-ci ildə başlamışdır. Bu gün o, Xəzər universitetində ən böyük Departamentlərdən biridir. Departamentin nəzdində olan fakültəyə Azərbaycanın təcrübəli alimləri və İngilis dili müəllimləri, həmçinin dəvət olunmuş professorlar cəlb olunmuşdur.

İngilis dili və Ədəbiyyatı departamenti tələbələrə güclü dil və ünsiyyət bacarıqları, Britaniya və Amerika ədəbiyyatı haqqında hərtərəfli bilik, dilçilik və tərcümə kimi uyğun sahələr üzrə əsaslı məlumat verməyi nəzərdə tutur.

Departament Tərcümə Araşdırmaları Mərkəzi, Lüğət və Ensiklopediya Mərkəzi, Müəllim Hazırlığı Mərkəzinin layihələrində iştirak edir. Bu Departament universitet məzunlarına geniş təlim və tədqiqat işlərində yardım göstərir.

Departament İngilis, Britaniya və Amerika Ədəbiyyatı və dil araşdırmaları üzrə başlanğıc, orta və yüksək səviyyələr üçün kurslar təklif edir. İngilis dili kursları tələbələrin Universitet tədrisi üzrə, universiteti bitirən tələbələrin İngilis dili və ədəbiyyatı üzrə  və tədris müəssisələrinin proqramlarının akademik tələblərinə cavab verir.

İngilis dilinin tədrisi proqramı üzrə İngilis dili və Ədəbiyyatı Departamenti oxu, yazı, danışıq və dinləmə kimi dörd dil bacarığının geniş şəkildə aşılanması ilə İngilis dilinin qrammatikası və leksik sisteminin əsaslarının hərtərəfli əhatə olunmasını təmin etməyə yönəlmişdir 

Departamentinin proqramı əsasən İngilis dilində materialların interaktiv tədrisinə əsaslanır və müvafiq sahələrə ayrılır: Ümumu İngilis dili /İngilis dili ikinci dil kimi (ESL), Xüsusi Sahələr üçün İngilis dili (ESP) və Akademik İngilis dili (Academic English). Xüsusi sahələr üçün tədris olunan İngilis dili aşağıdakı kursları əhatə edir:


    • İqtisadiyyat və Menecment üzrə İngilis dili

    • Sosial elmlər üzrə İngilis dili

    • Kompüter elmləri üzrə İngilis dili

    • Mühəndislik üzrə İngilis dili

    • Təhsil sahəsi üzrə İngilis dili

Tədris proqramları İngilis dilinin ikinci dil kimi tədrisi, Tərcümə, Dilçilik, İngilis dili və Ədəbiyyatı üzrə aparılır. Dilçilik proqramı Dilçilik nəzəriyyəsinin tədqiqi və onun tətbiqini özündə birləşdirir.

İngilis dili və Ədəbiyyatı Departamenti müxtəlif sahələrdə mütəxəssislərə İngilis dilinin tədrisi ilə əlaqədar olan proqramların hazırlanması və yerinə yetirilməsi ilə də məşğul olur.

 Təlimdə yanaşmalar


  • Ünsiyyətə daha çox üstünlük verilir

  • Qrammatikanın deduktiv yolla izahı üstün tutulur

  • Tələffüz və intonasiyaya böyük əhəmiyyət kəsb edir və onlara xüsusi diqqət yetirilir

  • Komanda layihələrinin təşkilinə həvəsləndirən qrup şəklində iş aparılır

  • Müəllimlər bütün səlahiyyətlərə malik deyil və daha çox köməkçi və bacarıqlar arasında keçid yaradan vasitə kimi müşahidə olunur

  • Şifahi (dinləmə və danışma) və yazılı (oxu və yazı) dil bacarıqları eyni dərəcədə əhəmiyyət kəsb edir

  • Cari dil sahəsində mədəni biliklərə üstünlük verilir

  • Oxu zamanı istifadə olunacaq lüğətə xüsusi diqqət yetirilir

  • Müxtəlif təlim vəsaitlərinin istifadəsi ilə bütün təlim məsələlərinin məzmunu açılır

  • Ana dili və tərcümədən istifadə yolveriləndir.

Təlim materialları

Dil təlimində və onun öyrənilməsində cari fikirlər öyrəncinin maraqlarına yönəlmiş materiallara ehtiyacın olmasını vurğulayır. Təlim materiallarının seçimi üçün meyar aşağıdakılardır:



  • Mövzular müzakirə üçün əsas təşkil etməlidir.

  • Mövzular dəyər məsələlərini ifadə etməlidir.

  • Janr müxtəlifliyi olmalıdır.

  • Mövzular tələbələrin səviyyəsinə uyğun olmalıdır.

  • Həqiqi mənbələrə əsaslanmalıdır.

Müəllimlərə qrammatikanın tədrisinin dilin digər sahələrinin tədrisi ilə tamlığını təşkil etmək məsləhət görülür. Tədris olunan qrammatik material kitabdakı mövzular və tədris situasiyası ilə əsas təşkil etməlidir.

Yoxlama və Qiymətləndirmə

Aşağıdakı test növləri tələbələrin bacarıqlarını təyin etmək və tədris /təhsil prosesini möhkəmləndirmək üçün müəllimlərə kömək edir:



  • Qruplar üzrə müvafiq yerləşdirmə testləri

  • İngilis dilinin lüğət, qrammatika və tələffüz kimi ayrı-ayrı komponentlərini təyin etmək üçün dil  sahələri üzrə bacarıq testləri

  • Anlamanı müəyyən edən testlər - oxu testləri; tələbələr düzgün cavab olan hərfi seçirlər

  • Səmərəliliyi yoxlamaq üçün testlər - danışıq imtahanı, cəld və yaradıcı cavab tələb edir

  • Tələffüz edilən növbəti fikrin açılışı və tanınma səviyyəsini yoxlamaq üçün dinləmə testləri

  • Yekunlaşdırma bacarığının qiymətləndirildiyi tərcümə və inşa kimi fərdi testlər

  • Tələbələrin güclü və zəif cəhətlərini aşkar etmək və sonrakı təlimatları aparmaq üçün diaqnostik testlər

  • Tədris proqramının kiçik elementlərinin qiymətləndirilməsini müəyyən edən inkişafetdirici testlər

  • Bütün kurs ərzində əldə edilən inkişafı müəyyənləşdirmək üçün nailiyyəti müəyyən edən testlər

Xüsusi şəraitdə İngilis dilinə bütünlüklə yiyələnməni müəyyənləşdirmək üçün səriştəni müəyyən edən testlər.

Tarix və Arxeologiya  departamenti

1993-cü ilin iyun ayında fəaliyyətə başlamış Tarix və Arxeologiya  departamenti (keçmiş Tarix departamenti) Xəzər Universitetinin aparıcı tədris və tədqiqat bölmələrindən biridir. Tarix və Arxeologiya  departamenti ümumdünya tarixinin inkişaf prosesləri, qədim və orta əsrlər tarixi, Sivilizasiya tarixi, Orta və Yaxın Şərq ölkələri, Avropa və  Amerika xalqlarının tarixi fənnləri üzrə tədris aparır.

Universitetin qaydalarına müvafiq olaraq,  departament Azərbaycan tarixi fənninin tədrisinə də geniş yer ayırır. Fənnin tədrisində Azərbaycan xalqının inkişaf mərhələləri,  Azərbaycanın Rusiya, İran, Türkiyə kimi qonşu dövlətlərlə və Qafqaz xalqları ilə tarixi əlaqələrinə xüsusi diqqət yetirilir. Departamentin tədris və tədqiqat fəaliyyəti Xəzər Universitetinin digət tədqiqat bölmələri ilə sıx əməkdaşlıq etməyə və Azərbaycan tarixinin fənnlərarası tədrisinə də imkan yaradır.

Departament həmçinin tanınımış alim və mütəxəssislərin tələbələrlə görüşlərini də təşkil edir. Bu cür görüşlər həm alimlərə, həm də tələbələrə müxtəlif mövzular ətrafında geniş müzakirələr və fikir mübadiləsi aparmağa imkan verir.

Departamentin apardığı digər mühüm işlərdən biri də “Azərbaycan arxeologiyası” jurnalının hazırlanması və nəşr edilməsidir. Jurnalda Azərbaycan və dünya arxeologiyasının aktual problemlərinə, dünəninə və bu gününə həsr olunmuş nəzəri, elmi – tədqiqi və elmi – kütləvi məqalələr dərc olunur. Jurnalın səhifələrində arxeologiya elminin əsasları və metodikası, müasir problemləri və nailiyyətləri geniş şəkildə işıqlandırıılır.  

Departament həmçinin respublikanın müxtəlif təhsil ocaqları, muzeyləri və qoruqları ilə (Azərbaycan tarixi muzeyi, Şirvanşahlar sarayı, Qobustan qoruğu) sıx elmi-mədəni əməkdaşlıq edir. Departament tələbələrin və alimlərin böyük maraq göstərdikləri  respublikanın müxtəlif tarixi yerlərinə səfərlər də təşkil edir.

Tarix və Arxeologiya Departamenti mütəmadi olaraq tanınmış alim və mütəxəssislərin iştirakı ilə beynəlxalq elmi konfrans və seminarlar təşkil edir. Departamentin 2015-ci il üçün çap olunmuş 9 nəşrindən 5-i monoqrafiya və 1-i dərslikdir (Yeganə Gözəlova “Orta əsrlər tarixi”, dərslik, Bakı, 2015, 256 səh.).

Jurnalistika departamenti

1994-cü ildə yaradılmış Jurnalistika departamentində tələbələrin maraq və istəklərinə uyğun olaraq proqramlar təcrübəli mütəxəssislər tərəfindən keçirilir. Kafedra həmçinin media hüququ və siyasəti, mediada sosial araşdırmalar, film çəkilişi və kritikası (tənqidi), radio, televiziya və ictimai əlaqələr üzrə də proqramlar təklif edir. Eyni zamanda  jurnalistika sahəsində təhsil alan tələbələr üçün dərslər (proqramlar)ingilis dilində aparılır.Kafedra bu sahə üzrə mövcud şəraitə uyğun olaraq Azərbaycanda, ABŞ, Avropa və bir sıra ölkələrdə,media perspektivləri və rolu haqqında professional təlimlərin təşkilinin tələbələr üçün nə dərəcədə əhəmiyyətli olduğunu da nəzərə alır.Jurnalistika Kafedrası Xəzər Universitəsinin Nəşriyyatı ilə də sıx əlaqə saxlayaraq bu sahəyə dair bir sıra kitabları tərcümə etmiş,medianın bu sahədə daha cox tələbə və mütəxəsislərə  ehtiyac olduğunu qeyd edir.



Riyaziyyat departamenti

Əsası 1993-cü ildə qoyulmuş Riyaziyyat departamenti İnformatika və riyaziyyat müəllimliyi sahəsi üzrə mütəxəssislər hazırlayır.  Həmçinin departamentdə Differensial tənliklər, Analiz və funksional analiz ixtisasları üzrə doktorantura proqramları mövcuddur. Departament bütün Xəzər Universiteti fakultələri üçün cəbr, ümumi və ali cəbr, differensial tənliklər, xətti və tətbiqi riyaziyyat, əməliyyatların tədqiqi, ümumi statistika, həmçinin biostatistika və biznes statistikası, iqtisadiyyat və biznes üçün riyaziyyat və s. fənlər təklif edir.

Departamentdə tədqiqat yönümlü dörd proqram vardır:


  • Xüsusi riyaziyyat. Bu riyaziyyata güclü marağı olan tələbələr üçün nəzərdə tutulur;

  • Riyaziyyat və Komputer elmləri:  Burada riyaziyyat  kompüter elmləri ilə eyni səviyyədə öyrənilir

  • Riyaziyyat və İqtisadiyyat: . Burada tələbələr riyaziyyat və iqtisadiyyat arasında güclü əlaqəni, xüsusilə iqtisadiyyatda riyazi modelləri öyrənirlər;

  • Xüsusi tətbiqi riyaziyyat sahələri: Bunlar riyaziyyatçı əməkdaşların tədqiqat maraqlarını əks etdirir.

Maraq kəsb edən cari tədqiqat  sahələrinə funksional analiz, operatorlar nəzəriyyəsi,  adi və xüsusi differensial tənliklər, riyazi fizika, riyazi iqtisadiyyat, ehtimal nəzəriyyəsi və riyazi statistika aiddir.  Bu sahələrdən başqa, əməliyyatların tədqiqi və optimallaşdırılması, real və kompleks analiz, ədədi metodlar, riyaziyyatın tarixi və fəlsəfəsi kimi işlər də yerinə yetirilir.

Departamentdə elmi seminarlar keçirilir. Burada  çoxlu sayda mövzular üzrə mühazirələr, əməkdaşların və tələbələrin əldə etdiyi nailiyyətlər haqqında xəbərlər müzakirə olunur. Kompüter hesablamaları Universitetin Kompüter Mərkəzində yerinə yetirilir.  



İncəsənət və Musiqi departamenti

İncəsənət və musiqi departamenti ixtisasından asılı olmayaraq bütün universitet  tələbələri üçün incəsənət və musiqinin müxtəlif sahələri ilə məşğul olmağa imkan yaradır və bu fənnlər universitetdə tələb olunan fənnlər siyahısına alınacaq. Departamentin məqsədi xalça toxuma musiqi duyumunun inkişafı, musiqi biliyi, həmçinin Xəzərin tələbələrinin artistik və intelekt imkan və bacarıqlarının inkişafı üçün performans imkanlarının inkişafı kimi Azərbaycan Milli incəsənətinə aid sahələrdə treyninqlər təşkil etməkdir.

Departamentin proqramı Azərbaycan və dünya musiqi mirasını və arxivlərini öyrənmək üçün mühit yaradır.    Departamentin yuxarıdakı qaydalar daxil olmaq şərti ilə musiqi, rəqs, xor, xalça toxunması və yüksək ali dərəcələr əldə etmək üçün professional treyninq kurslar kimi müxtəlif fənnlər təşkil edir. Həmçinin departament tərəfindən mütəmadi olaraq incəsənət tarixi, dünya incəsənəti və mədəniyyəti, Asiya və Avropa mədəniyyəti kimi ixtisaslaşmış fənnlər də təklif olunmuşdur. Əlavə olaraq, bu departament Xəzər Universitetinin mədəniyyət sahəsinin inkişafında əsas rol oynayır. Bu səbəbdən də Departament şəhərin (Bakı) mərkəzindəki məşhur “Dünya” konsert salonu daxil olmaqla, Universitetin hər iki korpusunda iki konsert salonu yaradılmışdır.

Departament Azərbaycanda və xarici ölkələrdə daima konsert proqramları və sərgilərlə çıxış edir. Bu işlərdə departamentin müəllimləri, yüksək ixtisaslı mütəxəssislər və tələbələr iştirak edirlər. Departament həmçinin Xəzər Universiteti Kamera orkestrinin fəaliyyətini də tənzimləyir.

Mədəniyyət Mərkəzində Dekorativ-tətbiqi sənətin müxtəlif sahələri öz əksini tapır:


  • taxta üzərində şəbəkə;

  • batika;

  • rəngkarlıq;

  • keramika

  • Qurama;

  • Milli tikmə və muncuqla əl işləri- daxildir.

Təhsil və tədqiqatla yanaşı universitetin mədəni həyatını zənginləşdirmək məqsədi ilə digər təşkilatlarla əlaqələr yaradır, konsertlər və şoular təşkil edir və buraxılış mərasimləri və digər tədbirlərdə mühüm rol oynayır.

Departamentin məqsədi xalça toxuma, musiqi duyumunun inkişafı, musiqi biliyi, həmçinin Xəzərin tələbələrinin artistik və intelekt imkan və bacarıqlarının inkişafı üçün performans imkanlarının inkişafı kimi Azərbaycan Milli incəsənətinə aid sahələrdə treyninqlər təşkil etməkdir. Universitetin toplantı salonları eyni zamanda Azərbaycan və dünya mədəniyyətinin inkişafı və təbliğinə töhfə vermək üçün universitet və digər qrupların toplantıları, məşqləri və konsertləri üçün istifadə olunur. Departament tərəfindən təklif olunan fənlər Azərbaycanın fundamental estetik dəyərlərinin təbliğini həyata keçirir. Hər tələbə milli mədəniyyətimizi daha dərindən öyrənmək üçün arzuladıqları sahəni seçə bilər. Tələbələr Xəzər Universitetində təhsil aldıqları müddətdə musiqi, rəqs, teatr və digər qruplarda iştirak edə bilər və eyni zamanda muğam, xalq musiqisi, Azərbaycanın klassik musiqisi və vokal, xor, xalçaçılıq, zərgərlik və milli kostyum dizaynı üzrə tanınmış mütəxəssislərdən dərslər alaraq akademik kredit əldə edə bilərlər.



Nеft Mühəndisliyi departamenti

Nеft mühəndisliyi departamenti nеft və qаz quyulаrının qаzılmаsı, nеftin çıхаrılmаsı, nеft və qаz yаtаqlаrının işlənməsi sаhəsində yüksək hаzırlıqlı və öz bilik və bаcаrıqlаrını nеft sənаyеsi və ətrаf mühitin mühаfizəsi prоblеmləri ilə əlаqədаr məsələlərin səmərəli həllində tətbiq еdə bilən mütəхəssislər hаzırığını həyata keçirir.

Departamentin əsаs məqsədi nеft və qаz еhtiyаtlаrının səmərəli mənimsənilməsi və rаsiоnаl idarə olunması sаhəsində prоfеssiоnаl səviyyədə pеşəkаrlıq məsuliyyəti dаşıyаn iхtisаslı mütəхəssilərin hаzırlаnmаsıdır.

Departament nеft mühəndisliyi və mеnеcmеnt sаhəsində bаkаlаvr, mаgistr prоqrаmlаrı təklif еdir.

Prоqrаmın məqsədi tələbələrə və tədqiqqatçılara nеft mühəndisliyi prоblеmlərinin öyrədilməsi, fоrmаlаşdırılmаsı və həlli yollarını tətbiq etmə bacarıqlarını aşılamaqdır. Təcrübi tədqiqаtlаrın plаnlаşdırılmаsı və аpаrılmаsı, tədqiqаt nəticələrinin təhlili və intеrprеtаsiyаsı, və müаsir tехnоlоgiyаyа, bаcаrıq və mühəndis vərdişlərinə əsаslаnаn vаsitələrdən istifаdə еtməklə, sistеm, kоmpоnеnt və yа prоsеslərin lаyihələndirməsi də bakalavr proqramının məqsədlərinə daxildir.  

Magistr prоqrаmının məqsədi nеft mühəndisliyinin müхtəlif sаhələrində iхtisаslаşmаnı təmin еtmək, və еləcə də,  еlmi-tədqiqаt və lаyihələndirmə işlərinin yеrinə yеtirilməsi üçün lаzım оlаn analiz və sintеz vərdişlərini аşılаmаqdır. Bu prоqrаm mütəxəssislərin dərin nəzəri  və praktiki biliklərə yiyələnməsini nəzərdə tutur.

Departamentin fəаliyyətinə həmçinin nеft mühəndisliyinin müхtəlif sаhələrinə аid еlmi-tədqiqаt işlərinin аpаrılmаsı da dахildir. Еlmi-tədqiqаt işlərinin əsаs istiqаmətləri аşаğıdаkılаrdır:


  • Nеft və qаz yаtаqlаrının kəşfiyyаtı, istismаrı və tədqiqi;

  • Nеft və qаzçıхаrmаnın аrtırılmаsı;

  • Nеft və qаz yаtаqlаrının işlənməsi;

  • Təbii qаz yаtаqlаrının işlənməsi;

  • Nеft lаyının idarə edilməsi və qiymətləndirilməsi;

  • Nеftçıхаrmаdа qеyri-Nyutоn sistеmlərinin tətbiqi;

  • Nеft gеоlоgiyаsı еlmləri;

  • Quyulаrın gеоfiziki tədqiqi.

Mеmаrlıq,mühəndislik və tətbiqi elmlər fаkultəsinin lаbоrаtоriyаlаrı  tələbələrin tədris və  tədqiqаt işlərinin yerinə yetirilməsi üçün müvafiq аvаdаnlıqlarlа təchiz оlunmuşdur.  Bu məqsədlə Bаkı şəhərində оlаn nеft еlmi-tədqiqаt və lаyihə institutlаrının еlmi-tədqiqаt pоtеnsiаllarındаn da istifаdə оlunur. Nеft mühəndisliyi iхtisаsı üzrə təhsil аlаn tələbələr üçün təşkil оlunmuş istеhsаlаt təcrübəsi və lаbоrаtоriyа məşğələləri оnlаrа nеft sənаyеsi sаhəsində müхtəlif prоblеmlərin həll edilməsi istiqamətində böyük kömək edir.

Departament Bаkıda fəаliyyət göstərən yerli və tanınmış trаnsmilli şirkətlərlə - Аzərbаycаn Rеspublikаsı Dövlət Nеft Şirkəti (АRDNŞ), Аzərbаycаn Bеynəlхаlq Əməliyyаt Şirkəti (АBƏŞ), British Pеtrоlеum(BP), Schlumberger, Statoil, Yunоkоil, Mаk-Dеrmоtt, Еksоnmоbil şirkətləri ilə sıх əməkdаşlıq еdir.

İlk dəfə Аzərbаycаndа tətbiq оlunаn və istеdаdlı tələbələrimizə BP təqаüdünün vеrilməsi onlara təhsil aldığı müddətdə mаliyyə dəstəyi оlur və həmçinin təhsillərini müvəffəqiyyətlə bаşа vurduqdаn sоnrа həmin şirkətdə çalışmasına zəmin yаrаdır. Departament univеrsitеt-istеhsаlаt əlаqələrinin yаrаdılmаsı bахımındаn  univеrsitеtin аpаrıcı qurumlardan biridir.

Departament müхtəlif əməkdаşlıq prоqrаmlаrı çərçıvəsində dunyanın bir sırа аpаrıcı univеrsitеtləri ilə sıх əməkdаşlıq еdir.

Nеft mühəndisliyi departamentinin bütün əməkdаşlаrı və tələbələri Nеft Mühəndisləri Cəmiyyətinin (SPЕ) üzvləridir. Хəzər Univеrsitеtində Nеft Mühəndisləri Cəmiyyətinin хüsusi bölməsi fəаliyyət göstərir və görkəmli аlimlər, mühəndislər, qаbаqcıl univеrsitеt və şirkətlərdən dəvət оlunmuş prоfеssоrlаr və mütəхəssislər SPЕ-nin yığıncаqlаrındа elmi məruzələrlə çıхış еdirlər.

Departament xarici tələbələrin sayına görə də fərqlənir. Hindistan, Pakistan, İraq, İran və digər xarici ölkələrin vətəndaşları bakalavr və magistr təhsili almaq üçün Xəzər Universiteti Neft mühəndisliyi departamentinin təklif etdiyi proqramları seçirlər.



Schlumberger-in hədiyyə etdiyi neft geologiyası üzrə qiymətli software proqramı elmi tədqiqatların aparılmasında , həmçinin elmi tədqiqat yönlü dərslərin təşkilində mühüm rol oynayır. Hal-hazırda departament elmi tədqiqat laboratoriyalarının təşkili ilə ciddi surətdə məşğuldur.

2015-ci ildə departamnet BP (İngiltərə) təşkilatı ilə sıx əməkdaşlığını davam etdirmiş və ikitərəfli müqavilələr əsasında xeyli sayda layihələrin həyata keçirilməsinə başlamışdır.


Fəlsəfə və Sosiologiya Departamenti

Departament müxtəlif humanitar və sosial elm sahələrinin tədrisi və tədqiqini nəzərdə tutan çoxfənnli (multidissiplinar) akademik vahid kimi 1992-ci ildə yaradılmışdır. Hal-hazırda Departamentin əsas akademik sahələri və tədqiqat fəaliyyətləri üç istiqamətdə qruplaşdırılır:



      • Fəlsəfə (buraya aşağıdakı fənnlər daxildir: fəlsəfə tarixi, din fəlsəfəsi, siyasət fəlsəfəsi, fəlsəfə və ədəbiyyat münasibətləri, fəlsəfə və linqvistika)

      • Sosiologiya və sosial psixologiya

      • Digər sosial və humanitar elm sahələri (sənətlərin və mədəniyyətin öyrənilməsi, sosial və kultural antropologiya).

Departament tərəfindən universitetin bütün fakültərində ümumtəhsil tələblərə müvafiq olaraq fakültativ proqramlar formasında müxtəlif kurslar təklif və tədris edilir. Departamentin Hüquq, Humanitar və sosial elmlər, İqtisadiyyat və menecment fakültələrinə təklif etdiyi fənnlərə bakalavr və magistr proqramları üçün tələb olunan ixtisas, ixtisasa yaxın və ixtisasla az əlaqəli kurslar daxildir. Bakalavr və magistr proqramlarından başqa departament həmçinin “Fəlsəfə tarixi” və “Sosial fəlsəfə” ixtisasları üzrə doktorantura proqramları təklif edir.

Fizika Departamenti

Departamentin əsası 1993-cü ildə qoyulmuşdur. Departament əsasən İnşaat mühəndisliyi, Kimya mühəndisliyi, Neft mühəndisliyi, Kompüter mühəndisliyi, Kompüter elmləri, İnformatika və Riyaziyyat müəllimliyi ixtisasları tələbələri üçün tədris və tədqiqat qurumu kimi fəaliyyət göstərir.  Departament həm də universitetin digər fakultələrinin tələbələri üçün seçmə fənlər təklif edir. Bu fənlər aşağıdakılardır:



    • Qeyri-mühəndislər üçün fizika;

    • Astronomiya 

Departament praktik dərslərin və tədqiqatların aparılması üçün lazımi avadanlıqlarla təchiz edilmiş laboratoriyaya malikdir.  Müasir və orijinal laboratoriya işləri mühazirələrdə verilən nəzəri biliklərin möhkəmlənməsi üçün zəruridir. 

Departament aşağıdakı sahələr üzrə tədqiqat proqramları yerinə yetirir: 



    • Elektrik enerjisinin istehsalı və ötürülməsi;

    • Bərpa olunan enerji formaları (günəş, külək və s.) və onların praktiki tətbiqi;

    • Kompozit materiallar və onlar əsasında çeviricilər;

    • Qeyri-xətti hidrodinamika və istilik ötürməsi;

    • Digər sahələr.

Departament həmçinin fənlər arası tədqiqatları yerinə yetirmək üçün aşağıdakı sahələri  təklif edir:

  • Neft sənayesində texnoloji prosesləri təkmilləşdirən fiziki metodlar;

  • Müxtəlif fiziki sahələrdə istilik köçürülməsi və maye mexanikası; 

  • Müxtəlif fiziki sahələrin (maqnit, ultrasəs və s.) mayelərin xassələrinə təsiri;

  • Fiziki sahələrin (elektrik, maqnit, elektromaqnit) bioloji obyektlərə təsiri;

  • Digər sahələr.

Elektronika və Telekommunikasiya departamenti

Elektronika və Telekommunikasiya departamenti 2010-cu ildə Mühəndislik və Tətbiqi Elmlər fakültəsinin daxilində yaradılmışdır. Bölmə universitet tələbələrinə qabaqcıl texnologiyaların istifadə olunduğu sahələrdə geniş proqramlar təklif edir. Elektronika sahəsində mühəndis ixtisasi üzrə hazirlıq özündə elektronikanın bir çox sahələrini birləşdirir. Bura məişət elektronikası, telekomunikasiya, yarımkeçiricilər üzərində müxtəlif avtomatik qurğuların hazırlanması və öyrənilməsi kimi geniş sahələr aiddir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, departmentdə elektronikanın tətbiqi ilə baglı olan bioloji mühəndislik hazırlığı üzrə nəzəri biliklərin verilməsi ilə yanaşı çoxçeşidli texniki imkanlar yaradılmışdır. Elektrotexnika sahəsində daha yüksək elmi dərəcələrə yiyələnmək üçün onların tədqiqatlarını davam etdirmək məqsədi ilə maraqlanan olduqca tələbələr daha yüksək səviyyəli elmi-tədqiqat işlərinə cəlb edilir. Proqram üzrə tədris aldıqca əsas diqqəti yeni və daha inkişaf etmiş elektron texnologiyaların öyrənilməsi istiqamətində yönəldilir. Bərpa olunan enerji, radarlar və məsafədən idarəetmə, biotibbi mühəndislik, müdafiə sistemləri, informasiya təhlükəsizliyi, və telekommunikasiya kimi getdikcə inkişaf edən sahələrdə müxtəlif formada bu ixtisaslı kadrlara ehtiyac vardır.

Departmentin əsas məqsədi Elektronika və Telekommunikasiya sahəsində hal-hazırda geniş vüsətlə inkişaf edən elektronika üzrə müasir tələblərə cavab verən bacarıqlı ixtisas dərəcəsinə malik olan elektronika mühəndislərini hazırlamaqdır. Bununla yanaşı əlavə olaraq tədris proqramında elmin və texnikanın inkişafı ilə bağlı çevik olaraq müasir biliklərə daha da yaxşı yiyələnmək üçün seçmə kurslar nəzərdə tutulmuşdur. Departamentin nəzdində nəzəri bilikləri möhkəmləndirmək, müxtəlif səpgili avtomatik elektronik qurğuların layihələndirilməsi və qurulması, həmçinin elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün çox müasir səviyyəli laboratoriyalar qurulmuşdur.

Məzunların yeni texnologiyalardan düzgün istifadəni öyrənməsini və özlərinin də yeni texnologiyaların ixtira olunmasında iştirakını təmin etmək məqsədilə departament müxtəlif tədbirlər keçirir. 2015-ci il dekabrın 18-də Xəzər Universitetinin “Mərmər” zalında Xəzər Universiteti Mühəndislik və tətbiqi elmlər fakültəsinin 4-cu kurs tələbələri arasında “Robotiks” yarışması keçirilmişdir. Hazırlanan robotlar isə münsiflər heyəti tərəfindən qiymətləndirilirdi. Qalib gələn komandalar ABB, SCHNEIDER Elektrik, Emerson və Sigma kimi mühəndislik şirkətləri tərəfindən mükafatlandırılmışdır.

Elektronika və telekommunikasiya riyaziyyat və fizika anlayışı, eləcə də elektron texnologiyalar sahəsində bilik tələb edir. Elektronika və telekommunikasiya texnologiyalarının əsas prinsiplərinin tədrisindən öncə proqram daxilində tələbələr fizika, riyaziyyat və kompüter proqramlaşdırmasına dair biliklər əldə edir. Proqram boyunca diqqət yeni və daha inkişaf etmiş elektron texnologiyaların öyrənilməsi istiqamətində yönəldilmişdir. Departamentin yüksək ixtisaslı mütəxəssislər hazırlamaq üçün laboratoriyası var. Laboratoriyanın tədqiqat imkanlarına aiddir:


  • Kommunikasiya barədə əsas biliklər

  • AM / FM transmitter və qəbuledici sistemi

  • Fiber-optik ötürülmə təlim sistemi

  • Elektrik dövrəsinin tədqiqi

  • Biotibbi ölçü sistemi

  • Məntiqi dizayn öyrənilməsi

  • Analoq elektronikanın tədqiqi

  • Rəqəmsal elektronikanın tədqiqi

  • Günəş enerjisindən elektrik enerjisinin əldə olunması

  • Külək enerjisindən elektrik enerjisinin əldə olunması

  • Tam sənaye elektron təlim sistemi

2015-ci ildə elmi-tədqiqat işləri əsasən bu istiqamətdə aparılmışdır: a) günəş enerjisini elektrik enerjisinə çevirməklə alternativ enerji mənbələri və qurğuları; b) LED işıqlanmada silisium əsaslı günəş elementlərinin köməyi ilə avtonom sistemlərin yaradılması və tədqiqi; c) günəş enerjisi ilə işləyən mini avtomobilin işlək modelinin hazırlanması; d) polimer-silisium hibridi əsasında yaradılmış fotoelektrik çeviricilərin energetik parametrlərinin və deqradasiya xassələrinin tədqiqi olmuşdur.

Bu zaman aparılan elmi tədqiqat işlərinin məqsədi işıqdiodlu işıqlanma sistemlərinin və mini avtomobilin alternativ enerji mənbələri əsasında qidalandırılması, konstruktiv və yeni texnologiyaların tətbiqi ilə effektivliyin artırılması, polimer-yarımkeçirici tərkibli işığa həssas sensorların hazırlanması və onlardan müxtəlif növ elektronik qurğularda istifadə məsələləri olmuşdur.



Coğrafiya və Ətraf mühit departamenti

2010-cu ildə Xəzər Universitetində tarix və coğrafiya ixtisaslarının açılması ilə bağlı Ətraf mühit elmləri bölməsinin nəzdində bu ixtisasların geniş tədrisi və inkişaf etdirilməsi üçün Coğrafiya departamenti yaradıldı.

Coğrafiya və Ətraf Mühit Elmləri departamenti coğrafiya sahəsində lisenziya proqramları təklif edir. Departamentdə bütün kurslar yüksək standartlara, müasir təhsil tələblərinə cavab vermək üçün nəzərdə tutulmuşdur. Departament tarix və coğrafiya tələbələrinin yüksək ixtisaslı mütəxəssislər olması üçün onları lazımi bilik və bacarıqlarla təmin edir. Coğrafiya departamenti həmçinin iqtisadiyyat, idarəetmə, tikinti və neft mühəndisliyi departamenti tələbələri üçün kurslar təşkil edir.

Universiteti bitirdikdən sonra adətən tarix və coğrafiya tələbələri Azərbaycanın orta məktəblərində çalışır. Azərbaycan təhsil sisteminin yüksək ixtisaslı müəllimlərə ehtiyacı var və buna görə Coğrafiya və Ətraf Mühit Elmləri departamenti bu ehtiyacı nəzərə alaraq ixtisaslı müəllimlər yetişdirməyə çalışır. Bunu əsas götürərək Coğrafiya və Ətraf Mühit Elmləri departamenti dünyanın aparıcı universitetləri ilə əlaqələr yaratmışdır.

Tədrisin inkişafı ilə yanaşı, Coğrafiya və Ətraf Mühit Elmləri Departamenti ətraf mühitin və suyun çirklənməsi ilə bağlı tədqiqatlarda iştirak edir. Təhsil və tədqiqat layihələri aparıcı beynəlxalq və regional ali təhsil müəssisələri ilə birgə həyata keçirilir.

Coğrafiya və Ətraf Mühit departamenti beynəlxalq aləmdə fəaldır. Departamentdə yerli mütəxəssislərlə yanaşı mühazirələr oxumaq üçün xarici mütəxəssislər də dəvət olunur.



Siyasi Elm və Beynəlxalq Münasibətlər departamenti

Siyasi Elm və Beynəlxalq Münasibətlər departamenti 1995-ci ildən etibarən bakalavr və magistr proqramları təklif edir. Bakalavr proqramı Siyasi Elm və Beynəlxalq Münasibətlər ixtisasları üzrə beynəlxalq münasibətlər, siyasi nəzəriyyə və regionşünaslıq sahələrini əhatə edən bir çox kurslar təklif edir. Departamentdə təklif olunan Magistr və Fəlsəfə Doktoru proqramları bir neçə sahəni əhatə edir: Münaqişə üzrə Tədqiqatlar,  Siyasi Nəzəriyyə, Regionşünaslıq. Sonuncuya aşağıdakılar daxildir: Avropa Dövlətçilik Məsələləri, Yaxın Şərq Araşdırmaları, Şərqi Asiya Araşdırmaları və Qafqaz Araşdırmaları.

Departament il ərzində bir sıra akademik tədbirlər keçirir: Siyasi fəlsəfə üzrə öyrədici məhkəmə simulyasiyası, böhranlı vəziyyətlər üzrə simulyasiya tapşırıqları, təhsil idarəçiliyi ilə bağlı seminarlar və konfranslar keçirilir.

2012-ci ildə kurrikulumların Avropa Birliyi araşdırmaları istiqamətində inkişaf etdirilməsi məqsədilə Tempus IV proqramı çərçivəsində üç illik qranta layiq görülüb. 2012-2015-ci illər ərzində, “Curriculum Development and Capacity Building in EU Studies” (CURDEUS) (Avropa Birliyi Araşdırmaları Kurikulumların İnkişaf və Kadr potensialının gücləndirilməsi) adlı layihəsi çərçivəsində, akademik təcrübənin artırılması, tədris kurslarının və müəllimlərin inkişaf etdirilməsi həyata keçirilmişdir.



Təhsil departamenti

Təhsil departamenti Təhsil fakültəsinin əsas akademik şöbələrindən biridir. Burada Ibtidai təhsilin pedaqogika və metodikasına dair müxtəlif fənlər tədris edilir və bu ixtisas üzrə bakalavr diplomu verilir. 

Bu ixtisas üzrə bakalavr proqramında tədris əsasən aşağıdakı sahələrdə aparılır:


    • Humanitar elmlərin, təhsilin və psixologiyanın əsasları; təlim metodları;

    • Məktəbin ətraf mühitlə əlaqələrinin öyrənilməsi, məsələn, məktəm-muzeylər, teatrlar, xəstəxanalar və.s  

    • Praktiki məşğələlər və pedoqoji təcrübə;

    • Araşdırma və tədqiqat metodları

Departamentin fəaliyyəti və tədqiqatları sadəcə ibtidai təhsililə məhdudlaşmır, həmçinin tədris planlarının təşliki və inkişafı, pedaqoji psixologiya, biliyin qiymətləndirməsi və bacarıqlar, təlim metodları, təhsilin idarə edilməsi kimi sahələrdə də öz fəaliyyətini genişləndirir.


Yüklə 411,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə