İbrahim ağa Vəkilov Qafqazda hərbi topoqrafiya
üzrə general-mayor
rütbəsinə layiq görülmüş yeganə şəxsiyyətdir.
Bir müddət Tiflisdə Zaqafqaziya Federasiyasında yə Zaqafqaziya Xeyriyyə
Cəmiyyətinin sədri vəzifəsində çalışan İbrahim ağa sonralar Bakıda və Gəncədə
fəaliyyət göstərir.
1918-ci ildə o, Azərbaycan Milli Ordusunun təşkilində fəal çalışanlardan
olmuşdur. Bundan əvvəl Azərbaycan hökuməti onu Qazax qəzasına kənd və şəhər
sovetlərinin seçkilərinə rəhbərlik etməyə göndərmişdi. Vəkilovun nüfuzu yeni
yaranan Azərbaycan Demokratik Cümhuriyyətinin bölgədə dərinləşməsinə güclü
təkan vermişdi.
1918-ci il iyunun 23-də Respublika daxili işlər
nazirinin əmrilə polkovnik
İbrahim ağa Vəkilov Gəncənin qubernatoru təyin olunur. Goran mahalında və ayrı-
ayrı kəndlərdə sığınacaq tapmış daşnak tör-töküntülərinə divan tutan qubernator
onları tərksilah etmişdi. Onun daxili işlər nazirinə göndərdiyi 1919-cu il 23 mart
tarixli məlumatında bildirilirdi ki, Gəncə qəzasında daşnak irticasının və xarici
müdaxiləçilərin törətdiyi fitnə-fəsadlar aşkar edilmişdir. Yerli bolşeviklərlə
birləşən ermənilər müsəlmanlar arasında qırğın törətmək istərkən yaxalanmışlar.
Onların başçısı qolçomaq Cümşüd Voskanov həbs edilmişdir.
1919-cü ilin martında Novruz bayramı münasibətilə milli ordunun paradı
keçirilirdi. Respublika Hərbiyyə naziri Səməd
bəy Mehmandarov və bir qrup
parlament üzvü parad-nümyişdə iştirak etmək üçün Gəncəyə gəlmişdi. Gəncə
qarnizonundakı səliqə-sahmana və nümunəvi qayda-qanuna görə hərbiyyə naziri
İbrahim ağa Vəkilova səmimi təşəkkürünü bildirmişdi.
Azərbaycan hökumətinin 1919-cu il 30 mart tarixli qərarı ilə uzun illər
ordudakı nümunəvi xidmətinə görə İbrahim ağa Paşa ağa oğlu Vəkilova general-
mayor rütbəsi verilmişdi.
Ay yarım sonra (1919-cu il martın 14-də) general İbrahim ağa Vəkilov
hökumətin 248 nömrəli əmri ilə Baş Qərargahda hərbi topoqrafiya şöbəsinin rəisi
təyin olunmuşdu. O, rusların aprel işğalına qədər bu
vəzifədə qeyrət və vicdanla
çalışmışdı.
1919-cu ilin dekabr ayında ilk hərbi bayrağımızın təsdiq olunması haqqında
Baş Qərargah İdarəsi qərar verdi. Bayrağın yaradıcısı hərbi topoqrafiya şöbəsinin
rəisi general-mayor İbrahim ağa Vəkilov idi. İpək sapla işlənmiş bayrağın bir
üzündə əski əlifba ilə “Azərbaycan”, o biri üzündə isə Müqəddəs Qurandan:
“Allahdan kömək və qələbə yaxındadır” ayəsi yazılmışdı. Baş Qərargah İdarəsinin
verdiyi beş saylı qərarda göstərilir ki, süvari, piyada alaylarında, əlahiddə tabor və
hərbi məktəblər üçün vahid formada bayrağın yaradıldığı elan olunur.
Hələ əsrin əvvəllərində Tiflis ədəbi mühitində yaxından iştirak edən İbrahim
ağa Vəkilov böyük dramaturqumuz Cəlil Məmmədquluzadə ilə dostlaşmışdı.
Onların ikisi də xalqımızın nicatı üçün birgə çalışırdı. Bu fakta Mirzə Cəlilin həyat
yoldaşı Həmidə xanımın “Mirzə Cəlil haqqında xatirələrim” kitabında da rast
gəlmək olar. Həmidə xanım yazır: 1907-ci ildə Qarabağda çəyirtkə və aclıq
gözlənilirdi... Tiflisdə Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri İbrahim ağa
Vəkilov, katibi Mirzə Cəlil bizim rayonun qaldığı çıxılmaz
vəziyyətdən xəbər
tutduqda zərərçəkənlərə paylamaq üçün poçt ilə mənim adıma altı yüz manat pul
göndərmişdi.
Polkovnik İbrahim ağa Vəkilov 1906-cı ilin yanvarın səkkizində Qafqaz
kənd təsərrüfatı cəmiyyətinin zalında Müsəlman Xeyriyyə Cəmiyyətinin ilk sədri
seçilir. Azərbaycanın qabaqcıl ziyalıları polkovnik İbrahim ağa Vəkilovu səsə
qoyulmadan xeyriyyə cəmiyyətinin idarə heyətinə sədr təyin edirlər.
Cəmiyyətin
katibi Cəlil Məmmədquluzadə, üzvlüyə namizədlər isə
Əlimərdan bəy Topçubaşov, Səməd ağa Qayıbov, Osman bəy Müftizadə,
Rəşidbəy İsmayılov, İmadəddin Sübhanqulov,
Kamal Əfəndi Ünsizadə,
Məmmədhəsən İmanov, Adil-Girey Daidbəyov, Əbdürrəhman bəy Əfəndiyev və
başqaları seçilir.
Bizdə Mirzə Cəlillə general İbrahim ağa Vəkilovun birgə fəaliyyətini təsdiq
edən daha bir etibarlı sənəd var. O da 1909-cu il martın 22-də çap olunan “Molla
Nəsrəddin” jurnalının on ikinci sayındandır. Həmin sayda İbrahim ağa haqda iki
dostluq şarjı verilib. Birinci şarjda küçədə İbrahim ağaya rast gələn ziyalı
müsəlmanların hamısı ona
baş əyir, xoş təbəssümlə təzim edirlər. Onlar deyirlər ki,
sən Xeyriyyə Cəmiyyətinin təşkil et, biz sənə maddi cəhətdən kömək göstərəcəyik.
İzof Rotterin məharətlə çəkdiyi bu şəklin altında belə yazılıb: “İbrahim ağa
Vəkilov Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri seçilməmişdən əvvəl”
İkinci şarjda isə İbrahim ağa küçənin ortasında tək dayanıb. Ondan baş
götürüb qaçan ziyalı müsəlmanlara baxıb, acı-acı gülümsəyərək “Bunlara nə
oldu?” - deyir. Bu “ziyalı” müsəlmanların kimisi qaçır, kimisi də gizlincə tindən,
dalandan qorxa-qorxa İbrahim ağaya baxır. Hərbi formalı İbrahim ağanın indi
küçədə əlləri təəccüblə açıq qalıb. Şəklin altında oxuyuruq: “Xeyriyyə
Cəmiyyətinin sədri seçiləndən sonra”.
Əsrin əvvələrində İbrahim ağa bir topoqraf kimi çox məşhur olub. Qırx ilə
yaxın hərbi topoqraf kimi fəaliyyət göstərən İbrahim ağa
Vəkilovun xidmətləri
Müqəddəs Anna ordeninin üçüncü dərəcəsilə (1886), İranın “Şire-Xorşid” ordenilə
(1888), Müqəddəs Stanislav ordeninin ikinci dərəcəsilə (1894), Müqəddəs Anna
ordeninin ikinci dərəcəsilə (1897), Müqəddəs Vladimir ordenin dördüncü
dərəcəsilə (1903) qiymətləndirilib.
1902-ci ildə Tiflisdə nəşr olunmuş “Rus imperatorluğunun coğrafi birliyinin
Qafqaz şöbəsi xəbərləri” kitabının (XV cild) iki yüz əlli
səkkizinci səhifəsindəki
xəbər eloğlumuzun fəaliyyəti barədə xoş təsəvvür yaradır: “Podpolkovnik İbrahim
ağa Vəkilovun rəhbərlik etdiyi dördüncü bölmə Qars qalası rayonunun yarım
verstlik miqyası (məsafədən) çəkilişini davam etdirınək tapşırığını almışdı. İndiyə
kimi çəkiliş şöbə tərəfindən əla aparılmışdı. Podpolkovnik I.Vəkilovun coğrafi
çəkiliş şöbəsində kollej assesoru Baqdanov, podyesaul Borisenko, podporuçik
Bekleşov və üç torpaq ölçən iştirak etmişdir”.
1920-ci ildə Azərbaycanın ilk coğrafi xəritəsinin müəllifı və
respublikamızda topoqrafiya məktəbinin yaradıcısı da general-mayor İbrahim ağa
Vəkilov olmuşdur. O, 1918-ci il mayın 28-də Azərbaycanın istiqlalını bəyan etmiş
Milli Şuranın üzvü idi.