9
Sabin çarı Tatsi öldükdən sonra hakimiyyət bütünlüklə Romula keçdi. Dövləti
yaradarkən Likurqun Spartada etdiklərini Romul burada həyata keçirməyə başladı.
Axı Spartada "Gerusiya" adlanan ağsaqqallar şurası fəaliyyət göstərirdi və onlar
ölkəni idarə etməkdə çara böyük köməklik göstərirdilər. Qədim Spartada çarlar bir
qayda olaraq seçki yolu ilə təyin edilirdi. Şəhərin yaxşı adamlarının nüfuzunun
hakimiyyətlə birləşməsi Romada da müsbət nəticələr verirdi.
Romul öz qonşuları ilə çoxlu müharibələr aparırdı, bu müharibələrdən əldə
edilən qənimət adamların varlanmasına şərait yaradırdı. İlk dəfə olaraq o, kasıbları -
plebeyləri (plebsi) qüdrətli adamların himayəsinə, klienteliyə verdi. Romul öldükdən
sonra dövlətin idarə edilməsi çətinləşdi, şəhər çarsız qaldı. Bu vaxt senat çarlıqlar
arası dövrü müəyyən etdi ki, bu dövrdə təzə daimi çar seçilənə qədər dövlət çarsız
qalmasın və həmin çar uzun müddətə xidmət etməsin. Romulun dövründə çar
müqəddəs məsələlərdə və qurban verilməsinə başçılıq edir, allahlara aid bütün
mərasimləri keçirirdi. Çar, qanunları və ataların ənənələrini qoruyurdu, ədalətin
bərqərar olmasına qayğı göstərirdi.
Ağır cinayətləri o, özü təhqiq edirdi, kiçikləri isə senatorlara tapşırırdı. Çar
həmçinin müharibə vaxtı qeyri-məhdud hərbi hakimiyyətə malik idi. Senat isə çarın
söylədiklərini və təkliflərini müzakirə etməli idi. Bütün bunları o, Spartadan əxz
etmişdi. Orada isə bütün hakimiyyət Gerusiyaya məxsus idi, çar heç də mütləq
hakimiyyət sahibi deyildi. Xalq kütlələrinə isə Romul üç səlahiyyət vermişdi:
magistratları seçmək və qanunlara riayət etmək, həmçinin müharibə haqqında
məsələni çar dediyi vaxt həll etmək. Xalq özü də bir yerdə deyil, kuriyalar
qaydasında çağrılmaqla səs verirdi.
ROMULDAN SONRAKI ÇARLARIN HAKİMİYYƏTİ
Romul 38 il, m.ə. 754-717-ci illərdə çarlıq etdi. Roma iki il çarlıqlararası
dövrü yaşamağa məcbur oldu. Senatorlar çar olmaq üçün öz aralarında gizli mübarizə
aparırdılar. Sabinlilər öz tərəflərindən çar qoymaq istəyirdilər, romalılar isə yadelli
çar barədə düşünmək belə istəmirdilər. Ona görə də çarlıqlar arasındakı dövrdə
ölkənin hakimiyyətsiz, qoşunu isə başçısız qoymamaq üçün senatorlar onluqlara
bölündü və hər onluqdan bir nəfər başçı seçməklə, dövlətin idarə edilməsini bu
qaydada bölüşdülər. İndi şəhəri on nəfər idarə edirdi, hər beş gündən digər onluq
hakimiyyəti öz üzərinə götürürdü, beləliklə il boyu dövlət çarsız qalmırdı və çar
rolunu dəyişən onluqlar qrupu əvəz edirdi. Beləliklə yüz nəfər bir çarı əvəz edirdi.
Lakin xalq buna etiraz etməyə başladı ki, bir çardan başqa heç kəsə itaət
etməyəcəkdir. Senat xalqa müraciət etdi ki, Romula layiqli varis tapsalar, atalar bu
qərarı təsdiq edəcəklər. Əvvəllər Romada qayda belə idi. Xalqın, komitsiyanın
qərarını senat təsdiq edirdi. sonralar isə qayda dəyişdi. Senatın qərarı xalq
yığıncağının - komitsianın müzakirəsinə və təsdiqinə verilirdi. Xalq isə senatın bu
hərəkətindən məmnun olaraq qərara aldı ki, Romada kimin çar olması barədə qoy
senat öz qərarını versin.
Bu vaxt Sabin şəhəri Kuraxda Numa Pompili adlı ədalətli və nəcib bir adam
yaşayırdı. Romalılar çarın sabinli olması təhlükəsindən qorxmalarına baxmayaraq
10
Numanın adını eşitdikdə, ona üstünlük verdilər. Çox təkiddən sonra o, öz razılığını
verdi və Romaya çar oldu. Bu m.ə. 715-ci ildə baş verdi.
Müharibə etməyi, döyüşməyi sevən Romulun yerinə sülhsevər bir adam çar
oldu. Silah gücünə yaranmış bu şəhəri o yenidən hüquq, qanunlar, adətlər təməli
üzərində qurdu. Ən başlıcası o adamların xasiyyətini mülayimləşdirmək istəyirdi, axı
müharibə xarakterləri xeyli codlaşdırıb, kobudlaşdırmışdı. Bu məqsədlə o, Yanus
(mənası "qapı" deməkdir) məbədi tikdi, sülh vaxtı bu məbədin qapıları daim bağlı
qalırdı, müharibə vaxtı isə əsgərlər bir açıq qapıdan girib, digərindən çıxırdı.
Qonşuları ilə tam sülh şəraitində yaşayan Numanın dövründə məbəd daim bağlı
saxlanırdı. Adamlar indi müharibədən deyil, allahlardan qorxmağa başladılar. O, ilk
çar idi ki, Roma dininə forma verdi. İlk dəfə Numa ili on iki aya böldü və ay
təqvimində ildə qalan 11 gün üçün daha bir ay əlavə etdi. Bundan başqa ev ocağı
ilahəsi Vestaya xidmət təşkil etdi. Bu məqsədlə bakirə qızlar ayrılır, onlara dövlətdən
maaş verilirdi. Bu qızlar onlara həvalə edilmiş odu sönməyə qoymamalı, həm də öz
bakirəliklərini ləkəsiz saxlamalı idilər. Onların öz günahları ucundan bəkarətləri
pozulduqda, ölüm cəzasına məhkum olurdular və türbəyə salınıb ağızları bağlanırdı.
Numanın dövründə dövləti sədaqət və and idarə edirdi, artıq qanunlara itaət və
cəza qarşısında qorxuya ehtiyac yox idi. Bu sahədə çar özü hamıya nümunə
göstərirdi. Onun ən böyük xidməti kimi isə tarixçilər, çarlıq etdiyi dövrdə onun sülhü
öz məmləkətindən heç də az qorumaması faktını qeyd edirdilər. Onun dövründə
dövlət o qədər möhkəmləndi ki, dinc şəraitdə yaşamağa və müharibəyə hazır olmağa
eyni dərəcədə qadir idi.
Romalılar və sabinlilər arasında ayrı-seçkiliyə son qoymaq üçün o, xalqı
məşğuliyyət növlərinə görə - qızıl işləri ustalarına, dülgərlərə, rəngsazlara,
çəkməçilərə, mis qab qayıranlara, dulusçulara və fleytaçılara böldü. Hər sex öz
iclasına, toplantılarına və dini mərasimlərinə malik idi. Beləliklə şəhərin sakinləri
arasında romalı və sabinli olmaqla əlaqədar olan ədavətə son qoyuldu. Əhali arasında
bu gildiyaların, sexlərin təsis edilməsi nəticəsində harmoniya və yekdillik yarandı.
Numa əkinçi əməyinə də yüksək qiymət verirdi. O, torpaqları kasıblar arasında
böldü ki, həm kasıblığa son qoysun, həm də cinayətkarlığın kökünü kəssin; digər
tərəfdən xalqı əkinçiliyə öyrətməklə, onarlın özlərinin yaxşı tərəfə dəyişilməsinə də
şərait yaradırdı. Əkinçi əməyi adamlara vətəni müdafiə etmək hissləri təlqin və
tərbiyə edir, tamahkarlıq mərəzindən onları azad edirdi. Əkinçilik əməyi həm də
adamlarda sülhə hörmət və bağlılıq, onların mənəvi kamilləşməsinə şərait yaradır.
Numanın çarlığı ondan bir neçə əsr sonra Platonun dediklərini təsdiq edirdi. Platona
görə hakimiyyət, yalnız o vaxt adamlara xilas, bəlalardan rahatlıq gətirər ki, çar
hakimiyyəti göylərin iradəsinə uyğun olaraq fəlsəfi zəka ilə birləşir və onlar birlikdə
ləyaqətin eyblərə üstün gəlməsinə kömək edir.
Numa özü elə ləyaqətlə çarlıq etdi ki, ondan sonra gələn çarlar onunla heç bir
müqayisəyə girə bilməzdi, bu isə onun şöhrətinə daha böyük parlaqlıq verdi. Numa
qırx üç il çarlıq etdikdən sonra vəfat etdi və sonralar onun qəbri açıldıqda oradan
onun əlyazmaları tapıldı.
Numa Likurqdan fərqli olaraq taxt-tacdan imtina etmədi. Likurq qanunları ilə
spartalılara xidmət göstərdi və sonralar bu qanunlardan başqaları da istifadə etməyə
başladı. Numa isə adamlara sarsılmaz mənəvi dəyərlər təlqin etdi, onların ruhunu
Dostları ilə paylaş: |