19
Romada çarlıq despotiya elementləri qazandıqda, öz əvvəlki mahiyyətini itirib,
tiraniyaya meyl etdikdə, onun çürüklüyü qənaəti yarandı və romalılar ondan imtina
etdilər.
20
RESPUBLİKA QURULUŞUNUN YARANMASI
Əfsanəvi Lutsi Yuni Brut öz mərdliyi və cəsarəti ilə təkcə Məğrur Tarkvinini
ölkədən qovmaqla kifayətlənmədi, çarlığı məhv etməklə despotiya və tiraniyanın
qarşısına güclü sipər çəkdi. İlk dəfə olaraq Roma dövlət quruluşunda respublika
forması həyata keçirilməyə başlandı. Bu məqsədlə hakimiyyətin bir əldə
cəmləşməsinə imkan verməyən və əslində özündə bir qədər monarxiya formasını əks
etdirən iki konsul seçilməsi qaydası yarandı. Rəvayətə görə, Servi Tulli vaxtilə bu
barədə qeydlər etmişdi. Roma tarixində ilk konsulluğa, çar quruluşunu devirməkdə
xüsusi xidmətləri olan Lutsi Yuni Brut və ləyaqətinin təhqir edilməsinə qarşı
mərdliklə hərəkət edən Lutsi Tarkvini Kollatin seçildilər. Brut Roma dövlətini
eybəcərlikdən xilas etməklə qoruyub saxladı.
Roma dövlət quruluşları haqqında düzgün təsəvvürə malik olmaq üçün, o
dövrdə mövcud olan dövlət haqqındakı nəzəri müddəalara bir qədər diqqət yetirmək
yerinə düşərdi. Roma dövləti meydana gəlib inkişaf etdikdən xeyli sonra yazılmamış
Roma respublika konstitusiyası formalaşmağa başladı. Roma respublikasının
quruluşu haqqında m.ə. II əsrdə Romada yaşamış yunan tarixçisi Polibinin "Ümumi
Tarix" əsərində geniş məlumat verilir. Bu əsərdə o yunan filosoflarının, xüsusən
Aristotelin siyasi baxışlarını inkişaf etdirir. Polibi dövləti canlı orqanizmə bənzədir
və iddia edir ki, dövlət böyümə, çiçəklənmə, ölmə stadiyalarını keçərək, zəruri dövrü
hərəkətdə olur. Dövlətin ömrü bu nəzəriyyəyə görə siklik xarakter daşıyır. Haşiyə
çıxaraq, onu da qeyd etmək lazımdır ki, yadelli mütəfəkkirlər Roma elminə və
ədəbiyyatına böyük töhvələr vermişlər. Polibidən başqa bura digər yunan
tarixçilərini, miladdan sonra I əsrdə yaşamış Plutarxı, IV əsrdə yaşamış Ammian
Martsellini, I əsrdə yaşamış filosof, İspaniyadan olan Anney Senekanı, şair-təmsilçi
yunan Fedri və tarixçi yəhudi İosif Flavini göstərmək olar.
Dövlətin siyasi təbiətinə yaxından bələd olmaq üçün fundamental təlimlərə
müraciət etməyə ehtiyac yaranır. Əvvəlcə böyük yunan filosofu Platonun dövlət
nəzəriyyəsinə diqqət yetirək.
Platon dövlətin, yunanların təcrübəsində şəhər-dövlətin, polisin yaranmasını
adamların yeməyə, yaşayış yerinə və paltara olan ehtiyacının ödənilməsi zərurəti ilə
şərtləndirir. Bu ehtiyacları adamlar təkbaşına ödəmək iqtidarında deyildir, bunu
başqa adamlarla birgə fəaliyyət göstərdikdə ödəyə bilir. Aristotel də demək olar ki,
bu fikrə şərik çıxır və polisin mövcudluğunun əsas şərtlərinə yemək və torpağa sahib
olmağı aid edir. Onun fikrincə, dövlət varlığının əsas şərti avtarkiyadır, dövlətin öz
ehtiyaclarını özünün ödəməsi xüsusiyyətidir.
Platon özünün "Qanunlar" əsərində dövlət formalarının inkişaf tarixini təsvir
edir və bu inkişafı dövrlərə, sikllərə bölür. İlk dövlət formasını, daha doğrusu ictimai
formanı Platon sülalə adlandırır. Bu forma həyatın ibtidai quruluşu, əxlaqların
təmizliyi, inkişaf etmiş dövlət apparatı və yazılı qanunların olmaması ilə xarakterizə
olunur. Bu dövrdə hakimiyyət çarlar tərəfindən həyata keçirilir. İkinci sikl elə dövlət
formasıdır ki, onu Platon aristokratiya və ya "çarlıq" adlandırır. Bu forma
qanunçuluğun meydana gəlməsi və seçkili hakimiyyətin yaradılması ilə fərqlənir.
Tiraniya meyllərinin məhv edilməsi üçün qanunla seçkili və hər il dəyişən
hakimiyyət yaranır. Bu müdrik dövlət quruluşu nəticəsində cəmiyyət çiçəklənməyə
21
başlayır. Üçüncü sikl isə elə bir dövlət formasıdır ki, Platon ona heç bir ad vermir, bu
forma bir tərəfdən mədəniyyətin inkişafı və dövlətin qüdrətinin artması ilə fərqlənir.
Digər tərəfdən bu başıpozuqluq və hərc-mərclik dövrüdür, tənəzzülün, dövlət
formalarının pozulub dağılmasının başlanğıcıdır. Platonun nəzəriyyəsindən belə bir
məntiqi nəticə meydana gəlir ki, demokratik formalar cırlaşaraq, eybəcərləşərək
tiraniyaya keçir. Platona görə deqradasiyanın ilkin mərhələsi timokratiyadır, buna isə
öz eyibləri kimi şöhrət düşkünlüyü xasdır, sonra oliqarxiya gəlir ki, buna daha çox
acgözlük, tamahkarlıq xasdır. Cırlaşmanın, tənəzzülün son pilləsi isə "tiranın"
meydana gəlməsidir.
Polibi isə dövlət quruluşunun üç formasını qeyd edir: onlardan biri çarlıqdır,
digəri aristokratiya və üçüncüsü demokratiyadır. Lakin dövlət formalarından ən
yaxşısı kimi o, bütün üç formanın xüsusiyyətlərini özündə birləşdirən formanı hesab
edir.
Buradan onun qarışıq dövlət forması təlimi meydana gəlir. Likurq məhz bu
qarışıq formadan istifadə edərək, lakedemonluların dövlətini qurmuşdu. Lakin üç
formanın özü də yeganə dövlət quruluşları deyildir. Dövlət quruluşu "təmiz" şəkildə
qala bilmir, variasiyalara məruz qalır, müasir biologiya dilində desək, mutasiya
etməyə məcbur olur. Dövlət də millət və irq kimidir. Axı onların da mütləq təmizliyi
şərtidir. Bir dövlət forması rəsmi cəhətdən elan olunsa da, özünün real mövcudluğu,
idarə edilmə qaydaları və siyasi rejimləri ilə büsbütün başqa dövlət formasını andırır.
Müasir dövrlərdə ən demokratik konstitusiyaya malik olan ölkələrdə totalitarizm
hökm sürürdü, burada insan haqlarından heç bir söhbət gedə bilməzdi. Demokratik
konstitusiya pərdəsi altında ən eybəcər terror, siyasi və mənəvi təqiblər, günahsız
adamların kütləvi surətdə həbs edilməsi son dövrlərdə müstəqillik əldə etmiş bəzi
dövlətlərin təbiəti haqqında onların adlarından (onlar bir qayda olaraq respublika
adlanır) və elan olunmuş Əsas qanunlarından, digər formal atributlarından daha
düzgün və dəqiq təsəvvür yaradır. Dünyada çoxstandartlılığın mövcud olduğu bir
şəraitdə bu eybəcərliyə heç kəs fikir vermir və ya iqtisadi və geosiyasi maraqlar əsas
götürülərək belə vəziyyətlə razılaşırlar.
Qədim dövrlərdə də dövlət formaları özünü bir qədər təhrif etdikdə, daha çox
digər sifətə yiyələnirdi. Çarlıqların bir çoxu tiraniyaya meyl edirdi və biz bunu
Məğrur Tarkvininin dövründə Romanın timsalında aydın gördük. Hökmranlar öz
tiraniyalarını həyata keçirmək üçün çar adından istifadə etməyi üstün tuturlar.
Aristokratiya forması varlı adamların hakimiyyəti ələ keçirməsi ilə, yaxşıların idarə
formasından oliqarxiya dövlət formasına keçir. Təkhakimiyyətliliyin də hamısını
çarlıq adlandırmaq çətindir, yalnız o təkhamiyyətliliyi çarlıq adlandırmaq olar ki,
orada idarə olunanlar öz iradələri ilə hakimiyyəti onlara verir və orada qorxu və
gücdən daha çox ağıl hökmranlıq edir. Heç də hər cür azlığın idarəçiliyini
aristokratiya adlandırmaq olmaz, yalnız onu adlandırmaq olar ki, orada seçki üzrə
idarə edən adamlar ən ədalətli və ən ağıllı adamlardır. Heç də bütün xalq kütləsinin
istədiyi və düşündüyü hər şeyi etmək hakimiyyətinə malik olan dövləti demokratiya
adlandırmaq olmaz. Əksinə, demokratiya o dövlət forması hesab olunmalıdır ki, bu
dövlətdə valideynlərə ehtiram var, böyüklər sayılır, qanunlara itaət olunur və bu vaxt
əsas qüvvə xalq çoxluğunun qərarlarına məxsusdur. Beləliklə, biz altı dövlət forması
ilə üz-üzə gəlirik, bunlardan üçü yuxarıda göstərilən formalardır, digər üçü isə həmin
Dostları ilə paylaş: |