Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12998
  1   2   3   4   5   6   7   8   9   ...   120


 

 
 
Telman Orucov 
 
Qədim Roma: qüdrətin qabarması və çəkilməsi 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 

Yer üzündə elə bir xalq yoxdur ki, romalılar kimi doğma şəhərləriinn tarixini, 
təkcə onun əsası qoyulması dövründən deyil, hətta şəhərin bünövrəsini qoyanın ana 
bətninə düşməsi vaxtından bilsin. 
Mark Tulli TSİTSERON 
Romalı!  Sən  xalqları  idarə  etməyi  öyrən  -  budur  sənin  sənətin:  sülh  şərtini 
qoymaq,  itaət  edənlərə  mərhəmət  göstərmək,  lovğalananları  isə  müharibə  ilə  ram 
etmək! 
VERGİLİ Maron "ENEİDA" 
Roma respublikası və Roma imperiyası dünya tarixində ən böyük hadisələrdir. 
Qədim Roma əhvalatları fasiləsiz bir möcüzədir, birbaşa ilahi qüvvənin işidir. 
DANTE Aligyeri "MONARXİYA haqqında" 
Cassius: - Age, thou art shamed
Rome, thou lost the breed of noble bloods! 
Kassi: - Epoxa, sən biabır olmusan; 
Roma, sən nəcib qandan olan nəsli itirmisən! 
Uilyam ŞEKSPİR "YULİ SEZAR" 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 

 
Müqəddimə 
 
Qədim  Roma  özünəməxsus  böyük  ruhu  və  nəhəng  fəthləri  ilə  bəlkə  də  bir 
qədər  bizə  yaddır.  Lakin  onun  dərdlərinə,  bəlalarına  və  eybəcərliklərinə  müasir 
gerçəklikdə  tez-tez  və  geniş  miqyasda  rast  gəldiyimizdən,  bu  qədim  və  keşməkeşli 
dünyanın salnaməsinə nəzər salmaq marağı yaranır. Qədim yunanlar kimi romalılar 
da  heç  vaxt  Allah  şəhəri  naminə,  öz  vətənlərinə  ikrahla  baxmamışdılar,  əksinə  onu 
ilahiləşdirirdilər. Onların nəzəri göylərə deyil, yerə dikilmişdi və heç də bu insanlar 
cismani həzzlərdən qaçmırdılar. Ona görə də qədim romalıların həyatı mübarizələrlə, 
qələbələr və sarsıntılarla, iti sürətli inkişaf və onu əvəz edən uğursuzluqlarla dolu idi. 
Qədim  Romanın  başlanğıcından  süqutuna  qədər  olan  tarixi  mərhələləri  fikrən 
müşahidə edərkən, burada insan təbiətinin ən uca mənəvi zirvələrini də, rəzilliyin ən 
dərin  uçurumlarını  da  görmək  mümkündür.  Burada  vətənin  mənafeyini  hər  şeydən 
üstün  tutan  yenilməz  insanlarla  yanaşı,  misgin  mənəviyyat  sahibləri  də  az  deyildi. 
Roma  respublikasında  mənəvi,  əxlaqi  dəyərlər  devalvasiya  olmağa,  aşınmağa 
başladıqdan  sonra,  qəhrəmanlıq  salnaməsinin  yerini  iyrənc  pozğunluq  tamaşaları 
tutmağa  başladı.  Bu  pozğunluq  getdikcə  bütün  cəmiyyətə  sirayət  edirdi.  Platonun 
vaxtilə  dediyi  sözlər  bu  prosesin  izahında  olduqca  yerinə  düşür:  "Pozğun  qocalar 
olan yerdə, pozğun yeniyetmələr də olur". 
Bu  vaxtdan  etibarən  Roma  öz  daxili  qüsurlarından,  xəstəliklərindən  daha  çox 
əziyyət  çəkməyə  başlayır.  Axı  otaqdakı  vəhşi  pişik  uzaq  səhradakı  şirdən  daha 
təhlükəlidir. Qədim Roma elə bir iri məxluq idi ki, onu yalnız özü məhv edə bilərdi. 
Tənəzzülü  sürətlənən  imperiya,  sümükləri  kövrəkləşdiyindən  azacıq  yıxılanda  qol-
qılçası  çilik-çilik  olan  qoca  adam  kimi,  kənardan  olan  zərbələrə  heç  də  davam 
gətirmək iqtidarında deyildi.  
Roma dövlətinin tarixini təhlil etməyə girişəndə, bu günümüzün dərk edilməsi 
də xeyli asanlaşır. Yəqin buna görədir ki, antik dövrün tarixçilərindən tutmuş, bizim 
eranın  III  minilliyinin  başlanğıcına  qədər  çoxları  qədim  Romaya  müraciət  etmiş, 
onun çiçəklənməsinin və süqut etməsinin səbəblərini araşdırmış, hər kəs öz dövrünün 
problemlərinə  də  məhz  bu  tarixdə  cavab  axtarmışdır.  Doğrudan  da,  Romanın 
salnaməsi  okeana  bənzəyir,  burada  xırda,  içində  mirvari  gizlədən  dəniz  ilbizi 
balıqqulaqlarından  tutmuş,  qəzalara  qərq  olmuş  iri  gəmilərin  qalıqlarına  qədər,  hər 
şeyi tapmaq  mümkündür. Qədim dövrlərin mərcan cəngəlliklərində tarixin qoruyub 
saxladığı hər cür canlılara rast gələ bilirsən. Yəqin ki, İntibahdan sonrakı Avropanın, 
ötən  Orta  əsrləri  -  tarixin  bu  qaranlıq  dövrünü  məhkum  etməsi  ilə  yanaşı,  iti 
baxışlarını  antik  dünyaya  dikməsi,  qədim  Yunanıstanı  və  Romanı  öyrənməyə 
girişməsi  təsadüfi  deyildi.  Renessans  elmi,  mədəniyyəti  və  ədəbiyyatı  inkişaf 
etdirmək üçün ilk növbədə bu nəhəng xəzinədən faydalanmağa başladı. Antik dövrün 
dərk  edilməsi,  adamların  şüurunu  orta  əsrlərin  mistizmindən  azad  edirdi,  onların 
reallığı  müşahidə  etməyə,  təbiəti,  cəmiyyəti,  insanın  özünü  öyrənməyə  girişməyə 
sövq edirdi. Antik fəlsəfi fikrin əsasında müasir fəlsəfə təşəkkül tapdı. Antik dövrün 
öyrənilməsi  təbiət  qanunlarının  dərk  edilməsinə,  onlardan  istifadəyə  şəriat  yaratdı. 
Bu  dövrün  dövlət  quruluşu  formaları  ilə  yaxından  tanışlıq  yeni  cəmiyyət 
münasibətlərinin,  idarə  etmə  prinsiplərinin  meydana  gəlməsinə  yol  açdı.  ABŞ-ın 


 

bani-ataları,  yeni  dövlətin  əsasını  qoyarkən  Roma  respublikasının  təcrübəsinə 
müraciət etmişdilər.  
Kiçik bir kəndli icmasından başlanğıcını götürən Roma bir qədər sonra qədim 
dünyanın ən güclü dövlətinə çevrilmiş, çox sayda yad ərazilər onun əyalətləri sırasına 
daxil olmuş, digərləri isə ondan asılı olan dövlətlər rolunu oynamaq məcburiyyətində 
qalmışdılar. Roma imperiyası özünün uzun ömürlüyü ilə, Makedoniyalı Aleksandrın, 
çox  körpə  yaşında  parçalanıb,  məhv  olan  imperiyası  ilə  heç  bir  müqayisəyə  girə 
bilməz. Ərazi etibarı ilə Roma dünyanın ən böyük imperiyalarından biri olmuşdur.  
Avropa  sivilizasiyasının  yaranmasında  və  formalaşmasında  bu  dövlətin  təsiri 
danılmazdır. Qədim romalılar İtalyan (Apennin) yarımadasını tədricən işğal etdikdən 
sonra,  öz  ərazilərini  bütün  Aralıq  dənizi  hövzəsinə  genişləndirirdilər,  öz 
imperiyalarını  Avropada  Atlantik  okeanının  sahillərinə  qədər  böyütdülər.  Onların 
işğalları təkcə ağalıq etməyə deyil, həm də çox sayda xalqları sivilizasiyalaşdırmağa 
imkan  verdi.  Bu  xalqlara  onlar  uzun  müddət  davam  edən  təsir  göstərdilər.  Bir  çox 
regionlara  latın  dili  və  Roma  hüququ  dərindən  nüfuz  etdi.  Bu  romalıların 
mədəniyyətinin  qeyri-adi  və  uzun  müddət  davam  edən  uğurlarının  təsadüfi  hal 
daşımamasına  parlaq  sübutdur.  Latın  dili  bir  sıra  Avropa  xalqlarının  dilinin 
yaranmasında  müstəqil  rol  oynamışdır.  Roman  hüququ  bu  elmin  yaranmasında, 
inkişafında mühüm rol oynamış, müasir hüquqşünaslığın bünövrəsini təşkil etmişdir.  
Qədim  Romanın  xarablıqları  belə,  antik  dövrün  zəngin  və  dəbdəbəli 
həyatından  xəbər  verir.  Bu  dövlətin  tarixi  heç  də  qurumuş  mumiyalar  sərgisi 
olmayıb, ehtirasları və coşqunluğu ilə insanı heyrətə salan cəmiyyətdən xəbər verir. 
Elə  bil  ki,  bu  əbədi  şəhərin  o  dövrlərdəki  abad  küçələrində  və  meydanlarında  baş 
verən  canlı  hadisələrin  şahidi  olursan,  çoxlu  tanış  sifətləri  seyr  edirsən.  O  dövrdə 
cərəyan edən hadisələr elə bil ki, bu gün dünyada baş verən kataklizmlərlə səsləşir. 
Ona  görə  də  Roma  əhvalatları  bəşəriyyətin  təkcə  keçmişindən  deyil,  yüksəkliyi  və 
rəzilliyi, nəcibliyi və dəhşətləri, harınlığın yekrəngliyi və bədbəxtliyin rəngarəngliyi 
ilə, həyatın dinamikası və təzadları ilə həm də bu gündən xəbər verir.  
Romalılar,  incəsənət  sahəsindəki  yaradıcılıqları,  elmi  axtarışları  və  ya  fəlsəfi 
fikir  meydanındakı  nailiyyətləri  ilə  sələfləri  olan  qədim  yunanlarla  müqayisədə  çox 
uduzurlar.  Lakin  onlar  öz  doğma  torpaqlarına  möhkəm  vurğunluğa  və  inzibati 
təşkilatçılıq məsələsində xüsusi qabiliyyətə malik idilər. Başlanğıcda kəndli və əskər 
xalq olan romalılar yunan polisi timsalındakı şəhər sivilizasiyasına yüksəlməyə qadir 
oldular. İncəsənət və müdrikliyə yiyələnməkdə romalılar yunanların varisləri olmaqla 
yanaşı, siyasi dühası, düşüncə tərzi və nümunəvi dindarlığı bu xalqa belə bir möhkəm 
inam  vermişdi  ki,  guya  onlar  allahlar  tərəfindən  dəstəklənir  və  idarə  olunurlar.  Bu 
onlara,  işğal  edilmiş  ərazilərdəki  xalqları  özündən  aralı  məsafədə  saxlamaq,  bu 
xalqların  həyatında  və  inkişafında  bir  işğalçı  kimi  iştirak  etmək  əvəzinə,  möhkəm 
quruluşa malik olan imperiya yaratmağa imkan verdi. Xalqlar və irqlər arasında heç 
bir maniə səddi ucaldılmadı. Həmin xalqlar isə bunlan xeyli mədəni və maddi fayda 
götürmək  imkanı  əldə  etdilər.  Lakin  quldarlıqsız  yaşaya  bilməyən  bu  cəmiyyətin 
özünə  məxsus  ciddi  qüsurları  və  naqis  cəhətləri  də  var  idi.  Bunları  nəzərə  almaqla 
belə, balans romalıların xeyrinə pozitiv olaraq qalır. Ona görə də müasir adamların 
gözləri qarşısında Qədim Roma Qərb dünyasının müəllimi kimi canlanır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə