Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə22/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   18   19   20   21   22   23   24   25   ...   159

93

N A D İ R   Ş A H   Ə F Ş A R

Əgər anası olmasaydı, o çoxdan hansı yolla olursa-

olsun, qaçmağa təşəbbüs edərdi, bəlkə də, Xorasanın 

yaşıl və  kələ-kötür düzənlərində artıq dəstə başçısı 

idi. Ya da, Əbivərd hakiminin sarayında qulluq edir-

di.

Bir gün axşam ana-bala tək olanda Gövhərbəyim 



ana dedi:

– Nadir, gözümün işığı, mən daha ölürəm. Fələk 

Xorasan həsrətimə çalın-çarpaz düyün vurub. Əcəl 

məni haqlayıb. 

Nadir ağzını açıb nəsə demək istəsə də, anası əli 

ilə ona susmağı işarə edib, güclə nəfəs ala-ala dedi:

– Bala, mənim dərdim sağalmaz dərddi! Bu cür 

yarıdiri, yarıölü kimi yaşamaqdansa, elə ölmək yaxşı-

dır. Diqqətlə sözlərimə qulaq as.

O, əlindəki nazik dəridən tikilmiş ağır bir kəməri 

oğluna uzadıb dedi: 

– Al bunu, belinə bağla. 

Nadir kirimişcə  kəməri aldı, hiss elədi ki, içində 

nəsə var. Ağlına gəldi ki, yəqin qızıldır. Və  həmin 

dəqiqə  xəyalında Xorasana tərəf yel kimi çapan üç 

at lı canlandı. Bu atlılardan biri onun özü idi. Ürəyi 

özündən də, dördnala çapan atından da qabağa – 

ana yurduna gedirdi. «Bu qədər itaətkar olduq yetər, 

getmək zamanı çatıb daha…» – deyərək kəməri şalva-

rının altından belinə bağladı. Qeyri-ixtiyari gözləri ya-

şardı. Onun nə vaxtsa ağladığı yadına gəlmirdi. Hətta 

balaca vaxtı  dəcəllik edərkən atası onu sillələyəndə 

belə, ağlamamışdı. 

Anası dedi:




94

S O N U N C U   FAT E H

– O iyirmi qızıl dinarı atan mənə vermişdi. Bili -

rəm, mən öləndən sonra səni daha burada saxlamaq 

çə tin olacaq. At alarsan, qardaşını da tərkinə götü-

rüb qaçıb gedərsən. Bilmirəm, indi bizim eldə-obada 

qohum-qardaşdan sağ-salamat qalan varmı? Amma 

ora dönün! Maşallah, görürəm, hər ikiniz böyük oğlan 

olmusunuz. Neyləyim ki, qəribin boyu uzun, dili qısa 

olur… Bu pullar sənə lazım olar. Nə istəsən, alarsan, 

öz işindir. Amma məni unutmazsan. Nə vaxtsa gəlib 

sümüklərimi buradan çıxarıb, öz qəbiristanlığımızda 

– atanın yanında basdırarsan. Xudam sizi darda qoy-

masın. İbrahimi də çağır gəlsin!

Gövhərbəyim ana bayatı demək istədi. Dodaqları-

nın ucunda söz çağladı…



Dağlara dolu düşər,

At gələr, nalı düşər.

Qəbrimi yol üstə qaz,

Vaxt gələr, yolun düşər…

İbrahim otağa girəndə Nadir ağlayırdı. Çünki anası 

son kəlmələri deyib, gözlərini yummuşdu. İbrahim də 

«Ana! Ana!» – deyib fəryad qopardı, qardaşına sarılıb 

göz yaşı tökdü. Nəhayət, hadisədən hamı xəbər tutdu. 

Buxaralı  Qəmbər gəlib bir əlini  fikir aləminə  qərq ol-

muş Nadirin, bir əlini də İbrahimin çiyninə qoydu:

Allah rəhmət eləsin, – dedi. – Ölüm Allahın 

əm ridir.  Ananızın cənazəsini necə lazımdır, elə  də 

götürəcəyik. 

Doğrudan da, Buxaralı Qəmbərin bütün qonşula-

rı, qohum-əqrəbaları  yığışıb gəldilər. Dini ayindən 




95

N A D İ R   Ş A H   Ə F Ş A R

sonra meyiti tabuta qoyub, qəbiristanlığa sarı yol-

landılar. Tabutu qabaqda – Nadirlə  İbrahim, arxada 

– Əmirqulu ilə Kəramət çiyinlərində aparırdılar.

Yalnız axşama yaxın – dəfn mərasimi qurtaran-

dan sonra gəlib evə çatdılar. On yeddi yaşlı Nadirin 

iri qara gözləri kor quyu kimi qupquru idi...

Hərdən qulaqlarında sehrkar Həsənəlinin söz-

lə ri  əks-səda verirdi: «Bəxti gətirsə də, gətirməsə də, 

bədbəxtliyi yaddan çıxarmasın… Bədbəxtliyi, bəd-

bəxt liyi…».

Gecə xeyli oturdular, molla o ki var, ibrətamiz 

söhbətlər danışdı, ancaq Nadir artıq heç nə eşitmirdi, 

qulaqları anasının səsi-avazı ilə dolmuşdu...

O, ağzına heç nə vurmurdu. Bütün günü həyətdə 

kətil üstə oturub, gözlərini məchul bir nöqtəyə 

zilləyib, qardaşını qucaqlamışdı. Əmirqulu ilə Buxa-

ralı Qəmbər hərdənbir ona yaxınlaşıb nə qədər təkid 

etsələr də, o, üç gün heç nə yeyib-içmədi.

On altı yaşlı Zöhrə  də  kənardan ona baxıb ağla-

yırdı. Anası qıza nə qədər acıqlansa da, o yenə özünü 

xəlvətə salıb, göz yaşı axıdırdı. Anası hirslənib:

– Əgər mən ölsəm, heç bir gilə də gözündən yaş 

çıxmaz, – deyirdi.

Nəhayət, Gövhərbəyim ananın yeddisi çıxdı, göz 

yaşı ilə dolu günlər arxada qaldı. Anasının ölümündən 

sonra Nadir əvvəlkindən də çox fikirli olmuşdu. 

Amma nə  qədər  fikirli olsa da, hiss edirdi ki, belinə 

böyük bir sərvət bağlayıb. Onun da, qardaşının və 

Əmirqulunun da nicatı həmin qızıl dinarlardan ağıllı-

casına bəhrələnməkdən asılıdır. 




96

S O N U N C U   FAT E H

Bu üç boylu-buxunlu cavan oğlan Buxaralı Qəm-

bərin bütün işlərini görürdülər. İnsafən, ailədə də on-

ları övladlarından fərqləndirmirdilər. Amma qəribə 

də olsa, anasının vəfatından sonra Buxaralı  Qəmbər 

Nadirlə Əmirqulunu çölə göndərəndə yenə ayaqları-

nı kündələmək istədi. Amma hər iki cavanın sərt eti-

razını görüb:

– Yaxşı da, qoy siz deyən olsun, – dedi. 

Bir gün Əmirqulu ilə Kəramət çölə getmişdilər. Na-

dir isə İbrahimə kömək etmək məqsədilə evdə qalmış-

dı. Buxaralı Qəmbərlə arvadı da bir-birilərinə qoşulub 

harasa getmişdilər. Nadir işini görüb qurtarandan son-

ra, qapının ağzında oturub xəyala getmişdi ki, birdən 

Zöhrə  gəlib onun əlindən tutaraq içəri dartdı. Nadir 

hiss etdi ki, ürəyi gup-gup döyünür. Zöhrə onu çarpa-

yıya tərəf aparıb, öpüşlərə qərq etdi. Nadir hər vəchlə 

özünü saxlamağa çalışırdı. Bilirdi ki, bu necə təhlükəli 

bir oyundur və Buxaralı Qəmbər bilsə, dərhal onu öz 

qızı ilə evlənməyə məcbur edər. Evlənəndən sonra da 

ki, qaçmaq fikri yəqin yavaş-yavaş beynindən çıxar…

Nəhayət, o Zöhrəni saxlayıb dedi:

– Dayan, mənə qulaq as. Qorxmursan, səndən bö-

yük bacıların xəbər tutar, özünü də, məni də  bəlaya 

salarsan?

Zöhrə dedi:

– İkisi də toya gedib, evdəkilər də uşaqdır, özü də 

yatıblar. 

– Onda qulaq as, gör nə deyirəm…

Zöhrə onun qucağından düşüb, yanında oturdu. 

İri, qara gözlərini üzünə zillədi. Nadir dedi:




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə