və texnikası ilə dinc əhaliyə divan tutulması, Xocalı faciəsinin törədilməsi,
Azərbaycanın sərhədlərində edilən təcavüz və ümumiyyətlə
respublikamızda baş verən ictimai-siyasi hadisələr barədə həqiqəti
krasnoyarlılara çatdırmağa, informasiya blokadasını yarmağa çalışır.
Cəmiyyətin üzvləri müxtəlif mədəni tədbirlərlə yanaşı, respublikamıza,
xüsusən milli ordumuza maddi yardım etmiş və bu işi davam etdirmək
sahəsində geniş fəaliyyət göstərirlər.
“AZƏRİ” CƏMİYYƏTİ
(Tomsk)
“Azəri” Cəmiyyəti 1990-cı ilin mayında uzaq Sibirin Tomsk
şəhərində yaranmışdır. Sədri Elman Yusifovdur. Vilayətdə on minə yaxın
azərbaycanlı yaşayır. Onlar əsasən tələbələr, fəhlələr, biznesmenlər,
həkimlər və hərbçilərdir. Tomskdakı azərbaycanlıların bir-biri ilə
əlaqələrinin möhkəmlənməsində Bakıda 1990-cı il qanlı yanvar hadisələri
güclü təsir göstərmişdir. Cəmiyyətin üzvləri vilayətdə Azərbaycan
haqqında həqiqəti yaymağa çalışır. Televiziyada ayda bir dəfə
“Musulmanskiy vestnik” adlı verilişdən istifadə edərək Azərbaycanda
demokratik prosesləri işıqlandırır, Qarabağ hadisələri ilə bağlı mətbuat
orqanlarında məqalələr çap etdirir, erməni təcavüzkarlarının haqsız torpaq
iddialarına düşdüklərini tarixi dəlillərlə, tutarlı faktlarla göstərməyə çalışır,
ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşilikləri ifşa edirlər.
Azərbaycan xalqının apardığı müharibəyə, xüsusən Qarabağ el yardımının
təşkilində Cəmiyyət xeyli iş görür.
Cəmiyyət vilayətdə yaşayan azərbaycanlıların vətən torpağı ilə
əlaqələrinin möhkəmlənməsinə çalışır. Bu məqsədlə milli mənliyin,
mənəvi varlığın qorunub saxlanılması, yeniyetmələrin vətənə məhəbbət
ruhunda tərbiyəsi ilə əlaqədar tədbirlərin keçirilməsində fəallıq göstərir,
Milli bayramlar, xüsusən Novruz bayramı hər il lazımınca qeyd olunur,
poeziya axşamları keçirilir, görüşlər təşkil olunur.
“BABƏK” AZƏRBAYCAN CƏMİYYƏTİ
(İvanovo)
Rusiya Federasiyasının vilayət mərkəzi İvanovo şəhərində fəaliyyətə
başlayan “Babək” Azərbaycan Cəmiyyəti 1988-ci ildə yaranmışdır.
Cəmiyyətin ilk yaradıcıları İvanovo mühəndis inşaat institutunun tələbələri
olmuşlar. Cəmiyyət öz fəaliyyətinə İvanovo şəhərində Azərbaycan
günlərinin keçirilməsi ilə başlamışdır. Ermənistandan öz torpaqlarını tərk
etməyə məcbur olan azərbaycanlı qaçqınların ilk dəstələri gəlməyə
başladığı günlərdə Cəmiyyət qaçqınlar fonduna pul vəsaiti toplanılmasında,
həmin vəsaitin Bakıya çatdırılmasında fəal iştirak etmişdir. Bakıda 1990-cı
il faciəli yanvar hadisələri baş verən zaman Cəmiyyətin üzvləri bu barədə
əhaliyə obyektiv informasiyanın çatdırılması üçün mümkün olan bütün
vasitələrdən istifadə etmişlər. Cəmiyyət öz fəaliyyətində iki respublika
arasında iqtisadi, siyasi və mədəni əlaqələrin genişlənməsinə, milli
mədəniyyətimizin həmvətənlərimiz arasında təbliğinə çalışır.
“DOSTLUQ” CƏMİYYƏTİ
(Koqalım)
Tümen vilayətinin Koqalım şəhərində yaşayan azərbaycanlıların
“Dostluq” Cəmiyyəti 1991-ci ilin fevralında qeydiyyatdan keçərək
fəaliyyətə başlamışdır. Sədri Faiq Ağayevdir. Cəmiyyət öz əsas məqsədini
vətəndə uzaqda yaşayan soydaşlarımız arasında sıx əlaqə yaratmaqda,
azərbaycanlılarla başqa millətlərin dostluğunu, qarşılıqlı münasibətlərini
möhkəmləndirməkdə görür. Cəmiyyətin əsas bir məqsədidə
Azərbaycanla hərtərəfli mədəni və mənəvi əlaqələr yaratmaqdır.
Cəmiyyətin üzvləri Azərbaycandakı hadisələr, ermənilərin torpaqlarımıza
təcavüzü, vəhşilikləri barədə koqalımlılara məlumat vermək üçün
videofilimlər, kassetlər, fotosənədlər nümayiş etdirirlər. Eyni zamanda
“Koqalımski raboçi” və “Neftyanik Koqalıma” qəzetlərində çıxış edirlər.
Cəmiyyətin üzvləri Xocalıda, Laçında baş verən hadisələrə həsr edilmiş
etiraz mitinqləri keçirmiş, Azərbaycan Milli Müdafiə Nazirliyinin fonduna
xeyli məbləğdə pul köçürmüşlər. Cəmiyyət Qarabağ torpağında gedən
müharibə barədə müntəzəm, etibarlı məlumat almaq üçün Azərbaycanın
“Qarabağ Nicat Cəmiyyəti” ilə əlaqə yaratmışdır.
“NİZAMİ” AZƏRBAYCAN MƏDƏNİYYƏT
CƏMİYYƏTİ
(Yekaterinburq)
“Nizami” Azərbaycan Mədəniyyət Cəmiyyəti 1990-cı ildə
yaranmışdır. Cəmiyyətin yeddi minə kimi üzvü vardır. Yeddi nəfərdən
ibarət idarə heyəti Cəmiyyətin fəaliyyətinə rəhbərlik edir. Sədri Malik
Nağıyevdir. Cəmiyyətin əsas fəalları müxtəlif istehsal sahələrinin, müxtəlif
ixtisasların, sənət və peşə sahiblərinin, tələbələrin nümayəndələridir.
Cəmiyyətin üzvlərini bir amal birləşdirir: milli mədəniyyətimizi, irsimizi,
tariximizi, adət-ənənəmizi tanıtmaq, qoruyub saxlamaq və təbliğ etmək.
Cəmiyyət “Qarabağ” ansamblı yaratmış, futbol komandası təşkil etmişdir.
Cəmiyyət Azərbaycan Mədəniyyət Nazirliyi Respublika Mədəniyyət
Fondu, Xalq Təhsili Nazirliyi ilə əlaqə yaratmışdır. Cəmiyyətin nəzdində
Azərbaycan xalq mədəniyyəti universiteti təşkil edilmişdir. Şəhər
qəzetlərində Cəmiyyətin üzvlərinin məqalələri dərc edilir. Cəmiyyət
Azərbaycanda gedən ictimai-siyasi proseslər, demokratik dəyişikliklər,
erməni təcavüzünə qarşı mübarizə haqqında həqiqəti yaymaq sahəsində öz
işini istiqamətləndirir.
“OZAN” MƏDƏNİYYƏT MƏRKƏZİ
(Samara)
Samara şəhərində fəaliyyət göstərən “Ozan” mədəniyyət Mərkəzi
1990-cı ildə yaradılmışdır. Sədri Elmar Rəsulovdur. Samara vilayətində 40
mindən artıq soydaşımız yaşayır. Mərkəzin əsas vəzifələrindən biri
həmvətənlərimizi bir təşkilat ətrafında birləşdirmək, onların ictimai-siyasi
fəallığını artırmaq, milli mədəniyyətimiz və adət-ənənələrimizi qoruyub
saxlamaq, siyasi və mədəni həyatında baş verən dəyişikliklərə Samara
şəhərində və vilayətin digər yerlərində yaşayan azərbaycanlıları müntəzəm
olaraq tanış etməyi, erməni təcavüzünə məruz qalan xalqımıza maddi və
mənəvi kömək göstərməyi də öz əsas vəzifəsi hesab edir. Mərkəzin ayrıca
kitabxanası var və Azərbaycandan müxtəlif qəzet və jurnallar alır.
Dostları ilə paylaş: |