13
MƏKTƏB İLLƏRİNİN XATİRƏLƏRİ
Yeddi yaşının tamam olmasına on alti gün qalanda orta
məktəbə getmişdi. Amma artıq həriflərin hamısını tanıyırdı.
Beş yaşından sonra nənəsi, sonra da anası hərifləri
öyrətmişdi ona. Atası ehtiyatda olan zabit kimi Rusiyada
toplanışda olanda ağlayıb, anasına demişdi ki, mən də atama
məktub yazmaq istəyirəm. Ana da məcbur olmuşdu, onun
cızma-qaralarını konvertə qoyub məktub adıynan atasına
göndərmişdi. Bu oğul “məktubundan” qərib yurdda atası nə
qədər sevinmişdi, bunu Elçin sonralar hiss elədi. Bəlkə də o
“məktub” o vaxta qədər kişiyə gələn ən qiymətli məktub
kimi ürəyinin bir guşəsinə yazılmışdı. Az iş deyildi, beş-altı
yaşında oğul balası ona məktub yollamışdı... Barat sonralar
danışacaqdı, deyəcəkdi ki, o məktubdan sonra qərib yurdda
necə qaldım, heç özüm də bilmədim. Bir ayağım
Azərbaycana, Şuşaya tərəf sürünürdü...
Bütün məktəb bu balaca, çəlimsiz uşağın istedadından
danışırdı. Hələ bir az da şişirdib, onun haqqında qəribə söz-
söhbətlər edirdilər.
-Xəbərin var Baratın oğlundan?
-Hə, eşitmişəm, deyirlər, maşallah, indidən vurma
cədvəlini əzbər bilir.
-Nə vurma cədvəli, vurma cədvəlini Cahangirin oğlu da
bilir də. Deyilənə görə, bu uşaq dördüncü, beşinci sinif
uşaqlarının məsələ, misallarını həll edir.
-Qablarında var də...
14
Məktəb partasına heç də çətinliklə öyrənmədi. Uşaqlar
var idi ki, ağlayırdılar, analarını, atalarını istəyirdilər, evə
getmək üçün yüz bəhanə quraşdırır, hətta, xəstələndiklərini,
qızdırma içində olduqlarını deyib, müəllimi aldatmaq
istəyirdilər. O, belə uşaqlara gülürdü. Yeri gələndə hələ
onları tənbeh də edirdi.
- Utanmırsınız, adam da yalan danışar? Məktəbdən iraq
düşən uşaqların bilirsiniz sonu necə olur? Bax, o bazarda yük
daşıyan qıvrımsaç hambal kimi. Oxumayan uşağın gələcəyi
olmur.
Bu sözləri atasından eşidib, yadında saxlamışdı.
Ümumiyyətlə, atasının hər kəlamını məlhəm kimi sinəsinə
çəkir, sonra beyninə həkk edib, müdrük kəlamlar kimi
yaddaşında saxlamaq istəyirdi. Bütün uşaqlar atalarını
hamıdan güclü bilərlər axı. O, həm də atasını bütün
kişilərdən ağıllı kişi hesab edirdi. Düzdür, bunu dilinə
gətirmirdi, uşaqlara demirdi, bilirdi ki, desə, yan-yandan
etirazlar gələcək, hər uşaq deyəcək, mənim atam ağıllıdır.
Amma ürəyində bunu yüz dəfə, min dəfə təkrar-təkrar
təsdiqləyirdi. Heç anasına da demirdi bu barədə. Düşünürdü
bəlkə anası onun bu sözlərindən qısqanar. Baxmayaraq ki,
söhbət atalardan gedirdi. Bir də nəyə görəsə utanırdı bu sözü
dilinə gətirməyə. Ən çox da atasının özündən. Dünya
dağılsaydı belə bu sözləri atasının üzünə deyə bilməzdi.
Uşaqlar arasında belə boş-boş mübahisələr olanda, o, bir
qırağa çəkilib, kitablarına baxırdı. Yox, buna baxmaq demək
olmazdı. Oxuyurdu. Sinifdə hamıdan yaxşı oxuyurdu. Hər
oxuduğunda bir məntiq axtarırdı. Hərdən məqam düşəndə
müəllimi sual atəşinə tuturdu. Bəzən elə suallar verirdi ki,
müəllimin özü də çaş-baş qalırdı. Bu suallardan özünü
itirməmək
üçün
müəllim
bütün
gücünü,
pedoqoji
qabiliyyətini işə salmalı olurdu.
15
-Müəllim, el üçün ağlayan göz niyə kor olur?
-O nə sözdü, Elçin?
-Bax, kitabda yazıblar.
-Bilirsən... yəni... hər halda, el üçün ağlamaq lazımdı.
-Bəs onda kitabda düz yazmayıblar?
-Yox, bala, əstafürulla, kitabda yalan şey yazmazlar.
Sadəcə, bunu anlamaq üçün hələ sənin yaşın çatmır.
Day bir söz demirdi Elçin. Müəllimin bu sözündən sonra
nə deyəydi? Axı atası demişdi, müəllimlər də valideynlər
qədər müqəddəsdirlər. Belə deyirdisə, demək, bu sözün
içində bir məna var.
Bu kəndə köçdükləri hələ yeni idi. Ağdamın bu kəndinə,
Əhmədavara hələ isinişə bilmirdilər. Bu yerlər, ağaclar, bağ-
bağçalar, adamların özləri də onlara qərib kimi görünürdülər.
Elçinə qalsaydı, heç Malıbəylidən, nənəsinin yanından
buraya gəlməzdi. Elə orda qalıb, orda da oxuyardı. Bunu bir
dəfə məktəblərin açılmasına on beş, iyirmi gün qalanda
kövrələ-kövrələ anasına da dedi:
-Ana, olarmı mən Malıbəylidə qalım?
-Niyə ki, bala?
-Axı nənəm mənsiz darıxar.
-Biz də burda sənsiz darıxarıq. Nənən altı il səni yanında
saxlayıb, doyunca görüb, boyunu oxşayıb, qoy biz də altı il
görək, sonra baxarıq.
Malıbəylinin ağacı, budağı, döngəsi, dağı-dərəsi bir
yana, uşaqları üçün yaman qəribsəyirdi. Hərdən lap
burnunun ucu göynəyirdi onlar üçün. Demək olar ki, o
uşaqlarla yayı, qışı bir yerdə olmuşdu. Yaylaqda yaylaq,
qışlaqda qışlaq yoldaşı olmuşdular. Ara-sıra yuxusuna da
girirdi o uşaqlar. Yuxudan ayılıb həzincə yorğanının altında
ağlayırdı. Ona ağır gələn bir də bu kənddə olan uşaqların ona
qonaq, qərib kimi baxmaları idi. Hərdən istirahət günləri
16
anası onu Malıbəyliyə gətirəndə, uşaq quş kimi qanad açıb
uçmaq istəyirdi. Bu kənddə olacağı az müddətin bir anının da
fövtə vermək istəmirdi. O uşağın dalınca gedir, bu uşağı
səsləyir, öyrəndikləri yerlərdə gəzib dolanır, tanış ağaca,
budağa, daşa, qayaya sığal çəkməyi də yaddan çıxarmırdı.
Bununla sanki uşaq onlardan üzrxahlıq diləyir, bir növ
onların qarşısında “günahını” yumağa çalışırdı. Malıbəylidən
aralanmağa az qalanda isə... Elçinin sifətinə qəribə, çox
qəribə qəm haləsi çökərdi.
Amma zaman aramla hər şeyi yönünə qoyur. Yavaş-
yavaş Əhmədavara öyrənirdi. Yavaş-yavaş Əhmədavarın
uşaqlarına uyuşurdu. Yavaş-yavaş məktəb yoldaşlarına
yovuşurdu. Az müddətdə nəinki Əhmədavarda, bütün
Ağdamda özündən söz etdirməyə başladı. Rayonda keçirilən
fənn olimpiadalarına hər dəfə Elçini göndərirdilər. O da
rayon
mərkəzindən
üzüağ
qayıdırdı.
Belə
anlarda
müəllimlərinin üzündə qəribə bir təbəssüm, gözlərində işıq
görürdü Elçin. Nəinki sinif yoldaşları, bütün məktəbin
şagirdləri ona həsədlə baxırdılar. Hələ paxıllığını çəkənlər də
tapılırdı. Bir dəfə öz qulağı ilə eşitmişdi, bir şagird o biri
şagirdə demişdi ki, necə olur bu Malıbəylidən gələn hər şeyi
bilir, biz heç nəyi bilmirik?! Məktəbin üzünü ağ elədiyinə
görə müəllimlər onu çox istəyirdilər. Hər tədbirdə onu başa
çəkirdilər. Ancaq bütün bunlardan qürrələnmir, öyünmür, öz
işi-gücü ilə məşğul olurdu. Öz iş-gücü isə məktəb aylarında
ancaq oxumaqdan ibarət olurdu. Başqa işlərə o qədər də baş
qoşmurdu. Daha doğrusu, atası onun gələcəyindən nəsə
gözlədiyinə görə, başqa işlərlə başını qatmaq istəmirdi.
Amma canında o qədər enerji, işləmək həvəsi vardı ki,
hərdən gözdən yayınıb, bəzi ev işlərinə də əl yetirirdi.
Aydan-aya,
rübdən-rübə
püxtələşirdi
bu
uşaq.
Püxtələşdikcə savadı çoxalır, savadı çoxaldıqca çətin,
Dostları ilə paylaş: |