Prezident: “Maliyyə vəziyyətimiz kifayət qədər möhkəmdir” İstehlak bazarında monitorinq: nazirlik cəzalar tətbiq edəcək


Bankların bağlanması davam edəcəkmi?



Yüklə 402,37 Kb.
səhifə17/17
tarix04.02.2018
ölçüsü402,37 Kb.
#23643
1   ...   9   10   11   12   13   14   15   16   17



Bankların bağlanması davam edəcəkmi?


13.07.2015

bankİqtisadçı Samir Əliyev Mərkəzi Bankın iki bankı cəzalandırmasını şərh edib. Transparency.az-a danışan ekspert deyib ki, “EvroBank” ASC-nin bank lisenziyasının ləğvi, “Azərbaycan Kredit Bankı” ASC-yə isə müvəqqəti inzibatçı təyin edilməsi gözlənilən idi: “Bu banklar məcmu kapitalın 50 milyon manata qaldırılması ilə bağlı normativə əməl edə bilməyib. Əslində həmin bankların fəaliyyəti yanvar ayından dayandırılmalı idi. Ancaq ötən ilin sonlarından bank sektorunda gərginliyin artması Mərkəzi Bankı qərar verməkdən çəkindirdi. Hesabatlarda da 5 bankın ləğvetmə prosesində olduğu görünürdü. Onların 4-nün məcmu kapitalı 50 milyon manatdan az idi”.

Samir Əliyev deyib ki, banklarla bağlı qərar mövcud böhranla bağlı deyil: “Hazırkı böhrandan zərbə almış bankların taleyi ilə bağlı qərarlar barədə sonra xəbər tutacağıq. İndi hökmü oxunan iki bank kiçik banklardır. Bazar payları heç 1 faiz deyil. “EvroBank” ASC Əmanətlərin Sığortalanması Fondunun da üzvü deyildi. Filialı da yoxdur. Düşünürəm ki, “Azərbaycan Kredit Bankı” ASC-nin də gələcək taleyi “EvroBank” kimi olacaq, ya lisenziyası əlindən alınacaq, ya da başqa banka birləşdiriləcək”.

Ekspertin fikrincə, digər bir neçə bankın da bağlanmaq təhlükəsi var: “Ümumən götürəndə Mərkəzi Bankın konsolidasiya prosesinə start verdiyini söyləmək olar”.

Mərkəzi Bankın qərarları barədə şərh yayan iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib ki, “EvroBank” fəaliyyətsiz bank idi və onun lisenziyasının geri alınması ilə bağlı qərar formal xarakter daşıyır: “Bu bank artıq xeyli müddətdir ki, ən adi bank funksiyalarını belə yerinə yetirmirdi, müştərisiz bank kimi tanınırdı. Söhbət xeyli müddət öncə müflis olmuş bankın rəsmi olaraq bağlanmasından gedir.

“Azərbaycan Kredit Bankı”nın isə minimum məcmu kapitalla bağlı öhdəliklərin yerinə yetirilməsində çətinlikləri var idi. Bank minimum məcmu kapitalını keçənilki 5,8 milyon manatdan bu ilin aprelinə 49 milyon manata çatdırsa da, Mərkəzi Bank tavanına əməl edə bilmirdi. Eyni zamanda bankın idarə edilməsində, xüsusən də risk menecmentində problemlərin olduğu istisna edilmir. Buna görə də bu bankın fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul olunub”.

Ekspert hesab edir ki, Mərkəzi Bankın qərarları bank sektoruna ciddi təsir göstərməyəcək, amma gələn ilin əvvəllərinədək daha 3 bankın fəaliyyəti məhdudlaşdırıla bilər: “Sektordakı mövcud vəziyyəti nəzərə alaraq Mərkəzi Bankın konsolidasiyaya çalışması və zəif bankların birləşdirilməsi prosesini stimullaşdırması daha məqsədəuyğun olardı”.


Ekspert: “Bank sektorunu ağır sınaqlar gözləyir”


13.07.2015

samir aliyev2Mərkəzi Bank iyulun 13-dən uçot dərəcəsini 3,5 faizdən 3 faizə endirib. Uçot dərəcəsinin dəyişməsinə əsas kimi qeyri-neft sektorunda iqtisadi artıma maliyyə dəstəyini gücləndirmək, kredit faizlərini azaltmaq, kiçik və orta biznesin maliyyələşməsini yaxşılaşdırmaq istəyi göstərilir.

Dərəcələrin dəyişməsi dövri olaraq baş verir. Uçot dərəcəsi sonuncu dəfə 2010-cu ilin oktyabrında indiki səviyyədə olub, 2011-ci ilin mayına kimi tədricən 5,25 faizə qədər qaldırılıb, sonra yenidən üzüaşağı gedib.

İyulun 13-dən uçot dərəcəsinin aşağı salınması kredit faizlərini azaldacaqmı? Transparency.az-a danışan iqtisadçı ekspert Samir Əliyevin fikrincə, bu suala müsbət cavab vermək mümkün deyil: “Uçot dərəcəsi dəfələrlə aşağı salınıb, ancaq bunun kredit bazarına təsir olmayıb. Məsələn, 2008-2009-cu illərdə uçot dərəcəsi 15 faizdən 2 faizə endirilsə də, kredit faizlərində azalma baş verməyib. Halbuki ABŞ, Avropa ölkələri və Yaponiyada uçot dərəcəsinin 0,25 faiz dəyişməsi bazarda canlanma yaradır. Azərbaycanda oxşar təsirlər baş vermir. Ona görə də Mərkəzi Bankın qərarı bu dəfə də kreditləri ucuzlaşdırmayacaq.

Mərkəzi Bank son illər mərkəzləşdirilmiş kreditlərin həcmini artırır. 2015-ci ilin 5 ayında belə kreditlər 3,2 milyard manatdan 4,2 milyard manata yüksəlib. Bu müddətdə ümumi kredit qoyuluşunda mərkəzləşdirilmiş kreditlərin payı 17 faizdən 21 faizə artıb. Bazara təsir etmək üçün kifayət qədər yüksək paydır. Ancaq təsir yox dərəcəsindədir. Çünki heç də bütün banklar bu kreditlərdən yararlana bilmir, Mərkəzi Bankın dəstəyi məhdud sayda banklar üçün əlçatandır”.

Ekspert deyir ki, bazarda kreditlərin ucuzlaşması müşahidə edilsə belə, bu, uçot dərəcəsinin azaldılması hesabına olmayacaq: “Artıq iki səbəb mövcuddur: tələbatın kəskin azalması, bankların dollar kreditlərinin faiz dərəcəsini azaltması və Mərkəzi Bankın birbaşa göstərişi nəticəsində faizlərin endirilməsi.

Birinci səbəb devalvasiya nəticəsində əmanət bazarının dollarlaşmasının fəsadlarıdır. İkinci isə inzibati metoddur və nəticəsi qısamüddətli olacaq.

Bank sektorunu qarşıda ağır sınaqlar gözləyir. Devalvasiyanın vurduğu yaralar sağalmamış inzibati göstərişlər güclənib, təzyiqlər artıb. Belə çox davam edə bilməz. Yaxın dövrlərdə filialların bağlanmasının, işçi heyətində ixtisarların və hətta bir neçə bankın bazarı tərk etməsinin (başqa banka birləşmə də ola bilər) şahidi olacağıq”.

Necə ipotekaya ehtiyac var?


14.07.2015

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 13 iyul iclasında ipotekaya dövlət qayğısının artırılacağını deyib: “Mən göstəriş vermişəm ki, bu ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən əlavə vəsait ayrılsın. Buna böyük ehtiyac var. Xüsusilə gənclər, digər kateqoriyalı insanlar. Onların həyat şəraiti yaxşılaşmalıdır. Hesab edirəm ki, ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən ən azı 200 milyon manat, bəlkə də çox vəsait verilməlidir.

Maliyyə Nazirliyi, Mərkəzi Bank bu məsələ ilə məşğul olurlar. Onlara müvafiq göstərişlər verilib. Bir müddətdən sonra mənə məruzə etsinlər ki, bu məsələ necə icra olunur. Bunun mexanizmi nədən ibarət olacaq? Burada iki yanaşma var. Ya verilən vəsaitə mövcud binalardan mənzillər alınacaq, ya da yeni binalar tikiləcək. Əlbəttə, tikinti sektorunu canlandırmaq üçün yeni binaların inşası daha da məqsədəuyğundur. Ancaq bu, bir qədər vaxt apara bilər. Ona görə biz bəlkə də bu iki yanaşmanın sintezini tətbiq etsək pis olmaz”.

rasad aliyev“Value and Sources” konsaltinq şirkətinin eksperti Rəşad Əliyev Transparency.az-a açıqlamasında xatırladıb ki, mövcud dövlət ipoteka proqramı ilə yalnız təkrar bazardan ev almaq olur: “Bu cür kreditləşmənin iqtisadi səmərəsi azdır. Kredit vəsaitləri az olduğundan həmişə bazarda ucuz mənzillərin alınmasına yönəlib. Nəticədə bazarda həmin mənzillərə tələbat artıb, qiymətlər də yuxarı həddə qalxıb.

İpoteka proqramının ilkin bazara, mənzillərin birbaşa tikinti şirkətlərindən alınmasına yönəldilməsi tikintilərin artmasına səbəb olacaq. Belə olan halda ipoteka proqramı üzrə ayrılan pullar iqtisadiyyatın real sektoruna yönəldiləcək. Real sektor isə sement və armatur istehsalçısından tikinti şirkətinə kimi gedən yoldur. Bu, iş yerləri, vergi ödəmələri və iqtisadi inkişaf deməkdir. Dövlətdən ipoteka proqramı çərçivəsində ilkin bazara, yəni yeni tikililərin alınmasına yönəldilən vəsaitlərin ən azı 20 faizi dövlət büdcəsinə vergi ödəmələri şəklində qayıdacaq.

Prezidentin çıxışından belə qənaətə gəlmək olar ki, dövlət tikinti sektorunun inkişafında maraqlıdır və vəsaitlərin ilkin bazara yönəldilməsini daha məqsədəuyğun hesab edir. Qısa müddətdə bu tam mümkün deyil, tikinti sektoru hazırlıq vəziyyətinə gətirilməlidir. Odur ki, hələlik təkrar bazarın imkanlarından istifadə edilməsi qaçılmazdır. Uzunmüddətli perspektivdə yeni tikililərə üstünlük veriləcəyi haqda siqnal da var. İndi təklif edilir ki, kreditlər həm təkrar, həm də ilkin bazara yönəldilsin. 200 milyon manatın qısa zamanda təkrar bazara yönəldilməsi ucuz mənzilləri kəskin bahalaşdıra bilər. Bu vəsaitə orta hesabla 5 min mənzilin alınmasını maliyyələşdirmək olar. Belə olan halda ev almaq istəyənlərin yox, ev satmaq istəyənlərin bayramı olacaq. Buna görə də ən çətin məsələ təkrar bazara yönəldiləcək vəsaitin həcminin müəyyənləşdirilməsidir. Vəsaitlərin coğrafi bölgüsü düzgün aparılsa (paytaxt və regionlar üzrə), qiymətlərə təsiri minimuma endirmək olar. Bunun üçün ayrılan vəsaitin ən çoxu 50 faizi təkrar bazara yönəldilməlidir və uzun zaman çərçivəsində olmalıdır.

Ancaq kredit vəsaitlərinin ayrılması ilə məsələ bitmir. İlkin ödəniş, əməkhaqqının səviyyəsi, faiz kimi məsələlər də öz həllini tapmasa, kredit vəsaitlərinin yerləşdirilməsində çətinliklər ola bilər”.

Rəşad Əliyev qeyd edib ki, bazardakı son durğunluğu çoxları neftin ucuzlaşması ilə əlaqələndirir: “Bəli, neftin qiymətinin düşməsinin təsiri olub, ancaq bazara mənfi təsir edən əsas amil daşınmaz əmlak bazarına yönələn pul vəsaitlərinin həcminin məhdudlaşmasıdır. Məhz bu səbəbdən devalvasiyadan sonra daşınmaz əmlak bazarında qiymət artımı baş tutmadı, qiymətlər qalxdı, sonra endi. Son günlər Mərkəzi Bankın iqtisadiyyatın stimullaşdırılması addımları atması haqqında anons verilir. Stimullaşdırma üçünsə pul kütləsinin artımı, müəyyən həddə inflyasiya və ucuz kreditlər tələb olunur. Dövlət ipoteka kreditləşməsinin və bankların kommersiya ipoteka proqramlarının bərpası mənzil bazarında aktivliyə təsir göstərə bilər. Dollar əmanətləri üzrə faizlərin aşağı düşməsi də daşınmaz əmlakın cəlbediciliyini artırar. Sadaladığımız amillər reallaşsa, qiymətlər sabitləşəcək, müəyyən artım nümayiş etdirəcək.

200 milyon manatlıq anonsun bazarda müvəqqəti spekulyasiyalar yaratmasını istisna etmirik. Vəsaitlər düşünülmüş şəkildə yerləşdirilməsə, müvəqqəti tələb ajiotajı yaranacaq və nəticədə daha çox satıcılar udacaq”.


İran razılaşması: Azərbaycan üçün risklər və fürsətlər


15.07.2015

natiq ceferliİranın nüvə proqramı ilə bağlı illərdir sürən danışıqlar bu həftə Tehranın 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin, Almaniya) və Avropa İttifaqı arasında yekun razılaşma ilə başa çatıb. Razılaşma Avropa İttifaqı və ABŞ-ın İrana qarşı iqtisadi sanksiyaları aradan qaldırmasını da nəzərdə tutur.

İqtisadçı ekspert Natiq Cəfərli İran razılaşmasının mümkün təsirləri barədə rəy yayıb. Transparency.az-ın məlumatına görə, ekspert yazır ki, İranla anlaşma Azərbaycana da ciddi təsir edəcək: “Yalnız neft-qaz bazarında uzun zaman ucuzluq olacağından söhbət getmir. İranın neft-qaz ehtiyatları Azərbaycanla müqayisəedilməz dərəcədə çoxdur. Azərbaycan dünya bazarına gündə 500 min barrel neft çıxarır, İran yaxın zamanda 5 milyon barrel çıxaracaq. Biz 2020-ci ildə Avropaya cəmi 10 milyard kubmetr qaz satmağı planlayırıq, İran o zamana qədər Avropaya 90-100 milyard kubmetr qaz çıxara biləcək.

İranın bazara girməsi Azərbaycanın geosiyasi və coğrafi önəmini ciddi zəiflədir, hətta hökuməti təhlükəli addımlar atmağa sövq edir. Bunun nümunəsi kimi Səudiyyə Ərəbistanı ilə yaxınlaşmağı göstərmək olar. Azərbaycan hökuməti Qərblə danışıqlarda enerji kartından çox istifadə etməyə çalışır, indi bu arqument də heç olur.

Amma hökumət normal sistem qura bilsə, İran anlaşması Azərbaycana ciddi fürsətlər pəncərəsi də açar. Əvvəla, Azərbaycan İran bazarına girmək istəyən Qərb və Şərq şirkətləri üçün baza, yol göstərən rolunu oynaya bilər. İkincisi, bizim şirkətlər İranı gözləyən tikinti bumunda iştirak edə bilər. Üçüncüsü, İranda bizim vətəndaşlar üçün iş yerləri yarana bilər.

Müəyyən risklər də var, sadəcə, normal, çağdaş ölkə qurmaq lazımdır ki, bu riskləri önləyəsən. Zaman itirsək, İranın əl-qolunun açılmasından ən çox Ermənistan qazanacaq”.

Ekspertlər Beynəlxalq Bankla bağlı fərmanı şərh edir


16.07.2015

Prezident İlham Əliyev Beynəlxalq Bankın dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması haqqında fərman verib. İyulun 15-də imzalanan fərmanda qeyd olunur ki, son illər bankın idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan riskli investisiya layihələrinin maliyyələşdirilməsi bankın maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına və likvidliyinin daralmasına səbəb olub, yaranmış vəziyyətin aradan qaldırılması, bankın maliyyə mövqeyinin bərpası və dayanıqlığının təmin edilməsi üçün problemli aktivlərin bankın idarəetməsindən çıxarılaraq ixtisaslaşmış quruma verilməsi zərurəti yaranıb.

Sənədə görə, Maliyyə Nazirliyi və Mərkəzi Bank on beş gün müddətində “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus problemli aktivləri müəyyən etməli və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılıb dövlətə məxsus “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının idarəetməsinə verilməsi üçün tədbirlər görməlidir.

Fərmana əsasən, “Aqrarkredit”in ABB-nin problemli aktivlərini alması və idarə etməsinin maliyyələşdirilməsi dövlət zəmanəti əsasında uzunmüddətli, aşağı faizli borc istiqrazlarının emissiya edilərək qiymətli kağızlar bazarında yerləşdirilməsi yolu ilə həyata keçiriləcək. ABB-nin restrukturizasiya və sağlamlaşdırılma tədbirləri başa çatdıqda onun nizamnamə kapitalında dövlətə məxsus səhmlərin özəlləşdirilməsi üzrə tədbirlər planı 6 ay müddətində hazırlanıb Azərbaycan prezidentinə təqdim ediləcək və özəlləşdirmə də bundan sonra başlayacaq.

Transparency.az-a danışan iqtisadçı ekspert Qubad İbadoğlu deyib ki, hələ mart ayında Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyev istefa verəndə özəlləşdirilmə haqqında fikirlərini mətbuatla bölüşüb: “Amma heç vaxt təsəvvür etməzdim ki, bu cür özəlləşdirmə modeli seçilsin. 15 iyul fərmanı ilə ABB-nin bütün problemli aktivləri və onun idarəçilik hüququ bank olmayan kredit təşkilatına verilib. ABB-nin kiçik bir filialı qədər dövriyyəsi olmayan “Aqrarkredit” QSC-yə böyük həcmli və ciddi problemli aktivlərin idarə edilməsi hüququnun verilməsini sağlam məntiqlə əsaslandırmaq mümkün deyil. İyul ayının əvvəlinə “Aqrarkredit” QSC-nin cəmi aktivləri 29 milyon 521 min manat olub. Bu təşkilatın ABB-nin yüz milyonlarla borcunu idarə edib geri qaytaracağı heç inandırıcı görünmür.

Həm də adətən dövlət mülkiyyətində olan müəssisələri sağlamlaşdırmaq üçün özəlləşdirirlər. Amma bizdə əksinə, bankın əvvəlcə sağlamlaşdırılması, sonra özəlləşdirilməsi nəzərdə tutulur. Bankın problemli aktivlərini ondan ayırıb idarəetmə hüququnu təcrübəsiz bir təşkilata vermək, sonra isə Azərbaycanın ən iri bankını borclardan qurtulmuş formada özəlləşdirməyin məqsədi artıq indidən bəllidir. Çox güman ki, bu bankı da “Kapital Bank”ın taleyi gözləyir”.

Ekspert qeyd edib ki, ABB-də əmanətləri olan fiziki və hüquqi şəxslərin sayı 800 mini ötüb: “Çox güman ki, bu qədər böyük müştəri şəbəkəsinə malik bankın özəlləşdirməyə hazırlanması ilə bağlı fərman onlarda müəyyən narahatlıq yaradacaq. Odur ki, Mərkəzi Bank bu istiqamətdə yarana biləcək ajiotajın qarşısını almaq üçün təcili bəyanatla çıxış etməli, ABB-də olan əmanətlərin taleyinə aydınlıq gətirməli və ona təminat verməlidir”.

Özəl açıqlama yayan iqtisadçı ekspert Samir Əliyev yazır ki, Beynəlxalq Bankın çox böyük problemləri var: “Əsas problemlər vaxtı keçmiş və problemli kreditlərlə bağlıdır. Təkcə bu bankın problemli kreditlərinin həcmi bütün ölkə üzrə digər problemli kreditlərin həcmindən çoxdur. Bankdan milyonlarla kredit götürüb qaytarmamış bəzi müştərilərdən həbs yolu ilə borcların bir hissəsi geri alınsa da, aktivləri tam xilas etmək mümkün olmayıb. Geri qayıdan vəsaitlərin həcmi barədə məlumatlar açıqlanmır, ona görə zərərli aktivlərin həcmi barədə dəqiq məlumat yoxdur. Ancaq ehtimal etmək olar ki, “Aqrarkredit” QSC-nin boynuna ən azı bir milyard manata yaxın zərərli aktiv yüklənəcək”.

Ekspert qeyd edir ki, bankın özəlləşdirməyə çıxarılması düzgün addımdır: “Amma indiki vəziyyətdə özəlləşdirmək onun dəyər-dəyməzə satılmasına, beynəlxalq reytinqinin aşağı düşməsinə gətirib çıxara bilər. Sağlamlaşdırmadan sonra isə bankı normal qiymətə satmaq mümkündür”.

6 ayın makroiqtisadi göstəriciləri


21.07.2015

komiteDövlət Statistika Komitəsi 2015-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini açıqlayıb. Transparency.az xəbər verir ki, rəsmi hesabata görə, müəssisə, təşkilat və fiziki şəxslər 2015-ci ilin yanvar-iyun aylarında 26,3 milyard manatlıq və ya ötən ilin müvafiq dövründəkindən 5,7 faiz çox ümumi daxili məhsul istehsal edib. Əlavə dəyərin 36 faizi sənayedə, 13,4 faizi ticarət, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahələrində, 12,5 faizi tikinti kompleksində, 5,8 faizi nəqliyyatda, 5,6 faizi kənd təsərrüfatında, 1,9 faizi rabitədə, 16,4 faizi digər sahələrdə yaradılıb.

Məhsula və idxala xalis vergilər ÜDM-in 8,4 faizini təşkil edib. Hər nəfərə düşən ümumi daxili məhsul istehsalı 2765,1 manat olub.

2014-cü ilin birinci yarısı ilə müqayisədə qeyri-neft sektorunda əlavə dəyər 9,2 faiz artıb. Sənaye məhsulu üzrə qeyri-neft sahəsində məhsul istehsalında 14,1 faiz artım olub. Neft-qaz sektorunda isə əlavə dəyər 1,3 faiz artıb.

Kənd təsərrüfatına gəlincə, rəsmi rəqəmlərə əsasən, iyul ayının 1-nə kimi qarğıdalı da daxil olmaqla 2,1 milyon ton payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərdən məhsul toplanıb, keçən ilin müvafiq dövrü ilə müqayisədə 320,9 min ton çox məhsul yığılıb.

Bu ilin yanvar ayının 1-i ilə müqayisədə son 6 ayda mal-qaranın baş sayı 0,4 faiz artaraq 2708,2 min başa, qoyun və keçilərin sayı 1,9 faiz artaraq 8807,6 min başa çatıb. Hesabat dövründə 2 faiz çox və ya diri çəkidə 225,1 min ton ət, 3,7 faiz çox, yaxud 963,7 min ton süd, 1,4 faiz çox, yaxud 779,4 milyon ədəd yumurta, 2,1 faiz çox, yaxud 15,3 min ton yun istehsal edilib.

Ötən ilin birinci yarısı ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 14 faiz, heyvandarlıq məhsullarının istehsalı 2,6 faiz, kənd təsərrüfatının ümumi məhsulu 7,3 faiz artıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2015-ci ilin yanvar-may aylarında ölkənin hüquqi və fiziki şəxsləri xarici dövlətlərlə 9350,0 milyon dollar məbləğində ticarət əməliyyatları aparıb. Əmtəə dövriyyəsinin 56,5 faizini və ya 5282,2 milyon dollarını ölkədən ixrac olunmuş mallar, 43,5 faizini (4067,8 milyon dollarını) isə idxal məhsulları təşkil edib, ixracın idxalı üstələməsi nəticəsində 1214,4 milyon dollar məbləğində müsbət saldo yaranıb. Yanvar-may aylarında qeyri-neft məhsullarının ixracı keçən ilin eyni dövrünün göstəricisini 24,4 faiz üstələyərək 732,1 milyon dollar olub.

Maliyyə Nazirliyinin hesabatına əsasən, 2015-ci ilin yanvar-may aylarında dövlət büdcəsinə 6,4 milyard manat vəsait daxil olub, büdcədən 7,3 milyard manat vəsait xərclənib, büdcənin icrasında yaranmış 905,8 milyon manatlıq kəsir ümumi daxili məhsulun 4,2 faizinə bərabər olub. Büdcə xərclərinin 3,7 milyard manatı iqtisadiyyatın inkişafına, 817 milyon manatı sosial müdafiə və sosial təminata, 753 milyon manatı isə təhsilə və səhiyyəyə yönəldilib.

2015-ci il iyun ayının 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 20,5 milyard manat ekvivalenti məbləğində kredit ayırıblar. Verilmiş kreditlərin həcmi 2014-cü il iyun ayının 1-i ilə müqayisədə 23,3 faiz artıb, onun 77,9 faizi və ya 16 milyard manatı uzunmüddətli olub. Kreditlərin 1,3 milyard manatının, yaxud 6,4 faizinin ödəmə vaxtı keçib. Əhalinin banklardakı əmanətlərinin məbləği məzənnə korreksiyası nəzərə alınmaqla ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 faiz artaraq 2015-ci il iyun ayının 1-nə 7,6 milyard manata çatıb.

Kim necə vergi ödəyir? (Ekspert iki rəqəmi müqayisə edir)


21.07.2015

rovshan agayev yeni(1)Azərbaycan iqtisadiyyatının real vergi potensialı həmişə mübahisə doğurur. Transparency.az iqtisadçı ekspert Rövşən Ağayevə bu məsələ ilə bağlı müraciət edib. Ekspert bildirib ki, iqtisadiyyatla bağlı məlumatlar, dövlət qurumlarının fəaliyyəti qapalıdır, hökumətin iqtisadi qanadı müstəqil tədqiqatlardan uzaqdır: “Belə bir durumda gizli iqtisadiyyatın real miqyasını təsəvvür eləmək üçün ip uclarına çıxmaq çox çətin görünür. Amma bəzən kiçik bir məlumatla rastlaşırsan, büdcənin real imkanları ilə bağlı müzakirələr üçün ip ucları görünür.

2014-cü ilin büdcə məlumatlarını təhlil edəndə maraqlı bir rəqəmlə rastlaşdım. Azərbaycanın yerli vergi ödəyiciləri dövlət büdcəsinə 1,921 milyard manat ƏDV, 574 milyon manat mənfəət vergisi ödəyiblər. Ən kobud hesablamalara görə, 1,9 milyard manat ƏDV ödəmək üçün bu vergi ödəyicilərinin dövriyyəsi 10 milyard manatdan da bir qədər çox olmalıdır. Əgər dövriyyə bu həcmdədirsə, deməli, yerli vergi ödəyiciləri ümumi dövriyyələrinin təxminən 5 faizi qədər mənfəət vergisi ödəyirlər.

Xarici vergi ödəyiciləri (bura neft şirkətləri aid deyil) isə 126 milyon manat ƏDV, 265 milyon manat isə mənfəət vergisi ödəyiblər. Yenə də ən kobud hesablamalara görə, 126 milyon manat ƏDV ödəmək üçün bu vergi ödəyicilərinin dövriyyəsi təxminən 700 milyon manat olmalıdır. Əgər dövriyyə bu həcmdədirsə, deməli, xarici vergi ödəyiciləri ümumi dövriyyələrinin təxminən 35 faizi qədər mənfəət vergisi ödəyirlər.

Yerli vergi ödəyicilərinin ümumi biznes dövriyyəsi burda çalışan xarici sahibkarlardan təxminən 15 dəfə çoxdur, amma ödədikləri mənfəət vergisi cəmi 2 dəfə fərqlənir. Halbuki neft sektoru istisna olmaqla Azərbaycanın vergi qanunvericiliyi rezident və qeyri-rezident vergi ödəyiciləri üçün fərqli vergi rejimi müəyyən etmir”.


Kompensasiya ödəməmək qərarı doğrudurmu?


21.07.2015

vuqar bayramovÖtən həftə Mərkəzi Bankın İdarə Heyəti “Azərbaycan Kredit Bankı” ASC-nin bank lisenziyasını ləğv etdi. Səbəb kimi bankın məcmu kapitalın minimal məbləği (50 milyon manat) tələbini pozması, kreditorları qarşısında öhdəlikləri icra edə bilməməsi, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişləri yerinə yetirməməsi göstərildi.

Mərkəzi Bank bəyan etdi ki, Azərbaycan Kredit Bankında əhalinin əmanətləri üçün heç bir təhlükə yoxdur və onların tam məbləğdə qaytarılması üçün bankda yetərli likvid vəsaitlər mövcuddur, əhalinin əmanətlərinin geri qaytarılması prosesi gedir.



Bu arada Əmanətlərin Sığortalanması Fondu “Azərbaycan Kredit Bankı” ASC-nin əmanətçilərinə kompensasiya ödəməmək qərarı verib. Transparency.az-a bu mövzuda danışan iqtisadçı ekspert Vüqar Bayramov deyib ki, fondun qərarı doğru qərardır: “Gercək sığorta hadisəsi baş verməyib. Sığorta hadisəsi o zaman baş verir ki, bankın passivləri və ya öhdəlikləri onun aktivlərindən çox olsun və əmanətləri geri qaytarmaq mümkün olmasın. Azərbaycan Kredit Bankında 1,4 milyon manat sığortalanan əmanət var. Bank öz öhdəliklərini yerinə yetirə bilməsəydi, o zaman fond həmin vəsaiti ödəyəcəkdi.

Azərbaycan Kredit Bankında aktivlərin həcmi çox olduğundan 3,4 milyon manatlıq ümumi əmanət, o cümlədən sığortalanmayan depozitlər tam geri qaytarılacaq. Təbii ki, belə olan halda fondun müdaxiləsinə hər hansı ehtiyac qalmır. Ancaq fondun son qərarı heç də o anlama gəlməməlidir ki, bankın öhdəlikləri aktivlərindən çox olsaydı, sığortalanan əmanətlər geri qaytarılmayacaqdı. Sığorta hadisəsi baş verən bütün hallarda sığortalanan əmanətlər geri qaytarılmalıdır”.
Yüklə 402,37 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə