Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   57   58   59   60   61   62   63   64   ...   69

 C. 
Əfqani müsəlman xalqlarının həm ideya-mənəvi vəhdətindən, həm də onların etnolinqvistik 
müxtəlifliyindən danışırdı. Müsəlman Lüteri Qərb jurnalistlərindən birinə verdiyi müsahibədə deyirdi ki, 
"müsəlman xalqları öz aralarındakı ixtilaflara baxmayaraq bir-biri ilə o dərəcədə birləşmişlər ki, bir 
ölkədə gedən izahat, sözsüz, digər müsəlman ölkələrində  də öz təsirini buraxacaqdır.  İranlıların yeni 
mədəniyyəti qəbul etməyə və onu yaymağa zəmini və gücləri vardır. Buna görə də İranda gedən islahat və 
dəyişikliklər tezliklə digər müsəlman ölkələrinə də təsir edəcəkdir". İslam Şərqinin Qərb mədəniyyətini 
qəbul etməsində  də  İranın xüsusi rol oynayacağı fikri C. Əfqaninin  İran cəmiyyətinin potensial 
proqressivliyinə dərin inamının nəticəsi idi. Görünür, həmin fikrin meydana çıxmasının bir səbəbi də o idi 
ki, İran Türkiyədən və ərəb ölkələrindən fərqli olaraq müxtəlif müsəlman xalqlarının birlikdə yaşadıqları, 
milli məhdudluqdan uzaq bir məmləkət idi.
 
 Böyük 
mütəfəkkir müsəlman  Şərqində ilk dəfə "milli vəhdət fəlsəfəsi"ni dini birlik ehkamına 
qarşı qoymaqla kifayətlənmir, həmin fəlsəfənin kifayət qədər müfəssəl  şərhini verir. "Milli vəhdət 
fəlsəfəsi və dil birliyinin həqiqi mahiyyəti" traktatında yazır: "Heç şübhə yoxdur ki, dil birliyi, yəni milli 
birlik dini birlikdən daha möhkəm və sabitdir. Çünki dil az müddət ərzində dəyişməyi və başqası ilə əvəz 
olunmağı qəbul etmir. Din isə belə deyil. Tarix göstərir ki, eyni dildə danışan bir millət min il ərzində öz 
dilinə ciddi xələl gətirmədən dinini dəyişir, başqası ilə  əvəz edir. Buna görə  də dil birliyindən yaranan 
əlaqə  və ittifaqın təsiri dini əlaqələrin təsirindən daha güclüdür". Ümumiyyətlə, C. Əfqani dilin fəlsəfi 
mahiyyəti barədə  nəinki müsəlman dünyası, bütövlükdə dünya üçün maraqlı  və orijinal mülahizələr 
söyləmişdir. Həmin mülahizələrin  əsası ondan ibarətdir ki,
 
"dil birliyi olmasa, milli vəhdətin həqiqi 
mahiyyəti və  həyat gücü ola bilməz... O, müxtəlif məzhəblərə qulluq edən tayfaları, müxtəlif arzularla 
yaşayan qəbilələri vahid bir millət bayrağı altına səsləyən, onların gücünü-qüvvəsini birləşdirib bir 
məqsədə yönəldən, ictimai qüsurları birlikdə  dəf etməyə, milli çətinlikləri birlikdə aradan qaldırmağa 
çalışan, ümumxalq səadətinə nail olmaq, müsibət və  bədbəxtliklərdən nicat yolları arayıb tapmaq üçün 
hamını yekdil, həmrəy olmağa dəvət edən, gözəl yaşayışdan ibarət təzə həyata qovuşduran, vətəndaşların 
əyinlərinə istiqlal donu geydirən əsas vasitədir". Böyük Şərq filosofu sonra göstərir ki, "dil birliyi bütün 
bu məziyyətlərə ancaq o zaman sahib ola bilər ki, ayrı-ayrı fərdlərin dilindən təşəkkül tapmış milli dilin 
qorunması  və  zənginləşməsi üçün lazım olan hər  şey edilsin. Millətin ayrı-ayrı  təbəqələrinin ifadə  və 
istifadəsi üçün möhtac olduğu bütün istilahları  və  kəlmələri ahəngdarlıqla təmin edə bilməyən dil o 
millətin fərdlərini təfriqədən qurtarıb onların birliyini yarada bilməz...  Əgər bu təbəqələr hər hansı bir 
millətdə mövcud olmasa, əlbəttə, o millətin fərdləri arasında məişət və  həyati əhəmiyyətli əlaqələr get-
gedə  qırılar və millət məhv olar. Nəticədə o millətin üzvləri digər millətə birləşər...". Və  nəhayət, 
C. Əfqani onu da qeyd edir ki, "elm və maarif əgər millətin öz ana dilində  tədris olunarsa, onların öy-
rənilməsi daha asan olar, beyinlərə daha tez həkk edilər, daha gec unudular, elmlərin dəqiqliyinə daha 
artıq vaqif olunar... Bundan əlavə, mədəniyyətin təsisi, millətin möhkəmlənməsi və milli birliyin davamı 
üçün vacibdir ki, o millətin müxtəlif təbəqələri ali təbəqənin öyrəndiyi məlumatlardan bəhrəsiz qalmasın, 
fayda verməyi, feyzə yetməyi həyat tələbatı kimi qəbul etsin...".
 
 Böyük 
mütəfəkkir  əmindir ki, "müsəlman aləminin tənəzzülü, pozuqluğu  əvvəlcə din 
başçılarında, üləmalarda əmələ gəlmiş, sonra ümmətə sirayət etmişdir". Ona görə də təbii ki, müsəlman 
Şərqində  təlim-tərbiyə  işini yuxarıdan başlamaq lazım gəlirdi, alim-üləmaları, fəlsəfi təfəkkürdən 
məhrum bir məmləkətin ümmətini tərbiyə etmək mümkün deyildi... Çünki "insanda insanlıq oyadan, 
insan ləyaqətini bəyan edən, insanı doğru yola istiqamətləndirən fəlsəfədir. Mənəvi tənəzzülə  uğrayan 
millətin, hər şeydən əvvəl, fəlsəfi ruhu zərər çəkir, bundan sonra ayrı-ayrı elmləri və ədəb-ərkan qaydaları 
tamam yox olub aradan çıxır". Həmin mülahizəsində C. Əfqani faktiki olaraq "Əxlaqın dindən asılı 
olmadığını, mənəviyyat qanunlarının dini ehkamlardan törəmədiyini" söyləyən İ. Kantın əxlaq fəlsəfəsinə 
yaxınlaşırdı. Və ümumiyyətlə, bir sıra müqayisələr Şərq filosofunun özündən bir əsr əvvəl yaşamış Qərb 
filosofundan ya bilavasitə, ya da dolayısı ilə öyrəndiyi qənaətinə gəlməyə hər cür əsas verir.
 
 C. 
Əfqaninin müsəlman Şərqini tənəzzüldən xilas etmək uğrunda apardığı ideya mübarizəsi XIX 
əsrin sonu, XX əsrin əvvəllərində yalnız davam etdirilmədi, həm də daha da genişləndi — əsası C. Əfqani 
tərəfindən qoyulmuş ideyalar XX əsrin  əvvəllərindən (yeni tarixi şəraitin mütəfəkkirləri tərəfindən) 
aşağıdakı  şəkildə ümumiləşdirildi: milliləşməli,  İslamlaşmalı, müasirləşməli...  Şərqi tənəzzüldən xilas 
etməyin bu məşhur formulu gərgin fəlsəfi-ideoloji axtarışlar prosesində müəyyənləşmişdi ki, həmin 
prosesin mənbəyində müsəlman Şərqinin böyük mütəfəkkiri C. Əfqaninin, sözün geniş mənasında, inqi-
labi təfəkkürünün dayandığını söyləmək üçün, elə bilirik ki, hər cür əsas mövcuddur.
 
 
Və qeyd etmək lazımdır ki, Azərbaycanda, Türkiyədə, ərəb ölkələrində, xüsusilə İranda XIX əsrin 
sonu, XX əsrin əvvəllərində, hətta sonralar da, bütün milli hərəkatların ideoloji əsasında birinci növbədə 
məhz C. Əfqaninin fəlsəfəsi dayanırdı.
 
 Azərbaycanın, ümumən türk-müsəlman dünyasının böyük ideoloqları İsmayıl bəy Qaspralı, Ziya 
Göyalp, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Məmməd Əmin Rəsulzadə... üçün C. Əfqani ideyaları 
böyük bir məktəb olmuşdur.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə